Əbivərd qalasının tutulması:
Əmirlər gerı qayıdaraq, onun arxasınca yollandılar, amma
Nurməhəmməd xan əmirlər gəlib-çatana qədər özünü qalaya çatdıra
bilmişdi. Əmirlər onun rikabxanəsinin [bir neçə atını] və yaraqlarını,
ələ keçirdilər. Əbivərd qalasının mühasirəsinə başlayan əlahəzrət
İraq, Fars və Xorasan ləşkərlərini çağırmaqdan ötrü məktublar
yollayaraq, belə qərara gəldi ki, müqəddəs Məşhəd hakimi Budaq
xan və Nişapur hakimi Mirzə Məhəmməd Sultan Bayat gərək
Hüseynxanın köməyinə - Mərvə getsin. Astrabad hakimi Hüseyn
xan Qacara əmr olundu ki, Nisa qalasına yollansın. İsfərayinin və
bəzi yerlərin hakimləri onun köməyinə təyin olundular.
Müqəddəs ordu mülazimləri Əbivərd qalasının fəthi ilə
məşğul olmağa başladılar. İqbal əskərləri hər gün hümayun orduya
gəlib çatır, şeybələri irəli aparır, lağimlar atır, çuvalları üst-üstə yığır
və qalatutma vəsaitləri hazırlayırdılar. Mühasirədə qalanların
vəziyyəti ağırlaşdı. Onlar ləşkərin dağılışmasını və Nurməhəmməd
xanın vəziyyətinin pisləşməsini eşidib [şahdan] əfv və aman xahiş
etdilər, mühasirənin iyirmi dördüncü günü qalanı təhvil verdilər,
Məhəmməd Sadiq bəy və Qasim bəy [əyinlərinə] aman xalatı
geyərək [gəldilər və] şahın mülazimləri silkinə daxil olundular.
Mülazimlik şərəfinə yetən və şaha xidmət edən Hafizək
Sultanın qardaşı İbrahim bəy əmarət rütbəsi ilə sərəfraz oldu və
Xorasanın Cahan Ərğəban ülkası ona verildi. Əbivərd qalasının
fəthindən sonra cah-cəlal ordusu zəfər və iqballa Şahican Mərvinə
yollandı və müzəffər əskərlərlə gəlib qala ayağında dayandı. Qələbə
nişanlı məiyyətin gəlişindən və Əbivərd qalasının fəth olunmasından
xəbər tutan Nurməhəmməd xan fikir dəryasına qərq oldu, heyrət
barmağını dişlədi, peşimançılıq, acizlik və fağırlıq (məskənət)
994
göstərməkdən başqa heç bir çarəsi qalmadı, çölə adam yollayıb
etimadüddövlə Hatəm bəyi və Bəstam ağa Türkmanı yanına çağırdı.
Onlar getmək üçün rüxsət alaraq, qalada onunla görüşdülər, şahın
mübarək xatirini öz yersiz əməl və hərəkətləri ilə incitdiyinə görə
onu xeyli məzəmmət (nekuheş) etdilər, əlahəzrətdən xanın təqsirinin
ərv olunmasını xahiş edəcəklərini boyun oldular, onu şahın yanına
getməyə rəğbətləndirdilər. Nurməhəmməd xanın fitnəkar adamları,
xüsusilə Mir Qiyas Vəzir və xanın rüknüddövləsi və bədrəl-mülkü
(?) olan Qazi Nədr şahanə qəzəbdən qorxaraq, qalanı tərk etməyə və
təhvil verməyə qətiyyən razı deyildilər, amma şahın zəhmi və
qüdrəti onları qəflət yuxusundan oyatdı və istər-istəməz qaladan
çıxmağa razı oldular. Xan həmin gün xəcalət və utancaqlıqla
qaladan çıxdı, etimadüddövlə və Bəstam ağa ilə birlikdə şahın
yanına getmək şərəfi ilə şərəfləndi, xəcalət və utanc (enfeal)
səcdəsinə başladı. Əlahəzrət ondan baş vermiş yersiz hərəkətlərə və
Bəlx valisi Əbdüləmin xana yazdığı məktublara baxmayaraq,
"Əfv eyləməyin ləzzəti yox intiqamdə"
654
deyimini nəzərə aldı və xana müxtəlif hədiyyələr verib
ürəyini aldı, onu padşahanə cəza sarıdan xatircəm etdi, həmin gecə,
qəbul olunmuş qayda üzrə onunla açıq söhbət etdi və yuxunun
gəldiyi vaxt qalaya getməsinə icazə verdi.
Nurməhəmməd xan qəflət məstliyindən bir az özünə
gəlmişdi ki, ağıllı xeyirxahlarının təhriki və təlimi ilə qalaya
getməkdən imtina etdi və getmədi. O günün ertəsi cümə günü idi.
Əlahəzrət Mərvin came məscidinə təşrif apardı. Orada hümayun
şahın adına on iki imam - onlara dünyanın sahibi Allahın salavatı
olsun – xütbəsi
655
oxundu və Süleyman şanlı xaqan mərhum Şah
İsmayılın həştad il öncə baş vermiş vəfatından həştad il keçməsinə
baxmayaraq, ilk dəfə həzrət imamlar xatırlandı, İlahinin inayəti və
həzrət şahın iqbalının gücü ilə əlahəzrətin şöhrəti daha da yüksəldi
ki, buna Allahın həmdi olsun.
656
Amma, mərvlilər və o diyarın
əhalisi qeyri məzhəbdən olduqları üçün qızılbaş tayfasından
654
Misranın farscası:
"Dər əfv ləzzətist ke, dər enteqam nist".
655
İfadənin ərəbcəsi: "əleyhim sələvatul-l-lahil-mulk-əl-əkbər".
656
İfadənin ərəbcəsi: "əl-həmdu li-l-ləhi alə zəlikə".
995
qorxurdular. Ədalət və rəiyyətpərvərlik qaydalarına uyğun olaraq
onları hümayun şah tərəfdən arxayın etdilər, məzhəb ixtilafına görə
heç kimə toxunmamaq barədə hökm verildi, həmin vilayətin idarə
olunması və mülkiyyəti Maruçaq hakimi Bəktaş xan Ustaclıya
tapşırıldı, şəhərin və qalanın sakinlərinin can və mallarına aman
verildi. Qərara alındı ki, hərbiçi olan və dövlətdən məvacib alan
(məvacibxar) hər kəs öz silahını təhvil verib istədiyi yerə gedə bilər,
amma bundan sonra qalada qala bilməz, rəiyyətlərsə azaddırlar və
asudəliklə öz işləri ilə məşğul olsunlar.
Sonra şah qalanı möhkəmlətməyə yollandı, qalanın ətrafını
müzəffər əmir və əskərlər arasında böldülər və orada dərin xəndəq
qazdılar, bürc və barıların təmirini bitirərək, oraya kifayət qədər
ehtiyat ərzaq və qaladarlıq silahları yığdılar, Nurməhəmməd xanı isə
fərzəndləri və başqa adamları ilə birlikdə köçürüb İraqa yolladılar.
Qərara alındı ki, o, oradan Fars [vilayətinə] getsin, gözəl şəhər olan
Şirazda qalsın və cənnət misallı həmin şəhərdə yaşasın. Xanın hər
günlük məsrəfi üçün əcəm əhlinin bir Tabriz tüməninə bərabər olan
on min İraq dinan təyin olundu. Həqiqətən də, əgər vəziyyətdən
xəbərdar olan adamlar işlərə dərindən nəzər salsalar görərlər ki,
[Nurməhəmməd xanın] bəyənilməz hərəkətləri müqabilində ona
qarşı olduqca mürüvvət və iltifaqla hərəkət olunmuşdur.
Nurməhəmməd xan şahanə ülfət və iltifaq nəticəsində
dünyəvi və mənəvi səltənət baxımından üstünlük əldə etdi. Bəzi
əmirlərlə Nisa qalasının fəthinə yollanmış Hüseyn xan Ziyadoğlu
Qacar həmin qalanı ələ keçirdi, Nisa, Əbivərd və Bağbad vilayəti isə
Bəktaş xanın oğlu Mülkəş Sultana inayət olundu. Mərvin işlərini
tənzimlədikdən sonra qayıdış cilovunu geriyə döndərib Pəsakuh
yoluyla müqəddəs Məşhədə təşrif aparan şah orada mələk aşiyanlı
imaməl-cinn və-n-nasın məzarını təvaf etdi və İraqa yollandı,
qalibiyyət və iqballa Qəzvin darüssəltənəsinə çatdı, bir ay orada
dayandı, oradan İsgahan darüssəltənəsinə getdi və həmin
cənnətnişan şəhər yenidən zəfər nişanlı məiyyətin qədəmlərindən
təravət və tazəlik (nəzahət) tapdı. [Əlahəzrət] qışı eyş-işrət və
şadkamlıqla başa vurdu. Bu hadisələr baş verən vaxtlarda
Məhəmməd İbrahim xanın vəfat etməsi və Baqi xanın Bəlx
vilayətinə gələrək oranı tutması xəbəri əlahəzrətə gəlib-çatdı.
BƏLX HADİSƏLƏRİ, MƏHƏMMƏD İBRAHİM XANIN
VƏFATI, BAQİ XANIN O VİLAYƏTİ ZƏBT ETMƏSİ VƏ
996
ÖZBƏK SULTANZADƏLƏRİNİN MƏİYYƏTİNDƏ
YARMƏHƏMMƏD MİRZƏ VƏ YOLDAŞLARININ ALİ
DƏRGAHAGƏLMƏLƏRİNİN ZİKRİ
Elə ki, yuxarıda yazıldığı kimi, Məhəmməd İbrahim xanın
Bəlxdəki işləri onun ürəyi istəyincə yerinə yetdi və Xudaynəzər bəy
xanın atalığı, divanbəyisi, mali və mülkü məsələlərinin ixtiyar sahibi
oldu, Bəlxin böyük özbəkləri, xüsusən Məhəmməd İbrahim xanın
işlərinin qaydaya düşməsində (təmşiyət) səylər etmiş olan
Yarməhəmməd Mirzə Xudaynəzər bəyin hökmranlıq (təsəllot) və
iqtidarına tab gətirə bilməyərək, böhtançılıq (səayət) etməyə başladı,
xanı öz cahilanə sözləri ilə Xudaynəzərə qarşı döndərdi. O, xana
xatırlatdı ki, Xudaynəzər bəyin aradan götürülməsi cənab xanın
ixtiyar, şövkət və iqtidarının artmasına səbəb olar. Məhəmməd
İbrahim xan da həsədkar adamların qərəzli sözlərini ürəyində
saxlayıb, Xudaynəzərin dəf olunması üçün fikrə daldı, ali saraya bu
barədə ard-ardınca məxfi məktublar göndərib bu işin yerinə
yetirilməsi üçün icazə istədi. Amma, əlahəzrət buna razılıq vermirdi.
Məhəmməd İbrahim xan nəhayət təkrar məktub və elçilər yollayıb
[şaha] ərz etdi ki, onun və bu vilayətin özbək əyanları arasında birlik
(elteyam) mümkün deyildir. [Belə olan halda] əgər Xudaynəzərin
dəf olunması ləngiyərsə, ehtimal ki, işlər fəsadla nəticələnər və
böyük zərər baş verər.
Nəvvab şah onun cavabında belə yazdı: "Bizim əsl
məqsədimiz o səadətli fərzəndin (yəni. Məhəmməd İbrahim xanın -
Ş.F.) dövlət çırağını yandırmaqdır ki, qoy həmin çıraq iş bilən
adamların səyi ilə kamkarlıq məclisinin işığını artırsın. İş adamı olan
o şəxsi (Xudaynəzər bəyi - Ş.F.) biz o fərzəndin dövləti naminə
zəruri bilmişdik. Bu haqda yaxşı-yaxşı fikirləş. Dövlətin əmin-
amanlığı naminə yol seçməkdə müstəqilsən".
Bəlx padşahı Məhəmməd İbrahim xanın vəfatı:
Həqiqətdə yox cavabı kimi yazılan məktubun gəlib-
çatmasından sonra Məhəmməd İbrahim xan o işə ürək edərək
Xudaynəzər bəyin qətlinə iqdam etdi, amma, əslində özünün
hakimiyyət ayağına balta çaldı. Xan yaxşı-yaman günlərdə yanında
olan həmin hüşyar, tədbirli, döyüş meydanının bəzəyi olan bir adamı
ayaqdan saldı və onun dövlət işlərinin ipi cahil nadanların və
997
özündən razı qatil cahillərin əlinə keçdi, Yarməhəmməd Mirzə
divanbəyi və dövlətin bütün işlərinin sahibinə çevrildi, özündən razı
çevik adamların hər biri müxtəlif istəklərlə həsəd və ziddiyyət
qapılarını açdı, bir-birləri ilə nifaq bazarını qızışdırdı. Məhəmməd
İbrahim xan isə cəhalət badəsinin məstləri olan bir neçə adamla
həmməclis olub, cavanlıq əyyamının tələbi ilə, bütün vaxtını eyş-
işrətə sərf edərək, dövlət işlərinin nizamlanmasına az əhəmiyyət
verirdi.
Allahın köməyi ilə qələm yuxarıda yazmışdı ki, özbəklərin
dövlət işlərinin ipi Baqi xanın ixtiyarına keçdi və ilahi qüdrət
karxanəsinin tamaşaları daha da artdı. Məhəmməd İbrahim xan
içkiyə ifrat qurşandığından onun səhhəti daim pisləşməkdə idi. Xanı
qızdırma tutdu, onda güclü yatalaq (həsbe) və qara çiçək (able)
xəstəliyi zahir oldu, yüz həsrətlə öz cavanlıq ömrü ilə vidalaşdı. O
vaxt Hisare-Şadimana ləşkər çəkən və qalanı mühasirəyə alan Baqi
xan bu hadisəni eşidib şadiman oldu, fürsəti qənimət bilərək qalanın
mühasirəsini saxladı, Bəlxin fəthinin daha üstün olduğunu düşündü,
sürətlə Bəlxə tərəf rəvan oldu. O, qardaşı Vəli Məhəmməd xanı
ləşkərə münqəlay edərək irəli yolladı.
Məhəmməd İbrahim xanın vəfatından
sonra Baqi xanın Bəlxi fəth etməsi:
Yarməhəmməd Mirzə və Bəlxin özbək böyüklərinin
bu böyük məsələdən təşvişləri artdı və çarə axtarmağa başladılar.
Baqi xana etimad etməyən, əvvəlcə Hisari - Şadimanda qalan,
Məhəmməd İbrahim xan istilasından sonra bu xana itaət etməyi
özləri üçün [hakimiyyətə çatmaq naminə] bir vasitə (dəstaviz) bilib,
bilib Bəlxə gələn Canibəyi sultanlarının qohum-əqrabaları, habelə
bəzi yaxın və mötəbər adamlar, xüsusilə Yarməhəmməd Mirzə,
Şirəfkən Mirzə, Übeydulla Sultanın nəqibi Şah Xacə öz aralarında
məsləhətləşərək Bəlxin müdafiəsindən ötrü şəhərdən çölə çıxdılar.
Amma, Yarməhəmməd Mirzənin yersiz hərəkət və davranışından
incik olan ləşkərin əksəriyyəti və başqa arif adamları Baqi xana
müxalif olmağı vaxta görə münasib bilməyib, batinən ona itaətdə
olduqları üçün, [yuxarıda adı çəkilən mötəbərlərin] tərəfini
tutmadılar. [Buna görə də,] Übeydulla Sultanla şəhərdən çölə çıxan
az miqdar adam Baqi xan ləşkərinin hücumuna tab gətirməyib,
özbəklərin münqəlay qoşununun gəlib-çatmasından sonra bir-
998
birlərindən ayrılaraq məğlubiyyət yoluna düşdülər, Übeydulla
Sultan isə döyüş meydanında yoxa çıxdı, bəlkə də öldürüldü.
Xorasana getmək və dünyanı tutan şəhriyarın (Şah Abbasın
- Ş.F.) iqbal kölgəsi altına pənah aparmaqdan başqa çarə görməyən
Yarməhəmməd Mirzə və yoldaşları pərişan halda fərar yoluna
düşdülər. Onlar Şibirğanda olan Məhəmməd İbrahim xan
qohumlarından Seyid Məhəmməd Sultanın oğlu Cahangir Mirzəni,
habelə Əndxodda yaşayan Məhəmməd Səlim Sultanı -
Pirməhəmməd xanın oğlunu -Ərəb Məhəmməd Atalıqla birlikdə
Xorasana yolladılar və Vəli Məhəmməd xan zəfər və qələbə ilə
qardaşına fəth və qalibiyyət müjdəsi yolladı, Baqi xan tam əzəmət
və kamranlıqla Bəlxə daxil oldu. O, ləşkərin qalan hissəsini
padşahanə ülfət və xeyirxahlıq sarıdan ümidvar edərək, onları öz
tərəfindən də arxayın etdi. Beləliklə, həmin vilayətin bütün
özbəkləri qədəmlərini onun itaət və bağlılıq dairəsinə daxil etdilər
və Bəlx, Əndxod, Şibirğan, Meymənə, Faryab və Murğab çayınadək
bu yerlərə yaxın olan torpaqlar Baqi xan tərəfindən zəbt olundu.
Həmin vilayətin fəthi nəticəsində bütün Qunduz, Bəqlan, Xetlan,
Hisari - Şadiman ta Bədəxşan hüdudunadək Mavərənnəhrə və başqa
məmləkətlərə əlavə olundu, Baqi xanın şöhrəti Sürəyya bürcünə
qədər ucaldı.
Amma, Şah Xacə, Yarməhəmməd Mirzə, Ərəb Məhəmməd
Atalıq və sultanzadələr məiyyətinin adamları Herata çataraq,
özlərinin yol yorğunluqlarını cahanpənah dərgahda aldıqdan sonra
İsfahan darüssəltənəsində şahın astanasını öpmək səadətinə
yetişdilər və şahanə iltifat və nəvazişə çatdılar, bir neçə gün bu
təhlükəsiz (biməhal) dövlətin və hümayun fallı şah çətirinin kölgəsi
altında hadisələr günəşinin və ruzigar möhnətinin bəlasından (asib)
qorundular ki, onların gələcək vəziyyətləri öz məqamında gələcəkdə
qələmimizlə bəyan olunacaqdır.
999
Şərq – Qərb
1986-cı ildən
Şərq-Qərb" Nəşriyyat evində çapa
hazırlanmışdır
Buraxılışa məsul: Rasim Müzəffərli
Texniki redaktor: Rövşən Ağayev
Kompyuter səhifələnməsi: Allahverdi Kərimov
Üz qabığının dizaynı: Nərgiz Əliyeva
Korrektor: Nazilə Fazil
Çapa imzalanmışdır 30.06.2011
Formatı 60x90
1/
16
. Fiziki çap vərəqi 71,5
Sifariş N 023.Tiraj 500
"Şərq-Qərb" Nəşriyyat evinin
mətbəəsində çap olunmuşdur
AZ 1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17 Tel.:
(+99412) 370 68 03; 374 83 43 Faks: (+99412)
370 68 03; 370 18 49
www.eastwest.az
Dostları ilə paylaş: |