AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Psixoloji xəstəlikləri sağaltmaq üçün gedilən ocaqlar



Yüklə 0,77 Mb.
səhifə14/17
tarix04.05.2017
ölçüsü0,77 Mb.
#16567
1   ...   9   10   11   12   13   14   15   16   17

Psixoloji xəstəlikləri sağaltmaq üçün gedilən ocaqlar

Ocaq və pirlərin əsas funksiyalarından biri də psixoloji və ya ruhi xəstələri sağaltmaqdır. Fiziki qüsurlardan çox mənəvi rahat­sızlıq, əqli çatışmamazlıqla bağlı ocaqlara və pirlərə müraciət sayca çoxluq təşkil edir. Müxtəlif səbəb­lərdən ruhi sarsıntı keçirmiş və ya anadangəlmə psixoloji problemləri olan insanların ta qədimdən bəri qurtuluş yeri müqəddəs məkanlar olmuşdur. Hətta türkəçarələr də ruhi rahatsızlığın sağalma yeri kimi ocaqlara işarə etmiş, oranı tövsiyə etmişlər. Bunu toplama materialları da təsdiqləyir.

Ərkivan qəsəbəsindən olan, ancaq sadəcə, Masallıda deyil, qonşu bölgələrdə də tanınan Seyid Sadiq Ağanın türbəsinə bütün xəstə adamlar gəldiyi kimi, psixoloji xəstələr də gəlir. Seyid Sadiq Ağa özü də uzun zaman ruhi xəstəlik keçirmiş, ölənə qədər xəstə­likdən qalan qəribə davranışları ilə seyidlər arasında fərqlənmişdir. Onun məzarı üzərində türbədarlıq edənin söylədiyinə görə:

“Bura ən cox xəstələr gəlir, şəfa da tapıllar. Valla bura xəstə gətirmişdilər day yer qalmamışdı gəzzirməsinnər. Hətta yaylığnan-zadnan bağladılar məzarın dəmirinə, elə bil ki, havalı kimi olmuşdu də. Gətdilər maşınnan uzanan vəziyyətdə düşürt­dülər, səhərdən düz saat 4-ə kimi o, bağlı vəziyyətdə uzandı ağanın ziyarətində, uzatdılar, özündə döyül aaa, baxa bilmir adama, camaat da gəlir gedir, öz ziyarətdərini eliyir. Cavanca oğlandı, 30 neçə yaşında, dörd gün orda qaldı, dörd günnən sora onu gördüm qolunnan tutub ayağ üstə gəzzirillər.” (111)

Buna bənzər əhvalatlara başqa kəndlərdə də rast gəlmək mümkündür. (130, 132, 133)

Masallıdakı ocaqlara sadəcə bölgə insanları deyil, yaxın və uzaq rayonların adamları da müraciət edirlər. Məsələn, Cəlila­bad, Lənkəran, Biləsuvar, Yardımlı, Saatlı, Sumqayıt, Bakı, hət­ta Rusiyadan gələnlər də olur. Bu da ocaq və pirlərin universal funksiyasından xəbər verir. Ocaq və pirlərə gələnlər şiələr, sün­ni­lər, hətta xristianlar da olur. Bir sözlə, xalqın ənənəvi rahatlıq tapdığı, inandığı yer ta qədimdən ocaq və pirlər olmuşdur. Psi­xo­loji vəziyyəti qənaətbəxş olmayan bütün xəstələr və ya nara­hat adamlar daha çox müqəddəs yerlərdə şəfa axtarırlar. Masal­lıda Mir Tağı ocağı ilə bağlı söylənənlər də bunu təsdiq edir.

“Bi dəfə Saatdıdan iki qardaş gəldi. Dedilər:

– Ağa, valla sorağlaşa-sorağlaşa gəlib çıxmışuğ bıra, iki qardaşa bir evladımız var. Nə qədər istiyirsən var-dövlətimiz var də, yəni yer yurdumuz, malımız heyvanımız hər cür. Bı uşağ gecələr durur, çıxır gedir, gəzir. Bunu yığışdıra bilmirüy biz. Ya qoşulur bu uşağlara, hər cür maddıyyatı var də. Gedir ora, bıra. Bı uşağı biz ipə-sapa yatızdıra bilmirüy də. Evə salıb qapını bağlıyiruy alınmır. Nəsə bizə bi əlac qıl, ağa, qurban olum.

Mir Tağı Ağa saldı uşağı içəri tək-tənha, mənə də göz elədi ki, gəl içəri bu uşağa bir-iki sual ver. Dedi ki, soruş dostarı onu ni­­yə çox istiyir? Onnan nə tələb eliyillər, nəydən xoşu gəlmir. Get­­dim soruşdum. Gəldim uşağın dediklərin ağama dedim. Sora özü girdi içəri, bir neçə dəqiqə söbət elədi. Sora oturdular çay-çö­rəy yedilər, atam dedi, bu uşağı götür 3-4 ay çıxart bu ölkədən. Düş­düyü mühütdən çıxart apar bını. Bu mühütdən tamam uzağ­laş­dır bı uşağı. Nə narazılığun olsa, sora mənə deyərsən” (25, 157).

Bəzən öləcəyini düşünən və ya buna inanan insanlara da ocaqlar mənəvi hüzur yeri olur. Belə xəstələrin bir çoxları gedə­cəkləri ocaqları yuxularında görürlər. Ancaq uzun zaman yuxu­gör­mə prosesini yanlış izah edən, bunu yalnız tibblə bağlayan psixoloqlar çox tədqiqat aparmışlar. Yuxunun bir çox halda gerçəkliklə əlaqəsini izah edə bilmədiklərindən bunu sadəcə olaraq neyrofizioloji proses adlandırmışlar (94, 157). Yenə yuxu ilə bağlı bir hadisədə deyilir ki, Masallı şəhərində yaşamış Mir Tağı Ağa adlı bir seyid bir qadının yuxusuna girir. Ağa, yuxuda bu qadına, sənin şəfa tapacağın yer bu ocaqdadır, deyir. Həm də burada bu psixoloji xəstəliyə qarşı tətbiq edilən “müalicə üsulu” da maraqlıdır. “Anam ələmnən bi dənə yaylığ aşdı, nənəm rəh­mətdiy atdı onun başına. Dedi ki, bı Əbəlfəz ələmidi, hökmlidi, bı imam balasının evinnən sənə şəfa. Bağladı onun başına getdi. Siz inanin ki, o ölən bı ölən. O arvad indiyə qədər də yaşadı, cə­mi iki ildi rəhmətə gedib” (25, 161).

Bəzi pirlərin ruhi xəstələri necə sağaltdığı söylənməz, sa­dəcə nəticə söylənir:

“Mahmudavar kəndində Pirəğədim adlı bir pir var. O abi­dəyə bugünkü günə qədər qocalar, cavanlar gedillər, xəstələr ge­dillər, ruhi sarsıntı keçirən insanlar gedillər ora, dua eliyillər Al­laha, niyətləri də baş tutur. Bəzi ruhi xəstələri qəbrin yanında ya­tırırlar” (125).

Psixoloji narahatlığı aradan götürmək üçün ocaqlı adamlar qələm çalma üsulundan da istifadə edirlər.

“Biri də vardı, çox kasıb adam idi, həmişə gələrdi, ağam ona pulsuz, parasız qələm çalardı, özünə, balalarına” (124). Bə­zən psixoloji xəstəliklərlə bərabər qələm qismət açmaq üçün də vuru­lur. Bu, əslində seydlərin və ya seyid övladlarının dua yaz­ma­sıdır ki, el arasında qələm çalma və ya qələm vurma adı ilə bilinir.

“Sora biz qələm də vururuğ. Atam da eliyirdi, bacım da eli­yir. Da haralardan ona görə bizə zənglər gəlmir. Mövsüm qar­daşım da yazır. Özü də bı günah deyil haaa. Özü də bı qələm­vur­ma ananın adıynan olur. Atanın adını yazmıllar. Bi qohummuz var idi, bi gün Sumqayıtdan zəng vurdu ki, ağa, uşağ düşüb part­da­mıya, gecəni səhərə kimi yatmıyıb, çır-çır çığırır. Atam da qə­ləm vurdu. Onnan da yaxşı olmuşdu uşağ” (124). Qələm çalma / vurma həm də türkəçarəliyin bir növü kimi də tanınır. Çünki bu­nu təkcə ocaq və pir sahibləri deyil, mollalar da yazırlar. Mə­sə­lən, Masallının Həsənli kəndində baməzə, türkəçarə, molla ki­mi tanı­nan Alışoğlu Mürsəl haqqında belə bir məzəli əhvalat danışılır:

“Bir dəfə babamın yaxın qohumu qaça-qaça gəlir ki, ay Mürsəl, arvadım Tamının ürəyi gedib. Babam onu birtəhər sakit eləyir. Deyir ki, dua yazaram ayılar. Həm də babam bilirdi qo­hu­munun arvadı Tamı həyasız, söyüşkən, dikbaş, həm hərrəkdi. Babam gəlir bulara. Baxır arvad ərinnən dalaşıb özünü vurub ürəkkeçməliyə. Babam arvadları aralayıb keçir içəri, görür ki, Tamı, vallah elə tirrənib, deyirsən dünən ölüb. Babam deyir, içə­ridə heç kəs qalmasın, təkcə Bikədən başqa… Babam deyir ki, Bikə, bunu vurğun vurub, bunun işi çətindir, gərək buna dərin­dən qələm çalam. Özü də dua lüt bədənə yazılmalıdır.

Babam kağız-qələm çıxardır. Bikəyə deyir ki, donunu yuxa­rı çək dizdən yuxarı yazılmalıdır. Babam ərəb əlifbası ilə on-on beş söz yazır bunun buduna, “xəstə” ayılmır. Onda babam deyir:

– Bikə, bir yol qalıb, dua hökmən bunun göbəyinə yazıl­malıdır.

Bikə çəkinə-çəkinə bunun göbəyini açır. Babam yenə baş­layır ki, yazmağa, xəstə görür ki, Alışoğlu bundan əl çəkmə­yə­cək, əli ilə donunu göbəyinin üstünə çəkir və deyir:

– Qağama bax ey, qağama” (22, 48).

Düzdür, burada dua yazan imam övladı seyid deyil, el ara­sında hazırcavablığı ilə seçilən türkəçarə və ya din nümayəndəsi olan molladır.
Gec dil açan, danışma qüsuru olanların

müraciət etdikləri ocaq və pirlər

Toplanan materiallarda ocaq və pirlərin danışma qüsuru olan adamlara, kəkələmələrə, xüsusən də gec danışan uşaqlara kö­mək etdiyi haqqında məlumata rast gəlmədik. Ancaq Anado­luda, Orta Asiyada pirlərin daha çox yayılmış funk­siyalarından biri də danışma qüsuru olanlara yardım etdiyi haqqında söylənən mən­qəbələrdir. Hətta Şanlıurfada, Adıya­man­da gec danışan uşaq­lara yardım edən özəl ocaqlar vardır ki, burada gec dil açan uşaqların ağzını təmsili açarla açırlar və ya uşağı orada bir neçə gün saxlamağa çalışırlar. Buna baxmayaraq Masallıda seyid ocaqları, pirlər və digər ziyarət yerləri ilə bağlı kəramətlərdə da­nış­ma qü­surunu sağaldan oca­ğa rast gəlmədik və ya bununla bağ­lı bir şey demədilər. An­caq bəzi kəkələmələrin, dil qüsuru olan insanların ağır ocaq kimi tanınan yerlərdə yatırıldığı və ya oradan götürül­müş kimyədən ağzına sürtməklə, torpağın su ilə qarışdırılıb içi­rilməklə sağalacağı haqqında məlumatlara rast gəldik.

Bəzən sadəcə niyyət edilməklə də danışma qüsurunun ara­dan qaldırıldığı söylənir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin