Son illərdə Azərbaycanda təhsil sisteminin dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar aparılır. Belə ki, 19 iyun 2009-cu ildə qəbul olunmuş yeni "Təhsil haqqında" Qanun Azərbaycanda təhsil sistemindən, təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsindən, təhsilin iqtisadiyyatından, təhsil sahəsində beynəlxalq əlaqələrdən, keçid və yekun müddəalardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət minimum təhsil standartlarını müəyyən etməklə vətəndaşların ümumi orta təhsil almaq hüququnu təmin edir. Azərbaycanda təhsil sistemi dövlət tərəfindən idarə olunur və sistemin fəaliyyətinə nəzarət edilir.
Dövlət maddi vəziyyətindən, cinsindən, milliyətindən, irqindən asılı olmayraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə zəmanət verir.
Qeyd edək ki, 2000-ci illə müqayisədə 2009-cu ildə Azərbaycandsa 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərinə düşən ali və orta (tam və ümumi) təhsili olan 15 və yuxarı yaşda əhalinin sayı 909 nəfərdən 914 nəfərə yüksəlmişdir. Yuxarıdakı cədvəldən göründüyü kimi, son illərdə Azərbaycanda təhsil səviyyəsi (rəqəmlərlə) yüksəlmişdir. Təəssüf ki, müstəqillik illərində xüsusilə regionlarda təhsilin keyfiyyəti sovet dövrü ilə müqayisədə aşağı düşmüşdür. Onu da qeyd edək ki, ölkənin davamlı inkişafının əsas amillərindən biri təhsilin keyfiyyətidir. Təhsilin inkişafının əsas problemlərindən biri regionlarda təhsilin aşağı səviyyədə olmasıdır.
Hazırda Azərbaycanda 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 914 nəfərininin ali və orta (tam və ümumi) təhsili, o cümlədən 117 nəfərinin ali təhsili, 118 nəfərinin orta ixtisas təhsili, 522 nəfərinin tam orta təhsili 148 nəfərinin ümumi orta təhsili vardır. (Cədvəl 8.3)