Ədəbiyyat dərslərində bədii əsərlərin qavranılması və təhlili problemləri



Yüklə 70,5 Kb.
tarix02.01.2022
ölçüsü70,5 Kb.
#46796
növüDərs
Təlim prosesində bədii əsərlərin təhlilinin aktual problemləri





Ədəbiyyat dərslərində bədii əsərlərin qavranılması və təhlili problemləri

Müasir məktəbdə ədəbiyyat təlimi prosesində bədii əsərlərin şagirdlər tərəfindən qavranılması və təhlili ilə bağlı bir sıra problemlər mövcuddur. Psixoloji tədqiqatlarda qeyd edilir ki, qavrayış mürəkkəb idrak prosesidir. Onun tərkibinə duyğularla yanaşı insanın keçmiş təcrübəsi də daxildir. Bundan əlavə, qavrayış prosesi nitq, təfəkkür, iradə və s. daha mürəkkəb idrak prosesləri ilə üzvi surətdə bağlıdır. Qavrayış insanın marağından, meylindən, dünyagörüşündən, yönəlişindən, emosional vəziyyətindən və s. asılıdır. İnsanın ümumi psixi həyat məzmunundan asılı olaraq qavrayışın məzmunu və cərəyanetmə xüsusiyyəti də dəyişilir. Məsələn, hər kəs rəsm əsərini, musiqini, kinofilmi, təbiət mənzərəsini bir cür qavrayır. ( Bayramov Ə., Əlizadə Ə. Psixologiya. Bakı: Maarif, 1989, s.220-222)

Bu cəhətlər özünü bədii əsərlərin şagirdlər tərəfindən qavranılmasında da qabarıq şəkildə göstərir. Təsadüfi deyil ki, bədii əsərlərin şagird - oxucu tərəfindən qavranılması mürəkkəb yaradıcı proses hesab edilir. Bu proses məktəblinin bütün həyat, estetik, oxucu və emosional təcrübəsi ilə bağlıdır. Ədəbyyat müəllimi təlim prosesində şagird qavramasınıın xarakterini nəzərə almaqla kifayətlənməməli, həm də ona ciddi şəkildə təsir göstərməyə çalışmalıdır. Bu məqsədlə ilk növbədə ədəbiyyat dərslərində bədii əsərlərin təhlili imkanlarından düzgün istifadə olunmalıdır.

Söz sənətinin qavranılması dedikdə, əsərin dərk edilməsi nəzərdə tutulur. Bu zaman bədii əsərin ilkin qavranılması ilə təhlil nəticəsində yaranan sonrakı qavrama bir-birindən fərqləndirilməlidir. Müasir mərhələdə ədəbiyyat tədrisi metodikası üçün bədii mətnin ilkin qavranılması ilə bu qavramanın sonrakı təhlil prosesində dərinləşdirilməsinin qarşılıqlı əlaqəsi problemi xüsusi əhəmiyyət kəsb edir.


Qavrama şagirdin imkanlarını, təlim prosesinin təşkilinin səmərəliliyini üzə çıxarmağa imkan verir. Metodika elmində bədii qavrama probleminin tədqiqində başlıca məqsəd məktəbdə bədii təhlilin təkmilləşdirilməsi sayılır. Belə ki, bədii əsərin ilkin qavranılmasının öyrənilməsi məktəbdə bədii əsərin təhlilinin əsasını təşkil edir. Əks təqdirdə bu təhlil ünvansız olacaqdır. Müəllim yalnız bədii əsərin qavranılmasındakı zəif nöqtələri, natamamlıqları, şagirdlərin idraki imkanlarını, ədəbi inkişaf səviyyəsini, söz sənətinə münasibətini öyrənməklə, nəzərə almaqla bədii əsərin təhlilini düzgün təşkil edə bilər.

Metodik ədəbiyyatda şagirdin bədii əsəri necə qavradığını üzə çıxarmaq üçün aşağıdakı yollardan istifadə olunması məqsədəuyğun sayılır:



  • şagirdlərin bədii əsər haqqında ilkin təəssüratlarının öyrənilməsi;

  • lk təəssüratların təhlil prosesində və yekun məşğələlərində yaranan təəssüratla tutuşdurulması. Bu məqsədlə şagirdlərlə söhbət aparılır, anket, şifahi sorğu keçirilir.

  • Mövzudan mövzuya keçdikcə şagirdlərin ədəbi inkişaf səviyyəsinin, müxtəlif bədii əsərləri, onların ayrı- ayrı komponentlərini başa düşmək, ümumiləşdirmə, emosional, estetik qiymətləndirmə səviyyəsinin üzə çıxarılması;

  • Dərs ili ərzində məktəbli qavraması üzərində müntəzəm müşahidə aparılması;

Bədii əsərin qavranılması şagirddə oxucu bacarıqlarının, dünyagörüşünün, mənəvi keyfiyyətlərin formalaşdırılması ilə sıx əlaqəlidir. Bədii əsərin qavranılmasından danışarkən nəzərə almaq lazımdır ki, bu zaman dünyanı, həyat hadisələrini dolğun şəkildə qavrayan oxucu yazıçının həyat haqqında mühakimələri, düşüncələri ilə tanış olur. İnsanın həyatı, taleyi ilə bağlı səhnələrin dərk edilməsi prosesində oxucu yalnız əsərdə təsvir edilənləri, müəllif fikrini, niyyətini deyil, özünü də dərk edir. Beləliklə, bədii ədəbiyyat oxucunun mənəvi aləminə təsir edir, onu sərbəst düşünməyə sövq edir.

Tədqiqatlar müxtəlif yaşlı məktəblilərin bədii ədəbiyyatı qavrama xüsusiyyətləri barədə aşağıdakı nəticələrə gəlməyə imkan verir. Kiçik yaşlı məktəbliləri bədii əsərdə daha çox ayrı- ayrı maraqlı, diqqəti çəkən səhnələr, epizodlar cəlb edir. Onlar əsərin qəhrəmanı haqqında qəti, çox vaxt birtərəfli, emosional fikir yürüdürlər. Kiçik həcmli lirik və epik şeirlərə bu yaşda maraq böyük olur.

Yeniyetmə məktəblilər qəhrəmanın şəxsiyyətinə, xarakterinə, davranış motivlərinə daha çox diqqət yetirir. Lakin bu yaşda məktəblilər çox zaman qəhrəmanın şəxsiyyətinə bütöv yanaşmada çətinlik çəkir, onun xarakterindən, davranış motivlərindən yaxşı baş çıxarmırlar.

Bir çox tədqiqatçılar 5-7-ci sinif şagirdlərinin bədii əsəri sadəlövh- realistcəsinə qavramasını qoruyub saxlamağın tərəfdarıdır. Onlar qeyd edirlər ki, şagirdin əsərin bədii, estetik dəyərini dərk etməsi 8-9-cu siniflərdə mümkündür.

Yuxarı yaşlı məktəblilər qəhrəmanın mürəkkəb daxili aləminə diqqət yetirir, müəllifin yaradıcı şəxsiyyətini, dünyagörüşünü dərk etməyə çalışır. 10-11-ci sinif şagirdlərinin əksəriyyəti estetik səciyyəli ümumiləşdirmələrdən istifadə edərək əsərin bədii dəyərini qiymətləndirməyə qadirdir. Bu yaşda məktəblilər əsər barədə təəssüratlarını sistemləşdirməyə, onu tam halında dərk etməyə nail olurlar .

Bədii əsərin qavranılmasına şagirdin yaş xüsusiyyətləri ilə yanaşı, fərdi xüsusiyyətləri, imkanları da təsir göstərir. Aparılmış tədqiqatlarda şagird qavramasının üç tipi göstərilir:. Birinci tip üçün əyani və obrazlı elementlərin qavranılması səciyyəvidir. Bu şagirdlər bədii mətn üzərində işə maraq göstərir, müəllifin istifadə etdiyi bədii təsvir və ifadə vasitələrinə diqqət yetirirlər. İkinci tip üçün söz və məntiqi elemenlərin qavranılması səciyyəvidir. Bu şagirdlər plan tərtibi, yekunlaşdırıcı işlər zamanı fəallıq göstərir, bədii sözə həssas yanaşmırlar. Üçüncü tp qarışıq tipdir. Müəllim ayrı-ayrı siniflərdə şagirdlərin qavrama xüsusiyyətlərini bildikdə, fərdi tapşırıqları düzgün müəyyənləşdirir, şagirdlərin maraq və qabiliyyətlərini inkşaf etdirməyə nail olur.

Bədii əsərin qavranılması şagirlərin ədəbi təhsilinin bir elementi, onun əqli inkişafının, sosial yetkinliyinin, emosional- estetitk qavramasının göstəricisi kimi çıxış edir.

Oxucu fəallığının artırılması müasir məktəbin başlıca vəzifələrindən biridir. Bu zaman televiziya, video, kompüterin təsirini yaddan çıxarmaq olmaz. Şagirdlərin mütaliə mədəniyyəti cəmiyyətin mənəvi potensialının mühüm göstəricisi sayılır. Şagirdlərin mütaliə dairəsinin genişləndirilməsi mənəvi mədəniyyətin qaynaqları, humanitar biliklərin zənginləşdirilməsi ilə bağlı məsələdir. Bəs müasir məktəblilərin mütaliə marağı necədir? Onlar hansı əsərləri oxuyur, ümumi mədəniyyəti, oxuduqları əsərlərə şəxsi münasibətləri necədir? Son illərdə bədii ədəbiyyatın mütaliəsinə marağın zəifləməsi müşahidə olunur. Kino, televiziya, video, kompyuter, internetin uşağın həyatında geniş yer tutması, mütaliənin əvvəlki mövqelərini itirməsi ciddi problem kimi qarşıda durur.

Bəzi şagirdlər elmi ədəbiyyata , publisistikaya üstünlük verir. Lakin mütaliə ilə bağlı mənasız cavablar da var. Bununla yanaşı, bizim qarşımızdakı XXI əsrin məktəblisidir, incəsənətdən, idmandan baş çıxarır, onun geniş maraqları, öz rəyi, mülahizələri var. Onu sənətkarla görüşə, dialoqa sövq etmək lazımdır.

Şagirdlər anketin sevimli məşğələlər, müəlliflər, bədii mətnlər, şəxsi təəssüratlar barədə suallara cavablarında bədii əsərləri necə başa düşdüklərini aydınlaşdırarkən, bir qayda olaraq, məktəbdə öyrənilən mətnlərə üstünlük verir, kəskin süjetli əsərlərdən, qəhrəmanlardan bəhs edir, yazıçı və şairlərin üslübündan söz açır.

Şagird qavramasındakı br çox çatışmazlıqların səbəbi onların yaş və fərdi xüsusiyyətləri ilə deyil, məktəbdə ədəbiyyat tədrisinin nöqsanları ilə bağlıdır. Məktəbdə ədəbiyyat tədrisi bədii mətnin təbiətinə zidd olmamalıdır.

Məlumdur ki, ədəbiyyat təliminin cövhərini bədii əsərin oxusu və təhlili təşkil edir. Bu iki proses bir-biri ilə sıx əlaqəlidir. Əsəri oxunması, lakin təhlil olunmaması şagird üçün mütaliə prosesini səmərəsiz edir. Çünki əsərin ideya- məzmununu, yazıçı niyyətini dərk etmək üçün mütaliədən sonra əsər barədə oxucunun düşüncələri, əsərin müzakirəsi son dərəcə əhəmiyyətlidir.

Bu mənada əsərin oxusunu təhlildən ayırmaq mümkün deyildir. Lakin son dövrlərdə şagird mütaliəsində ciddi qüsurlar özünü göstərir. Şagirdlərin xeyli hissəsinin mütaliəyə həvəsi zəifdir. Mütaliə üçün yüksək ideya-bədii dəyərə malik bədii əsər seçməkdə səriştəsizdir. Bütün bunların,eləcə də, məktəblilərin mütaliə bacarıqlarına yiyələnməməsinin obyektiv və subyektiv səbəbləri var.

Kompyuter, internet, video, televiziya, mobil telefon müasir uşağın həyatında daha önəmli yer tutmaqda kitabı, mütaliəni sıxışdırmaqdadır. Yuxarı sinif şagirdlərinin bir qismi ali məktəbə qəbul imtahanlarında bəzi qruplarda ədəbiyyat fənnindən imtahan olmadığını əsas götürüb bədii əsər oxumaq istəmirlər.

Müşahidələrimiz göstərir ki, bəzi yuxarı sinif şagirdləri “Ədəbiyyat müntəxəbatı”nın üzünü də açmırlar. Nəticə etibarı ilə bədii ədəbiyyatın mütaliəsinə belə etinasızlıq şagirdlərin şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Məktəbli bədii ədəbiyyatın idraki, həyatı, insanı dərk etmək, şifahi və yazılı nitqi zənginləşdirmək imkanlarından məhrum olur. Bu mənada şagird mütalisəsinin təşkili ədəbiyyat müəlliminin həll etməli olduğu başlıca problemidir. Özü də burada hər itirilən il əvəzedilməzdir, çünki hər yaş dövrünün öz kitabı vardır.

Məsələn, 5-6-cı sinif şagirdləri nağılları, macəraları, heyvanlar, təbiət haqqında əsərləri oxumalı, dünyagörüşünü genişləndirməlidir. Yuxarı siniflərdə şagird oxucunu gənclərin həyatından , qarşılıqlı münasibətindən, mənəvi axtarışlarından bəhs edən əsərlər daha çox cəlb edir. Həmin dövrlərdə bu əsərlərin mütaliə edilməməsi şagird üçün böyük itkidir.

Ədəbiyyat dərslərində bədii əsəri oxumadan təhlil etmək meyli güclüdür. Şagirdlərin bir qismi ədəbiyyat dərsliyindəki hazır təhlil materiallarını əzbərləməklə öz işini bitmiş hesab edir. Nəzərə almaq lazımdır ki, dərsliyin müəllifini, hər hansı görkəmli alimin bu və ya digər əsərlə bağlı fikrinin, apardığı təhlilin əzbərlənməsi, nağıl edilməsi faydasızdır və təlimin məqsədlərinə daxil deyildir. Hər bir əsər barədə şagirdin öz fikri, mövqeyi, düşüncələri olmalıdır. Dərs prosesində bu fikirlərin, düşüncələrin digər şagirdlərlə, müəllimlə bölüşdürülməsi, müzakirə, disput səciyyəli söhbət aparılması məktəbliyə öz mövqeyini dəqiqləşdirməyə, fikirlərini cilalamağa kömək edir.

Bədii əsərlərin təhlili ilə bağlı şagirdlərin hər fikrinə diqqətlə yanaşılmalıdır. Əsərin ideya məzmunu, qəhrəmanların səciyyəsi ilə bağlı şagirdin fərqli mövqedə olması təbiidir. Bəzi müəllimlər şagirdin əsər barədə rəyinin onun öz rəyi ilə üst-üstə düşməməsinə mənfi hal kimi yanaşır. Lakin nəzərə almaq lazımdır ki, ədəbiyyat əslində problemin həlli yollarını göstərmir, daha çox oxucu qarşısında suallar qoyur, onu düşünməyə, öz mövqeyini müəyyənləşdirməyə sövq edir. Əsərdə qaldırılan problem barədə, onun həlli yolları haqqında sənətkar öz mövqeyini bildirir. Oxucunun vəzifəsi əsərdə qaldırılan mənəvi-estetik problem barədə sənətkar mövqeyini müəyyənləşdirməkdən və öz mövqeyini, münasibətini əsaslandırmaqdan ibarətdir. Əslində şagirdin təhlil prosesində qaldırılan problem barədə öz rəyini əsaslandırılmasına çalışmaq lazımdır.

Şagirdin fərqli fikir söyləməsi yox, mülahizələrini əsaslandıra bilməməsi narahatlıq doğurmalıdır. Məsələn, “Məlikməmməd” nağılı öyrənilərkən “Məlikməmməd əsərin sonunda öz qardaşlarını öldürməkdə haqlıdırmı?” sualı şagirdlərin fikirlərini haçalayır. Məktəblilərin bir qismi onu haqlı, digərləri haqsız hesab edirlər.

Təhlil prosesində hər iki tərəf öz mövqeyini əsaslandırmalıdır. Öz hökmlərini əsaslandırmaq üçün əsərin mətninə, əlavə mənbələrə müraciət edilməlidir.

Müzakirə zamanı məktəblilərdə belə bir qənaət yaradılmalıdır ki, bu nağılda söhbət insanın öz qardaşını öldürməsi kimi məişət hadusəsi müstəvisində deyil, həyatda xeyirin şərlə mübarizəsinin, xeyirin şər üzərində qələbəsinin zəruriliyinə xalqımızın inamının bədii ifadəsindən gedir. “Həyatda xeyir şərə qalib gəlməli, şər layiq olduğu cəzanı almalı, ədalət zəfər çalmalıdır” fikri əsərin leytmotivini təıkil edir.

Nizaminin “Xosrov və Şirin” poemasında Şirinin onu dünyalarca sevən, məhəbbəti yolunda hər cür fədakarlıq göstərən Fərhadı yox, məhəbbətə eyş-işrət, əyləncə kimi baxan, atasından qalan taxt-tacı geri qaytarmaq üçün Məryəmlə, Şirində qısqanclıq yaradıb onu özünə tabe etmək üçün Şəkərlə evlənən Xosrovu sevməsi dərsdə fərqli fikirlərə yol açır. Bu zaman təhlil elə aparılmalıdır ki, şagirdlər sənətkarın niyyətini düzgün başa düşsün və əsərin qəhrəmanları, onların mənəvi mövqeyi, təkamülü barədə dolğun təsəvvürə malik olsun.

Müzakirə zamanı məktəblilərə aydın olmalıdır ki, süjet xəttinin, hadisələrin belə məcrada inkişafı, konfliktin bu şəkildə həlli heç də təsadüfi deyil, əsərdə qaldırılan mənəvi problemə münasibətdə sənətkar mövqeyinin özünəməxsusluğu ilə bağlıdır.

Poemanın əsas qəhrəmanlarından olan Fərhad surətini sənətkar sevə-sevə yaratməşdır. Bu obraz vasitəsilə şair sadə insanlara olan rəğbətini, onların mənəvi ucalığını, zəmanəsinin hökmdarlarından qat-qat üstün olduğunu göstərmək istəmiş və buna nail olmuşdur. Xosrov onu var-dövlətlə şirnikləndirmək, sözlə, ağılla məğlub etmək, qorxutmaq istəyəndə Fərhad ondan mənən yüksək olduğunu bir daha sübut edir. Əsərdə Fərhadın Şirini saf məhəbbətlə sevməsi, dağlar yarması, süd gölü çəkməsi şairin bu obraza olan dərin rəğbətini ifadə edir.

Həm zahirən, həm də daxilən gözəl olan Şirin Nizaminin ideal qadın qəhrəmanıdır. O, ölkəni ədalətli qanunlarla idarə edən hökmdar, şərəf və ləyaqətini hər şeydən üstün tutan qadın, sədaqətli sevgilidir. Fərhadın sevgisinə cavab verməsə də, onu bir şəxsiyyət və sənətkar kimi yüksək qiymətləndirməsi Şirinin ağlı, ləyaqəti, əməlləri ilə insanlığın ən yüksək zirvəsində dayandığını sübut edir.

Şirin Xosrovla evlənəndən sonra onun mənəvi təkamülündə aparıcı rol oynayır. Şirinin təsiri ilə dəyişən Xosrov ölkəni ədalətlə idarə edir, elmi məsələlərə maraq göstərir. Bütün bunlar , eləcə də əsərin sonunda oğlu Şiruyə tərəfindən ağır yaralanan, ölüm ayağında olan Xosrovun susuzluqdan yansa da, son anda belə Şirini yuxudan oyatmaq, qorxuya salmaq istəməməsi onun mənəvi kamilliyindən xəbər verir.



Nizami Xosrovun simasında Şərq ədəbiyyatındakı qəhrəmanları durğun, dəyişməz xarakterli göstərmək ənənəsini pozaraq, əsər boyu dəyişən, inkişaf edən, kamilləşən qəhrəman obrazı yaratmışdır. Sənətkarın niyyəti uğurlu bir eşq dastanı yaratmaq yox, məhəbbətin təsiri ilə dəyişən, kamilləşən insan obrazı yaratmaq olmuşdur. Bu mənada əsərdə ideal bir qadın olan, Şirinin Fərhadı deyil, Xosrovu sevməsi sənətkar niyyətinin məntiqindən irəli gəlir.

Təhlilin bu şəkildə aparılması məktəblilərdə şairin qarşılıqlı sevgi yolu ilə insanın daxili təkamülünə, mənən dəyişməsinə, kamilləşməsinə inamı barədə aydın təsəvvür yaranmasına səbəb olur.
Yüklə 70,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin