Naxçivanin türk-islam məDƏNİYYƏTİ abiDƏLƏRİ TƏSVİRİ SƏHNƏqrafiyada



Yüklə 2,26 Mb.
tarix07.09.2017
ölçüsü2,26 Mb.
#29237
Həbibə Allahverdiyeva

Naxçıvan Dövlət Universiteti

habibe.allahverdiyeva@mail.ru

NAXÇIVANIN TÜRK-İSLAM MƏDƏNİYYƏTİ ABİDƏLƏRİ TƏSVİRİ SƏHNƏQRAFİYADA

Ümumimmilli lider Heydər Əliyev demişdir: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərin ən yüksək, ən böyüyü mədəniyyətdir." Azərbaycan xalqı da maddi və mənəvi xüsusiyyətləri özündə cəmləşdirən mədəniyyətini tarixin çətin sınaqlarından çıxaradaraq bu günümüzə qədər qoruyub saxlamış, inkişaf etdirmişdir. Xalqımızın yaratdığı mədəniyyət nümunələri keçdiyi tarixi dövrlərin izini saxlamış, onların mənəvi aləmini, dini inancları əks etdirmişdir. İslam dininin yaranması, xalqımızın inam və etiqadı, onların mədəniyyət nümunələrində, tarixi abidələrində əks olunması da bu qəbildəndir. Qədim tarixiə, elmə, mədəniyyətə malik Azərbaycanda islam-türk mədəniyyətini Azərbaycanın ayrılmaz güşələrindən olan Naxçıvanda tarixi abidələrində, mədəniyyət nümunələrində rast gəlirik. İslamın yayıldığı zamanlarda meydana gələn müxtəlif təyinatlı tarixi mədəniyyət nümunələri, o cümlədən məscidlər, mədrəsələr, türbələr, imamzadələr, körpülər, qalalar tarixin canlı şahidləridir. XVII əsrə aid Möminə xatun türbəsi, XVI əsrə aid İmamzadə kompleksi, XVIII əsrə aid Şərq hamamı, Sarvanlar məscidi, Came məscidi, Gülüstan türbəsi və s.bunlara nümunə ola bilər.

Adlarını çəkdiyimiz bu abidələr özlərində tarixi əks etdirsələr də realist rəssamlar həmin abidələrin təsvirlərini yaratmaqla onları bir növ onları əbədiləşdirilməsinə, tarixi boyu yaşamasına, təbliğ olunmasına şərait yaratmış olur. Bu abidələrin təsvirlərinə tarixi abidələr diyarı olan Naxçıvanda yaşayıb yaradan realist rəssamların yaradıcılığında rast gəlirik. Məhz yaratdığı əsərlər bu gün tarixi sənəd rolunu oynayan, Azərbaycanda realizmin əsasını qoyan ilk təhsil görmüş naxçıvanlı rəssam Bəhruz Kəngərlinin yaradıcılığında Naxçıvanda memarlıq abidələri mövzusuna geniş yer vermiş, onların çoxlu sayda, müxtəlif variantda, günün müxtəlif zamanında təsvir etmişdir. Onun yaratdığı Nuh türbəsiniin çox saylı təsvirləri Nuh peyğəmbərin qəbrinin Naxçıvanda yerləşməsi fikrinin sübutu, Nuh türbəsinin yenidən bərpasına, onun yenidən yaradılmasına imkan vermişdir. Şamil Qazıyevin "Naxçıvan qalası" əsəri də bu səpkidəndir. Bundan başqa Elmira Şaxtaxtınskayanın yaradıcılığında "Azərbaycan qədim mədəniyyət ölkəsidir", "Əcəmi Naxçıvani" adlı əsərlərində naxçıvanın türk-islam mədəniyyəti nümunələrinin təsvir etmişdir. Yuran Məmmədovun yaradıcılığında da "Əlincə qalası" adlı əsərinin, Şamil Mustafayevin Naxçıvan abidələrinin çoxsaylı təsvirləri və s. adını qeyd etmək olar. Hal-hazırda Naxçıvanda yaşayıb-yaradan rəssamların yaradıcılığında bu mövzuya daha çox toxunulmuşdur. Hüseynqulu Əliyevin, Səyyad Bayramovun, Əli Səfərovun, Telman Abdinovun, Eldar Zeynalovun, Həmzə Sadiqovun, Həsən Qurbanovun, Rafael Qədimovun, Cavid İsmayılovun, Ülviyyə Həmzəyevanın, Həbibə Allahverdiyevanın, Fizzə Quliyevanın, Murad Nurlunun, Həbib Allahverdiyevin, Bəhruz Quliyevin, Vüqar Mehdiyevin, Arzu Novruzovun və başqalarının yaradıcılığında türk-islam mədəniyyəti nümunələrinin təsvirinə tez-tez rast gəlinir.

Bu mövzuda rəssamlığın geniş bir qolu olan səhnəqrafiyaya nəzər salaq. Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşalara verilən tərtibatlarda Naxçıvan türk-islam mədəniyyəti abidələrinin təsvirinə daha çox təsadüf etsək də, bunu yalnız M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Əli Səfərovun "Əshabi-kəhf rəvayəti" tamaşsına hazırladığı tərtibatda rast gəlirik.

Naxçıvanda teatr rəsamlığının təməlini qoyan Bəhruz Kəngərlinin hazırladığı tərtibatlarda bu mövzuya yer versə də bu tərtibatlardan heç biri gönümüzə qədər gəlib çatmamışdır.

Türk-islam mədəniyyəti abidələrinin təsvirinə teatr rəssamı Məmməd Qasımovun yaradıcılığında rast gəlirik. M.Qasımovun da ilk səhnəqrafiya işi olan "Ölülər" tamaşasında xüsusulə, dəqiq cizgilərlə işlədiyi İmamzadə türbəsinin təsviri bu baxımdan diqqətəlayiqdir. 1943-cü ilin yazında teatra gələn M.Qasımov ilk dəfə olaraq "Ölülər" pyesinin bədii tərtibatını hazırlamaq tapşırığını aldı. Naxçıvan mənzərələrinin realist təsvirinə rast gəlinən bu tərtibat çox uğurlu alınmış, teatrsevərlər və tamaşaçılar tərəfində razılıqla qarşılanmışdır. Naxçıvan təbiətini, onun gözəl güşələrini, daha çox isti rənglərlə zəngin, başqa regionlardan seçilən rəngarəngliyini tərtibatlarında da əks etdirən M.Qasımov həm də bu şəhərdə yerləşən abidələri də olduğu kimi tərtibata uyğun, yerli-yerində əks etdirmişdir.



dscf2162 - kopya 20170529_115230 Şəkil.1."Ölülər" əsərinə çəkilmiş tərtibat eskizi Şəkil.2."Əlincə qalası" tamaşasından
C.Məmmədquluzadənin bu əsərinə hazırlanan səhnə tərtibatda perispektiv xüsusiyyətlər daha çox diqqəti cəlb edir. Belə ki, uzaqda görünən qarlı dağlar, ikinci planda Naxçıvan qəbirstanlığı, ön planda isə Naxçıvanda qəbirstanlığın yaxınlığında yerləşən İmamzadə türbəsi təsvir olunmuşdur.(şək.1)

Daha çox sarı, qəhvəyinin açıq tonlardan istifadə edilərək çəkilmiş bu tərtibat həm Naxçıvanın, həm də turbənin o dövrkü görnüşünü göstərməklə yanaşı, eyni zamanda bu torpağın iqlim şəraitini, təbiət amillərini ortaya qoyur. İstifadə olunmuş rənglər, ön planda göstərilmiş boş qumlu sahə və təsvir olunan seyrək otlar sanki Naxçıvanın sərt iqlimini göstərməklə yanaşı əsərin ideya ruhunu da hiss etdirir. Bu tamaşanın başqa bir səhnəsində interyerin təsviri də dövrə uyğun dekorasiyaları ilə realist səpkidə işlənmişdi. Sadə və yığcam şəkildə verilmiş interyerdə təsvir etdiyi kənarı şəbəkələrlə işlənmiş pəncərələr, döşəmədəki xalça, və s. dekorasiyalar mədəniyyət nümünələrinin təsviri kimi dəyərlidir.

Məmməd Qasımovun yaradıcılığında Naxçıvanın qədim abidələrinin digər bir təsviri də maraqlıdır. Bildiyimiz kimi türk-islam mədəniyyəti nümunələri sırasında Naxçıvan qalaları mühüm yer tutur. Naxçıvannın gözəl guşələrindən olan Culfa şəhərinin Xanağa kəndində yerləşən, mübarizlik simvolu olan Əlincə qalası öz qəhrəmanlıq tarixi və əzəmətli görnüşü ilə rəssamların, yazıçı və şairlərin yaradıcılığında yer almışdır. Yazıçı-dramaturq Həmid Arzulunun qələmə aldığı "Əlincə qalası" da bu səpkidəndir. Bu tarixi dramda hadisələr XIV əsrin 80 x 90 -cı illərində xalqımızın yadelli işğalçılara qarşı mübarizəsində əsas yer alan Əlincə qalasında cərəyan edir. Qalanın təsvirində istifadə olunan rənglər, müdafiyə ehkamının təsviri fərqli və maraqlı bir görüntünün alınmasına səbəb olmuşdur. 1983-cü ildə tamaşaçılara təqdim olunan bu tamaşada rəssam və rejissor işinin vəhdətində tamaşanın əsas ideyası, onun bədii-estetik təcəssümü aydın şəkildə görünür.(şək.2) "Müasirlik baxımından çox aktual səslənən, tamaşaçını vətəni tükənməz məhəbbətlə sevməyə çağıran, Əlincə qalasının qəhrəmanlıq xatirəsini bədii sözün qüdrəti ilə əbədiləşdirən və o qəhrəmanlığa layiq olan "Əlincə qalası" tamaşası qədim Naxçıvan teatrının uğurlu və yaddaqalan işlərindən biri sayılmalıdır".(6.)

Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuş digər bir tamaşanın bədii tərtibatında türk-islam mədəniyyəti abidələrinin təsvirinə rast gəlirik. Naxçıvan MR yaradılmasının 75 illiyi münasibəti ilə 1999-cu il 10 may tarixində Nəriman Həsənzadənin "Atabəylər" əsəri tamaşaya qoyulur. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Milli Akademik Dram Teatrının rejissoru Mərahim Fərzəlibəyov, rejissoru Kamran Quliyev, quruluşuçu rəssamı Əbülfəz Axundov olmuşdur. Bu monumental tarixi pyesdə xalqımızın qəhrəmanlıq salnaməsi, yadellilərə qarşımübarizəsi, yüksək dərəcədə tərənnüm olunurdu. Məhz bu ideyalar tamaşanın bədii tərtibatında Əbülfəz Axundovun özünəməxsus uslub xüsusiyyətləri, texnikası, rəng tempri ilə daha güclü səsləşməsinə nail olmuşdur. Tamaşada ilk növbədə rəssamın perspektiva ilə təsvir etdiyi Atabəylər türbəsi və giriş qapıları tamaşanın movzusu, ideyası haqqında artıq öz sözünü demişdir. Təsvirlərin qara fonda abidələrin daha yaxşı baxılmasına səbəb olmuşdur. Yuxarıdan asılmış ox ucluqları, nizələr əsərin ideyasında simvolik məna daşıyır. Tamaşanın geyim eskizlərində isə dövrə, obraza, xarakterə uyğunluq istər onların formalarında, istərsə də rəng kolaritində öz əksini tapmışdır.

Şəkil.3."Atabəylər" tamaşasından

Geyimlərdə, həm də dekorlarda daha çox istifadə etdiyi qırmızı rəng kolariti tamaşanın əsas ideyası olan mübarizliyin, qəhrəmanlığın, əyilməzliyin simvolu kimi xararakterizə olunur və tamaşada bu ideyaların daha təsirli olmasına dəlalət edir.(şək.3) Tamşada belə güclü bədii tərtibatın verilməsi, tanınmış rejissorun rəssam haqqında dediyi sözlərdə də təsdiqini tapmışdır. Tamaşadan sonra Mərahim Fərzəlibəyov "Şərq qapısı" qəzetinə verdiyi müsahibəsində teatrın qurluşçu rəssamı Ə.Axundov haqqında öz fikirlərini belə bildirirdi: "...Tamaşanın quruluşçu rəssamı Əbülfəz Axundovdur. Bu başdan deyim ki, bu rəssam olduqca istedadlı, səhnəni, səhnəqrafiyanı gözəl bilən bir yaradıcıdır. Əbülfəzdə olan yaradıcı fantazya mənim çox xoşuma gəldi. O, olduqca zövqlü və geniş yaradıcı təxəyyülə malik teatr rəssamıdır... Əgər mən Naxçıvan teatrında yenidən tamaşa qoysam tərəddüd etmədən gözəl teatr rəssamı Əbülfəz Axundovla birgə işlərdim".(4.) Tamaşanın tərtibatı tamaşanın ideyasını, bədii vüsətini, ictimai-siyasi mahiyyəti daha da qabardılmasına dəlalət edib. Tamaşanın ideya fəlsəfəsi haqqında akademik İsa Həbibbəyli belə qeyd etmişdir: "Şair-dramaturq Nəriman Həsənzadənin tanınmış rejissor, əməkdar incəsənət xadimi, xalq artisti Mərahim Fərzəlibəyov tərəfindən son illərdə Naxçıvan teatrında tamaşaya qoyulan "Atabəylər" tamaşası milli-tarixi özündərk prosesinin dərinləşməsinə kömək edir, mənlik və müstəqillik düşüncəsini daha da qüvvətləndirir".(2.)

Əbülfəz Axundovun yaradıcılığında daha bir tərtibatda türk-islam mədəniyyəti abidələri sərasında yer alan Əlincə qalasının təsvirini maraqlıdır."..."Əlincə qalası" tamaşası hələ 1983-cü ildə Naxçıvan teatrında tamaşaya qoyulmuş və repertuarlardan düşməyən əsərlər sırasına daxil edilmişdir"(3.). Lakin Həmid Arzulunun bu əsəri yeni quruluşda Naxçıvan Dövlət Musiqili Dram Teatrı 2007-ci ilin may ayının 4-də Ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə səhnəyə qoyuldu. Tamaşada qüdrətli sərkərdə Əmir Teymurun 14 il ərzində mühasirədə saxladığı Əlincə qalasında müdafiə olunan naxçıvanlıların mərdliyi, mübarizliyi, xalqın birliyi, azadlıq və müstəqillik uğurunda mübarizəsi poetik və dramatik lövhələrlə əks olunmuşdur. Yüksək vətənpərvərlik hissini aşılayan bu tamaşanın quruluşçu rejissoru Kamran Quliyev, rəssamı isə Əbülfəz Axundov olmuşdur. Teatr rəssamı tarixi faktlara əsaslanaraq qalanın real görnüşə uyğun qalanın əzəmətli təsvirini vermişdir. Bədii tərtibatda qalanın rəngini seçimi də realist boyalarla, sakit rəng qammaları ilə verilsə də, müəyyən məqamlara uyğun işıq effektləri ilə rəngin ustalıqla dəyişməsi qalanın ecazkar görnüşünü, daha da alınmaz, qüdrətli, möhkəm qala təsirini artırmiş olur. Əbülfəz Axundov tamaşanın bədii tərtibatını hazırlayarkın onun bədii tərəfindən əlavə, texniki baxımdan da uyğun quruluş hazırlamışdır. Belə ki, tamaşada aktyorların ifasını sujetə uyğun olaraq qalanın üstündə sərbəst hərəkəti, ifası baxımından heç bir çətinlik hiss olunmurdu.

13497673_958089657622704_674120619327300115_o 13087876_925652527533084_5798649625186115977_n

Şəkil.4-5. "Əlincə qalası" tamaşasından.2016-cı il


Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov tamaşadan sonra səhnə arxasında aktyorlara təşəkkür etmiş və demişdir: "...Əlincə qalası Naxçıvanın simvoludur. Böyük fateh Əmir Teymur Əlincə qalasında məğlubiyyətə uğrayaraq geri döndü. Gərək bizim düşmənlərimiz bunu gözəl anlayalar. Naxçıvan həmişə Əlincə qalasıdır-alınmaz qaladır. 1993-cü ildə Naxçıvanın ağır dövründə Naxçıvanın qəhrəman oğulları Ümummilli Liderimizin ətrafında birləşdilər və bu yenilməz qalanı qorudular. Bu gələcəkdə də belə olacaqdır. Naxçıvan heç vaxt əyilməyəcək, heç zaman Naxçıvan torpağı düşmən qarşısında baş əyməyəcək, özünü gücsüz göstərməyəcəkdir".(5)

"Əlincə qalası" Naxçıvan Dövlət Musiqili Dram Teatrının repertuarında tez-tez rast gəlinir. Belə ki, tamaşa sonuncu dəfə, 2016-cı ildə yenidən səhnəyə qoyulmuşdur. (şək.4-5)

Naxçıvanda türk-islam mədəniyyətinin nümunələrindən olan Möminə-xatun türbəsinin təsviri daha bir tamaşada əksini tapmışdır. Tarixi reallığı özündə əks etdirən tamaşalardan olan Həsən Eyvazlının "Araz sahilində doğan günəş" tamaşası 2008-ci ildə aprel ayının 10-da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur.

Şəkil.6. "Araz sahilində doğan günəş" tamaşasından


Azərbaycan Dövlətinin qurucusu, dahi şəxsiyyət H.Əliyev 1997-ci ilin oktyabr ayının 10-da Dövlət Müstəqilliyi günü münasibəti ilə demişdir:"Azərbaycan dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir"(1). 1918- ci ildə qazanılan müstəqillikdın fərqli olaraq, 1991-ci ildə əldə edilən müstəqilliyimiz qorunub saxlanıldı. Buna Ulu öndər dahi şəxsiyyət Heydər Əliyevin xalqı arxasınca apara biləcək müdrik ideyalarə, böyük siyasi iradəsi sayəsində nail olunmşdur. Məhz bundan sonra Naxçıvana olan erməni iddialarının qarşısı alındı. "Araz sahilində doğan günəş" tamaşasının əsas sujet xətti də bundan ibarətdir. Tamaşanın bədii tərtibatını Əməkdar rəssam Əbülfəz Axundov hazırlamışdır. Tamaşanın tərtibatında bu kimi əsas ideyaları oxumaq mümkündür.

Tərtibatda ön planda Möminə Xatun türbəsinin əzəmətli görünüşü, türbədən arxa fonda isə qədim Naxçıvanın binaları və Cümə məscidnin minarəsini təsviri verilmişdir. Rəssam tərtibatda perspektiva məsələsinə diqqət göstərmiş, türbənin qabarıq və əzəmətli təsvirinə, şəhər mənzərəsinin uzaqdan görünməsinə rəng və texniki vasitələrdən düzgün istifadə ilə nail olmuşdur. Ulu Öndərin yuxarıdan göstərilməsi əsərin ideyasının açılması baxımında diqqətəlayiqdir. Digər səhnələrdə sujetə uyğun olaraq türbənin işıq effektləri ilə rənginin dəyişilməsi uzaqdan görünməsi maraqlı alınmışdır. Bundan əlavə tərtibatda ən çox üstünlük verilən qəhvəyi rəngin müxtəlif çalarları tamaşaçını yormur və tamaşanın baxılmasına şərait yaradır. Tamaşa üçün hazırlanmış dekorlar, geyimlər, onlarda istifadə olunan rənglər 1921-1992-ci illərdə baş verən siyasi hadisələrin real mənzərəsini duymağa imkan verir.(şək.6)

Tamaşanın daha baxımlı, yaddaqalan olmasında, əsərdə qoyulan əsas ideyanın tamaşaçıya tez çatdırılmasında hadisələrin baş verdiyi mühit, tarixi dövr, məkan haqqında daha aydın təsəvvürün yaranmasında, tamaşaçıda estetik duyumuna, əhval-ruhiyyəsinə təsiri baxımından böyük rolu olan teatr rəssamlığında bu kimi təsvirlərin qabardılması təqdirəlayiqdir. Nəzərdən keçirdiyimiz bu tərtibatlarda türk-islam mədəniyyət abidələrinin təsvirinin aydın, realist boyalarla verilməsi, Naxçıvanın tarixi, mühiti, təbiəti, mədəniyyəti haqqında aydın təsəvvürün yaranması, abidələrimizin tanınması, öyrənilməsi, təbliği, gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir.
ƏDƏBİYYAT

1.Heydər Əliyev:Müstəqilliyimiz əbədidir.Çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar.Bakı, Azərnəşr, 2004, səh.354.

2.Həbibbəyli İ.Naxçıvan ədəbi-ictimai mühitdə Şərq və Qərb.AMEA-nın Xəbərləri,Hümanitar elmlər seryası.2004,N3-4,s.10.

3.Qəhrəmaov.Ə .Naxçıvan teatrının salnaməsi(1883-2008). Naxçıvan .2010.səh 734.

4. "Şərq qapısı"qəzeti.22 may1999

5."Şərq qapısı" qəzeti, 8 may 2007-ci il



6.Vəzirov C. və Həbibbəyli İ. Tarixi mövzu və müasirlik. "Şərq qapısı", 26 oktyabr1983.
Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin