Cədvəl 5.1 Orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbəti (ilin sonuna)
2001
2002
2003
2004
2005
2006
2007
2008
Ölkə üzrə pensi-yanın orta aylıq məbləği, manat
15.7
18.8
25.1
25.3
29.9
42.8
62.9
95.8
Ölkə üzrə orta aylıq əmək haqqı, manat
52.0
63.1
76.6
96.7
123.6
149.0
215.8
274.4
Orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbəti, %
30,2
29,8
32,8
26,1
24,2
28.7
30.0
35.0
Lakin pensiyanın orta aylıq əmək haqqına nisbəti son illərdə artsa da, yenə də beynəlxalq normalara uyğun deyil. Belə ki, Beynəlxalq Əmək Təşkilatının hesablamalarına əsasən bu nisbət 40%-dən az olmamalıdır. Məlumat üçün bildirək ki, pensiyanın orta aylıq əmək haqqına nisbəti Avstriya, İtaliya, Portuqaliyada 80%, Almaniya və Fransada 50-60%, ABŞ-da isə 50%-dir. Bundan başqa, 2007-ci ildə pensiyaların baza hissəsi ölkədəki orta aylıq nominal əmək haqqının 24,0%-ni, yoxsulluq həddinin isə 78,0%-ni təşkil etmişdir.
Bunlarla yanaşı, ölkəmizdə pensiyaların orta baza hissəsi ilə sığorta hissəsi arasındakı nisbətdə də uyğunsuzluqlar mövcuddur. Belə ki, respublikamızda 2006-cı ildə 1 nəfərə düşən pensiyaların orta baza hissəsi 34,7 manat, sığorta hissəsi isə 6,5 manat olmuşdur. Yəni əmək pensiyalarının sığorta hissəsi onun baza hissəsinin təxminən 19%-ni təşkil edir. Məlumat üçün bildirək ki, hazırda qonşu Rusiya Federasiyasında əmək pensiyasının sığorta hissəsi (təxminən 670 rubl) onun baza hissəsini (təxminən 450 rubl) 49,0% qabaqlayır.
Göründüyü kimi, yeni sistemin tətbiqi ilə əlaqədar olaraq pensiya sahəsində bir sıra problemlər mövcuddur və onların aradan qaldırılması üçün islahatlar aparılır. Təsadüfi deyil ki, «Əmək pensiyaları haqqında» Qanunun qəbul edilməsindən bir neçə ay sonra, 28 noyabr 2006-cı il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanunu qəbul edildi. Bu qanunun qəbulu əvvəlki qanundakı müxtəlif qüsurları aradan qaldırsa da, bu sahədə hələ də həllini gözləyən problemlər vardır.
Pensiya təminatı sahəsində həyata keçirilməsi zəruri olan islahatlardan biri də, qeyri-dövlət pensiya sisteminin formalaş-masıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlət pensiya təminatı sisteminin fəaliyyəti ilə yanaşı, qeyri-dövlət pensiya təminatı sisteminin fəaliyyət göstərməsi zəruridir. Bunu, qeyri-dövlət pensiya təminatı sisteminin bir sıra sosial-iqtisadi məsələlərin müsbət həll edilməsində əhəmiyyətli rol oynaması ilə əlaqələndirmək olar. Belə ki, qeyri-dövlət pensiya təminatı:
-vətəndaşlara pensiyaya çıxdıqdan sonra (yaşlandıqda) həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək edir;
-vətəndaşları yarana biləcək sosial risqlərdən müdafiə olunmasını təmin edir və azad rəqabət şəraitində dövlət pensiya sisteminin mütəmadi təkmilləşməsinə müsbət təsir göstərir.
Ölkəmizdə qəbul edilmiş «Sosial sığorta haqqında» Qanunda məcburi sosial sığorta ilə yanaşı, eləcə də vətəndaşların öz arzularına müvafiq olaraq, istər məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarında, istərsə də özəl sığorta təşkilatlarında sığorta olunmaq hüququna malik olması ayrıca göstərilmişdir. Lakin yeni iqtisadi münasibətlərə keçiddən xeyli vaxt keçməsinə baxmayaraq, respublikamızda hələ də qeyri-dövlət pensiya təminatı sistemi formalaşmamışdır.
Məlumat üçün qeyd edək ki, qeyri-dövlət pensiya sisteminin fəaliyyəti MDB-yə daxil olan bir çox ölkələrdə nəzərəçarpacaq dərəcədə geniş yayılmışdır. Məsələn, Rusiyada bu fondların fəaliyyəti artıq öz müsbət nəticələrini verir. Belə ki, 2003-cü ilin birinci rübündə Rusiyada 286 qeyri-dövlət pensiya fondunun fəaliyyəti qeydə alınmışdır. Hazırda Rusiyada iqtisadi fəal əhali-nin 6,3% -i (4,97 milyon nəfər), pensiyaçıların isə 1,15%-i (392 min nəfər) qeyri-dövlət pensiya fondlarının xidmətlərindən istifadə edirlər.
Beynəlxalq təcrübədə qeyri-dövlət pensiya fondları iki: açıq və kooperativ formada təşkil olunur. Açıq fondlar sərbəst şəkildə hər bir vətəndaşın (burada yaşayış və iş yeri heç bir rol oynamır) sosial sığorta ödəmələrini toplayaraq onlara xidmət edir. Kooperativ fondlar isə bir və ya bir neçə müəssisə tərəfindən həmin müəssisələrin əməkçilərinə xidmət etmək üçün fəaliyyət göstərir. Bu baxımdan, kooperativ fondların respublikamızda iqtisadiyyatın inkişaf etmiş sahələrində (məsələn, neft sektoru, rabitə, nəqliyyat və s.) yaradılması daha məqsədəuyğun olardı.
Qeyd etmək lazımdır ki, bir çox inkişaf etmiş ölkələrdə qeyri-dövlət pensiya fondlarının fəaliyyətini inkişaf etdirmək üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, Böyük Britaniyada müstəqil özəl pensiya fondlarına dövlət tərəfindən xüsusi vergi güzəştləri tətbiq olunur. Respublikamızda da gələcəkdə qeyri-dövlət pensiya fondlarının fəaliyyətini stimullaşdırmaqdan ötrü bu metodlardan istifadə etmək faydalı olardı. Çünki qeyri-dövlət pensiya fondları dövlət pensiya fondlarının fəaliyyətini stimullaşdırmaqla yanaşı, müxtəlif sahələrin inkişafına da təsir göstərir. Beynəlxalq təcrübə göstərir ki, qeyri-dövlət pensiya fondlarının vəsaitləri investisiya mühitinin formalaşmasında və ölkə iqtisadiyyatının inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə qeyri-dövlət pensiya fondlarının vəsaitlərindən iqtisadiyyatın sahələrində istifadənin quruluşu müxtəlifdir. Məsələn, Böyük Britaniyada özəl pensiya fondlarının vəsaitlərindən səhmlərə - 64%, istiqraz vərəqələrinə - 16,6%, daşınmaz əmlaka - 9,2%, Hollandiyada müvafiq olaraq 16,4; 60,7; 10,6%-i, Almaniyada isə 21,4; 59,4; və 7% ayrılmışdır.
Bu kimi problemlərin həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008–ci il 30 dekabr tarixli Sərəncamı ilə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” qəbul olunmuşdur. Bu proqramda nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi ölkəmizdə aztəminatlı əhali qruplarından olan pensiyaçıların sosial müdafiəsinin yaxşılaşdırılmasında mühüm rol oynaya bilər.