РАМАЗАН КАФАРЛЫ
идеал любви у низами: миф, легенда или действительность
РЕЗЮМЕ
В статье анализируются один из главных идей произведений Низами – идея любви. В своем энергичном повествовании автор приближает героев великого Низами к нашей современности и отвечает на интересующие читателя вопросы о любви и влюблённости, многие из которых подняты впервые.
Ключевые слова: идеал любви, мифическое пространство, время мифическая, магические числа
Ağaverdi XƏLİL
aqaverdi@yandex.ru
NİZAMİ VƏ FOLKLOR: ŞİFAHİ VƏ YAZILI
ƏNƏNƏ ƏLAQƏSİ KONTEKSTİNDƏ
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri özündə qədim mədəniyyətin incilərini qoruyub saxlayan və əsrlər keçərək bu möhtəşəm mənəvi mirasın günümüzə qədər itki və zədə görmədən gəlib çıxa bilməsini təmin edən mühüm mənbədir. Vaxtilə ulu öndər Heydər Əliyev Nizami irsini çox yüksək qiymətləndirərək onun adı ilə bağlı elmi və mədəni tədbirlərin daha intensiv keçirilməsinin zəruriliyini qeyd etmişdi. “Azərbaycanda Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, təbliği, tədqiqi və dünyada yayılması işinin mükəmməl şəkildə rəsmi təşkili Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli siyasi xadim Heydər Əliyev istər sovet dönəmində, istərsə də milli müstəqillik qazandıqdan sonrakı dövrdə Nizami Gəncəvi şəxsiyyətinə və irsinə son dərəcə böyük ehtiramla yanaşmış, ciddi diqqət və qayğı göstərmiş, geniş və çoxistiqamətli tədbirlər proqramı həyata keçirmişdir” (1, 13).
Çünki mədəniyyəti dərindən bilən, onun incəliklərinə bələd olan, onun tarixi-mədəni əhəmiyyətini müəyyənləşdirə bilən şəxsiyyətlər Nizami irsinin nə qədər milli və nə qədər bəşəri bir dəyər daşıdığını aydın təsəvvür edirlər. Nizami dünyada yaşadığı bölgəsinə görə tanınan insanlardan deyil, o elə dahi şəxsiyyətdir ki, ona görə onun ölkəsini tanıyırlar. Yeni dövrdə isə belə bir dahi şəxsiyyətimiz ulu öndər Heydər Əliyev oldu. Ulu öndər dahiliyin dəyərini bildiyindən Nizamiyə həmişə və hər zaman həssas yanaşdı, onun irsinin öyrənilməsi və təbliği üçün zəruri olan bütün rəsmi tədbirləri həyata keçirdi. Məhz ulu öndərin yaratdığı şərait sayəsində tədqiqatçılarımız Nizami irsinə yenidən müraciət etdilər və onu ən müxtəlif istiqamətlərdən araşdırmaya cəlb etdilər. Bunun nəticəsidir ki, indi Nizamini dahi Azərbaycan şairi kimi, filosofu və şeyxi kimi mükəmməl şəkildə təqdim edən onlarla tədqiqat əsərləri mövcuddur.
Nizaminin dünya şöhrətli bir şəxsiyyət olması, onun zamanın sərhədlərini sındıran əsərlərinin əzəməti və möhtəşəmliyi onu başqaları üçün də cazibədar edir. Dünyanın bir çox xalqları onu öz şairləri kimi sevirlər. Bəziləri isə onun milli mənsubiyyətini özlərinə bağlamağa cəhd edirlər.
Məlumdur ki, Nizami Azərbaycanda doğulub, Azərbaycan türküdür, əsərlərini isə o dövrün bir çox türk şairləri kimi türklərin bir dönəm şeir dili olaraq istifadə etdikləri fars dilində yazıb. Dil tədqiqatçılarımız Nizaminin dilində çoxlu türk sözləri aşkarladılar. Tarixçilərimiz onun yurdunun Azərbaycan olduğunu bir daha təsdiqlədilər. Dahi şairin milli mənsubiyyətini müəyyənləşdirən əsas istiqamət isə folklor idi ki, bu məsələ ilə ardıcıl olaraq Sədnik Paşa Pirsultanlı məşğul olmuşdur.
Qeyd edim ki, milli düşüncənin gerçəkləşdiyi folklor mətnləri əslində “zahirən tərcümə” olunur. Onun ifadə etdiyi sxem, kod və məlumat isə yerində qalır. Azərbaycan düşüncəsinə məxsus olan və ya düşüncənin Azərbaycan modelindəki sxemlər, kodlar və məlumatlar bir milli sistemin elementləri olduğundan onlar invariant xarakterlidir və dil tərcüməsi zamanı da dəyişmirlər. Çünki onlar dillə ifadə olunan dildən böyük vahidlərdir.
Araşdırmalardan məlum olur ki, Nizami Gəncəvi xalq yaradıcılığına tükənməz bir xəzinə kimi baxmış, folklor nümunələrindən öz fikirlərini xalqa daha yaxşı çatdırmaq üçün ustalıqla istifadə etmişdir. Bu barədə rus şərqşünası Bertles yazır: “Əgər Nizami bəlli olmayan başqa yazılı mənbədən istifadə etməmişsə, o zaman Azərbaycanda çox geniş yayılmış olan şifahi rəvayətlər onun üçün material olmuşdur”. Nizami xalq hikmətini, zəkasını, xalq müdrikliyini hər şeydən üstün tuturdu. Onun əsərləri bunun ən yaxşı isbatıdır. Nizaminin dahi bir sənətkar kimi yetişməsində bir çox amillərlə yanaşı, zəngin Azərbaycan xalq yaradıcılığı mühüm rol oynamışdır.
Nizami irsi müəyyən mənada, Azərbaycan ədəbiyyatının, zəngin folklorunun, bədii təfəkkürünün tükənməz xəzinəsidir. Professor M.H.Təhmasib yazır ki: “Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahinin əsərləridir. Nizami şifahi ədəbiyyatın bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan bacarıqla istifadə etmişdir. Bu dahi sənətkarın “Xəmsə” sində yüzlərlə folklor nümunəsinə rast gəlmək olar”. Nizami Gəncəvinin əsərləri əsasında klassik ədəbi irsin folklorla əlaqəsi aşağdakı tərəflərlə alqoritmik məzmun kəsb etmişdir:
1. Sənətkarın xalq ədəbiyyatından istifadə etməsi.
2. Xalq ruhuna dərindən bələd olan sənətkar olan Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri.
3. Nizaminin həyatı ilə əlaqədar yaranmış yeni folklor nümunələri, yaxud el variantı kimi yaranmış əsərlər.
Nizami müxtəlif folklor nümunələrindən, o cümlədən əsatir və əfsanələrdən, rəvayətlərdən, xalq söyləmələrindən geniş istifadə etmiş və sənətkarlıq dühasını onlara əlavə etməklə kamil sənət nümayiş etdirmişdir. Nizaminin ilk böyük əsəri olan “Sirlər xəzinəsi”ndə xalq əfsanə və nağıllarından istifadə edilmişdir. Bunlardan “Süleyman və əkinçi” ,“Nürşiravan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, “Firudin ilə maralın dastanı”, “Harun ər-Rəşid ilə dəlləyin dastanı” və başqa nümunələri göstərmək olar.
Məsələn, “Firudin ilə maralın dastanı” hekayəsi Gəncə ərazisində məşhur olan “Qanlı daş” adlı əfsanə ilə, demək olar ki, eynilik təşkil edir. Hər iki əfsanədə məşhur ovçunun qüdrətli, sonra bir qızı sevməsi, bu qıza qovuşmaq üçün məşhur bir maralı vurmalı olduğu və daşların maralı amansız ovçudan xilas etməsi, sinələrini açılan oxa sipər etməsi, cansız bir daşdan qan axması ovçunun əməlindən peşman olması göstərilir. Əfsanədə dərin hümanizim ifadə olunur. İnsanın vəhşiliyi üzündən daşların belə qan ağlaması, nəhayətdə daş qəlbli insanın mənəvi oyanışı və əməlindən peşmançılıq çəkdiyi verilir.
“Sirlər xəzinəsi”ndəki maraqlı hekayələrdən biri də “Harun ər-Rəşid ilə dəlləyin dastanı” hekayəsi xalq arasında geniş yayılan “Zsir padşah” əfsanəsilə yaxından səsləşir. Qızılın – pulun nəyə qadir olduğu, insanı necə dəyişdiyi hər iki əfsanədə obrazlı şəkildə çox gözəl verilmişdir.
Ümumiyyətlə, Nizami əsərləri öz kökləri ilə Azərbaycan folkloruna çox bağlıdır. “Sirlər xəzinəsi” əsərində verilən “Gül və Zəhər əfsanəsi” xalq arasında başqa şəkildə danışılır, xalq arasında bu, “Loğman və şagirdi” adlı əfsanədir. Bu əfsanələr arasında elə ciddi fərqlər görmək olmur. Hər ikisində konfilikt eynidir: iki alimdən biri yaşamalı, digəri məhv olmalıdır, hər ikisində köhnə ilə yeninin güclü mübarizəsi, güclü zəhər hazırlayanın qələbəsi ilə deyil, ölümü ilə bitir. Rəqibinin ölümünə daha çox çalışan, güclü zəhər hazırlayan istəyinə nail olmur.
Nizami epik şeirin təbiətinə uyğun olaraq əsatir və əfsanələrdən geniş istifadə etmişdir. Dahi şair nakam məhəbbət dastanı olan “Leyli və Məcnun” dan ustalıqla bəhrələnmiş və “Xəmsə”sinə daxil olan “Leyli və Məcnun” poemasını qələmə almışdır. Lakin bu əfsanənin yalnız ərəb mənbələrindən alındığını iddia edənlər əlbətdə yanılırlar. Çünki bu əfsanə ərəb mənbələrində öz əksini tapana qədər qədim Babilistanın mixi yazılarındakı ədəbiyyatda həkk olunmuşdur.Yusif Ziya Şirvani bunlara əsaslanaraq yazır ki: “Nizaminin öz poemasının ancaq ərəb mənşəli əsasda qurmuş olduğunu təxmin etmək mümkün deyil. Çünki Nizaminin “Leyli və Məcnun” poemasında ərəb mənbələri həlledici rol oynamır; əksinə, poemanın yaranmasında şair üçün əsas mənbə olan və o zaman Azərbaycanda geniş intişar tapan xalq əfsanələri üstünlük təşkil edir”. Şirvan hökmdarı Axistanın Leyli və Məcnun əfsanəsini qələmə almağı Nizamidən xahiş etməsi təsadüfi deyil. Bu fakt da təsdiq edir ki, XII əsrdə belə bir əfsanə dillər əzbəri olmuş, Azərbaycan əhalisi arasında bu əfsanə sevilərək yazılmışdır”.
Həmçinin Azərbaycan musiqisində “Rast-Pəncgah” muğamının guşələrindən birinin “Leyli və Məcnun” adlanması yuxarıda dediklərimizi təsdiq etməkdədir. Deməli, hələ Nizaminin nakam aşiqlərin faciəsinə həsr edilmiş “Leyli və Məcnun” poemasının daha qədim nümunəsi, azad sevgi motivlərini ifadə edən bədii incilər Azərbaycan folklorunda çox idi və qüdrəli şair də bundan həvəslə bəhrələnmişdir.
Nizaminin “Leyli və Məcnun” poemasında “İt və Cavan” rəvayəti ilə şahın zülümkarlığı və etibarsızlığı anladılır. “Yeddi gözəl” də isə buna yaxın bir rəvayətlə hökmdara ibrət dərsi verir. Birincidə it sədaqətli, ikincidə isə satqındır. Hər iki rəvayətin xalq yaradıcılığında həm fərqli, həm də oxşar nümunələrinə geniş şəkildə rast gəlmək olar.
“Yeddi gözəl” əsəri qədim əfsanələri özündə cəmləşdirmək baxımından çox zəngindir. Bu əsərdə “Dərbənd qalası”, ”Göyərçin əfsanələri”, “Öncəqala əfsanəsi”, “Göyərçinin ayağı niyə qırmızıdır” əfsanələrinin müxtəlif variantları verilmişdir. Nizami Gəncəvi zəngin yaradıcılığında rəngarəng əfsanələrlə yanaşı, təmsillərdən də ustalıqla istifadə etmişdir. Şair istədiyi fikri, ideyanı daha canlı ifadə etmək üçün xalq təmsillərindən bacarıqla faydalanmışdır. Məsələn, onun “Sirlər xəzinəsi”ndə verdiyi “Qarışqa və kəklik” təmsili xalq ədəbiyatındakı “Tülkü və Qarğa” təmsili ilə yaxından səsləşir. Yenə həmin əsərində verilən “Bülbül ilə qızılquş”, “Meyvəsatanla tülkü”, ”Ovçu, it və tülkünün dastanı” təmsilin ən yaxşı numunələridir. Bundan sonra humanist şair “Xosrov və Şirin” poeması vasitəsi ilə göstərdi ki, o, öz yaradıcılığı ilə xalq həyatına, xalq yaradıcılığına dərindən bağlı olan bir sənətkardır. “Xosrov və Şirin” əsərinin müqəddiməsində deyilir:
Məlum hekayədir bu “Xosrov Şirin”
Ancaq dastan yoxdur bu qədər şirin,
Ruha xoş gəlsə də, bu gözəl dastan
Pərdədə qalmışdı bu gəlin çoxdan.
“Xosrov və Şirin” Azərbaycan xalqının daxilində yaşamış olan qədim və gözəl əfsanədən qüvvət almışdır. “Öz yurdunun qaynaqlarından bu əfsanəni götürmüş olan Nizami “Xosrov və Şirin” macərasının bədii surətlərini yenə xalqına deyil, bütün dünya xalqlarına qaytarmış oldu” (M.Rəfili).
Nizami əsərlərində Azərbaycan xalq dastanları və nağılları yeni məzmun və forma almış, dovrün bütün hadisələri ilə səsləşdirilmişdir. Bütün bunlar xalq bədii təfəkkülünü inkşafına əhəmiyətli təsir göstərmişdir.
N.Gəncəvi bir çox Azərbaycan atalar sözü və məsəllərini, aforizmlərini fars dilinə tərcümə etmiş, şeirin tələbinə uyğun olaraq öz əsərlərində geniş şəkildə istifadə etmişdir. Dahi şair xalq yaradıcılığı numunələrindən istifadə etməklə bərabər, özudə yeni aforizmlər, hikmətli sözlər yazmışdır: “Ot kökü üstündə bitər”, ”Pişik balasını istədiyindən yeyər”, “Söyüd ağacı bar verməz”, ”Qoyunu qoyun ayağından asarlar, keçini keçi”, “özgəyə quyu qazan özu düşər” və s.
Deməli, Nizami həm Azərbaycan şifahi xalq ədəbiyyatından ustalıqla faydalanmış, həm də onun inkişafına güclü təsir etmişdir. Nizaminin əsərləri əsasında yaradılan müxtəlif şifahi xalq ədəbiyyatı variantları da buna aydın sübutdur.
Epos yaradıcılığının son mərhələsində qədim epos və dastanlarla yanaşı, yeni dastanların yaranmasında Nizaminin “Xəmsə”si tükənməz bir xəzinə, qida mənbəyi rolunu oynamışdır. Ayrı-ayrı aşıq məktəblərinin, o cümlədən Gəncə-Şəmkir, Göyçə-Borçalı, Şirvan-Muğan aşıq məktəblərinin təsiri ilə neçə-neçə yeni, dərin mündəricəli dastanlar yaradılmışdır. “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Şahzadə Bəhram”, “Məmməd və Güləndam” və başqaları bunun ən yaxşı numunələridir. Bunlardan “Leyli və Məcnun” dastanı Nizaminin eyni adlı poemasından, “Fərhad və Şirin” dastanı isə şairin “Xosrov və Şirin”indən, “Şahzadə Bəhram” və “Məmməd və Güləndam” isə Nizaminin “Yeddi gözəl” əsərindən qidalanaraq formalaşmışdır.
Nizami və folklor mövzusu müasir dövrdə bir çox tədqiqatçıların araşdırma mövzusu olmuşdur. Onlardan biri də görkəmli folklorşünas alim Sədnik Paşa Pirsultanlıdır. O, bir folklorşünas alim olaraq xalq yaradıcılığının ən müxtəlif sahələrinə dair tədqiqatlar aparmışdır və onun tədqiqatlarının mühüm bir cəhəti də ondan ibarətdir ki, apardığı təhlillər konkret olaraq topladığı materiallara əsaslanır. Şifahi qaynaqların zənginliyi Sədnik Paşa Pirsultanlının əsərlərini səciyyələndirən əsas cəhətlərdəndir.
Xalq yaradıcılığının yaddaşlarda yaşayan yadigarlarına yaxından bələd olan Sədnik Paşa Pirsultanlı onları yazılı qaynaqlarda dərhal müəyyənləşdirir və hər kəsdən daha sərrast seçə bilir. Folkloru yaddaşlardan itkisiz və qalıqsız bir şəkildə toplayıb öyrənən alim həm də uzun illər ərzində fenomenal bir folklor yaddaşına malikdir. Bu zəngin ehtiyat ona imkan verib ki, o, elmi problem kimi folklor və ədəbiyyat əlaqələrini mükəmməl bir şəkildə araşdırsın. Bu xalis elmi bir problemdir və filoloji araşdırmalarda aktuallığını saxlayır. Digər məsələ isə milli təəssübkeşlik məsələsidir.
Folklorun milli düşüncənin ifadəsi olduğunu diqqətdə saxlayan alim Nizami irsində Azərbaycan xalq yaradıcılığının ən müxtəlif janrlarını aşkarlamaqla onun təkcə əsərlərinin deyil, eyni zamanda düşüncəsinin türk milli dəyərlərindən qaynaqlandığını və ya başqa sözlə onun türklüyünü aydınlaşdırmışdır. Bunun üçün onun istifadə etdiyi folklor qaynaqları içində əfsanələrin xüsusi yeri vardır. Əfsanələr bir folklor janrı olaraq mifə çox yaxın olan mətnlərdir. Əslində əfsanə gerçəkliyin mifoloji izahıdır. Amma bununla yanaşı əfsanə özündə mifoloji dünya modelini əks etdirən mühüm mətn qaynağıdır. Bu mətnlərdən milli düşüncə bərpa oluna bilir. Eyni zamanda əfsanədə tarix, coğrafiya, etnoqrafiya və s. bu kimi məlumatlar da spesifik şəkildə mövcud olur. Bu mənada əfsanə bir janr olaraq folklorşünaslığın ciddi problemidir.
“Azərbaycanda ən qədim zamanlardan əfsanələr toplanıb sistemə salınmamış, öyrənilməmişdir. Eradan əvvəl V əsr yunan tarixçisi Heredotun əsərində məzmunu verilən Midiya əfsanələri göstərir ki, Azərbaycanda folklorun bu janrı çox qədim bir tarixə malik olmuşdur. Azərbaycanda əfsanələr ilk dəfə e.ə. V əsrdə qələmə alınsa da, bu sahədə Azərbaycanlıların daha qədim bir ənənəyə malik olduqları aydındır. Bunu Heredotun göstərdiyi əfsanələrlə yanaşı, indiyə qədər respublikamızın müxtəlif rayon və kəndlərində yaşayan çoxsaylı əfsanələrin məzmunu və xarakteri də təsdiq edir. Bu əfsanələrin bir qismi məzmunu və surətləri ilə çox qədim dövrlərin baxış və görüşlərinə bağlıdır”. Əfsanələrin hələ əski zamanlardan yazıya alınması onlar üzərində tədqiat aparmaq imkanlarını bir qədər asanlaşdırır. Çünki belə olduqda yazılı qaynaqla şifahi yaddaşda yaşayan oxşar nümunələri müqayisə etmək imkanı yaranır.
“Sonrakı dövrlərin epik poeziyasında, o cümlədən Nizaminin əsərlərində istər Heredotun nəql etdiyi əfsanələrin, istərsə də digər qədim əfsanələrin izlərinə rast gəlirik. Ümumiyyətlə, folklorla qüvvətli şəkildə bağlı olan Nizami, əfsanələrdən daha çox istifadə etmiş, ecazkar sənətini xalq əfsanələrindən aldığı kiçik süjetlərlə bəzəmiş, ümumiləşdirmiş, qüvvətləndirmiş, xalqa yaxınlaşdırmışdır. Məhz buna görə də yazılı epik poeziyanın əfsanələrlə əlaqəsi məsələsini aydınlaşdırmaq üçün Nizami yaradıcılığı zəngin material verir. Bu mütəfəkkir şairin əsərlərində əfsanələrdən yerli-yerində istifadələrin xarakterini açmaq, faydalı nəticəsini göstərmək müasir ədəbi proses baxımından da faydalıdır. Bunları nəzərə alaraq, biz burada daha çox Nizami və Azərbaycan şifahi ədəbiyatı problemi üzərində dayanmaq istərdik”. Problemə ciddi tədqiqatçı münasibəti və zəngin məlumat ehtiyatı alimə uğurlu nəticələr almaq imkanı təqdim edir. Bunun üçün alim əsas yanaşma istiqamətlərini müəyyənləşdirir.
Nizami irsi müəyyən mənada, qədim Azərbaycan ədəbiyyatının, folklorun, qədim Azərbaycan bədii təfəkkürünün tükənməz xəzinəsidir.
“Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri də Nizami kimi dahi sənətkarların əsərləridir. Nizami şifahi ədəbiyyatın bir çox janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim eposdan da bacarıqla istifadə etmişdir. Bu dahi sənətkarın “Xəmsə”sində yüzlərcə kiçik, böyük əfsanələrə, əsatirlərə təsadüf edilir. Bunlardan bəzilərini o özü yaratmış, bəzilərini isə müxtəlif yazılı məxəzlərdən, şifahi ədəbi əsərlərdən istifadə edərək yenidən işləmiş, təkmilləşdirmiş, xalqdan alaraq yenidən xalqa qaytarmışdır (14,28). Tədqiqatdan aydın olur ki, dahi şair özündən əvvəlki yazılı irslə də yaxından tanış olmuş, bəzi folklor məlumatı ondan da öncə yazılı ədəbiyyata daxil olmuşdur. Tarixi qaynaqlara yaxından bələd olan Nizami bu tipli məlumatlara həssas yanaşmışdır.
“Nizami dastanlarının başlıca mövzusunu, məlum olduğu üzrə, qədim hadisələr və əfsanələr təşkil edir” (2, 25). Bu qeydi bir qədər də dəqiqləşdirərək S. Paşayev yazır: “Nizami özünə qədərki Şərq ədəbiyyatında və folklorunda mövcud olan ədəbi növlərdən və janrlardan da bacarıqla, yaradıcı şəkildə özünəməxsus tərzdə istifadə etmişdir. Əlbəttə, Nizami bütün başqa mənbələrlə yanaşı, öz doğma xalqının yaılı və şifahi ədəbiyyatından daha geniş şəkildə faydalanamışdır” (9, 7).
Nizami əsas mövzularını xalq yaradıcılığından alıb, yaradıcılığını həmin mənbəyə uyğun, xalqın istək və arzuları ilə həmahəng şəkildə inkişaf etdirən bir sənətkar olduğundan onun əsərləri sonrakı şifahi ədəbiyyatımıza güclü təsir göstərmişdir. Şair əsərlərində müxtəlif folklor nümunələrindən, o cümlədən əsatir və əfsanələrdən, rəvayətlərdən, xalq söyləmələrindən geniş istifadə etdiyi kimi, onun yaradıcılıq xəzinəsi də öz növbəsində yeni əfsanələrin, rəvayətlərin meydana gəlməyi üçün tükənməz bir qaynaq rolu oynamışdır. Bütün bunlar, Nizaminin Azərbaycan torpağı ilə, doğma xalqının bitib-tükənməyən folklor xəzinəsi ilə üzvi surətdə bağlı olduğunu müəyyənləşdirir. Nizami mövzusu bizim filologiyamızda müəyyən qədər işlənmişdir. Nizami və folklor istiqamətinə də müraciətlər olmuşdur. Sədnik Paşa Pirsultanlı problemin tədqiq tarixini də yaxından araşdırmış və dəyərli mülahizələri əsərində məqsədyönlü şəkildə istifadə etmişdir. Tədqiqatları nəzərdən keçirən alim yazır: “Nizami və folklor probleminə bir sıra araşdırmalar həsr edilmişdir: Nizami və Dədə Qorqud dastanları, Nizamidə xalq sözləri, xalq ifadələri və zərbməsəllər, Nizami yaradıcılığında Azərbaycan xalq mərasimləri və başqa məsələlər ayrı- ayrı tədqiqatçılar tərəfindən işlənmişdir” (2;3;4;5;6;7;8;9 və b.). Fundamental araşdırma baxımında qeyd etməliyik ki, Nizaminin Azərbaycan əsatir və əfsanələri ilə bağlılığını ilk dəfə Sədnik Paşayev ayrıca bir tədqiqat mövzusu olaraq araşdırmışdır. Bu mövzunu incəliklərinə qədər araşdıran alim bu sahədə diqqəti çəkən fikir və mülahizələrə də həssas yanaşır.
Alimin qeyd etdiyinə görə, akademik H. Araslı Nizami Gəncəvinin folklor əlaqələrini öyrənməyin elmi əhəmiyyətindən bəhs edərək yazır: “Xalq ədəbiyyatı xəzinəsində Nizaminin şəxsiyyəti və onun qəhrəmanları, əsərlərinin süjetləri ilə əlaqədar çox materiallar vardır ki, bunların elmi surətdə toplanması nizamişünaslıq işinin qarşısında duran mühüm vəzifədir. Bu müxtəlif variantların müqayisə və təhlili istər şairin şəxsiyyətini, istərsə onun doğma xalqı ilə münasibətini təyin etmək üçün ən mühüm tədqiq obyektidir”. Məsələnin aktuallığını bir daha təsdiqləmək üçün problemlə yaxından tanış olan mütəxəssislərin də fikirlərini diqqətə çəkən müəllif yazır: “Nizami tədqiqatçılarının çoxu, xüsusilə Azərbaycan alimləri təsdiq edirlər ki, “o, klassik şairlərimiz içərisində hamıdan artıq xalq yaradıcılığı xəzinəsindən istifadə etmişdir”. Bundan sonra alim problemi daha ciddi və dəqiq araşdırmaq üçün əsas istiqamətləri təsnif edərək müəyyənləşdirir:
“Nizaminin folklor əlaqələri müxtəlif şəkildə təzahür edir ki, bunları da əsasən üç qrupda tədqiq etməyi mümkün sayırıq:
Nizaminin bilavasitə istifadə etdiyi yerli əsatir və və əfsanələr, yaxud da başqa folklor nümunələri.
Xalq ruhuna dərindən bələd olan müdrik sənətkar kimi Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri və onların folklorda izləri.
Nizaminin həyatı ilə əlaqədar hadisələr, əsərlərinin süjet və motivləri əsasında yaranmış yeni folklor nümunələri, yaxud da el variantları kimi meydana gəlmiş yeni əsərlər.
Nizaminin Şərq əfsanələrindən daha çox faydalandığını müşahidə edən müəllif iki səbəbdən bunları xüsusi olaraq qeyd etmir. “Birincisi ona görə ki, əfsanələrdə lokallıq-milli mənsubiyyət, bir xalqa məxsusluq, çox güclü olur. Belə ki, əfsanələr düşdüyü yeni folklor mühitində xeyli dəyişir, milli zəminlə çulğaşaraq yeni keyfiyyətlər qazanır, özümləşir. Həm də bir qayda olaraq, əfsanələr konkret coğrafi ərazi ilə, xalqın tarixi və görkəmli şəxsiyyətləri ilə bağlı olur. İkinci səbəb isə ondan ibarətdir ki, Şərq əfsanələrində Azərbaycan xalqının da payı vardır. Məsələn, “Əshabi-kəhf”, “Nuhun tufanı” və başqa əfsanələr buna misal ola bilər. Bu əfsanələr nəinki Azərbaycan xalqına məxsusdur hətta bu əfsanələrlə bağlı yerlər də yurdumuzun ən qədim yaşayış guşələrindən biri olan Naxçıvan torpağındadır. “Əshabi-kəhf” və oradakı “Cənnət bağı”, Nuhla bağlı əfsanələrdə adları çəkilən İlandağ, Kəmçi və Ağrı dağları da Naxçıvanda və ona yaxın ərazilərdədir.
S.Paşayevə görə, Nizami qədim folklor nümunələrindən istifadəni başlıca yol saymamış, yeri gələndə başqa mənbələrə də müraciət etmişdir. Dahi şair folklordan aldığı kiçik süjetlər əsasında yeni keyfiyyətli incilər yaratmışdır. Bunu şairin epik əsəri olan “Sirlər xəzinəsi”ndəki bir sıra hekayətlər, o cümlədən “Süleyman və əkinçi”, “Bülbül ilə qızılquşun dastanı” və başqaları da təsdiqləməkdədir.Onlarla bu kimi nümunələrin tarixi-müqayisəli təhlili alimə o qənaətə gəlməyə əsas vermişdir ki, həmin örnəklər “bilavasitə Azərbaycan folklorundan, xüsusilə onun ən qədim əsatir və əfsanə qaynaqlarından istifadə yolu ilə yaradılmışdır”.
Tədqiqatın ən çox diqqəti çəkən cəhəti budur ki, “Xəmsə”dəki hekayətlər, onların süjet və motivləri ilə səsləşən, ideya istiqamətlərinə uyğun, məzmunca yaxın olan folklor nümunələri (xüsusən əsatir və əfsanələr), bir qədər fərqli şəkildə olsa da, indi də Azərbaycan folklorunda mövcuddur. Belə mürəkkəb və çoxsahəli paralellərı ilk dəfə S. Paşayev aparmışdır.
Nizami öz əsərlərində Azərbaycan xalq ədəbiyyatının bütün nümunələrindən: atalar sözlərindən, məsəllərdən, əsatir və əfsanələrdən, rəvayətlərdən, nağıllardan, dastanlardan, hətta, ən sadə görünən tapmacalardan belə yaradıcı şəkildə istifadə etmişdir.
S.Paşayevin tədqiqatının özəlliklərindən biri də budur ki, o, Nizamidən folklora baxmır, folklordan Nizamiyə doğru istiqamətlənir. Belə yanaşmanın fərqi böyükdür. Hər şeydən öncə ona görə ki, Nizami irsini araşdırıb onun folklor əlaqələrini müəyyənləşdirən əski ədəbiyyat mütəxəssisləri yalnız sabit, statik folklor nümunələrini müşahidə edə bilirlər. Çünki folklor mətnlərini ədəbiyyatın içində dəyişik şəkildə görmək və onları qeydə almaq çətin bir işdir. Amma folklor mütəxəssisi əlaqələri ən örtülü və qapalı şəkillərdə də aşkarlaya bilir. Bu mənada S.Paşayevin tədqiqatları olduqca diqqətli və həssas müşahidələrin nəticəsi kimi meydana çıxmışdır.
Nizaminin bütün əsərlərində Şərq mənşəli “mətnlər qalareyası” cəmləşdirilmişdir. Müəllif subyekti tərəfindən deformasiyaya uğraması mətnlərin struktur mahiyyətini dəyişməmişdir; hazır şəkildə əsərə daxil olan əfsanə, rəvayət, dastan, nağıl kimi şərq epik ənənəsinin vahidləri, mənqəbələrdən və tarixdən alınmış məlumatlar, süjetlər və janrlar iri kültür arealında mövcud olan çeşidli xalqların mifologiyasını, dünyagörüşünü, epik təfəkkür ehtiyatını ehtiva etdiyindən burada dünya modellərinin zəngin tiplərinin olması şübhəsizdir (10). S. Paşayev bu zəngin məlumat şəbəkəsinin içərisindən şairin milli mənsubiyyətindən gələn mərkəzi xətti seçir və onun yalnız milli zəmində, məkanda və zamanda qorunan izlərini bizlərə aşkarlayır. Buradan görünür ki, bir çox mətnlər kvaziformada işlənmişdir. Onların folklor şəklini S. Paşayev bərpa edir və Azərbaycan şifahi ənənəsində gələn örnəklərlə onları qarşılaşdırır. Əsərlərin hər yerində, bəzən üzdə, bəzən də dərində Azərbaycan xalq yaradıcılığı yarusu aşkarlanır. Hər dəfə də zəngin sənətkarlıq işinin içərisində bu nümunələr onun mayasını və qayəsini təşkil etməklə ona milli ruhdan uzaqlaşmağa imkan vermir. Burada dilin mənanı və mahiyyəti dəyişməyə gücü çatmır, çünki folklor adi dildən daha böyük bir dildir. Başqa sözlə, folklor dilin tərcümədə dəyişə biləcəyi işarə deyildir. Ona görə də Nizami əsərləri dildən dilə keçsə də milli istisini və odunu, özündəki türk folklor məlumatını, sxemini və kodunu öz daxili potensialı hesabına qoruyub saxlayır.
Sədnik Paşa Pirsultanlının tədqiqatlarında Nizami və folklor probleminə Azərbaycan xalq musiqisi ilə bağlı dəyərli araşdırmalar və aşkarlanmış faktlar da daxildir. Bu istiqamətdə apardığı araşdırmalarında alimin xüsusi diqqət mərkəzində xalq musiqi alətləri, xalq musiqi havaları və bu kimi məsələlər durur. Nizami əsərlərinin dəyərli qaynaq olduğunu doğru dəyərləndirən alim burada xalq musiqimizin qədim dövrü haqqında təsəvvürləri genişləndirir. Folkolor musiqisinin və ümumiyyətlə musiqi tariximizin öyrənilməsində Nizami əsərlərindəki məlumatları araşdıran alim müşahidələrini qeyd edərək yazır: “Nizami özünün əsərlərində, xüsusilə “Xosrov və Şirin”də, “İsgəndərnamə”nin “İqbalnamə” hissəsində musiqi məsələlərinə tez-tez toxunur. O, burada eyni zamanda ud, təmbur, ney, saz (setar) (setar-üç simli ən qədim musiqi aləti, Setar Azərbaycan sazının əcdadı, ulu babası sayılır) (15, 66) və başqa çalğı alətlərinin adını çəkir. Haqqında söz açır. Aydın olur ki, Nizami bu çalğı alətlərinin zahiri cəhətlərini deyil, onların quruluşunu, xüsusilə kök və pərdələrin rolunu çox düzgün bilirmiş, hətta, pərdənin quru bağırsaqdan bağlandığını, telin ipəkdən olduğunu da qeyd edir: Quru bağırsaqdan bağladı pərdə (16, 77). Yaxud: Sazın ipək telli xoş avaz almış (17,239). Nizami sazın kökləri və köklənməsinə də yaxından bələd imiş:
Hər pərdədə yalnız o adam çalar,
Ki, ola pərdədən yaxşı xəbərdar (16, 36).
“Əyri pərdədə çalğı çalınmaz” (18,46) deyən sənətkar “Bu pozuq pərdədə oxuma nəğmə” (18, 96) misrası ilə çalğıçıya müraciət edir.
Hümmət eylə, burda ələ al sazı,
Ucalt bu pərdədə şirin avazı (17, 24).
Əlbəttə, buradan görünən məlumatlar zəngin musiqi mədəniyyətinin varlığından xəbər verir. Musiqi araşdırıcıları üçün əldə olan məlumatlar təhlil aparmağa, bu təsvirlər əsasında xalq musiqi alətlərinin əski formasını rekonstruksiya etməyə imkan verir. Burada adı geniş şəkildə keçən saz musiqi alətinin ümumiyyətlə, musiqi aləti mənasında və ya onun differensiallaşmış bir tipi kimi işlənməsi məsələsi gələcək araşdırmalara mövzu ola bilər.
S.Paşa Pirsultanlı folklor musiqisi ilə bağlı müşahidə etdiyi məlumatlara əsaslanaraq saz havaları haqqında da diqqəti çəkən mülahizələr irəli sürür. Məsələ onda deyil ki, bu havalar XVI əsrdə sufi təriqət əsasında formalaşan və ilahi eşqi tərənnüm edən haqq aşiqlərinin saz havaları ilə eyniyyət təşkil etməyə bilər. Amma bu milli musiqi ənənəsinin tarixi bir mərhələsidir və bu mərhələdə mövcud olan musiqi mənzərəsini Nizaminin əsərlərindən müşahidə edirik. Bu kifayət qədər etibarlı bir mənbədir. Motivləri Nizami əsərlərində də müşahidə olunan bir sıra xalq dastanlarının mərasimlərlə bağlı olması məlumat dairəsini bir qədər də genişləndirir. Belə mürəkkəb tipli müqayisəli araşdırma aparan alim orijinal xarakterli nəticələr əldə etmişdir. Məlumdur ki, “Novruz və Qəndab” ən qədim dastanlarımızdandır. Bu dastan qədim görüşlərlə, ayin və mərasimlərlə bağlı olduğu kimi, Nizami əsərlərindəki bir sıra əlamət və izlər də bu dastanla bağlıdır. Muğam və saz havaları ilə əlaqədar olan “Novruz” adları da daha çox qədim bahar bayramı mərasimi ilə bağlıdır. “Xosrov və Şirin” poemasındakı “Sazi-Novruz”, qədim saz havası olan “Şah yuxusu” ilə əlaqədar olan Əflatunun icad etdiyi çalğı aləti, bu alətdə çaldığı havalarla heyvanları bihuş edib yatırtması və oyatması epizodları belə bir fikir söyləməyə haqq verir ki, Nizami öz dövründə mövcud olan saz havaları ilə tanış imiş. Məşhur “Yanıq “Kərəmi” saz havasının ilk adı “Novruzu”dur. Sazda “Yanıq Kərəmi” melodiyasının əvvəlində indi də bu misralar musiqi dili ilə təkrar edilir:
Ana, mənim dərdim Novruz dərdidi,
Ana, mənim dərdim Novruz dərdidi (9,14-15).
Şübhəsiz ki, saz havaları qısa bir müddətdə yoxdan yaradılmamışdır. Azərbaycanda aşıq sənəti yarananda xalq musiqi ənənəsindən və bu ənənədə mövcud olan havalardan yaradıcı şəkildə istifadə olunmuşdur. Bu zaman havalar və havacatlar sufi ideyanın və praktikanın ifadəsinə uyğunlaşdırılmışdır.
Nizami dahi şəxsiyyətdir. O, zamanına görə ensiklopedik biliyə malik bir insandır. Ona görə də ona qədərki və onun zamanı hər kəsdən öncə ondan sorulur. S. P. Pirsultanlı sorğunu doğru ünvana ünvanlayıb. Çünki o ünvandan yalnız doğru cavablar alınır. Bu doğru cavablar da çağdaş folklor məlumatları ilə səsləşir, ədəbiyyatın çətinləri folklor mətnlərində asanlaşır. Çünki bu fəaliyyət sahələri biri-biri ilə sıx şəkildə bağlıdır və onlar biri digərini izah edən spesifik sistemin tərkib elementləridir.
“Xəmsə” eyni zamanda, yəni bütün digər keyfiyyətləri ilə yanaşı və onlara heç bir xələl gətirmədən, möhtəşəm bir folklor ensiklopediyasıdır. Bu ensiklopediyada xalqımızın mənəvi dünyasını özündə mükəmməl şəkildə ehtiva edən xalq yaradıcılığının çeşidli sahələri, müxtəlif janrları, folklora, etnoqrafiyaya aid bilikləri əks olunmuşdur.
Nizami “Xəmsə”sindəki əsərlərin əksəriyyəti arxetiplərini folklordan götürür və ədəbi ənənəyə uyğun bir şəkildə dəyişir. Buradakı əsərlər əsasında möhtəşəm bir folklor antologiyası bərpa oluna bilər. Nizamidən folkloru öyrənməyin ən nikbin və mükəmməl nümunəsini Sədnik Paşa Pirsultanlı öz tədqiqatlarında göstərib.
Dostları ilə paylaş: |