§3. Həyat səviyyəsinin yüksəldilməsində
təhsilin rolu
Dünya təcrübəsindən məlumdur ki, insan kapitalının formalaşdırılması sahəsində əsas ağırlıq sosial infrastrukturun, o cümlədən təhsil xidmətinin üzərinə düşür. Bu baxımdan indiki «bilik iqtisadiyyatı» əsrində təhsil xidmətinin keyfiyyətini yüksəltməklə əhalinin bilik və təhsil səviyyəsinin artırılması kifayət qədər aktual və həlli vacib olan problemlərdən hesab olunur. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, təhsil yüksək xərc tələb etməklə yanaşı, həm də uzun müddətdə yüksək gəlir gətirə bilir. Amerika alimi Piter Draker yazır: «Bilik ucuz başa gəlmir. İnkişaf etmiş ölkələrin hamısı öz Ümumi Milli Məhsulunun təxminən beşdə biri qədərini biliyin istehsalına və yayılmasına sərf edir. ÜMM-un 3-5%-i tədqiqat və inkişaf məsələlərinə – yeni biliyin istehsalına sərf olunur. İşəgötürən təşkilatlar Ümumi Milli Məhsulun digər 5%-ni öz işçilərinin təhsilini davam etdirməsinə sərf edir». Deməli, təhsil- müəssisənin, təşkilatın və nəhayət ümumilikdə ölkənin sosial-iqtisadi inkişafında əsas mövqe tutur. Bunu nəzərə alaraq indiki bazar münasibətləri şəraitində əhaliyə göstərilən təhsil xidmətinin keyfiyətinin yüksəldilməsi və əhalinin təhsil səviyyəsinin artırılması vacib məsələ kimi qarşıya qoyulmalıdır. Çünki təhsil xidməti cəmiyyətin mənəvi və intellektual inkişafına yönəlməklə insanların müəyyən peşə və ixtisas əldə etməsi ilə bağlı tələbatını ödəyir.
Məlumat üçün bildirək ki, 2000-ci ilin sentyabr ayında BMT-nin təşəbbüsü ilə 183 millətin, 147 dövlətin nümayəndələrinin iştirak etdiyi Minilliyin Sammitində bütün dünyada yoxsulluğun azaldılması və insan inkişafının təmin edilməsinə təsir göstərən amillər arasında təhsil ön sırada yer almışdır. Sammitdə qəbul edilmiş Minilliyin İnkişaf Məqsədlərində (MİM) bütün dünyada yoxsulların sayını azaltmaq üçün təhsil ikinci sırada durur. Bu da yoxsulluğun azaldılmasında təhsilin çox böyük rol oynadığını göstərir.
Minillik Sammiti çərçivəsində Azərbaycan üçün səciyyəvi olan məqsədlərin sırasına ümumi orta təhsildə yüksək göstəricilərə nail olmaq nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda bu istiqamətdə islahatlar həyata keçirilir. Belə ki, orta ümumi təhsilin maddi-texniki bazası yaxşılaşdırılmış, yeni məktəb binalarının tikilib istifadəyə verilmişdir.
Məlum olduğu kimi, İnsan İnkişafı İndeksinin hesblan-masında əsas göstəricilərdən biri də təhsil indeksidir. BMT-nin təhsil, elm və mədəniyyət qurumu - YUNESKO dünyada təhsilin inkişafı hesabatını açıqlayıb. Sənəd 129 ölkədə təhsilin vəziyyətinə dair monitorinqin nəticələrini əks etdirir. Təhsil inkişafı indeksi 4 vacib əmsal əsasında hesablanır. Bura ibtidai təhsillə əhatə səviyyəsi, əhalinin savadlılıq səviyyəsi, gender bərabərliyi və ən azı 5-ci sinfədək oxuyanların xüsusi çəkisi daxildir.
Qeyd edək ki, 2007-ci ildə Azərbaycanın İnsan İnkişafı İndeksinə görə 0,787 göstərici ilə 86-ci yerdədir. Bu göstəricilərə görə Azərbaycan MDB ölkələri arasında orta mövqedə yer tutur. (Diaqram 8.2.)
Dostları ilə paylaş: |