AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ



Yüklə 2,97 Mb.
səhifə20/30
tarix29.11.2016
ölçüsü2,97 Mb.
#455
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

3. Arxaik məzmunlu oyunlar. Arxaik məzmunlu oyunlar adından da anlaşıldığı kimi arxaikləşmiş, köhnəlmiş və hal-hazırda uşaqlar tərəfindən oynanılmayan oyunlardır. Bu tip oyunların Azərbaycanda antologiya kitablarında toplanmış zor­xanaçılıqla bağlı bir neçə növünə rast gəldik. Ancaq həmin oyunların Anadolu variantlarını tapa bilmə­dik. Lakin bu, o demək deyil ki, bu tip oyunlar Anadoluda yoxdur. Çünki bu oyunların Azərbaycan və Anadoluda keç­mişdə çox dəbdə olduğu türk xalqlarının ortaq dəyərləri olan “Kitabi-Dədə Qorqud” das­tanında igidlərlə yanaşı uşaqların da ad almaq, igidlik göstərmək üçün güləşlər keçirdiyi (igidlərin güləşi, buğayla güləşmək və b.), oxla, qılıncla döyüş oyunları, at yarışları, at üzərində müxtəlif oyunlar oynadığı inkar edilməz bir həqiqətdir. Bu gün bu tip oyunların oyun elementləri və ünsürləri həm Azərbaycanda, həm də Anado­luda keçirilən müasir bayramlarda daha çox böyüklər tərəfindən göstərilən meydan tamaşalarında özünü göstərir.

Azərbaycanda xüsusilə oğlan uşaqlarının oynadığı psi­xo­loji inam və fiziki güc, qüvvət tələb edən və hazırda arxaik­ləşmiş oyunlar da vardır. Uşaqların savaşa və çətin şəraitə hazırlanma­sında olduqca böyük rol oynayan bu oyun­lar türk millətinin həyat tərzi, dünyagörüşü, adət-ənənələrilə bilava­sitə bağlıdır. Bildiyi­miz kimi, türk cəmiyyə­tində bir kişinin igid, mərd, cəsur və güclü olması istənildiyi üçün uşaqlıqdan etibarən təlim-tərbiyəsi həmin istiqamətdə aparılır ki, bu məziyyətin oyunlarla da gerçəkləş­dirildiyinin şahidi oluruq. Oğlanlar tərəfindən oynanılan bu cür oyunlara “Qurşax tutmax” (6, s.647), “Zorxanaçılıx” (7, s.431), “Hərbə-Zorba” (6, s.644), “A Huy-Huyu” (6, s.645), “Bıçaq-bıçaq” (9, s.319), “Qılınc-Qılınc” (9, s.311) kimi oyunları nümunə göstərə bilərik.

Arxaikləşmiş oyunlarımızdan biri də “Bıçaq-bıçaq”dır (34). Vaxtilə oğlanlar tərəfindən oynanılan, xüsusi bacarıq və diqqət tələb edən bu oyunda bıçaqla müxtəlif nömrələr göstərilir.

Anadoluda “Çıkrıncak” (36, s.16) oyunu bir zamanlar İstanbulda oynanılan “Tahtaravalli”yə bənzəyir. Bu oyunun izləri 15 il əvvələ aiddir, hazırda gənclər tərəfindən xatırlanmayan arxaikləşmiş oyunlardandır. Anadoluda bir zamanlar çox sevilərək oynanılan “Eğir”// “Güdü” (36, s.18) oyunu xokkey oyu­nuna çox bənzəyir və arxaikləşmiş oyunlardan biridir.



4. Sosial-siyasi tarixin məhsulu olan oyunlar. Sosial-siyasi tarixin özü ilə gətirdiyi oyunlarda müharibə və savaş səhnələrinin izləri qorunub saxlanmışdır. Sosial-siyasi tarixin məhsulu olan oyunlardan biri Azərbaycanda “Müharibə” (34) oyunudur. Bu oyunun digər bir variantı isə “Kıx” (9, s.310; 34) və “Atəş” (34) oyunudur. İki və daha çox uşaqla oynanıla bilən bu oyunlarda uşaqlar əllərinə silaha bənzər bir çubuq alaraq, ya da baş və işarət barmağı açıq digərləri yumulu vəziyyətdə sağ əlini silah formasında tutub gördükləri rəqib oyunçulara atəş açaraq oyna­nılır. Silahla vurulma zamanı “Müharibə” oyununda “dış-dış” deyə tapança səsi çıxarılır, “Kıx” oyununda kıx, “Atəş” oyu­nunda isə atəş, bap-put kimi səslər çıxarılır. Bənzər şəkildə oynanılan bu oyun­lar “Müha­ribə” oyununun variantları olub silahla savaşmaq, əsir almaq, öldürmək kimi müharibə-savaş səhnələri ilə zən­gindir.

Sosial-siyasi tarixin məhsulu olan digər oyunlar isə qala mahiyyətində olan dairələrdə dayanan oyunçu və ya oyun­çuların kəməri qoruduğu oyunlardır. Cəsarət, dözümlülük və cəldlik tələb edən bu tip oyunlarda qala keşiyində duraraq qoruyuculuq etmə, əsir düşmə, mübarizə aparma səhnələri bizə tarixdə olan qalaları işğal etmək üçün həyata keçirilən döyüşləri xatırladır. Qala döyüşləri ilə bağlı bu tip oyunlardan Azərbaycandakı “Dirə­döymə” (9, s.321) ilə Anadoludakı “Kemer” (22, s.153) eyni qay­da­da qrupla oynanılan, dairənin içindəki oyunçuların kəməri qo­ru­duğu, dairənin xaricin­dəkilərin isə kəməri götürməyə çalış­dığı bir oyundur. Hər iki oyunun da Azərbaycanda və Anadoluda bən­zər şəkildə oyna­nılan müxtəlif növləri vardır. “Dirədöymə” oyu­nu­nun “Turna vurdu”, yaxud “Cızıq Turnası” (31, s.167-168), “Qayış-Qa­yış” (14, s.407), “Çizik”(33, s.25) kimi növləri vardır. “Dirə­­döy­mə” oyununun Anadolu versiyası olan “Kemer”in isə, “Cı­­za girme”, “Kayış”, “Kemer turnası” növləri mövcuddur (22, s.155).

Qala və əsir düşmə məsələləri olan müharibə oyun­larından “Tabya kapmaca” (3, s.208) ilə “Ateşlik oyunu”(3, s.186) bir-birinə bənzər iki oyundur. Anadolunun Təkirdağ bölgəsində iki qrup halında oynanılan bu oyunların məzmunu, əsir düşmədən bir qaladan digərinə atəş (od) aparmaqdır.

Sosial-siyasi tarixin məhsulu olan oyunların bir qismi siyasi-tarixi şəxsiyyətlərlə bağlıdır. Bu tip oyunlardan biri Anadoluda oynanılan “Bezirgan başı” (3, s.190; 23, s.14) oyunudur. Oyunun əsas iştirakçılarından olan iki başkanın (başçının) adları çox maraq doğurur. Belə ki, başçıların biri­nin adı Atatürkün altın (qızıl) saatı, digəri isə Atatürkün altın bilərziyidir. Oyunda siyasi-tarixi şəxsiyyət olan Atatürkün adı və onun özəl əşyaları ilə yanaşı vəzifəyə seçilmə kimi sosial-siyasi məsələlər də əsas yer tutur.

Sosial-siyasi tarix və idarəçiliklə bağlı oyunlardan biri də “Şah-Vəzir oyunu” dur (34). İştirakçıları şah, vəzir, cəllad və oğru olan bu oyunda keçmişdə olan idarəçilik sistemi təsvir olu­naraq oğruların vəzirin istəyi və xanın əmri ilə cəllad tərəfindən necə cəzalandırıldığı göstərilir. Azərbay­canda “Şah-Vəzir”, Ana­doluda “Katil kim?” (22, s.206) bir-birinə bənzərdir. Hər iki oyun kağızla oynanılır. Dörd balaca kağıza “Xan-Vəzir” oyununda şah, cəllad, oğru, tapan, “Katil kim?” oyununda isə qatil, polis, boş və zonq yazılır. Daha çox qış aylarında ev şəraitində oynanılan bu oyunlar arasındakı əsas fərq, birində oğrunu, digərində isə qatili tapmaqdır. Həmçinin “Katil kim?” oyunundan fərqli olaraq “Şah-Vəzir”də şahın istəyinə uyğun olaraq cəzalar da tətbiq edilir.

5. Dinin təsirilə yaranan oyunlar. Azərbaycanda və Anadoluda dinin təsirilə yaranan oyunlara daha çox Ramazan, Qurban və Xıdır bayramlarında oynanılan bir qisim oyunları nümunə göstərə bilərik. Bildiyimiz kimi, Azərbaycan və Ana­doluda əsas dini bayramlar Ramazan və Qurbandır. Xıdır bayramı isə dində olmayan bir bayram olsa da, Xıdır pey­ğəmbərin xeyir-duasını almaq məqsədilə icra edildiyi məlumdur. Xıdır və ya İlyas peyğəmbərlə bağlı dini inanc­ların öz əksini tapdığı bu bayram özlüyündə dini xarakter daşıyır. Hər iki bölgədə bu üç bayramla əlaqəli icra edilən bir qisim oyunlar vardır ki, heç də dini məzmun daşımır və demək olar ki, dinlə əlaqəsi olmayan digər bayramlarda da oynanılır. Lakin Xıdır, Ramazan və Qur­ban­da oynanılan elə uşaq oyunları var ki, bunlar sırf bu bay­ramlara xasdır və dinin təsirilə yaranan oyunlar qrupuna daxildir. Həmin oyunlar aşağıdakılardır:

Azərbaycanın bəzi bölgələrində, xüsusilə Naxçıvan, Ordu­bad, Zəngəzur, Qazaxda qeyd edilən Xıdır bayramında oynanılan “Xıdır-Xıdır” (11, s.105; 16a, s.91-92; 19, 17s.100-102) oyu­nunda öz əksini tapan Xızır peyğəmbərlə bağlı xalqın dini inancları bu oyunun dinin təsirilə yaranan oyun olduğu fikrini irəli sürməyimiz üçün əsas faktdır. Həmçinin Anadolunun Təkir­dağ bölgəsində Xıdırəlləzə (Xıdır bayramı­na) xas “Dəyirmançı” (2, s.10) tamaşası ilə “Canım” və “Ka­nar­ya” (2, s.11-13) oyunları şəkli və məzmunu baxımın­dan qədim türk din və inanclarıyla bağlı keçirilən ayinləri xatır­ladır. Ritual mənşəli “Dəyirman tamaşası”nda Xızırla bağlı “bolluq-bərəkət” inancının izlərinin öz əksini tapması da bu tamaşa və oyunların dinin təsirilə yaran­dığının açıq göstəri­cisidir.

Azərbaycanda və Anadoluda ramazan ayının on beşinci günü uşaqlar tərəfindən oynanılan və dinin təsirilə yaranan maraqlı oyunlar vardır. Həmin oyunlardan biri, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonuna xas “Orucun onbeşi” (12, s.90; 35) oyunudur. Bu oyunun bənzəri Anadolunun müxtəlif bölgələrində “Amin bağırma” (38, s.22-24), “Tömbe­lek”(38, s.98), “Yoklama” (38, s.100), “Sele sepet top kandil” (38, s.90-92), “Helesa” (38, s.54-55) kimi fərqli adlarla eyni qaydada və bənzər şəkildə oyna­nılır.

Dinin təsirilə yaranan ənənəvi tamaşalardan biri də Anado­luda “oyun” kimi bilinən və Qurban bayramında göstərilən “Dəvə oyunu”dur (38, s.45). Qurban edilən dəvələrin rəmzi kimi dəvə fiqurunun içinə girərək göstərilən bu oyun İslam dinində çox əhəmiyyətli yeri olan “Həzrəti İsmayılın qurban edilmə hadisəsi”nin simvolu olaraq dinin təsirilə yaranan tamaşadır.



6. Uşaqların nitq və bədən tərbiyəsi məqsədilə oynanılan oyunlar. Yuxarıda verdiyimiz beş yarım başlıqda yer alan təkərləmə və hərəkətlərlə zəngin oyunlarımızda əslində nitq və bədən tərbiyəsi məqsədilə oynanılan oyunların izləri var. Lakin “Uşaqların nitq və bədən tərbiyəsi məqsədilə oynanılan oyunlar” başlığı altında verdiyimiz oyunlar sırf daha çox həmin məqsədə xidmət edir.

Uşaqların nitq və bədən tərbiyəsi məqsədilə oynadıqları oyunlara top, tullanma-hoppanma, qaçma-qovalama, tutma-ələ keçirmə, ağac-dəyənək, söz oyunları və b. daxildir. Bu oyunların bəziləri sırf bədən tərbiyəsi, bəziləri nitq, bir qismi də həm nitq, həm də bədən tərbiyəsi ilə bağlı oyunlardır. Adından da anla­şıldığı kimi, bu oyunlar uşaqlarda nitqi inkişaf etdirməklə yanaşı, müxtəlif idman hərəkətlərinin icrasıyla həm bədəni fiziki cəhətdən tərbiyə edir, həm də uşaqların fiziki, psixoloji və sosioloji cəhətdən inkişafını təmin edir.

Uşaqların bədən tərbiyəsi məqsədilə oynadıqları oyunlar içində tullanma-hoppanma tipli oyunlarda Azərbaycanda “Dom-Dom” (33, s.26), “Klas-klas”, “Klas”, “Təkayaq”, “Cızıq” (34), Anadoluda “Seksek” (22, s.76; 40, s.314) kimi adlarla oynanılan “Cızıq oyunları”nın oynanış və yerə çəkilən şəkillər baxımından bənzər və müxtəlif variantları vardır.

Tullanma-hoppanma tipli oyunlardan Azərbaycanda “Rezin­ko” (33, s.33-34; 34) oyununun bənzəri Anadoluda “Çin-çon”, “Lastik” (22, s.83) adlarıyla oynanılır. Rezinin içində fərqli hərə­kətlər etməklə müxtəlif cür oynanılan bu oyunda əsasən rezin üzərindən tullanılır.

Tullanma-hoppanma ilə bağlı oyunlardan Azərbaycanda “İp”(34), Anadoluda “İp atlama”(23, s.8) oyunlarının oynama şək­li və qaydaları bənzərdir.

İdman hərəkətlərinin icra edildiyi uşaqların bədən tərbiyəsilə bağlı oyunlar içində ağacla-dəyənəklə oynanılan­ları mühüm yer tutur. Vaxtilə çox oynanılan ağac-dəyənək oyunlarının variantları və növləri çoxdur. Azərbaycanda “Çiling-Ağac” (“Çiliy-Ağac”, “Çilik-Ağac”) (6, s.643; 9, s.309), “Fil cızı” (5, s.405-406), Anadoluda “Çelik-Çomak”(3, s.193; 37, s.44), “Tutmalı çelik”, “İstanbul çeliği” (22, s.88-89) adlarıyla oynanılan ağac-dəyənək oyunlarında Azərbaycanda uzun çubuğa ağac, qısa çubuğa çiling, Anadoluda isə uzuna çomaq, qısaya çəlik adı verilir.

“Çəlikçınağ, çilikçilik, kalçəmbə”, dimin, diminçub, düdalə, əlavəd (cənubda), narquli, maqquli (Bakı və cənub-şərqi bölgə­lərdə), qaqulla-maqulla (Vartaşen)” (4, s.240) kimi adlarla da bilinən “Çiling-Ağac” oyununun oynanış şəkli Anadoluda “Tut­ma­lı-çelik” oyununa bənzəyir. Hər iki oyun arasında əsas fərq oyun içində həyata keçirilən qiymətlən­dirmə sistemindədir.

Azərbaycanda oynanılan ağac-dəyənək oyunlarından olan “Fil Cızı”, Anadoluda “İstanbul çeliği” adlı oyuna bənzə­mək­dədir.

Anadoluda ağacla-dəyənəklə oynanılan çəlik-çomaq oyun­larının “Adi çelik” (36, s.30), “Cızık”, “Kuyulu çelik” (22, s.90), “Çapar”, “Çalo-Çalo”, “Zalaka” (3, s.193,213) kimi növləri də mövcuddur.

Ağacla-dəyənəklə bir-birinə bənzər şəkildə oynanılan digər oyunlara Azərbaycanda “Şütümə” (14, s.418), “Şappı-şappı” (6, s.750), Anadoluda “Can değeneği”(22, s.90), “Çivi çakma” (28, s.218) oyunlarını nümunə göstərə bilərik. Anadoluda bənzərinə rast gəlmədiyimiz, Azərbaycanda ağacla oynanılan digər oyun­lara “Zopa-Zopa” (6, s.722), “Ağac-Ağac” (7, s.433), “Biz” (7, s.433), “Şortağac” (15, s.150) və b. oyunları misal verə bilərik.

Bədən tərbiyəsi oyunları içində qaçma-qovalama tipli oyunlar həm şəhərlərdə, həm də kənd yerlərində daha çox açıq sahələrdə, çöldə-bayırda oynanılan oyunlardır. Bu tip oyunlardan Azər­baycanda “Siçan-Pişik” (9, s.308; 34) ilə, mənası siçan-pişik olan “Fare-Kedi” (22, s.147) oyunu eyni qaydada Anadoluda oyna­nılır. Hər iki oyunda da oyunçulardan biri siçan, digəri isə pişik olaraq oynanılır. Pişik siçanı tutana qədər qovalayır. Tutduqdan sonra digər oyunçularla oyun bu şəkildə davam etdirilir.

Qaçma-qovalama oyunlarından Azərbaycanda oyna­nılan “Qo­va­la-Qaç” (34) oyununun bənzəri Anadoluda tutmaq məna­sın­da olan “Yakalamacılık” (33, s.126) adıyla oynanılır. Hər iki bölgədə də qruplar halında oynanılan bu oyunda oyunçular iki qrupa ayrılaraq bir qrup digərini tutmağa çalışması ilə icra olunur.

Bədən tərbiyəsi məqsədilə oynanılan, həm müxtəlif variant­ları, həm də bənzər növləri olan top oyunlarında əsas vəsait kimi atılıb, tullanıb-düşə bilən toplardan başqa meşin və ya parçadan tikilərək içi doldurulmuş toplardan da istifadə olunur. Hədəfi vurmaq məqsədilə oynanılan bu oyunlar qaçmaq, qovalamaq, güc sərf edərək vurub dağıtmaq və b. kimi fiziki hərəkətlər daxilində yerinə yetirilir.

Azərbaycanda topla oynanılan “Ortada qaldı”//“Ortaya girdi”, yaxud “Top vurdu” oyunu eyni qayda ilə Anadoluda yandıran top mənasında olan “Yakan top,” yaxud “Yakar top” adıyla oynanılır (34). Azərbaycanda “Cıza girmə” (6, s.650), “Qırqovul” (12, s.455), “Arada vurdu”(35, s.37) Anadoluda “Daire”, “Bir kol bir can”, “Ortada siçan” (22, s.195), “Can almaca” (3, s.192) kimi oyunlar “Top vurdu”//“Yakar top”un oxşar növləridir.

Azərbaycanda “Papaq atdı” (33, s.33), “Dədə boyu” (33, s.26), “Qaçtı-Tutdu”(6, s.667), Anadoluda “İstop”, “Pata-Küte”, “Rengli istop” (22, s.197) oyunları bənzər şəkildə oynanılır. Bu oyunlardan sadəcə “Papaq atdı” papaqla, digərləri isə topla oynanılır.

Azərbaycanda və Anadoluda eyni adla və eyni qaydada bənzər şəkildə icra olunan “Yeddidaş” (34) topla oynanılır. Bu oyun Azərbaycanda “Pobeda” adıyla da çox məşhurdur və rusca olan həmin sözün mənası “qələbə” deməkdir. Bu da oyun iştirakçılarının topla vurulmadan daşları vaxtında üst-üstə qoyub qurtardıqdan sonra pobeda (qələbə) deməsindən irəli gəlir. “Yeddidaş” oyununun Azərbaycanda oynanılan bir başqa variantı isə “Yeddişüşə” oyunudur. Bu oyunun “Yed­didaş”dan əsas fərqi daş yerinə, oyunun adından da anlaşıldığı kimi, şüşə qırıqlarından istifadə edilməsidir. Anadoluda isə “Yeddi daş” oyununun bənzər variantı “Tombili-Tonqili”(3, s.209) oyunudur.

Azərbaycanda və Anadoluda oynanılan elə uşaq oyunları var ki, bunlar sırf nitqin inkişafı məqsədilə oynanılır. Nitqin inkişafı üçün oynanılan oyunlarda söz oyunları xüsusi əhəmiyyət kəsb edir. Bu tip oyunlarda uşaqlar yeni-yeni sözlər, anlayışlar öyrənməklə yanaşı düzgün tələffüzü də mənim­səyərək nitqlərini inkişaf etdirirlər.

Söz oyunlarından Azərbaycanda “Əmi-Əmi”// “Qaçdı-Qovdu” (10, s.375) ilə Anadoluda “Uzun urgan” (3, s.210) möv­zu və məzmun, oyun içi təkərləmələri baxımından çox bənzərdir.

Azərbaycanda və Anadoluda oynanılan söz oyunlarına “Telefon”// “Kulaktan Kulağa”, “İnsan adı söyləmə”, “Meyvə adı söyləmə”, “Heyvan adı söyləmə”, “Son hərfə görə söz demə”, “Yanıltmac söyləmə”, “Son sözlə başlayan mahnı oxuma” və bu kimi oyunları nümunə göstərə bilərik (34).

Söz oyunlarından Azərbaycanda oynanılan “Beş barmaq” (5, s.402; 11, s.413; 35) oyunu ilə Anadoluda oyna­nılan “Parmak” (23, s.13) oyunları bir-birinə çox bənzərdir. Balaca uşaqlara barmaqların adını öyrətmək məqsədilə müxtəlif təkərləmələr söylənən bu oyunlar nitqin inkişafına kömək edir.

Azərbaycan və Anadoluda oynanılan bir qisim oyunlar həm nitq, həm də bədən tərbiyəsi məqsədilə oynanılır. İdman hərəkətləri və təkərləmələrlə zəngin olan bu tip oyunlarda uşaqlar söylədikləri sözlərə uyğun olaraq fiziki hərəkətləri icra edirlər. Bu tip oyunlara “Bənövşə” (1, s.73; 14, s.405; 18, s.196) // “Menekşe” (3, s.47; 22, s.139; 25, s.84-87), “Kəpə­nək”// “Kelebek” (34), “Göydə nə var?” (34)// “Gökte ne var?” (36, s.40), “Dəsmal aldı qaç” (9, s.305), “Ənzəli” (9, s.311; 14, s.404), “Uzun eşek” (39, s.26) və b. nümunə göstərmək olar.

Altı başlıq altında təsnifatı verilmiş Azərbaycan və Anadoludakı uşaq oyunları arasında aparılan müqayisələr zamanı əldə edilən nəticələrə görə, hər iki bölgə xalqının uşaqlarının oynadıqları oyunların çoxu bənzər olduqları qədər, oynama üsulları (oyuna hazırlıq, oyunçu seçimi, cəza vermə, mükafatlandırma və s.) və oyun əsnasında söylənən təkərləmələr də bir-birinə çox bənzərdir.



Azərbaycan və Anadoluda oynanılan uşaq oyunlarının əsasən bənzər və eyni məntiq-məqsəd çevrəsində birləşməsi, oxşarlıqların fərqliliklərdən daha çox olması, həmçinin eyni nümunələrin müxtəlif versiya və variantlarının olması bizim genetik kodlarımızdan gələn, türk milləti olaraq eyni düşüncə, eyni dünyagörüşünə və zəngin mədəniyyətə sahib olduğu­muzun bir göstəricisidir. Arada olan fərqliliklər isə müxtəlif tarixi dövrlərdə hər iki bölgənin fərqli etnik-siyasi qrupların təsirinə məruz qalması və bir-birlərindən ayrı düşmələri nəticəsində ortaya çıxmışdır.
Qaynaqlar

  1. Ağayev Ə., Səmədov Y. Ümumtəhsil məktəblərində xalq oyun ənənələrindən istifadə (metodik vəsait). Bakı: Mütərcim, 2005, 152 s.

  2. Artun E. Türk Halk Kültüründe Hıdırellez, 9 s. / http://turkoloji.cu.edu.tr

  3. Artun E. Tekirdağ Folklorundan Örnekler. Tekirdağ: Taner Matbaası, 1983, 233 s.

  4. Aslanov E. El-oba oyunu, xalq tamaşası. Bakı: İşıq, 1984, 275 s.

  5. Azərbaycan folkloru antologiyası. VIII kitab. Ağbaba folkloru / Toplayıb tərtib edənlər H.İsmayılov, T.Qurbanov. Bakı: Səda, 2003, 476 s.

  6. Azərbaycan folkloru antologiyası. III kitab. Göyçə folkloru / Toplayanı və tərtib edəni H.İsmayılov. Bakı: Nurlan, 2009, 684 s.

  7. Azərbaycan folkloru antologiyası. X kitab. İrəvan çuxuru folkloru / Toplayıb tərtib edənlər H.İsmayılov, Ə.Ələkbərli. Bakı: Səda, 2004, 471 s.

  8. Azərbaycan fokloru antologiyası. V kitab. Qarabağ folkloru / Toplayanlar İ.Abbaslı, T.Fərzəliyev, N.Nazim. Tərtib edəni İ.Abbaslı. Bakı: Səda, 2000, 414 s.

  9. Azərbaycan folkloru antologiyası. XX kitab. Loru-Pəmbək folkloru / Toplayıb tərtib edənlər H.İsmayılov, Ə.Ələkbərli. Bakı: Nurlan, 2011, 399 s.

  10. Azərbaycan folkloru antologiyası. XVII kitab. Muğan folkloru / Toplayanı B.Hüseynov. Tərtib edəni H.İsmayılov. Bakı: Nurlan, 2008, 447 s.

  11. Azərbaycan folkloru antologiyası. Naxçınan fokloru. I cild / Toplayıb tərtib edənlər M.Cəfərli, R.Babayev. Naxçıvan: Əcəmi, 2010, 512 s.

  12. Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru. III cild / Tərtib edənlər M.Cəfərli, R.Babayev. Naxçıvan: Əcəmi, 2012, 560 s.

  13. Azərbaycan folkloru antologiyası. XXIII kitab. Naxçıvan örnəkləri. II cild / Toplayanı A.Cəfərova. Tərtib edənlər Ə.Ələkbərli, A.Cəfərova. Bakı: Elm və təhsil, 2012, 332 s.

  14. Azərbaycan folkloru antologiyası. IV kitab. Şəki folkloru. I cild / Tərtib edənlər H.Əbdülhəlimov, R.Qafarlı, O.Əliyev, V.Aslan. Bakı: Səda, 2009, 490 s.

  15. Azərbaycan folkloru antologiyası. XIII kitab. Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən folkloru / Tərtibçilər İ.Abbaslı, O.Əliyev, M.Abdullayeva. Bakı: Səda, 2005, 550 s.

  16. Azərbaycann folkloru antologiyası. XII kitab. Zəngəzur folkloru / Toplayanı və tərtib edənləri V.Nəbioğlu, M.Kazımoğlu, Ə.Əsgər. Bakı: Səda, 2005, 464 s.

16a. Azərbaycan folkloru antologiyası. XIX kitab. Zəngəzur folkloru / Toplayanı R.Təhməzoğlu. Tərtib edənlər H.İsmayılov, R.Təhməzoğlu, Ə.Ələkbərli. Bakı: Nurlan, 2009, 416 s.

  1. Azərbaycan folkloru antologiyası. XXI kitab. Qazax folkloru / Toplayanı M.Həkimov. Tərtib edənlər R.Xəlilov, Ə.Ələkbərli. Bakı: Elm və təhsil, 2012, 376 s.

  2. Azərbaycan xalq ədəbiyyatından seçmələr (Qaravəllilər, oyunlar və xalq tamaşaları). / Tərtib edənlər: İsmayılov H., Orucov T. Bakı: Şərq-Qərb, 2005

  3. Bakırcı N. Niğde Folklorunda Çocuk Oyunları / Milli Folklor, Yıl 19, Sayı 76, 2002, s.202-209 / http://www.millifolklor.com

  4. Başal H.A. Geçmiş Yıllarda Türkiye`de Çocuklar Tarafından Oynanan Çocuk Oyunları / Uludağ Universitesi Eğitim Fakultesi Dergisi, XX (2), 2007, s.243-266

  5. Caferoğlu A. Anadolu Dialektolojisi Üzerine Malzeme. Ankara: TDK Yayınıarı, 1994, 171 s.

  6. Çelebi D.B. Türkiye ve Azerbaycan`daki Çocuk Oyunları ve Oyuncaklarının Karşılaştırmalı İncelemesi / Yüksek lisans tezi. Muğla: Muğla Üniversitesi, 2007, 294s.

  7. “Geçmişten Günümüze Çocuk Oyunlarının Araştırılması” / Özel Ege İlköğretim Okulu 6/B Sınıfı Türkçe Projesi / Danışman öğretmen A.Targotay. İzmir, 2006, 34 s.

  8. Gür M.H. Eğin`de Yüzük Oyunu. TFA, Şubat 1968, s.223

  9. Habibov Y., Sözen İ. Anadolu ve Azerbaycan Türklerinin Çocuk Oyunlarının Karşılaştırılması / Ankara Üniversitesi Eğitim Fakültesi Dergisi, C.39, S.1, 2005, s.75-96

  10. Jafarova İ. Azerbaycan Geleneksel Çocuk Oyunları / Acta TURCİCA Çevrimiçi Tematik Türkoloji Dergisi. Yıl 2, Sayı 1, Ocak 2010, s.244-261

  11. Kaya D. Sivas`ta Çocuk Oyunları / “Halk Kültüründe Eğlence” Uluslararası Sempozyumu Bildirisi, Kocaeli, 11-13 Aralık 2009, 10 s.

  12. Kazan Ş, Kırçık Ş.K. Dünden Bugüne Burdur`da Oynanan Çocuk Oyunları. I. Halkbilim Sempozyumu “Halk Biliminde Çocuk” Bildiriler Kitabı, Eskişehir: Osmangazi Üniversitesi Yayınları, 2004, s. 179-250

  13. Qafarlı R. Uşaq folklorunun janr sistemi və poetikası. Bakı: Elm və təhsil, 2013, 540 s.

  14. Qasımov Ə. Azərbaycan xalq oyunları (Dissertasiya). Bakı: Azərbaycan Respublikası Bakı Dövlət Universiteti, 2003, 129 s.

  15. Məmmədova T. Uşaq oyunları haqqında. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər IV kitab. Bakı: Elm, 1973, s. 164-172

  16. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I kitab. Bakı: Çıraq, 2009, 640 s.

  17. Özhan M., Muradoğlu M. Türk Cumhuriyetlerinde Çocuk Oyunları. Ankara: KB Yayınları, 1997, 143 s.

  18. Şəxsi arxiv (Azərbaycanın Naxçıvan, Şərur, Ordubad, Qarabağ bölgələrindən və Anadoludan toplanmış folklor materialları)

  19. Təbriz folkloru örnəkləri. I kitab / Toplayıcılar K.Abbasi, Ə.Fərəhmədi, Ə.Bərazəndə, M.Ə.Muqəddəm. Bakı: Nurlan, 2013, 444 s.

  20. Türkiye`de Çocuk Oyunları Derlemeler. Hazırlayanlar: B.Onur, N.Güney. Ankara: Ankara Ün.Basımevi, 2002, 554 s.

  21. Türkiye`de 2004 Yılında Yaşayan Geleneksel Çocuk Oyunları / Yayına hazırlayanlar: M.Öcal Oğuz, P.Ersoy. Ankara: Gazi Üniversitesi THBMER Yayını, 2005, 184 s.

  22. Türkiye`de 2011 Yılında Yaşayan Ramazan ve Kurban Geleneksel Kutlamaları, Hazırlayanlar: Öcal Oğuz, Mehmet Kösemek, Nihat Çiçekoğlu, Tuna Yıldız. Gazi Üniversitesi Halkbilimi Araştırma ve Uygulama Merkezi, 125 s. / www.thbmer.gazi.edu.tr

  23. Türkiye`de Oynanan Geleneksel Çocuk Oyunları. Hazırlayanlar: M.Erçelik, N.Doğanoğlu, L.Koç, N.H.Köklüsoy, İ.Çetin, H.Sayın, A.Çağlar. Konya: Akif Paşa İlkokulu, 2011, 29 s.

  24. Yaşar H. Balıkesir ve Yöresinde Çocuk Fokloru Ürünleri Üzerine Derlemeler ve İncelemeler. Yüksek Lisans Tezi, Temmuz 2008, 403 s.

KOS-KOSA”, “KEÇƏL” OYUN NƏĞMƏLƏRİNİN



PERFORMATİV MƏTN ÖZƏLLİKLƏRİ
Mətanət Abbasova

filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutu,

abbasova_metanet@rambler.ru
Özət

Azərbaycan xalq oyun və tamaşalarında nümayiş etdiri­lən səhnələr, perso­naj­ların geyimi, davranış stereotipləri, ha­disələrə uyğun oxunan musiqi motivləri və s. bədii-arxaik informasiya re­surslarında mükəmməl sistem təşkil edir. Bu ba­xımdan mövsüm mərasimlərinə qoşulan “Kos-kosa”, “Ke­çəl” oyunları təbiət kult­larının mifoloji qaynaqlarını müəy­yənləşdirən, ritual təcrübə və adət-ənənələri modelləşdirən mükəmməl bir sistem kimi diqqət mərkəzindədir.

Oyun nəğmələrinin deyim, söz funksionallığının müəy­yən musiqi, səs ritmikliyi, ritual davranışlara uyğun­laş­dı­rıl­ma­sı xalq dramlarının janr özəlliyində, həm də ritual-inam və ov­sun-dua performativliyinin uyğun formullarını aşkarla­maq­dadır.

Acar sözlər: oyun, nəğmə, ritual, performativlik, Kosa, Keçəl, formul.
Специфика перформативных текстов


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin