1. Əşrəfova Rəsmiyyə Sabir qızı. Azərbaycanda pensiya təminatı sisteminin formalaşması və təkmilləşdirilməsi. Bakı, “Elm”, 2007, 260 s. 2. Azərbaycan Respublikası Pensiya təminatı haqqında normativ sənədlər toplusu. Bakı: 2000, 207 s. 3. http://www.delod.odessa.net/2003_28_10/14.php 4. «Реформирование пенсионного обеспечения в РФ», Финанс №4, 2001 5. İsmayılov İ., Mürşüdov R. Sosial təminat hüququ və onun tətbiqi problemləri. Bakı: Qanun nəşriyyatı, 2001, 224 s. 6. Денгтарь Л.С. Выводы из мирового опыта реформирования пенсионных систем. «Аналитический вестник Совета Федерации ФСРФ». 2002. №13
FƏSİL 6 SƏHİYYƏ §1. Cəmiyyətin sosial-iqtisadi həyatında səhiyyənin rolu
Səhiyyə sosial sferanın sahələrindən biri olub, əhalinin sağlamlığının qorunmasına, iqtisadi fəallığına, həyat səviyyəsinə və ümumilikdə cəmiyyətin inkişafına ciddi təsir göstərir. Bu baxımdan səhiyyə siyasəti dövlətin sosial siyasətinin tərkib hissəsi kimi çıxış edir.
Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsindən ibarətdir.
Səhiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə aşağıdakılar daxildir:
- dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və onun keyfiyyətinin artırılması;
- ölkədə tibbi sığorta sisteminin yaradılması;
- səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənayesi müəssisələrinin yaradılması və onların fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi;
- tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi;
- əhalinin sosial cəhətdən ən aşağı təminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi.
Əhalinin sosial müdafiəsində tibbi xidmətlərinin rolunu nəzərə alaraq Minilliyin İnkişaf Məqsədlərində səhiyyə sisteminə mühüm yer ayrılmışdır. Belə ki, 8 inkişaf məqsədindən 3-ü, 18 hədəfdən isə 6-sı səhiyyə sisteminin inkişafı və əhalinin sağlamlığının mühafizəsi ilə bağlıdır. Bununla yanaşı, bu məqsədlərdə əks olunan 48 indikatordan 18-i səhiyyə xarakterlidir.
Minilliyin İnkişaf Məqsədləri çərçivəsində ölkəmizdə həyata keçirilən «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı» (2003-2005-ci illər) və eləcə də “2008-2015-ci illərdə Yoxsulluğun azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı”nda da səhiyyənin inkişaf məsələlərinə xüsusi yer ayrılmışdır. (Cədvəl 6.1).