Qaynaqlar
-
Ağayev H. Azərbaycan mütəhərrik oyunları. Bakı, Azərnəşr, 1958, 67 s.
-
Azərbaycan xalq ədəbiyyatından seçmələr (qaravəllilər, oyunlar və xalq tamaşaları) /Tərtib edənləri: H.İsmayılov, T.Orucov. Bakı, “Şərq-Qərb”, 2005, 312 s.
-
Gəncəvi.N. Xosrov və Şirin. Bakı, “Lider nəşriyyat”, 2004, 392 s.
-
Kitabi-Dədə Qorqud Ensiklopediyası. II cilddə. I cild. Bakı, “Yeni nəşrlər evi”, 2000, 624 s.
-
Ordubadi M.S. Qılınc və qələm. 2 hissədə. I hissə. Bakı, Şərq-Qərb, 2005, 344 s.
-
Ordubadi M.S. Qılınc və qələm. 2 hissədə. II hissə. Bakı, Şərq-Qərb, 2005, 416 s.
ŞƏRUR VƏ KƏNGƏRLİDƏ MƏRASİMLƏRLƏ BAĞLI İCRA OLUNAN XALQ OYUN VƏ TAMAŞALARI
Gülnurə Canməmmədova
AMEA Folklor İnstitutu
deniz_11_83@mail.ru
Özət
Məqalədə Naxçıvanın Şərur və Kəngərli bölgəsində icra olunan xalq oyun və tamaşaları təhlil olunur. Onların oxşar və fərqli xüsusiyyətləri araşdırılır. Xalq oyun və tamaşalarının əsasən xalq mərasimləri ilə bağlı olaraq yaranıb təşəkkül tapması qeyd olunur. Mərasimlərdən yaranan və mərasimlər daxilində olan müxtəlif xalq oyun və tamaşaları təsvir edilir. “Dodu-Dodu” (“Günəşbanu”), “Kosaçıxartma” kimi xalq oyunları, məişət mərasimlərində, yəni toylarda, el şənliklərində icra edilən “Qazı-Qazı”, “Qaladan-Qalaya”, “Bəyin oğurlanması”, “Fincan-fincan”, “Kosaçıxartma”, “Xanbəzəmə” adlı xalq oyunları ətraflı şəkildə izah edilir.
Açar sözlər: folklor, xalq oyunları, tamaşalar, adət-ənənə, mərasimlər, “Dodu-Dodu”, “Günəşbanu”, “Qazı-Qazı”, “Qaladan-Qalaya”
Гюльнура Джанмамедова
Народные игры и спектакли, связанные с обычаями в Шеруре и Кенгерли
Резюме
В настоящей статье рассматриваются спектакли и народные игры, исполняемые в районах Шерур и Кенгерли. Исследуются их схожие и различные особенности. Отмечается, что формирование народных игр и спектаклей, в основном, связано с народными обычаями. Также описываются разные народные игры и спектакли, созданные на основе обычаев и существующие в самих обычаях. Всесторонне рассматриваются и разъясняются такие народные игры, как «Доду-Доду», «Гюнешбану», «Косачыхартма» в бытовых обычаях, а также исполняемые на свадьбах, народных весельях народные игры «Газы-Газы», «От крепости-к крепости», «Похищение жениха», «Чашка-чашка», «Косачыхартма», «Наряжение хана».
Ключевые слова: фольклор, народные игры, спектакли, традиция, обычаи, «Доду-Доду», «Гюнешбану», «Газы-Газы», «От крепости-к крепости»
Gulnure Janmemmedova
Folk games and performances about ceremonies acted in
Sharur and Kangarli regions
Summary
In the article it is said about the folk games and performances about ceremonies acted in Sharur and Kangarli regions of Nakhchivan. Their alike and different characters are investigated. In the article the folk games and performances, especially folk ceremonies and their origin are noted. Different folk games and performances created from the ceremonies are described. Some folk games such as “Dodu-dodu” (“Guneshbanu”), “Kosachikhartma” and other folk games acted in folk ceremonies, it means in weddings, folk parties such as “Gazi-Gazi”, “Galadan-Galaya” (From one Tower to the other Tower), “Beyin ogurlanmasi” (“Kidnapping of bridegroom”), “Finjan-finjan” (“Cup”), “Kosa chikhartma”, “Khanbezeme” (“Decorating of the King”) are analyzed in details.
Key words: folklore, folk games, performances, tradition, ceremonies, “Dodu-Dodu”, “Guneshbanu”, “Gazi-Gazi”, “Galadan-Galaya”
Azərbaycan xalq oyunları xalqımızın qədim adət və ənənələri, ayin və mərasimləri ilə bağlı olaraq yaranmışdır. Bu oyunlar xalqın təfəkkür və həyat tərzini özündə əks etdirir. Xalq oyunları xalqın təsərrüfat və əmək həyatında, məişətində, adət və ənənəsində, müxtəlif mərasimlərində təşəkkül tapmışdır. Məsələn, xalqın əmək həyatında mövsümlə bağlı icra olunan “Dodu-Dodu” (“Günəşbanu”), “Kosaçıxartma” kimi xalq oyunları icra olunur. Məişət mərasimlərində, yəni toylarda, el şənliklərində “Qazı-Qazı”, “Qaladan-Qalaya”, “Bəyin oğurlanması”, “Fincan-fincan”, “Kosaçıxartma”, “Xanbəzəmə” adlı xalq oyunlarını nümunə çəkə bilərik. Mərasimlərdə xalq oyunlarının təşəkkül tapmasını, oyunların məhz qədim adət və ənənələrdən, ayin-rituallardan qaynaqlandığını görürük. Göründüyü kimi, mərasimlərdə xalq oyun və tamaşaları mühüm yer tutmuşdur. Belə ki, xalq oyunları mərasimlərin daxilindədir. Mərasim-oyun-tamaşa bir bütövdür, biri digərinin davamıdır. İstərdik ki, mərasimlər daxilində yaranmış xalq oyunlarından ətraflı bəhs edək.
Ölkəmizin Naxçıvan bölgəsində, əsasən Şərur və Kəngərlidə məişət mərasimlərinin – xalq bayramlarının, toyların əsasını “yallı” rəqsləri təşkil edir. Yallı rəqs sistemi xalqımızın birliyini, gücünü, əzəmət və qüdrətini özündə əks etdirən milli-mənəvi mədəniyyət hadisəsidir. Qobustandakı “qayaüstü” təsvirlər bu qədim mədəniyyətin əsas göstəricisidir. Bu baxımdan xalq oyunlarının ən qədimi rəqsdaxili oyunlardır. Rəqsdaxili oyunlar qrupuna aid edilən “yallı”lar əsasən el şənliklərində icra edilir. Milli xalq rəqsimiz olan “yallı” xüsusən toylarda və şənliklərdə instrumental ansamblın və yaxud da mahnı ahənginin müşayiəti ilə ifa olunur. Mədəniyyətşünas, “yallı” rəqs tədqiqatçısı Ədalət Kərimli “Yallı” adlı monoqrafiyasında “yallı” rəqsini xareoqrafiya məzmununa görə iki növə - süjetli və rəqs yallılarına ayırır. “Süjetli yallılar müəyyən hadisəni təsvir etdiyinə görə teatrlaşmış xalq oyunları formasını alır və buna görə də “oyun yallı” adlanır. Rəqs yallısında isə qəhrəmanlıq motivləri, xalqın əhval-ruhiyyəsi, gənclik, çeviklik təsviri və tərənnümü ifadə edilir” (1, 25). Göründüyü kimi, yallı rəqslərində oyunla rəqs bir-biri ilə çox əlaqəli şəkildə bağlıdır. “Rəqsdaxili oyunların araşdırılması göstərir ki, başlanğıcda həmin rəqslər ki, oyun elementləriylə iç-içədir, bu rəqslər sinkretik xarakter daşımış, mərasim və ayinlərin icrasının ayrılmaz komponenti olmuş, özündə uyğun ritual-mifoloji semantikanı birləşdirmişdir” (2, 108). Zaman-zaman yallı xalq rəqsinin tərkibində olan bəzi süjetli oyun yallıları rəqs yallılarından ayrılaraq müstəqil mövcudluq qazanmışdır. Bu baxımdan bu tipli süjetli oyun yallılarını teatrlaşmış xalq oyun yallıları adlandırmaq mümkündür. Məlum bir hadisəni özündə əks etdirən sujetli teatrlaşmış xalq oyun yallılarına nümunə olaraq “Qazı-Qazı”, “Qaladan-qalaya”, “Çöpüdü” oyun yallılarının adını çəkə bilərik.
Şərur və Kəngərli toylarında “Qazı-Qazı” oyun yallısı mühüm əhəmiyyətə malik çox geniş yayılmış, oyun formasında icra edilən təqdirəlayiq yallı oyunudur. “Qazı-qazı” oyunu rəqsdaxili xalq yallılarının tərkibindədir. Lakin rəqsdaxili yallıların tərkibindən müəyyən qədər ayrılaraq teatrlaşmış oyun formasını almışdır. Bununla yanaşı rəqs oyun yallılarının mühüm əlamətlərini özündə qoruyub saxlamışdır. Nümunəyə diqqət edək: Bu yallı oyununu toyun sonunda əsasən cavan oğlanlar oynayır. Bu oyunda dəstələr olur. Dəstənin də başında əlində çubuq dayanan “yallıbaşı” olur. Dəstələr qaz şəklində musiqi ahəngi altında sıra ilə bir-birinin arxasınca oynaya-oynaya gedirlər. Dəstəbaşçısı başda, oyunçular isə sıra ilə onu müşayiət edirlər. Dəstə başçısı çubuğu əlində öndə qaz şəklində hərəkət edir, dəstə üzvləri də eyni onun kimi hərəkət edirlər. Bu oyunun öz mahnı ritmi var. Dəstə başçısının cibində müəyyən əşyalar olur. Bu əşyalardan yalnız dəstə başçısı xəbərdar olur. Dəstə üzvləri bilmir ki, onda hansı əşyalar var. Sakitcə ritm altında oyunçular bir neçə dövrə vururlar. Mahnının ritmi dəyişdikcə ifaçılar əlində çubuq tutmuş başçının göstərişi ilə müəyyən hərəkətləri yerinə yetirirlər. Qəfildən dəstə başçısı cibindən bir əşya çıxardıb dəstə üzvlərinə göstərir. Əgər göstərilən əşya dəstə üzvlərində olmasa, dəstəbaşçısı onları çubuqla cəzalandırır. Dəstəbaşçısı qəsdən cibinə elə bir əşya qoyur ki, o əşya dəstə üzvlərində olmasın və oyunçular yaxşıca cəzalansın. Dəstə üzvləri də ciblərinə müəyyən əşyalar qoyurlar. Mahnı ritmi altında oynanılan “Qazı-qazı” oyununda dəstəbaşçısı anidən cibindən açar çıxardıb göstərsə, dəstə üzvlərindən kimdə varsa, çıxardıb göstərərək canını qurtarır. Əgər o əşya dəstə üzvlərində olmasa, hökmən cəzalanır. Oyun zamanı dəstəbaşçısı oyun iştirakçılarını müəyyən işlər görməyə məcbur edir. Məsələn, əyilib torpağı öpmə, mayallaqaşma, oyunu izləyənlərdən kimisə öpmə. Əgər dəstə üzvü başçının əmrini yerinə yetirməsə, möhkəm çubuqlanacaq. Dəstəbaşçısı oyun zamanı oyunçulara bu kimi əmrləri verir: əyilib torpağı öpmə, mayallaqaşma, oyunu izləyən tamaşaçılardan müəyyən ediləni öpmə və digər hökmlər. Hər kəs bu oyunu oynaya bilmir. Çünki verilən tapşırıqları yerinə yetirə bilməyə bilər. Cəsarətli olanlar isə böyük şövqlə bu oyunu oynayırlar. “Qazı-qazı” oyun yallısı maraqlı, eyni zamanda əyləncəli oyun olduğu üçün bugünkü gündə də öz aktuallığını qoruyub saxlamışdır. Bu nümunədən göründüyü kimi “Qazı-qazı” yallı oyunu özündə teatr şəklini təsvir etsə də, rəqs elementlərini özündə qoruyub saxlamışdır.
Rəqsdaxili oyunlar içərisində “Çöpüdü” yallı oyunu da özünün teatr elementleri ilə zəngindir. Bu yallı oyununda da bir neçə dəstə olur. Bu dəstənin də başçısı “yallıbaşı” əlində bir çubuq başda gedir. Yallıbaşı oyun zamanı hər hansı bir istənilən hərəkəti edərək oyun iştirakçılarından onu etməyi tələb edir. Onun əmrini yerinə yetirə bilməyənlər çubuqlanaraq oyundan uzaqlaşdırılır. Məzmununa görə “Çöpüdü” “Qazı-Qazı” oyunu ilə oxşardır.
“Qaladan-qalaya” yallı süjetli və teatrlaşmış tamaşa şəklində ifa olunur. İki hissəlidir. Burada qadınlarla kişilər ayrı dəstələr halında rəqs edirlər. Bu yallıda qadınlarla kişilərin yumoristik mücadiləsi keçirilir. Hər dəstədən bir nəfər ortaya çıxaraq “döyüş”, “güləş”, “akrobatik” hərəkət və.s ilə yarışırlar. Burada azərbaycanlı kişilərin comərdliyi qabardılır və bütün bu mücadilə, yarışma qadınların qalibiyyəti ilə başa çatır” (1, 32). Bu nümunədən də aydındır ki, rəqslə oyun bir-biri ilə üzvü şəkildə bağlıdır.
Kəngərlidə toy mərasimi zamanı toy daha da maraqlı, şən olsun deyə toyda “Fincan-fincan” oynayar və “Kosa çıxardarlar”. Toyda “kosa çıxartma” oyunu toyun ən əyləncəli, gülməli anıdır. Bu zaman böyükdən kiçiyə hər kəs gülür, əylənir. Bu oyun əsasən qız toylarında və xına gecələrində qadınlar tərəfindən icra edilir. Belə ki, toy zamanı toy adamlarından bir nəfər qadın toydan gizlincə çıxıb hazırlaşmağa gedər. O, köhnə paltar geyinər və özünü çox gülməli və tanınmaz hala salar. Başına uzunsov kosa papağı qoyar, ayağına rəngli papış geyinər, qəfildən toyun ortasına düşüb oyunbazlıq edər, şən-şux mahnılar oxuyaraq oynayıb camaatı əyləndirər. Toy adamları xoş gülüşlərlə onu qarşılayar. Bu kosa çıxartma tamaşası toyu izləyənlərin əylənməsinə səbəb olar.
“Fincan-fincan” oyunu da əsasən qız toylarında qız-gəlinlər tərəfindən icra edilərdi. Qızlar böyük bir otağa yığışar, qarşılarına fincan düzərlər. Fincanın altına müxtəlif yeməli şeylər, bəzək-düzək qoyarlar. Növbə ilə qızlar gözübağlı şəkildə irəli keçib fincanlardan birini qaldırar. Əgər kasanın altından yeməli bir şey çıxsa, onu yeməli, başqa bir əşya çıxsa, şeir deməli, mahnı oxuyub oynamalıdır.
Şərur-Kəngərli toylarına xas olan “bəyin oğurlanması” oyun-adəti də mövcuddur. Bəyin oğurlanması oğlan toyunda baş verir. Belə ki, toy başlayandan toy qurtarana qədər bəyin dostları fürsət axtarırlar ki, bəyi oğurlasınlar. Bəyin sağdış-solduşu bəyi onu oğurlamaq istəyən dostlarından qoruyarlar. Dostlar nəhayət ki, bir fənd işlədib bəyi oğurlayarlar. Bir neçə dəqiqə onu gizli yerdə saxlayarlar. Ətrafa hay düşür ki, bəyi oğurlayıblar. Toy iştirakçıları maraqla bu oyuna tamaşaya yığılırlar. Bəyin sağdış-solduşu bəyi tapırlar, onu oğurlayan dostlarına nəmər verib azad edirlər.
Bildiyimiz kimi, xalq oyunları müxtəlif mərasimlərlə bağlı olaraq yaranmışdır. Bir sıra xalq oyunlarımız məhz mövsüm mərasimlərilə bağlı olmuşdur. Belə ki, təbiət hadisələri qarşısında daim aciz qalan insanlar təsərrüfatlarının bol-bərəkətli olmasını istəyərək, “günəşi çağırmaq”, “yeli çağırmaq”, “yağışı yağdırmaq”, “yağışı kəsdirmək” niyyətində olaraq ayrı-ayrı ovsun səciyyəli ayinlər, rituallar, oyunlar icra etmişlər. Mövsüm mərasimləri ilə bağlı olaraq yaranmış bu kimi oyunlardan “Dodu-Dodu” və “Kosaçıxartma” xalq oyunlarını nümunə çəkə bilərik.
“Dodu-Dodu” mövsüm mərasim oyunu bahar fəslində xüsusən yağışlı günlərdə oynanılır. Bu mövsüm mərasim oyununun digər adı “Qodu-Qodu”dur. Bu oyun Kəngərli bölgəsində “Dodu-Dodu”, “Dodu-çıxartma” adı ilə tanınır. Mövsüm yağmurlu keçəndə “Dodu-Dodu” mərasim oyununu əhali elliklə oynayırdı. Bu oyunu əsasən cavan oglanlar icra edərdilər. Onlar günəşi çıxarmaq, qırmızı günü görmək arzusu ilə ağaca rəngli paltar geyindirər, başına qırmızı çalma bağlayar, gəlin kimi bəzəyib qapı-qapı gəzib oxuyardılar. Gəlin kimi bəzədilmiş ağaca “dodu” deyirdilər. “Dodu” nu əllərində oynada-oynada deyirdilər:
Dodu-dodunu gördünmü?
Doduya salam verdinmi?
Dodu burdan keçəndə,
Qırmızı günü gördünmü?
Dodu-dodunu gördüm ay,
Doduya salam verdim ay,
Qırmızı günü görəndə,
Doduya salam verdim ay.
Nənəmin söylədiyinə görə “Dodu” oyunu zamanı uşaqdan böyüyə hamı səs-səsə verərdi. Dodunu oynadan şəxs qəflətən dodunu yerə vurar, sonra onu göyə qaldırıb oxuyar, qırmızı günü görmək diləyini bildirərdi. Sonra tamaşaya yığışan camaat bir ağızdan dodunu çağırar, onu görmək istəyi ilə Allaha yalvarıb-yaxarardı. Çox keçməzdi ki, Fatma nənə hanasını göy üzünə sərərdi, qırmızı gün yağışlı səmadan boylanardı. Şəbeh o zaman başlayardı. Hamımız bayram edərdik. Bir-birimizi təbrik edərdik. Bir sıra tədqiqatçıların “Dodu-Dodu” mərasim oyununu ovsun xarakterli mərasim oyun kimi səciyyələndirmələri təsadüfi deyil. Oyundan da göründüyü kimi, elliklə edilən duaları Allah eşidər, yağış kəsilər, göyün üzü açılardı. El arasında belə misal yaranmışdı hay-küy, təlxəklik edən şəxsə deyirdilər, “Dodu oynatma”, “Dodu onyadırsan?”. Bu mərasim-tamaşa Şərurda “Günəşbanu” oyunu adı ilə tanınmaqdadır. Bu iki oyun mahiyyət etibarilə eynidir. Günəşin çıxmağını arzu edən insanlar kartondan günəşə bənzəyən gəlincik düzəldirdilər. Belə ki kartonu sarı boya ilə boyayar, ona qaş-göz, ağız-burun çəkər və ipdən saç qoyardılar. Düzəldilmiş gəlinciyə “günəşbanu” deyirdilər onu əllərində oynada-oynada, oxuya-oxuya, qapı-qapı gəzib pay yığardılar.
Minnətdə koftalısan,
İşvəli baftalısan,
Ay sarı, sarı gəlin,
Elimin varı gəlin,
Ay günəş, günəşbanu,
Günəşim, günəşbanum.
Mövsüm mərasimi ilə bağlı olan digər xalq oyunlardan biri də “Kosaçıxartma” oyunudur. Bu oyun Kəngərlidə “Kosaçıxartma”, ölkəmizin digər yerlərində “Kosa-Kosa”, “Kosa oyunu” kimi tanınan məşhur xalq oyunu nümunəsidir. “Kosaçıxartma” mövsüm mərasim oyunu mahiyyət etibarilə “Dodu-Dodu” mövsüm mərasim oyunu ilə eynilik təşkil edir. Belə ki, hər iki oyun günəşi çağırmaq, doğacaq günəşin istisinin canlı təbiəti, torpağı oyadaraq ruzinin, məhsulun bol olmasını arzulamaq baxımından eyni xarakterə malikdir.
Kəngərlidə “Novruz” bayramına əlli gün qalmış el arasında “Kosa çıxartma” oyunu keçirirlər. Ənənə almış bu oyun-tamaşa günümüzdə də öz aktuallığını qoruyub saxlamışdır. Bu oyun əhalidə yüksək əhvali-ruhiyyə, xoş ovqat yaradırdı. Bu oyunu ucaboy olan, dil cəhətdən iti olan, bir az da məharətli olan cavanlar oynayır. Bu oyunda üç-beş nəfər iştirak edir. Xapdan (qəfildən) qapı döyülür, açırsan ki, kosa. Yanındakılar istənilən evin qapısını döyüb kosanı içəri ötürür. Bu kosaya məzəli paltar geyindirirlər. Başına gülməli miz papaq qoyurlar, əyninə də başdan-ayağa qədər qırmızı paltar geyindirirlər. Bu oyunun marağı ondadır ki, evin sahibi bilmir ki, qapısına bu gün kosa gələcək. Çiyninə xurcun atıb qəfil qonaq gəlmiş kosa gəldiyi qapıdan pay istəyir. Çıtmıq çalıb oxuyub, oynaya-oynaya deyir:
Kosa ölməkdədi,
Gözləri çölməkdədi,
Kosanın payın verin,
Diyilliyo, diyilliyo, diyilliyo.
Ev yiyəsi də gətirib kosanın torbasını doldurur. Torbaya undan, buğdadan, almadan, yeməli şeydən, qolundan nə qopursa doldurur. Kosa bir az da məzə çıxardıb, payını alıb, kəndi baş-ayaq edib gəzə-gəzə beləcə pay yığır.
Kəngərlidə bayram ərəfəsində icra olunan əyləncəli xalq oyunlarından biri də “Xanbəzəmə” xalq tamaşasıdır. Bu oyunda xan, vəzir, vəkil iştirak edir. Kənd camaatı bir meydana toplaşır. Bu oyunda xalq elliklə iştirak edir. Əhalinin içindən xan obrazını yaratmaq üçün bir şəxs seçirlər. Bu şəxs hökmlü, zəhmli, eyni zamanda hörmətli olmalı idi. Bu seçilən adam xan olur. Bu şəxsi xan bəzənən kimi bəzəyirlər. Ona qırmızı atlas paltar geyindirir, başına tac qoyur, ayağına məs, əlinə də əsa verirlər. Hazırlanmış xan meydana çıxır. Xalq onun başına yığışır. Xan oyuna başlayır. Oyun üç gün davam edir. Xan üç gün hökmranlıq edir. Xan cərgəyə dayanıb oyuna tamaşa edənlərdən birini seçib cəzalandırır. Öz əsasını onun kürəyinə dayayır, ona əmrlər verir. Bu cəzalanan şəxs zəngin olmalıdır ki, xanın tələblərini yerinə yetirə bilsin. Xan tərəfindən cəzalanan şəxs həmin gün otuz-qırx adamın xörəyini hazırlayır. Xan və onun tərəfdaşlarına zəngin süfrə açıb qonaqlıq verir. Üç gün sürən bu oyunda xan tərəfindən cəzalananlar xana qonaqlıq verir. Beləcə, xan və tərəfdaşları süfrə başında yeyib-içib əylənirlər. Üç gün keçdikdən sonra xanın tərəfdaşları xana müəyyən cəza verərək, suya basaraq, yaxud da paltarlarını çıxardaraq onu xanlıqdan çıxardırlar.
Sonda belə nəticəyə gəlmək olar ki, özündə xalqımızın zəngin mədəniyyətini, həyat tərzini əks etdirən xalq oyun və tamaşaları bu gün də öz aktuallığını qoruyub saxlamışdır. Xalq oyunları folklorumuzun, mənəvi mədəniyyətimizin, adət və ənənəmizin tərkib hissəsi olaraq yaddaşlarda yaşayaraq gələcək nəsillərə ötürüləcək.
Qaynaqlar
-
Ədalət Kərimli. Yallı. Bakı, Şirvannəşr, 2004.
-
Ələs Qasımov. Azərbaycan Xalq Oyunları. Bakı, 2006.
-
Gətirilən nümunələr şəxsi arxivdəndir.
UŞAQ OYUNLARI (ƏZİZƏ CƏFƏRZADƏ ROMANLARINDA)
Gülsümxanım Hasilova
AMEA Folklor İnstitutu
gulsumxanim@rambler.ru
Özət
Şifahi xalq yaradıcılığının mühüm bir hissəsini uşaq folkloru təşkil edir. Bütün oyun tipləri içərisində ən çox diqqəti çəkən uşaq oyunlarıdır. Əzizə Cəfərzadənin romanlarında adlarını çəkdiyi uşaq oyunları onun uşaqlıq yaddaşı ilə bağlıdır. Əzizə Cəfərzadə öz romanlarında oyunların təkcə adlarını çəkməklə kifayətlənməyərək onların ictimai həyatla bağlı təsvirlərini də verir.
Məqalədə Əzizə Cəfərzadənin “Cəlaliyə” romanında adlarını çəkdiyi “Cızığagirmə”, “Atlardan kimin atı”, “Beşdaş”, “Üzük-üzük”, “Gəldim qaç” kimi uşaq oyunları haqqında qısa məlumat verilir, “Vətənə qayıt” romanındakı “Xan, bir oğru tutmuşam” və “Beşdaş” adlı uşaq oyunlarından isə nümunələr göstərilir.
Araşdırmada, həmçinin, Əzizə Cəfərzadənin “Eşq sultanı” romanında ananın övladını sakitləşdirmək üçün söylədiyi oyun-tapmacanın da təsviri verilib və təhlil olunub.
Açar sözlər: oyun, məqalə, uşaq, folklor, tapmaca, Əzizə Cəfərzadə, roman
Гюлсумханум Гасилова
Детские игры (В романе Азизы Джафарзаде)
Резюме
Одну из важных частей устного народного творчества составляет детский фольклор. Среди этих типов игр больше всех привлекают внимание детские игры. Детские игры, упомянутые Азизой Джафарзаде в своих романах, детские игры связаны с ее памятью детства. В своих романах Азиза Джафарзаде не только упоминает названия игр а также дает их описания, связанные с общественной жизнью.
В статье дается краткая информация о таких играх как «Джызыгагирме», «Атлардан кимин аты», «Бешдаш», «Узук-узук», «Гелдим гач», упомянутых Азизой Джафарзаде в романе «Джелалийе», а также даются образцы из игр «Хан, бир огру тутмушам» и «Бешдаш» из романа «Ватана гайыт».
В исследовании также описываясь анализируется игра-загадка, рассказанная ребенку матерью, в романе Азизы Джафарзаде «Эшг султаны» с целью успокоить его.
Ключевые слова: игра, статья, ребенок, фольклор, А. Джафарзаде, загадка, роман
Gulsumkhanum Hasilova
Children’s games (in the novels by A. Jafarzadeh)
Summary
Children’s folklore is a part of oral literature. Children’s games are the most striking among the all game types. In the article the games which A.Jafarzadeh described are close with her memory dealing with the childhood. A.Jafarzadeh not only mentioned the names of games, but also gave their description in social life. The writer in her novel “Jalaliyye” mentioned the children’s games such as: “Jizighagirme”, “Atlardan kimin ati”, “Besh dash”, “Uzuk-uzuk”, “Geldim gach”. In her novel “Gayit” the samples from the games such as: “Khan bir oghru tutmusham”, “Beshdash” are given. In the article in the novel “Eshg sultani”the description of the game-riddle which the mother told to calm her child are given. At the same time the writer talked about the games such as.
Key words: children’s folklore, A.Jafarzadeh, game, novel, writer.
Şifahi xalq yaradıcılığının mühüm bir hissəsini uşaq folkloru təşkil edir. “Uşaq folkloru uşaqların yaş səviyyəsinə, zövqünə, biliyinə uyğun özünəməxsus janrlarla zəngindir. Bu janrlar sadəliyi, yığcamlığı, konkretliyi, oyunlarla bağlılığı, metodikliyi ilə bir-birinə yaxın olsa da, poetik sisteminə, uşaq məişətində oynadığı roluna, mövzu rəngarəngliyinə görə fərqlidir” (5, 121).
Oyun tipləri içərisində ən çox diqqəti çəkən də uşaq oyunlarıdır. “Mahiyyətinə görə, uşaqların, “yaşadıqları dünyanı dərk etmək yolu olan” bu oyunlar müxtəlif və rəngarəngdir. Milli mədəniyyətin ayrılmaz parçası olan uşaq oyunları ən arxaik folklor örnəklərindəndir. Bəşəriyyətin uşaqlıq dövrünün xatirələri folklorda yaşadığı kimi, uşaqlar da həmin çağların xatirələrini öz yaddaşlarında, bir də oyunlarda yaşadırlar” (4, 158).
Əzizə Cəfərzadənin xalq ədəbiyyatı, folklora vurğunluğu onun yaşadığı mühit, əhatəsində olduğu insanlar, xüsusilə ana-nənələrin bitib tükənməyən xəzinənin təsirindən formalaşmışdır. Zamanla öz çevrəsində sinədəftər ana, bacı, nənələri görən ədib onların söylədiyi bir-birindən zərif, incə lirizmlə yüklənən bayatılar, ağılar, nağıllar, əfsanələr, tapmacalar, uşaq oyunları, atalar sözləri və s. nümunələri dinləyə-dinləyə böyümüş, daha sonralar özü bu örnəklərin toplanması işinə qoşulmuşdur. Əzizə Cəfərzadənin xalq ədəbiyyatı nümunələrini toplanması işindəki fəallığı bunların yalnız bir yerə yığılması ilə bitməmiş, həm də folklor örnəklərinin təbliği, öyrədilməsi və ayrıca araşdırılmasına qədər davam etmişdir. Əzizə Cəfərzadənin ədəbi-bədii irsində folklordan istifadə xalq lirikası-bayatı, layla-oxşamalar, xalq mərasimlərinin təsvir və rituallarından irəli gələn fallar, inanclar, mahnı mətnləri, uşaq folklorundan qaynaqlanan nəğmə, tapmaca, atalar sözü və məsəllərə əsaslanır. Bu nümunələrin hər biri yazılı ədəbiyyatda öz janr xüsusiyyətlərinə uyğun işlədilir.
Azərbaycan folklorunun janrları sırasında kiçik yaşlı uşaqların məşğuliyyəti, müəyyən vərdişlərinin formalaşdırılması, əql, hafizələrinin inkişaf etdirilməsi istiqamətində xalq məişətində yaranan uşaq oyunları Ə.Cəfərzadənin bədii irsində etnoqrafik məlumatlara uyğun təsvirini tapır. Ədibin ustalıqla əks etdirdiyi bu oyunlar, eləcə də onların xalq dilindəki adları müəllifin əhatəsində olduğu folklor mühiti, onun uşaqlığına bağlı yaddaşından qaynaqlanır. Yazıçı folklorun bu janrını əsərlərində məişət təsvirlərinin əhatəliyini, ümumiləşdirilməsində təhkiyəyə qoşur. “Cəlaliyyə” əsərində qəhrəmanın böyüməsi, yetkinlik yaşına çatmasını-onun körpəliyindən ayrılmasını müəllif kiçik bir ştrixlə obrazın uşaqkən oynadığı oyunlardan ayrılması ilə nəzərə çarpdırır: “Cəlaliyyə hələ Cəlaliyyə xatun olmamışdan əvvəl xırdaca bir qız idi. Mahim ananın onun üçün seçdiyi qızlarla “Cizığagirmə”, “Atlardan kimin atı”, “Beşdaş”, “Üzük-üzük”, “Gəldim qaç”, oynar, haxışta oxuya-oxuya əl çalıb dingildərdi. Nəydi onun sözləri? Hə.... deyəsən beləydi:
Əmim oğlu, necəsən?
Haxışta!
Neçə çaylar keçəsən?
Haxışta!
Saçım ola üzəngi,
Haxışta!
Atdanasan, keçəsən,
Haxışta! (1, 171).
Yazıçı təbii ki, Cəlaliyyənin əqli, fiziki inkişafı müqabilində gənc, gözəl bir xanıma çevrilməsini müəyyən portret cizgilərində təsvir edə bilərdi. Lakin ədib bu ənənəvilikdən uzaqlaşaraq hətta insanın böyüməsi, həddi-buluğa çatmasını da uyğun folklor örnəyi əsasında müqayisədə vermişdir. Burada yazıçını əlavə poetik axtarışlarına ehtiyac olmadan zaman dəyişmələrini folklor janrı, konkret şəkildə uşaq oyunları üzərində aparmışdır. “Cəlaliyyə” romanında bədii məqama qoşulan, adları qeyd olunan uşaq oyunlarını Ə.Cəfərzadə “Vətənə qayıt” romanında oğlan uşaqlarının oynadığı “Xan, bir oğru tutmuşam” və qızların oynadığı “Beşdaş” oyunların təsviri əsasında genişləndirir. “Qara keçənin böyründə payız günəşinin yumşaq, ilıq şüaları altında bir neçə oğlan uşağı oturub “Xan, bir oğru tutmuşam” oyunu oynayırdı. Oğlanlar əmgəyinin tən ortasına nəzirlik tük qoyulmuş, başı qırxıq bir uşağı üzüqoylu yıxmış, əllərini də onun kürəyinə qoyub, var gücləriylə bağırırdılar:
- Əl üstə kimin əli!
- Səməndərin!
- Götürün-qoyun, yalandı!...
- Əl üstə kimin əli?
- Firudunun...
- Götürün-qoyun, yalandı!.
Oğlanlardan iki-üç qədəm aralıda iki qız uşağı oturub, “Beşdaş” oynayırdılar. Oyun zamanı yerdə oturub qıçlarını yana açmış və aralıqdakı məsafədə hansı bir çay sahilində seçib yığdıqları ağ, yumru daşları atıb-tuturdular. Daşlar fil sümüyündən məxsusi oyun üçün düzəldilmiş kimi yuvarlaq və parlaq idi. Qızların əllərinin üstündə durmuş, yuvarlanır və oynayanları güldürürdü” (2, 96).
Uşaq oyunlarının bədii məqama uyğun nəsrə gətirilməsi hər şeydən əvvəl yazıçının xalq məişəti, yaşayışının canlı təsvir və tərənnümündən irəli gəlir. Qeyd olunan romanda Ağa Nəcəf Nişatın Şahsevən binələrinə yol alması geniş bir təsvirlə başlayır. Təbiətin tərənnümü, şairi vəcdə gətirən ətraf gözəlliklər obrazın-təbiətlə baş-başa qaldığı məqamdan yol alaraq müəllif təhkiyəsində alaçıqlara çatana qədər davam edir. Alaçıqdasa qonağı ilk qarşılayan alaçıq ətrafında “Xan, bir oğru tutmuşam” və “Beşdaş” oyunlarını oynayan uşaqlar olur. Müəllif şairin daldığı təbiət gözəlliyi ilə alaçığın səs-küylü həyatını birləşdirməklə, uşaqların oynadığı bu oyunları yenə də mətnin məkan dəyişmələri üzərində qərarlaşdırır. Burada təsvirin görünüşü müəllifin mətləbə birbaşa dəxli olmayan, məişət formalarına uyğunlaşır.
Məlumdur ki, tapmacalara şifahi ədəbiyyatın – uşaq folklorunun nümunəsi kimi təsnif olunur. Tapmacaların janr spesifikasından irəli gələn sorğu-sual üzərində qurulması, konkret cavablanma yazılı ədəbiyyatda geniş poetik, bədii vasitə imkanına malik deyildir. Bu baxımdan tapmacalar bütövlükdə yazılı ədəbiyyatımızda olduğu kimi, Ə.Cəfərzadənin də yaradıcılığında müəyyən məhdudiyyətdə müşahidə edilir. Ədibin yalnız “Eşq sultanı” romanında ananın övladını sakitləşdirmək, onun fikrini yayındırmaq üçün oğluna söylədiyi oyun - tapmacalar qısa da olsa, öz-özlüyündə ayrıca maraq doğurur: “Süneyvaz iş görə-görə, balasına yemək verə-verə, ara sıra onu əyləndirmək, fikrini küçədən-bayırdan yayındırmaq üçün tapmacalar deyirdi. Bu tapmacalar, bəlkə də bunları o, çoxdan, lap çoxdan öyrənmişdi, özü uşaq olanda, o deyirdi, Fəzli tapırdı:
- Bir igidi bir patıltı qaçırdar, nədi?
- Quş, quş
- Doğrudu. Dalda durar, əldə durmaz.
- Ay ana, o da quşdu.
- Nolar, qoy o quş olsun. Bəs bu?
Heyvan soyundu, insan geyindi.
İnsanlar qoyunu kəsəndə onun dərisindən kürk tikirlər, bir növ qəba kimi bir şey. Onu əyinlərinə geyirlər, daha soyuq olmur.
Bəs gündüz yanar, geçə sönər, nədi?
Uşaq düşündü: Bir an düşündü və tapmış, yeni bir şey kəşf etmiş kimi birdən:
- Ana, göz, göz, göstərdi.
Düzdü, mənim balam, gözlərdi.
Hə, anacan, tapmacaların dalı necə oldu, qurtardı?
-Yox, hara qurtarır? Babalar, nənələr, analar sənin kimi uşaqlar üçün, sənin kimi balalar üçün o qədər belə tapmacalar düzəldiblər...
Məsələn, bir qızım var, gələnin-gedənin əlini öpür.
- Əh, onu bilməyə nə var, ana?
Bu qapıdı da, əli öpən qapıdı.
- Yaxşı . Uzundu, ip deyil”(3, 57).
Qeyd etdiyimiz oyun-tapmaca sual-cavab şəklində qurulur. “Bu xalq uşaq oynuna bəzi araşdırmalarda məzmunundan dolayı “oyun-tapmaca” deyilir. Azərbaycan şifahi xalq teatrının və dramaturgiyasının tarixən ən ilk nümunələrindən biri sayılır” (4, 163).
Ə.Cəfərzadənin ümumi bədii irsinin folklordan istifadə imkanları bir sıra janrların daha çox işləklik qazanması, yaxud məhdud sayda verilməsinə baxmayaraq bu nümunələr onun əsərlərində yerli-yerində işlədilmiş, heç bir süniliyə yol verilməmişdir.
Folklorizm, onun ayrı-ayrı element və formulları Ə.Cəfərzadənin yaradıcılığında bütöv, tam olaraq götürülməklə ayrı-ayrı janrların əlaqəliliyinə bağlıdır. Epiqraflar, obraz təlqini, hissi-emosional duyğuların verilməsi, müəllif qayəsinin möhkəmləndirilməsi, kompozisiya mərhələliyində keçidlərin məntiqi qurulması və s. uyğun folklor janr, obraz, mətnləri əsasında aparılmaqla qapalı bədii bir sistemi təşkil edir.
Nəzərdən keçirilən folklor nümunələrinin heç biri uydurma, yaxud müəllifin fərqinə varmadan eşitdiyi şifahi ədəbiyyat örnəkləri deyildir. Onun müşahidə etdiyi, əhatəsində olduğu, folklor mühitindən əldə etdiyi, ayrıca topladığı folklor materiallarına istinadən verdiyi nümunələrdir.
Qeyd edək ki, folklorizm Əzizə Cəfərzadənin bədii irsində sadəcə bu janrların, əsərlərin təhkiyəsinə gətirməklə bitmir, daha çox əsərlərin təşkili, süjet əlaqəliliyin möhkəmlənməsi, obrazların daha canlı fərdi və xarakter keyfiyyətlərində verilməsi, tarixə, zamana, müəllifin hadisələrə münasibətində haşiyələrin aparılması, ən əsası xəlqiliyin göstəricisi olmaqla geniş imkanlara malikdir.
Əzizə Cəfərzadənin bədii yaradıcılığında yer alan folklorizmin araşdırılması həm də belə bir nəticəyə gəlməyə əsas verir ki, ümummilli ədəbiyyat kontekstində gərgin yaradıcılıq axtarışlarından keçən xalq ədəbiyyatı örnəkləri inkişaf etməklə hər zaman yazılı ədəbiyyatımızı orijinal nümunələrlə zənginləşdirmişdir.
Ə.Cəfərzadə yaradıcılığı üzərində apardığımız bu müşahidələrin nəticəsi olaraq aşağıdakıları deyə bilərik:
Dostları ilə paylaş: |