Keramik divar materiallarının təsnifatı. Keramik divar materialları əsasən gil süxurlarından və onların mineral və üzvi əlavələrlə qarışığından müxtəlif üsullarla qəlibləmək və bişirməklə alınır. Keramik divar materialları aşağıdakı əlamətlərinə görə təsnif edilir:
1) Qəlibləmə üsuluna görə - plastik, yarımquru və tökmə üsulu ilə qəlibləmə; 2) Ölçülərinə görə - QOST 530-80-ə uyğun olaraq 250x120x65 mm ölçülü kərpic, qalınlaşdırılmış (250x120x88 mm), ölçüləri modulyasiya edilmiş (dəyişdirilmiş) 288x138x63 mm kərpiclər, iri keramik daşlar (250x250x138 mm), boşluqlu daşlar (250x250x129, 250x200x80 mm) istehsal olunur; 3) Orta sıxlığına görə (kq/m3 ) – xüsisilə yüngül (600 kq/m3 -a qədər), yüngül (600-1300 kq/m3 ), yüngülləşmiş (1300-1600 kq/m3 ) və ağır (1600-2200 kq/m3 ) kərpiclər; 4) Möhkəmliyinə görə - 300, 250, 200, 175, 150, 125, 100, 75 (30; 25; 20; 17,5; 15; 12,5; 10; 7,5 MPa) markalı kərpiclər; 5) Şaxtayadavamlılığına görə - F15; F25; F35 və F50 markalı kərpiclər; 6) İstilik-texniki göstəricilərinə görə - səmərəli (kərpic üçün ρ=1400 kq/m3 , keramik daşlar üçün isə 1450 kq/m3 -dən böyük olmamalıdır), şərti səmərəli (ρkərpic>1400 kq/m3 , ρdaş=1450-1600 kq/m3 ) və adi (ρkərpic>1600kq/m3) kərpiclər; 7) Konstruksiyadakı təyinatına görə - kontruksiya kərpicləri (hörgü üçün) və üzlük keramik divar materialları istehsal olunur.
Keramik divar materiallarına qoyulan əsas tələblər. Gil kərpici və digər keramik divar materiallarını səciyyələndirən əsas xassələrə möhkəmlik həddi, həcm kütləsi, şaxtayadavamlılıq, suhopması, istilikkeçirməsi və s. aiddir. Bu göstəricilər uyğun standartların tələbinə müvafiq qaydada nizamlanır. Standarta görə kərpic və daşlar düz tilləri və hamar üzləri olan paralepiped şəklində olmalıdır. Silindr şəkilli iki tərəfə çıxan boşluqların diametri 16 mm-dən, yarıqşəkilli boşluqların eni 12 mm-dən böyük, xarici divarların eni 12 mm –dən kiçik olmalıdır. Müəyyən edilmiş ölçülərdən yayınmalar uzunluğa görə ±5-7; enə görə ±3-4 mm-dən çox olmamalıdır.Kərpic və daşların markası sıxılmada möhkəmlik həddi ilə müəyyən edilir (MPa). Plastik üsulla qəliblənmiş bütöv kərpiclərin hər bir markasına əyilmədə möhkəmlik həddinin aşağıdakı göstəriciləri uyğun gəlir: 300-44, 250-39, 200-34, 175-31, 150-28, 125-25, 100-22, 75-18 kqs/sm2 –dan az olmamalıdır. Bişirilmiş və əvvəlcədən sabit kütləyə qədər qurudulmuş bütöv kərpicin suhopması 8 %-dən, boşluqlu kərpicin suhopması isə 6 %-dən az olmamalıdır. Su ilə doydurulmuş halda kərpic və daşlar 15, 25, 35 və 50 dövrədən az olmayaraq növbəli donmaya və donu açılmaya davam gətirməlidirlər. Üzlük məmulatlara daha sərt tələblər qoyulur. QOST 7484-ə görə keramik üzlük məmulatları 25 dövrədən çox sınağa davam gətirməlidirlər.