I. Komİssİyaların fəalİyyətİ, Mətbuat Şurasına daxİl olan şİkayət və müracİətlərİn araşdırılması, qərar və rəylərİn qəbulu



Yüklə 126 Kb.
tarix03.02.2017
ölçüsü126 Kb.
#7345




2009
Azərbaycan Mətbuat Şurası 6-cı ildir ki, ölkə jurnalistləri və ictimaiyyəti üçün il ərzində gördüyü işlərə dair hesabat verir. Bu sənədlərdə əsasən Şuranın struktur sahələri üzrə həyata keçirilən tədbirlər, icra edilən işlər barədə yığcam məlumat verilsə də, hər birinə xas özəlliklər üzərində xüsusi dayanılıb.

2009-cu ildə Azərbaycan Mətbuat Şurasının başlıca fəaliyyət istiqamətləri aşağıdakılardan ibarət olub:

1) Komissiyaların fəaliyyəti, Mətbuat Şurasına daxil olan şikayət və müraciətlərin araşdırılması, qərar və rəylərin qəbulu;

2) «Reket jurnalistika»ya qarşı mübarizə;

3) Tədbirlər və təşəbbüslər.

4) Digər
I. Komİssİyaların fəalİyyətİ, Mətbuat Şurasına daxİl olan şİkayət və müracİətlərİn araşdırılması, qərar və rəylərİn qəbulu


2009-cu ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 489 müraciət daxil olub. Bunun 247-i ilin birinci yarısına aiddir. Müraciətlərdən 167-i dövlət idarə, müəssisə və təşkilatlarından, 45-i ictimai qurumlardan, 11-i siyasi partiyalardan, 29-u yerli özünüidarəetmə orqanlarından, 61-i özəl müəssisələrdən, 176-ı ayrı-ayrı vətəndaşlardan daxil olub.
Şura Katibliyi 489 şikayətlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 236 məsələ yerindəcə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 222 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.
2009-cu ilin ilk yarısında Şuraya daxil olan şikayətlərin 222-i komissiyalarda araşdırılıb. Bunlardan 147-i Şikayətlər üzrə Komissiyada, 57-i “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasında, 8-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 10-u Sosial komissiyada araşdırılıb.
Şikayətlər üzrə Komissiyada baxılan 147 məsələdən 116-ı bu komissiya səviyyəsində həllini tapıb. Bu şikayətlər üzrə yalnız rəylərin çıxarılması ilə kifayətlənib. Digər 31 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında 57 şikayət araşdırılıb. Həmin şikayətlərə rəy verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim olunub.
Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında 8 şikayət araşdırılıb. Onlardan 6-ı həllini tapıb. 2-i ilə bağlı əlavə materiallara ehtiyac duyulduğundan araşdırmalar davam edir.
Şuranın İdarə Heyətində müzakirə edilən şikayətlərin sayı 31-dir.
Şikayətlər üzrə Komissiyanın və «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasının rəyləri əsasınsa müvafiq olaraq 27 və 4 qərar qəbul olunub.
İl ərzində Şuranın İdarə Heyətinin 12, Şikayətlər üzrə Komissiyanın 19, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 8, Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının 3 iclası keçirilib. Bundan başqa müxtəlif məsələlərlə bağlı Şuranın Sosial Komissiyasının 5, Hüquq və İqtisadiyyat komissiyasının 3 iclası keçirilib.
2009-cu ildə Şikayətlər üzrə Komissiyanın, «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasının təqdimatları əsasında Mətbuat Şurasının İdarə Heyəti tərəfindən 28 qərar qəbul edib. Şikayətlər üzrə Komissiyada 74 rəy, «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasında 4 ümumi rəy çıxarılaraq MŞ İdarə Heyətinə təqdim olunub.
2009-ci ilin ilk yarısında Mətbuat Şurasına daxil olan şikayətlərin şəhər və bölgələr üzrə təsnifatı aşağıdakı kimidir:
1. Bakı - 195

2. Gəncə - 28

3. Lənkəran - 16

4. Mingəçevir - 14

5. Salyan - 10

6. Laçın - 9

7. Göy göl - 10

8. Şirvan - 12

9. Şəki - 13

10. Hacıqabul - 9

11. Neftçala - 8

12. Ağcabədi - 12

13. İmişli - 11

14. Sumqayıt - 13

15. Gədəbəy - 8

16. Quba - 8

17. Bərdə - 8

18. Lerik - 6

19. Masallı - 9

20. Samux - 6

21. Şəmkir - 9

22. Goranboy - 6

23. Göyçay - 5

24. Qazax - 5

25. Ağstafa - 4

26. Beyləqan - 6

27. Şamaxı - 7

28. Astara – 3

29. Xaçmaz – 4

30. Biləsuvar – 5

31. Yardımlı – 2

32. Ucar – 2



33. Oğuz – 4
MŞ-yə daha 22 bölgənin hərəsindən bir şikayət göndərilib.
Barələrində qərarlar çıxarılan məsələlər


  1. Salyan Neft Bazası «Müasir Naxçıvan» və «Müfəttiş» qəzetlərinə qarşı;

  2. Bakı şəhər sakini Mərdan İman oğlu Əliyev «Həqiqətlər və faktlar» qəzetinə qarşı;

  3. Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov «Nota» qəzetinə qarşı;

  4. «Azad yeni fikir» qəzeti «Nota» qəzetinə qarşı;

  5. Lənkəran Dövlət Humanitar Kolleci«Azadlıq» qəzetinə qarşı;

  6. Mingəçevir «Tikinti-1» MMC-nin rəisi Hikmət Heydərov «Nota» qəzetinə qarşı;

  7. Bakı şəhər 14 saylı poliklinika«Mühakimə» qəzetinə qarşı;

  8. Bakı şəhəri 20 saylı məktəb-lisey «Müasir Azərbaycan müəllimi» qəzetinə qarşı;

  9. Bakı şəhəri 162 saylı orta məktəbin direktoru Ələkbər Əliyev «Müasir Azərbaycan müəllimi» qəzetinə qarşı;

  10. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası «Gündəlik Bakı» qəzetinə qarşı;

  11. Bakı Şəhər Təhsil İdarəsi Sabunçu rayonu 170 saylı orta məktəb «Pressinq» qəzetinə qarşı;

  12. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı «İrəvan press» qəzetinə qarşı;

  13. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı «Respublika gəncləri» qəzetinə qarşı;

  14. Azərbaycan Dövlət Pedaqoji Kolleci «İrəvan press» qəzetinə qarşı;

  15. Beyləqan Rayon Polis Şöbəsi «Son olay» qəzetinə qarşı;

  16. Şair Zakir Fəxri «Mühakimə» qəzetinə qarşı;

  17. Beyləqan Rayon Polis Şöbəsi «Son olay» qəzetinə qarşı;

  18. Biləcəri qəsəbə bələdiyyəsinin sədr müavini Ərəstun Kərimov «Azərbaycan dünyası brifinq» qəzetinə qarşı;

  19. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi «Reytinq» qəzetinə qarşı;

  20. Biləcəri qəsəbə bələdiyyəsinin sədr müavini Ərəstun Kərimov «Xəbər xətti» qəzetinə qarşı;

  21. Yeni Azərbaycan Partiyası «Azadlıq» qəzetinə qarşı;

  22. «İnam» Plüralizm Mərkəzinin sədri Vahid Qazi «Azadlıq» qəzetinə qarşı;

  23. Azərbaycan Respublikasının xalq artistləri Arif Babayev və Mənsum İbrahimov «Reytinq» qəzetinə qarşı;

  24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu «Yeni xəbər» qəzetinə qarşı;

  25. Bakı şəhər sakini Aygün Elgiz qızı Mirzəyeva «Son söz» qəzetinə qarşı;

  26. Naftalan şəhərinin bir qrup sakini «Xoca Nəsrəddin» jurnalına qarşı;

  27. Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaq“Təzadlar” qəzetinə qarşı;

  28. Millət vəkili Nazim Məmmədov “Yeni Müsavat” qəzeti;

  29. Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsinin İ.Hacıyev küçəsindəki 8/30 saylı evin sakinləri Nina və Əliislam Əhmədovlar «Dünya kriminal» qəzetinə qarşı;

  30. H.Qasımov adına 1 saylı Doğum Evinin mama-ginekoloqu Arzu Əliyeva«Mozalan» jurnalına qarşı;

  31. Xətai Rayon İcra Hakimiyyəti«Gündəlik Bakı» qəzetinə qarşı.



II. “Reket jurnalİstİka”ya qarşı mübarİzə
Şura tərəfindən “reket jurnalistika”ya qarşı mübarizə ili elan olunan 2009-cu ildə qurum bununla bağlı mübarizəni iki istiqamətdə aparıb:
1. “Reket nəşr”lərin elan olunması, adlarının ictimaiyyətə çatdırılması
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında 2009-cu ildə dörd dəfə «reket» nəşrlərin adlarını açıqlayıb. Fevralda 36, apreldə 19, iyunda 8, oktyabrda 5, dekabrda isə 8 KİV-in adı «reket nəşr» elan olunub. Şuranın İdarə Heyətinin müvafiq qərarı ilə mətbuatın «qara siyahı»sı tərtib olunub və həmin siyahıya MŞ-nin əvvəlki illərdə çıxardığı qərarlara əsasən «reket» elan olunan 16 kütləvi informasiya vasitəsinin də adı daxil edilib.
Mətbuatın «qara siyahı»sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib. Şura ictimaiyyətin məsələni diqqətdə saxlaması üçün «reket» nəşrlərin siyahısını xüsusi tərtibatda 5000 nüsxədə çap etdirib, sənədin paytaxtda və ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara çatdırılmasını həyata keçirib.
2. “Reket nəşr”lərə qarşı ictimai qınağın fəallaşdırılması
Bu məqsədlə ölkədə fəaliyyət göstərən yayım firmalarına və mətbəələrə məktublar göndərib. Həmin məktublarda bildirilib ki, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 24 aprel 2009-cu il tarixli iclasında Şuranın Katibliyinin və müvafiq komissiyalarının təqdimatı əsasında 71 kütləvi informasiya vasitəsinin, digər 2 iclasda isə 13-nün adının «reket» nəşr elan olunması və onların adlarının «qara siyahı»ya salınaraq ictimaiyyətə açıqlanması barədə müvafiq qərar çıxarılıb. Bu qərarın qəbulu zamanı həmin KİV-lərin «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na məhəl qoymamaları, etik prinsiplər və peşə əxlaqı ilə bir araya sığmayan hərəkətlərə yol vermələri, barələrindəki qərar və rəylərdən, tövsiyyə və iradlardan nəticə çıxarmamaları əsas götürülüb. Həmçinin mətbuatın «qara siyahısı» da onlara göndərilərək KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyyə edilib.
MŞ ötən yarım ildə «reket» jurnalistikaya qarşı mübarizə çərçivəsində həmçinin əlaqədar dövlət qurumlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərməyən KİV-lərlə bağlı da müraciətlər ünvanlayıb.
III. TƏDBİRLƏR VƏ TƏŞƏBBÜSLƏR
Mətbuat Şurası 2009-cu ildə «Görkəmli jurnalistlərin anımı» silsiləsindən tədbirlərə başlayıb. Bu məqsədlə Şurada Məmməd Nazimoğlu, Sona Bağırova və Nəriman Zeynalovun xatirə mərasimləri təşkil olunub. Tədbirlərdə jurnalistlərin həyat və yaradıcılıq yoluna nəzər salınıb, onların irsinin öyrənilməsi istiqamətində görüləcək işlər müəyyənləşdirilib.
Azərbaycan Mətbuat Şurası yanvarda Rusiyanın Ermənistana silah satması faktı ilə bağlı Rusiya KİV-lərinə müraciət ünvanlayıb. Müraciətdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi qeyd edilib, belə bir ölkənin silah-sursatla təchizatının sülh prosesinə mənfi təsir göstərdiyi vurğulanıb və Rusiyanın media vasitələrindən məsələni diqqətdə saxlamaq xahiş olunub.
Fevralda türkiyəli jurnalistlərin bir qrupu ilə Mətbuat Şurasında görüş keçirilib. Qeyd edək ki, türk media təmsilçilərinin ölkəmizə səfərlərindən məqsəd Xocalı faciəsinin 17-ci ildönümünün Türkiyə ictimaiyyətinə daha yaxından çatdırmaq olub. «Xəbər 7» telekanalının baş redaktoru Ünal Tanılının, «Zaman» qəzetinin yazarı Fikri Türkelin, «Bu gün» qəzetinin köşə yazarı Nuh Könültaşın, «Aksiyon» həftəlik dərgisinin əməkdaşı Tuncer Çetinkayanın və digər media təmsilçilərinin iştirak etdikləri görüşdə qonaqlara Mətbuat Şurasının fəaliyyəti, iş prinsipləri barədə də məlumat verilib.
MŞ fevralın 20-də cəmiyyətin informasiya tələbatını öyrənmək məqsədilə həyata keçirdiyi sorğusunun nəticələrini açıqlayıb. Əhalinin müxtəlif təbəqələri arasında keçirilən sorğuda 1000 respondentin fikri öyrənilib. Müsahibəli səciyyə daşıyan sorğuda respondentlərə verilən suallar bir neçə istiqaməti əhatə edib.
Mayın 11-də Azərbaycan Mətbuat Şurasında Türkiyənin ölkəmizdə səfərdə olan nüfuzlu media təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Dialoq xarakteri daşıyan toplantıda əsas diqqət Türkiyə-Azərbaycan münasibətlərinin son durumuna, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələlərinə yönəlib. Tədbirdə Türkiyə tərəfdən Avrasiya Qəzetəcilər Cəmiyyətinin rəhbəri Kürşad Zorlu, «Yeni Şəfəq» qəzetinin müxbiri Murat Palavar, həmin qəzetin yazarı İbrahim Qaragül, «Radikal» qəzetinin beynəlxalq xəbərlər şöbəsinin müdiri Ceyda Karan və digər nümayəndələr iştirak ediblər. Toplantıya ölkəmizin nüfuzlu media təmsilçiləri də qatılıblar.
Həmin gün Azərbaycan Mətbuat Şurasında Bakıda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun sədri Ceyn Virkunnen və qurumun icraçı direktoru Devid Dədc ilə görüş keçirilib. Səfərdən məqsəd BMİ-nin dünya konqresinin və 59-cu Baş Assambleyasının Azərbaycanda keçirilmə imkanlarını dəyərləndirmək olub. Görüşdə Şuranın İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkəmizin aparıcı media vasitələrinin təmsilçiləri də iştirak ediblər. Tədbirdə BMİ-nin Dünya Konqresinin Azərbaycanda keçirilməsi üçün istər texniki, istərsə də təşkilati imkanların genişliyi vurğulanıb.
Mayın 20-də «Medianın ekstremal şəraitdə iş xüsusiyyətləri» mövzusunda «dəyirmi masa» keçirilib. Tədbirdə Şuranın ölkəmizin aparıcı kütləvi informasiya vasitələrində 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı gedən materialların monitorinqi əsasında hazırlanmış hesabat açıqlanıb. Kütləvi informasiya vasitələri təmsilçilərinin, media ekspertləri və mütəxəssislərinin iştirakı ilə baş tutan toplantıda sənəddə əksini tapan məsələlər ətrafında diskussiyalar aparılıb. Tədbirdə həmçinin medinın ekstremal şəraitdəki iş xüsusiyyətlərinə dair təkliflər hazırlanıb.
MŞ sədri iyunun 9-10-da Strasburqda Avropa Şurasının Cənubi Qafqaz mediası ilə bağlı tədbirinə qatılıb. Toplantıdan məqsəd Avropa Şurasının son 2 ildə region mediası ilə əlaqədar həyata keçirdiyi işlərə yekun vurmaq, qarşıdakı 3 il üçün fəaliyyət strategiyasını müəyyənləşdirmək olub. Toplantıda Avropa Şurası ölkələrində fikrin azad və sərbəst ifadə olunması sahəsində qanunvericilik, onun tətbiqi yolları, jurnalist peşəkarlığının artırılması üsulları, jurnalistika təhsilinin müasir forma və metodları, etik normalara riayət edilməsi mövzularında diskussiyalar aparılıb. Tədbirdə jurnalist təhsilinin Avropa standartlarına, dünya təhsil sisteminin qaydalarına uyğunlaşdırılması ətrafında da söhbət açılıb.
İyulun 7-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Cənubi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı keçirilib. Girişdən, 8 bölümdən ibarət nəşrdə həmçinin 151 ildə keçilmiş yolu əks etdirən dəyərli sənədlər də toplanıb. “Elm” nəşriyyatında çapdan çıxan kitaba ölkəmizin tanınmış alim və mütəxəssisləri rəy verib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iyulun 9-10-da Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısında iştirak etmək üçün Türkiyəyə səfər edib.
İstanbulda baş tutan tədbirdə MŞ sədri rəhbərlik etdiyi qurumun fəaliyyət prinsipləri, həyata keçirdiyi işlərlə bağlı məruzə edilib. Toplantıda həmçinin dünyada söz və mətbuat azadlığının vəziyyəti, KİV-in özünütənzimləmə üsullarının təkmilləşdirilməsi müzakirə olunacaq, mövcud problemlər araşdırılacaq və vəziyyətdən çıxış yolları müəyyənləşdirilib.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının, Şura sədri Əflatun Amaşov isə qurumun İdarə Heyətinin üzvüdür. MŞ bu kimi toplantılara üçüncü dəfədir qatılır.
İyulun 17-də Azərbaycan Mətbuat Şurasının və Cənubu Qafqazda Narkotiklərə Nəzarət Proqramı (SCAD) təşkilatçılığı ilə “Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirib. Tədbirdə hər iki qurumun rəhbərliyi ilə yanaşı müvafiq dövlət təşkilatlarının, ictimai birliklərin təmsilçiləri, həmçinin jurnalistlər iştirak ediblər.
Konfransda “Cənubu Qafqazda Narkotiklərə Nəzarət Proqramı”nın mahiyyəti, fəaliyyət istiqamətləri, gördüyü işlər barədə məlumat verilib, bu sahədə fərqlənən KİV redaksiyalarına və jurnalistlərə mükafatlar təqdim edilib. Tədbirdə iştirakçılara narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin mediada işıqlandırılma qaydalarına həsr olunan təlimat kitabı da təqdim olunub.
Həmin gün Azərbaycan Mətbuat Şurasının sədri İranın Azərbaycandakı Səfirliyinin üçüncü katibi Abbas Eskəndəri ilə görüşüb. Görüşdə hər iki ölkə mediasının hazırkı durumu ətrafında fikir mübadilələri aparılıb.
Ə.Amaşov iranlı diplomata ölkədə söz və mətbuat azadlığının mövcud durumu ilə bağlı məlumat verərək bildirib ki, son illər mediaya dövlət qayğısını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi ölkənin ictimai həyatında əlamətdar olaylardan biri kimi dəyərləndirilir. Diplomat İranla bağlı hadisələrin Azərbaycan mediasında işıqlandırılmasının müxtəlif istiqamətləri barədə söhbət açıb. Görüşdə Azərbaycanlı jurnalistlərin İrana səfəri barədə də fikir mübadilələri aparılıb. A.Eskəndəri bunun reallaşması üçün Səfirliyin üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu bildirib. O, istər Azərbaycan jurnalistlərinin İrana, istərsə də İran jurnalistlərinin Azərbaycana səfərlərinin təşkilinin hər iki ölkədə əhəmiyyətli hadisə ola biləcəyini önə çəkib.
İyulun 22-də Azərbaycan Mətbuat Şurasının sədri Milli Mətbuat Günü ilə bağlı aksiya düzənləyən gənclərdən ibarət “İrəli” İctima Biriliyinin üzvlərini qəbul edib. İctimai Birliyin təmsilçilərindən Ülkər İbrahimova, Nəzakət Əliyeva və Ayaz Salmanov çıxışlarında qurumun media ilə iş sahəsindəki fəaliyyətinin ayrı-ayrı məqamlarından söhbət açıblar. Qeyd edək ki, «İrəli» İctimai Birliyi Milli Mətbuat Günü münasibətilə 60-a qədər tort sifariş edib və onları ölkənin aparıcı media qurumlarına sinvolik hədiyyə kimi təqdim ediblər. Ə.Amaşov belə bir məxsusi və yaddaqalan aksiyanın təşkilinə və mətbuatın cəmiyyətdəki roluna verdikləri qiymətə görə «İrəli»nin fəallarına təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
İyilun 22-də Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə birgə Bakı Əyləncə Mərkəzində Milli Mətbuat Günü münasibətilə geniş qəbul təşkil edib. Qəbulda KİV rəhbərlərinin, ictimai-siyasi xadimlərin, dövlət rəsmilərinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin, səfirliklərin və diplomatik missiyaların təmsilmilərinin iştirakı təmin olunub.
İyulun 24-də Azərbaycan Mətbuat Şurası «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyi ilə birgə Qarabağ mövzusunun və Xocalı soyqırımının KİV-də işıqlandırılması ilə bağlı «dəyirmi masa» keçirib. Tədbirdə Xocalı soyqırının və ümmilikdə Qarabağ mövzusunun yerli və xarici mətbuatda daha geniş təbliği məqsədilə hər iki qurum tərəfindən yazı müsabiqəsinin elan olunması barədə qərara gəlinib. Toplantıda həmçinin Xocalı faciəsinin mətbuatda işıqlandırılmasında müstəsna xidmətləri olan şəxslər mükafatlandırılıblar. Azərbaycan Mətbuat Şurası «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyinin birgə layihəsinə əsasən 2009-cu ilin sentyabrından 2010-cu ilin fevralınadək Xocalı faciəsi və ümumilikdə Qarabağ mövzusu ilə bağlı müsabiqəyə yazı qəbulu başlanıb.
Oktyabrın 2-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Kütləvi informasiya vasitələrinə dəstək: mövcud prinsiplər və alternativlik» mövzusunda «dəyirmi masa» keçirilib. Şuranın ofisində təşkil olunan tədbirdə KİV-ə dəstəyin dünya təcrübəsində rast gəlinən xüsusiyyətləri, bilavasitə dövlət dəstəyinə dair forma və prinsiplər, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti və digər cəhətlər müzakirə edilib. Toplantıda Azərbaycandakı beynəlxalq təşkilatların - ATƏT-in, Avropa Şurasının, Avropa Komissiyasının və başqalarının, media sahəsində fəaliyyət göstərən xarici fondların, ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndələri, həmçinin KİV redaktorları və jurnalistlər iştirak ediblər.
Oktyabrın 23-də Dünya Qəzetlər Assosiasiyasının (WAN) rəhbər şəxsləri - qurumun media azadlığı və inkişafı proqramının icraçı direktoru Mirjana Miloşeviç, proqramın rəhbəri Bengt Braun və təşkilatın baş ofisinin rəhbəri Timoti Baldinq Azərbaycan Mətbuat Şurasında olublar.
MŞ sədri Əflatun Amaşov qonaqlara Şuranın ölkəmizdə media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi təcrübəsi barədə məlumat verib. WAN təmsilçiləri çıxışlarında səfərlərindən məqsədin ölkədəki mövcud söz və mətbuat azadlığı mühitinin qəzetlərin fəaliyyət dairəsinə nə kimi təsir göstərdiyini müəyyənləşdirmək olduğunu vurğuladılar.
Oktyabrın 28-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycan KİV sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah» mövzusunda «dəyirmi masa» keçirilib. «Azərbaycan gəncləri» qəzetinin 90 illik yubileyinə həsr olunan tədbirdə ölkədəki uşaq və gənclər mətbuatının mövcud durumu barədə söhbət açılıb, bu sahədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin problemləri və yaradıcılıq xüsusiyyətləri ətrafında diskussiyalar aparılıb.
Oktyabrın 30-da Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Mətbuat Nizamnaməsi 90: keçmişdən bu günə dəyişən reallıqlar» mövzusunda «dəyirmi masa» keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov Azərbaycan Xalq Cumhuriyyəti dönəmində qəbul olunmuş Mətbuat Nizamnaməsinin 90 illiyi ilə bağlı ölkənin bir sıra tədris müəssisələrindən geniş mərasimlərin keçirildiyinə diqqət çəkib. Nizamnamədə əksini tapan prinsiplərlə bağlı məlumat verən Şura sədri sənədin müasir dövrümüz üçün də aktual səciyyə daşıdığını vurğulayıb.
Noyabrın 17-də Azərbaycan Mətbuat Şurası ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti “Dövlət qurumları ilə media təmsilçiləri arasında əməkdaşlığın möhkəmləndirilməsi proqramı” çərçivəsində birgə görüş keçirilib. Şuranın ofisində baş tutan tədbirdə penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin təmsilçiləri, həmçinin KİV redaktorları, MŞ İdarə Heyətinin üzvləri və jurnalistlər iştirak edib. Görüşdə mətbuatla bu qurum arasında əməkdaşlığın inkişaf yolları müzakirə olunub, jurnalistlərin mövzu ilə bağlı sualları cavablandırılıb, qarşıya çıxan problemlərin birgə həll yolları müəyyənləşdirilib.
Həmin gün Azərbaycan Mətbuat Şurasında Latviyanın Korrupsiyaya qarşı mübarizə Bürosunun (KNAB) qabaqlayıcı tədbirlər idarəsinin əməkdaşı Lize Lentane və qurumun ictimaiyyətlə əlaqələr və tədris şöbəsinin mütəxəssisi Aleksey Şnitnikovla görüş keçirilib. Mövcud səfər Avropa İttifaqına üzv dövlətlərin və Benefisiar ölkələrin idarəçilik qurumları arasında əməkdaşlıq vasitəsi olan Tvininq layihəsinin 5 əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə Azərbaycan arasında “Avropa qonşuluq siyasəti” planı çərçivəsində həyata keçirilib. Avropa İttifaqının Üzv Ölkələrinin və Azərbaycan Respublikasının dövlət qurumları arasında birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan Tvininq proqramı Avropa İttifaqına üzv ölkələrinin dövlət qurumlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilib.
Azərbaycan Mətbuat Şurasının sədri 24-29 noyabr 2009-cu il tarixlərində Avstriyada səfərdə olub. O, paytaxat Vyanada yerləşən bir sıra jurnalist təşkilanlarının nümayəndələri ilə gürüşlər keçirib. Görüşlərdə Bakıda “MDB məkanı KİV-lərində etik prinsiplər: problemlər, tendensiyalar» mövzusunda beynəlxalq konfransın təşkili barədə disskussiyalar keçirilib.
Dekabrın 7-də Azərbaycan Mətbuat Şurası KİV-lərdə tətləbə problemlərinin işıqlandırılması məsələlərinə dair “dəyirmi masa” keçirib. Şuranın Azərbaycan Tələbələr Biriliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirində tələbə təşkilatlarının KİV-lə münasibətlərində qarşıya çıxan çətinliklər və pozitiv məqamlar haqqında fikir mübadilələri aparılıb.
Dekabrın 7-də Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Şuranın İdarə Heyətinin üzvü Qafar Çaxmaqlı və qurumun icraçı katibi Rəhim Hüseynzadə həbsdə olan jurnalist Müşfiq Hüseynovun səhhəti ilə maraqlanmaq üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində olublar. Mətbuat Şurasının M.Hüseynovun əfvi ilə bağlı dövlət başçısına müraciət unvanlayacağını bildirən MŞ sədri bunun üçün kifayət qədər əsasların mövcudluğundan söhbət açıb. Qeyd edək ki, jurnalist dövlət başçısının dekabrda imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.
Dekabrın 8-də Azərbaycan Mətbuat Şurasında Bakıda səfərdə olan Avropa Şurasının ekspertləri Manuel Lukbert və Devid Qoldberqlə görüş keçirilib. Görüşdən məqsəd Avropa Şurasının və Avropa Komissiyasının ifadə, məlumat və media azadlığı ilə bağlı ölkəmizdə reallaşdırdığı proqramlar ətrafında dəyərləndirmələr aparmaqdan ibarət olub.
Dekabrın 8-12-də Azərbaycan Mətbuat Şurasının sədri Moskvda MDB ölkələri media qurumlarının forumunda iştirak edib.
Dekabrın 14-də Azərbaycan Mətbuat Şurası «Euronews» telekanalında Dağlıq Qarabağla bağlı yayımlanmış qərəzli reportaja etiraz əlaməti olaraq bəyanat yayıb.Bəyanatda bildirilib ki, medianın Dağlıq Qarabağ münaqişəsinə mövqeyi konfliktin müzakirəsinə yönəlmiş təşəbbüslərin daim gündəmdə olması məntiqinə söykənib. Bu mənada, 135 ölkədə 250 milyon tamaşaçı auditoriyasına malik «Euronews» telekanalının da məsələyə eyni prizmadan yanaşması gözlənilən idi. Təəssüf ki, telekanal əməkdaşlarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa səfəri və nəticə etibarilə hazırladıqları reportajda nəinki qeyri-obyektivliyə, qərəzə və birtərəfli məhsul təqdimatına yol verilib, eyni zamanda aşkar siyasi mövqe nümayiş etdirilib ki, bu isə sivil media standartları ilə qətiyyən uzlaşmır. Belə bir reportajın telekanalda günlərlə yayımlanması səfər təşkilatçısı - Ermənistanın Avropalı Dostları (EuFoA) adlı qurumun və deməli, Ermənistanın məramına xidmət təsiri bağışlayır.
Azərbaycan Mətbuat Şurası dekabrın 21-23-də Yevlaxda “Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar” mövzusunda konfrans keçirib. Tədbirdə dövlət rəsmiləri, aparıcı kütləvi informasiya vasitələrinin, ölkənin 15 bölgəsində fəaliyyət göstərən mətbu nəşrlərin rəhbərləri, yerli icra, polis və məhkəmə orqanlarının təmsilçiləri, habelə ictimaiyyət nümayəndələri və tanınmış media ekspertləri iştirak edib. Toplantıdan məqsəd regional KİV-lərin vəziyyəti, onların artan ictimai tələbatlara adekvat münasibətinin formaları, bölgə qəzetlərinin maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişləndirilməsi, ölkənin aparıcı mətbu nəşrlərində region həyatının işıqlandırılması xüsusiyyətləri və s. istiqamətlərdə məruzələr səslənib, mövzular ətrafında fikir mübadilələri aparılıb.
Azərbaycan Mətbuat Şurası 23 dekabr bələdiyyə seçkisi ilə əlaqədar olaraq ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarında monitorinqlərə başlayıb. Monitorinqdən məqsəd seçkini işıqlandıran kütləvi informasiya vasitələri təmsilçilərinin fəaliyyətini izləmək, prosesin gedişi zamanı onlara vəzifə səlahiyyətlərini yerinə yetirmələri üçün yaradılan şəraitlə tanışlıq olub. Məsələ ilə bağlı Şuranın İdarə Heyətinin üzvlərindən ibarət ayrıca monitorinq qrupu da formalaşdırılıb. Qeyd edək ki, 23 dekabr bələdiyyə seçkisi ilə əlaqədar Mətbuat Şurasında «qaynar xətt» də yaradılmışdı. Şuranın (012) 561 82 46 və (012) 561 80 37 nömrəli telefonları bu rejimdə işləyib. Seçkini işıqlandıran jurnalistlər həmin nömrələrə zəng vuraraq peşə fəaliyyətlərinin həyata keçirilməsinə mümkün maneələr barədə məlumat vermək imkanı əldə ediblər.
IV. digər məsələlər
Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması istiqamətindəki fəaliyyəti hələ 2008-ci ilin əvvəlindən başlayıb. Məsələ öncə Şuranın hazırladığı Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası layihəsində əksini tapıb. Həmin sənəd ölkə prezidentinin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənib. Dövlət başçısının 3 aprel 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Mətbuat Şurasına Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı təkliflərini hazırlamaq tövsiyyə olunub. Fondun 3 aprel 2009-cu il tarixdə prezident fərmanı ilə təsdiqlənmiş Nizamnaməsinə əsasən MŞ yeni qurumun Müşahidə Şurasına 9 nəfəri KİV-lərdən, 9 nəfəri jurnalist təşkilatlarından olmaqla 18 namizədin siyahısını müəyyənləşdirərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edib. Ölkə prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə həmin siyahıda yer alan 18 nəfərdən 3-ü KİV-lərdən, 3-ü jurnalist təşkilatlarından olmaqla 6 nəfəri Fondun Müşahidə Şurasına üzv təsdiqlənib.
Şura il ərzində həbsdə olan jurnalistlərin azadlığa çıxmaları istiqamətində müxtəlif səviyyəli görüşlər keçirib. Bununla yanaşı MŞ İdarə Heyətinin üzvləri həbsxanalarda olaraq məhbus jurnalistlərin saxlanma şəraiti ilə yaxından tanış olublar. Həmçinin onların azadlığa çıxmaları üçün əlaqədar dövlət qurumlarına müraciətlər ünvanlanıb.
Mətbuat Şurası ölkədə diffamasiya ilə bağlı qanunun qəbuluna dəstək göstərmək məqsədilə ötən ilin oktyabrında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə birgə geniş konfrans təşkil edib. Tədbirdə diffamasiyanın Azərbaycan cəmiyyətinə, xüsusən də jurnalistlərin fəaliyyətinə təsirinə dair fikir mübadilələri aparılıb.
Yüklə 126 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin