Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,1 Mb.
səhifə24/78
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#40819
1   ...   20   21   22   23   24   25   26   27   ...   78
Nizami-folklor

Ərəb yazılarından belə deyir.50

Beləliklə, Nizaminin özünün aşkarlamalarından sonra heç bir tədqiqatçının haqqı yoxdur ki, onun bu və ya digər mənbəyə üz tutmasına, yaxud tutmamasına etirazını bildirsin.

Şərqşünaslıqda «Leyli və Məcnun»un yaranıb yazıya alın­ması problemi elmi təsdiqini tapdığı dövrdə, nədənsə, T.Xalis­bəy­li əsassız olaraq məcnunluğun tarixini İslamdan əvvələ apa­rıb qəribə mülahizələr irəli sürür və: «Şübhəsiz, biz də bir çox başqa müəlliflər kimi, Məcnunun tarixi şəxsiyyət olmasına qə­tiy­yən inanmırıq. Çünki bu mövzunun çox qədimlərdən, era­mız­dan əvvəl (?) mövcud olması məlumdur51 - hökmünü çıxarıb ke­çən əsrin 40-cı illərində qələmə alınmış bir məqaləyə söykə­nərək bildirir ki, «Y.Z.Şirvani bir sıra ağlabatan mülahizələrə əsasən «Leyli və Məcnun» mövzusunun bizim eradan əvvəl qə­dim Babilistanda əmələ gəldiyini, sonra Azərbaycana keçərək geniş yayılıb formalaşdığını, daha sonra Orta Asiya ərazilərinə yayıldığını qeyd edir».52 Burada hər iki alimin məsələləri dola­şıq saldıqları göz qabağındadır. Görünür, əvvəl onlar, ümumiy­yətlə, məhəbbət mövzusunun dünya ədəbiyyatında işlənməsinə tarixilik baxımından ekskursiya etmək istəmişlər. Lakin bu hal­da da mənşəyini Babilistanla məhdudlaşdırıb bir nöqtədə don­durmaqla labirintə düşmüşlər. Əslində Nizaminin meydana at­dığı məcnunluğun köklərindən, mənbələrindən danışmağı qarşı­sına məqsəd qoyan T.Xalisbəylinin iddiaları ona görə havadan asılı vəziyyətdə qalır ki, o, konkret tarixi şəraitə aid mövzunu geniş diapozonda götürüb şərhində fərziyədən irəli getmək im­kanını əldə edə bilməmişdir. Əlacsız qalıb süni şəkildə - araş­dırılan hər problemi qədimləşdirmək, daha doğrusu, aparıb əski mədəniyyətlərə bağlamaq tendensiyasına keçmiş və bununla da elmi həqiqətdən uzaq düşmüşdür. Çünki Məcnunun sevgi qə­zəlləri birinci minilliyin sonunda əfsanələşəndə məlum köhnəl­miş dünyagörüşünə – insani hiss və duyğuların cəmiyyət tərə­findən inkarına qarşı yönəlmişdi. Onun zəmininin nə Babil, nə hind, nə də Misir mədəniyyətləri ilə birbaşa əlaqəsi vardı. Müəl­liflərin istinad etdikləri klinopislər yarananda Babilistanda qa­dın-kişi münasibətlərinin tamamilə fərqli, xüsusi forması möv­cud idi. Sonrakı çağların alimləri tərəfindən «fahişə xalq»53 mö­hürü vurulan babillilərin qəribə adətlərdən Herodot da bəhs etmişdir54 Yunan tarixçisinin dövrünün şifahi məlumatları əsa­sın­da ümumiləşdirib kitabına saldığı qənaətlər uzun muddət mübahisə obyektinə çevrilsə də, müəyyən məqamları fakt və dəlillərlə sübuta yetirilmiş və dəqiqləşdirilmişdir. Beləliklə, öz qızlarını şəhər meydanında xüsusi kürsülərdə, yaxud məbəddə əyləşdirib ismətlərini gəlmə dənizçilərin və tacirlərin ayaqları altına atmaqla fahişəliyi «müqəddəsləşdirən» Babil cəmiyyə­tin­də Leyli bakirəliyindən danışmaq ağlabatandırmı?..

Məcnunluğun toxumları İslam mühitində yaşamış ərəb şairinin şeirləri vasitəsiylə münbit şərait yarananda məlum za­man çərçivəsində səpilmiş, onu İbn-Kütayb, Əbü-l-Fərəc İsfa­hani kimi qələm sahibləri ürəklərdə əkib yetişdirməyə təşəbbüs göstərsələr də, canlandırıb dünyaya çıxara bilməmişlər, təkcə Nizaminin qüdrətiylə cücərib qol-budaq atmış və əbədi günəş işığına tutulmuşdu. Doğulma prosesində gəncəli söz sərrafının gübrə kimi daha çox xalq qaynaqlarına – Azərbaycan türklərinin eşq bayatısı, mahnı, əfsanə və oğuznamələrinə üz tutması isə heç bir şübhə doğurmur.

Məcnunluq dünyaya İslam pəncərəsindən boylanan yeni baxış, təfəkkürdə mühitin məlum olaylarından doğan elə bir anlam idi ki, insan ruhunda çevrilişə, köklü dəyişikliyə, zülmün, haqsızlığın məhvinə xidmət etmişdi.

Bu mənada T.Xalisbəylinin Y.Z.Şirvaninin obyektiv sə­bəb­lərə görə diqqətdən kənarda qalmış dolaşıq mülahizələrini55 elmi dəlil kimi ətraflı şərhi təəssüf doğurur. Çünki «Leyli və Məcnun»un mənşəyini İslamdan qabağa aparmaq Nizaminin aşıladığı ideyanı və məcnunluğun mahiyyətini heçə endirmək deməkdir. «Babilistan varantına əsasən Kis (Qeys) müvəffə­qiy­yətlə öz sevgilisi ilə birləşir. Bir azdan sonra Kis (Qeys) başqa bir qadına vurularaq Lilakesə (Leyliyə) xəyanət edir. Axırda Kis (Qeys) Lilakesi (Leylini) ataraq ölümünə səbəb olur».56 Bu fikirlərdə Babil klinopisindən götürülən, miflərdən yoğrulmuş əhvalatın «Leyli və Məcnun» mövzusunun ilkin yazılı variantı kimi verilməsi gülünc görünür və əslində Nizaminin tarixi xid­mətinin üstünə kölgə salır. Birincisi, ona görə ki, xəyanət, dö­nüklük, əxlaqsızlıq olan yerdə məcnunluqdan danışmaq həqiqətə uyğun deyil. İkincisi, Kisin istədiyi qadınlarla «müvəffəqiyyətlə birləşməsi» və Lilakesi asanlıqla özgəsi ilə dəyişməsi məhz He­rodotun göstərdiyi qəribə adətdən irəli gəlirdi, tamamilə başqa motivdir, daha doğrusu, Leyli-Məcnun sevgisinə ziddir. Hiss olunur ki, tədqiqatçılar qəhrəman adlarındakı zahiri səsləşməni (Kis – guya Qeys, Lilakes isə Leylidir) böyük kəşf zənn edir, o səbəbdən də hər dəfə mötərizədə qarşılığını göstərirlər. Lakin «Qeys»də «Kis»in bir, «Leyli»də «Lilakes»in iki-üç səsinin üst-üstə düşməsi heç də mövzunun işlənməsi zamanını qədimləş­dir­məyə əsas vermir və T.Xalisbəylinin «Leyli və Məcnun»u «şüb­hə etmədən, ən azı iki min beş yüz il əvvələ»57 aparması ilə ra­zılaşmaq mümkün deyil. Faktiki olaraq o, özü də təsdiqləyir ki, IX əsrdə yaşamış İbn-Kütayb və Əbü-l-Fəracın belə aşiq obraz­ları hələ Nizami Məcnunundan çox uzaq idi. Ərəb rəvayətlərinə söykənən qəhrəman gördüyü hər gözələ aşiq olur və eləcə də çox qısqancdır. «İbn Kütayba görə, Məcnun bir neçə qadına rast gəlir, onu məftun edən Kərimət adlı qız da bunların arasınday­mış. Məcnun bunlara dəvə kəsir, qonaq edir. Gözlənilmədən bura gözəl bir oğlan da gəlib çıxır. Kərimət həmin oğlanı görən kimi Məcnunu unudur. Məcnun hirslənib yola düşür. Yolda tə­sadüfən Leyliyə rast gəlir. Leyli Məcnunu çox nəvazişlə qar­şılayır. Hətta başqa birisi ilə əlaqə saxlayırsa da, Məcnun məyus olduğuna görə onun yanına qayıdır və onu sevdiyini bildirir».58 Bu epizodlardan aydın görünür ki, əsil eşqi nəinki cəmiyyət, seçilib-sayılan iki gənc də hələ tam dərk etmirdi. Nizamiyə qədərki bütün «Leyli-Məcnun» əhvalatlarında məhəbbət ehtiras, maraq və həvəslə bünövrəsi qoyulan, daha doğrusu, asanlıqla nifrətə çevrilən keçici hal kimi təqdim edilir. Əsil məcnunluq məhz dünyaya Nizamidən miras qalmışdı. Təsadüfi deyil ki, an­caq ondan sonra Şərqdə «Leyli-Məcnun» mövzusu xüsusi əhə­miyyət kəsb etmiş, çox qüdrətli qələm sahibləri belə Nizami qəlibindən kənara çıxmağı bacarmamışlar.

X.Yusifovun fikirləri ilə razılaşmaq olar ki, «Leyli və Məc­nun» poeması məlum ərəb əfsanəsinin məharətlə nəzmə çə­kilməsi yox, zaman və insan haqqında ürək qanı ilə yazılmış son dərəcədə müasir bir əsərdir. Şair Məcnunun faciəsini göydən­düşmə, təsadüfi və fərdi bir hal kimi yox, qanunauyğun, za­manın ziddiyyətlərindən, həyatın uğursuzluğundan törəyən bir nəticə kimi qələmə alır».59

Məcnunluq ədəbi hadisə olmaqla yanaşı, həm də ictimai şüur formasıdır, dünyanı dərkə doğru açılan ilkin cığırlardan biridir. Bu cığır ərəb orağıyla Azərbaycan türkü tərəfindən açıl­mışdır. Ona görə də akademik Y.M.Marrın yazdığı kimi, Niza­minin şeirləri iranlıya aydın deyildir, lakin Qafqaz üçün o, da­hidir. Y.Krımski məsələni başqa istiqamətə yönəldib daha kəs­kin şəkildə qoyurdu: Nizaminin «Leyli və Məcnun»unun qəhrə­manları ərəb yox, türk romantik qəhrəmanlarıdır.60 Əgər şair farsdan və ərəbdən aldığı mövzuları onların öz ədəbi dilində türk xəmiri ilə yoğurmağı bacarmışdısa, deməli, xalqının böyüklü­yünü göstərə bilmişdi.



Y.M.Lotman şeirin struktur təhlilini aparanda mifoloji amillərin hətta müasir poeziyanın da ən sirli cəhətlərinin, gö­rünməyən tərəflərinin əlaqələndiricisi rolunu yerinə yetir­di­yini göstərir. Poetik fiqurların dünyanın quruluşuna uy­ğun verilməsi bir tərəfdən ənənədən gəlir, digər tərəfdən «Ar­xetiplər» təliminə uyğun olaraq alimin yaradıcılığına üz tütduğu söz sənətkarının (N.A.Zabolotskiy) həyatda çətinlik­lərlə qarşılaşıb psixoloji hallar keçirməsindən doğur. «Yuxa­rı/aşağı» (verx/niz) modelinin cəmiyyətdəki əksliklərə şamil edilməsindən danışanda M.Lotman bildirir ki, «yuxarı» hə­mişə «uzaq», «aşağı» isə «yaxın» sözlərinə sinonim anla­mın­da da işlədilir61. Bədii əsərin poetik strukturunun, xüsusilə bütünlüklə ilkin təsəvvürlərdən, xalq inanclarından qidala­nan Nizami kimi şairin yaradıcılığının mifoloji modellərə uyğunluğu ilk baxışda təəccüb doğursa da, əslində əsas mənəvi sərvət sayılan ölçülü-biçimli poeziyanın ilhamdan – dünyanı idarə edən qüvvədən, kənar enerjidən doğduğunu sübuta yetirir. Çünki şeir adi informasiyanın ruhun dərin qatlarından keçirilməsi, xəyali dünyalarda obrazlaşması və kodlarla, işarələrlə, simvollarla əksidir. Nizamidə

a) yüksəklik, kamillik, haqq (ədalət), xeyir, yaradıcılıq vü­səti, işıq, istilik, gerçəklik, uzaq, genişlik, inkişaf//fəaliyyət, me­tamorfoza, azadlıq//müstəqillik, müxtəlif məzmunlu dolğun in­formasiya, fikir//düşüncə (mədəniyyət), yaradıcılıq potensialı (yeni formalar yaratmaq), harmoniya//tarazlıq, əbədiyyət, yaşar­lığın mənbəyi yuxarıda,

b) alçaqlıq, nadanlıq, zülm, şər, mütilik, zülmət, soyuqluq, yalan (uydyrma), yaxın, sıxlıq, fəaliyyətsizlik, mexaniki hərəkət, əsarət//köləlik, məddahlıq, təbiət, qabiliyyətin yoxluğu, qarışıq­lıq, durğunluq, ölüm isə aşağıda yerləşir.

Onların arasında eşq durub tarazlıq yaratmasaydı, dünya məhvərindən çıxar, yüksəklik-alçaqlıq, kamillik-nadanlıq, haqq (ədalət)-zülm, xeyir-şər, istedad-mütilik, işıq-zülmət, istilik-so­yuq­­luq, uzaq-yaxın, genişlik-sıxlıq, inkişaf (fəaliyyət)-fəaliy­yət­sizlik (tənbəllik), metamorfoza-mexaniki hərəkət, azadlıq (müs­təqillik)-əsarət (köləlik), informasiya-məddahlıq, fikir // düşüncə (mədəniyyət)-təbiət, yaradıcılıq (yeni formalar tapmaq) – qabi­liy­­yətin yoxluğu, harmoniya (tarazlıq)-qarışıqlıq, əbədiyyat-dur­ğunluq, gerçəklik-yalan (uydurma), həyat-ölüm qarşıdurması təzədən xaos yaradardı. Məhəbbətin atəşi aşağıdan yuxarıya doğ­ru uzanan düz ox boyu çoxaldıqca pisliklərin, mənfiliklərin gücü tükənir, fəallığı sönür.











Şərq intibahının çiçəklənən çağında – XII yüzillikdə Azər­baycan ədəbiyyatı bəşər mədəniyyəti xəzinəsinə iki eşq dastanı bəxş etmişdi və Nizami özünə qədərki fikir dəryasına baş vurub çoxsaylı qənaətləri ümumiləşdirməklə yer üzünə yeni ab-hava gətirmişdi. O, söz sənətkarlarının gül bağçasında daha ətirli və daha təravətli çiçək yetişdirməklə məhəbbətin iki formasını üzə çıxardıb insanlığı uzun müddət imtahana çəkmiişdi. «Xəmsə»­dəki təsvirlərdən alınan nəticəyə görə, eşq

a) ilk olaraq, bütün varlıqların doğulması və inkişafını şərtləndirən daxili enerjidir. Onun gücüylə şər xeyirləşə bilir.

Şair dünyanı vahid orqanizm kimi götürüb onun içərisində olan bütün varlıqların eyni başlanğıcdan güc alaraq idarə edildi­yini irəli sürür və hər şeyin bir-biri ilə əlaqələnməsinə, bağlan­masına, təbiətdə, cəmiyyətdə müxtəlif münasibətlər qurulma­sı­na, yeniləş­mə­yə təkan verən enerjini məhəbbətlə eyniləşdirir. İnsanı – dünya­nın əşrəfini əsas canlı varlıq kimi eşqin daşıyıcısı hesab edir. Mə­həbbətin qarşısında xudbinlik, şərxislətlilik, eybə­cər­lik, kin-kidurət, zülm, qaranlığın öz mövcudluğunu itirirdiyi qənaətinə gəlir. Şirin sevgisiylə Xosrovu vətənpərvər, humanist, elmə, incəsənətə maraq göstərən, mənəvi dəyərləri qiymətləndi­rən, ürəyində hamıya qarşı rəhm bəsləyən, bədxahlıqdan üz dön­dərib ancaq yaxşılıq etmək barədə düşünən müdrik hökmdara, sədaqətli ərə çevirir.

b) İkincisi, eşq cəmiyyətin gələcəyə doğru uzanan uğur yolunun işığıdır. Bu yol haqqın dərgahından keçir.

«Məhəbbətin gözü kordur!..» Bu hikmətin mənasını müx­təlif cür yozurlar. Hətta onu «Könül sevən göyçək olar» məsəli ilə də eyniləşdirirlər. Lakin birinci müdrik fikirdə işığın yoxlu­ğundan bəhs açılır. Parlaq günəşə baxmaq mümkün deyil. Mə­həbbəti də günəş şüalarına bənzədirdilər. O səbəbdən də ona tutulanların gözləri kor sayılır.

Könlünə sevgi qığılcımları düşənin qarşı tərəfi həmişə gözəl görməsinə gəlincə, şair təsdiq edir ki, məhəbbətin xəmiri gözəllikdən yoğrulub, onun beşiyi də, məskəni də həmişə gö­zəlliyə bağlanıb. Ona görə də sevgi, eşq olan yerdə çirkinlikliyə yer qalmır. İşığın dünyaya hökmranlıq etdiyi, daha döğrusu, günəşin çıxıb batdığı çağlarda şərin meydanı daralır, eybəcərlik qaranlıq yerə girib yox olur.



İşığı ürəyindən keçirən insanları irqinə, cinsinə, silkinə, millətinə və əqidəsinə görə biri-birindən ayırmaq məhəbbəti dan­maqdır. Sadalananlar bəşər övladının elə zahiri əlamətləridir ki, heç biri onun mahiyyətini üzə çıxartmağa qadir deyil. Meyvənin qabığının nazikliyi-qalınlığı, bərkliyi-yumşaqlığı, sarılığı-qırmızı­lığı, hamarlığı-tüklülüyü ilə dadını müəyyənləş­dirmək mümkün olmadığı kimi insanların da dərisinin rənginə, dilinə, var-döv­lə­tinə, dininə baxıb nəyə qadir olduğunu, kimliyini aydınlaşdırmaq çətindir. Onun çölünün göstərdiklərinin içərisinə dəxli yoxdur. Bu səbəbdən də şüura malik varlığı hissiz, duy­ğusuz, cansız əşya kimi satmaq, eləcə də satın almaq böyük gü­nahdır. İnsan heyvan olmadığı üçün özününkülərə qənim kəsil­məməlidir. Çünki o, sevgisi və ağlıyla başqa canlılardan seçilir.

Dünyada qadınların da, kişilərin də həm müdrikləri, həm də dar düşüncəliləri olur. Var-dövlət, güc ərin yaraşığı olsa da, kişiliyi deyil. Kişilik əlin səxavətiylə və ağılla ölçülür. Nizami təbəqələşmənin, bölünmənin, parçalanmanın əleyhinə idi. Onun qənaətlərinə görə, insanın ürəyindəkilər yalnız onun özünə məx­sus mənəvi sərvətdir. Sevgi isə yaradıcının hər kəsə bağışladığı paydır. Allahdan gələni isə heç bir qüvvə dəyişdirməyə, yox etməyə qadir deyil. Çünki ölüncədi.

Cəmiyyət sevgiylə idarə olunsa, aləm gül-çiçək ətrinə tutular.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin