Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,1 Mb.
səhifə72/78
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#40819
1   ...   68   69   70   71   72   73   74   75   ...   78
Nizami-folklor

Vüsal SƏFİYEVA

AMEA Folklor İnstitutu
HƏMİD ARASLI YARADICILIĞINDA NİZAMİ VƏ

FOLK­LOR MÖVZUSU
XX əsr Azərbaycan ədəbiyyatşünaslığının inkişafında gör­kəmli yer tutan akademik Həmid Araslı folk­lor­ kimi zəngin bir sahənin tədqiqində də məhsuldar fəaliyyəti ilə dərin iz burax­mışdır. Onun yaradıcılığında şifahi xalq ədə­biy­yatının öyrənil­məsi məsələsinin xüsusi vurğu ilə diqqətə çatdırılması təsadüfi deyildir. Alimin elmi fəaliyyətini professor Mirzağa Quluzadə belə səciyyələndirmişdir: «H. Araslı 1926-cı ildən başlayaraq kənddə müəllim işlədiyi zaman Azərbaycan şifahi xalq ədə­biyyatının və aşıq şeiri nümunələrinin toplanması sahəsində əhəmiyyətli iş görmüşdür. Bu materiallar şifahi xalq ədəbiyyatı nümunələri üçün faydalı mənbələrdən biri olmuşdur… O, bütün elmi tədqiqat fəaliyyəti illərində şifahi xalq yaradıcılığı, xüsusilə xalq dastanları və aşıq poeziyası ilə üzvi surətdə bağlı olan, şifahi xalq poeziyası və onun klassik ədəbi irslə qarşılıqlı təsir və əlaqələrinə böyük maraq göstərən və əsərlərində həmişə bu mə­sələlərə əhəmiyyət verən bir alimdir. H.Araslı Azərbaycan şifahi xalq ədəbiyyatının da ən yax­şı mütəxəssislərindən biridir. Onun «XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi» əsə­rində «Koroğlu», «Əsli və Kərəm», «Aşıq Qərib» və sairə dastanların tədqiqinə, aşıq poe­zi­yasının inkişafı məsələlərinə geniş yer verilmişdir. Alimin «Azərbaycan aşıq şeiri» adlı əsəri də (1964) onun bu məsələlərlə ciddi məşğul olduğunu göstərir» (1, 24-25).

Həmid Araslı folklorşünaslıq sahəsindəki fəaliyyətini əsa­sən üç istiqamətdə davam etdirmişdir:



  1. Azərbaycan folklorunun tarixi və nəzəri məsələlərinin araşdırılması;

  2. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının əlaqə və münasibətləri;

  3. Folklor örnəklərinin və ədəbi abidələrin nəşrə hazırlan­ması və şərhi.

Bu sahədə görülən işlərdə Həmid Araslının özünəməxsus xidmətləri vardır. Onun folklorşünaslıq sahəsindəki fəaliyyətinin özü­nəməxsusluğu yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının əlaqə və münasibətlərinə həsr olunmuş tədqiqatlarında daha qabarıq şəkildə özünü göstərir. Həmid Araslının müraciət etdiyi, demək olar ki, bütün klassik sənətkarların yaradıcılığının araş­dırıl­masında bu problem ayrıca tədqiq olunur, bununla da ədə­biyyatşünaslıq elmi yeni tədqiqat ide­yaları və faktları ilə zən­ginləşir. Bu baxımdan onun Nizami yaradıcılığında folk­lordan istifadə ilə əlaqədar tədqiqatları xüsusi maraq doğurur. Bu da onunla bağlıdır ki, dahi şairin əsərləri yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının əlaqə və münasibətləri probleminin daha ətraflı və dərindən araşdırılmasına imkan verir.

Ümumiyyətlə, Nizami və folklor problemi nizamişünas­lı­ğın çox mühüm sa­hələ­rindəndir. Buna görə də Nizami yara­dıcılığının, demək olar ki, bütün təd­qiqatçıları – Y.E.Bertels, M.Ələkbərli, M.Rəfili, M.Ə.Rəsulzadə, Ə.Axundov, M.Əlizadə, A.Rüs­tə­mova, S.Paşayev və başqaları şairin folklor qaynaqla­rından istifadə etməsindən bu və ya di­gər şə­kildə bəhs etmişlər. Adları qeyd olunan müəlliflərdən başqa araşdırmaçı Tağı Xalis­bəyli dahi şairin yaradıcılığı haqqında ayrıca tədqiqat işi yazmış və bir neçə kitab nəşr etdirmişdir. Akademik Həmid Araslının bu sahədəki tədqiqatları isə xüsusilə seçilir.

Alimin Nizami və folklor mövzusunun araşdırılması sahə­sin­dəki ən mühüm xidməti bundan ibarətdir ki, o, bu problemin öyrənilməsinin əsasını qoyanlardan biri olmuşdur. H.Araslı 1941-ci ildə Nizami Gəncəvi yaradıcılığında folklor əlaqələrinin öyrənilməsinin elmi əhə­miy­yətini izah edərək yazırdı: «Xalq ədə­biyyatı xəzinəsində Nizaminin şəxsiyyəti və onun qəhrəman­ları, əsərlərinin süjeti ilə əlaqədar çox materiallar vardır ki, bun­ların elmi surətdə toplanması nizamişünaslıq işinin qarşısında duran mühüm vəzifədir. Bu müxtəlif variantların müqayisə və təhlili istər şairin şəxsiyyətini, istərsə də onun doğma xalqı ilə münasibətlərini tədqiq etmək üçün ən mühüm tədqiqat obyek­tidir» (2, 4). Nizami əsərlərinin el variantları ilə əla­qədar deyil­miş bu fikir eyni dərəcədə, bəlkə, bir az da artıq şairin əsərlə

rində istifadə olunan folklor mövzularının, janr və ifadə vasitələrinin araşdırılması məsələsinə də aiddir.



H.Araslı Nizami Gəncəvi yaradıcılığının araşdırılmasına həsr etdiyi, demək olar ki, bütün əsərlərində şairin xalq ədəbiy­yatından bəhrələnməsi məsələsinə toxunmuşdur. Bununla yana­şı, onun bilavasitə Nizaminin şifahi xalq ədəbiyyatı ilə əlaqəsi məsələsinə həsr olunmuş bir çox tədqiqatları da vardır. Həmin əsərlərində şairin xalq söz və ifadələrindən tutmuş böyük epik janrlardan (nağıl və dastanlardan) istifadəsi ayrıca tədqiqat pred­metinə çevrilir. Bu baxımdan alimin «Nizami əsərlərinin el variantları» (1941), «Nizami və yaradıcılığı» (1939), «Nizamidə xalq sözləri, xalq ifadə və zərb-məsəlləri» (1942), «Nizami və Azərbaycan xalq ədəbiyyatı» (1947) və s. əsərləri xüsusilə diq­qəti cəlb edir. H.Araslı xalq ədə­biy­yatının Nizami yaradıcılığına təsirinin əhəmiyyətini ümumiləşdirərək yazırdı: «Niza­mi­ni bü­tün müasirlərindən fərqləndirən, onu dünya ədəbiyyatının ən yük­sək zirvəsinə qaldıran əsas xüsusiyyətlərdən biri və ən baş­lıcası da onun xalq ədəbiyyatı ilə yaxından bağlı olması, xalqdan qüvvət alaraq yaradıcılığını yeni bir istiqamətdə inkişaf etdir­məsidir» (2, 1). Daha sonra o, öz əsərlərində kon­kret misal­larla «Nizaminin xalq dili və xalq ədəbiyyatı nümunələrindən necə istifadə etdiyini elmi təhlillər əsasında aydınlaşdırır. Məsələn, alim «Nizamidə xalq sözləri, xalq ifadə və zərb-məsəlləri» mə­qaləsində ayrı-ayrı söz və ifadələrin Nizami əsərlərinə Azər­baycan dilindən keçdiyini inandırıcı şəkildə izah edir. Məsələn, ön söz yazdığı “Atalar sözü” (1938) kitabındakı atalar sözlərini Nizami əsərlərilə belə müqayisə edir: ”Biz Nizaminin əsərlə­rində oxuyuruq:

Qorbe bovəd kəz səri-həmpusti,

Bəççeyi-xodra xorəd əz dusti.

Son misra “Pişik balasını istədiyindən yeyər” zərb-məsə­linin bədii ifadəsidir” (3, 10).



Alimin apardığı tədqiqatlar, ilk növbədə diqqəti şairin öz əsas mövzularını folklordan alması mə­sələsinə cəlb edir. O, Ni­zami Gəncəvinin ilk böyük əsəri olan «Sirlər xəzinəsi»ndə xalq rəva­yətlərindən istifadə edərək, əsərdə qoyduğu ideyaları oxucuya maraqlı surətdə çat­dırmağa çalışdığını sənətkarlıq nailiyyəti kimi qeyd edir. Bu baxımdan «Nuşirəvan və bayquş», «Bülbül və qızılgül» və s. hekayələrdən ustalıqla istifadə olun­duğu nəzərə çatdırılır. Lakin şairin ilk məhəbbət dastanı olan «Xosrov və Şirin» əsərində xalq ədəbiyyatı ilə dərindən bağlı olması, bu mövzunun xalqdan olması (Bərdə qocalarından öy­rən­məsi) xüsusilə yüksək qiymətləndirilir və göstərilir ki, Ni­zaminin «bundan sonra yarat­dığı əsərlərin hamısında bu bağlılıq hakim yer tutur» (4,10).

H.Araslı şairin «Leyli və Məcnun» əsərinin də mövzu­sunun şifahi xalq ədə­biyyatından alındığını qeyd edir və göstərir ki, «ərəb şifahi xalq ədəbiyyatında canlanıb Yaxın Şərq xalqları arasında yayılmış olan bu dastanın XII əsrdə Azərbaycan xalqı içə­risində məşhur olması məlumdur» (4, 10). Bunu şair əsərin mü­qəd­dimə­sin­də qeyd edir.

Tədqiqatçı «Yeddi gözəl» poemasının da xalq nağılları qu­ruluşunda yazıldığını, qız­ların söylədiyi nağılların məzmununun xalq ədəbiyyatından alındığını qeyd etməklə şai­rin folklorla sıx bağlılığını faktlarla sübut edir. Alim, həmçinin Nizaminin son əsəri olan «İs­kəndərnamə» poemasının da xalq dastanları əsa­sın­da qurulduğunu nəzərə çatdırır və yazır ki: «Nizami bu əsərini ərəb, fars, yunan, rum dillərində yazılmış tarixi mə­lu­matlar əsa­sında qurduğu kimi, xalq ədəbiyyatında İskəndər haqqında yayılmış rə­va­yətlərdən də çox istifadə etmişdir» (4, 11).

Nizami əsərlərinin zəngin qaynağını şərh edən H. Araslı belə bir qənaətə gəlir ki, «Ni­zami əsərləri öz mövzu və quruluşu ilə deyil, eyni zamanda bədii xüsusiyyətlərinə görə də şifahi xalq ədəbiyyatı ilə bağlıdır». Bunu aydınlaşdırmaq üçün tədqi­qatçı Nizaminin poe­malarında obraz və hadisələrin təsviri, qəh­rəmanların yaradılması baxımından xalq ədəbiyyatı nü­munə­lərinə müraciət edir, müqayisələr aparır və Nizami yaradıcı­lığı­nın Azərbaycan xal­qının şifahi yaradıcılığı ilə üzvi bağlı ol­duğunu müəyyənləşdirir.

H.Araslı Nizami əsərlərində və şifahi xalq ədəbiyyatında olan surətləri müqayisə edərkən şifahi ədəbiyyatda rast gəlinən müsbət və mənfi surətlərin mühüm hissəsinin Nizami poema­larında da olduğunu qeyd edir. O, müqayisələr apararaq göstərir ki, Ni­za­miyə qədər olan ədəbiyyatda bu surətlərin ancaq bir hissəsinə, yalnız cəngavərliklə əlaqədar olan hökmdar surətlə­rinə təsadüf edilir.

Tədqiqatçı yazır: «Azərbaycan dastanlarında verilmiş qa­dın surətlərinin xü­susiy­yətlərindən biri onun evlənəcəyi oğlanı sınaqdan keçirməsidir. Bu sınaq fizioloji qüv­vət, söz ustalığı və biliklə həyata keçirilir. İstəyəni çox olan qızlar özlərini tilsim­bənd edir və onları qurtaracaq qəhrəmanla evlənəcəklərini şərt qoyurlar. Ya da sözdə onu bağlayacaq aşiqə, haqq aşiqinə gedə­cəklərini vəd edirlər. Bəzi dastanlarda qəhrəman, qızın saxladığı canavarlar ilə vuruşur, bəzən özü ilə güləşir, bəzən də onun tap­macalarına cavab tapır, sonra onunla evlənir» (4, 19). Tədqiqatçı bütün bu məsələlərin Nizami əsərlərində də mövcud olduğunu konkret faktlarla müqayisələr əsasında açıb göstərir.

H.Araslı Nizami yaradıcılığını şifahi xalq ədəbiyyatı ilə bağlayan əsas cəhətlərdən birinin də onun atalar sözlərindən və xalq idiomlarından istifadə etməsində görür. O göstərir ki, əsasən atalar sözü kimi mənalı aforizmlər yaradan dahi sənətkar öz zəngin yaradıcılığında tez-tez atalar sözlərinə müraciət edib, fikirlərini əsrlərin süzgəcindən, təcrübəsindən keçmiş bu hikmətli ifadələrlə təsbit etməyə çalışmışdır.

Alim Nizaminin istifadə etdiyi idiomatik ifadələr, atalar sözləri, zərb-məsəllər haqqında danışarkən maraqlı bir üsuldan istifadə edir. O, fars dilindən gətirdiyi belə ifadələrin məhz Azərbaycan təfəkkürünün məhsulu olduğunu, konkret ifadələrin məhz Azərbaycan dilindən götürülüb tərcümə edildiyini elmi əsaslarla sübut edir. Buna misal olaraq “Atalar sözü” kitabına istinadla qara rənglə bağlı bir neçə müqayisəni göstərə bilərik. Tədqiqatçı Nizaminin xalq arasında yayılmış “Qaradan artıq rəng olmaz” məsəlindən çox məharətlə isrtifadə edərək qara rəngin qırmızı da ola bilməsi qənaətinə gəldiyini qeyd edir. Şair kömürün yanıb od olduqda qızarmasını bu şəkildə ifadə edir:

Siyəhra sorx çün kərd az rəngi

Çü balayi-siyahi nist rəngi (3, 10).



(Neçin o mişk söyüd, ud kimi, qaraldıqdan sonra qırmızı üz­lü olur. Qara necə bu rəngli olur ki, qaradan üstün rəng yoxdur).

Sonra şair bu fikri, qara rəngin çevrilməsini insan həyatın­dan aldığı məsəl ilə göstərir:

Məgər kəz ruzgar amuxt neyrəng,

Ki əz muyi-siyahi-ma bərəd rəng (3, 10).

(Zəmanəsindən hiylə öyrənmiş ki, o, bizim qara tükləri­mizi ağ edir).

Kömürün qara rəngini qırmızıya çevirməyi insanın qara tüklərini ağardan zəmanədən öyrəndiyini söyləyir.

Xalq “Qara rəng çirk götürməz” deyir. Nizami bu məsəli belə ifadə edir:

Besiyahi bəsər cahan binəd,

Çirkini bər siyah nəneşinəd (3, 10).

(Göz qarası dünyanı görər, qaraya çirk əyləşməz).

Ümumiyyətlə, tədqiqatçının buradan əldə etdiyi nəticə bundan ibarətdir ki, «Nizami «Xəmsə»sinin hər səhifəsində rast gəldiyimiz atalar sözləri, şairin idiomları, qəhrəmanların, obraz­ların «Dədə Qorqud» dastanları ilə yaxınlığı, onun dastan və nağıllardan istifadə etməsi, əsərlərində əsas ideyaların xalqdan alınması şairin ana Vətən, böyük Azərbaycan varlığı ilə bağlı­lığını aydınlaşdırır» (2, 2).

Bundan başqa, alim qeyd edir ki, Nizami yaradıcılığında Azərbaycan dilindən gələn sözlərin mühüm hissəsini “Dədə Qor­qud” dastanlarında görmək olar: “Nizami poemalarında “Də­də Qorqud” dastanları ilə əlaqədar bir çox motivlərin olması şairin bu dastanları sevə-sevə dinlədiyini göstərir.

Nizami yazır:

Bə novgi-tiri hər xatun süvari,

Füru dadə zi ahu mərğzari (3, 3).

(Hər atlı qadının oxunun ucu çəməni ahu ilə doldurmuşdu)

Bildiyimiz kimi, burada bu gün xanım deyə işlətdiyimiz xatun sözü yalnız Azərbaycana məxsus olan bir ifadədir. Bu sözə “Dədə Qorqud” dastanlarında çox rast gəlirik: Burla xa­tun, Sel­can xatun və s.

Nizami və şifahi xalq ədəbiyyatı mövzusunun mühüm bir tərəfi də şairin yara­dıcılığının özündən sonrakı, yazılı ədəbiyyat­da olduğu kimi, şifahi xalq ədəbiyyatına da təsir göstərməsidir. Alim diqqəti məsələnin daha incə bir tərəfinə də cəlb edərək yazır ki, Nizami əsas mövzularını şifahi xalq ədəbiyyatından alıb, yaradıcılığını xalq mənafeyinə uyğun, onun istək və ar­zu­ları ilə bağlı inkişaf etdirәn bir sәnәtkar olduğundan onun әsәr­lәri sonrakı dövrlərdə yaradılan şifaһi xalq ədəbiyyatına da dərin təsir göstərmişdir.

Tədqiqatçının fikrincə, Nizaminin elə bir poeması yoxdur ki, xalqın yaratdığı poeziyada onun süjeti ilə əlaqədar əsər olmasın: “Bunların bir hissəsi Nizaminin xalq ədəbiyyatından istifadə edərək yaratdığı süjetlər olmasına baxmayaraq, şairin ya­ra­dıcılığından xalqa keçmişdir. Bəzən şair böyük bir xalq dastanının süjetini iki misra ilə ifadə etmiş, bəzən də xalq şairin iki misrası əsasında böyük bir dastan yaratmışdır” (2, 3).

Bu məqalədə gəldiyimiz əsas nəticə bundan ibarətdir ki, dahi Nizami Gəncəvinin öz yaradıcılığında şifahi xalq ədəbiyya­tından geniş şəkildə bəhrələnməsi, eyni zamanda əsərlərində ümumtürk folkloru kontekstində Azərbaycan folklorundan isti­fa­də edərək bu tükənməz xəzinəni sağlam dayaqlarla qoruyub saxlaması ənənəsinin araşdırılaraq mühüm tədqiqatlarla elm aləminə təqdim edilməsində akademik Həmid Araslının mühüm xidmətləri olmuşdur. Alimin bu sahədə əsas xidmətlərindən biri də həmin məsələni ilk qal­dıranlardan biri olmaqla Nizami Gən­cəvinin bir şair kimi milli köklərə, etnik zənginliklərə bağlı olduğunu ay­dın­laş­dırmağa çalışmasıdır.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin