Fənnin adı: “Keramika və odadavamlı materiallar texnologiyası”.
Mövzu: 1. Keramika və odadavamlı məmulatların istehsalı ilə bağlı ümumi məlumat.
MÜHAZİRƏNİN PLANI 1. Azərbaycanda keramika materiallarının istehsal tarixi.
2. Odadavamlı materialların növləri və tətbiq sahələri.
Tikinti materialları cəmiyyətin inkişaf tarixinin bütün mərhələlərində insanın ən böyük ehtiyac duyduğu materiallardır. Təsadüfi deyildir ki, tikinti materiallarının istehsalında keyfiyyət və kəmiyyət dəyişikliklərinin həcmi həmişə cəmiyyətin inkişaf səviyyəsinin əsas göstəricilərindən biri hesab edilir. Belə ki, yaşayış binalarının, möhtəşəm memarlıq abidələrinin, sənaye obyektlərinin və s. inşası tərkibi, xassələri və çeşidləri mütəmadi olaraq təkmilləşdirilən müxtəlif təyinatlı inşaat materiallarından istifadə etməklə həyata keçirilir. İnşaat materialları arasında süni keramik divar materiallarının istehsal tarixinin izləri cəmiyyətin inkişaf tarixinin ən qədim dövrlərinə gedib çıxır. Bu, bir tərəfdən keramika materiallarının xammal bazasının kifayət qədər zəngin olması, digər tərəfdən isə istehsal proseslərinin nisbətən sadəliyi ilə izah edilə bilər. Gildən alınan məmulatların istehsalı lap qədim dövrlərə təsadüf edir. Belə məmulatlar qida və suyun saxlanılması üçün istifadə olunurdu. Keramikanın inşaat materialları kimi istifadə olunmasının ilk nümunələri gildən qurulmuş ibtidai yaşayış yerləri idi ( b.e.ə. 4 – 3 –cü minilliklər ). Daha sonralar qədim Misirdə, İranda, Romada düzgün formada, minalanmış gil kərpicləri istehsal olunurdu. Şübhəsiz ki, dünyada ilk insan məskənlərindən biri hesab edilən qədim Azərbaycanda da keramika məmulatlarının istehsalı təşəkkül tapmamış deyildi. Bunu aparılan arxeoloji qazıntılar, tarixi araşdırmalar, müxtəlif səyyah və səlnaməçilərin Azərbaycanla bağlı qeydləri sübut edir. Bu mənbələrə əsaslanaraq Azərbaycanda keramika məmulatlarının istehsalının 5000 ildən çox tarixi olduğu müəyyən edilir. İnşaat keramikasının Azərbaycanda istifadə olunması haqqında daha müfəssəl məlumatı 1683- cü ildə Bakıya səyahət etmiş alman səyyahçısı Enqelberq Kempfer verir. O, şəhər qala divarlarını təsvir edərək yazır: “ Dənizə baxan divarlar, yanmış kərpicdən, qalanları isə döyülmüş gildən idi”. Şübhəsiz ki, qala divarlarının inşası üçün istifadə olunan bu miqdarda bişmiş kərpic gətirilmə ola bilməzdi. Bunu həmçinin bu kərpiclərin və Abşeron gillərinin fizikikimyəvi analiz nəticələrinin müqayisəli təhlili də göstərir. Bəzi mənbələrə görə inşaat materialları kimi bişmiş gildən Azərbaycan ərazisində eramızdan çox-çox əvvəllərdə istifadə edilmişdir. V.N.Leviatov “Azərbaycanın mədəniyyət abidələri” kitabında Şirvanşahlar sarayında aparılmış qazıntılar zamanı XV əsrə aid çin çinisinə və saxsısına oxşayan yerli istehsalın məhsulları hesab edilən çoxlu sayda müxtəlif qabların tapıldığını bildirir. Halbuki, bu məmulatların istehsalına Avropada XVIII əsrdə başlanılmışdır.
“Qədim Gəncənin keramikası” əsərində V.N.Leviatov XV əsrdən də əvvəl Gəncədə, Örənqalada, Qəbələdə, Şabranda, Bakıda, Şamaxıda öz milli koloriti ilə seçilən “paxlava”, “balıqqulağı” adı ilə adlandırılan milli keramika nümunələrinin istehsal olunduğunu göstərir. Müxtəlif tədqiqatçıların əsərlərində eramızın əvvəllərində, ərəb istilası dövrlərində və daha sonralarda Azərbaycanda geniş çeşiddə minalı keramika məmulatlarının istehsal olunduğu elmi dəlillərlə sübut edilmişdir. Azərbaycanda keramika məmulatlarının istehsalı üçün yararlı olan xammal yataqları geniş yayılmışdır. Ona görə də hal-hazırda yerli xammal materialları əsasında işləyən, respublikanın ehtiyaclarını ödəyə biləcək keramika məmulatları istehsal edən müəssisələr fəaliyyət göstərir. Əsrlər boyu insan cəmiyyətinin və onun mədəniyyətinin inkişafı nəticəsində yaranan odadavamlı materiallar əzəmətli qurğuların, o cümlədən müasir domna və marten sobalarının, şüşə, klinker və s. İstehsal edən sobaların əsasını təşkil edir. Bu materiallar olmadan belə sobaları və onun istehsal etdiyi məhsulları təsəvvür etmək mümkün deyildir. Odadavamlı materiallar demək olar ki, sənayenin bütün sahələrində tətbiq olunur. Odadavamlı materialların əsas istehlakçısı qara metallurgiya sənayesidir. Odadavamlı materiallar qeyri-metal material olub odadavamlılığı 1580°C-dən yüksək olan müxtəlif istilik qurğularında istifadə olunan materiallara deyilir. Materialın odadavamlılığı onun yüksək temperaturda öz istismar xassələrini (möhkəmlik, istilikkeçirmə və s.) əsaslı dəyişmədən saxlama qabiliyyətidir. Bu və ya digər ölkədə odadavamlı materialların kəmiyyət və keyfiyyətcə istehsalının təşkili ölkənin sənayeləşmə dərəcəsini xarakterizə edir. İlk dəfə şamot odadavamlı materialın istehsalı 1810-cu ildə Almaniyada təşkil olunmuşdur. Rusiyada 1856-cı ildə Boroviçidə, 1887-ci ildə Çasov-Yarda, 1897-ci ildə Latnoyda şamot istehsalı təşkil olunmuşdur. 1822-ci ildə İngiltərədə (Uels) dinas odadavamlı materialının istehsalı ilk dəfə təşkil olunmuşdur. Dolomit odadavamlı materialı ilk dəfə 1878-ci ildə İngiltərədə istehsal olunmuşdur. Maqnezitin sınağı Avstriyada 1860-cı ildə, sənaye istehsalı isə 1882-ci ildə təşkil olunmuşdur. Rusiyada ilk maqnezit zavodu 1900-cü ildə Uralda (Satka) tikilmişdir. Xromit odadavamlısı ilk dəfə Peterburqda 1879-cu ildə tətbiq olunmuşdur. Yandırılmayan xrommaqnezit məmulatları 1913 ildə ABŞ-da istehsal olunmuşdur. Dəmir oksidləri, karbon və s. əsasında alınan digər növdə odadavamlı materiallar XX əsrin ikincisi yarısından etibarən istehsal olunmuşdur.