Meyvə şirəsinin hazırlanması. Naxçıvan göycəsi sortunun meyvələri tam yetişdikdə sulanır və şirinləşir. Tam yetişmiş meyvələrdə şəkərlilik 13-15 faizə yüksəlir. Naxçıvan göycəsi sortunun tam yetişmiş meyvələri ağacdan yığılır, sonra yuyularaq meyvələrin kütləsinə uyğun olan qazana tökülür. Sonra onun üzərinə hər bir kiloqrama yarım stəkan nisbətində su əlavə edilərək qaynayana qədər qızdırılır. Sonra bu meyvələr aşsüzənə tökülərək əzilir və şirəsi çıxarılır. Bu şirə yenidən ələkdən keçirilir. Toplanılmış şirə kütləsi yenidən qazana tökülərək qaynadılır. Qaynadılmış şirə sonradan müxtəlif ölçülü şüşə qablara doldurularaq yenidən qazanda su içərisində 20-30 dəqiqə müddətində sterilləşdirilir. Bunun ardınca şüşə qablar qazandan çıxarılaraq ağzı kip bağlanılaraq soyudulur. Şüşə qablardakı bu qayda ilə hazırlanmış göycə şirəsini sərin yerlərdə uzun müddət saxlamaq olar. Qış aylarında belə meyvə şirələrindən istifadə olunması insanın sağlamlığı üçün çox faydalıdır (Şəkil 3.2).
Şəkil 3.1. Göycə qurusu Şəkil 3.2. Göycə şirəsi
Kompot hazırlanması.Alçanın və ya Naxçıvan göycəsi sortunun tam yetişmiş meyvələri ağacdan toplanılaraq təmiz yuyulur. Yuyulmuş meyvələr qazana tökülərək üzərinə su əlavə edilir və 20-30 dəqiqə qaynadılır. Bunun ardınca hazırlanmış komport şirəsi şüşə qablara doldurularaq, ağzı kip bağlanmaqla sərin yerdə saxlanılır. Belə komport şirəsini uzun müddət saxlamaq olar (Şəkil 3.3).
Lavaşa hazırlanması.Lavaşanı müxtəlif meyvə və giləmeyvələrdən (alma, armud, heyva və s.) hazırlamaq olar. Ancaq ən dadlı lavaşa alça və gavalıdan alınır. Bu iş aşağıdakı qaydada aparılır.
Alça və ya Naxçıvan göycəsi sortunun meyvələri ağaclardan yığılır, təmiz yuyulur, sonra üzərinə az miqdarda su tökülərək vam istilikdə bişirilir. Sonra bişirilmiş məhlul süzgəcdə əzilərək çəyirdəkləri çıxarılır, bunun ardınca narın ölçülü ələkdən keçirilir. Alınmış qatı meyvə məhlulu qazanda tez-tez qarışdırılmaqla bişirilir. İşin gedişində çalışmaq lazımdır ki, qazanın dibi yanmasın. Lavaşanın hazır olmasını məhlulu qarışdırarkən qaşığa yapışıb dartılması ilə müəyyən etmək olar. Bişirilmiş lavaşa məhlulu üstünə perqament kağızı sərilmiş taxta lövhəyə, yaxud dayaz boşqaba tökülür və üzəri bıçaqla hamarlanaraq açıq havada qurudulur. Qurudulmuş lavaşa dairəvi bükülərək otaq şəraitində saxlanılır. Lavaşa zövqə uyğun olaraq müxtəlif xörəklərin bişirilməsində, ona azca turşuluq dadı verilməsi üçün istifadə olunur (Şəkil 3.4).
Şəkul 3.3 Göycə kompotu Şəkil 3.4. Lavaşa qurusu
Alça turşusu.Naxçıvan göycəsi sortunun tam yetişməmiş meyvələri yığılaraq təmiz yuyulur, sonra müxtəlif ölçülü şüşə qablara yığılır. Həmin qabda onun üzərinə şüyüt, reyhan, bibər, sarımsaq, sirkə və duz tökməklə üzərinə qaynar su əlavə edilir, sonra 20-25 dəqiqə qaynadılaraq sterilləşdirilir. Sonra ağzı kip bağlanaraq sərin yerdə saxlanılır. 20-25 gündən sonra turşu hazır olur. Belə hazırlanmış turşu otaq şəraitində sərin yerdə saxlanılır və qış dövrü ondan turşu kimi istifadə edilir (Şəkil 3.5).