AZƏrbaycan kp mk yanında partiya tariXİ İnstitutu sov.İkp mk yanında marksizmleniNİzm institutunun fiLİali


MÜLKİYYƏTDƏN MƏHRUM EDİLƏNLƏRƏ QARŞI XV ƏSRİN AXIRLARINDAN ETİBARƏN QANLI QANUNVERİCİLİK. ƏMƏK HAQQINI AZALTMAQ MƏQSƏDİ İLƏ VERİLƏN QANUNLAR



Yüklə 1,16 Mb.
səhifə10/16
tarix05.03.2017
ölçüsü1,16 Mb.
#10324
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

3. MÜLKİYYƏTDƏN MƏHRUM EDİLƏNLƏRƏ QARŞI XV ƏSRİN AXIRLARINDAN ETİBARƏN QANLI QANUNVERİCİLİK. ƏMƏK HAQQINI AZALTMAQ MƏQSƏDİ İLƏ VERİLƏN QANUNLAR

Feodal qoşun dəstələrinin ləğv edilməsi nəticəsində öz yerlərindən qovulan və tez-tez təkrar olunan zorakı qəsbkarlıqla torpaqdan ayrılan adamlara,–qanun xaricində qoyulan bu proletariata, doğmaqda olan manufaktura heç də onun meydana gəldiyi surətlə iş verə bilmirdi. Digər tərəfdən, birdən-birə öz adi həyat cığırından çıxarılan adamlar eyni dərəcədə birdən-birə də yeni şəraitdəki intizama alışa bilmirdilər. Onlar qismən özləri, əksər halda isə şəraitdən doğan məcburiyyət üzündən kütləvi surətdə dönüb dilənçi, soyğunçu və səfil olurdular. Buna görə də XV əsrin axırlarında və bütünlüklə XVI əsr boyu bütün Qərbi Avropa ölkələrində səfilliyə qarşı qanlı qanunlar verilir. İndiki fəhlə sinfinin ata-babaları ən əvvəl ona görə cəzalandırılmışdılar ki, onlar səfil və pauperə döndərilmişdilər. Qanun onlara «könüllü» canilər kimi baxırdı, zira belə fərz edirdi ki, əgər onlar istəsəydilər, daha mövcud olmayan köhnə şəraitdə qalıb işləyə bilərdilər.

İngiltərədə bu qanunvericilik VII Henrixin zamanında başlanmışdı.

VIII Henrixin 1530-cu il qanununa əsasən, qoca və işləmək qabiliyyəti olmayan dilənçilərin sədəqə yığmasına icazə verilir. Hələ işləmək qabiliyyəti olan səfilləri isə döymək və həbsxanaya salmaq nəzərdə tutulurdu. Onları əl arabasına bağlayıb qanlarına qəltan oluncaya qədər döymək, sonra da and içdirmək lazım idi ki, vətənlərinə və ya son üç il ərzində yaşadıqları yerə qayıdıb «işləməyə başlayacaqlar» («to put himself to labour»). Nə sərt həqarət! VIII Henrixin səltənətinin 27-ci ilində nəşr edilən qanun da bu əsasları təsdiq edir və onları bir sıra əlavələrlə şiddətləndirir. Səfil təkrar səfillik etdikdə yenidən döyülür və bundan başqa qulağının da yarısı kəsilir; əgər səfil üçüncü dəfə tutularsa böyük bir cani, cəmiyyət düşməni sayılaraq edam edilir.



VI Eduardın 1547-ci ildə–öz səltənətinin birinci ilində–verdiyi qanuna görə, işdən boyun qaçıran hər kəs, onun avara gəzdiyini xəbər verən şəxsin ixtiyarına verilib ona qul edilir. Ağa öz quluna çörək və su verməli, şorba və lazım bildiyi ət tullantılarından verməlidir. Ağa öz qulunu döyməklə və qandallamaqla ona hər cür iyrənc işlər gördürə bilər. Əgər qul ağasının yanından özbaşına çıxıb getsə və 2 həftəyə qədər qayıtmasa, ömürlük köləliyə məhkum olur və alnına, yaxud yanağına «S» damğası vurulur; üçüncü dəfə qaçdıqda isə, dövlət canisi hesab edilib edam olunur. Ağası onu daşınar əmlak kimi, malqara kimi sata bilər, vəsiyyətlə öz vərəsələrinə irs qoya bilər və kirayə ilə işlətməyə verə bilər. Qullar öz ağalarına qarşı bəd niyyətdə olsalar, yenə də edam olunmalıdırlar. Qul sahibləri öz qullarının qaçdığını barışıq hakimlərinə xəbər verdikdə, bunlar həmin qulları axtarıb tapmalıdırlar. Qaçmış səfilin üç gün veyil gəzdiyi aşkar olarsa, onu vətəninə qaytarıb közərmiş dəmirlə döşünə «V» damğası basırlar və qandallayıb yol işlərində və sairədə işlədirlər. Harada doğulduğunu düzgün göstərməyən səfil, cəza tədbiri olaraq, müvafiq kəndin, onun əhalisinin və ya korporasiyanın ömürlük qulu elan olunur və ona «S» damğası vurulur. Hər kəs qulun uşaqlarını əlindən alıb oğlanları 24 yaşına qədər, qızları isə 20 yaşına qədər şagird sifəti ilə öz yanında saxlaya bilər. Əgər bu uşaqlar qaçsa, göstərilən yaşa çatana qədər öz sahibləri və tərbiyəçilərinin qulu olurlar, sahibləri onları istədikləri zaman qandallayıb qamçı ilə döyə bilərlər və i.a. Qul sahibi, öz qulunu tez tanıya bilmək və onun qaçıb gizlənməsini çətinləşdirmək üçün onun boynuna, əllərinə və ya ayaqlarına dəmir halqa vura bilər («Essay on Trade etc.» müəllifi deyir: «VI Eduardın səltənəti zamanı, görünür ingilislər manufakturanı genişləndirməyə və yoxsullara iş verməyə, tam ciddi girişmişdilər. Bütün səfillərə damğa vurulmalı olduğunu» və i.a. «göstərən maraqlı bir qanun bunu sübut edir» («An Essay on Trade end Comerce». London, 1770. p.5).). Bu qanunun son hissəsində göstərilir ki, hansı hallarda yoxsullar onları yedirib-içirtməyi və onlara iş verməyi öhdəsinə götürən mahal və ya şəxslər üçün işləməlidirlər. Bu cür qullar, yəni prixod qulları İngiltərədə «roundsmen» (prixodçular) adı ilə XIX əsrin özünə qədər qalmışdı.

Yelizavetanın 1572-ci il qanununa görə, dilənməyə icazəsi olmayan 14 yaşından yuxarı dilənçiləri heç kəs ikiilliyə nökərçiliyə götürmək istəməsə, onlar qamçı ilə möhkəm döyülür və sol qulaqlarına damğa vurulur; 18 yaşından yuxarı dilənçilər yenə dilənçilik etməyə başladıqda, heç kəs onları 2 illiyə nökərçiliyə götürmək istəməsə, edam olunurlar; onlar üçüncü dəfə tutulduqda isə dövlət canisi sifəti ilə amansızlıqla edam olunurlar. Yelizavetanın səltənətinin 18-ci ilində verilmiş qanunun 13-cü fəslində 1597-ci il qanununda da bu cür göstərişlər vardır (Tomas Mor öz «Utopiya» əsərində deyir: «Məhz elə olur ki, öz vətəni üçün əsl bir taun olan acgöz və qarınqulu bir adam min akrlarla torpağı öz əlinə alıb çəpərləyir və ya hasarlayır, ya da əziyyət vermək və sıxışdırmaqla mülkiyyətçiləri elə bir dərəcəyə çatdırır ki, onlar bütün əmlakını satmağa məcbur olurlar. Bu fəqir, sadə, bədbəxt adamları hər cür əzab və işgəncə ilə cana gətirirlər və onlar ən nəhayət baş götürüb getməyə məcbur olurlar! Bunların içərisində kişi və qadınlara, ər və arvadlara, yetimlərə və dul qadınlara, canlarından bezən əliuşaqlı arvadlara, bütün ailə üzvlərinə rast gəlmək olur; bunlar yaşayış vasitələri cəhətdən yoxsul olsalar da, sayca çox olurlar, çünki kənd təsərrüfatı çoxlu işlək əl tələb edirdi. Mən deyirəm ki, onlar öz yurdlarını tərk edərək çöllərə düşur və heç bir yerdə sığınaq tapa bilmirlər. Onlar o qədər də qiyməti olmayan bütün ev şeylərini başqa bir şəraitdə satsaydılar, vəziyyətləri bir qədər yüngülləşmiş olardı, lakin birdən-birə küçəyə salındıqlarına görə, öz əmlaklarını dəyərdəyməzinə satmağa məcbur olurlar. Allah xatirinə özünüz deyin görək, bu yurdsuz-yuvasız bədbəxt adamlar son qəpiklərini xərclədikdən sonra, oğurluqdan başqa nə edə bilərlər? Lakin onda da tam qanuni bir şəkildə onları edam edirlər! Bəlkə dilənçilik etsinlər? Onda da onları işsiz veyllənən səfil adlandırıb həbsxanaya salırlar, halbuki onlar nə qədər səylə iş axtarsalar da heç kəs onlara iş vermək istəmir». Tomas Morun dediyinə görə, oğurluq etməyə açıqca məcbur edilən bu biçarə səfillərdən «VIII Henrixin səltənəti zamanı 72000 böyük və xırda oğru edam edilmişdi» («Holinshed». «Description of England», v.I, p.186) Yelizavetanın zamanında «səfilləri dəstə-dəstə asırdılar və elə bir il olmurdu ki, bu və ya başqa bir yerdə onlardan 300 və ya 400 nəfər asmasınlar («Strype». «Annals of the Reformation and Establishment of Religion Elisabeths Happy Reign», 2 nd ed. 1725, v.II). Yenə həmin Strayanın dediyinə görə, Somersetşirdə bircə il ərzində 40 nəfər edam edilmiş, 35 nəfərə damğa vurulmuş, 37 nəfər döyülmuş və 183 nəfər islah olunmayan yaramaz azad edilmişdi. Yenə o deyir ki, buna baxmayaraq, «barışıq hakimlərinin səhlənkarlığı və xalqın yersiz rəhmdilliyi üzündən bu qədər çox müttəhim cəzalandırılmalı olan bütün canilərin hətta 1/5 hissəsini də təşkil etmir». O əlavə edib deyir: «İngiltərənin başqa qraflıqlarındakı vəziyyət Somersetşirdəkindən yaxşı deyildi, bir çoxlarında isə hətta bundan da xeyli pis idi».).

I Yakovun zamanında, avara gəzən və dilənən şəxslər səfil hesab olunurlar. «Petty Sessions»70 barışıq hakimlərinə bu kimi səfilləri camaat qarşısında döydürmək və birinci dəfə tutulanları 6 ay, ikinci dəfə tutulanları isə 2 il həbsxanaya salmaq ixtiyarı verildi. Həbsdə qaldıqları müddətdə onları barışıq hakimləri istədikləri qədər çox və tez-tez döydürürlər... Qanunda göstərilir ki, islah olunmayan və qorxulu səfillərin sol kürəyinə «R» hərfi şəklində damğa vurmaq və onlardan icbari işlərdə istifadə etmək lazımdır; onlar bir də dilənçilik edirkən tutulsalar, danışıqsız edam olunurlar. Qanunun bu göstərişləri XVIII əsrin əvvəllərinə qədər qüvvədə idi və yalnız Annanın səltənətinin 12-ci ilində verilən qanunun 23-cü fəslinə əsasən ləğv edilmişdi.

Belə qanunlar Fransada da var idi; orada XVII əsrin ortalarında Paris səfilləri bir «səfillər krallığı» («royaume des truands») təsis etmişdilər. Hələ XVI Lüdovikin səltənətinin əvvəllərində (1777-ci il iyulun 13-də) verilən bir ordonans, yaşayış vasitələri və müəyyən peşəsi olmayan 16 yaşından 60 yaşına qədər sağlam şəxslərin katorqaya sürgün olunmasını tələb edirdi. V Karlın Niderland üçün verdiyi (oktyabr 1537-ci il) status, Hollandiya ştatları və şəhərlərinin 1614-cü il 19 mart tarixli birinci edikti, birləşmiş əyalətlərin 1649-cu il 25 iyun tarixli plakatı və sairə də bu cür tədbirlər görülməsini əmr edirdi.

Torpaqları zorla əllərindən alınmış, kəndlərdən qovulub səfillərə çevrilmiş olan kənd əhalisini bu dəhşətli terror qanunlarına əsasən döymək, damğalamaq və işgəncə vermək vasitəsilə muzdlu əmək intizamına alışdırmaq istəyirdilər.

Bir qütbdə əmək şərtlərinin kapital olması, digər qütbdə isə öz iş qüvvəsindən başqa satılası heç bir şeyi olmayad adamlar olması hələ bir yana. Bu adamları öz xoşları ilə özlərini satmağa məcbur etmək də bir yana. Kapitalist istehsalı artdıqca, fəhlə sinfi də inkişaf edir və öz tərbiyəsinə, ənənə və adətlərinə görə o, kapitalist istehsal üsulunun şərtlərini təbii qanunlar hesab edir. İnkişaf etmiş kapitalist istehsal prosesinin təşkili hər bir müqaviməti qırır; daim nisbi artıq əhali əmələ gəlməsi, əməyə tələb və əmək təklifi qanununu və, deməli, əmək haqqını da, kapitalın öz-özüiə artması tələbatına uyğun bir hədd daxilində saxlayır; iqtisadi münasibətlərin kortəbii təzyiqi kapitalistlərin fəhlələr üzərindəki hökmranlığını möhkəmləndirir. Qeyri-iqtisadi, bilavasitə zorakılıq hələ tətbiq olunmaqda davam edirsə də, yalnız müstəsna hallarda tətbiq olunur. İşlər adi qaydada getdiyi zaman fəhlə «istehsalın təbii qanunlarına» tabe edilə bilər, yəni kapitaldan asılı edilə bilər ki, bu asılılıq da istehsal şəraitinin özündən doğur, həmin şəraitlə təmin edilir və əbədiləşdirilir. Kapitalist istehsalının hələ yenicə meydana gəldiyi tarixi dövrdə isə başqa bir vəziyyət görürük. Doğulmaqda olan burjuaziyaya dövlət hakimiyyəti lazımdır və burjuaziya doğrudan da əmək haqqını «tənzim etmək», yəni zorla bunu izafi dəyər sıxılıb çıxarılmasına kömək edən hədlər daxilində saxlamaq üçün, iş gününü uzatmaq və fəhlənin özünü kapitaldan normal asılılıq vəziyyətində saxlamaq üçün dövlət hakimiyyətindən istifadə edir. ibtidai yığım deyilən şeyin başlıca xüsusiyyəti də bundan ibarətdir.

XIV əsrin ikinci yarısında meydana gələn muzdlu fəhlələr sinfi o zaman və sonrakı əsrdə əhalinin ancaq çox cüzi bir hissəsini təşkil edirdi; kənddəki müstəqil kəndli təsərrüfatı və şəhərlərdəki sex təşkilatı bu fəhlə sinfi üçün qüvvətli bir dayaq idi. Həm kənddə, həm də şəhərdə sahibkarlarla fəhlələr ictimai cəhətdən bir-birlərinə yaxın idilər. Əmək kapitala ancaq formal cəhətdən tabe idi, yəni istehsal üsulunun özü hələ spesifik kapitalist xarakterində deyildi. Kapitalın dəyişən ünsürü onun sabit ünsüründən çox üstün idi. Buna görə də kapital yığımı qüvvətləndikcə muzdlu əməyə tələb sürətlə artırdı, muzdlu əmək təklifi isə tələbin ardınca yalnız ləng addımlarla gedirdi. Milli məhsulun sonralar kapital yığımı fonduna çevrilən mühüm bir hissəsi o zaman hələ fəhlənin istehlak fonduna daxil idi.

Lap əvvəldən fəhlənin istismar olunmasını nəzərdə tutan və sonrakı inkişafında daim fəhlə sinfinə düşmən olan muzdlu əmək qanunvericiliyi İngiltərədə III Eduard zamanı 1349-cu il fəhlə statusu ilə başlanır (A.Smit71 deyir; «Hər dəfə sahibkarlarla onların fəhlələri arasındakı mübahisələri qanunvericilik həll etmək istədikdə, onun məsləhətçiləri sahibkarlar olmuşdur». Lenge72 deyir: «Mülkiyyət... budur qapunların ruhu»). Fransada buna oxşar qanun, kral İoannın adından verilən 1350-ci il ordonansı idi. İngiltərə və Fransa qanunvericiliyi bir-biri ilə yanaşı inkişaf edir və məzmun etibarilə bir-birinin eynidir. Mən fəhlə statuslarının, iş gününü uzatmaq üçün bir vasitə olduğundan bəhs etməyəcəyəm, çünki bu məsələ yuxarıda (səkkizinci fəsil, 5-ci hissə) nəzərdən keçirilmişdir.

Fəhlə statusu aşağı palatanın təkidli şikayətləri nəticəsində verilmişdi.

Bir tori sadədilliklə deyir: «Keçmişdə yoxsullar o qədər yüksək əmək haqqı tələb edirdilər ki, bu, sənaye və sərvət üçün təhlükə doğura bilərdi. İndi isə onların əmək haqqı o qədər aşağıdır ki, yenə bu da sənaye və sərvət üçün təhlükə doğura bilər, həm də başqa bir mənada, bəlkə əvvəlkindən daha artıq təhlükə doğura bilər» ([J.B.Byles.] «Sophisms of Free Trade». By a Barrister. London, 1850, p.206. O, acı istehza ilə deyir: «Biz ki həmişə sahibkarların xeyrinə işə qarışmağa hazır idik; bəs fəhlələrin xeyrinə heç bir iş görə bilmərdkmi?»).

Qanunla şəhər və kənd üçün, işəmuzd və günəmuzd işlər üçün əmək haqqı tarifi qoyulur. Kənd fəhlələri bir illiyə, şəhər fəhlələri isə «azad bazarda» işə götürülməlidirlər. Statusda göstərildiyindən artıq əmək haqqı vermək qadağan olunur və buna əməl etməyənlərin həbsə alınacağı bildirilir. Həm də belə qanunsuz əmək haqqı alanların bu əmək haqqını verənlərdən daha ağır cəzalandırılacağı göstərilir. Məsələn, hələ, Yelizavetanın şagirdlər haqqındakı statusunun 18-ci və 19-cu maddələrində göstərilir ki, normadan artıq əmək haqqı verənlərə on günlük, bu əmək haqqını alanlara isə üç həftəlik həbs cəzası verilməlidir. 1360-cı il statusu cəza tədbirlərini daha da şiddətləndirir və hətta sahibkarlara ixtiyar verirdi ki, fəhlələri qanunla göstərilən tariflə işləməyə zorla məcbur etsinlər. Bənna və dülgəri birləşdirən bütün ittifaqlar, müqavilələr, andlar və i.a. etibarsız elan olunmuşdu. Fəhlə koalisiyaları XIV əsrdən başlamış 1825-ci ilə qədər, yəni koalisiyalar əleyhinə qanunlar ləğv edilənədək ağır bir cinayət sayılırdı73. 1349-cu il fəhlə statusunun və bütün sonrakı qanunların mahiyyəti açıqca ondan görünür ki, dövlət, əmək haqqının minimumunu deyil, yalnız maksimumunu təyin edir.

Məlum olduğu kimi, XVI əsrdə fəhlələrin vəziyyəti daha çox ağırlaşmışdı. Pul ilə verilən əmək haqqı artmışdı, lakin bu heç də pulun qiymətdən düşdüyü və malların bahalaşdığı dərəcədə deyildi. Deməli, əslində əmək haqqı azalmışdı. Buna baxmayaraq, əmək haqqını azaltmaq məqsədi güdən qanunlar hələ də qüvvədə qalırdı; «heç kimin nökərçiliyə götürmək istəmədiyi adamların» qulaqları kəsilir və bədənləri damğalanırdı. Yelizavetanın səltənətinin 5-ci iliidə şagirdlər haqqında verilmiş statusun 3-cü fəsli barışıq məhkəməsi hakimlərinə ixtiyar verir ki, müəyyən miqdarda əmək haqqı təyin etsinlər və bunu ilin fəsillərinə və malların qiymətinə müvafiq olaraq dəyişdirsinlər. Yakov əməyin belə tənzimini toxuculara, əyiricilərə və bütün başqa kateqoriyalardan olan fəhlələrə də şamil etmişdi (II Yakovun səltənətinin 2-ci ilində verilmiş statusun 6-cı fəslinin bir bəndindən görünür ki, eyni zamanda barışıq məhkəməsi hakimi olan bəzi mahudçular öz emalatxanalarında rəsmi surətdə özbaşına tarix təyin etmişdilər. Almaniyada çox tez-tez, xüsusən Otuzillik muharibədən sonra, əmək haqqını azaltmaq üçün statuslar verilirdi. «Əhalisi tukənmiş yerlərdə nökər və fəhlə azlığı mülkədarlara çox əziyyət verirdi. Subay kişi və qadınlara otaq kirayə vermək bütün kənd əhalisinə qadağan olunmuşdu; bütün bu kimi hallar haqqında hökumətə xəbər verilməsi əmr olunmuşdu. Həm də bunlar öz yaşayışlarını başqa məşğələlərlə, kəndlilər üçün günəmuzd işləməklə və ya hətta pul və çörək alveri ilə təmin etsələr də, hər halda, nökərçiliyə getməkdən boyun qaçırsalar, həbsxanaya salınmalı idilər» («Kaiserliche Privilegien und Sanctionen fur Schlesien», I, 125). Bütün əsr boyu hökmdarların fərmanlarında həmişə narazılıqla göstərilir ki, rəiyyət yoldan azıb korlanmışdır, ciddi nizam-intizama tabe olmur, qanunun təyin etdiyi əmək haqqına qane olmur; fərmanlar ayrı-ayrı mülkədarlara bütün mahal üçün təyin edilmiş məzənnədən yuxarı əmək haqqı verməyi qadağan edir. Buna baxmayaraq nökərlərin müharibədən sonrakı vəziyyəti bəzi hallarda yüz il sonrakı vəziyyətlərindən yaxşı idi; Sileziyada hələ 1652-ci ildə də nökərlərə həftədə iki dəfə ət verilirdi, halbuki bu bizim əsrdə yeni həmin Sileziyada elə yerlər var ki, nökərlərə ancaq ildə üç dəfə ət verilir. Müharibədən sonra əmək haqqı da, sonrakı əsərlərə nisbətən daha yüksək idi (G.Freytag. Leipzig, 1862, S.35, 36).). II Georq fəhlə koalisiyaları əleyhinə olan qanunları bütün manufakturalara aid etdi.

Əsl manufaktura dəvründə kapitalist istehsal üsulu o qədər möhkəmlənmişdi ki, əmək haqqının qanunvericilik yolu ilə tənzim edilməsinə nə imkan verirdi, nə də buna lüzum var idi; buna baxmayaraq, yenə köhnə cəbbəxanadan götürülən bu silahı hər ehtimala qarşı saxlamaq istəyirdilər. Hələ II Georqun səltənətinin 8-ci ilində verilmiş qanun Londondakı və ətrafındakı dərzi əlaltılarına ümumxalq matəmi günlərindən başqa günlərdə 2 şillinq 71/2 pensdən artıq gündəlik muzd verməyi qadağan etmişdi; hələ III Georqun səltənətinin 13-cü ilində verilmiş qanunun 68-ci fəsli ipək toxuyanların əmək haqqını nizama salmağı barışıq hakimlərinə tapşırmışdı; əmək haqqı xüsusunda bunların verdiyi əmrlərin kənd təsərrüfat fəhlələrinə də aid olub-olmadığını həll etmək üçün hələ 1796-cı ildə ali məhkəmə idarələrinin iki qərar qəbul etməsi lazım gəlmişdi; hələ 1799-cu ildə parlament qanunu vasitəsilə təsdiq edilmişdi ki, Şotlandiya mədən fəhlələrinin əmək haqqı Yelizavetanın statusu ilə, habelə 1661-ci və 1671-ci illərdə verilmiş iki Şotlandiya qanunu ilə tənzim edilir. İngiltərə aşağı palatasında baş verən görünməmiş bir hadisə, bu zaman şəraitin nə qədər kəskin dəyişdiyini göstərir. Əmək haqqının heç bir halda artırılmasına yol verməyən ancaq maksimum təyin etmək məqsədi ilə 400 ildən bəri qanunlar hazırlanan bu palatada 1796-cı ildə Uitbred təklif etmişdi ki, qanunla kənd təsərrüfatı fəhlələri üçün əmək haqqı minimumu təyin edilsin. Pitt buna etiraz etmişdisə də, bu fikirlə razılaşmışdı ki, «yoxsulların vəziyyəti dəhşətlidir («cruel»)». Nəhayət, əmək haqqını tənzim edən qanunlar 1813-cü ildə ləğv edildi. Kapitalistin öz fabriki daxilində öz qanunları vasitəsilə əməyi istədiyi kimi tənzim etdiyi və yoxsulların xeyri üçün vergi qoymaqla kənd fəhlələrinin əmək haqqını zəruri minimuma çatdırdığı bir dövrdə bu qədim qanunlar gülünc bir şey idi. Lakin fəhlə statuslarının sahibkarla fəhlələr arasındakı kontraktlara, bunların müddətlərinə və i.a. aid maddələri, yəni sahibkar kontraktı pozduqda ona qarşı ancaq mülki iddia irəli sürülməsinə, fəhlə pozduqda isə onun cinayət məsuliyyətinə cəlb edilməsinə yol verən maddələri hələ bu vaxta qədər tamamilə qüvvədə qalmaqdadır.

Koalisiyalara qarşı sərt qanunlar, 1825-ci ildə, proletariatın hərəkəti zəhmli bir şəkil aldığı zaman ləğv oldu. Lakin onların ancaq bir qismi ləğv olunmuşdu. Köhnə statusların bəzi əziz qalıqları yalnız 1859-cu ildə aradan qalxdı. Nəhayət, 1871-ci il iyunun 29-da parlament tərəfindən, sinfi qanunvericiliyin guya son izlərini aradan qaldıran bir qanun verildi ki, bununla da tred-yunionlar yuridik cəhətdən tanınmış oldu. Lakin parlament tərəfindən yenə həmin gün qəbul edilən başqa bir qanun (zorakılığa, hədələməyə və qəsdə qarşı cəza tədbirləri haqqında cinayət qanunu dəyişdirilərək qəbul olunmuş qanun) əvvəlki vəziyyəti yeni formada felən bərpa etdi. Tətil və ya lokaut (yəni bir-biri ilə dilbir olub öz fabriklərini bir vaxtda bağlayan fabrikçilərin tətili) zamanı fəhlələrin istifadə edə biləcəkləri bütün vasitələr belə bir parlament hoqqabazlığı yolu ilə ümumi qanunlardan çıxarılıb yalnız cinayət qanununa tabe edilmişdi ki, bu qanuna da məna vermək tamamilə barışıq məhkəməsi hakimlərindən, yəni fabrikçilərdən asılı idi. İkicə il bundan əvvəl həmin c. Qladstonun özü həmin aşağı palatada, fəhlə sinfinə qarşı olan bütün müstəsna qanunların ləğv edilməsi haqqında bir alicənablıq göstərərək, qanun layihəsi təqdim etmişdi. Lakin bu layihə ikinci oxunuşdan o yana keçmədi, onu büküb bir kənara qoydular və, nəhayət, «böyük liberal partiya» torilərlə birləşib o qədər cəsarətləndi ki, özünü hakimiyyət başına gətirmiş olan proletariatın əleyhinə çıxdı. Bu xəyanətlə də kifayətlənməyən «böyük liberal partiya», həmişə hakim siniflər qarşısında diz çökən ingilis məhkəmə hakimlərinin «konspirasiyalara»74 qarşı köhnə qanunu axtarıb yenidən ortaya çıxarmasına və fəhlə koalisiyalarına qarşı istifadə etməsinə imkan verdi. Gördüyümüz kimi, utanmaz bir xudbinliklə beş yüz il ərzində kapitalistlərin daimi tred-yunionu mövqeyində duran və fəhlələrə qarşı çıxan İngiltərə parlamenti tətillərə və tred-yunionlara qarşı qanunlardan yalnız öz arzusuna rəğmən və yalnız kütlələrin təzyiqi altında əl çəkmiş oldu.

Tamamilə eyni surətdə fransa burjuaziyası da inqilab fırtınasının lap əvvəllərində fəhlələrin yenicə nail olduğu koalisiyalar hüququnu onların əlindən almaq qərarına gəldi. Həmin burjuaziya 1791-ci il 14 iyun tarixli dekretlə elan etdi ki, bütün fəhlə koalisiyaları–«azadlığa və insan hüquqları bəyannaməsinə qarşı cinayətdir» və bu cinayətdə müttəhim olunanlar 500 livr cərimə edilir və bir il aktiv vətəndaş hüquqlarından məhrum olunurlar (Bu qanunun birinci maddəsində deyilir: «Eyni vəziyyətdə olan və ya eyni peşədə çalışan şəxslərin hər cür korporasiyalarının ləğv edilməsi Fransa konstitusiyasının başlıca əsaslarından biri olduğuna gerə, bu cür korporasiyaların hər hansı bir bəhanə ilə və hər hansı bir şəkildə bərpa olunması qadağan edilir». Dördünçü maddədə deyilir ki, «əgər eyni iş, peşə və ya sənətdə çalışan vətəndaşlar öz sənaye fəaliyyəti və ya işi ilə xidmət göstərməkdən imtina etmək və ya ancaq müəyyən muzda razılaşmaq haqqında öz aralarında razılığa və ya sazişə gəlsələr, həmin razılıq və sazişlər... konstitusiya əleyhinə, azadlığa və insan hüquqları bəyannaməsinə və i.a. qarşı cinayət elan edilməlidir», yəni köhnə fəhlə statuslarında olduğu kimi, dövlotə qarşı cinayət elan edilməlidir. («Revolutions de Paris». Paris, 1791, III. p.523).). Kapital ilə əmək arasındakı rəqabəti dövlət–polis tədbirləri vasitəsilə kapital üçün əlverişli bir çərçivəyə salan bu qanun, bütün inqilablardan və bütün sülalə təbəddülatından sonra da davam etməkdə idi. Hətta terror hökuməti də buna əl vurmadı. O yalnız lap bu yaxınlarda «Code penal»-dan [Cinayət məcəlləsindən] çıxarılmışdır. Bu burjua dövlət çevrilişinə dair dəlil son dərəcə maraqlıdır. Məruzəçi sifəti ilə çıxış edən Le Şapelye deyirdi: «İndi verilən əmək haqqını alıb kifayət qədər zəruri yaşayış vasitələri olmayan, buna görə də tamamilə, demək olar, qul kimi asılı vəziyyətdə olanları bu vəziyyətdən qurtarmaq üçün əmək haqqını indiki səviyyəsinə nisbətən artırmaq arzu olunursa da», amma fəhlələr öz mənafeləri barəsində öz aralarında razılığa gəlməməli, özlərinin «tamamilə, demək olar, qul kimi asılı vəziyyətini» yüngülləşdirmək məqsədi ilə əlbir hərəkət etməməlidirlər, çünki beləliklə, «onlar öz köhnə ağaları olan indiki sahibkarların azadlığını» (fəhlələri qul kimi saxlamaq azadlığını!) «tapdalamış olardılar», çünki bir də, keçmiş sex sahiblərinin istibdadına qarşı koalisiya–nə olsa yaxşıdır?–Fransa konstitusiyasının ləğv etdiyi sexləri bərpa etməkdir (Buchez et Roux. Histoure Parlementaire», t. X, p.193–195 passim.).


4. KAPİTALİST FERMERLƏRİN MƏNŞƏYİ

Biz, qanun xariciidə qoyulmuş proletarların yaradılması üçün istifadə edilən zorakılıqları, bu proletarları muzdlu fəhlələrə çevirmiş olan qanlı rejimi, əməyin istismar dərəcəsini şiddətləndirərək, polis üsulları vasitəsilə kapital yığımını artıran murdar ali dövlət tədbirlərini gözdən keçirtdik. İndi sual olunur ki, bəs ilk əvvəl kapitalistlər haradan meydana gəlmişlər? Məlum olduğu üzrə, kənd əhalisinin mülkiyyətdən məhrum edilməsi bilavasitə ancaq iri torpaq mülkiyyətçilərini yaradır. Fermerlərin mənşəyinə gəldikdə, biz bunu addımbaaddım izləyə bilərik, çünki bu bir çox əsrlər boyu tədriclə davam etmiş olan bir prosesdir. Hələ təhkimlilərin və bunlarla yanaşı azad xırda torpaq mülkiyyətçilərinin əmlak vəziyyəti çox idi, buna görə onların azadlığa çıxması da çox müxtəlif iqtisadi şəraitdə olmuşdur.

İngiltərədə ilk fermer forması «bailiff» olub [ağalıq mülkün müdiri] özü təhkimli olaraq qalmaqda idi. Öz vəziyyətinə görə o, qədim Roma «villicus»-una bənzəyir, lakin fəaliyyət dairəsi ondan məhduddur. XIV əsrin ikinci yarısında «bailiff»-in yerini, lendlordun toxumla, malqara və əkinçilik alətləri ilə təchiz etdiyi fermer tutur. Onun vəziyyəti kəndlinin vəziyyətindən o qədər də fərqlənmir. O ancaq daha çox muzdlu əmək istismar edir. Çox keçmədən o dönüb «metayer», yarılığa işləyən fermer olur. Əkinçilik üçün lazım olan kapitalın bir hissəsini o, digər hissəsini də lendlord qoyur. Götürülən ümumi məhsul onların arasında kontrakt ilə müəyyən edilən nisbətdə bölünür. İngiltərədə bu icarə forması çox tez aradan qalxır və onun yerini əsl fermer tutur; o öz kapitalı ilə iş görür, təsərrüfatı muzdlu fəhlələrin köməyi ilə aparır və izafi məhsulun bir hissəsini torpaq rentası olaraq pul və ya məhsul şəklində lendlorda verir.

XV əsr ərzində, nə qədər ki müstəqil kəndlilər və muzd müqabilində işləməklə bərabər müstəqil təsərrüfatları olan kənd təsərrüfat fəhlələri öz əməklərinin bəhrəsindən özləri istifadə edirdilər, fermerin həm istehsal dairəsi, həm də həyat səviyyəsi aşağı idi. XV əsrin son qərinəsində başlanan və demək olar bütün XVI əsr boyu (onun son on illəri istisna olmaqla) davam edən əkinçilik inqilabı, kənd əhalisini nə qədər sürətlə var-yoxdan çıxarırdısa, fermeri də bir o qədər sürətlə varlandırırdı (Harrison özünün «Description of England» əsərində yazır: «Keçmişdə 4 f.st. məbləğində rentanı verməkdə çətinlik çəkən fermerlər indi 40, 50, 100 f.st. verirlər; buna baxmayaraq icarə müddəti qurtardıqda onların əlində 6–7 il üçün renta qalmadıqda işi kifayət qədər mənfəətli hesab etmirlər».). İcma otlaqlarını qəsb etmək və sairə nəticəsində fermer, demək olar, heç bir xərc çəkmədən öz malqarasının sayını xeyli artıra bilir, malqara isə onun torpağı üçün bolluca gübrə verir.



XVI əsrdə buna həlledici əhəmiyyətə malik olan başqa bir cəhət də əlavə olur. O zamanlar icarə müqavilələri uzun müddətə, çox vaxt 99 ilə bağlanırdı. Nəcib metalların və, deməli, pulun da dəyərinin daim düşməsi fermerlər üçün çox əlverişli idi. Yuxarıda gözdən keçirdiyimiz başqa cəhətlər hələ bir yana qalsın bu özü əmək haqqını aşağı salırdı. Əmək haqqının bir hissəsi dönüb fermer üçün mənfəət olurdu. Taxılın, yunun, ətin–bir sözlə bütün kənd təsərrüfatı məhsullarının qiymətinin daim bahalaşması, fermerin heç bir təşəbbüs göstərmədiyi halda onun pul kapitalını artırırdı, halbuki fermer torpaq rentasını, pulun əvvəlki dəyəri üzrə bağlanmış köhnə müqavilələr əsasında verirdi (XVI əsrdə pulun qiymətdən düşməsinin cəmiyyətdəki müxtəlif siniflərə təsiri haqqında bax: «A Conpendious or Briefe Examination of Gertayne Ordinary Complaints, of Divers of our Gountrymen in these our Dayes». By W.S., Gentleman (London, 1581). Bu əsər mükalimə şəklində yazıldığına görə, onu uzun müddət Şekspirə isnad verirdilər və hələ 1751-ci ildə Şekspirin adı ilə nəşr olunmuşdu. Onun müəllifi Vilyam Stafforddur. Əsərin bir yerində cəngavər (knight) belə fikir yeridir:

Cəngavər: «Ey mənim qonşum əkinçi, ey cənab tacir və ey mənim mehriban miskərim,–başqa sənətkarlar kimi siz də öz mənafeyinizi nisbətən asanlıqla qoruya bilərsiniz. Çünki hər şeyin qiyməti əvvəlkinə nisbətən nə qədər qalxsa, siz öz satdığınız malların və əməyin qiymətini bir o qədər artırırsınız. Lakin bizim heç elə bir şeyimiz yoxdur ki, onu baha qiymətə sataq və beləliklə də aldığımız məhsullarda çəkdiyimiz zərərin yerini doldura bilək». Əsərin başqa bir yerində cəngavər doktordan soruşur: «Lütfən deyin görək siz kimi nəzərdə tutursunuz? Həm də, sizin fikrinizcə, burada heç bir zərər çəkməyən kimdir?» Doktor: «Mən alqı və satqı ilə yaşayanları və baha aldıqda baha da satanları nəzərdə tuturam». Cəngavər: «Bəs sizin dediyinizə görə bundan xeyir görənlər kimlərdir?» Doktor: «Əlbəttə, bütün o icarədarlar və ya fermerlərdir ki, becərdikləri torpaq üçün köhnə renta verirlər, çünki onlar köhnə norma ilə renta verir, məhsulu isə yeni norma ilə satırlar, yəni torpağı çox ucuz ələ keçirir, torpaqda bitən hər şeyi isə baha satırlar...» Cəngavər: «O adamlar ki sizin dediyinizə görə bundan qazananlara nisbətən daha çox zərər çəkirlər, bəs onlar kimlərdir?» Doktor: «Bütün zadəganlar, centlmenlər və ümumiyyətlə sabit renta ilə və ya maaşla yaşayan, ya da öz torpaqlarını özləri becərməyən və ya ticarətlə məşğul olmayan adamlardır».). Beləliklə, fermer eyni zamanda həm öz muzdlu fəhlələri hesabına, həm də öz lendlordu hesabına varlanırdı. Buna görə də təəccüblü deyildir ki, XVI əsrin axırlarına yaxın İngiltərədə o zamana görə varlı «kapitalist fermerlər» sinfi əmələ gəlmişdi (Fransada orta əsrlərin əvvəllərində feodalın müdiri və töycü yığanı olan keçmiş «regisseur» tezliklə dönüb «homme daffaires [işbaz] olur və camaata hədə-qorxu gəlmək, onu aldatmaq və sairə ilə varlanıb kapitalistə çevrilir. Bu «regisseur»-lər özləri bəzən nəcib silkə mənsub olurdular. Məsələn: «Bu hesabatı Bezanson kastelyanlarının cəngavəri Jak de Toress öz patronuna təqdim edir; o da 1359-cu il dekabrın 25-dən 1360-cı il dekabrın 28-nə qədər həmin kastelyanlıqdan alınmalı olan rentalar haqqında Dijonda Burqon hökmdarı, hersoqu və qrafı qarşısında hesabat verir (Alexis Monteil. «Traite des Materiaux Manuscrits etc.», p.234, 235). Artıq buradan görünür ki, ictimai həyatın bütün sahələrində gəlirlərin nə qədər böyük bir hissəsi dəllallara qismət olur. Məsələn, iqtisadi sahədə müəssisələrin mənfəətinin çox hissəsini maliyyəçilər, birjaçılar, tacirlər və dükançılar götürürlər; mülki hüquq sahəsində isə, çəkişən tərəfləri vəkil soyur; siyasətdə deputat öz seçicilərindən, nazir padşahdan daha əhəmiyyətlidir, din sahəsində müqəddəs «himayəçilər» allahdan irəlidədirlər, bunlardan da irəlidə keşişlər durur ki, onlar da «mərhəmətli pastır» ilə onun dindarlar sürüsü arasında labüd vasitəçidirlər. İngiltərədə olduğu kimi, Fransada da, lakin kənd əhalisi üçün daha ağır şərtlərlə, iri feodal torpaqları saysız-hesabsız xırda təsərrüfatlara bölünmüşdü. XIV əsr ərzində icarələr–fermalar və ya «terriers» meydana çıxmışdı. Bunların sayı daim artırdı və 100000-i xeyli ötmüşdü. Onlar məhsulun 1/12 hissəsindən 1/5 hissəsinə qədərini torpaq rentası olaraq, pul və ya natura şəklində verirlər. Bəzən ancaq bir neçə arpandan ibarət olan sahənin dəyərindən və həcmindən asılı olaraq «Terriers» len, yarımlen (fiefs, arriere-fiefs) və i.a. adlanırdı. Bütün bu «terriers» sahibləri öz nahiyyələrində yaşayan əhaliyə qarşı müəyyən dərəcədə məhkəmə səlahiyyətinə malik idilər; bu kimi dörd səlahiyyət dərəcəsi var idi. Bu saysız-hesabsız xırda müstəbidlər hakimiyyətinin kənd əhalisi üçün nə qədər dözülməz bir zülm olduğunu təsəvvür etmək çətin deyildir. Montey deyir ki, Fransada indi cəmi 4000 məhkəmə (o cümlədən barışıq məhkəmələri də daxil olmaqla) olan yerdə o zaman 160000 məhkəmə var idi.).
Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin