GİRİŞ Ocaq və pirlərin öyrənilməsinin əsas istiqamətləri
Azərbaycan folklorşünaslığının diqqətdən kənarda qalan problemləri içində qadın folkloru, iqtisadi münasibətlərlə bağlı xalq deyimləri, dini əfsanələr, mənqəbələr, ocaq və pirlərlə bağlı inanclar və s. xüsusi olaraq seçilir. Bunlardan bir çoxunun tədqiq edilməməsinin səbəbi dünya folklor elminin nailiyyətlərinin gec dərk edilməsi ilə bağlıdırsa, ocaq və pirlərin, onlarla bağlı dini əfsanə və mənqəbələrin araşdırılmamasının başlıca səbəbi daha çox siyasi-ideoloji dünyagörüşlə, 70 ildən çox sürən rejimlə bağlıdır. Buna baxmayaraq öyrənilməsi və tədqiqi vacib olan ocaq və pirlərlə bağlı inanc, əfsanə və mənqəbələr tarixi perspektivdə, qismən də olsa, nəzərdən keçirilmişdir. Ancaq bu məsələ folklorşünaslıq baxımından araşdırılmadığından tədqiqi aktual olaraq qalır.
Ocaq və pirlərin İslam inancı və əski türk dini görüşləri baxımından araşdırılması folklorşünaslığın zəruri elmi problemlərindən biri olub aktuallığını qorumaqdadır. Bu araşdırmanın aktuallığı həm də tarixi gerçəkliklə bağlı olub milli özünüdərkdə əsas rol oynayır və bu mövzunun öyrənilməsinin vacibliyini şərtləndirir. Eyni zamanda, ocaqların, pirlərin və onlarla bağlı dini əfsanə və mənqəbələrin folklor bağlantısı, əski inanclarla sintezi çərçivəsində araşdırılması da monoqrafiyanın aktuallıq dərəcəsini artırır.
Sovet dövründə uzun müddət davam edən ateist təbliğatın nəticəsində dini əfsanələr, rəvayətlər, mifoloji mətnlər, övliya mənqəbələri, seyidlərin kəramətləri folklorşünaslığın və digər uyğun elm sahələrinin araşdırma mövzusu olmamışdır. Araşdırma mövzusu olmadığından təbii ki, toplanması da diqqətdən kənarda qalmışdır. Bu müqəddəs yerləri ziyarət etmək və dini rituallar keçirmək qadağan edilmişdir. İnsanlara mənəvi rahatlıq verən bu kimi yerlər bağlanmağa çalışılmış, bəziləri də bağlanmışdır. “Şarlatan yuvası”, “geri qalmışlıq”, “dini mövhumat” adı ilə ocaqların, pirlərin, türbələrin tədqiq olunması, oraya edilən ziyarətlərin səbəbləri də öyrənilməmişdir. Ancaq xalq bu müqəddəs yerləri böyük ölçüdə qoruya bilmiş, oraları hər zaman ziyarət etmiş, sovet anti-dini təbliğat sisteminin bütün cəhdlərinə baxmayaraq bu günlərə qədər gətirib çıxarmışdır.
Təbii ki, sovet dövründə pirlər və türbələr haqqında yazılan kitab və məqalələrin heç biri folklor baxımından araşdırılmamış, əsas ağırlıq tarixi, etnoqrafik və ideoloji istiqamətlərə verilmişdir. Məsələn, М.М.Меşşaninovun, M.A.Balayevin, V.Basilovun, O.Suxarevanın, A.Kazımza-dənin, T.İzimbetovun, Z.Yampolskinin, M.Nemətin və b. araşdırmaları bu baxımdan spesifikdir. Bununla bərabər son dönəmlərdə inanc mərkəzləri kimi fəaliyyət göstərən pirlər haqqında siyasi-ideoloji yanaşmadan uzaq əsərlər də yazılmışdır.
Yeri gəlmişkən demək lazımdır ki, sovet dövründə ziyarət yerlərinin bəziləri bağlanmış, bəzilərindən də başqa məqsədlərlə, məsələn, anbar, idarə, kitabxana, klub kimi də istifadə edilmişdir. Masallıda bu kimi hadisələr geniş yayılmasa da, bəzi qədim dini abidələrdən əsasən, klub, bir qisminin də anbar kimi istifadə edildiyi faktlarına rast gəlmək mümkündür. (Pirzova ziyarətgahı, İmamzadə türbəsi)
Dini-əxlaqi dəyərlərimizin, mənəvi dünyamızın formalaşmasında, inancımızın möhkəmlənməsində ocaq, türbə və pirlərin önəmli rolu bu problemin araşdırılmasını aktual edir. Oxucuların ixtiyarına verilən bu problemin tədqiqini aktuallaşdıran bir əsaslı məsələ də pir, ocaq, təkkə, ziyarət yerlərinin ətrafında yaranan mənqəbələrin folklorik dəyərə sahib olmasıdır. Bəzi folklor janrlarının unudulduğu, bəzilərinin ifadan çıxdığı bir zamanda imam övladları adlanan müqəddəs insanların, mömin bəndələrin kəramətləri haqqında yaranan mənqəbə mətnlərinin funksiyasını qoruya bilməsi, hər gün yeni mətnlərin yaranması hesabına artması araşdırmanın aktual olduğunu təsdiq edir.
Folklor mətnlərinin coğrafi arealı, yayılma və söylənmə dərəcəsi və tezliyi, tarixi xronologiyası baxımından çox geniş bir yerə sahib olan mənqəbələrin, rəvayətlərin və dini əfsanələrin öyrənilməsi elmlər arası bağlılığı vacib etdiyi kimi, digər tərəfdən, janrlar arası əlaqənin də tədqiqini zəruri edir. Özəlliklə dini əfsanə, rəvayət, mifoloji mətn və mənqəbə arası motivlərin, süjetlərin bir-birinə keçidini müasir folklorun əsas problemi kimi öyrənilməsi vacib elmi məsələlərdən biridir. Təbii ki, ilk öncə tarixi-mədəni, tarixi-coğrafi, sonra funksional-semantik və praktik baxımdan ocaq və pirlərin ümummədəniyyət və ümumfolklor arealı kontekstində yerini və rolunu, funksiyasını öyrənmək də bu monoqrafiyanı aktual edən əsas amillərdən biridir.
Monoqrafiyanın obyektini Respublikanın Cənub bölgələrindən biri olan Masallı rayonunda yerləşən ocaq, pir və türbələr və onların xalqın yaşamındakı yeri təşkil edir. Əsasən, XV-XVI yüzildən qalan çox sayda dini abidələr, təriqət şeyxlərinin məzarı, məkanı və son dönəmlərdə imam övladları seyidlərin yaşadıqları evlər və onların məzarı üzərində tikilən türbələr də araşdırmanın obyektini təşkil edir. Bu ziyarət yerlərinin bir-biri ilə əlaqəsi, fərqləri də monoqrafiyanın obyektinə daxildir.
Dini-əxlaqi dəyərlərin, inam və mənəvi rahatlığın yeri olan bu müqəddəs məkanlar haqqında yaranan dini əfsanələr, rəvayətlər, mənqəbələr, qısa məzmunlu deyimlər, söyləmələr, həmçinin ziyarət yerlərinin semantik funksiyasının öyrənilməsi araşdırmanın predmetini təşkil edir. Monoqrafiyanın predmetinə həmçinin ziyarət yerlərinə sağaltma, müalicə olunma və ya sadəcə olaraq ziyarət etmə məqsədi ilə gedilməsi, bunların sistemləşdirilməsi, ziyarət yerlərinin funksional-semantik özəlliyi də daxildir.
Bu araşdırmanın aparılmasında əsas məqsəd Masallı bölgəsində yerləşən və yetmiş ildən çox sürən rejimin və ateist təbliğatın da qarşısını ala bilmədiyi ocaq, türbə və pirlərin mədəni-coğrafi arealını, semantik-funksional xüsusiyyətlərini, onlar haqqında yaranan kəramət motivlərinin, mənqəbələrin təşəkkülünü, mövzusunu, funksional-semantik rolunu, ortaq motivlərlə zəngin mənqəbələrin hər gün yaranmasını, yaşadılmasını və gələcək nəsillərə ötürülməsini öyrənməkdən ibarətdir. Məqsədlərdən biri də müqəddəs yerlərə ziyarətlərin mənəvi-psixoloji tərəflərini, tibbi-praktik əhəmiyyətini öyrənməkdən ibarətdir. Bu mənada Masallı bölgəsində ocaq və pirlərin araşdırılmasına aşağıdakı aspektlərdən baxmaq işin konkret vəzifələrini müəyyənləşdirməyə xidmət etmişdir:
– Cənub bölgəsinin Masallı rayonunda yerləşən ocaq və pirlərin tarixi-xronoloji mənzərəsini araşdırmaq;
– Ziyarət yerlərinin bu günkü vəziyyətini öyrənmək, onların olduqları şəhər, kənd və qəsəbənin mənəvi həyatında rolunu aşkarlamaq;
– Ocaq və pirlərin qismən də olsa öz varlığını qoruma və yaşama səbəblərini tədqiq etmək;
– Ocaqlar, pirlər, türbələr, ümumiyyətlə, ziyarət yerləri haqqında yaranan mənqəbələrin, kəramət motivlərinin, qarışıq anlamlı süjetlərin semantik-funksional, tarixi-coğrafi yerini aşkarlamaq;
– Mənqəbələrin yaranmasında dini əfsanələrin, rəvayətlərin, mifoloji mətnlərin və digər janrların rolunu xüsusi vurğulamaq;
– Daha qədim dövrlərlə bağlı pirlər, türbələr və ziyarət yerlərinin imkan daxilində bu və ya digər təriqətlə bağlılığını üzə çıxartmaq;
– Övliya kəramətlərinin, imam övladı seyidlərin kəramətlərinin və onlarla bağlı inancların formalaşmasında atalar kultunun, şamanlıq inancının, qədim türklərin qəbul etdikləri dinlərin rolunu araşdırmaq;
– Hz.Əli, Hz.Fatimə, Hz.Hüseynlə və böyük təriqət şeyxləri ilə bağlı ziyarət yerlərinin insanların dini tələbatlarını, bir növü mənəvi hesab vermə vəzifəsini yerinə yetirməkdə rolunu tədqiq etmək;
– Seyidlik qurumu, onun formalaşması, tarixi gerçəklik, ziyarət yerlərinin yaranma səbəbləri haqqında təsəvvürləri, İslam tarixində bu məsələ ilə bağlı görüşlər və s. kimi problemləri elmi müstəvidə tədqiq etmək;
– Seyidlərin kəramətlərini, kəramətlərlə bağlı söylənənləri, bunların bir janr kimi formalaşmasını öyrənmək;
– Bu kəramətlərin inanc kökünü, mənəvi dayaqlarını, folklor qaynaqlarını, mənqəbəvi özəlliyini üzə çıxartmaq;
– Kəramət motivlərinin çoxunun bütün türk dünyası üçün müştərək olmasını və bunu yaradan səbəbləri araşdırmaq;
– Azərbaycanda, Orta Asiyada, Anadoluda İslami və təsəvvüfi müştərək motivlərdən bir çoxunun mifoloji çağdan qaldığını, şaman qaynaqlı olduğunu və daha əski inamlarla bağlılığını isbatlamaq;
– Müştərək motivlərin tarixi-müqayisəli təhlilini vermək, onların yayılma coğrafiyasını müəyyənləşdirmək;
– Masallı bölgəsi olan seyid mənqəbələrindəki motivlərin bəzilərinin yalnız bu bölgə üçün spesifik olduğunu aşkarlamaq, bunun tarixi-coğrafi bağlantısını və tarixi-coğrafi fərqini üzə çıxartmaq;
– Ocaq və pirlərin, türbələrin ziyarət edilmə səbəblərini, ziyarətçilərin yaş qruplarına görə araşdırmaq;
– Semantik funksiyasına görə ziyarət edilən müqəddəs yerləri klassifikasiya edib qruplaşdırmaq;
– Uşaq istəmə, qismət açma ilə bağlı ziyarət olunan yerləri müəyyənləşdirmək;
– Yaxşı vəzifəyə, yaxşı işə düzəlmək istəyən insanların, bir çox halda dövlət qulluqçularının müqəddəs yerləri ziyarət etmələrinin artmasını araşdırmaq;
– Şəfa tapmaq, müxtəlif xəstəlikləri müalicə etmək üçün müraciət edilən müqəddəs yerlərin müəyyənləşdirilməsini, onların daha çox hansı niyyət və istəyə görə ziyarət edilməsini təyin etmək;
– Fiziki qüsurları, fiziki xəstəlikləri yaxşılaşdırmaq üçün ocaq və pirlərə üz tutulmasının azalma səbəblərini araşdırmaq;
– Psixoloji və ruhi narahatlığın müalicəsi üçün ocaq və pirlələrə müraciət edənlərin sosial tərkibini öyrənmək;
– Bəzi spesifik xəstəlikləri sağaldan xüsusi funksiyalı ocaqları təsbit etmək və araşdırmaq.
Monoqrafiya tarixi-filoloji və tarixi-coğrafi metod əsasında işlənmiş, ancaq yeri gəldikcə təsnifat, qruplaşdırma, qarşılaşdırma, sistemləşdirmə və s. kimi üsullardan da istifadə olunmuşdur. Tədqiqatda müntəzəm şəkildə Azərbaycan, Türk, Orta Asiya və Balkan xalqları folklorşünaslığında mövcud olan elmi-nəzəri bazadan istifadə edilmiş, həmçinin ocaq və pirlərlə bağlı dünya folklorşünaslığının elmi nailiyyətləri də nəzərə alınmış, bu baradə yazılan elmi-nəzəri ədəbiyyatdan da faydalanılmışdır. Eyni zamanda, araşdırmada müxtəlif problem, fakt, müəyyən dini-irfani simvolika, təsəvvüf terminləri, anlayışları tədqiq edilərkən tarixi-müqayisəli təhlil prinsiplərinə də müraciət edilmişdir.
Həmçinin inanc folkloru, qədim inanclarla bağlı araşdırma aparan tədqiqatçıların da elmi əsərlərindən monoqrafiyada nəzəri-metodoloji baza kimi yararlanılmış, onların fikir və düşüncələri nəzəri bazada mühüm rol oynamışdır.
Monoqrafiya bugünə qədər Azərbaycan folklorşünaslığında öyrənilməmiş və ya çox az araşdırılmış ocaq, türbə və pirlərin, onlarla bağlı şıfahı ənənədə mövcud olan mənqəbə mətnlərinin tədqiqinə həsr olunmuşdur. Ocaqların, pirlərin, təkkələrin müasir dövrdə aktuallıq kəsb etdiyini nəzərə alaraq Masallı bölgəsinin regional özəllikləri üzə çıxarılmış, bu bölgə üçün spesifik olan müqəddəs yerlər araşdırmaya cəlb edilmişdir. İşin elmi yeniliyi arasında ilk dəfə olaraq Masallı bölgəsində mövcud olan ocaq və pirlərin özünəməxsus xüsusiyyətlərinin araşdırılması gəlir ki, bu da monoqrafiyada bu mövzuya ilk dəfə toxunulması ilə bağlıdır.
Monoqrafiyada coğrafi areal, tarixi-mədəni şərait Masallı bölgəsi ilə məhdudlaşsa da, yeri gəldikcə Sibir, Altay, Orta Asiya şaman əfsanələrinə, Anadolu və geniş mənada İslam sufi mənqəbələrinə müraciət edilmişdir ki, bu da işin elmi yeniliyini bir daha artırmış olur. Övliya kultu və onun tarixi kökləri şamanlıq inancı aspektindən tədqiq edilmişdir. Ocaq və pirlərlə bağlı mənqəbələrin xüsusiyyətləri sintez halında öyrənilmiş, Cənub bölgəsinin özünəməxsus inanc göstəriciləri aydınlaşdırılmışdır. Araşdırmanın elmi yeniliklərindən biri də müxtəlif dövrlərdə xalqın ziyarət etdiyi pirlərin, ocaqların övliya mənqəbələrinin formalaşmasındakı roludur. Ortaq motivlərin bu baxımdan tədqiqi, müqayisəli təhlillər də elmi yeniliklər arasındadır.
Tədqiqatda ocaq və pirlərin ziyarət edilmə səbəbləri, ziyarətçilərin sosial tərkibi, yaş fərqi, cinsiyət göstəricisi, həmçinin bu yerlərin müalicə funksiyası, əsasən, ruhi-psixoloji xəstəlikləri sağaltması, dərdlərə çarə olması da ilk dəfə araşdırıldığından elmi cəhətdən yenilik hesab oluna bilər. Masallı bölgəsində imam övladları adlanan seyidlərin kəramətləri mühüm yer tutur ki, bunların da öyrənilməsi elmi yenilik baxımından xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, monoqrafiyada dini əfsanələrlə mənqəbələr, rəvayətlərlə mifoloji mətnlər arasında bənzərlik və fərqli cəhətlərə diqqət edilmişdir.
Dostları ilə paylaş: |