Edqar Allan Po “Morq küçəsində qətl” (hekayə)



Yüklə 139,65 Kb.
səhifə1/3
tarix31.03.2017
ölçüsü139,65 Kb.
#12970
  1   2   3

Lit.az ədəbiyyat portalı

Tərcümə: Səfər İskəndərov



Edqar Allan Po

“Morq küçəsində qətl” (hekayə)


Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadınlar arasında gizlənəndə özünə hansı adıuydurdu -bunlar dolaşıq suallardır və burada nə isə bir müəmma var.



Ser Tomas Braun

İnsan zəkasının həyat hadisələrini təhlil etmək qabiliyyəti az öyrənilir. Biz insanın qabiliyyətinə yalnız gördüyü işin nəticəsinə görə qiymət veririk. Məlumdur ki, qeyri-adi istedadlı bir adam üçün təhlil etmək bacarığı əsl həzz mənbəyidir. Güclü adam qüvvəsiylə qürrələnib, əzələlərini işlətməyə vadar edən təmrinlərdən ləzzət aldığı kimi, analiz edən şəxs də mənəvi fəaliyyətində dolaşıqları açması ilə öyünür, onun istedadını fəaliyyətə gətirən ən əhəmiyyətsiz məşğuliyyətindən həzz alır. O, tapmacalar, müəmmalar və başsındırmaların vurğunudur. Çətin məsələlərin həllində müəyyən bacarıq nümayiş etdirir. Bu da adi zəka sahibi üçün az qala qeyri-təbii görünür. Məhz müəyyən metod sayəsində bu cür keyfiyyət başqalarına bəşər övladının duyma qabiliyyətinin möcüzəsi təsirini bağışlayır.

Mühakimə etmə qabiliyyəti riyazi savadın, xüsusilə də onun ali bölməsi sayəsində xeyli möhkəmlənir. Bu bölmə yalnış olaraq əməliyyatın əks təsiri üzündən, necə deyərlər, “parexcellence” analiz adlanır. Bununla belə, hesablamaq öz-özlüyündə analiz etmək deyildir. Məsələn, şahmatçı analizə cəhd göstərməyərək, hesablama aparır. Buradan belə bir nəticə çıxır ki, zehn üçün son dərəcə xeyirli olan şahmat oyunu haqqında təsəvvür tam anlaşılmazlıq üzərində dayanır. Mən heç də elmi əsər yazmıram, sadəcə olaraq təsadüfi müşahidələrimin nəticəsində yazmaq istədiyim, bir qədər qeyri-adi görünən hekayətimə müqəddimə verirəm. Buna görə də, fürsətdən istifadə edərək bildirirəm ki, çox da çətin olmayan dama oyunu daha dərindən düşünməyi tələb edir, zehni inkişaf etdirmək üçün xəyali incəlikləri olan şahmat oyununa nisbətən daha mürəkkəb və faydalı məsləhətlər verir. Şahmatda fiqurların müxtəlif və qəribə gedişləri var. Bu mürəkkəblik (bildiyimiz kimi tez-tez olur) səhvən dərinlik kimi qəbul edilir. Burada bütün diqqət oyuna yönəldilir. Diqqətin bir anlığa zəifləməsi səhvə gətirib çıxarır və ya məğlubiyyətlə nəticələnir. şahmatda münkün olan müxtəlif gedişlər eyni dərəcədə qiymətlidir. Buna görə də səhvlər getdikcə artır və on oyundan doqquzunda diqqətini daha yaxşı cəmləşdirən şahmatçı qalib gəlir. Dama oyununda isə əksinə olur.

Burada gedişlərin məhdud və az variantı var. Səhv etmək ehtimalı azalır, diqqət bir o qədər rol oynamır. Fərasətli oyunçu müvəffəqiyyət qazanır. Əyanilik üçün gəlin bir dama oyununu təsəvvürümüzə gətirək. Burada damaların sayı dörddür və heç bir diqqətsizliyə yol verilmir. Aydındır ki, burada qələbəni (oyunçular bərabər səviyyəli olduğundan), beynini var qüvvəsi ilə işə salan oyunçu incə bir gedişlə əldə edə bilər. Adi imkanlardan məhrum olan şəxs çalışır ki, rəqibinin fikirlərini öyrənsin, dərhal özünü onun yerində hesab edir, çox vaxt bir baxışdan yeganə yolu (bəzən ən sadəsini) seçir, bu da onu səhv hesablamaya sövq edir. Vist kart oyunudur, insanın hesablama qabiliyyətinə onun təsiri çoxdan məlumdur; bu da məlumdur ki, böyük zəka sahibləri vistə qarşı izaholunmaz dərəcədə meyl göstəriblər, şahmata isə əhəmiyyətsiz bir əyləncə kimi məhəl qoymayıblar. Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz üçün bu qədər qabiliyyət tələb etmir.



Dünyada ən yaxşı şahmatçı yalnız şahmatçı olaraq qalır, halbuki vistdə məharətli oyun insane fəaliyyətinin daha vacib sahələrində qələbə çalmaq bacarığı ilə birləşir, burada zəka ilə yarışır. “Məharətli oyun” dedikdə kamilliyin ali dərəcəsini nəzərdə tuturam; bu vaxt, oyunçu qələbəyə gətirib çıxaran bütün fəndlərə yiyələnmiş olur. Bu fəndlər nəinki saysız-hesabsızdır, eyni zamanda rəngarəngdir, insan fkirlərinin elə dərinliklərində özünə məskən salır ki, orta qabiliyyətli oyunçu üçün əlçatmaz olur. Kim diqqətlə müşahidə edirsə, yaxşı da yadında saxlayır. Beləliklə də, diqqətini bir yerə cəmləyən şahmatçı vist oyununda qələbəyə daha çox ümid bəsləyə bilər, çünki Hoylun* təlimatı (sadə oyun mexanizminə əsaslanır) hamı tərəfindən kifayət dərəcədə başa düşülür. Möhkəm yaddaşı olmaq, təlimatda göstərilən qaydalara əməl etmək visti yaxşı oynamaq üçün hamının vacib hesab etdiyi məsələlərdir. Ancaq analiz edən şəxsin bacarığı məhz təlimatda nəzərdə tutulmayan hüdudlarda özünü büruzə verir. O, öz-özlüyündə saysız-hesabsız nəticələr çıxarır və müşahidələr aparır. Onun oyundaşı da, bəlkə belə hərəkət edir. Rəqiblərin bir-birini öyrəndikləri müddətdə əldə edilmiş məlumatdakı müxtəliflik, çıxarılmış nəticələrin doğruluğundan çox, aparılmış müşahidələrin keyfiyyətində özünü göstərir. Əsas məsələ nəyi müşahidə etməkdir. Oyun əsas məqsədi olmasına baxmayaraq özünü heç nə ilə məhdudlaşdırmır, uzaq göstərişlərdən belə çəkinmir. O, rəqibinin üzünün ifadəsinə fikir verir, kartları əlində necə tutmasına diqqət yetirir, kozırın kozır və valetin valetdən sonra çıxmasını çox vaxt oyundaşının baxışlarından başa düşür. Oyun davam etdikcə onun hərəkətlərini izləyir, üzünün cizgilərində bir-birini əvəz edən peşmançılıq, ya sevinc, əminlik, ya təəccüb ifadə edən dəyişiklik görür və saysız-hesabsız nəticələr çıxarır. Rəqibin kartları stolun üstündən özünə tərəf çəkdiyini görəndə onun sonrakı kartları da götürəcəyini anlayır, kartın necə atıldığından başa düşür ki, rəqibi hiylə işlədir və gedişi gözdən pərdə asmaq üçün edib. Təsadüfi və ya diqqətsizlik üzündən deyilmiş bir söz, təsadüfən düşmüş və ya açılmış kart (bir qayda olaraq ehtiyatla və sakitcə gizlədilir), vurulmuş kartların hesablanması və onların düzülüşü, çaşqınlıq, tərəddüd, səbirsizlik və ya qorxu, bir sözlə analiz edənin duyma qabiliyyətindən heç nə yayınmır: iki-üç gedişdən sonra kimin əlində hansı kartların olduğunu təsəvvür edir. Elə inamla oynayır ki, yerdə qalan oyunçular uduzurlar. Analitik bacarıq adi bacarıqla qarışdırılmamalıdır; çünki analiz edən hökmən məharətli olduğu halda, məharətli adamın çox vaxt analiz etmə bacarığı olmur. Məharət adətən özünü yaradıcılıqda və hadisələr arasında əlaqə yaratmaqda buruzə verir, frenoloqlar* (məncə, yalnış olaraq) bunu bəsit hesab edirlər, çox vaxt o, elə adamlarda müşahidə edilir ki, onların əqli səviyyəsi yerdə qalan bütün hallarda, məişət və adətlərdən yazan yazıçıların qeyd etdiyi kimi, kəmağıllılıq səviyyəsində olur. Bacarıqla təhlil etmə qabiliyyəti arasında mövcud olan fərq təxəyyüllə təsəvvür arasındakı fərqdən daha böyükdür. Həqiqətən də, bacarıqlı adamların çox xəyalpərəst, zəngin təxəyyüllü adamlarınsa analizə daha meylli olduğunu görmək mümkümdür.

Aşağıdakı hekayət yuxarıda söylənilən mülahizələri bir növ əyani olaraq əks edəcəkdir. 18-ci ilin yazını və yayının da bir hissəsini Parisdə yaşadığım zaman Oqyust Düpen adlı bir cənabla tanış oldum. O, əsil-nəcabətli, tanınmış bir nəsildən idi. Gənc ikən taleyin dönüklüyü üzündən elə ağır vəziyyətə düşmüşdü ki, təbiətinə xas olmuş enerjisi tükənmiş, həyatda heç nəyə nail olmamış, əldən çıxmış var-dövləti qaytarmağı xəyalına belə gətirməmişdi. Borc verənlərin iltifatı sayəsində atadan qalma mirasın bir hissəsi Düpen üçün saxlanmış, ondan gələn gəliri ilə dolanmış, ciddi qənaətcillik göstərmiş, ən zəruri olan şeylərlə kifayətlənmiş, həyatın nəşələrinə etinadsızlıq edərək güc-bəla ilə dolanmışdı. Yeganə israfçılıq etdiyi şey kitablardı, onları da Parisdə asanlıqla əldə etmək olardı.

Ilk görüşümüz Monmantr küçəsində az tanınmış bir kitabxanada oldu. Təsadüfən yaxından tanış olduq. Ikimiz də çox nadir və maraqlı bir kitabı axtarırdıq. Bir neçə dəfə görüşdük. Onun ailə tarixi ilə dərindən maraqlandım. O, hər bir fransıza xas səmimiyyətlə təfsilatı ilə özü haqqında mənə danışdı. Onun geniş mütailəsi məni heyran etmişdi. Ən başlıcası isə, həyat hadisələri haqqında aydın təsəvvürü qarşısıalınmaz bir çılğınlıqla qəlbimi riqqətə gətirirdi. O zaman Parisdə yaşayırdım, müəyyən bir məqsədim vardı. Hiss edirdim ki, bu adamla bir yerdə olmaq mənim üçün əvəzsiz xəzinə tapmaq kimidir. Səmimiyyətlə bu barədə ürəyimdən keçənləri danışdım. Nəhayət, şəhərdə qaldığım müddətdə bir yerdə yaşamağı qərara aldıq.

Mənim maddi vəziyyətim Düpenə nisbətən bir qədər yaxşı olduğundan razılığını aldım ki, kirayə haqqını mən verim. Ev kirayə etdim. Onu ikimizin romantik təbiətinə uyğun səliqəyə saldım. Qəribə mülk idi. Sen-Jermer yaxınlığında sakit bir yerdəydi. Illər keçdikcə ev çökmüş, mövhumatçı sahibləri tərəfindən ona əl gəzdirilməmişdi, artıq dağılmağa doğru gedirdi. Bu mülkdə keçirdiyimiz həyat tərzi kənar adamlara məlum olsaydı, bəlkə də, bizi dəli hesab edərdilər. Tamamilə tənha yaşayırdıq, heç kəsi görmək belə istəmirdik.

Yaşadığımız yeri keçmiş dostlarımdan gizli saxlayırdım. Düpensə Parislə əlaqəsini kəsmişdi, onu yada salan da yox idi. Dostum dakı qəribəliklərdən biri (bunu başqa cür necə adlandırım?) gecə füsünkarlığına vurğunluğuydu. Başqa cəhətləri ilə yanaşı buna da alışaraq, özümü unutdum və tamamilə dostumun qəribəliklərinə öyrəşdim. Qarabuğdayı ilahə tez-tez bizi tərk edirdi, bundan ötrü ondan uzaq düşməmək üçün tədbir tökmüşdük; səhər dan yeri ağaranda qədim evin ağır pəncərə qapaqlarını bağlayar, bir-iki şam yandırardıq. şamlar yandıqca ətirli iy verər və ətrafa tutqun zəif işıq saçardı. şamların işığında şirin xəyallara dalar, divar saatı həqiqi qaranlığın düşdüyünü xəbər verənəcən oxuyar, yazar və söhbət edərdik. Söhbətləri davam etdirər və yaxud izdihamlı şəhərin

yanıb-sönən işıqları və qaranlığı içində veyllənərdik. Gecənin sakitcə seyrinə dalmaq bizə tükənməz mövzu verərdi. Belə anlarda Düpenin əqlinə, qabiliyyətinə bələd olsam da, onun zəkasına qeyri-ixtiyari olaraq heyran qalırdım. Bunu büruzə vermirdim, görünür Düpenlə əlyənməyim ona xoş gəlirdi. Onun qəlbinə nə qədər sevinc bəxş etdiyimi mənə deyərdi.

Düpen mənə bir neçə dəfə özünü tərifləyərək xatırlatmışdı ki, adamların ürəyindən keçənləri ovcunun içi kimi görür. Mənim də ürəyimdən keçənləri necə aydınca oxuduğunu demişdi, bunun üçün son dərəcə heyrətamiz dəlillər gətirmişdi. Belə hallarda onun davranışında bir soyuqluq və yadlıq görərdim; gözləri harasa uzaqlara baxar, adətən məlahətli səsi zilə qalxar, sakit və aydınlığına baxmayaraq, danışığı əsəbi olardı. Bu cür əhval-ruhiyyədə ona baxarkən ruhun ikiliyi haqqında qədim fəlsəfi təlimi xatırlayar, iki Düpen barəsində fikirlərə dalardım. Dediklərimdən heç də güman etməyin ki, sizə hansısa bir sirri açmaq və ya Düpeni fantastik əsərin qəhrəmanı etmək niyyətindəyəm. Xeyr, mən onun olan xasiyyətini, sadəcə olaraq, təsvir edirəm. Onda bu xasiyyət coşğun zəkanın, bəlkə də, xəstə zəkanın nəticəsində əmələ gəlmişdi. Onun iradlarına gəldikdə isə adi bir nümunə fikrimizə ən yaxşı sübut ola bilər.

Bir axşam Pale Royal yaxınlığında uzun, palçıqlı bir küçədə gəzirdik. Hər ikimiz fikrə dalmışdıq, on beş dəqiqə ərzində heç birimiz bir kəlmə söz demədik. Düpen birdən dilləndi:

- O, çox cılız bir gəncdir. Yaxşısı budur ki, bəxtini “Varyete” teatrında sınasın.

- Buna şübhə ola bilməz, -qeyri-ixtiyari olaraq cavab verdim.

Fikrə elə getmişdim ki, əvvəlcə Düpenin sözləri ilə mənim sözlərimin necə uyğun gəldiyini dərk etmədim. Bircə an sonra özümə gəldim, heyrətimin həddi-hüdudu yox idi.

- Düpen,- ciddi tərzdə dedim,- bunu dərk etməkdə acizəm. Düzünü deyim ki, heyrət məni götürüb, heç cürə eşitdiklərimə inana bilmirəm. Axı onun barəsində düşündüyümü necə duydunuz? – Bu yerdə dayandım ki, görüm, o, həqiqətən kimin haqqında fikirləşdiyimi bilir, ya yox?

- Şantilyi haqqında, — Düpen dilləndi. — Nə üçün dayandınız? ğz-özünüzə deyirdiniz ki, onun balaca boyu tragik aktyor üçün yaramır.

- Bəli, mənim fikirlərim məhz bu idi. Şantiyli əvvəllər Sen-Deni küçəsində pinəçilik etmiş, sonralar səhnə ilə maraqlanmış, Krebillyonun eyni adlı faciəsində Kserks rolunda çıxış etmişdi. Bütün cidd-cəhdlərinə baxmayaraq, fitə basmışdılar.

- Allah xatirinə, — deyə israr etdim, - metodunuzu mənə başa salın; sizin elə bir metodunuz var ki, onun köməyi ilə ürəyimdən keçənləri oxuya bildiniz. Düzünü deyim ki, hetrətimi müəyyən dərəcədə büruzə verməməyə çalışdım.

- Bunu sizin ağlınıza göyərti satan saldı. Pinəçi Kserks və onun kimilərinin ayağının tozu da ola bilməz, — dostum cavab verdi.

- Göyərti satan? Siz nə danışırsınız. Mən heç bir göyərti satan-zad tanımıram.
- On beş dəqiqə bundan əvvəl bu küçəyə dönəndə sizinlə toqquşan o göyərti satanı deyirəm.

Birdən həqiqətən də, başında böyük bir alma səbəti aparan göyərti satanı təsadüfən S. küçəsindən keçərkən bizim indi dayandığımız yerdə məni az qala yerə yıxacağı yadıma düşdü, amma bunun şantilyi ilə nə əlaqəsi olduğunu heç cürə anlamadım. Düpendə zərrə qədər də fırıldaqçılıq nişanələri yox idi.

- Sizə izah edərəm, özünüz hər şeyi aydınca başa düşərsiniz. Əvvəlcə gəlin sizinlə danışdığım andan, haqqında danışdığımız o qəribə göyərti satanla toqquşduğunuz vaxta qədər nə haqda düşündüklərinizi yada salaq. Hadisələr aşağıdakı ardıcıllıqla cərayan edir: şantilyi, Orion, Həkim Nikols, Epikür, Stereotamiya, küçə daşları və göyərti satan. Həyatda çox az adam tapılar ki, heç olmasa bir dəfə əyləncə naminə başına gələnləri fikrində götürqoy etməsin, məlum nəticə çıxarmasın. Bu çox maraqlı bir əyləncədir. Kim ona birinci girişsə, çıxış nöqtəsindən son nəticəyə qədər böyük bir məsafənin olduğunu və onların arasındakı uyğunsuzluğu ördükdə heyrətlənəcəkdir.

Təəccüblə Düpenə qulaq asırdım, özü də eşitdiklərimin tamamilə həqiqət olduğunu istər-istəməz etiraf etdim. Dostum davam etdi:

- O biri küçəyə burulmamışdan qabaq, düzgün yadımda qalıbsa, gərək ki, atlar barəsində danışırdıq. Düz bu yerdə söhbətimiz kəsildi. Bax, bu küçəni keçərkən başında iri bir səbət olan göyərti satan cəld yanımızdan ötdü və sizi küçəni təmir etmək üçün bir yerə topalanmış daşların üstünə itələdi. Daşların birinə ilişib yıxıldınız. Çevrilib daş topasına baxdınız, sonra yolunuzu davam etdiniz. Hərəkətlərinizi xüsusi bir diqqətlə izləyirdim. Müşahidəçilik son zamanlar mənim üçün bir növ təlabata çevrilib. Onu deyim ki, sıx-sıx pilətələr döşənmiş Lamartin döngəsinə çatanadək baxışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə vardı. Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan bu nəticəyə gəldim ki, siz hələ də səki daşları barədə düşünürsünüz.

Burada eyniniz açıldı, dodağınızın qaçmağını gördüm. Siz “stereotomiya” sözünü dediniz. Buna şübhə etmədim. Bu termin süni surətdə bu cür səki döşəmələri barədə deyilir. Başa düşdüm ki, “stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri gəlmişkən, Epikürün nəzəriyyəsi barəsindəki fikrə gətirib çıxaracaq. Bu, bizim yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə nəcib yunan aliminin son dərəcə heyrət doğuran dumanlı müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində əldə edilən nəticələriylə təsdiq edilməsindən və Epikürə lazimi qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı qaldırıb yuxarıya, Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər salacaqsınız. Siz yuxarı baxdınız və mən əmin oldum ki, sizin hərəkətlərinizi düz izləmişəm. “Müsenin” dünənki nömrəsində şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına tamamilə yaramazcasına sözlər yazmışdı: pinəçi faciə rolunda çıxış edərək çalışmışdır ki, öz adını dəyişdirsin. Latın müəllifindən bir sitat gətirmişdi. Həmin sitata söhbətlərimizdə bir neçə dəfə istinad etmişik. Bu sözləri nəzərdə tuturam: Perdid



antiquum litera prima sonum* Sizə danışmışdım ki, burada Orion nəzərdə tutulur, bu söz keşmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də bildim ki, Orion sizi şantilyi haqqında düşünməyə sövq edəcək. Belə də oldu. Bunu sizin dodaqlarınızın qaçmasından bildim. Siz zavallı pinəçinin fədakarlığı barədə düşünürdünüz. Bura qədər yeriyərkən belinizi əymişdiniz, indisə gördüm ki, qəddinizi düzəltdiniz. Əmin oldum ki, siz şantilyinin balaca boyu haqqında üşünürsünüz. Elə bu yerdə düşüncələrinizə mane oldum. Dedim ki, bu şantilyi çox balaca olduğundan, “Varteye” teatrında oynasa daha yaxşı olardı. Bu söhbətdən azacıq sonra ikimiz də “Gazette des Tribunaux”-nun axşam nömrəsini nəzərdən keçirərkən, aşağıdakı başlıq diqqətimizi cəlb etdi. “Qeyri-adi qətl”: “Bu gecə saat üç radələrində Sen Rok məhəlləsinin sakinlərini aramsız dəhşətli qışqırtılar yuxudan oyatdı. Qışqırtılar Morq küçəsindəki madam L’Espanye və onun qızı madmazel Kamillanın yaşadığı binanın dördüncü mərtəbəsindən gəlirdi. Içəri girmək üçün bağlı darvazanı sındırmaq lazım gəldi. On nəfərə qədər qonşu iki jandarmın müşayiəti ilə içəri doluşdu. Artıq qışqırtılar kəsilmişdi. Amma dəstə pilləkənin birinci pilləsinə təzəcə qədəm qoymuşdu ki, yuxarıda iki-üç acıqlı kişi səsi eşidildi. Adamlar dördüncü mərtəbəyə çatanda bu səslər də kəsildi. Tam sakitlik çökdü. Dəstə bir neçə yerə bölündü. Onlar bir otaqdan o birinə qaçırdılar. Dördüncü mərtəbədəki böyük arxa yataq otağına çatanda (otağın qapısı içəridən açarla bağlandığından, onu da sındırmalı oldular), gördükləri mənzərə onları dəhşətə gətirdi. Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və hara gəldi tullanmışdı. Orada bir çarpayı qalmışdı. Onun da üstündən yorğan-döşək götürülmüş və otağın ortasına atılmışdı. Stulun üstündə qanlı ülgüc vardı. Buxarının məhəccərinə iki-üç qom uzun, sıx, ağarmış qanlı insan saçı yapışıb qalmışdı. Görünür tükləri dəri ilə birlikdə qoparmışdılar. Döşəmədə dörd dənə napoleondr, bir dənə topaz qaşlı sırğa, üç böyük gümüş qaşıq, üç balaca melxior qaşıq və içində dörd min franka yaxın qızıl pul olan iki kisəcik vardı. Küncdəki kamodun siyirmələri açılmışdı. Görünür kimsə qurdalanmışdı, bununla belə, siyirmələrdə hələ də çox şey qalmışdı. Balaca dəmir seyf yorğandöş əyin altından tapıldı. Seyf açıq idi, açar da qapısının üstündəcə qalmışdı. Onun içərisində bir neçə köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox idi. Madam L’Espanyedən əsər-əlamət yox idi, ancaq buxarının ocaq yerinə xeyli qum tökülmüşdü. Bacanı yoxladılar. (Söyləyəndə adam dəhşətə gəlir.) Qızın başıaşağı vəziyyətdə olan meyitini dartıb oradan çıxardılar. Meyit başıaşağı dar bacanın içinə — yuxarıya pərçim edilmişdi. Hələ istiydi. Müayinə edərkən məlum oldu ki, bir neçə yerdən dəri sıyrılıb. Bu da, şübhəsiz, zorakılığın izləriydi. Sifətində çoxlu dərin cırmaq izləri, boğazında isə tünd qançırlar, dərinə işləmiş dırnaq izləri qalmışdı. Sanki məhrumu boğub öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə heç nə aşkar edə bilməyib, binanın dal tərəfindəki daş döşənmiş kiçik həyətə sarı getdi. Orada isə yaşlı xanımın meyitinə rast gəldilər. Boğazı elə kəsilmişdi ki, meyiti qaldırmağa cəhd etdikdə, baş qopub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə elə eybəcər kökə salınmışdı ki, onda insana oxşayan heç nə qalmamışdı. Bu dəhşətli müəmmanı açmaq üçün, əlimizdə hələlik azacıq da olsa imkanımız yoxdur”.

Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:

“Morq küçəsində faciə baş verib. Bu fövqəladə və dəhşətli hadisə ilə əlaqədar olaraq çox adam dindirilmiş, amma sirri açmaq üçün təzə heç nə aşkar edilməmişdir. Əldə olan ifadələr aşağıda təqdim edilir. Paltaryuyan Polina Dübur ifadə verir ki, o mərhumların ikisini də üç ildir tanıyır. Bu müddət ərzində onlar üçün paltar yuyub. Yaşlı xanımla qızı yaxşı yola gedirdilər. Bir-birinə çox mehriban idilər. Onun zəhmət haqqını xəsislik etmədən verirdilər. Onların həyat tərzi və yaşayış vasitələri barəsində heç nə demir. Güman edir ki, xanım fala baxır, bununla da dolanırdılar. Xanımın çoxlu pulu olduğunu güman edir. Paltar yumağa çağırılarkən və paltarı yuyub geri qaytararkən evdə heç vaxt kənar adama rast gəlməyib. Onların qulluqçusu olmadığına əmin idi. Evin dördüncü mərtəbəsindən başqa, görünür, heç yerdə avadanlıq olmamışdır. Tütün köşkünün sahibi Pyer Moro ifadə verir ki, dörd il müddətində xanım L’Espanyeyə az miqdarda tütün və burunotu satıb. Mərhum xanımın və qızının cəsədləri tapılan otaqda yaşadıqları altı ildən çox olardı. Orada əvvəlcə bir zərgər yaşayar və üst otaqları müxtəlif adamlara kirayə verərdi. Ev xanım L’Espanyenin şəxsi mülkiyyətiydi, kirayəçilər evə pis baxdıqlarından, onları evdən çıxarıb, yuxarı mərtəbəyə özü keçib. Kirayəşin saxlamaqdan imtina edib. Yaşlı xanım uşaq kimi idi. şahid bu altı il müddətində xanımın qızını ən çoxu beş-altı dəfə görmüşdü. Ana-bala həddindən artıq qapalı həyat tərzi keçirirmiş. Deyilənə görə onların pulu varmış. Qonşular arasında xanım L’Espanyenin fala baxdığını deyənlər də vardı, amma şahid ona inanmırdı. O, evə heç vaxt ana-baladan, arabir dalandardan və bəzən həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.

Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez baş çəkdiyini deyən olmadı. Xanım L’Espanye və qızının haradasa dostlarının olub-olmadığını da bilən yox idi. Küçəyə baxan pəncərələrin qapıları nadir hallarda açılardı. Dördüncü mərtəbədəki böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr daim bağlı olardı. Ev bir o qədər də köhnə deyildi və yaxşı vəziyyətdəydi. Jandarm Isidor Müze göstərir ki, onun arxasınca səhər saat üç radələrində gəlmişdilər. O gələndə darvazanın yanında iyirmi-otuza qədər adam vardı. Onlar içəri keçməyə cəhd göstərirdilər. Nəhayət, onlar qapını süngü ilə açdılar. Qapı ikitaylı olduğundan, yuxarı və aşağıdan siyirmə ilə bağlanmadığından onun açılması bir o qədər də çətinlik törətmədi. Qışqırtılar darvaza açılana qədər davam etdi və sonra qəflətən kəsildi. Yəqin ki, bunlar ağrıdan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı qışqırtısı idi. şahid qabağa düşüb yuxarı mərtəbəyə qalxdı. Birinci pilləkənin başına çatanda acıqlı və ucadan eşidilən iki səs eşitdi. Səslərdən biri xırıltılı, o biri isə ciyiltili idi. Çox qəribə səs idi. Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız sözləri idi. Əmin idi ki, o səs qadın səsi deyildi: “sacre” və “diable” sözlərini ayırd edə bilib. Ciyiltili səs yadelli adamın səsi idi, amma şahid onun qadın və ya kişiyə məxsus olduğuna əmin deyildi. O nə dedildiyini başa düşə bilməyib, ancaq yad adamın ispanca danışdığını güman edir. Otaq və meyitlərin vəziyyəti şahid tərəfindən biz dünən təsvir etdiyimiz kimi verilib.

Qonşu, zərgər Henri Duval göstərir ki, o, evə birinci girən adamlardan olub, bütövlükdə Müzenin dediklərini təsdiq edir. Giriş qapısından içəri daxil olan kimi onu yenidən bağlayıblar ki, gecə yarısı olmasına baxmayaraq, tezliklə oraya toplaşan camaat içəri doluşmasın. şahidin zənnincə, ciyiltili səs italyan səsinə, xırıltılı səs isə fransız səsinə oxşayırmış. Ciyiltili səsin kişi səsi oldu1una əmin deyildi.

Qadın səsi də ola bilərdi. Onun italyan dili ilə tanışlığı yoxdur. Sözləri ayırd edə bilməyib, lakin intonasiyasından danışanın italyan olduğunu güman edir. şahid madam L’Espanye və onun qızını tanıyırmış. Onlarla tez-tez söhbət edərmiş. Ciyiltili səsin məhrumların heç birinə aid olmadığından əmindir. Restoran sahibi Oden Heymer, şahid kimi özü könüllü surətdə ifadə verməyə gəlmişdi, fransızca danışa bilmədiyindən, tərcüməçi vasitəsilə dindirilirdi. O, Amsterdam vətəndaşıdır. Qışqırtılar gələn zaman evin yanından keçirmiş. Qışqırtılar bir neçə dəqiqə, bəlkə də, on dəqiqə davam edib. Çox dəhşətli və ürək parçalayan imiş. şahid evə daxil olan adamlardan biri olub. Özündən əvvəlki ifadəni bir şeydən başqa hərtərəfli təsdiq edir. O, ciyiltili səsin kişi səsi olub, fransıza məxsus olduğuna əmindir. O da deyilən sözləri ayırd edə bilməyib. Sözlər ucadan və tez-tez deyilirmiş, başa düşmək olmurmuş. Qorxudanmı və ya qəzəbdənmi səs ciyiltidən çox xırıltıya oxşayırmış. Ciyilti deyə bilməzdim, xırıltılı səsli adam elə hey “sacre” və “diable” və bir dəfə isə “Mon Dieu” sözlərini deyib. Dileron küçəsindəki “Mino və Oğulları” firmasının bankiri, Mino qardaşlarının yaşca böyüyü şül Mino ifadə verir ki, xanım L’Espanyenin bir qədər pulu vardı. Onun kontorunda hansı ilinsə (səkkiz il əvvəl) yazında hesab açdırmışdılar. Xırda məbləğlərdə tez-tez pul qoyardılar. Çek yazmazdı, ölümündən üç gün əvvəl şəxsən özü dörd min frank məbləğində pul götürdü. Pullar qızılla ödənildi və bankın işçisi xanımı evinə qədər ötürdü. “Mino və Oğulları” firmasının qulluqçusu Adolf Le Von şahidlik edir ki, təyin edilmiş vaxtda, təxminən günorta zamanı, xanım ’Espanyenin iki kisəyə qoyulmuş dörd min frank pulunu onun evinə aparmışdır. Qapını madmazel L’Espanye açmış, əlindəki kisələrdən birini götürmüş, digərini isə xanım özü ondan almışdır. Sonra baş əyərək çıxıb getmişdir. O zaman küçədə heç kəsi görməmişdi.


Yüklə 139,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin