AZƏrbaycan kp mk yanında partiya tariXİ İnstitutu sov.İkp mk yanında marksizmleniNİzm institutunun fiLİali


BEYNƏLXALQ FƏHLƏ BİRLİYİ BAŞ ŞURASININ FRANSA-PRUSSİYA MÜHARİBƏSİ HAQQINDA BİRİNCİ MÜRACİƏTİ122



Yüklə 1,16 Mb.
səhifə15/16
tarix05.03.2017
ölçüsü1,16 Mb.
#10324
1   ...   8   9   10   11   12   13   14   15   16

BEYNƏLXALQ FƏHLƏ BİRLİYİ BAŞ ŞURASININ FRANSA-PRUSSİYA MÜHARİBƏSİ HAQQINDA BİRİNCİ MÜRACİƏTİ122

BEYNƏLXALQ FƏHLƏ BİRLİYİNİN AVROPA VƏ BİRLƏŞMİŞ ŞTATLARDAKI ÜZVLƏRİNƏ

1864-cü ilin noyabrında «Beyiəlxalq Fəhlə Birliyinin Təsis Manifestində» biz demişdik: «Əgər fəhlə sinfinin azadlığı fəhlələrin qardaşcasına əməkdaşlığını tələb edirsə, onda fəhlələr cinayətkar məqsədlər güdən, milli mövhumatdan istifadə edən və soyğunçuluq müharibələrində qan tökülməsinə və xalqın sərvətinin məhv edilməsinə səbəb olan xarici siyasət yeridildiyi bir şəraitdə bu böyük vəzifəni necə yerinə yetirə bilərlər?» İnternasionalın nail olmaq istədiyi xarici siyasəti biz bu sözlərlə ifadə etmişdik: «...xüsusi şəxslərin öz qarşılıqlı münasibətlərində rəhbər tutmalı olduqları sadə əxlaq və ədalət qanunları xalqlar arasındakı münasibətlərdə də ən yüksək qanunlar olsun».

Təəccüblü deyildir ki, Fransada sinfi mübarizədən istifadə edərək hakimiyyəti qəsb etmiş və öz hökmranlığını bir sıra xarici müharibələr vasitəsilə uzatmış olan Lui Bonapart lap əvvəldən İnternasionala özünün təhlükəli düşməni kimi baxırdı. Plebissit123 ərəfəsində o, Beynəlxalq Fəhlə Birliyinin Paris, Lion, Ruan, Marsel, Brest və başqa yerlərdəki,–bir sözlə, bütün Fransadakı rəhbər komitələrinin üzvləri üzərinə belə bir bəhanə ilə hücum təşkil edir ki, guya İnternasional gizli bir cəmiyyətdir və onu öldürmək üçün qəsd hazırlayır; bu uydurmanın bütün mənasızlığını çox keçmədən onun öz hakimləri aşkara çıxartdılar. Bəs İnternasionalın fransız bölmələrinin əsl cinayəti nədən ibarət idi? Ondan ibarət idi ki, onlar fransız xalqına açıq və təkidlə deyirdilər: plebissitdə iştirak etmək–ölkə daxilində istibdada və xarici müharibəyə səs vermək deməkdir. Doğrudan da onların sayəsində Fransanın bütün böyük şəhərlərində, bütün sənaye mərkəzlərində fəhlə sinfi plebissiti rədd etmək üçün bir nəfər kimi ayağa qalxdı. Təəssüf ki, kənd dairələrinin son dərəcə avamlığı üstün gəldi. Avropanın birjaları, Avropa dövlətlərinin kabinələri, hökmran sinifləri və mətbuatı plebissiti Fransa imperatorunun Fransa fəhlə sinfi üzərində parlaq qələbəsi kimi alqışladılar; bu plebissit bir şəxsin deyil, bütöv xalqların qətli üçün siqnal idi.

1870-ci ilin iyulundakı hərbi qəsd124, 1851-ci ilin dekabrındakı118 «coup detat» (dövlət çevrilişinin. Red.) ancaq təshih edilmiş nəşridir. İlk baxışda iş o qədər mənasız kimi görünürdü ki, Fransa müharibə haqqındakı şayiələrin ciddiliyinə inanmaq istəmirdi. O, nazirlərin hərbçi nitqlərini sadəcə birja kələyi hesab edən bir deputata (Jül Favra. Red.) daha həvəslə inanırdı. Nəhayət, müharibə haqqında iyulun 15-də Qanunvericilik korpusuna rəsmi bəyanat verildikdə, bütün müxtəlif ilkin xərcləri təsdiq etməkdən boyun qaçırdı; hətta Tyer də müharibəni «alçaq bir şey» kimi pislədi; Parisin bütün müstəqil qəzetləri müharibəni pisləyirdi və, təəccüblü budur ki, əyalət mətbuatı həmin qəzetlərlə, demək olar, tamamilə razılaşırdı.

Bu zaman İnternasionalın Parisdəki üzvləri yenidən işə başladılar. Onlar iyulun 12-də «Reveil»125-də, «Bütün millətlərin fəhlələrinə» manifest dərc etdirdilər ki, biz də həmin manifestdən bu parçaları verəcəyik:

«Siyasi şöhrətpərəstlik, Avropa müvazinətinin saxlanması və milli şərəfin qorunması bəhanəsi ilə ümumi sülhü yenidən hədələyir. Fransız, alman, ispan fəhlələri! Səslərimizi birləşdirib müharibə əleyhinə ümumi bir hiddət bağırtısına çevirək!.. Üstünlük məsələsi üzündən müharibə, yaxud bu və ya başqa sülalənin mənafesi uğrunda müharibə fəhlələrin nəzərində cinayətkar ağılsızlıqdan başqa bir şey ola bilməz. Biz,–sülh, iş və azadlıq istəyənlər,–«qan vergisindən» özlərini pulla qurtara bilənlərin və ictimai fəlakəti özləri üçün yeni ehtikar mənbəyi edənlərin hərbçi çağırışları əleyhinə ucadan protest edirik!.. Almaniyadakı qardaşlar! Bizim aramızdakı düşmənçiliyin yeganə nəticəsi Reynin hər iki tərəfində istibdadın tam qələbəsindən ibarət ola bilərdi... Bütün ölkələrin fəhlələri! Bizim ümumi səylərimizin indiki nəticələri nə olursa olsun, biz, heç bir dövlət sərhədi tanımayan Beynəlxalq Fəhlə Birliyi üzvləri, biz sizə, sarsılmaz həmrəylik rəhni olaraq Fransa fəhlələrinin salamını və xeyirxahlıq arzularını göndəririk».

Bizim Paris bölmələrimizin bu manifestinin ardınca yenə bir çox bu kimi fransız müraciətləri buraxıldı ki, bunlardan da biz burada ancaq birini, Neyi-Senadakı bölməyə məxsus olub «Marseillaise»126 qəzetinin 22 iyun nömrəsində dərc edilmiş olanı verə bilərik.

«Bu müharibə ədalətlidirmi? Yox! Bu müharibə milli müharibədirmi? Yox! Bu müharibə yalnız sülalə müharibəsidir. İnsanpərvərlik naminə, demokratiya naminə, Fransanın həqiqi mənafeyi naminə biz tamamilə və var qüvvəmizlə İnternasionalın müharibəyə qarşı protestinə qoşuluruq».

Bu protestlər, çox keçmədən maraqlı bir hadisənin aydın göstərdiyi kimi, fransız fəhlələrinin həqiqi duyğularını ifadə edirdi. İlk dəfə Lui Bonapartın prezidentliyi zamanı təşkil edilmiş 10 dekabr bandasına121, hərbi əhvali-ruhiyyəni qızışdırmaq məqsədi ilə fəhlə paltarları geydirib Parisin küçələrinə buraxdıqda,–ucqarlarda yaşayan həqiqi fəhlələr sulh xeyrinə elə əzəmətli nümayişlərlə cavab verdilər ki, polis prefekti Pyetri bundan sonrakı hər hansı bir küçə nümayişinə dərhal nəhayət verməyi lazım gördü; həm də bunu bəhanə göstərdi ki, guya sədaqətli Paris xalqı çoxdan bəri güclə saxladığı öz vətənpərvərliyini kifayət dərəcədə göstərmişdir və öz tükənməz hərbi coşğunluğuna meydan vermişdir.

Lui Bonapartın Prussiya ilə müharibəsi nə ilə qurtarırsa qurtarsın,–İkinci imperiyanın matəm zəngi Parisdə artıq çalınmışdır. İkinci imperiya nə ilə başlanmışdısa, onunla da qurtaracaqdır: miskin bir yamsılama ilə qurtaracaqdır. Lakin unutmamaq lazımdır ki, məhz Avropanın hökumətləri və hakim sinifləri Lui Bonaparta, bərpa edilmiş imperiyanın dəhşətli oyununu on səkkiz il ərzində oynamaq imkanı vermişlər.

Almaniya tərəfindən bu müharibə müdafiə müharibəsidir. Lakin Almaniyanı müdafiə olunmaq zərurəti qarşısında qoyan kim olmuşdur? Lui Bonapartın Almaniyaya qarşı müharibə aparmasına imkan verən kim olmuşdur? Prussiya! Prussiya daxilində demokratik müxalifəti əzmək və Almaniyanı Hogensollernlər sülaləsi əlində möhkəm saxlamaq ümidi ilə həmin Lui Bonapartla gizli əlaqəyə girən məhz Bismarkın özü idi. Əgər Sadova vuruşması 97 qələbə ilə deyil, məğlubiyyətlə nəticələnsə idi, fransız batalyonları Prussiyanın müttəfiqləri sifəti ilə Almaniyaya doluşardı. Məgər Prussiya qələbədən sonra bir dəqiqəliyə də fikrinə gətirdimi ki, əsarət altına alınmış Fransaya azad Almaniyanı qarşı qoysun? Məhz əksinə! Prussiya öz köhnə sisteminin köhnə rəzalətlərini səylə qoruyub saxlayırdı və bunları əlavə olaraq İkinci imperiyanın bütün hiylələrini: onun faktiki istibdadını və saxta demokratikliyini, onun siyasi oyunlarını və maliyyə fırıldaqlarını, onun gurultulu ibarələrini və ən alçaq dələduzluğunu götürmüşdü. O vaxta kimi Reynin ancaq bir sahilində tərəqqi edən bonapartist rejimi, beləliklə, Reynin o biri sahilində özünə tay tapdı. Belə bir vəziyyətdə isə muharibədən başqa nə gözləmək olardı?

Əgər alman fəhlə sinfi bu müharibənin özünün xalis müdafiə xarakterini itirib fransız xalqına qarşı müharibəyə çevrilməsinə yol versə,–onda qələbə də, məğlubiyyət də eyni dərəcədə fəlakətli olacaqdır. Azadlıq müharibəsi deyilən müharibədən sonra Almaniyaya üz verən bütün bədbəxtliklər, daha böyük bir şiddətlə yenidən ona üz verəcəkdir.

Lakin İnternasionalın prinsipləri alman fəhlə sinfi içərisində çox geniş yayıldığına və çox dərin kök saldığına görə biz belə bir kədərli aqibətdən qorxmamalıyıq. Fransız fəhlələrinin səsinə Almaniyada səs verilmişdir. İyulun 16-da Braunşveyqdə olan böyük fəhlə yığıncağı Paris manifesti ilə özünün tam həmrəy olduğunu elan etmiş, Fransaya qarşı milli ədavət haqqında hər hansı fikri qəti surətdə rədd etmişdir; onun qəbul etdiyi qətnamədə belə deyilir:

«Biz–hər cür müharibəyə, ən əvvəl isə–sülalə müharibələrinə düşmənik... Biz böyük bir kədər və təəssüflə özümüzü, labüd bir bəla olan müdafiə müharibəsində iştirak etməyə məcbur görürük; lakin eyni zamanda biz Almaniyanın bütün fəhlə sinfini, bu qədər müdhiş ictimai bir fəlakətin təkrar olunmasına imkan verməməyə, müharibə və sülh məsələsini xalqların özlərinin həll etmək ixtiyarı olmasına çalışmağa, və, beləliklə də, xalqları öz müqəddəratının hakimləri etməyə çağırırıq».

Hemnisdə, 50000 sakson fəhləsini təmsil edən nümayəndələrin yığıncağı birsəslə aşağıdakı qətnaməni qəbul etmişdir:

«Biz ümumiyyətlə alman demokratiyası adından və xüsusilə Sosial-demokrat partiyasına daxil olan fəhlələr adından bildiririk ki, indiki müharibə xalis sülalə müharibəsidir... Fransız fəhlələrinin bizə uzatdıqları qardaşlıq əlini sevinclə sıxırıq. Beynəlxalq Fəhlə Birliyini: «Bütün ölkələrin proletarları, birləşin!» şüarını yadımızda saxlayaraq heç vaxt unutmayacağıq ki, bütün ölkələrin fəhlələri bizim dostumuzdur, bütün ölkələrin müstəbidləri isə bizim düşmənimizdir».

İnternasionalın Berlin bölməsi də Paris manifestinə belə cavab vermişdir:

«Biz bütün qəlbimizlə sizin protestinizə qoşuluruq... Biz təntənə ilə vəd edirik ki, nə şeypur səsləri, nə top gurultuları, nə qələbə, nə də məğlubiyyət bizi umumi işimizdən–bütün ölkələrin fəhlələrini birləşdirmək işindən ayırmayacaqdır».

Məhz belə olacaqdır!

Bu fəlakətli mübarizənin arxa tərəfində Rusiyanın heybətli siması görünür. Pis bir əlamət olaraq, hazırkı müharibəyə məhz belə bir anda siqnal verilmişdir ki, Rusiya hökuməti strategiya cəhətdən özü üçün mühüm olan dəmir yolları çəkib qurtarmışdır və indi Prut istiqamətində qoşun toplayır. Almanlar Bonapart hücumuna qarşı özlərinin müdafiə müharibəsində rəğbət qazanacaqlarını tamamilə haqlı olaraq ümid edə bilsələr də,–Prussiya hökumətinin kazakları köməyə çağırmasına və ya heç olmazsa onların yardımını qəbul etməsinə yol verdikdə dərhal, bu rəğbəti itirmiş olarlar. Qoy onlar yadlarına salsınlar ki, Almaniya Napoleona qarşı öz azadlıq müharibəsindən sonra on illər ərzində çarın ayaqlarına düşüb yerdə sərilmiş halda qalmışdı.

İngilis fəhlə sinfi fransız və alman fəhlələrinə dostluq əlini uzadır. O möhkəm əmindir ki, qarşıdakı mənfur müharibə nə ilə qurtarırsa qurtarsın, bütün ölkələrin fəhlələrinin ittifaqı, nəticə etibarilə, hər cür müharibələrin kökünü kəsəcəkdir. Fransanın rəsmi dairələri ilə Almaniyanın rəsmi dairələri qardaş qırğınına atıldıqları bir zamanda fransız və alman fəhlələri bir-birinə sülh və dostluq xəbərləri göndərirlər. Tarixdə misli olmayan təkcə bu böyük faktın özü daha işıqlı bir gələcəyə ümidlər doğurur. Bu fakt göstərir ki, iqtisadi səfalət və siyasi ağılsızlıq cəmiyyəti olan köhnə cəmiyyətin əksinə olaraq yeni cəmiyyət yaranmaqdadır və onun beynəlxalq prinsipi sülh prinsipindən ibarət olacaqdır, zira xalqların hər birində eyni hökmranlıq olacaqdır,–əmək hökmranlığı!

Bu yeni cəmiyyətin müjdəçisi Beynəlxalq Fəhlə Birliyidir.

256, Hay Holborn, London, Uestern Sentral, 23 iyun 1870-ci il.



K. Marks tərəfindən 1870-ci il iyul ayının 19-u ilə 23-ü arasında yazılmışdır.

1870-ci ilin iyul ayında vərəqə şəklində ingilis dilində, həmçinin 1870-ci ilin avqust–sentyabrında ayrıca vərəqələr şəklində və dövri mətbuatda alman, fransız və rus dillərində çap edilmişdir.
BEYNƏLXALQ FƏHLƏ BİRLİYİ BAŞ ŞURASININ FRANSA-PRUSSİYA MÜHARİBƏSİ HAQQINDA İKİNCİ MÜRACİƏTİ122

BEYNƏLXALQ FƏHLƏ BİRLŞİNİN AVROPA VƏ BİRLƏŞMİŞ ŞTATLARDAKI ÜZVLƏRİNƏ

Biz 23 iyul tarixli birinci müraciətimizdə demişdik:

«...İkinci imperiyanın matəm zəngi Parisdə artıq çalınmışdır. İkinci imperiya nə ilə başlanmışdısa, onunla da qurtaracaqdır: miskin bir yamsılama ilə qurtaracaqdır. Lakin unutmamaq lazımdır ki, məhz Avropanın hökumətləri və hakim sinifləri Lui Bonaparta, bərpa edilmiş imperiyanın dəhşətli oyununu on səkkiz il ərzində oynamaq imkanı vermişlər».

Beləliklə, hələ felən hərbi əməliyyat başlanmazdan əvvəl biz bonapartist sabun qovuğuna, keçmişə aid bir iş kimi baxırdıq.

Biz İkinci imperiyanın yaşamaq qabiliyyəti barəsində yanlış fikrə düşmürdük, biz həmçinin belə bir cəhətdən qorxmaqda da haqsız deyildik ki, Almaniya üçün «müharibə özünün xalis müdafiə xarakterini itirib fransız xalqına qarşı müharibəyə çevriləcəkdir». Müdafiə müharibəsi, doğrudan da Lui Bonapartın təslim olması ilə, Sedan yaxınlığında özünü məğlub hesab etməsi ilə və Parisdə respublika elan olunması ilə qurtardı. Lakin bu hadisələrdən hələ xeyli əvvəl, bonapartizm silahının tam çürüklüyü artıq aşkara çıxdığı zaman Prussiya sarayının hərbçilər güruhu müharibəni istilaçılIq müharibəsinə döndərməyə qərar verdi. Doğrudur, bu yolda əsla xoşagəlməz bir maneə var idi ki, o da müharibənin əvvəlində kral Vilhelmin öz bəyanatları idi. Vilhelm Şimali Almaniya reyxstaqı qarşısında özünün şahanə nitqində təntənəli surətdə bildirmişdi ki, o, fransız xalqına qarşı deyil, Fransa imperatoruna qarşı müharibə edir. Avqustun 11-də o, fransız millətinə manifestində deyirdi (K.Marks tərəfindən edilmiş və 1870-ci ildə ayrıca nəşr olunmuş Almanca tərcüməsində bu cümlə və bunun ardınca manifestdən gətirilən sitat buraxılmış, sonrakı mətn isə: «Onlar dərhal işarə verdilər» sözlərinə kimi ixtisarla verilmişdir. Red.):

«Fransız xalqı ilə dinc yaşamaq arzusunda olmuş və indi də bu arzuda olan alman milləti üzərinə imperator Napoleon dənizdə və quruda hücum etdiyinə görə mən, bu hücumu dəf etmək üçün alman ordularına komandanlığı öz üzərimə götürdüm və hərbi hadisələrin gedişi nəticəsində Fransanın sərhədlərini keçməli oldum»,

Vilhelm, «hücumu dəf etmdk üçün» alman ordularına komandanlığı öz üzərinə götürdüyünü bildirməklə kifayətlənməyərək, müharibənin xalis, müdafiə xarakterində olduğunu sübut etmək üçün əlavə etmişdi ki, yalnız «hərbi hadisələrin gedişi nəticəsində» Fransanın sərhədlərini keçməli olmuşdur. Müdafiə müharibəsi, əlbəttə, «hərbi hadisələrin gedişi» tələblərindən doğan hücum əməliyyatını əsla rədd etmir.

Beləliklə, bu mömin kral Fransa qarşısında və bütün dünya qarşısında təntənə ilə vəd etmişdi ki, xalis müdafiə müharibəsi etsin. Bəs onu bu təntənəli vəddən necə azad etməli? Bütün bu komediyanın rejissorları işi belə qələmə verməli idilər ki, guya kral öz iradəsi ziddinə olaraq, alman xalqının qəti tələblərinə tabe olur. Bunun üçün həmin rejissorlar dərhal alman liberal burjuaziyasına, onun professorlarına və kapitalistlərinə, onun bələdiyyə müşavirlərinə və jurnalistlərinə işarə verdilər. Mülki azadlıq uğrunda 1846-cı ildən 1870-ci ilədək apardığı mübarizədə misilsiz qətiyyətsizlik, bacarıqsızlıq və qorxaqlıq göstərmiş olan həmin burjuaziya Avropa səhnəsində alman vətənpərvərliyinin nərə çəkən şiri rolunda çıxış etməli olacağından, əlbəttə, vəcdə gəlirdi. Həmin burjuaziya üzünə mülki müstəqillik maskası taxdı ki, guya Prussiya hökumətini məcbur edirmiş yerinə yetirsin, nəyi?–yenə həmin hökumətin öz gizli planlarını. Həmin burjuaziya Lui Bonapartın səhv etməzliyinə uzun illərdən bəri az qala dini bir etiqad bəsləməsindən peşman olmuşdu, buna görə də Fransa respublikasının parçalanmasını ucadan tələb edirdi. Bu vətənpərvərlik cəngavərlərinin işə saldıqları üzürlü bəhanələr üzərində heç olmasa bir dəqiqəlik dayanaq.

Onlar belə bir iddiada olmağa cəsarət etmirlər ki, Elzas və Lotaringiya əhalisi almanların ağuşuna atılmaq həsrətindədir. Məhz əksinə. Strasburqu, Fransaya vətənpərvərlik duyğuları göstərmək üstündə cəzalandırmaq üçün, onu altı gün ərzində faydasız yerə və vəhşicəsinə,–zira şəhər üzərində hakim mövqe tutan qala ondan ayrıca yerləşmişdir,–partlayıcı «alman» mərmiləri ilə bombardman edirlər, şəhərə od vururlar və bir çox dinc əhalini qırırlar! Bəs necə! Vaxtilə bu əyalətlərin ərazisi çoxdan ölüb getmiş Almaniya imperiyasına128 məxsus olmuşdur. Buna görə də həmin ərazi və onun əhalisi, müddəti keçməmiş olan bir alman mülkiyyəti kimi gərək müsadirə edilsin. Əgər köhnəliyi sevənlərin şıltaqlarına uyğun olaraq Avropanın köhnə xəritəsi bərpa edilərsə, onda əsla unudulmamalıdır ki, vaxtilə Brandenburq kurfüstü Prussiyanın hökmdar knyazı olaraq Polşa respublikasının vassalı129 idi. Lakin hiyləgər vətənpərvərlər Elzası və Lotaringiyanın almanca danışan əhalinin yaşadığı hissəsini fransızların hücumlarına qarşı «maddi təminat» olaraq tələb edirlər. Bu alçaq hiylə bir çox ağılsız adamları başdan çıxarmış olduğuna görə, biz onun üzərində ətraflı dayanmağı özümüzə borc bilirik.

Şübhə yoxdur ki, Reynin o tayındakı sahilə nisbətən Elzasın ümumi mövqeyi və buna üstəlik Bazel ilə Hermersheym arasındakı yolun demək olar düz yarısında Strasburq kimi böyük bir qalanın olması Fransanın Cənubi Almaniyaya basqın etməsini çox asanlaşdırır, halbuki Cənubi Almaniya tərəfdən Fransaya basqın edilməsi bu səbəbdən müəyyən dərəcədə çətinləşir. Sonra, şübhə yoxdur ki, Elzasın və Lotaringiyanın yuxarıda göstərilən hissəsinin birləşdirilməsi Cənubi Almaniyanın sərhədlərini artıq dərəcədə möhkəmləndirərdi: belə olduqda Cənubi Almaniya başdan-başa bütün Vogöz dağları silsiləsinə və həmin dağların şimal keçidlərini qoruyan qalalara sahib olardı. Əgər Mets də birləşdirilsəydi, Fransa indi Almaniyaya qarşı iki çox mühüm əməliyyat bazasından məhrum edilmiş olardı, lakin buna baxmayaraq, Fransa Nansi və ya Verden yaxınlığında yeni baza yarada bilərdi. Almaniyanın əlində Koblens, Mayns, Hermersheym, Raştatt və Ulm vardır–bunların hamısı məhz Fransaya qarşı olan əməliyyat bazalarıdır. Almaniya son müharibədə bunlardan gözəlcə istifadə etdi. Bəs bu yerdə ancaq Mets və Strasburqdan ibarət iki əhəmiyyətli qalası olan Fransaya həsəd aparmağa Almaniyanın zərrə qədər də olsa haqqı varmı? Bundan əlavə, Strasburq Cənubi Almaniya üçün yalnız o vaxta qədər təhlükə təşkil edə bilər ki, Cənubi Almaniya Şimali Almaniyadan ayrılmış olsun. 1792-ci ildən 1795-ci ilədək bir dəfə də olsa bu tərəfdən Cənubi Almaniyaya basqın edilməmişdir, çünki Prussiya Fransa inqilabına qarşı müharibədə iştirak edirdi; lakin Prussiya 1795-ci ildə öz separat sülhünü130 bağlayıb Cənubu təkbaşına buraxan kimi, Cənubi Almaniyaya basqınlar başlandı və 1809-cu ilədək davam etdi, Strasburq bu zaman əməliyyat bazası xidmətini görürdü. Birləşmiş Almaniya bütün öz qoşunlarını, hazırkı müharibədə olduğu kimi, Saarlui ilə Landau arasına toplayarsa və onları irəliyə yeridərsə və ya Maynsdan Metsə gedən yolda döyüşə girərsə, Strasburqu və Elzasda hər bir fransız ordusunu əslində həmişə zərərsizləşdirə bilər. Nə qədər ki, alman qoşunlarının başlıca kütləsi oradadır, Strasburqdan Cənubi Almaniyaya girən hər bir fransız ordusu mühasirəyə alınıb öz bazası ilə əlaqəsinin kəsilməsi təhlükəsi qarşısında qala bilər. Son kampaniyanın sübut etdiyi bir şey varsa, o da ancaq məhz Almaniyadan Fransaya basqın edilməsinin asan olmasıdır.

Lakin, açıq fikir yeridilsə, məgər hərbi mülahizələrin, milli sərhədləri müəyyən etməli olan prinsip dərəcəsinə qaldırılması ümumiyyətlə mənasız bir şey və anaxronizm deyilmi? Əgər bu qayda əsas götürülsə, onda Avstriya hələ də Venesiyanı, Minço çayı xəttini, Fransa isə, Berlinə cənub-qərbdən hücum edilməsi təhlükəsindən şübhəsiz daha artıq dərəcədə şimal-şərqdən hücum təhlükəsi qarşısında olan Parisi müdafiə etmək üçün,–Reyn xəttini almaq iddiasına düşə bilər. Əgər sərhədlər hərbi mənafeyə görə müəyyən edilsə, onda iddiaların sonu olmaz, çünki hər hansı bir hərbi xəttin hökmən öz nöqsanları vardır və özünə yanaşı olan yeni sahələri qatmaq yolu ilə yaxşılaşdırıla bilər; bundan əlavə, həmin sərhədlər heç vaxt qəti və ədalətli şəkildə müəyyən edilə bilməz, çünki hər dəfə qalib məğlubun qarşısına şərtlər qoyur və, deməli, bunun özündə yeni müharibələrin rüşeymi vardır.

Bunu bizə bütün tarix öyrədir. Ayrı-ayrı adamların başına gələnlər bütöv millətlərin də başına gəlir. Onların əlindən basqın etmək imkanını almaq üçün onları müdafiə vasitələrindən məhrum etmək lazımdır. Onları nəinki boğazlamaq, hətta öldürmək də lazımdır. Əgər bu vaxta qədər millətin gücünü qırmaq üçün «maddi təminat» əldə etməyə çalışan bir qalib olmuşsa, bunu ancaq Napoleon öz Tilzit müqaviləsi131 ilə, həmçinin bu müqaviləni Prussiya haqqında və yerdə qalan Almaniya haqqında həyata keçirməsi ilə etmişdir. Buna baxmayaraq alman xalqı bir neçə il sonra onun bütün nəhəng qüdrətini çör-çöp kimi vurub dağıtdı. Lakin Prussiyanın ən ağlagəlməz xəyallara düşərək Fransadan əldə etmək ümidində və niyyətində olduğu «maddi təminatlar» Almaniyanın özündən Napoleonun almış olduqları ilə heç müqayisəyə gələ bilərmi? Nəticələr bu dəfə də eyni dərəcədə fəlakətli olacaqdır. Tarix Fransadan qonarılan torpağın kvadrat millərinin sayına görə deyil, XIX əsrin ikinci yarısında işğallar siyasətinə yenidən meydan verilməsindən ibarət olan cinayətin böyüklüyünə görə əcr verəcəkdir.

Tevton vətənpərvərliyinin müdafiəçiləri deyirlər: lakin siz gərək almanları fransızlarla qarışdırmayasınız. Biz şöhrət deyil, ancaq təhlükəsizlik istəyirik. Almanlar–əslində sülhsevər xalqdır. Onların tədbirli nəzarəti altında hətta işğallar da gələcək müharibə səbəbindən əbədi sülh rəhninə çevrilir. Əlbəttə, XVIII əsr inqilabını süngülər vasitəsilə boğmaq kimi ali məqsədlə 1792-ci ildə Fransaya basqın edən Almaniya deyilmiş! İtaliyanın əsarət altına alınmasında, Macarıstanın əzilməsində və Polşanın bölüşdürülməsində özünü ləkələyən də Almaniya deyilmiş! Almaniyanın indiki militarist sistemi sayəsində bütün sağlam kişi cinsi iki hissəyə–qulluq edən daimi orduya və ehtiyatda olan ikinci daimi orduya bölünür, həm də hər iki hissə allahın mərhəməti ilə öz böyüklərinə danışıqsız tabe olmağa məhkumdur,–bu sistem, əlbəttə, sülhün «maddi təminatı» və, bundan əlavə, mədəniyyətin ən ali məqsədi imiş! Hər yerdə olduğu kimi, Almaniyada da hakimiyyət sahiblərinin quyruqları ictimai fikri saxta lovğalıq zəhəri ilə zəhərləyirlər.

Fransanın Mets və Strasburq qalalarının mənzərəsi bu alman vətənpərvərlərini zahirən çox qıcıqlandırır, lakin onlar rusların geniş istehkamlar sistemi olan Varşava, Modlin və İvanqorod sistemində heç bir pis cəhət görmürlər. Onlar bonapartist hücumlarının dəhşətlərindən lərzəyə düşdükləri halda, çar qəyyumluğunun bütün rüsvayçılığIna göz yumurlar.

1865-ci ildə Lui Bonapart Bismark ilə dilləşdiyi kimi,–1870-ci ildə də Qorçakov Bismark ilə dilləşmişdi. Habelə Lui Bonapart 1866-cı il müharibəsinin hər iki tərəfi–Avstriya və Prussiyanı taqətdən salıb onu Almainyanın müqəddəratına hakim edəcəyi ümidi ilə özünü aldatdığı kimi, Aleksandr da 1870-ci il müharibəsinin Almaniya və Fransanı taqətdən salıb ona bütün Qərbi Avropanın müqəddəratına hakim olmaq imkanı verəcəyi ümidi ilə özünü aldadırdı. İkinci imperiya Şimali Almaniya ittifaqı101 ilə yanaşı olaraq yaşaya biləcəyini mümkün hesab etmədiyi kimi,–mütləqiyyət Rusiyası da, Prussiya başda olmaqla Almaniya imperiyası tərəfindən özünə qarşı təhlükə hiss etməlidir. Köhnə siyasi sistemin qanunu belədir. Bu sistem daxilində bir dövlətin qazancı, digər dövlətin zərəri deməkdir. Çarın Avropa üzərində üstün təsiri, onun Almaniya üzərindəki ənənəvi üstünlüyünə əsaslanır. Rusiyanın özündə mütləqiyyətin ən dərin əsaslarını ictimai vulkan qüvvələrinin sarsıdacağı qorxusu olduğu bir zamanda çar xaricdəki nüfuzunun belə itirilməsinə yol verə bilərmi? Artıq indi Moskva qəzetləri, 1866-cı il müharibəsindən sonra bonapartist qəzetlərin danışdığı bir dillə danışmağa başlamışlar. Olmaya Tevton vətənpərvərləri doğrudan da bu fikirdədirlər ki, əgər Fransanı Rusiyanın ağuşuna atılmağa məcbur etsələr, Almaniya üçün azadlıq və sülh (1870-ci il Almanca nəşrində «azadlıq və sülh» sözlərindən qabaq «müstəqillik» sözü əlavə edilmişdir. Red.) təmin edilmiş olar? Əgər hərbi səadət, öz müvəffəqiyyətlərindən məst olma və sülalə intriqaları Almaniyanı, Fransanın vilayətlərini soyğunçuluq yolu ilə mənimsəməyə sövq edərsə, onda Almaniya üçün ancaq iki yol qalar: o, ya necə olursa olsun rus işğalçılıq siyasəti üçün açıqça alət olmalıdır (1870-ci il Almanca nəşrində buraya «hogensollernlərin ənənəsinə uyğun olaraq» sözləri əlavə edilmişdir. Red.), ya da qısa tənəffüsdən sonra digər «müdafiə» müharibəsinə, lakin yeni icad edilmiş «məhdud» müharibələrdən birinə deyil, irq müharibəsinə, birləşmiş slavyan və roman irqləri əleyhinə müharibəyə hazırdaşmağa başlamalı olacaqdır (1870-ci il Almanca nəşrində buraya aşağıdakı cümlə əlavə edilmişdir: «Ağıllarını itirmiş vətənpərvərlərin Almaniya üçün təmin etdikləri sülh perspektivi bundan ibarətdir». Red.).


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin