Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Əlyazması hüququnda tahiR İSGƏNDƏR oğlu NƏSİB


“Qeser” və “Koroğlu” dastanlarında tarixi qatlar



Yüklə 239,54 Kb.
səhifə5/7
tarix31.01.2017
ölçüsü239,54 Kb.
#6753
1   2   3   4   5   6   7

3.2.“Qeser” və “Koroğlu” dastanlarında tarixi qatlar

Şifahi xalq ədəbiyyat janrlarının çoxunda hər hansı bir etno-genetik dünyanın minillərlə sınaqlardan keçmiş, püxtələşmiş dünyabaxışlarının, inanclarının təsiri öz əksini tapır. Bəzi foklor janrlarında – onun daha qədim və ibtidai şəkillərində, bu təsirlər minillikləri əhatə etməklə çox dağınıq və məcazi mənalar səviyyəsində özünü qoruyub saxlayır. Dastançılıq ənənələrinin başlanğıcına qədərki mif, əfsanə janrlarının təşəkkül və təkamül dövrlərində isə xalq yaddaşı əsasən kosmosun, təbiətin, mühitin təsirlərini zaman və məkan sərhəddi qoymadan öz təxəyyül dünyasının süzgəcindən keçirərək yaradır. Bu dövrdə gerçək tarixi səbəblərin təsirini müəyyənləşdirmək çox çətindir. Lakin dastançılıq ənənələrinin yaranması ilə xalq ruhu öz təxəyyül dünyasından daha çox gerçəkçi – tarixi səbəbləri, hadisələri, törələri, müəyyən bir dövrə aid davranış normalarını önə çəkir. Buna görə də dastanların yaranmasının iki müxtəlif səbəbdən asılı olmasına baxmayaraq, hər iki halda da xalq ya özünü görmək istədiyi kimi gerçəkliyə uyğunlaşdırıb dastanlaşdırır, ya da taleyində baş vermiş hər hansı müsbət, yaxud da mənfi tarixi hadisəni dastan prinsipləri daxilində canlandırır. Qısa olaraq, dastanlarının bütün növlərində tarixi-gerçəkçi təsirlər dolayı və birbaşa özünü hiss etdirir. Bəzi dastanlarda bu xüsusiyyətlər nisbətən zəif səviyyətdə, digərlərində isə çox qabarıq və əhatəlidir. Bu cəhətdən “Qeser” və “Koroğlu” dastanları qoruyub saxladığı tarixi qatlarına görə xüsusi əhəmiyyət daşıyır. Dastan yaranma tarixinə görə nə qədər gəncdirsə, tarixilik də onda bir o qədər gerçəkci və əsaslıdır, yaxud da əksinə, onun qədimliyi yaranmasına təsir etmiş tarixi səbəblərin açılmasını nisbi də olsa çətinləşdirir. Tarixilik cəhətdən “Koroğlu” və “Qeser” arasındakı əsas fərq də yaranmalarına təkan vermiş gerçəkçi hadisələri, səbəbləri yaşları ilə əlaqəli əhatə etmə səviyyəsindədir. Bu cəhətdən “Koroğlu” dastanı yaxın keçmiş zamanın siyasi-mədəni həyatını özündə əks etdiyinə görə, təbii olaraq, onda tarixi qatlar daha görünən vəziyyətdədir. “Qeser” dastanı misalında isə, qədimliyinə görə, artıq daha qədim və geniş xalq yaddaşı məlumatlarını, tarixi münasibətləri incələməyə, qiymətləndirməyə ehtiyac yaranır. Lakin bütün hallarda hər iki dastan qəhrəmanlıq mövzusunda gerçək tarixi hadisələrin, şəxsiyyətlərin təsiri ilə təşəkkül taparaq inkişaf edir.

“Qeser” dastanına münasibətdə tanınmış buryat alim, folklor toplayıcı, tədqiqatçısı S.Jamsarano monqol xalqlarında qəhrəmanlıq dastanlarının təşəkkülü və təkamülü inkişafını çox məntiqli, düzgün mənada əsaslandırır. Onun fikrincə, qəhrəmanlıq dastanları ancaq xalqın rəqibləri ilə olan siyasi-hərbi münasibətlərindəki qalib-qəhrəmanlıq dövrünü təsvir və tərənnüm edir. Digər cəhətdən də tarixi hadisələr, gerçəkliklər həm xalqın ruh yaddaşından, həm də söyləyici dastançının şəxsi yaradıcılıq aləmindən keçərək sınıq-sökük vəziyyətə düşməklə qəhrəmanlıq mövzusunu qoruyaraq qeyri-adi, fövqəltəbii məzmuna, səviyyəyə enir (186,17). Müdafiə olunan fikri yığcamlaşdırmaq və dəqiqləşdirmək üçün qeyd edilməlidir ki, həqiqətən də çoxsaylı xalqlara aid bütün qəhrəmanlıq dastanlarının yaranmasına tarixi hadisələr, şəxsiyyətlər cücərti şəklində də olsa əsas verib. L.İ.Yemelyanov da folklorun tədqiqi məsələsində iki əsas cəhətə fikir verməyi önə çəkir: Tarixi gerçəkliyin janrlarda əks olunmasına və folklorun xalq mədəniyyəti kimi özünə xas daxili inkişaf qanunlarının ümumi nəzəri məsələlərinə (130,17).

Müasir folklorşünaslıqda, dastan mətnləri daha çox zahiri cəhətdən – poetika baxımından qiymətləndirilir. Dastanlar üçün digər köklü araşdırma istiqaməti bunlarda qorunub müdafiə edilən idealların, mövzuların inkişafı və açılması, tarixi əhəmiyyətlərinin dərinlikləri yönündə aparılmalıdır. Poetik təsvir üsulu, müdafiə olunan tarixi ideallar nə qədər fərqli və müstəqil istiqamətlər olsalar da, son nəticədə bunlar qədim köklü sabit etno-genetik ölçülərə: ruh anlayışları, inanclar, mifoloji görüşlərlə və s. sahələrlə birləşərək bütün dastanlarda təxmini də olsa, eyni məzmunda, səviyyədə qorunub saxlanırlar. İstənilməsə də belə hal dastanların araşdırılmasında qəlibləşmiş, ölçülü, eyni növ qiymətləndirməyə gətirib çıxarır. Qeyd edilən yanaşma tərzi eyni bir maddi-mənəvi ruh dünyasına, etno-genetik birliyə daxil olan xalqların dastançılıq ənənələrini incələmədə keçərlidir. Bəllidir ki, fərqli irqə, soya, etnik birliyə aid xalqların folklorunda özlərinə köklü surətdə xas poetik təsvir üsulu, ideallar, ruh anlayışları bucağından dəyərləndirmə aparılmalıdır. Lakin qeyd olunan bütün bu təsvir üsulları və istiqamətlər dastanlar üçün köməkçi vasitələrdir və yaranmalarına təsir etmiş gerçəkliklərlə o qədər də əlaqəsi yoxdur. Buna görə də dastanların hər birini gerçək məzmunda, səviyyədə incələyib qiymətləndirmədə əsas fikir onların süjet quruluşu, mövzu, poetik təsvir üsulu, tarixi maddi-mənəvi ideallar, genetik ruh anlayışları və s., sahələrindən çox, hər bir insanın təkrarsız maddi-fiziki görünüşə, mənəvi aləmə malik olduğu kimi, yaranmasına əsas olmuş tarixi səbəblərə, hadisələrə, qəhrəmana çevrilmiş şəxsiyyətlərin kimliyinə yönəldilməlidir. Çünki dastanların yaranması və təkrarsızlığı həmin tarixi səbəblərə, əsaslara dayanır. Tarixi hadisələr, şəxsiyyətlər olmasaydı dastanlar ümumiləşmiş lirik, təbiət, ruh aləmləri təsvirləri yığınağı olardı. Tarixi əsaslar dastanların əzələləri sayılan poetikasını ayaq üstə saxlayıb şəklə salan sümük- dayaq quruluşudur.

Qanunauyğun olaraq dünya xalqlarına aid bütün qəhrəmanlıq dastanlarında tarixi əsaslar, səbəblər mövcuddur. Ayrı-ayrılıqda bunlar incələndikdə hər birinin təşəkkülündə əsas əhəmiyyət daşımış, sonralar artırılmış tarix qatları – olmuş gerçək hadisələri, şəxsiyyətləri dastanların yaşına mütənasib olaraq da təxmini və dəqiq müəyyənləşdirmək mümkündür. Yuxarıda qeyd edildiyi kimi, qədim yaşlı – “Gilqamış”, “İliada”, “Odissey”, “Oğuz xan”, “Alp Ər Tonqa”, “Qeser”, “Dədə Qorqud” və s. dastanlarda mif, nağıl, əfsanələrə aid motiv elementlər üstünlük təşkil etdiyi üçün tarixi qatları dövrünə görə səthi, nisbi səviyyədə əsaslandırmaq olur. “İqor polku haqda dastan”, “Koroğlu” səviyyəsində dastanların yaranmasına səbəb olmuş tarixi hadisələr və şəxsiyyətlər haqqında az da olsa tarixi mənbələrdə məlumatlar olduğu üçün də bunlardakı tarixi qatları inandırıcı səviyyədə qəbul etmək mümkündür. Son olaraq da, Azərbaycanda,Türkiyədə yaxın keçmişin tarixi qəhrəmanları olan qaçaqlar, əfələr haqqında yaranmış “Qaçaq Kərəm”, “Qatır Məmməd”, “Molla Nur”, “Çakırcalı Əfə” və s. qaçaq-qəhrəmanlıq dastanlarında tarixi qat çox aydın, aşkardır.

Türk-monqol epik yaradıcılığını digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də onların dastanlarında qəhrəmanların daima qalib durumda tərənnüm edilməsidir. Avropalı xalqlarda əksinə, siyasi-tarixi məğlubiyyətlərlə nəticələnmiş hadisələr, şəxsiyyətlər də dastanlaşdırılır (212, 300-303).

Dastanlarda ruh qatları kortəbii surətdə düzüb qoşan ozanın, akının bilincli, yaxud da bilincsiz təşəbbüsündən asılı olmayaraq yaranır. Buna da səbəb olan əsaslar mifoloji görüşlərin, inancların xalq ruhunda qədimdən kökləşməsindədir. Qeyd edildiyi kimi, gerçək səbəbləri dəyərləndirmədə o qədər də əhəmiyyət daşımır, köməkçi vəzifə görür. Dastanlardakı hadisələrin, şəxsiyyətlərin tarixiliyinə cücərti şəklində belə, əsas olursa, artıq başqa ölçü hesabına keçilir. İstər-istəməz gerçəkliklərlə hesablaşmağa ehtiyac yaranır. Özünü göstərən həmin tarixi əsaslar da olmasaydı yəqin ki, dastanlar təşəkkül tapıb genişlənməzdi. Lakin tarixi əsaslar nə qədər dastanları qiymətləndirmədə poetik təsvirlərə görə daha məntiqli, gerçəkci olsa da, burada da nisbilik səviyyəsi özünü göstərir. Çünki qədimliyindən, yeniliyindən asılı olmayaraq istər dastanın özündə, istərsə də fərqli çoxsaylı mətnlərində olsun, tarixi hadisələr, əsaslar elə təbəqələşib üst-üstə yığılır ki, artıq gerçəkci səbəbləri müəyyənləşdirmək çətinləşir. Misal üçün, Azərbaycan və Türkiyə “Koroğlu” dastan mətnlərinin yaranmasına səbəb olan hadisələr XVI əsrin sonu, XVII əsrin başlanğıcında Osmanlı və Səfəvi imperiyalarında inkişaf edib genişlənən tarixi “Cəlalilər” hərəkatı ilə əlaqələndirilir (4,66). Bu tarixi əsas qeyd edilən dastan mətnlərində açıqca hiss olunur. Səfəvi tarixçisi İ.Münşi Koroğlunu “Cəlalilər” hərəkatının başçısı kimi tanıtmışdır (4,61). Lakin müstəqil olaraq Azərbaycan dastanları incələndikdə Koroğlunun fəaliyyətinə IX əsrin ortalarında Babəkin başçılığı ilə genişlənən xürrəmilərin xalq azadlıq hərəkatı da uyğun gəlir (4,53). N.S.Banarlıya görə, dastan Göytürklər dövründə Türk-İran savaşlarının təsvir edir (4,49). Tarixi sənədlərdə Təbriz yaxınlığında, Toqatda Koroğlunun, eləcə də dastandakı başqa qəhrəmanların adlarına uyğun şəxsiyyətlərin səfəvi və osmanlı hakim dairələrinə qarşı üsyanlarda iştirak etmələri haqqında məlumatlar qeyd olunub. 1519-cu ildə Toqatın ətrafında Cəlalın rəhbərliyi ilə baş qaldırmış üsyan (20, 634) sonralar tarixdə “cəlalilər” (“cəlairlər”) üsyanı kimi tanınıb. Fasilələrlə yüksələn üsyanı idarə edən ayrı-ayrı başçıların da adları tarixidir, çoxu da dastanda özlərini olduqları kimi qoruyub. Dəli Həsən (Qara Yazıçı, 1599-1603), Gizir Mustafa (Arnavudlu), Kosa Səfər (1599), Əhməd Paşa (1601), Koroğlu, Tanrı Tanımaz və s.

Ədəbiyyatşünas Sadəddin Nüzhət də Koroğlunu XVII əsrin sonlarında Anadoluda yaşamış şair kimi xatırlatmış, onun Özdəmirçioğlu Osman Paşanın başçılığı altında olan Osmanlı ordusu ilə İran müharibələrində iştirak etdiyini göstərmişdir (20,635). Osmanlı dövlət sənədlərində Koroğlu saray münaqişələrində iştirak edən, gözəl cunqur çalan aşıq - şair kimi da qeyd olunub.

Orta əsrlər dövrünün aşıqlarının şamanlıq, şairlik, döyüşçülük keyfiyyətlərinə çox zaman eyni vaxtda sahib olmaları nəzərə alınsa, dastanda əsas qəhrəman surətin, Koroğlunun bu keyfiyyətləri daşıması da diqqət mərkəzində tutulsa, mənbələrin məlumatları ilə eynilik təşkil edər. Şah İsmayılda həmin keyfiyyətlər daha qabarıq səviyyədə idi. Həm də ayrılıqda Azərbaycan, Türkiyə “Koroğlu”ları müqayisə olduqda baş qəhrəman prototipinə o, daha çox uyğun gəlir.

Evliya Çələbi Koroğlunun Anadolunun şimali-qərbində qaçaqçılıq etdiyini qeyd edir (91, 630). Arxiv sənədlərində Ruşən, Ruşən Əli, Koroğlu adlı cəlali qaçağın XVI əsrin sonunda Bolu ətrafında şöhrət qazandığı göstərilir (91, 630).

N.S.Banarlı F.M.Köprülüzadəyə istinadən XVI əsrin sonunda yaşamış şair Koroğluya aid qəbul edilən şeir parçasını verir:

Osman Paşa eydür dövləti hünkar,

İnşallah sultanım, Şirvan bizimdir.

Sən himmət elə inaəyət Allahdan,

Mürüvvət Əlinin meydan bizimdir.

Dəmir qapıdan Şirvana keçildi,

Anca savaş oldu kanlar saçıldı.

Qırdıq biz yezidi, yollar açıldı,

Gedən ipək yüklü kərvan bizimdir. (91, 631)

Qeyd edilən və s. tarixi gerçəkliklərin nisbi olaraq Azərbaycan, Türkiyə “Koroğlu” dastan mətnlərində özünü gah zəif, gah qabarıq səviyyədə göstərməsi açıq-aşkar dastanın Səfəvi, Osmanlı imperiyaları arasındakı siyasi-mədəni münasibətlər nəticəsində şəkilləşdiyini inandırcı edir.

Əğər məlum “Koroğlu” mətnlərində canlı olaraq qorunan qədim etnik, genetik dəyərlər, dünya qavrayışları arındırılib seçilsə, Türkiyə və Azərbaycan dastanlarında qorunan mövzu – Səfəvi - Osmanlı siyasi-mədəni münasibətləri üzə çıxar.İşinən maraqlı cəhəti bundadır ki, həmin mətnlərdə tarixi qatlı mövzunun dağınıq, lakin qabarıq göstərilməsindən fərqli olaraq, Kırım-Tatar “Koroğlu” variantında bu tarixi səbəb daha aydın hiss olunur. Kırım xanlığı Osmanlı imperiyasına tabe və onun hərbi müttəfiqi olduğu üçün də dastanda Osmanlı siyasi-mədəni maraqlarının güdülməsi açıqca hiss olunur. Bunu Kırım dastanında mövzu ilə bərabər qəhrəmanın və tarixi Koroğlunun, Ruşən Əlinin fəaliyyətlərindəki yaxınlıq, uyğunluq da təsdiqləyir. Müdafiə olunan fikir - “Koroğlu” dastanının XVI-XVII əsrlərdə dünyanın iki hakim türk imperiyası, Səfəvi və Osmanlı, arasındakı siyasi-hərbi, mədəni münasibətlər nəticəsində yaranması, bu mövzuya həsr olunmuş “Koroğlu” dastanı Osmanlı-Səfəvi münasibətləri çevrəsində” monoqrafiyasında mümkün qədər ətraflı əsaslandırılmağa çalışmışdır (66). Tədqiqatda həm də dastan Koroğlusunun siyasi-hərbi mərkəzinin, başkəndinin, Çənlibelin, Azərbaycanın Borçalı-Qazax bölgəsi ilə uyğun gəlməsi fikri müdafiə olunub. Bu fikri Kırım “Koroğlu”su daha inandırıcı əsaslandırır, həm də XVI əsrin sonu, XVII əsrin əvvəlində davam edən Osmanlı-Səfəvi müharibələri zamanı Osmanlı və müttəfiqi Kırım xanlığının ordularının birlikdə Dərbənddən Şirvana – səfəvilərin şimal torpaqlarına daxil olması tarixinə də çox uyğundur.

Kırım “Koroğlu”sunda Uşanın (Rövşən) atası Aleyin gözlərini Temirxan padşah kor etdirdikdən sonra, ata-oğul yurd, məskən yeri tapmaq üçün Tiflisin ətrafına gəlirlər (99,37). Burada Koroğlu gələcək fəaliyyət mərkəzini (Çənlibel) bina etdikdən sonra öz səfərlərinə, rəqibləri ilə haqq-hesab çürütməyə başlayır (99: 89, 111, 141, 165).

Digər cəhətdən də tarixi gerçək vəziyyətdə Kırım xanlığı siyasi cəhətdən Osmanlıya bağlı olsa da, dastanın mövzusundan və ruhundan açıqca hiss olunur ki, türk xalq ruhu makro həcmdə hakim kimi əzilənin, haqqı tapdalanın, səfəvilərin tərəfini tutur. Burada, Kırım “Koroğlu“sunda, xalq qəhrəmanı öz ideallarını qorumaq üçün mübarizə mərkəzini səfəvilərin torpaqlarında toxunulmaz məkan kimi yaradır. Həmin gerçək tarixi səbəblərin təbəqə kimi dastanda özünü göstərməsini, hadisələrin cərəyan etdiyi dövrdə yaşayıb-yaratmış osmanlı şairi Xəyalinin şeirlərindən də müəyyənləşdirmək olar. Kırım xanı Adil Giraya həsr etdiyi şeirində şair özünün ona tabe olmasını, yaxud da İran səfərində xanın ordusunda iştirak etməsini canlandırır (91, 630). Çıldır müharibəsinə həsr etdiyi mənzumədə Xəyali deyir:

Durnam gedər olsan bizim ellərə,

Vəzir Ardahandan keçdi deyərsən.

Qarşı gəldi qızılbaşın xanları,

Çıldırda da döyüş oldu deyərsən.

Xəbərimizi çatdırsın dosta gedənlər,

Varıb dostun didarını görənlər.

Şahin-şahin paşaları soranlar,

Din uğrunda şəhid düşdü deyərsən.

(91, 630)

Dövrün siyasi-mədəni vəziyyətini Bəxşinin Yavuz Səlimlə İran səfərində yazdığı mənzumə də göstərir:

Şamlu çıxıb qaçar köydən,

Sofu bəri baxmaz Xoydan.

Mərd varsa, budur meydan,

Gələ dedi də yürüdü.

Almaq gərək Kuhi-Qafı,



Kırım varmı ala dahi.

Xorasanda isə şahı,

Bulam dedi də yürüdü.

(91, 628)

Səfəvi şahzadəsinin girov kimi gətirilməsi (1583) ilə əlaqəli şahın adından yazdıgı mənzumədə Öksüz Dədə də deyir:

Bə bu söyləyən dil qüdrət dilidir,

Cümlə yaradılmış haqqın quludur.

Bəylərə armağan şahın gülüdür,



İmirzamı xoşca tutun ağalar.

(91, 629)

Əvvəlki səhifələrdə qeyd edilmiş, Banarlının Köprülüzadəyə istinadən verdiyi tarixi şair Koroğluya aid edilən parçadan da:

Osman paşa eydür dövləti hünkar,

İnşallah sultanım, Şirvan bizimdir...

dövrün siyasi-mədəni vəziyyətini açıqca müəyyənləşdirmək olar.

Azərbaycan, Türkiyə və Kırım “Koroğlu” dastan mətnlərinin müqayisəli incələnməsindən bəlli olur ki, bunlarda mövzuların inkişafi, güdülən əsas ideyalar ilə tarixi “cəlalilər” hərəkatının Osmanlı imperiyasına qarşı baş qaldırması, səvəfilərə meyilli olması arasında birbaşa əlaqə, uyğunluq var. Həmin vəziyyət yerinə görə özünü tarixi qat kimi dastanlarda zəif və qabarıq səviyyədə göstərir. Misal üçün, Türkiyə mətnlərində səfəvi şahlarına, Azərbaycan dastanlarında osmanlı paşalarına, sultana (xotkara) açıq mənfi münasibət göstərilir.

“Qeser” dastanı “Koroglu”dan dəfələrlə qədim, yaşlı olduğuna görə, bunda həm də əfsanə, nağıl aləminin təsiri üstünlük təşkil edir. Burada tarixqatını zəif də olsa iki səviyyədə müəyyənləşdirmək mümkündür: dastanın çoxsaylı variantlarında yaradan xalqın gerçək tarixi ilə əlaqəli, həm də qədim ümumi mifoloji düşüncənin əks olunması ilə.

Yığcam olaraq vurğulansa, dastanları yaradan xalqın eyni və fərqli etnik xalqlarla öz keçmişində olmuş siyasi-mədəni münasibətlərini diqqət mərkəzində tutmaqla, bunlarda əks olunmuş tarixi qatları mümkün qədər gerçəkçi səviyyədə müəyyənləşdirməyə cəhd etmək olar. Həm də dastanların yaşından asılı olmayaraq onların yaranmasına səbəb olmuş və əks olunan tarixi qatlar təbəqə-təbəqə, üst-üstə düşərək cilalaşır, bir-birindən də ayırd edib incələmək çox çətin olur. Belə bir maneələr təbəqəsi də monqol xalqlarının, tibetlərin və əsas qəhrəmanı türk əsilli qəbul edilən əfsanələrlə, rəvayətlərlə dolu türksoyluların ortaq qəhrəmanlıq dastanı “Qeser”də özünü göstərir.

“Qeser” dastanının təşəkkülü və əsas qəhrəmanın tarixiliyi haqqında dünya folklorşünaslığında fərqli fikirlər var. L.N.Qumilyov X.Bellin “Tibet dinləri” və A.David - Neelin Qeser haqqında araşdırmalarına istinadən qeyd edir ki, IV-V əsrlərdə Çinin Tibet ərazisinə aid Amdo əyalətində kyan tayfasından olan igid, cəsur döyüşçülərin başçısı Qeser tarixi şəxsiyyət kimi yaşamış və sonralar onların qəhrəmanlıqları haqda dastanlar silsiləsi yaranmışdır (60,474). Dastanın çoxsaylı mətnlərinin yaranışında istər-istəməz dövrünə, yerinə, siyasi-mədəni mühitinə görə əhatə etdiyi yüzilliklərin tarixinin bütün əsas hadisələri təsir edib.

Birinci dəfə 718-754-cü illərdə, ikinci 767-821-ci illərdə tabqaçların (türklərin və çinlilərin) Çində qurduğu Tan imperiyası və Uyqur xaqanlığı Tibet imperiyası ilə uzun müddətli agır, dağıdıcı müharibələrə başlayırlar. Tibet orduları Qeserin nəslindən olan türk tayfalarının torpaqlarını işğal edir və onları başqa ərazilərə sürgünə aparırlar. Çox keçmir Qərbi Tibetdə yeni xanlar sülaləsi hakimiyyətə gəlir və özlərinin Qeserin nəslindən olduqlarını söyləyirlər. Qeser haqqında dastanın yaranmasında ən maraqlı cəhətlərdən biri də budur ki, əsasən tibetlərin və monqolların qəhrəmanlıq dastanı kimi tanındığı halda, Tibeti idarə edən xanların (senpo) çox zaman monqol əsilli olmalarına baxmayaraq, tibetlilərə görə o, türk tayfalarının başçılarından idi. (60,474).

İ.Klaporta görə Qeser III əsrdə Kuku-Norda yaşamış tanrılaşmış qoşun başçısının monqolca adıdır, həm də mancur sülaləsi onu özlərinin qoruyucu ruhu Huan Mafa Huandi, yaxud da Huan Şendi-hun kimi elan edib (116,14).

Fransız sayyahı Aleksandra David-Neel də Qeser haqqında məlum əfsanələrin, rəvayətlərin tarixi əsaslara dayandığını müdafiə edir (116,14). Ona görə tanrılaşmış hərbi rəhbər nisbətən yaxın zamanda, VII, VIII əsrlər arasında yaşayıb və indi onun həqiqi şəxsiyyəti qeyri-adi hekayələrin mövzuları altında gizlədilibdir. A.David-Neel belə yekun nəticəyə gəlir ki, “Qeser xan Şensidə hakimiyyətdə olub və bizə o, “Qarlar ölkəsinin” milli qəhrəmanlıq dastanında tanrılaşmış kahin kimi məlumdur. Yəqin ki, Tibet hərbi rəhbərlərindən biri olmaqla, onun orduları müasir Şensinin başkəndi Sinanfuyadək yayılıb“(116,20).

Tədqiqatın I fəslinin 1-ci yarımfəslində qeyd edildiyi kimi, monqol Sumba-Xambo, hind Sarac-Çandra Das, rus Y.A.Şmidt, ingilislər Çarliz Bell və Cozef Rok da Qeseri hərbi başçı kimi məşhurlaşmış tarixi şəxsiyyət olduğunu qəbul edirlər (116,20).

S.A.Kozin ilk dəfə dastanı dərin elmi araşdırmaya cəlb etməklə onun monqolların, tibetlilərin birgə ədəbi abidəsi kimi böyük hərc-mərclik dövründə, XVI-XVIII əsrlərdə, müharibələrin davam etdiyi və monqol ədəbiyyatının yüksək inkişafa çatdığı zamanda yarandığını əsaslandırır (116,21).

Qeyd edildiyi kimi, tanınmış rus şərqşünası İakinf Biçurin Qeseri Çin sərkərdəsi Huan-Yuy ilə uyğunlaşdırmışdı (116,21).

Əvvəlki hissələrdə qeyd etdiyimiz kimi, Q.N.Potanin Qeseri Çingiz xanla eyniləşdirir (116,22).

Tanınmış monqol alimi S.Damdinsuren ozündən əvvəl deyilmiş bütün fikirləri təkzib edərək Qeserin tarixi şəxsiyyət kimi XI əsrdə Amdoda yaşamış xanlardan biri olduğunu müdafiə edib (116,24).

“Qeser” dastanının çoxsaylı variantlarından biri olan Şərqi Monqolustana aid yeni yazılarda da tarixi qatlar özünü aydın göstərir.

Dastanda mənfi Qaldan surəti Sin imperiyasına və Şərqi Monqolustan xanlıqlarına qarşı ağır müharibələr törətmiş oyrat xanı Qaldan – Boşoktunu (1651-1697) əvəz edir. Bənzəri uyğunluq Lubsan adı ətrafında da təşəkkül tapıb. Çaxarlardan Liqden xanın nəslindən olan Burnay və Lubsan mancurlara qarşı üsyan qaldırdıqları üçün xorçinlər tərəfindən sevilməyiblər (172, 285). Digər vəziyyətdə də monqol xalqlarının folklorunda buddaçılıq dininin əleyhidarı Tibet hökmdarı Landarma (836-842) sevilmədiyi üçün dastanda İblis surəti Andalma (Andulmı, Nandulmı, Qal-dulme və s.) Qeserə qarşı duran mənfi surət kimi yaradılıb. Eyni zamanda, həmin tarixi şəxs Ordosda “darma dayı” kimi qurdu (börü) əvəz edən müsbət surət kimi verilib (172, 285). Mənbələrdə daha sonra davam edilir: “Qırmızı əbalı tibetin iblis qoşunları bu türk dövlətinə soxuldular və öz qara çadırlarını onların torpağında qurdular. Talan olmuş əhalini monların ölkəsinə apardılar, onlara orada yaşayış yeri verdilər. Bundan sonra Qərbi Tibetdə xanlar sülaləsi meydana çıxdı, onlar öz mənşəyini Qeserdən götürürdü.

Bahadır Qeser Amdoda yaşayan köçəri Kyan tayfalarının başçısıdır, IV-V əsrlərdə yaşamışdır. Onun adı ətrafında çoxlu əfsanə və “Qeser” dastanlar silsiləsi (epik roman) yaradılmışdır” (60,474).

“Qeserin” bəzi mətnlərində qəhrəman monlar ölkəsinə səyahət edir. Yəqin ki, bu, bir az əvvəl qeyd edilən hadisələrin dastana təsirindən qaynaqlanır. Monlar qədim dövrdə Tibet xalqlarının ümumi adı kimi qəbul olunmuşdu və yüksəklikdə, göydə yaşayanlar mənasını bildirirdi. R.A.Steynin yazıya aldığı tibet mətnində (116,54) həmin hadisə dastanlaşdırılıb.

Qeserin yaşadığı tarixi dövr haqda fikirlərdən biri də L.N.Qumilyov və N.Ulaqaşova aiddir. Onlara görə “Alpamış”(əslində altayların “Alıp Manaş”ı) dastanının əsas süjet xətti göytürklər dövründə türkyutların tarixinin təsiri ilə yaranır (60,402). Bir az əvvəl qeyd edildiyi kimi, həmin dövrə yaxın əsrlərdə “Qeser”in də yaranmasına ehtimallar verilir (60,404-407).

“Manas” dastanında hadisələr qırğızların çinlilərlə, kalmıklarla (oyratlar) davam edən siyasi-hərbi münasibətləri ətrafında yaradılır. Bütün bunların da tarixi əsasları var. Eyni səviyyədə də “Qeser” mətnlərində monqol xalqları ilə çinli şarayqol tayfaları arasında baş vermiş münaqişələr dastanlaşdırılıb. Dastanda gerçəkləşən dünya tarixi hadisələrin mifoloji dünya modelindən keçərək dəyərləndirilmiş surətidir (71,54).

“Manas”da sarayqollar, kalmıklarla mübarizələrin təsviri XVI-XVII əsrlərin tarixi hadisələrinin əksidir. Monqol tayfalarından derbetlər torqoutlar, xoşoutlar, çoroslar yaratdıqları güclü Cünqar xanlığı vasitəsi ilə Cənubi-Qərbi Sibiri, Altayı və s. əraziləri işğal etdikdə xalqların çoxunu: teleutları, qırğızları və s. öz yerlərindən köç etdirirlər (207,37). Oyratların (kalmıklar) dini lamaçılıq da şamançılığı sıxışdırırdı. Tarixi hadisələrin dastanlarda əksi zamanı yaranan təzadlı hallardan biri Cunqar xanlığının qurucusunun oğlu Qaldan – Boşoktunun (1651-1697) qısqanc səviyyədə buddaçılığın tərəfdarı olmasıdır (207,39) (172,285). Qeyd edildiyi kimi, daha əvvəlki dövrlərdə yaranmış mətnlərdə tarixi şəxsiyyət, eyni adlı Qaldulme (Landarma) surəti əksinə, buddaçılığın düşməni kimi təsvir olunmuşdu. 700-900 il sonra epik ənənə dövrün siyasi-mədəni, dini tələbinə uyğunlaşır. Türk tarixində Babək hərəkatı islam dövründə mənfi əhəmiyyət daşıyırdı, sovet dövründə xalq azadlıq hərəkatı kimi qəbul olunmuşdu. Yaxud da sosializm-bolşevizmin qurucuları mütərəqqi şəxslər kimi verilirdi, SSRİ dağldıqdan sonra onlar mənfi surətlərə çevrilirlər. Dastanlaşma hadisəsi yaransa idi eyni təzadlı hal burada da təkrarlanacaqdı.

Qumilyovun Tibet mənbələrinə əsaslanaraq Qeseri və kyan tayfalarını türk hesab etməsi məsələsinə oğuznamələrdə də işarə olunur. Bu xüsusda Topqapı oğuznaməsində Qıyan (kyan) tayfa adının çəkilməsi xüsusilə diqqət çəkir. Həmin oğuznamə də Basat boyunda verilən:

Yeddi yıl Elbürzə səfər qılan,

Qayıb dönən Qıyan Büsat qardaş qanın alan,

Urılmış xan.

parçasında Qıyan Səlcuq Qıyan Basatla əvəz olunur (35,22-26). Bəlli olur ki, oğuzlar kyanların türk mənşəli olmalarını bilirmişlər.

Bəzi hallarda tarixi qatlılıq mifologiyaya, inanclara da sıçrayıb keçir.Türk (altay) – monqol şaman inanclarında Xormusta-xan (Xormusta-tenqri) göyün sakinlərinin başçısı kimi də xeyirxah səviyyədə verilir (Kurbustan). Eyni zamanda həmin tanrı bait-monqollarda, cənubi altaylarda, Sibir, Volqaətrafı xalqlarda yeraltı dünyanın pis ruhları, körmöslərlə eyniləşdirilərək mənfi varlıqlar kimi verilir (207,51). Eyni tarixi-coğrafi ərazinin birsoylu xalqlarının təsəvvürlərindəki belə təzadlı vəziyyəti Q.R.Əhmədcanov siyasi-mədəni münasibətlərlə, hesablarla əlaqələndirir. O, qeyd edir ki, “fars mənşəli Xormuzd” türklərdə, tunqus-mancurlarda acıqlı (pis) baş tanrıdır, monqollarda isə xeyirxah sayılır. Yəqin ki, monqollar fars xalqları ilə türklərə, tunquslara (hunlara, sunnulara) qarşı haçansa hərbi ittifaqda olublar (207,51).

Qeser haqda məlumatlara bir sıra tarixi mənbələrdə, əsərlərdə də rast gəlmək olar. Tibetin, Çinin, Monqolustanın salnaməçiləri öz əsərlərində Qeserin adını qeyd ediblər, qədim dövrün mahir təsviri incəsənət ustaları sevimli qəhrəmanın surətini rəsm əsərlərində (miniatürlər) əks ediblər (116,71). Qeserin heykəlləri, şəkilləri bir sıra Asiya şəhərlərində buddaçı məbədləri, sarayları, meydanları bəzəyirdi, onlara qədim incəsənət əsərləri toplayanların şəxsi saxlanclarında rastlanır (116,72).

Qeserin adı dini ayinlərdə nəğmələrdə oxunur, onun tərcümeyi-halı və mənşəyi Çin qanunları ilə siyahıya alınaraq yazılıb (116,72).



Yüklə 239,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin