Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati məsələləri, normaları, əmək müqaviləsi.
Əməyin mühafizəsi nədir? Sualına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsi ilə cavab verə bilərik.
Əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə - profilaktika tədbirləri, normaları və standartları sistemidir. Əməyin mühafizəsinin tərkib hissələri aşağıdakılardır:
I Hissə. Əmək mühafizəsinin hüquqi – təşkilatı əsasları. Bu hissədə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ – hüquqi sənədlərdə əməyin mühafizəsi ilə bağlı anlayışlar, qayda və qanunlar toplanmışdır.
Azərbaycan Respublikasında əmək mühafizəsi, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları, standartlar və normalarla təyin edilir.
II Hissə. Əmək gigiyenası və istehsalat sanitariyası. Bu hissədə istehsal şəraitinin sanitariya – gigiyenik təşkili, bu şəraiti təmin edən mühüm təşkilatı – texniki məsələlər və iş şəraitini təmin edən mühit parametrləri haqqında məlumat verilmişdir.
III Hissə. Təhlükəsizlik texnikasının əsasları. Burada texnoloji proseslərin növləri, təhlükəli maşınlar, aparatlar, qurğular, mühafizə vasitələri və s. haqqında əsas məlumatlar izah edilir.
IV Hissə. Yanğın profilaktikası. Yanğın profilaktikası haqqında məlumat, maddə, material, bina və qurğuların yanma və yanğınla bağlı xüsusiyyətlərdən bəhs edilir.
Əmək mühafizəsinin pozulmasına görə məsuliyyətlər
Əmək qanunvericiliyinin və əmək mühafizəsi qaydalarının pozulmasına görə müqəssir olan vəzifəli şəxslər üçün Azərbaycan respublikasının qanunvericiliyində intizam məsuliyyəti, maddi və cinayət məsuliyyətləri nəzərdə tutulur. İntizam məsuliyyəti vəzifəli şəxsin təqsiri ucbatından əmək mühafizəsinin pozması ağır nəticələr vermədiyi hallarda tətbiq edilir.
İnzibati məsuliyyət vəzifəli şəxsin müəyyən olunmuş qaydada cərimə olunmasıdır.
Maddi və cinayət məsuliyyəti vəzifəli şəxsin təqsiri ucbatından əmək mühafizəsinin qanun və qaydalarının pozulmasına görə müəssisəyə dəymiş maddi zərərin onun əmək haqqından tutulmasından ibarətdir.
Əgər pozulma bədbəxt hadisələrə səbəb ola bilərsə vəzifəli şəxs azadlıqdan məhrum edilir:
A) Əgər pozulma işçinin zədələnməsinə və ya əmək qabiliyyətinin itirilməsinə səbəb olmuşdursa – 3 ilə qədər;
B) Əgər pozulması ölümlə və ya bir neçə şəxsin ağır zədələnməsi ilə nəticələnərsə - 5 ilə qədər.