AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Folklor janrı kimi mənqəbələr



Yüklə 0,77 Mb.
səhifə6/17
tarix04.05.2017
ölçüsü0,77 Mb.
#16567
1   2   3   4   5   6   7   8   9   ...   17

Folklor janrı kimi mənqəbələr

Azərbaycan folklorunun bu günə qədər tədqiq edilməyən və ya çox az araşdırılan janrlarından biri də mənqəbələrdir. Yalnız Füzuli Bayat bir məqaləsində və Türkiyədə çıxan kitab­larında mənqəbə janrı haqqında elmi-nəzəri məlumat vermiş, bu janrın əfsanə, rəvayət kimi digər janrlardan fərqli tərəflərini gös­tərmişdir. Xüsusən, dini məzmunlu söyləntilərdən hansıla­rının bu janra uyğun gəldiyi məsələsi elmi şəkildə həll edilmişdir (7, 3-18). Türkiyədə mənqəbə janrı haqqında ən geniş məlumatı təbii ki, Əhməd Yaşar Ocaq vermişdir.

Altay şamanları haqqında yaranan əfsanə və memoratlarda olduğu kimi (49) övliyalarla bağlı da bir çox əfsanələr yaran­mışdır ki, biz bunları özəlliklərinə, poetikasına, söyləyiş tərzinə görə mənqəbə adlandırır və bu başlıq altında öyrənirik. Bəllidir ki, İslam dünyasında IX əsrdən etibarən təsəvvüf cərəyanı, XI əsrdən sonra da təriqətlər ortaya çıxmağa başladı. Təriqətlərin ya­ran­ması ilə mürşidlik və şeyxlik qurumu və bunun təbii nə­ticəsi kimi övliya kultu ortaya çıxdı. Buna paralel olaraq hər hansı bir vəlinin kəramətlərindən danışan və qısa hekayələr mənasına gələn mənqəbə janrı formalaşdı (65, 20). Dərvişlərin, müridlərin söylədikləri, sonradan isə kitablaşdırdıqları mənqə­bə­lər, əslində Haqqa çatmış, vəhdətə qovuşmuş övliyanın kəramət­ləri haqqında tərcümeyi-hal mahiyyətində kiçik əxlaqi, mənəvi hekayətlərdir.

Xalq inancına görə, vəhdətə çatan, Haqqa qovuşan insanın da digər sıravi insanlardan bəzi fərqli xüsusiyyətlərə sahib ol­ması və bunu bir şəkildə göstərməsi lazım idi. Belə olduqda türk xalqlarının onsuz da şamanlardan gördüyü, tanış olduğu fövqə­ladə hadisələri reallaşdıra bilmək xüsusiyyəti kəramət gös­təricisi adı altında vəliyə aid edildi. Zamanla bu yolla yaranan mənqə­bələr müsəlmanlar arasında geniş yayılmağa başladı. Əhməd Yaşar Ocağın yazdığına görə mənqəbə, təsəvvüf tarixin­də sufilə­rin göstərdikləri qeyri-adi hadisələr deməkdir. Onun fikrincə, mənqəbə bu fərqliliklərin göstəricisi olan kəramətləri nəql edən kiçik hekayələr mənasında təxminən IX yüzildən etibarən isti­fa­də edilməyə başlanmışdır (65, 27). Təbii ki, İsla­miyyətin qəbul edilməsindən sonra əskidən şamanların, Buddist rahiblərin və Xristian əzizlərinin göstərdikləri fövqəladəliklərin də yeni bir janr kimi formalaşan mənqəbələrin məzmununda yer aldığını de­mək lazımdır. Ancaq sadalananlar hər nə qədər övliya mən­qə­bələrinin qaynağı rolunda olsa da, bunlar yeni şəraitdə, İslam dininə, İslam əxlaqına uyğun bir şəkildə yenidən qurul­mağa başladığı üçün İslami hekayələrdir. İslam alimləri və böyük mü­təsəvvüflər müsəlman olmayan əhalidən buddistlərin, xristian­ların, bütpərəstlərin və digərlərinin reallaşdırdığı ecazkar hadisə­lərə "istidraç", müsəlman vəlilərin göstərdiklərinə isə "kəramət" adını verdilər. İstidraçın qaynağında, mayasında sehr və cadu varkən, kəramət Allahın icazəsiylə hikmətin sərgilən­məsi hesab edildi (7, 13-14). O nöqteyi-nəzərdən sufizmi mən­qəbələrin tək və şəriksiz qaynağı kimi göstərmək mümkün ol­ma­sa da, bu janra son şəklini verən ünsürün təsəvvüf cərəyanı və onun təş­kilati forması olan təriqətlər olduğunu rahatca söyləyə bilərik.

Mənqəbə janrı müasir dövrün ən çox söylənən və söy­ləndikcə də zənginləşən, yeniləşən canlı növlərindən biri olduğu üçün xalq arasında geniş yayılımışdır. İslam dininin yayıldığı bütün ölkələrdə, ən əsası da şifahi mədəniyyətləri zəngin olan türk xalqları arasında dini rəvayətlər və ya mənqəbələr ateist təb­liğatın bütün cəhdlərinə baxmayaraq varlığını qoruya bilmiş­dir. Ona görə də mənəvi kəramətləri ilə şöhrət qazanan övliya mən­qəbələri və ya imam övladı olan seyidlərin kəramətləri Azər­­baycanın hər tərəfində xalq ədəbiyyatının əsas söylənən janrı olaraq qalır. Mənqəbələr təbii ki, İslamın ilk dövrlərindən başlayaraq sürətlə yayılan dini əfsanələrin bazasında yarandı, mif­lərdən, rəvayət­lərdən bir çox ünsürləri almaqla yeni bir janr kimi formalaşdı və söyləyici repertuarında özünə xüsusi yer tutdu.

Diqqətlə tədqiq edildikdə mənqəbələrdəki bəzi motivlərin mənşəyinin türk mifoloji mətnlərindən, əfsanə, dastan və hətta nağıllardan gəldiyini söyləmək mümkündür. Xüsusilə, Bəktaşi mənaqibnamələrində və xalq arasında məşhur olan yerli vəlilərlə əlaqəli söylənən mənqəbəyə bənzər xatirələrdə bunun nümunə­lərinə sıx rast gəlinir. Bunlar Azərbaycanda, Orta Asiyada, Ana­doluda, Balkanlarda, Volqaboyunda ilk missioner dərvişlərin qeyri-müsəlman əhali arasında İslam dinini yaymağa çalışdıqları dövrün xatirələridir (65, 74). Mənqəbələrdə yer alan əjdaha, div, qeyri-adi məxluqlar bunu açıqca göstərir. Məsələn, kafirlər ma­ğaraya gəldikdə namaz qılmaqda olan “Hacı Bəktaş Vəli onların səslərini eşidir, “ya Rəbbim”, – deyir, sən mənə kömək et, yed­dibaşlı bir əjdaha göndər, mağaranı qorusun. Tanrı yeddibaşlı əjdahaya əmr edir. Əjdaha dərhal gəlib mağaranı əhatə edib yatır. Gələn kafirlər bunu görür və qorxub qaçırlar. Hacı Bəktaş bir müddət o mağaradan çıxmır. Tam bir il ibadət edir. İnananlar mağaraya gedib Hünkarı ziyarət edirlər. Ancaq yenə də bəziləri kafir olmaqda israr edirlər. Hacı Bəktaş bu dəfə, “ya Rəbbim”, - deyir, “Mustafa və Murtəzanın hörmətinə, şeyxim Əhməd Yə­səvinin ucalığı haqqı üçün əjdahaya əmr et, münkirləri həlak etsin”. Hacı Bəktaşın duası qəbul olur. Əjdaha hücum edib münkirlərin hamısını udur” (56, 12-13).

Yenə bir başqa Bəktaşi mənqəbəsində mifoloji ünsür oldu­ğunu iddia edə biləcəyimiz və sehirli nağıllarda tez-tez rast gəl­diyimiz bir div obrazı vardır. Mənqəbədə deyilir ki, Rum ərən­ləri öz yerlərinə getmək üçün Hacı Bəktaşdan icazə istəyir­lər. Hünkar hər birinə bir nəsib təqdim edir. “Qaraca Əhmədə Sultan Xoca Əhməd Yəsəvi bir div vermişdi. O vaxtdan bəri o div bizə xidmət edir, onu sənə hədiyyə verdim, artıq sizə xidmət etsin, ölümünüzdən sonra da məzarınızı qorusun”, – deyir. Ərənlər icazə alıb öz yerlərinə gedirlər (56, 20).

Burada mənqəbə ilə mifoloji mətn, əfsanə və nağıl iç-içədir. Yeri gəlmişkən, miflə nağıl arasındakı keçid də mənqəbə janrını anlamaqda açar ola bilər. Belə ki, mifin zamanla nağıla transformasiyası, miflə nağılın fərqləri Azərbaycan folklorşünas­lığında problem kimi qoyulmuş və ətraflı şəkildə həll edilmişdir (24). Mənqəbə ilə mifoloji mətn arasındakı fərq yavaş-yavaş sezilməyə başlasa da, İslami keçid hələ tam olaraq gerçəkləşmə­mişdir. Buna baxmayaraq bu janrlar arasında fərq tarixi-xrono­loji olmaqdan çox struktur-semantikdir. Tədqiqatçı A.Ay da bu fərqi belə açıqlamışdır: “Mənqəbələrin mövzusu gerçək insan­lardır. Bu nöqtədən etibarən mənqəbə nağıldan və əfsanə­dən ayrılır. Halbuki nağıl və əfsanələrdə zaman və məkan namə­lum­dur. Ya da simvolik bir yer və ya zamandır. Mənqəbələrə mü­qəd­dəslik izafə edilir və buna inanılır. Onu nağıl və əfsanələrdən ayıran ən əhəmiyyətli fərq də budur” (40, 32).

Mənqəbələrin bir qisiminin dastani bir hava daşıması da diqqətə dəyər bir başqa nöqtədir. İ.Abbaslı da bu özəlliyi gör­düyü üçün hətta mənqəbə ilə dastanı eyniləşdirmişdir (2). Türk dastanlarında ox ataraq, oxun düşdüyü yerdə yurd qurulması bir ənənədir. Oğuz Kağan da oğullarının hansı məkanı yurd edəcək­lərini təyin etmək üçün eyni üsuldan istifadə etmişdir. Türkmən­lərin tarixini yazan XVII əsrin məşhur tarixçisi Əbülqazi Ba­hadır Xan Oğuz əhvalatını şərh edərkən Oğuz Xanın bir bəyinə qızıl bir yay ilə üç gümüş ox verdiyini, yayı şərqdə, oxları isə qərbdə kimsəsiz bir səhrada yarıyacan basdırıb gəlməsini əmr etdiyini yazır. Oğuz Xan bundan sonra oğlanlarını ova göndərir və şərqdə bu qızıl yayı tapanlara hökmdarlıq, gümüş oxu ta­panlara isə vəzirlik verir. Və bunun da Tanrının təqdiri olduğunu söyləyir. Ancaq dastanın uyğur variantında yay-ox mətnə yuxu vasitəsi ilə daxil edilir (46, 88-90). Bütün bunlar İslamiyyətdən qabaqkı mifoloji obrazların İslam müqəddəslərinin simasında dini əfsanələrə və mənqəbələrə keçdiyini göstərir.

Əbdülqadir İnana görə də Dədə Qorqud İslamdan əvvəlki dövrdən İslami dövrə keçən əfsanəvi bir şəxsiyyətdir və türklər mü­səlman olduqdan sonra onu qopuzuyla birlikdə bir vəli sə­viy­yəsinə ucaltmışlar (59, 165-166). Dədə Qorqud həm şaman, həm də vəli arasında gedib-gələn, hər iki dünyagörüşün özəllik­lərini da­şıyan şəxsdir. Xüsusilə, onun gələcəkdən xəbər verməsi, bir iş gö­rüləcəyi zaman onunla məsləhətləşməsi, oğuz­ların çətin vəziyyə­tin­də Xızır kimi köməyə çatması və s. kimi funksiyaları onu İsla­miy­yətdən əvvəlki şamana və İslamiyyət­dən sonrakı övliyaya bənzədir. Hz.Məhəmmədin zamanında yaşadığı rəvayət edilən Qorqud Ata, Ər Qorqud kimi adlarla da xatırlanan Dədə Qorqud haqqında söy­lənən əfsanə və rəvayət­lərin tarixi məlu­matlarla uyğunlaşmaması onun tarixdə yaşama­yan əfsanəvi bir şəxsiyyət olduğunu düşündür­məkdədir. Çünki vəlilər arasında gerçəkdə yaşamamış və ya yaşadığı şübhəli olan əfsanəvi şəxs­lərə də rast gəlmək mümkündür. Dədə Qorqud da Sibir hövzə­lərində, qazax, qırğız və Türküstan sahələrində, Tyan-şan və Ural türkləri arasında, qısacası, çox əski dövrlərdən bəri bütün türk ellərində ortaq mifoloji obraz olmuşdur. Onun şaman dua­larında xatırlanması da bunu təsdiq edir (42).

Dədə Qorqudun bir tərəfdən şamanlıqdan övliyalığa keçid­də əhəmiyyətli bir rol oynadığı məlumdursa, digər tərəfdən, vəli mənqəbələri arasında Dədə Qorqud hekayələrini xatırladan bəzi motivlər və ya parçalar da görmək mümkündür. Dədə Qorqudun ozanlığı, qopuzu icad etməsi, ölümlə savaşı və s. dini əfsanə şəklində formalaşsa da, mənqəbəyə keçid kimi xarakterizə edilir. Məsələn, Hacı Bəktaş Vəlinin doğumu ilə əlaqədar bu keçid bizə “Kitabi-Dədə Qorqud”un ilk hekayəsi olan Buğaç Xanın doğu­munu xatırlatmaqdadır: nəzir-niyaz, tək uşaq olma və s. həm Buğac, həm də Hacı Bəktaş Vəli üçün müştərək motivlərdir.

Buraya qədər deyilənlərdən də göründüyü kimi, mənqəbə­lərin başlıca qaynaqlarından biri əgər mifoloji mətnlər, dini əfsanələrdirsə, digəri də şaman əfsanələridir. Bunu övliya mən­qə­bə­lərinin şamanlıq və şaman əfsanələri ilə bağlı F.Bayatın (20 səhifədə) maddələr halında göstərdiyi kitabından istifadə et­məklə və mövzumuzla bağlayaraq aşağıdakı kimi təqdim etdik:



  • Şamanlıqda ana heyvan ruhları vardır ki, şamanlar ehti­yac duyduqda, çətin məqamlarda, qurtulmaq istədiklərində, bir sözlə, istədikləri zaman bu heyvanın donuna girə bilirlər. Övliya mənqəbələrində dərvişlərin çətin anlarda heyvan və ya quş donuna girmələri şamanlıqdan qalma çevrilmə hadisəsidir.

  • Vəli və şamanın cəmiyyətdəki funksiyaları tamamən bir-birinə bənzəyir. Şaman kult xarakterli ritualları icra edir, xəstə­liyi müalicə edir, fal açır, sehirbazlıq edir, tufan qoparır, qar yağ­dırır, qeybdən xəbərlər verir. Övliya da eyni şəkildə iflic ol­muşları və ruhi xəstələri sağaldır, gələcəkdən xəbər verir, təbiət hadisələrinə təsir edərək yağış, qar yağdırır, tufan qoparır, su çıxarır və s.

  • Şaman olmaqda namizədin keçdiyi mərtəbələr sufinin keçdiyi mərtəbələrə transformasiya edilmişdir. Dərvişin mənəvi kamillik yolunda çəkdiyi fiziki əzablar, öz mənini yox edib Haq­la birləşməsi bütün hallarda şamanın şaman olmaq istəmə­mə­si və bu yolda ruhların ona verdiyi fiziki əzablarla üst-üstə düşür.

  • Xalq sufizmindəki iki dəfə doğulmayan Haqqın sirrinə çatmaz, formulu şamanlıqda şamanın iki dəfə doğulması əfsanə­lərindən gəlmədir. Şaman ikinci doğuşunda ruhlar tərəfindən o biri aləmə aparılaraq əti doğranır, sümükləri ətdən ayrılır, bişi­rilir. Sonra əti ruhlar tərəfindən yeyilir, sümükləri təmizlənib ye­ni­dən ətlə örtülür və təkrar dirildilir. Sufi də fani dünya qoxu­sundan qurtarmaq üçün qazanda qaynadılır. Tam bişdikdən son­ra dünyaya gətirilir. Qısacası, ölmədən öncə ölmək fəlsəfəsi hər iki dünyagörüşdə eynidir.

  • Yuxuda vergi almaqla Haqq aşığı olmaq həm şaman­lıqda, həm də dərvişlikdə vardır. Bu, şamanın yeni statusa keç­məsidirsə, dərvişin də gözündən qəflət pərdəsinin qalxması, batin gözünün açılmasıdır.

  • Həm şamanın, həm də dərvişin divanəliyi, ruhi dəliliyi, qohumları tərəfındən əl-qolunun bağlanması şamanlıqda olduğu kimi sufilikdə də aşılması gərəkən məqamdır. Bu divanəlik status dəyişmədə ilk mərhələdir. Şaman kimi övliya olmaq da divanəlikdən keçir.

  • Həm şaman, həm də övliya zümrəsi üçün fəqirlik önəmli bir özəllikdir. Şaman bu vəzifəni insanlara xidmət etmək üçün yerinə yetirir. Övliya da bütün həyatı boyu nəfsinə hakim olmaq üçün mal-mülkdən qaçır, dünya nemətlərinə bel bağlamır, fani olanı əbədi olanla əvəz edir.

  • Şaman ruhlarla insanlar, görünən dünyayla görünməyən aləmlər arasında əlaqə yaradan kult icraçısıdır. Övliya da qismən uca varlıqla insanlar arasında bir növü əlaqə yaradır, hər nə is­tərsə Haqdan istəyir, Haqqın dili ilə danışır, insanları irşada çağırır.

  • Riyazət yolu ilə nəfsi öldürmə şamanlıqda olduğu kimi övliyalıqda da vardır. Dərviş çilə çıxartmaq üçün mağaraya, quyuya və ya bu məqsədlə tikilmiş kiçik və dar bir yerə girərək inzivaya çəkilir. Bu zaman içində övliya az yatıb, az yeyir, çox ibadət edir. Şaman da uca məqama çatmaq üçün dünya nemətlə­rindən yalnız qara su içməklə qurtulmağa, nəfsini bu şəkildə tərbiyə etməyə çalışır.

  • Övliya mənqəbələrinin tədqiqi onların şaman əfsanələ­rinin bir variantı qədər bənzərlik göstərdiyini isbatlayır. Məsə­lən, odda yanmamaq, suyun üstü ilə yerimək, cansız varlıqları hərəkət etdirmək, vaxtından əvvəl meyvə yetişdirmək və s. kimi övliya kəramətləri şaman qaynaqlıdır.

  • Xalqın şamana və övliyaya münasibəti də eynidir. Sufi şeyxlərinin məzarı üstündə türbə tikilməsi, türbələrin ziyarət­ga­ha çevrilməsi və onlardan mədət umulması, türbələrin ətrafında olan ağaclara əski, yaylıq, saç bağlanması, beşik asılması, tür­bələrdə şam yandırılması şamanlıq qalıqları olaraq bilinir. Belə ki, şamanların da məzarı ziyarət edilir, bu məzarların öz soyunu qoruduğuna inanılır.

  • Qurban kəsmə mərasimləri də şamanlıqla sufiliyi eyni­ləşdirir. Şamanlar ruhlara qurban kəsərkən qanını yerə tökmə­məyə çalışır, dərisini və sümüklərini ocaqda yandırırlar. Bəkta­şilikdə də qurbanın sümüyü qırılmadan kəsilir, bağırsaqları və sümüyü özəl bir yerə basdırılır.

  • Al basmasına və ya qarabasmaya qarşı seyidlərin, ocaqlı adamların müdaxiləsi eyni ilə şamanın yeraltı ruhlarına qarşı müdaxiləsini xatırladır.

  • İslam dininin ilk yayılma illərində övliyaların taxta qılın­ca qurşanması, taxtadan yay-ox taxmaları, savaşa getmə­ləri şa­manların yanlarında silah, özəlliklə də simvolik yay və ox da­şımalarına semantik cəhətdən çox bənzəyir (12, 76-96).

Türklərdəki övliya mənqəbələrinin qaynaqları arasında yal­nız yuxarıda zikr edilən mifoloji mətnləri və şamanlığı say­maq və bununla kifayətlənmək təbii ki, səhv olar. Çünki türk xalqlarının arasında öz şeyxlərindən başqa ərəb və İran mənşəli dərvişlər də İslamiyyəti yaymağa çalışırdılar. Bunlar XI əsrə qədər İslam dünyasında məşhurlaşmış, haqqlarında olan mənqə­bələr də türkcə söylənmişdir. Maraq doğuran bu əhvalatlar türklərin yeni mənqəbələr formalaşdırmasına kömək etmişdir (65, 32). Hətta İslamiyyətdən əvvəl ərəb dünyasında mövcud olan əski əfsanə və miflərin də türk xalqlarının vəli mənqəbələ­rinin yaranmasına təsiri olmuşdur. Bunlara misal olaraq Qaza­vat­namələri, Battalnamələri, Əba Müslimnamələri, Danişmənd­namələri və başqalarını göstərə bilərik (28; 71; 87; 107). Öncə­ləri qissəxanlar vasitəsi ilə türklərin arasında söylənən bu əh­va­latlar müsəlman xalq tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bunların nəql etdikləri əfsanələr təfsir və tarix kitablarına girdiyi kimi, təsəvvüfün yayıldığı xalq mühitlərində də IX əsrdən etiba­rən, bəlkə də daha əvvəllər övliya mənqəbə­lərinə çevril­miş­dir. Bu vəziyyət dini əsaslara zidd olmamasına diqqət yetirilərək tə­səv­vüf qaynaqlarında nəql edilən vəli kəramətlərinə bənzər folk­lor qaynaqlarından bəhrələnmək surə­tiylə yeni kəramətlərin əla­və olunması nəticəsində yaranmışdır (66, 31). Bu halda türk öv­liya mənqəbələrinin yaranmasında qaynaq kimi dini əfsanə­lərlə, şamanlıqla bərabər İslam rəvayətlərini, digər müsəlman xalqla­rın, özəlliklə İran və ərəb əfsanələrini də göstərmək yanlış olmaz.

Belə ki, əslində öncə ərəblərin şıfahi söz sənətində folklor­laşan Hz.Əli kultu zamanla özünün ən yayğın və güclü dönəmini türk xalqları arasında yaşamışdır. Hətta Hz.Əli soyun­dan gə­lənlərə də ən böyük hörməti türk xalqları göstərmiş, imam öv­ladları olan seyidlərə xüsusi rəğbət bəsləmişlər. Digər tərəf­dən, seyidlik bir qu­rum kimi daha çox türk xalqlarının arasında ya­yıl­mışdır. Son­ra­dan seyidlərin kəramətləri özünəməxsus mənqəbə nümunələri şək­lində yenidən qurulmuşdur. Bu dini əfsanələrin mövzusu kəramət olan mənqəbələrin daha öncə var olan mifoloji hekayələrdən bəh­rələndiyi onların təhlili zamanı da ortaya çıxır. Hz.Əli və övladları və Hz.Hüseynin soyundan gələn və İslam dünya­sının hər tərəfinə yayılmış seyidlər haqqında dini əfsanələr əski əfsanələrin yeni forması kimi çıxış etmişdir. Təbii ki, Hz.Əli, Hz.peyğəmbər haq­­qında türk xalqlarının söylədikləri mənqəbələrlə bərabər, İran və ərəb yazılı ədəbiyyatında mövcud olan əfsanələr də savadlı din nümayən­dələri tərəfindən türkcə­ləş­dirilərək məclislərdə söylən­miş, sonradan bu əfsanələr şifahi şəkildə ağızdan-ağıza keçərək ye­ni xalq variantına çevrilmiş, əsli isə unudulub getmişdir.

Atalar kultu, şamanlıq, buddizm, yəhudilik, xristianlıq ki­mi inanc və dinlərlə bərabər, İslamın ilk dövrlərini ehtiva edən ərəb və fars dünyası da türk övliya mənqəbələri üçün əsas qay­naq təşkil etmişdir. Hz.Məhəmmədin göstərdiyi möcüzələr, dörd xəlifəylə əlaqədar mənqəbələr, xüsusilə Hz.Əlinin cəngna­mələri və mənqəbələri zamanla türk vəlilərinə aid edilmiş, türk övliya­larının adına yazılmışdır. Və ya bu motivlər tam uyğunlaş­dırılmasa da, bir sıra ortaq motivlərdən istifadə edilmişdir. Məs­ələn, Hz.Məhəmmədin döyüş əsnasında bir xurmayla bir çox adamı doyurması möcüzəsi bu gün az çörək və ya az ye­məklə çox adamı doyurma şəklində bir çox övliyaya, imam öv­la­dı olan seyidlərə aid edilərək yaşamağa davam edir. Hacı Bəktaş Vəli ilə bərabər Masallıda yaşadığı bilinən bir çox vəli­nin kəramətləri arasında az yeməklə çox adamı doyurma kə­ra­məti məhz eyni qay­naqdan çıxaraq milli koloritlə yoğrulmuşdur.

Hacı Bəktaş yoxsul bir ailənin xəmirinin heç bitməməsini arzu edərkən və bu istək gerçəkləşərkən, Azərbaycanda da buna bən­zər kəramət haqqında mənqəbə danışılır. Digər tərəfdən Hz.Əli­nin öz cənazəsini özünün qaldırması kəraməti eyni şəkil­də Hacı Bək­taş Vəliyə, oradan da Anadoludakı digər bir çox vəliyə aid edi­lərək söylənmişdir. Mənqəbədə deyildiyi kimi, Hacı Bəktaş Vəli­nin ölümündən sonra üzü yaşıl niqabla örtülü, boz atlı bir ərən gə­lərək, xəlvətə girir, cəsədi yuyur və kəfənlə­yərək tabuta qoyur. Na­ma­zı da qıldıqdan sonra atına minib getmək istəyir. Hünkarın xəli­fələrindən olan Sarı İsmayıl bu üzü niqablı adamın kim olduğu ilə maraqlanaraq arxasınca gedir. Sarı İsmayılın niyazına dözə bilmə­yən üzü niqablı şəxs üzünü açar. Sarı İsmayıl bir də baxır ki, qarşı­sındakı Hacı Bəktaş Vəlidir. Sarı İsmayıl üzr istəyir. Hünkar, “Ər odur ki, ölmədən ölər, öz cənazəsini özü yuyar. Sən də var, buna cəhd göstər”, – deyir (56, 89), sonra da atını qamçılayıb gözdən qeyb olur. Azər­baycanda bu mənqəbəyə bənzər hər hansı bir mətnə rast gəlinmədi, ancaq bu və ya buna bənzər mənqəbələrin zamanında yazıya alınmadığı üçün yaddaş­lardan silindiyini söyləmək mümkündür.

O baxımdan mənqəbələri araşdırarkən bəzi motiv və vəli tiplərini diqqətə alaraq mənqəbə qaynaqları arasında tarixi ha­disələri və şəxsiyyətləri göstərmək də olduqca vacibdir. Belə tarixi şəxsiyyətlərin çoxu yaxın tarixdə yaşamış, aldıqları nəzir­ləri kasıblara, ehtiyacı olanlara paylamış seyidlərdir. Bunlara misal olaraq XX əsrdə Masallı bölgəsində yaşamış Ağa Mir Hə­sən Ağanı (Qızılağac), Mir Cəfər Ağanı (Qızılağac), Mir Heydər Ağanı (Masallı), Seyid Sadiqi (Ərkivan) və onlarca başqalarını göstərmək olar. Övliya mənqəbələri bir qayda olaraq müəyyən bir coğrafi məkanda və müəyyən bir tarixi şəraitdə yaranır. An­caq bunların bir qismi də deyilən tarix və coğrafiyayla uyğun­laş­mırsa da, bir qismi də yaşanmış hadisələrdən doğrudan-doğruya alınmışdır. Hər halda mənqəbələrdə məqsəd övliyanı və ya kə­raməti olan seyidi xalqın gözündə ucaltmaq olduğundan, bu ger­çək hadisələr mənqəbə motivləriylə doldurularaq xalq arasında yayılmışdır. Özəlliklə dinə Sovetlər İttifaqı zamanında da sıx bağlı olan Cənub bölgəsi insanlarının şifahi xalq ədəbiyyatı nü­munəsi kimi ən çox danışdıqları seyid mənqəbələri olmuşdur.

Bütün bunların yanında Azərbaycanda hər hansı bir sufi cərəyanla əlaqəsi olmayan, hər hansı bir təriqətə daxil olmayan seyidlərin, əfəndilərin həm sağlıqlarında, həm də öldükdən sonra göstərdikləri kəramətləri ilə yad edildikləri də vardır. Əslində seyidlərin ocaqları və ya seyidlərə ocaqlı deyilməsi də onların su­filiklə birbaşa olmasa da, əlaqəsinin varlığından xəbər verir, cünki təriqətin Hz.Əlidən qaldığı, sufiliyin altıncı imam Cəfər Sadiqin ezoterik yorumu ilə formalaşdığını (15) nəzərə alsaq, özlərinə imam övladı deyən seyidlərin təsəvvüflə bağlılığı aydın olar. Digər tərəfdən seyidlərin kəramət göstərmələri də sufiliklə bağlı­dır və övliyalara aid edilən cəhətdir ki, bunların eyni ilə seyidlərə də aid edilməsi onları müəyyən bir təriqətlə bağlamış olur.

Övliya mənqəbələrində də kəramət göstərən ərənlərin çoxu­nun nəsil baxımından seyid olduğunu görürük. Məsələn, Hacı Bəktaş Vəli mənqəbələrində Seyid Mahmud Heyrani, Seyid Camal və övliyaların ən böyüklərindən biri olan Seyid Qazi buna misal ola bilər. Ona görə də övliya elə seyiddir, hər seyid də müəyyən mənada övliyadır, demək mümkündür. Ancaq bütün övliyalar seyid olmadığı kimi, bütün seyidlər də övliya deyildir. Burada bir çox sünni kəsimdən çıxmış seyid ünvanlı övliyaları və ya dərvişləri də qeyd etmək lazımdır. Kəramət sahibi olan bu sünni görünümlü seyidlərin mənqəbələrindən də göründüyü kimi, onlar bütün hallarda nəsil şəcərələrini Hz.Əliyə bağlayırlar. Hər halda şiə inancında yalnız Hz.Əli və Hz.Fatimə soyundan gələnlər seyid olduğu halda, sünni türk inancında Hz.Fatimədən olmayan ancaq Hz.Əli soyundan gələnlər də seyid adlanırlar. Həm dini əfsanələrdə, həm də mənqəbələrdə seyidlər çox vaxt seyid olma­yan övliyalardan üstün hesab edilirlər. Məsələn, Lənkəranda se­yidlər zahidiyyə təriqətinin qurucusu Şeyx Zahid Gilanidən üstün hesab edilir. “Bizdə biz gedirik Şıxəkərandə (Şıxəkəran Lənkə­randa kənd adıdır) Şıx Zahid var ora, Şıxəkəranə seyidlər ziyarətə getmillər. Çünki seyidlər ondən yüksəkdirlər. O Şıx olub, olar ama, seyitdi. Dünən söhbət elədilər, bi dənə seyid var idi ordə, o dedi ki, bizə düşmür ora getməy. Günahdı” (128).

Süleyman Hakim Ata mənqəbəsində deyilir ki, Seyid Ata Süleyman Hakim Atanın türbəsində mücavir olmaq istəyir və orda mücavir olan Şeyx Cəlaləddindən bu vəzifəni ona verməsini istəyir. İş könüllü olmadıqda hər ikisi niyaz üçün Hakim Atanın məzarının yanında yatırlar ki, Hakim Ata onlardan hansını seç­diyini desin. Hakim Ata Şeyx Cəlaləddinin yuxusuna girib ona belə deyir: “Ey oğlum, Şeyx Cəlaləddin, bil və agah ol ki, Seyid Ata buraya peyğəmbər salavatullahın əmri ilə gəldi. Mücavirliyi qoy o etsin” (14, 53). Buradan da seyidlərin övliya türbələrində mücavir olmalarını, imam, peyğəmbər övladı olduqları üçün əziz tutulduqlarını öyrənmiş oluruq. Ona görə də Azərbaycanda həm övliya türbələri, həm də seyid məzarları ziyarət yeridir, övliyalarla bərabər seyidlər də kəramət sahibidirlər. Həm də seyidlərin təmiz əxlaqı, ehtiyacı olanlara yardım etməsi, heyvana, quşa rəhm etməsi məşhurdur. “Mir Həsən Ağa öz evində ata-baba ocağında məhərrəmlikdə, qədr gecələrində həmişə ehsan verərmiş. Mötəbər adamlar, ağanı sevənlər ağaya divarlarında quşlar yuva salan köhnə evini söküb, yerində təzəsini tikməyi məsləhət görərmişlər.

Mir Həsən Ağanın sora istiyiblər ki, evini söküb təzəli­yə­lər. Onun da evində hələ çalğı çalınmıyıb. Deyirlər ki, gəl ay Ağa, köh­nə evdi də, qədimnən qalmadı, gəl bunu sökək, təzəliyək. Deyir:

– Yaxşı, təzələdiz, bəs bu sərçələrin yuvaları hara gedəcək?

Qoymuyub ona təzə ev tikməyə” (113).

Məlum olduğu kimi, mənqəbələrin əsas mövzusu övliyala­rın, seyidlərin, ocaqlı insanların göstərdikləri kəramətlərdir. Ona görə də mənqəbələrlə bağlı təsnifatların hamısında kəramət mo­tivləri sıralanmışdır. Türk mənqəbələri ilə əlaqədar ilk motiv təs­nifatını Pertev Naili Boratav etmiş, təsbit etdiyi motivlərin qay­na­ğını da göstərmişdir (51, 42-45). Daha sonra bu məsələyə Ə.Y.Ocak (65, 88-92) yenidən müraciət etmiş, türk mənqəbələri ilə əlaqədar əhatəli bir təsnifat tipi önə sürmüş, bu təsnifatda kəramət motivlərini aşağıdakı kimi qruplaşdırmışdır. Burada heç bir dəyişiklik etmədən Ə.Y.Ocağın təsnifatını veririk:

A. Vəlinin öz üzərində cərəyan edən kəramət motivləri:

1. Doğum əsnasında fövqəladə halların zühuru,

2. Ruhun bədəni tərk edib gəzdikdən sonra geri dönməsi,

3. Yanındakılara eyni anda dəyişik donlarda görünmə,

4. Bir anda çox uzaq məsafələri qət edə bilmə,

5. Müxtəlif heyvanların donuna girmə:

a. Quş (göyərçin, şahin, qartal) olma,

b. Maral və ya maral cinsindən bir heyvana çevrilmə,

c. Başqa bir heyvan şəklinə bürünmə,

6. Öldükdən sonra yenidən dirilmə,

7. Kölgəsinin yerə düşməməsi,

8. Göylərdə uçma,

9. Eyni anda bir neçə yerdə görünmə,

10. Yemədən, içmədən, yatmadan uzun zaman dayana bilmə,

11. Öldürücü və korlayıcı şeylərin təsir etməməsi:

a) Atəşdə yanmama,

b) Suda qaynayıb ölməmə,

c) Soyuğun təsir etməməsi,

d) Silah, zəhər və s. kimi öldürücü şeylərin təsirsiz qalması,

12. Cinsi duyğulardan uzaq olma,

13. Öləcəyi yeri və zamanı əvvəldən bilmə,

14. Bədəni ölmədən dünyadakı varlığını yox etmə:

a) Qeyb olma,

b) At üstündə göyə yüksəlmə,

c) Mələklər tərəfindən göyə götürülmə,

15. Ölüm əsnasında və sonrasında fövqəladə halların zühuru,

B. Təbiət varlıqları və əşya üzərində cərəyan edən kəramət motivləri:

1. Cansız varlıqları özbaşlarına hərəkət etdirmə:

a) Dağları, təpələri, daş və qayaları icad etmə,

b) Əşyaları icad edib çox uzaqlara sövq etmə,

c) Axar suları dayandırma, tərsinə axıtma,

2. Maddələrin mahiyyət və xüsusiyyətlərini dəyişdirmə:

a) Suyu və digər içkiləri yağ, bal və ya başqa bir maddəyə çevirmə,

b) Bitkiləri daşa çevirmə,

c) Daşı, torpağı qızıl, yaxud ləl-cəvahirat halına gətirmə,

3. Maddələrin formalarını dəyişdirmə, böyüdüb kiçiltmə, uzadıb qısaltma,

4. Qurumuş ağac və ya odun parçasını yaşıl ağac halına gə­tirmə:

a) Odun parçasını ağac etmə,

b) Əsanı, dəyənəyi ağac etmə,

c) Ox, mizraq və bənzəri silahları ağac etmə,

5. Bir maddəni, əşyanı və ya cisimi yoxdan var etmə,

6. Mövsümü gəlmədən ağacların çiçək açması və ya mey­və verməsi,

7. Meyvə ağacı olmayan ağaclarda meyvə yetişdirmə,

8. Təbiət qüvvətlərini və hadisələri istədiyi kimi idarə etmə:

a. Yağış, qar və dolu yağdırma.

b. Külək və fırtına çıxarma,

c. Şimşək çaxdırma və ildırımdan istifadə etmə,

d. Yağan qarı, dolunu və yağışı dayandırma, külək və fır­tına qaldırma,

9. Yerdən, daş və ya qayadan su fışkırtma,

10. Çay, göl və ya dəniz üstündə getmə,

11. Çay, göl və ya dənizi yarıb qarşıya keçmə,

12. Cansız varlıqların zikr və təsbehləni duy/eşitmə, eşit­dirmə,

13. Cansız varlıqları danışdırma,

14. Cansız varlıqları xidmətində istifadə etmə, onlara söz keçirmə,

C. Heyvanlar üzərində cərəyan edən kəramət motivləri:

1. Vəhşi heyvanları itaətə alma,

a) Vəhşi heyvanları zərər verməz hala gətirmə,

b) Vəhşi heyvanlardan istifadə etmə,

c) Vəhşi heyvanlarla dostluq qurma,

d) Bütün heyvanlara söz keçirmə.

2. Heyvanları daşa çevirmə,

3. Heyvanları danışdırma.

D. Gizli şeylər üzərində cərəyan edən kəramət motivləri:

1. Ağıldan keçənləri bilmə, düşüncəni oxuma,

2. Başqa yerlərdə baş verən hadisələri, mövcud kəsləri görmə, başqalarına göstərmə,

3. Gizli əşya və maddələri tapıb çıxarma,

4. Keçmişdə olub bitənləri bildirmə,

5. Gələcəkdə olacaqları xəbər vermə,

6. Qəbirdə baş verənlərdən agah olma.

E. Müqəddəs, fövqəlbəşər və gizli güclər üzərində cərəyan edən kəramət motivləri:

1. Allahı görmə,

2. Peyğəmbərləri görmə, onun tərəfindən irşad edilmə:

a) Birbaşa görmə,

b) Yuxuda görmə.

3. Xıdır və digər qeyb çatanlarıyla görüşmə,

4. Şeytanı görüb yoxlama, pisliklərinə qapılmama,

5. Cinlərlə təmas qurma, pisliklərini yox edib xidmətində istifadə etmə.

F. Bioloji mahiyyətdə kəramət motivləri:

1. Ölünü diriltmə:

a) İnsanı diriltmə,

b) Heyvanı diriltmə,

2. Sümüklərdən diriltmə,

3. Cinsiyyət dəyişdirmə,

4. Sonsuz olan ər-arvadı, yaxud yaşlı qadın və kişini uşaq sahibi etmə,

5. Xəstəlikləri yaxşılaşdırma,

6. Bədən qəzalarını aradan qaldırma,

G. Vəliliyini qəbul edənlərə istiqamətli kəramət motivləri:

1. Başqalarını çatmışlığa qovuşdurma,

2. Bərəkət gətirmə,

3. Az yemək ilə çox adamı doyurma,

4. Başqalarını xəbərdarlıq edib pisliyə, təhlükəyə düşmək­dən qurtarma,

a) Yanlarında ikən,

b) Yanlarında olmadığı halda gözlərinə görünərək,

c) Yuxularına girərək.

5. Təhlükə və ya fəlakətə məruz qalanları həqiqətən qur­tar­ma,

a) Yanlarında ikən,

b) Çox uzaqlarda müdaxilə ilə,

6. Əjdaha ilə döyüşüb öldürərək xalqı qurtarma.

H. Vəliliyini qəbul etməyənlər üçün söylənən kəramət mo­tivləri:

1. Başqa bir vəliyə kəramət qüvvətiylə üstün gəlmə, onu özünə təbii / tabe etmə,

2. Rəqiblərini qarğış edərək müxtəlif şəkillərdə cəzalandırma:

a) Başına bir fəlakət gətirərək,

b) Bir orqanından məhrum edərək,

c) Yerə basdıraraq,

d) Birdən öldürərək,

e) Daş halına gətirərək,

3. Rəqiblərinə qorxu və dəhşət verəcək donlara düşmək,

4. Əlindəki əsa və ya dəyənəyi əjdahaya çevirib qarşısın­dakılarda qorxu oyatmaq,

5. Rəqiblərinə fəlakət göndərmək:

a) Oturduqları yerləri yox edərək,

b) Zəlzələ və yanğın yaradaraq,

c) Yerə batıraraq,

d) Göydən atəş yağdırmaq.

Burada qısaldaraq verdiyimiz bu təsnifata diqqətlə baxıl­dıqda, bunlardan çoxunun Cənub bölgəsi, xüsusən də Masallı ocaq və pirləri haqqında söylənən kəramətlərlə oxşarlığını görürük. Qeyd etmək lazımdır ki, bu bölgə üçün spesifik olan və çox sıx təkrarlanan kəramət motivləri də vardır ki, bu da yerli şəraitlə və bütövlükdə isə Azərbaycanın ateist bir sistemdə yaşaması ilə əlaqəlidir. Məsələn, Masallıda imam övladları olan seyidlərin qeyri-adi gücündən, qeyri-adi sürətindən, duyumun­dan bəhs edən çox sayda kəramət mo­tivləri ilə bərabər pirləri, ocaqları sökməyə və seyidləri həbs etməyə gələn hüquq işçilə­rinin, əsgər­lərin qeyri-adi şəkildə cəzalandırılması, qorxudul­ma­sı kimi yerli və sovet ideologiyası ilə bağlı kəramət motivləri də vardır. Bu spesifik kəramətlərdən birində, konkret olaraq Mir Əli­can Ağa haqqında deyilir ki, o batan maşını tək başına çıxarıb.

“Əlqərəz, maşını saxladım, baba düşdü, getdi dəstəmaz almağa. Mən də dedim da maşını arxaya cevirim, batdı maşın. Elə batdı ki, təkərin axırına qədər. Nə qədər elədim, gördüm ki, qeyri-mümkündü çıxartmağ. İndi fikirrəşirəm ki, traktor­dan-zaddan tapım bu maşını çıxartmağa. Bi də gördüm ağa əlindəki suqabını qoydu gəldi. Dedi, mən sənə dedim axı gir­mə bura. Dedi, maşını xodda. Dedim, ağa, maşın xoddadı. Əlin deer ki, maşına vurmağnan elə bil ki, maşını böyük bir traktor götürdü qoydu kənara. Maşın elə o sürətnən də evə gəl­di. Evə gəldim, təzə evlənmişdim, ağlıyıram, yoldaşım ba­xır ki, sənə noolub. Dedim ki, heç nə, ağanın möcüzəsin gör­müşəm. Sora kimə o maşın batan yeri göstərib deyirdim ki, mən burdan çıxmışam, heç kəsin inanmağı gəlmirdi” (121).

Və ya yolda seyidi maşına oturdub gedəcəyi yerə götür­mək istəyənə seyidin sən get, mən gələrəm, deməsi və maşından qabaq deyilən yerdə olması kimi kəramətlər bu bölgənin seyid­ləri üçün söylənən spesifik mənqəbələrdir. Bundan başqa, insan­lar seyidi eyni anda bir-birindən uzaq fərqli məkanlarda gördük­lərini söyləyirlər.

Mifoloji dövrdən bu yana yaşanılan hər hadisə, qəbul edilən hər dəyər etnik mədəniyyətdə müəyyən iz buraxmışdır. Bu cəhət­dən övliya mənqəbələri üçün həm mifoloji dövrlərdə, həm də sonrakı dövrlərdə əfsanə, dastan, nağıl, rəvayət və s. janrların zə­min təşkil etdiyi həqiqətdir. Digər tərəfdən mənqəbələrin forma­laş­masında hər nə qədər başqa janrların və ya əhvalatların əhə­miy­yətli rolu olsa da, türk xalqlarında bu janrın doğuşunun İsla­miyyətlə birlikdə gələn təsəvvüfün təsirilə olduğu da şübhəsizdir. İslam tarixinin ilk əsrindən etibarən bir zühd və təqva anlayışı şəklində ortaya çıxmağa başlayan təsəvvüf hərəkatı IX yüzildən sonra geniş və mürəkkəb bir təfəkkür sistemi olmuşdur. XI əsrdə isə yavaş-yavaş təriqətlərin təşəkkülü və XII əsrdə İslam aləminin hər tərəfini əhatə etməsilə təsəvvüf hərəkati son böyük hücumunu etmiş oldu. Vəli anlayışı və bununla birlikdə mənaqibnamələr də eyni mərhələlərə paralel inkişaf prosesi keçmişdir. Təsəvvüf düşüncəsində mövcud olan ölmədən əvvəl ölərək vəhdətə çatma anlayışı dünya ilə bağlarını kəsərək tərbiyə olma fəlsəfəsini inkişaf etdirmişdir. Bu yolda irəliləyərək hal və məqamları keçən və sonunda Haqq ilə Haqq olan dərvişə övliya deyilmişdir. Ona görə də vəli “Allah dostu, Allahla birləşmiş adam” mənalarını verdiyindən türk-İslam dünyasında böyük hörmət görmüşdür. Allah dostları haqqında söylənən mənqəbələr həm Azərbaycanda, həm də bütün İslam dünyasında bu gün də geniş yayılmışdır.

Təsəvvüfün müstəqil bir dünyagörüş kimi ortaya çıxışı, yaşanan İslami həyatın zaman keçdikcə əski gücünü itirməsinin, zühdi həyatın zəifləməsinin bir nəticəsidir. İslam təsəvvüfünün zühdi həyata verdiyi əhəmiyyət, bu elmin təməl əsasının “masi­va” ilə əlaqənin kəsilməsi formasında reallaşmasını təmin etmiş­dir (54, 29). Təsəvvüf dünyanın bütün şirinliklərindən üz çevir­mək, insanların hər zaman meylli olduğu keçici ləzzətlərdən qorunmaq, Haqq ilə birgə Haqqa yönəlmək məqsədiylə meydana gəlmişdir. Hətta Allah dostları olan bu insanlar pis adamları da bağışlamağı, bəzən onların halına acımağı da bacarmışlar. Məsələn, Masallının Qızılağac kəndindən olan, səxavəti, əxlaqı və ideal davranışı ilə bütün bölgənin dərin hörmətini qazanan Mir Həsən Ağa onun həyətindən oğurluq edəni də bağışlayır, halına acıyır:

“Yenə bir gün onun həyətinə oğru girir, soğan oğruluğuna. Deyirlər ki, ay Ağa, oğru girib soğanlığa. Deyib, ola bilməz. Gə­lib baxır görür ki, soğanı dəriblər. Həyətin də hər tərəfi kolluğ­du. Deyib oğru üçün:

– Ay bala, ay bala, sən nə əziyyət çəkmisən. Halal xoşun olsun” (113).

Burada əsas məqsəd Haqqın razılığını qazanmaq üçün nəfsi təmizləməkdən, gözəl əxlaq sahibi olmağa çalışmaqdan, qısaca Allahın və Rəsulunun əxlaqıyla əxlaqlanmaqdan ibarət­dir. Təsəvvüf ədəbiyyatında önəmli bir yer tutan övliya mənqə­bələrinin diqqətlə araşdırılması göstərir ki, bir folklor janrı kimi mənqəbələrin əsas funksiyası insanları təvazökar olmağa səslə­məklə, əxlaqın ən böyük nemət olduğunu, hər kəsin Allah (cc) qatında bərabər olduğunu göstərməkdən ibarətdir. Türk təsəvvüf cərəyanının və təriqət sisteminin ilk nümayəndəsi kimi qəbul edilən Xoca Əhməd Yəsəvidən, Hacı Bəktaş Vəlidən tutmuş yer­li şeyxlərə, xalq arasında imam övladı kimi hörmət görən se­yidlərə qədər kəramətləri haqqında danışılan şəxslər sinkretik bir janrın – mənqəbələrin formalaşmasına səbəb olmuşlar.

Azərbaycan keçid məntəqəsi kimi bir çox təriqətin yaran­dığı, inkişaf etdiyi yer olmuşdur. O cəhətdən bu yerlər övliya mənqəbələri baxımından çox zəngin olmuşdur. Ancaq bir tərəf­dən dərvişlərin, şeyxlərin, seyidlərin yavaş-yavaş pay yığan, di­lənçilik edən kəslərə çevrilməsi, digər tərəfdən, sovetlərin ateist təbliğatının nəticəsində bu zəngin irs itib-batmışdır. Cənub böl­gəsində, konkret olaraq Masallıda pirlərin, ocaqların araşdırılması zamanı hələ də çox sayıda mənqəbələrin mövcudluğunun şahidi olduq. Danışılan mənqəbələrdə Xoca Əhməd Yəsəvi, Hacı Bəktaş Vəli, Otman Baba, Şəms Təbrizi, Şeyx Səfiəddin Ərdəbili, Yunus Əmrə kimi böyük dərvişlərin mənqəbə motivlərini görmək mümkündür. Hətta Anadoluda bir neçə yerdə məqamı olan Yunus Əmrənin, mürşidi Tapdıq Əmrənin Azərbaycanın Qax bölgəsində də pirlərinin olması vəli kultunun müştərəkli­yindən, mənqəbə motivlərinin səyyarlığından xəbər verir.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin