Sosial risk, deyildikdə gözlənilmədən baş verən və vətəndaşa dəyən ziyanın kompensasiya olunması başa düşülür. Sosial risk iqtisadi proseslərdə iştirak etmək imkanını itirmək nəticəsində çalışanların maddi təminatsızlıq ehtimalıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığortaya cəlb edilməsini təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. İştirak xarakterinə görə sosial sığortanın məcburi, könüllü və kooperativ formaları vardır. (Bax. Sxem 4.1)
Sxem 4.1. Sosial sığortanın növləri
İşçilərin məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır.
İşçilər öz vəsaitləri hesabına müəyyən olunmuş qaydada sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilərlər.
İşəgötürənlər, həmçinin onların birlikləri işçilərin mənafelərinin təmin olunması və əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini və ya onun ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını (kooperativ qaydada) həyata keçirə bilərlər.
Azərbaycan Respublikasının «Sosial Sığorta haqqında» Qanununa görə sosial sığorta hadisəsinə aşağıdakılar aiddir:
-pensiya yaşına çatmaq;
-əlil olmaq:
-ailə başçısını itirmək;
-əmək qabiliyyətinin müvəqqəti itirilməsi;
-hamiləlik və doğum;
-uşağın anadan olması;
-uşağa qulluq;
-ölüm;
-sanatoriya-kurort müalicəsi zərurəti.
Məcburi dövlət sosial sığortası bu göstərilən hallar üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə aparılır. (Bax. Sxem 4.2)