Əli ŞAMİL,
Aynur QƏZƏNFƏRQIZI
AMEA Folklor İnstitutu
NAXÇIVAN FOLKLOR ÖRNƏKLƏRİNDƏ
NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNİN İZLƏRİ
Nizami Gəncəvi öz ölməz əsərlərini yaradarkən yazılı qaynaqlarla yanaşı folklordan geniş bəhrələnmişdir. Həmvətənləri də onun əsərlərini yalnız kitablardan oxumaqla kifayətlənməyib, oradakı rəvayətləri, nağılları, əfsanələri və mifləri məclislərdə, toplantılarda söyləmişlər. Beləcə, yazılı mətnlərlə ağızdan-ağıza dolaşan, folklorlaşan mətnlər qaynayıb qarışmışdır. Buna görə də toplanmış folklor nümunələrini araşdırarkən Nizami Gəncəvinin əsərləri ilə oxşarlıq təşkil edən xeyli süjetə rast gəlmək olur.
N.Gəncəvinin yaradıcılığında folklora önəm verməsi heç də təsadüfi deyildir. Folklorda estetik fikirlərdən söz açarkən Səfər Ələkbərov yazır: “Dünyagörüşü baxımından folklorun varlığa münasibəti geniş mənada hadisə və predmetlərin xalqa məsxus təfəkkür tərzinə uyğun olaraq obrazlı inikasını təşkil edir. Sözün məhdud mənasında isə folklorun varlığa münasibəti hadisə və predmetlərin yalnız gözəllik baxımından qiymətləndirilməsi şəklində aşkar olunur... Kökləri ən qədim zamanlara işləyən Azərbaycan folkloru dərin məzmunlu və janr zənginliyinə malikdir. Folklorun estetik və əxlaq tərbiyəsindəki rolu onun bu məziyyətləri ilə ölçülür.” (Ələkbərov Səfər, 1978:4-5)
Araşdırıcıya görə “folklorun həyati qüdrətini başa düşən böyük sənətkarlar daim folklordan bəhrələnmiş, bunu başqalarına da tövsiyə etmişlər. Nizami Gəncəvi özünün “Xosrov və Şirin” poemasının müqəddiməsində yazıb:
Ruha xoş gəlsə də bu gözəl dastan,
Pərdədə qalmışdı bu gəlin çoxdan.
Tanıyan yoxdu bu gözəl almazı,
Bərdədə idi onun bir əlyazması.
O ölkənin qədim tarixlərindən
Tamam bu dastanı öyrənmişəm mən.
Dostları ilə paylaş: |