ŞAİr xalqin xalqsiz şAİRLƏRİ Hamı qaçıb gizlənəndə Sınıq pəncərələrə tutulmuş qəzet kimi



Yüklə 482,32 Kb.
tarix19.03.2017
ölçüsü482,32 Kb.
#11994
Aqil ABBAS
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ


Hamı qaçıb gizlənəndə

Sınıq pəncərələrə tutulmuş qəzet kimi

Şairlərə gəlir dünyanın soyuğu.
Vaqif Bayatlı Odər
Dəqiq bilmirəm, kim demiş və nə zaman demiş: «Azərbaycan xalqı şair xalqdı Bu düşmənçiliyi bizə kim eləmiş? Bəzi mülahizələrə görə bu fikri ilk dəfə rus yazıçısı Nikolay Tixonov Bakıda Səməd Vurğunla bağlı tədbirdə söyləyib. Belə çıxır ki, bu millətin evini Tixonov yıxıb.

Hər bir millət ağlı ilə, zəkası ilə, elmi ilə döyüşkənliyi ilə seçilməyə, fəxr etməyə çalışır. Bundan ötrü dəridən-qabıqdan çıxır, özünü oda yaxır. Amma biz heç bir millətdən ağlımıza, zəkamıza, igidliyimizə görə geri qalmasaq da, bunlarla yox, bir səfeh rus yazıçısının bir səfeh sözünə görə forslanırıq, öyünürük: «Biz şair xalqıq!».



Canım, gözüm, qardaşım, get kitab oxu, elmlə məşğul ol, texnika ilə məşğul ol, atom bombası yarat, mühərrik yarat, göyə peyk uçurt. Barı, heç olmasa braziliyalılar ya ispanlar kimi demirəm, Tanrının Lüksemburqu kimi ala-babat bir futbol oyna. Yox, nə danışırsan?! 2179 adama 1 kitab (möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə nəşr olunan kitabları bura daxil etmirəm), 200 adama 1 qəzet düşən ölkədə, orta məktəbi bitirən gənclərin 25 faizi attestat ala bilməyən bir ölkədə kim mühərrik düzəldəcək?! Kim Yusif Məmmədəliyev olacaq?!
Təzədən velosiped icad etmək nəyimizə lazım?!
Bəs Tanrı bu almanları, amerikalıları, fransızları, rusları nədən ötrü və kimdən ötrü yaradıb? Təbii ki, bizdən ötrü, bizim xətrimizə! Qoy canları çıxsın avtomobili almanlar, peyki ruslarla amerikalılar yapsın. Niyə əziyyət çəkib gəmi tikirik, onda bu hollandlar, bu ingilislər nəyə lazımdı?! Pal-paltarı varlılar üçün Fransadan, kasıblar üçün Türkiyədən, ayaqqabını varlılar üçün İtaliyadan kasıblar üçün Türkiyədən, avtobusları Koreyadan ala bilmirik ki? Özü də od qiymətinə. Allaha şükür, pulumuz var, Afrikada nə qədər zənci var yığıb gətirək, əvəzimizə futbol oynasın. Əvvəllər ağlımız olmayıb çay əkmişik, odur ey ingilislərin «kraskalı» çayı tökülüb qalıb ortalıqda.
Səyavuş Novruzov Milli Məclisdə məsələ qaldırdı ki, xaricilər Naxçıvanda (təkcə Naxçıvanda deyil, elə bütün Azərbaycanda –A.A.) gül-çiçək , ot-ələf qoymadılar. Daşıyıb aparıb dərman, ilac düzəldib milyonlara özümüzə satırlar. Hər il xaricdən dərman preparatları almaq üçün on milyonlarla pul ayırırıq. Ola bilməzmi ki, o milyonlara elə Naxçıvanda bir dərman preparatları hazırlayan əczaçılıq fabriki tikək, özümüzü də təmin edək, hələ xaricə də satıb pul qazanaq.

Söz elə Milli Məclisdə də qaldı. Ola bilməz! Çünki istəmərik ki, Almaniyadakı, ABŞ-dakı, day nə bilim hansı xarabadakı əczaxzana fabriklərində çalışanlar işsiz qalsınlar, ziyana düşsünlər. Həm də bizim dərman alverçilərimiz inciyər. İnciyər nədi, qardaşım, vallah, o fabriklərə od vurub yandırarlar.


Xalq Cəbhəsi dönəmində
Elmlər Akademiyasını ləğv etmək istəyirdilər. Aləm bir-birinə dəymişdi. Buna qarşı çıxanlardan, iqtidarı topa tutanlardan biri də mən idim. Təəssüf! Bu bəlkə də Xalq Cəbhəsinin şair xalqımıza ən böyük yaxşılığı olardı.

Son 30 ildə Azərbaycan Elmlər Akademiyası (indi Milli Elmlər Akademiyası) kəşf eləyib, icad eləyib? Dünya elminə demirəm, xalqımıza texnika, kimya, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və sair və ilaxır sahələrdə hansı töhfələr verib? Sizi inandırıram ki, Akademiyanın aparatının, rəhbərliyin saxlanmasına ayrılan milyonları elmi laboratoriyalara versək, atom bombası da yaparıq, göyə peyk də uçurarıq. Tusilər, ibnsinalar, yusifməmmədəliyevlər, xuduməmmədovlar, azadmirzəcanzadələr yetişdirmiş bu xalqın suyu (soyu da oxuya bilərsiz) kəsilməyib ha!
Milyonlar ayrılan Akademiya…
Ekologiya Nazirliyi Tanrının su təmizləyən qurğusunu xaricdən alır. İlin 300 günü günəşli olan ölkədə hələ də günəş enerjisindən, küləklər məkanı Abşeronda külək enerjisindən istifadə edə bilmiriksə, nədən danışaq? Ən münbit torpaqlara malikik, hektardan 14-15 sentner taxıl götürürüksə… 70-80-ci illərdə hektardan 45-50 sentner taxıl götürən, 30-35 sentner pambıq götürən seleksiyaçılarımız necə oldu? Şeirmi yazırlar?!
70-80-ci illərdə bir fizika-riyaziyyat elmləri doktoru, akademik, ölkənin ən böyük elm, təhsil ocağının rektoru (rəhmətə gedib deyin adını yazmaq günahdı, Tanrı rəhmət eləsin) şair Vaqif Bayatlı Odəri kabinetinə çağırıb qapını bağlayır və deyir ki, mən şeir yazıram. Düz iki saat şeir oxuyur. Sonra şeirləri mətbuatda da dərc olundu, hətta televiziyada bir tamaşası da qoyuldu. Yəni elm sahəsində bu xalqa daha çox nə isə verə biləcək bir alim elmi bir kənara tullayıb, şeir yazırsa…
Əgər Nizami Süleymanovun
çox önəmli laboratoriyalarını dağıdıb (kosmosu fəth etdik deyəsən, Kosmik Tədqiqatlar İnstitutunu da sökdük) yerində göydələnlər tikiriksə… nə elm, nə laboratoriya, nə Yusif Məmmədəliyev?! Əgər Nizami Süleymanov kimi bir alim elmi arxa plana keçirib partiya yaradır, siyasətlə məşğul olursa Qoy canları çıxsın bu işlərlə başqa millətlər uğraşsın. Biz şair xalqıq.

Və şair xalq olduğumuza görə də hamımız yazırıq, oxumuruq! «Çukça ne çitatel, çukça pisatel».


Mənfur Sovet dönəmində
şair xalqımızın sayı 7 milyon nəfər idi, qəzetlərin gündəlik tirajı 3 milyonu keçirdi. Kitablar 20 min, 30 min, bəzən 50 min itrajla, hətta bəzən 80 min tirajla çap olunurdu. Dəniz qırağında bir kitab mağazası vardı, burda adətən elmi kitablar satılardı. Amma abunə yolu ilə. Abunə yazılmaq üçün 20 kiloqram da maklatura verməli idin. Növbəyə duranların sonu Qız qalasında bitirdi. İndi bilmirəm, orda deyəsən ya eynək satırlar, ya da aptekdi. İndi əhalimizin sayı 9 milyona çatıb, gündəlik qəzet tirajı 100 mini keçmir. Kitablar isə 500 tirajla (1000 tirajla nadir hallarda) çap olunur. Mən yenə də bura prezidentin sərəncamı ilə nəşr olunan yüksək tirajlı kitabları qatmıram və kitablar da əsasən kitabxanalara gedir. Allah eləməmiş, çukça olmasaq da « toje ne çitateli, pisateliŞair xalq yazar , oxumaz ki!

… Şəyirdi Usta Zeynaldan soruşur:



- Usta, bu ermənilər bilir ki, qoyun əti donuz ətindən yeməlidi, bəs niyə donuz əti yeyirlər?

- Bir yükdü boyunlarına düşüb…

Bəli, iraq olsun, bir yükdü boynumuza düşüb – şair xalqıq!

Ürəyimi deşən bir söz var, onu da yazım, sonra qayıdarıq yavaş-yavaş mətləbə, əslində elə bu da mətləbə aiddi.
... Şah İsmayıl şeir yazırdı
Məmməd Araz:
Qalaça küncünə sıxılan şahın,

Xalqı palçıq kimi tapdalanıbdı.
Bir şah ki yağı düşmən qarşısında qılıncını yerə qoyub (daha dəqiq desək, Sultan Səlim o qılıncı onun əlindən tutub alıb, aparıb qoyub Topqapı sarayına) şeir yazmağa başladı…

… Sözgəlişi. Sultan Səlim də şeir yazarmış, «Divan»ı da var. Ümumiyyətlə, şahların çoxu şeir yazardı. Bunun iki səbəbi ola bilərdi. Birincisi, şöhrət, bu sirr deyil ki, şairlər həmişə şahlardan şöhrətli olub. İkincisi də yəqin fikirləşirmişlər ki, şah kimi tarixdə qala bilməyəcəklər, barı heç olmasa şair kimi tarixdə qalsınlar. Brejnev də qocalanda yazıçılığa başladı…


Rəşad Məcidin Şah İsmayıla həsr etdiyi şeirdən bir parça:
Qılıncın

ölümündən 14 il əvvəl

düşüb qalıb Çaldıranda

və səndən sonra

doğulan qələmin,

ölən qələmin

qılıncını yerdən qaldıra bilmir!
… Bəli, bir şah ki qılıncını yağı düşmən qarşısında yerə atıb şeir yazmağa başladı, xalqı palçıq kimi tapdanar, onun neçə milyon kvadrat kilometrlik məmləkəti doğrana-doğrana gəlib 86,6 kvadrat kilometrə düşər, onun da 20 faizi erməni tapdağı altında qalar.
Həmin dövrdə Füzuli kimi bir dahisi olan millətə şair Xətai lazım idi, yoxsa Şah İsmayıl?! bu millət Şah İsmayılı sərkərdə Şah İsmayıldan daha çox şair Xətai kimi tanıyır. Və Xətaini Azərbaycan ədəbiyyatından götürüb bir kənara qoysaq, ədəbiyyatımız heç nə itirməz…
Biz şair xalqıq!
Səməd Vurğun:
Bizdə şeir də var, sənət də vardır,

Şairə, şeirə hörmət də vardır!
Bizdə şeir, sənət həqiqətən var, amma gəlin görək şairə, sənətkara doğrudanmı «hörmət də vardır»?

Var! Amma şairə, sənətkara onda hörmət var ki, həmin şairə, sənətkara hökumət hörmət eləsin. Onu şah hörmətli tutsun. Qapısını şah döyməyən şairin qapısını Füzulinin qapısı kimi badi-səbadan özgə kimsə döyməz. Mənə etiraz edəcəksiz - yox, nə danışıram, belə-filan, bəşməkan. Biz demokratik ölkədə yaşayırıq. Bunu demək mənim hüququmdu, etiraz eləmək də sizin.

XX əsrdə Azərbaycanın elmdə, mədəniyyətdə, ədəbiyyatda, siyasətdə dahi şəxsiyyətləri olub ki, çox böyük xalqlar həmin şəxsiyyətlərə görə bizə qibtə edə bilər. Özü də bütün zamanlarda belə şəxsiyyətlərimiz olub. Tanrı hələ bütün türklərə demirəm, təkcə biz azərbaycanlılara onlarla peyğəmbər göndərib ki, bunun da ən çoxu XX əsrə düşür. Görünür, XX əsrdə bizi daha çox daha böyük bəlalar gözləyirmiş, ona görə.

Təkcə XX əsrin əvvəllərindəki dahilərə baxın: Üzeyir Hacıbəyov, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Hüseyn Cavid, Şahtaxtinski, Məhəmməd Hadi, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Bəhruz Kəngərli, Firudin bəy Köçərli, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Nəriman Nərimanov, Ceyhun Hacıbəyov

Bu millətə XX əsrin əvvəllərində görün kimlər dərs keçib?

Amma həmin dahilər bu milləti 5-ci sinifə keçirə bilməyib, bu millət sinifdə qalıb.

Yenə ustazeynallar, məşədi ibadlar, qəzetçi rzalar, xudayarbəylər, qurbanəlibəylər, məmmədhəsənəmilər, novruzəlilər, qoçu əsgərlər, şeyx nəsrullahlar, kefli isgəndərlər, afşinlər…

İndi müsyöjordanlar tək-tək deyil, sürüylə gəlirlər, özü boyunlarında şah fərmanı olan pişiklər kimi. İndi xudayarbəylər təkcə məmmədhəsənəmilərin eşşəyini əllərindən almırlar, bütün var-dövlətlərini əlindən alırlar…
Harda qalmışdıq?!
Hə, şairə, sənətkara hörmət məsələsində. XX əsrdə üç şəxsiyyət hələ sağlıqlarında Azərbaycanda mifə çevrilmişdi: Üzeyir Hacıbəyov, Səməd Vurğun və Bülbül. Təbii ki, onların mifə çevrilməsi təkcə qeyri-adi istedadlarından, Tanrı elçisi olmalarından irəli gəlmirdi. Onların mifə çevrilməsində hökumətin xüsusi rolu vardı. Bu xalqdan və onlardan daha çox hökumətə, daha dəqiq desək, Sovet ideologiyasına lazım idi.

Hara gedirdilər ayaqları altında qurbanlar kəsilirdi, minlərlə insan gül-çiçəklə qarşılayırdı. Bəli, xalq öz dahi övladlarını sevirdi, çiyinlərində gəzdirirdi. Deyəcəksiz, bəlkə elə deyildi?! Səbr edin.


Bu yaxınlarda televiziya kanallarının birində Səməd Vurğun haqqında bir veriliş göstərilirdi.

Bir gün xalqın ayağının altında qurbanlar kəsdiyi çiynində gəzdirdiyi Səməd Vurğun Mircəfər Bağırovun (oxu: hökumətin) gözündən düşür…

… Hökumət xalqın qaymaqlarını tuturdu, asırdı, kəsirdi, Sibirə göndərirdi. Tuta, asıb-kəsə, Sibirə göndərə bilmədiklərini isə Vaqif Bayatlı Odərin yazdığı kimi:
Çərx başına gəlməyəni

Çərlədib,

Çərlədib öldürün.
Vaqif Bayatlının başqa bir şeirindən:
Şairlər ölürlər yaz yağışından,

Arvad qarğışından, qız baxışından

Dünyanın tələsik yır-yığışından

Günahlı-günahsız şairlər ölür.
Hökumətin gözündən düşən Səməd Vurğuna hər tərəfdən basqı gəlir, əsəbləri tarıma çəkilir. Şair bir az boşalmaq, özünü toparlamaq, yazarları çarmıxa çəkdirdən,
yaradıcı adamların Ali Məhkəməsi olan «Natəvan»
klubundan qaçmaq üçün üz tutur ayaqları altında qurbanlar kəsən, onu çiynində gəzdirən şair xalqının içinə. Qatardan düşür: nə qurban kəsən var, nə gül-çiçək, heç salam verən də yoxdu. Çünki şair xalq artıq bilir ki, Səməd Vurğun Bağırovun gözündən düşüb.
Məmməd Araz:
İstəsən şairi əyəsən, onun

Əlindən nə yazı, nə qışını al!

İstəsən şairi əyəsən, onun

Əlindən xalqının alqışını al!
Bəli, Bağırov (oxu: hökumət) Səməd Vurğunu əymək, sındırmaq üçün xalqının alqışını əlindən almışdı.

Zaman gələcəkdi Məmməd Araz da bu taleyi yaşayacaqdı, xalqının alqışı əlindən alınacaqdı…


Səməd Vurğunu gözdən salmaq üçün KQB-nin uydurduğu şayiələri, böhtanları şair xalqımız elə yeyib-danışırdı ki! Hələ indi də elə şeylər danışan sarsaqlar var.
Sonra Bağırov gördü şairi nə sındıra bildi, nə əyə bildi xalqının alqışını qaytardı özünə (gün gələcəkdi xalqının alqışı Məmməd Araza da qaytarılacaqdı): yenə qurbanlar, yenə qarşılanmalar, yenə gül-çiçəklər…

Görən sonralar Səməd Vurğun canından çox sevdiyi, dərdindən xəstə düşüb 50 yaşında ayrıldığı şair xalqını bağışladımı? Bağışlamış olar! Çünki Səməd Vurğun Tanrının sevdiyi bir bəndə idi. Tanrı da bağışlayanları sevir.
1972-ci ildə
şair xalqını çox sevməsi Məmməd Araza da baha başa gəldi. İşdən çıxartdılar, partiyadan xaric etmək istədilər. Arvad qarğışından, qız baxışından, dünyanın tələsik yır-yığışından belə ürəyi partlaya biləcək zərif şair ürəyinin üstündən tank sürdülər. Haqsızlıqlara dözmədi, gücü çatmadı, 39 yaşında düşdü yorğan-döşəyə. Şahbuz dağları kimi əzəmətli, yumruqları ilə qoz sındıra biləcək cavan bir oğlan dünyada hələ də müalicəsi mümkün olmayan parkinson adlı bir xəstəliyə düçar oldu. Kitabları plandan çıxarıldı, plandan-plana keçirildi…
Sovet dönəmində hətta hökumətin ən çox sevdiyi, bəstələdiyi, hörmətə mindirdiyi şair və yazıçıların da kitabları iki ildən bir çıxa bilirdi, başqalarınkı isə iki-üç ildən, üç-dörd ildən bir. Bu da bir həqiqətdir ki, həmin dönəmdə yaradıcı insanlar öz beyinlərinin məhsulu hesabına babat, bəziləri isə hətta məmurlardan yaxşı dolana bilirdilər. Məmməd Araz da vurulana, hökumətin gözündən düşənə qədər kitabları normal nəşr edilən, xalqının alqışını qazanmış şairlərdən idi. Şair xalq onu da bağrına basırdı. Amma elə ki vuruldu, şair xalq şair oğlunu unutdu…

Aldığı qonorarlar dərmanlarına belə yetmədi…


Füzuli:
Kimsə döyməz qapımı badi-səbadan özgə…
Şair xalq bir dəfə də döymədi şair oğlunun qapısını: ölmüsən, qalmısan, acsan, susuzsan…

Qəribədir. Atam çox erkən qardaş-bacılarını itirib, 25 yaşlı oğlunu itirib, bir qardaşının da müharibədən qara kağızını alıb, amma ata-anasından ömürləri boyu gizli saxlayıb. Ata-anası da ölənədək elə biliblər oğulları sağdı, itkin düşüb, bundan bir təsəlli alıblar. Və atam bütöv bir nəslin yükünü də çiyinlərində daşıyıb. Heç vaxt nə biz, nə də heç kim atamın güldüyünü, toyda əl götürüb oynadığını görmədi, hətta övladlarının toyunda belə. Mənim xanımım da atasının çəkdiyi əzab-əziyyəti, ağrı-acını atası ilə birlikdə yaşadığından nə indiyədək bir dəfə ürəkdən gülməyib, nə də toyda əl götürüb oynamayıb. Hətta mənim kimi şən, zarafatçıl bir adamla 30 ildi bir yerdə yaşamasına baxmayaraq…


Qəribə idi, insanlar Məmməd Arazı sevirdi, şeirlərini əzbər bilirdi, aşıqlar haqqında dastan qoşurdu. Toyxanada, yasxanada, çayxanada ondan danışırdılar. Bəzi qələm yoldaşları onu qısqanırdılar, hətta deyirdilər:
- Bunu da lap Ətağa eləyiblər.
Doğrudan da Məmməd Arazı poeziyanın Ətağasına çevirmişdilər. Amma onu poeziyanın Ətağasına çevirənlər bircə dəfə də gəlib qapısını döymürdülər.
Fikirləşirdim, görəsən altı-yeddi naxçıvanlıdan, bir-iki dost-tanışdan başqa bu qapını açan olacaqmı?! Şairin gözü həmişə qapıda olardı. Qapı isə döyülmürdü. Şair həsrətlə canından çox sevdiyi şair xalqını gözləyirdi, şair xalq isə yoxa çıxmışdı.

İçimdəki bir nifrət əl-ayağıma dolaşıb bir şeyi yazmağa qoymasa da, yazmaya da bilmirəm.

Ermənistanın Urud kəndindən şairin dədə-baba qohumları İsa kişi gələrdi. Söhbətcil, mehriban bir adamıydı, Məmməd Arazı çox sevərdi, qohum kimi yox, bir şair kimi. Onu da deyim ki, İsa kişi şair Musa Urudun atası idi.

Bir də Nursu kəndindən Gövhər adlı bir yaşlı qadın əri ilə birlikdə ildə bir dəfə, bəzən iki dəfə bu qapını döyürdü. O qədər də pay gətirərdilər eyvan tutmazdı. Şairə yun jaket toxuyub gətirərdi, yun corab toxuyub gətirərdi, dəri gödəkçə tikib gətirərdi. O corabın birini hələ də qışda ev-eşikdə mən geyinirəm.


Bir-iki gün qalardılar. Şair onları görəndə sir-sifəti açılardı, əllərinin əsməsi bir az səngiyərdi. Sanki özləri ilə Nursunun havasını, gülünün-çiçəyinin ətrini gətirərdilər. Elə bilirdim İnfil kişinin Nursuda yaşayan qohum-əqrəbalarıdı.

Sonralar Ermənistandan qaçqınçılıq başlayanda gözə dəymədilər. Bir gün dedim:
- Əmi, yəqin Gövhər xalagil qaçqın düşüblər. Deyirəm bir onları axtarıb-tapım.

Şair tutuldu:
- Gövhərgil ermənidilər, oğul.
İndi hərdən fikirləşirəm, görən Qarabağda Gövhər arvadın oğlanları da analarının öz balası kimi sevdiyi şairin xalqına güllə atıblarmı?! Xocalıda soyqırımda iştirak ediblərmi?! Doğrudanmı Gövhər arvad oğlanlarını Məmməd Arazın xalqını qırmağa göndərib?!

Əgər göndəribsə, bu insanlığın sonu deməkdir! Qiyamət günü deməkdir!

Söhbət təkcə dündən, bu gündən getmir.


Dünya poeziyasının peyğəmbəri Məhəmməd Füzuli
Osmanlı imperatoru Sultan Süleymanın ona kəsdiyi 9 axçalıq təqaüdü almaq üçün girir mühasibatlığa. Təsəvvür edin! Peyğəmbər girir bir otağa, onun ayağının tozu olmayanlardan biri də başını qaldırıb onun salamını almır.
Salam verdim rüşvət deyil deyə almadılar.
Üstündən 400 il keçir. Azərbaycanın xalq şairi Hüseyn Arif qəbul otağında xeyli gözlədikdən sonra bir məmurun kabinetinə girir, nəsə bir sənəd lazımıymış.
Məmur deyir:

- Mən sizi tanımıram.

Şair özünü sındırmır və acı-acı gülərək söyləyir:
Tanımadım dedin, bu düz.

Qarın şişib, enlənib üz,

Mən bir şair, sən bir öküz!

Hardan tanıyasan məni?!
Hələ də anlaya bilmirəm ki, ayağının tozu olmayanların peyğəmbərin salamını almayan vaxt necə olub ki, Füzulinin ürəyi partlamayıb? Və sonra da fikirləşirəm, bütün peyğəmbərlər sağlıqlarında elə bu əzabı, bu faciəni yaşayıblar. Və görünür onlar insanlardan çox yüksəkdə dayandıqlarından görürlər ki, onlara atılan daşlar göy üzünə atılan daşlar kimidi.
Ramiz Rövşən:

Göy üzü daş saxlamaz…
Hə, əziz qardaşlar! Nə Səməd Vurğun, nə Hüseyn Cavid… Şair xalq heç Füzulinin qapısını döyməyib. Döysəydi «kimi kim bivəfa dünyada görüb, bivəfa görən» şair yazmazdı:
Kimsə döyməz qapımı badi-səbadan qeyri…
Şair xalqının gözünün qabağında
Haqq mənəm, haqq məndədir, haqq söylərəm –
deyən, özündə iki cahanı sığışdırıb, özü bu cahana sığmayan:

Səni bu hüsnü camal ilə, kamal ilə görcək

Qorxdular həqq deməyə döndülər insan dedilər.
Bu camal ilə, kamal ilə görüb haqq deməyə qorxub şair dedikləri Tanrı üzlü Tanrı elçisi Nəsimini diri-diri soyurlar.
Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,

Gər bu miskin aşiqi sərpa soyarlar, ağrımaz!
Şair xalq dillənmir.
Nəimini diri-diri atların quyruğuna bağlayıb parça-parça edirlər, şair xalq qımıldanmır.
Bir təsəlli.
Nəimini dörd yerə parçalayanlar bilmədilər ki, əslində bu peyğəmbəri milyonlarla zərrələrə parçalayıb bir bərəkət toxumu tək bütün yer üzünə səpələdilər.

Nazim Hikmət:

Şəhidləri

bərəkət toxumu tək

basdırırıq torpağa!
Nəimiləri, Nəsimiləri də bərəkət toxumu tək basdırırlar torpağa, bunu cahillər anlamaz.
Şair xalqın dərdindən vərəmləyən
Bənzər bir qocaman dağa ki dəryada duran
Sabir kimi bir oğlunun müalicəsi üçün şair xalq beş qəpiyindən keçmir.

Mirzə Cəlil «Molla Nəsrəddin»də Sabirin müalicəsi üçün şair xalqa müraciət edir. Şair xalq hamamda yatdığından, başları it boğuşdurmağa, xoruz döyüşdürməyə, sonyalara klip çəkdirməyə, brayzalara toy eləməyə, ya Qarabağı dirildəcək şeyxnəsrullahlara qarışdığından Mirzə Cəlilin fəryadını eşitmir.


Vaqif Bayatlı:
Donurdu Hadinin əlləri,

Qapılılar qapısını bağlamışdı,

pəncərəlilər pəncərəsini.

Buzdan, şaxtadan yollar da qalın,

qara torpaq da qalın, qalın –

üstündə nə qəbir qazılar,

nə dua oxunar.

Allah da bağlamışdı

O dünyanın yolun.
Üstündə nə qəbir qazılan, nə Quran oxunan,
üzünə hətta Allahın yolu bağlanan Azərbaycanın görkəmli filosofu Məhəmməd Hadi (Hadi şair deyil, Şopenhauer kimi, Nitsşe kimi bir filosofdu, sadəcə olaraq öz fəlsəfəsini Nəimi kimi, Nəsimi kimi, Cavid kimi nəzmlə yazıb) bir tikə çörək pulu üçün küçələrdə oturub əlyazmalarını su qiymətinə satır. Onun yan-yörəsindən ötən şair xalqın anyalara, sonyalara milyonlar xərcləyən, villalar tikdirən, «Range Rover» bağışlayan oğulları filosofu acından ölməyə qoymamaq üçün beş qəpiyindən keçmir.
Və şair günlərin birində Gəncədə xəstəxanada yatarkən bir qəzetin küncündə belə bir elan oxuyur: «Şair Məhəmməd Hadi öldü».
Acı-acı gülüb deyir:
- Ey şair oğlunu diriykən öldürən millət.
Və günlərin birində hansısa bir xəstəxana küncündə kimsəsizcəsinə dünyadan köçür. Onun necə öldüyünü, harda dəfn olunduğunu şair xalqı heç indi də bilmir.
Məhəmməd Hadi bunu görürdü və yazırdı:
İnsanları sevirəm, pəki uzaqdan…
Millətinin vicdanı olan Hüseyn Cavidi
şair xalqının gözünün qabağında əllərini qandallayıb göndərirlər Sibirə. Mənə həmişə elə gəlirdi ki, Cavidi Sibirdə torpağa elə əlləri qandallı basdırıblar. O qandalı açmağa qorxublar.

Yaxşı, xalqın niyə susduğunu az-çox başa düşdük. Bəs Hüseyn Cavidin bəstəkar oğlu Ərtoğrulun şair xalqın gözü qarşısında acından vərəmləyib ölməsini necə başa düşmək olar? Bu günahı kimin ayağına yazaq? Mələk kimi qızı Turan xanımın qapısını bir elçi döymür, buna nə ad qoyaq?

… Tanrı, sən saxla! Sən bizi böyüklüyünə və adilliyinə bağışla! Sən bizi nizamilərin, xəqanilərin, füzulilərin, nəsimilərin, mirzə cəlillərin üzünə bağışla! Kim bilir, bəlkə də Tanrı bizi elə onların üzünə bağışladığına görə bu gün varıq və varlığımıza görə onlara borcluyuq.

Şair və müsəlman xalqımız Mirzə Fətəli Axundov kimi bir mütəfəkkir oğlunun üzünə hətta qəbiristanlıqların qapısını qapayır…

… Mirzə Cəlil övladlarının soyuqdan donmaması üçün əlyazmalarını yandırırdı.

Halbuki Qarabağda yoluxucu xəstəliklər tüğyan edəndə təkcə həyat yoldaşı yox, həm də məsləkdaşı olan Həmidə xanımla kənd-kənd, qapı-qapı düşüb öz vəsaitləri hesabına şair xalqını bir tibb işçisi kimi peyvənd edirdi. Yalnız bircə dəfə Hacı Zeynalabdin Tağıyev kömək üçün onlara 10 min manat pul göndərmişdi.

Amma əlyazmalarını yandırıb uşaqlarını donmağa qoymayanda, daha sonra Sovet hökuməti Həmidə xanımı «xalq düşməni» elan edəndə qapı-qapı düşüb ölümün pəncəsindən qurtardıqları şair xalq nəinki qapılarını döydü, heç salam da vermədi.

Nəhayət, bir gün
Mircəfər Bağırov
Ağdamda olarkən Həmidə xanımla maraqlanır, necədi, necə dolanır. Bağırov xalqının alqışını Səməd Vurğuna qaytardığı kimi Həmidə xanıma da qaytarır. Həmidə xanım isə Bağırovun dəvətini qəbul edir, Bağırovun qaytardığı xalq alqışını!

Sadıq Murtuzayev Ağdamda katib işləyərkən onun dediyi məşhur bir kəlamı xatırlayıram:



- Natəvan sağ olsaydı Qarabağda yüz kişiyə heykəl qoydurmuşdu. Amma Qarabağın yüz min kişisi Natəvana bir heykəl qoymayıb, heç olmazsa qəbrini götürtməyib.

Qəbri götürtmək nədi, qardaşım?! Ağdamda bir məmur Xan qızının mərmər sinə daşını aparıb qoydurmuşdu həyətdə pilləkanının qabağına. Sonra üstü açılanda aparıb atdılar Qarqarda xəlvət bir yerə, itdi-batdı.



Natəvan! Xan qızı Natəvan! Şairə, rəssam Natəvan! Şair xalqını susuzluqdan xilas etmək üçün bütün var-dövlətini xərcləyən, hətta barmağındakı atası Mehdiqulu xandan qalmış qiymətli üzüyünü də barmağından çıxarıb sataraq Şuşaya ilk dəfə su çəkdirən Xan qızı Natəvan!

Amma adamın Allahı olar
Natəvan Şuşada rəhmətə gedəndə Qarabağ camaatı Xan qızına olan borclarını belə qaytarmışdılar: onun nəşini Şuşadan Ağdama - 37 kilometrlik bir məsafə – çiyinlərində gətirmişdi.
Natəvanı 37 kilometr çiyinlərində daşıyan kişilərin nəvələri isə Xan qızının sinə daşını oğurlayıb öz ayaqları altına qoymuşdular.

Mən nə zaman Qarabağa gedirəm əzizlərimin məzarını ziyarət etdiyim kimi Mirzə Cəlillə Həmidə xanımın evini də, Həmidə xanımın atası Əhməd bəy Cavanşirin (Məmməd bəy Cavanşirin nəvəsi) məzarını da ziyarət edirəm. Mirzə Cəlilin qardaşı Ələkbərin də məzarı həmin qəbiristanlıqda Əhməd bəyin məzarının yanındadı. Xanımımla da bu evi, bu məzarları ziyarət etmişik və xanımım Həmidə xanım haqqında bir telefilm də çəkib.

Əvvəllər Həmidə xanımın evi qaçqınların sığınacağına çevrilmişdi, burda bir neçə ailə yaşayırdı.

7-8 il əvvəl mən Sadıq Murtuzayevin sözlərini Ağcabədinin o vaxtkı icra başçısı, Həmidə xanımın nəslindən olan Fəxrəddin Həsənova danışdım. Sağ olsun, Fəxrəddin Həsənov qaçqınları başqa bir yerdə yerləşdirdi, öz hesabına Həmidə xanımın evini yüksək səviyyədə təmir elətdirdi. İkimiz birləşib binaya muzey statusu da aldıq. Fəxrəddin Həsənov kəndin mərkəzində öz hesabına Həmidə xanımın büstünü də qoydurdu. Əhməd bəyin də ruhu sevindi, Mirzə Cəlilin də, Həmidə xanımın da!



Görəsən niyə on illər boyu Kəhrizli camaatı (olsun Qarabağ camaatı) Həmidə xanıma belə bir sayğı göstərməyib? Mən ildə bəlkə iyirmi dəfə Kəhrizlidə oluram, bircə dəfə də o büstün önündə bir dəstə çiçək görməmişəm…

«Kitabi Dədə Qorqud» belə başlayır: «Rəsul əleyhüssəlam zamanında Bayat boyundan Dədə Qorqud derlər bir ər qopdu…»

Dədəmiz Qorqudun qopduğu Bayat! Aşıq Vəlinin (Füzulinin babası, qəbri də həmin kənddədi), Füzulinin, Bayat Abbasın, Pənah xanın, İbrahim xanın, Mehralı xanın, Məmməd bəy Cavanşirin, Əhməd bəy Cavanşirin, Natəvanın, Həmidə xanımın, Kərim ağa Cavanşirin (Mehmandarovun), Rəşid Behbudovun adı ilə bağlı bir kənd. Bəndəniz də həmin kənddə doğulub. Və bəndəniz 1988-ci ildə həmin kənddə Füzuli kitabxanasını tikdirib, önündə də Füzulinin abidəsini qoydurub. Bu məsələdə həmin vaxt Ağcabədinin katibi Aydın Alıyevin zəhmətini unutmaq tanrısızlıq olardı. Füzulinin abidəsini kitabxanaya hədiyyə edən və hazırda Konyada çalışan Səlcuq universitetinin professoru, heykəltəraş Məzahir Avşara da xüsusi təşəkkürlər.

Bunu özümü tərifləmək üçün qeyd eləmirəm. Sadəcə olaraq məni sarsıdan bir hadisəyə giriş verirəm.


Son illər Ağcabədidə həm dövlətin, həm də Heydər Əliyev Fondunun xətti ilə 30 məktəb tikilib. 70 ildə Sovet hökuməti sanki qəsdən Bayatda məktəb tikməmişdi. Bu camaata kimlərin nəvələri olmalarını unutdurmağa çalışmışdı və kişi kimi də unutdura bilmişdi. 70 il idi məktəb Mirzalı bəyin evində yerləşirdi.

Bu kənddə böyük bir məktəbin tikilməsi ən böyük arzum idi. Ötən il Ağcabədi İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun çabaları nəticəsində Bayatda 500 yerlik ən müasir üslubda məktəb tikildi.


Açılışa getmişdim.
Elə bilirdim bütün kənd burda olacaq,
qurbanlar kəsiləcək, konsert veriləcək, camaat məktəbin açılışını bir bayrama çevirəcək.
Sarsıldım! Birinci sinifə gələn uşaqlar, onların da yarısının valideyni, bir də müəllimlər! Bəs hanı Dədə Qorqudun, Füzulinin, Pənah xanın nəvələri?! Yoxdular! Çünki babalarına yadıcalaşıblar. Dəhşətdi, faciədi.

Hələ də bunu qohum-əqrəbalarıma, eyni qanı daşıdığım camaatıma bağışlaya bilmirəm.


Füzulinin qapısını döyməyənlərin yadıcalaşmış nəvələri övladlarını adam edəcək məktəbin də qapısını döyməyə gəlmədilər.

Şair xalqımızın şair oxucuları, bilirəm sizi yordum, bir az da səbr edin.

1988-ci ildə azıb gedib çıxmışdım Varşavaya. Xanımımla Varşavanın bazarlarını deyil (pulumuz yoxuydu ey, ona görə), görməli yerlərini, muzeylərini, parklarını gəzirdik. Bir parka getdik. Şopenin adı ilə bağlı idi. Çox qəribə bir hadisənin şahidi oldum. Parklardakı ağaclara radio quraşdırılmışdı və Şopenin musiqisi çox həzin bir səslə yayılırdı, adamın ruhunu oxşayırdı. Heç demə 24 saat bu bağda Şopenin musiqisi səslənir, insanlar da gəlib oturub qulaq asırlar. Və onda fikirləşdim ki, niyə Bakıda da belə bir bağ və ya bağlar olmasın. O bağlarda Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Tofiq Quliyevin əsərləri səslənməsin. Bu günlərdə az da olsa arzuma çatdım.
Ağcabədidə Qarabağ Muğam Mərkəzi açıldı
Və indi Muğam Mərkəzinin yerləşdiyi parkda 24 saat olmasa da, 12-14 saat Üzeyir Hacıbəyovun, bəstəkarlarımızın simfonik əsərləri, muğamlarımız xəfifcəsinə səsləndirilir.
Mətbuatda oxudum ki, Sumqayıtda Üzeyir Hacıbəyovun şərəfinə park salınır və abidəsi qoyulacaq. Yaxşı olar ki, Ağcabədidə başladığımız bu ənənəni sumqayıtlılar da davam etdirsinlər.
İnanıram ki, bir gün Bakıda da bunu görəcəyik.
Yəni bu yazı birdən-birə yazılmayıb, damla-damla toplanıb.

Damla-damla toplanırdı, yazmaq istəyirdim, amma yaza bilmirdim. Qorxurdum ki, məni düzgün başa düşməyəcəklər, qınayacaqlar. Şair xalqımızı məndən çox «sevənlər» mətbuatda od püskürəcəklər, məni xalqı aşağılamaqda suçlayacaqlar. Onda gərək Mirzə Cəlili asaq, Sabiri asaq. Dərdlərimizi deməliyik ki, dərmanı tapılsın. «Desəm öldürərlər, deməsəm ölləm». Elə deməyib çərləyincə, qoy deyim öldürsünlər.


Bu günlərdə «Azadlıq» qəzetində Şahvələd Çobanoğlunun çox maraqlı bir yazısını oxudum. Yaxşıya yaxşı deyərlər. Doğrudan da məqalədə çox ciddi və hamını düşündürə biləcək (deyəsən day heç düşünmürük də, düşünmək nəyimizə lazım) bir məsələyə toxunmuşdu.

Söhbət dünya poeziyasının Tanrısı Nizami Gəncəvidən, onun Gəncədəki məqbərəsindən və həmin məqbərəyə şair xalqımızın münasibətindən gedirdi.
Çox qəribədir ki, Şahvələd Çobanoğlunun yazısından 10-12 gün öncə Şəkidə Bəxtiyar Vahabzadənin anım günü keçirilirdi. Professor Nizami Cəfərov da çıxışında təxminən Şahvələd bəyin toxunduğu məsələyə toxunmuşdu, təbii ki, bir az fərqli. Mən də öz çıxışımda böyük şəxsiyyətlərimizə, eləcə də Nizami Gəncəviyə şair xalqımızın münasibətindən danışmışdım.

Məclisdən sonra Nizami Cəfərovla bu məsələlər ətrafında xeyli söhbət etdik. Belə qərara gəldik ki, bu məsələləri mətbuata çıxaraq, müzakirə mövzusuna çevirək. Necə edək ki, xalq öz sərvətlərinə, öz şəxsiyyətlərinə, öz peyğəmbərlərinə sahib çıxsın? Necə edək ki, gənclərimizi, «Azərbaycanın gələcəyi olan gəncləri» (ifadə Ümummilli Liderimiz Heydər Əliyevə məxsusdur) şoudan, ticarətdən, mənasız əyləncələrdən, gecə barlarından ayırıb üzlərini elmə, təhsilə, texnikaya, kitaba yönəldək?! Onlara mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi, dinimizi, imanımızı, inancımızı aşılayaq. Heç demə bu ağrını yaşayan tək bizlər deyilmişik, Şahvələd bəy də, şahvələdbəylər də bu ağrını ürəyində daşıyırmış.


Qayıdaq mətləbə. Əslində heç mətləbdən ayrılmamışıq.
Gəncədə Poeziya Tanrısının möhtəşəm bir məqbərəsi var.
Şeirdən ucalıq umma dünyada

Böyük Nizami ilə qurtardı o da!
Bu məqbərə Poeziya Tanrısının evidir.
Kəbədə Tanrının Evi var, hər il milyonlarla insan bu Tanrı Evini ziyarətə gedir. Və ziyarətə gedənlərdən heç biri hələ indiyədək Tanrını bu evdə görə bilməyib.
Çingiz xan Səmərqəndə varid olarkən atla məscidə girir. Üləmalar onu bərk qınayırlar:

- Xan, sən nə etdin?! Atla Allahın evinə girdin!

Çingiz xan:



- Allah bu balaca evə necə sığışır? Mən elə bilirəm Allah heç dünyalara sığışmaz.

Laməkan olan bir Tanrı bir evə sığışa bilməz, bir evdə yaşaya bilməz.


Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya, nədi dəyərin?
Nizami Gəncəvi Eşq deyəndə Tanrını nəzərdə tutur. Tanrısız dəyəri olmayacaq bu dünyada Tanrı elçiləri də bir evə, bir məqbəryə sığa bilməz. Tanrı milyardların ürəyində yaşadığı kimi, onun elçiləri də yüz milyonların, milyardların qəlbində, ruhunda yaşayır.

Tanrının Kəbəsi Məkkədə, Poeziyanın Kəbəsi isə Gəncədədi.

İndi gəlin görək şair xalqımız bu Məqbərəni Poeziya Kəbəsinə çevirə bilibmi və ya çevirmək istəyində bulunubmu?! Min dollarla pul xərcləyib bağışlanılmaz günahlarının bağışlanılması üçün dünyanın müqəddəs ziyarətgahlarına bir dəfə deyil, hətta bir neçə dəfə gedən və bununla Tanrıya rüşvət vermək istəyən şair xalqımız əllicə manatından keçib həyatında heç olmazsa bircə dəfə olsa səsi yetəcək qədər məsafədə olan bu Poeziya Kəbəsini ziyarət edibmi?


… Bu yazını bilgisayara diqtə edərkən jurnalist

Ceyhun Musaoğludan soruşdum:


- Sən heç Səməd Vurğunun muzeyini ziyarət etmisənmi?

- Yox!

- Bəs Mirzə Cəlilin?

- Yox. Aqil müəllim, niyə soruşursan?

- Heç, elə-belə. Getmək istəyirəm, yerlərini bilmirəm.
Bu məsələyə qayıdacağıq, söhbət hələ Poeziya Tanrısından gedir…

Hər gün bu məqbərənin önündən


minlərlə maşın, on minlərlə insan ötüb keçir. Bu on minlərlə insandan neçəsi ayaq saxlayıb bu məqbərəni ziyarət edir?! Ehtiram göstərir, sevgi göstərir, Poeziya Tanrısından nur alır, işıq alır ki, getdiyi yol nurlansın, mənzil başına sağ-salamat çatsın, o nurdan evinə-eşiyinə də, balalarına da pay aparsın?!

Ziyarət etmələrini bir kənara qoyaq. Bu maşınlardan neçəsi heç olmasa sürətini azaldır ki, Poeziya Kəbəsinin önündən keçir?!

Bu ilin yazında «Dolu» romanım Türkiyədə «Avrasiya» Yazarlar Birliyi tərəfindən nəşr edilmişdi. Əsər qardaş ölkədə böyük maraq doğurmuşdu. Romanı Türkiyə türkcəsinə uyğulayan görkəmli araşdırmaçı və yazar Seyfəddin Altaylı məni Ankaraya dəvət etdi. Getdim.


İndi Türkiyədə kitaba, kitab deyəndə, ədəbiyyata, sənətə münasibət 30 il bundan əvvəl Azərbaycanda olan münasibət kimidi. Halbuki Türkiyədə əhalinin 20 faizi heç yazıb-oxumağı da bilmir. Təkcə İstanbul hava limanındakı kitab mağazasının sahəsi Bakıdakı bütün kitab mağazalarının sahəsindən böyükdür. Bakıda bir-iki kitab mağazasından başqa yerdə qalan kitab mağazalarında ət, süd, dolma yarpağı, incir qurusu, pal-paltar, Sovet sənayesinin buraxdığı bütün şərab məmulatları («Uşaqlığın son gecəsi» filmindən) və sair satılır.

Türkiyədə isə kitab mağazalarından başqa bütün bunların satıldığı böyük marketlərdə həm də bir böyük bölgə kitablar üçün ayırılıb. Nə isə, bu ayrı söhbətin mövzusudu.

Seyfəddin bəy dedi ki, Konya universitetinin müəllim və tələbələri səninlə görüşmək istəyirlər – həm Qarabağdan olan və Qarabağdan roman yazan («Dolu» Ankarada «Qarabağ romanı» seriyasından nəşr edilib və bu mənim Qarabağla bağlı Türkiyədə nəşr edilən üçüncü kitabımdı) yazar kimi, həm də bir millət vəkili kimi. Ürəyimdən oldu! Çoxdan idi Mövlana həzrətlərinin məqbərəsini ziyarət etmək istəyirdim.
İlahi, mən Konyada nələr gördüm?
Bunu yazmaqla oxucuya çatdırmaq olmaz, gərək bunu öz gözlərinlə görəsən, bunu yaşayasan.

Nitsşenin bir fikri mənim çox xoşuma gəlir və yazılarımda tez-tez bu fikirə istinad edirəm. Nitsşe deyir ki, mən öləcəm, məni bu torpağa basdıracaqsız və ölümümlə sizə bu torpağı sevdirəcəm.

«Dolu» romanımda Komandir deyir:

- … Qulaq as. Nitsşe deyir ki, öləcəm, məni bu torpağa basdıracaqsız, sonra bu torpağı mənə görə çox sevəcəksiz. İndi biz qədər ölürük, sizlərə bu torpağı sevdirə bilmirik ki, bilmirik! Gərək bu millətin yarısı qırıla ki, bu torpağı sevəsiniz?! Hələ onu da Allah bilir, sevəcəksiz, ya yox!...


İndi Mövlana həzrətlərini Konyada torpağa tapşırıblar. Bir şair öz ölümüylə Konyanı müqəddəsləşdirib, Məkkəyə, Mədinəyə, Kərbəlaya çevirib. Bütöv bir şəhər Mövlanalaşıb. Hər ağac yarpağında, hər güldə, hər çiçəkdə, hər kəsin üzündə-gözündə Mövlana! Mövlana bir Tanrı nuru kimi bu şəhərin üzərinə çöküb, ruhuna hopub. Mövlananın bu nuru xətrinə bir milyonluq bu şəhərdə hətta alkoqol da satılmır, ən bahalı restoranlarda belə alkoqol verilmir.

Demirəm, Konyada və ya Türkiyədə hər şey bal kimidi. Bu günlərdə Türkiyə telekanallarının birində (gərək ki TV-8-də) Konya universitetinin professoru çox maraqlı bir fikir söylədi. Dedi ki, bilirsiz niyə Türkiyədə dəngələr pozulub, ölkə belə çıxılmaz vəziyyətə düşüb? Çünki insanlar Mövlanadan uzaqlaşıblar!



Elə bizim başımıza gələn bəlaların kökündə bu dayanır. Bizlər də nizamilərdən, füzulilərdən, üzeyirlərdən uzaqlaşmışıq.

Qayıdaq Konyaya. Bütün mağazalarda, qəzet-kitab köşklərində Mövlana ilə bağlı suvenirlər satılır. Hətta uzaq Çindən belə suvenirlər gətirirlər Konyaya və bir maraqlısı da odur ki, çinlilərin hazırladığı Mövlananın heykəllərində Mövlananın gözləri qıyıqdı. Qonaq Türkiyədən deyilsə mütləq ona bu suvenirlərdən biri bağışlanır, mənə də üç-dörd belə suvenir bağışladılar.


Mövlananın məqbərəsinə girmək, məzarını ziyarət etmək üçün isə uzun bir növbəyə durmalı olursan. Bir çox müqəddəslərin uyuduğu bu məqbərə həm də bir tarix muzeyidi, ədəbiyyat, incəsənət muzeyidi. Təəssüf ki, içəridə şəkil çəkməyə icazə vermirlər. İntəhası, mən telefonla birini çəkə bildim, Mövlananın ruhu məni bağışlasın.
Bu səfərin üstündən 6-7 ay keçməsinə baxmayaraq hələ də Konyada yaşadıqlarımın təsiri alıntadayam.

Konyada Şeyx Mövlana həzrətlərinin məqbərəsi, Gəncədə Şeyx Nizami həzrətlərinin məqbərəsi…
Türklər Konyanı Mövlanalaşdırıblar. Bəs biz necə, Gəncəni Nizamiləşdirə bilmişikmi?!

Son illər Gəncədə çox böyük quruculuq işləri gedir. Hələ bir neçə il bundan əvvəl Ulu Öndər Heydər Əliyev Poeziya Kəbəsini çox yüksək səviyyədə Nizami Gəncəvinin adına layiq bərpa elətdirmişdi. Hazırda da Gəncədə Cavad xanın adının əbədiləşdirilməsi, Gəncənin tarixiliyinin, qədimliyinin qabardılması, məşhur Gəncə qapılarının yenidən qoyulması və sair və ilaxır bunlar hamısı təqdirəlayiqdi.

Bildiyiniz kimi, qədim Gəncə qapıları Tiflisdə saxlanılır. Nə qədər çalışsaq da qonşularımız quldurluqla çırpışdırıb apardıqları bu qapıları bizə qaytarmadılar. Bilirsiniz niyə?
Ona görə yox ki, bu qapılar çox qiymətlidi. Ona görə ki, tarixlərində heç bir zəfər qazana bilməmiş gürcülər bu qapılarla öyünürlər. Dünkü, bu günki gələcək nəsillərinə göstərirlər göstərmək istəyirlər ki, baxın, haçansa biz zəfər çalmışıq, bu qapılar da zəfər qənimətidi. Özü görün kimlərin qapısını sökmüşük?! Türklərin!
Bəli, iqtidar və yerli icra hakimiyyəti Gəncənin əvvəlki şöhrətini özünə qaytarmaq üçün çox işlər görür. Amma Gəncənin Nizamiləşməsi dövlətin işi deyil. Konyanı Mövlanalaşdıran nə böyük Osmanlı imperiyası olub, nə də bügünki Türkiyə dövləti. Konyanı Mövlanalaşdıran Türk xalqıdır. Kimsə bunu dinlə bağlamasın. Çünki Mövlana həzrətlərini ziyarətə gələnlər təkcə müsəlmanlar deyil, yəhudilər, xristianlar, bütpərəstlər də bu Tanrı elçisinin ziyarətinə gəlirlər. Özü də dünyanın hər yerindən. Uzaq Amerikadan, uzaq Yaponiyadan belə. Ziyarətə gələnlərin sayı ildə təxminən 2 milyona çatır. Konyanı türk xalqı Mövlanalaşdırdığı kimi, Gəncəni yalnız yalnız Azərbaycan xalqı Nizamiləşdirə bilər.
Quba yolunda Beşbarmaq deyilən dağın döşündə bir pir var. Bu pirdə Tanrısına qovuşan şəxs (qəbri nurla dolsun) nə peyğəmbər övladıdı, nə də peyğəmbər nəslindəndi. Azərbaycanı qılıncla islamlaşdıran və Azərbaycana İslam bayrağı gətirən bir sərkərdədi. Bu yoldan keçən hər yüz maşından 80-90-nı burda saxlayır, adam əlindən tərpənmək olmur. Fürsətgirlər də bu müqəddəs ziyarətgahı bazara çeviriblər, pullu tualetindən tutmuş, burda hər şey satırlar.

Burda nəsə də tikiblər – nə məscid kimi məsciddi, nə də türbə kimi türbə. Hamı elə bilir ki, sərkərdənin (xalq onun sərkərdə olduğunu bilmir, peyğəmbər övladı kimi qəbul edir) qəbri burdadı. Əslində isə həmin sərkərdənin qəbri pirdən təxminən 700-800 metr aralıda dağın döşündədi. Burda çoxlu dini kitablar, peyğəmbər imamlarımızın rəsmləri (hərçənd ki, İslamda insan üzünü çəkmək qadağan olub) satırlar. Özü gəldi. Çoxu da İranın bizə sırımaq istədiyi zərərli dini kitablar.


Bəli, bu pirdə hamı dayanır, dayanmayanlar da ehtiram əlaməti olaraq heç olmasa maşınlarını sıfırla sürürlər. Mənim xalqın inancı ilə işim yoxdu, özüm də inancı olan adamam. Heç bir pirdən yan keçmərəm, düşərəm nəzir-niyazımı verərəm, bir «Fatihə» surəsi oxuyaram. Və bəlkə Quba yolundakı həmin pirin nəzir qutusuna da indiyədək bir maşının pulunu atmışam.
Və onu da qeyd etməyə bilmərəm ki, xalqın inancı bu gün ölkədə bir biznesə çevrilib. Çox pulu olanlar göydələn, az pulu olanlar isə pir tikmək yarışına giriblər ki, sonra göydələn tiksinlər. Halal xoşları olsun.

Azərbaycanı qılıncla müsəlmanlaşdırana bu ehtiramı göstəririk. Olsun. Əslində biz həmin sərkərdəyə deyil, dinimizə, imanımıza, Tanrımıza ehtiram göstəririk. Bəs bu balaca məmləkəti dünyaya tanıdan, Azərbaycanı dünya mədəniyyətinin beşiyi edən, Tanrı mələkləri kimi bu məmləkəti çiyinlərində saxlayan Nizami Gəncəviyə niyə bu ehtiramı göstərmirik?!

Niyə Nizami Gəncəvinin məqbərəsinin yanında, yolun kənarında bir kitab mağazası açmırıq? Bu mağazada Nizaminin əsərlərini, onun yaradıcılığı ilə bağlı kitabları (özü də təkcə Azərbaycanda deyil, bütün dünyada nəşr olunan kitabları), şairin əsərlərinə çəkilmiş rəsm və illüstrasiyaları, əsərlərinə bəstələnmiş musiqiləri, onun haqqında çəkilmiş filmləri, Nizami Gəncəvi ilə və elə Gəncənin özü ilə bağlı suvenirləri qoymuruq? Bayaq dedik ki, Gəncəni Nizamiləşdirmək şair xalqımızın işidi, amma bu kitab mağazasını açmaq dövlətin işidi. Sözgəlişi. Bunu iş adamları da edə bilər və çox yaxşı da pul götürər.

Gəncədə onlarla məktəb var, mən hələ Goranboydakı, Daşkəsəndəki, Göygöldəki, Samuxdakı məktəbləri demirəm. O məktəblərin müəllimləri heç olmasa ildə bircə dəfə öz şagirdlərini bu Poeziya Kəbəsinə ziyarətə aparırlarmı?! Heç olmazsa ildə bircə dəfə Nizami Gəncəvi ilə bağlı hansısa bir dərsi bu məqbərədə keçirlərmi?! Gəncədəki başqa ali məktəbləri demirəm, Pedaqoji Universitetin (onun da başqa fakültələrini demirəm) heç olmazsa ədəbiyyat və tarix fakültəsinin tələbələri dörd ildə bircə dəfə bu məqbərəni ziyarət edirlərmi?

Gəncənin yarım milyonluq əhalisinin (mən hələ Goranboyu, Samuxu, Göygölü, Daşkəsən kimi Gəncəyə yaxın rayonları demirəm) nə qədəri bu məqbərini ziyarət edib?

Bakıda Nizami Gəncəvinin möhtəşəm bir heykəli var. Kimsə haçansa, kiminsə bu heykəlin önünə bir dəstə gül qoyduğunu görübmü? Və yaxud haçansa kimsə kiminsə Füzulinin, Nəsiminin, Sabirin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Axundovun heykəllərinin önünə gül qoyduğunu görübmü? Dövlət tədbirlərinin buna dəxli yoxdu.
… Gül qoymaq cəhənnəm, yadınıza düşürsə, bir nəfər (özü də alim idi) Axundovun heykəlini uçurmuşdu ki, nədi-nədi, arxası onun pəncərəsinədi.
Sovetlər dönəmində evlənənlər «26-lar»ın abidəsinə təmtəraqla əklil qoyurdular, şəkillər çəkdirirdilər, o şəkilləri də otağın ən baxımlı yerindən asırdılar. Gənclər Nizamidən, Füzulidən xeyir-dua almaq əvəzinə Şaumyandan xeyir-dua alırdılar. Yaxşı, deyək ki, bunu hökumət təşkil edirdi və ya hökumətə xoş gəlmək üçün edirdik və sair və ilaxır. Məgər hökumət Nizaminin və ya Füzulinin abidəsinə gül qoymağı qadağan eləmişdi?!

Gərək ki, Bəxtiyar Vahabzadənin fikridir ki, qızlarınıza cehiz verərkən cehizin üstünə «Xəmsə»ni qoyun. Çox gözəl. Görən kimsə şairi eşidib qızına «Xəmsə»ni cehiz veribmi?! Elə şairin özü də öz qızına cehiz verəndə «Xəmsə»ni onun üstünə qoyubmu?!


Mənim toyuma Bakıdan gələn şair, yazıçı dostlarımın çoxu pul deyil, kitab bağışlamışdılar: İbn Sinanın, Nitsşenin, Şopenhauerin, Qumilyovun, Oljas Süleymenovun… kitablarını.

Həyatımın ən sevincli günü idi. Düzdür, sonralar bu hadisə Ağdamda bəzi qohumlarımın lağına çevrildi, amma mən buna dilxor olmadım.

Bu gün də mənə ad günümdə kitab bağışlayan dostlar var və mən də bir çox dostlarıma ad günlərində kitab bağışlayıram.

Yeri gəlmişkən. Məmməd Araz da şair dostunu eşitməmişdi, qızına «Xəmsə»ni cehiz deyil, olub-qalan maşınını satıb Rumın mebeli vermişdi. Təsəvvür edin, Məmməd Araz qızına mebel yox, kitab cehiz verir. Bəlkə atam buna təbii baxardı, amma anam yəqin ki, düz yüz il bunu gəlininin başına qaxanc edərdi.


Mənim Ağdamda 10-12 minlik bir kitabxanam vardı. Ya yandı, ya da ermənilər oxuyur. İndi 6-7 minlik bir kitabxanam var. Elə həftə olmaz ki, xeyli kitab almayım. Xanımım soruşur ki, bu qədər kitabı neyləyirsən? Deyirəm, nəvəmə cehiz verəcəm. Gülür! Amma mən doğru deyirəm.

Nizami muzeyi çox yüksək səviyyədə yenidən qurulub. Dövlət milyonlarla vəsait ayırıb bu muzeyi dünya standartlarına uyğun bir hala gətirib.

Yadınızdadırsa təxminən 10 il əvvəl bu muzey sözün əsl mənasında karvansaraya çevrilmişdi: çayxanalar, kafelər, pivəxanalar, pal-paltar mağazaları, məbəddə alkoqol verilirdi.

İndi qapılarını dünyaya aça biləcək bir muzey. Görəsən, ölkəmizin demirəm, heç olmasa şəhərimizin əhalisinin ikicə faizi bu muzeyi ziyarət edibmi?


Bir az əvvəl Gəncəni yazmışdım. Bəs Bakıda necə? Məktəbliləri, tələbələri ildə bircə dəfə bu muzeyə…

… olsun Səməd Vurğunun, Mirzə Cəlilin, Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının və sair və ilaxır…

… aparırlarmı? İnanmıram. Belə olsaydı bu muzeyin önündə uzun bir növbə yaranardı. Nizami muzeyinin önündə haçansa növbə görən olubmu?! Vaxt varıydı Sabir poeziya günləri Şamaxıda, Bakıda təmtəraqla keçirilirdi. Şair xalqımızı qoyaq bir kənara, şair və yazıçılarımız Şamaxıdakı mərasimə qatılmaq üçün az qala başyardıya çıxardılar. Şamaxıdakı mərasimdən sonra yemək-içmək də vardı axı. Televiziya, radio gur-gur guruldayırdı. İndi son 2-3 ildə keçirirlər, onu da öz şəxsi vəsaiti hesabına şair Əjdər Ol keçirir. Amma təmsiz-təmtəraqsız. mətbuat elə ilgi göstərir, telekanallar. oldu? Sabir öldümü?!

Şimali Qafqaz mineral suları bölgəsindəki sanatoriyalara gedənləri yığırlar avtobuslara gətirib tökürlər Pyatiqorskiyə, Lermantovun olduğu yerləri bir-bir göstərirlər:

- Lermantov burda filankəslə dalaşıb…

- Bu ağacın altında filan xanımı öpüb…

- Bu evdə filan xanımla yatıb…

- Burda Martınovla mübahisə edib…

- Güllə dəyəndə bu ağacın altına yıxılıb…

Və sair və ilaxır.



Hər yer Lermantovlaşıb, Lermantov çox böyük şairdi, bu onun haqqıdı.

Səməd Vurğun, ya Rəsul Rza Lermantovdan kiçik şairlərdimi? Ya olsun Üzeyir Hacıbəyov, Qara Qarayev.

Səməd Vurğunun Azərbaycanda ayağı dəymədiyi bir yer yoxdu. Onlarla evdə qonaq qalıb. Nə qədər adama tüfəng, saat bağışlayıb. Onlarla gənci kəndlərdən gətirib oxudub adam eləyib. Görüş keçirdiyi yerlər, nələr-nələr.

Bir dəfə tanınmış jurnalist Mehman Cavadoğlu Məmməd Arazı İsmayıllıya - öz evlərinə qonaq aparmışdı. Rayonun katibi Məmməd Arazın İsmayıllıda olduğunu eşidib onu Qonaq Evinə dəvət eləsə də şair Mehmangildə qalacağını bildirdi.

Axşam Mehmanın anası kitabxanalarından bir köhnə kitab gətirdi. Sözgəlişi, Mehmangilin çox böyük kitabxanaları var. Səməd Vurğunun kitabı idi, ön səhifədə də şairin Mehmanın atası Cavad kişiyə yazdığı avtoqraf vardı.

Heç demə Səməd Vurğun bir neçə dəfə Cavad kişinin qonağı olubmuş, bu evdə qalıbmış.
Mehmanın anası bununla fəxr edirdi.
Onu da qeyd edim ki, təkcə Səməd Vurğun yox, Azərbaycanın bir çox görkəmli şair və yazıçıları zaman-zaman bu evin qonağı olublar.
Mehmana dedim ki, dostum, siz xoşbəxt adamsız, Səməd Vurğun evinizdə qonaq olub. Dedim ki, sənin yerinə olsam darvazaya belə bir lövhə vuraram: «Filan ilin filan günündə Səməd Vurğun bu evdə qonaq olub». Təəssüf ki, Mehman məni eşitmədi, amma gec deyil.

İndi siz mənə bu boyda Azərbaycanda bir yer göstərə bilərsinizmi ki (Azərbaycanı qoydum bir kənara, heç olmasa Qazaxda bir bulağın üstündə), belə bir lövhə vurulub: «Filan ayın filan günündə Səməd Vurğun burda olub». Göstərə bilməzsiniz!

Bəlkə Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Bülbülün, Rəsul Rzanın… adlarına hardasa bir lövhə görmüsünüz? Görməmisiniz, heç görməyəcəksiniz də. Yalnız yaşadıqları binalardan başqa. Nə olsun? Ədalət Şükürov da haçansa Sumqayıtda yaşadığı binaya çox gözəl və təmtəraqlı bir lövhə vurdurub. Bu lövhənin açılışını da televiziya kanalları əlli dəfə fırlatdı, qəzetlər də bir ay yazdı.


Gənc şairə Aysel xanım ATV-nin «El içində» verilişində çox maraqlı bir məqama toxundu. Bir azərbaycanlı alim Londonda olarkən Nyutonun oxuduğu universitetə gedir və universitetin qapısından öpür ki, Nyuton bu universitetdə oxuyub. Aysel xanım dedi ki, bizim də çox görkəmli alimlərimiz var, görəsən kimsə onların oxuduğu universitetin qapısını öpübmü?! Eh, qızım, nəyi qoyub, nəyi axtarırsan? Amma könlünü bir az xoş eləyim. Bu əmin ilk dəfə Xızıda Cəfər Cabbarlının doğulduğu evi ziyarət etməyə gedəndə diz çöküb qapının kandarından öpdü ki, haçansa Cəfər Cabbarlının ayağı bura dəyib. Yəni deyirəm, qızım, elə özümüzdən başlayaq.
Qayıdaq söhbətə. Bu dahilərin yeganə və ən böyük faciələri heç də zindanlarda çürümək, Sibirdə güllələnmək, diri-diri soyulmaq, dörd parçaya bölünmək, 9 axçaya möhtac olmaq deyil. Əgər peyğəmbərlər dünyanın bütün əzablarını çəkiblərsə, adları peyğəmbərlərdən sonra çəkilən şairlərin bu əzabları yaşaması adi bir şeydi. Və bu həyatı onlar özləri seçiblər.

Onları çarmıxa çəkiblər, amma xalqa sevgilərini, əqidələrini, Tanrıya məhəbbətlərini çarmıxa çəkə bilməyiblər. Onları diri-diri yandırıblar, amma xalqa və Tanrıya sevgilərini yandıra bilməyiblər.
Onları Sibirdə çürüdüblər, amma içlərindəki o böyük eşqi çürüdə bilməyiblər. Onları güllələyiblər, amma sevgilərini, eşqlərini güllələyə bilməyiblər.

Onların faciələri odur ki, yolunda həyatlarını, övladlarını, ailələrini, arzularını, sevinclərini (insanlıq adına nə varsa) qurban verdikləri, ruhlarını, mənəviyyatlarını, qanlarını hər cür işğaldan qoruduqları, çiyinlərinə qaldırıb min ildi yaşatdıqları şair xalqlarının xalqsız şairləridi.

Qayıdaq Bəxtiyar Vahabzadənin anım gününə. Çox şeylərdən danışıldı, xatirələr, təriflər… Şair xalqımızdan, Türk dünyasından…

Mən da danışdım, bir az Konyadan, bir az Mövlana həzrətlərindən, bir az Nizami Gəncəvidən, Lermantovdan (biz az əvvəl yazdıqlarımı) və bir də…


… dedim, çox gözəl tədbirdi, ənənəyə çevrilsin, amma xala-xətir ənənəsinə yox, Bəxtiyar Vahabzadəyə layiq bir ənənəyə. Gəlib bir az danışıb, sonra yeyib-içib getməyək. Şəkini Bəxtiyarlaşdıraq. Bəxtiyar müəllim harda olub, hansı evdə yaşayıb, harda çay içib, harda qonaq qalıb, hansı bağda nərdtaxta oynayıb, hansı bulağı daha çox sevərdi… Gələn turistləri və qonaqları Xan sarayına apardığınız kimi, Karvansarada yedirdib-içirtdiyiniz kimi, Mirzə Fətəli Axundovla bağlı, Bəxtiyar müəllimlə bağlı yerlərə də aparın. Qonaqlara o bulağın üstündə süfrə açın ki, qonaqlar da bilsin ki, Bəxtiyar müəllim həmişə bu yerdə çörək yeyib. Qoy bu şəhərə gələn hər kəs Axundovu görsün, Bəxtiyar Vahabzadəni görsün. Konya Mövlanalaşan kimi Gəncə Nizamiləşsin, Naxçıvan Cavidləşsin, Qazax Səmədləşsin, Göyçay Rəsullaşsın, Ağcabədi Üzeyirləşsin

Olmamışam. Deyirlər Luvrda bəzi yerlərə ayaq basmağa icazə vermirlər ki, guya haçansa Napoleonun ayağı həmin yerlərə dəyib. Millətə bax, oğlunun ləpirini də müqəddəsləşdirib…

Bəxtiyar Vahabzadənin anım günündə görkəmli professor Şirməmməd Hüseynov qeyri-adi bir çıxış elədi. Və sonda ürəyi ağrıya-ağrıya bir faktı söylədi.
Şəkidə Mirzə Fətəli Axundovun yaşadığı ev var. Həmin evin həyətindəki ağaclar quruyub. Bilirsinizmi nədən? Axundovun həyətinə çəkilən suyu bir imkanlı iş adamı kəsib öz həyətinə aparıb.

Şair xalq öz şair oğlunun, mütəfəkkir oğlunun suyunu kəsib. Necədi sizinçün?

Bəli, xalqımız şair xalqdı, amma adlarını çəkdiyim və çəkmədiyim dahilər isə bu şair xalqın xalqsız şairləridi.


Vaqif Bayatlı:
Çox ölüm, ölüm deyirlər

Ölsəydi:

Dünyanın bütün qara torpaqları

Doldurammazdı onun üz qırışlarını
Dənizkənarı bulvarda dünyanın bütün qara torpaqlarının üz qırışlarını doldura bilməyəcək Səttar Bəhlulzadənin, bütün Azərbaycanı kətana, Azərbaycanın ağrı-acılarını öz sifətinə köçürən Səttar Bəhlulzadənin hər gün çay içdiyi bir çayxana vardı! Sökdülər…
Yüklə 482,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin