C. X. Cübran Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən seçilmiş tərcümələr. Bakı. 2008, 273 səh



Yüklə 2,16 Mb.
səhifə1/15
tarix01.12.2016
ölçüsü2,16 Mb.
#534
  1   2   3   4   5   6   7   8   9   ...   15


Cübran Xəlil Cübran

Sükutun poezİyası

Bakı-2009




Elmi redaktor

və ön sözün müəllifi:

C.X.Cübran

Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən seçilmiş tərcümələr. Bakı. 2008, 273 səh.

C.X.Cübran (1883-1931) – görkəmli ərəb-amerikan yazıçısı, şairi, rəssamı və filosofudur. Onun əsərləri 30-a yaxın xarici dilə tərcümə olunmuş və həm Şərq, həm də Qərb ölkələrində geniş yayılmışdır. Azərbaycan oxucusuna ilk dəfə ötən əsrin ikinci yarısında görkəmli şərqşünas alim Aida İmanquliyeva tərəfindən təqdim olunmuşdur.

Kitabda Cübranın ən məşhur əsərlərindən olan «Peyğəmbər», «İblis» və s.-lə yanaşı seçilmiş müdrik fikirləri toplanmışdır. Topluya həmçinin prof. A.İmanquliyevanın C.X.Cübran haqqında geniş oçerki daxil edilmiş, bu görkəmli mütəfəkkirin həyat və fəaliyyəti hərtərəfli işıqlandırılmışdır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Cübran hansı məsələdən danışırsa-danışsın, o, həmi­şə mütəfəkkir, böyük sənət­kar, söz ustası və öz xal­qı­nı, bütün bəşəriyyəti hədsiz də­rəcədə sevən bir insan olaraq qalır.
Aida İmanquliyeva

Cübran Xəlil Cübran - 125



(1883 - 1931)

Ön söz
Mədəniyyət tarixində elə böyük şəxsiyyətlər vardır ki, on­lar müəyyən bir millətin, öl­kə­nin hü­dud­larını keçərək bütün bə­şə­riyyət miqyasında tərəqqiyə xidmət etmiş, müxtəlif sivi­li­za­si­ya­lar arasında körpü atmağa, qütbləri birləşdirməyə nail ol­muş­­lar. Həm Şərq, həm də Qərb oxu­cuları üçün doğma olan və öz yaradıcılığı ilə xalqlar və mədəniyyətlər arasında qarşılıqlı ya­­xınlaşmaya xid­mət edən belə böyük şəxsiyyətlərdən biri Cüb­ran Xəlil Cübrandır. Onun həm bədii ya­ra­dı­cılığı, həm böyük mə­­na tutumuna malik olan fəlsəfi fikirləri öz ruhuna və pa­fo­su­na görə Şərq mahiyyətini ifadə etsə də, ideya və məzmununa gö­rə Qərb rasionalizmindən və ro­mantizmindən bəhrələn­miş­dir.

C.X.Cübran irsinin koloriti və cazibədarlığı onun Şərq bə­dii yaradıcılıq ənənələrinə sadiq ol­masından irəli gəlir. «Şər­qin üstün cəhətlərini Qərb oxucusuna necə, hansı yollarla çat­­dır­maq olar?» – sualına ən yaxşı cavablardan birini Cüb­ran Xəlil Cübran öz şəxsi yaradıcığı və fə­aliyyəti ilə vermişdir.

C.X.Cübran imzası Azərbaycan oxucusuna XX əsrin 70-ci illərindən etibarən görkəmli şərq­­şünas alim Aida İman­qu­li­ye­­vanın əsərlərindən tanışdır. O, hələ 1975-ci ildə Cübran Xə­lil Cübrana ayrıca kitab həsr etmiş, bu böyük ərəb yazıçısının hə­yat və yaradıcılığını geniş şərh etmişdir. Aida xanım bu mövzuya ilk növbədə bir ərəbşünas alim olmaq etibarı ilə müraciət etsə də, sonrakı tədqiqatlarında o, Cübranı həm də bir mütəfəkkir kimi dəyərləndirmiş və onun Şərq ilə Qərb düşüncə tərzlərini vəhdət halında ifadə edən əsərlərini fəlsəfi aspektdə də təhlil etmişdir. A.İmanquliyeva Cübranın fəlsəfi dün­yagörüşündən bəhs edərkən əvvəllər bu barədə aparılan tədqiqatlara da öz münasibətini bildirmişdir. O, Cozef P.Ho­qas­sianın «Xəlil Cübran; fikir qanadları. Xalq filosofu» adlı kitabına xitabən yazır: «Burada əsas diqqət Cübranın bədii ya­ra­dıcılığında əksini tapmış fəlsəfi baxışlarının təhlilinə ve­ril­miş­dir. Müəllif belə nəticəyə gəlir ki, Cübranın dünya­gö­rüşü də­rin idealist yönümlüdür, belə ki, onun fəlsəfi konsep­si­ya­sının əsa­sını bu mühakimə təşkil edir – həyat hər şeydən əvvəl ruhun həyatıdır».1

C.X.Cübranın həyat və yaradıcılığı haqqında ən geniş və də­yərli məlumat Aida İmanquliyevaya məxsus olduğu üçün ki­ta­bın giriş hissəsində onun Cübran haqqında məqaləsi dərc olunur.

XX əsrin əvvəllərində Qərb sivilizasiyasının ən çox ya­yıl­dı­ğı Şərq ölkələrindən biri olan Livan mədəniyyətlər arasında ne­cə əlaqələndirici rol oynayırdısa, indi – XXI əsrin əvvəl­lə­rin­də Azərbaycan da Şərq və Qərb arasında həmin mövqeyi tutur. Bu baxımdan, o vaxt Livanda yaranmış ədəbi-bədii irs bu gün Azərbaycan üçün də olduqca aktualdır. Professor Aida İman­qu­liyevanın da uzaqgörənliyi Şərq və Qərb sivilizasiyaları arasında dialoqun qaçılmaz olduğu müasir şəraitdə özünü daha çox göstərir.

Müasir dövrdə Cübran yaradıcılığının daha böyük aktuallıq kəsb etməsini, habelə onun ədəbi-bədii və fəlsəfi irsinin dilimizdə səslənməsinə olan ehtiyacı nəzərə alaraq bu kitabda onun bir sıra əsərləri Azərbaycan oxucusuna ilk dəfə təqdim edilir. Tərcümədə Cübrana xas olan poetik üslubun saxlamasına cəhd göstərilmiş, mətnlərin təfərrüatı deyil, müəllifin ideya və ruhu önə çəkilmişdir. Şərq-Qərb Tədqiqat Mərkəzinin əməkdaşları f.e.n. Müşfiq Şükürov və f.e.n. Könül Bünyadzadə tərəfindən orijinaldan tərcümə edilən bu əsərlər Azərbaycan xalq hikməti nümunələri ilə, atalar sözləri və afo­rizmlər kimi Şərqdə geniş yayılmış kəlamlarla çox gözəl səsləşir. Cübran öz yaradıcı təfəkkürünün məhsulu olan ide­ya­larla bərabər, Şərq adamına hələ şifahi xalq ədəbiyya­tın­dan, el hikmətindən bəlli olan bir sıra fikirləri yeni kontekstdə və yeni üslubda təqdim edir. Cübran hər gün dəyişən köpük və dalğalara rəğmən, həmişə sabit qalan dəniz və sahil müna­si­bət­lərindən bəhs edərkən, fani dünyanın gəldi-gedər nemətləri arxasında əbədi dəyərləri görməyin zəruriliyini vurğulayır. Onun yazılarını oxuyan insan ruhunun ənginliyinə qədəm qoyur: «Mən əngin dənizəm, bütün aləmlər isə mənim sa­hi­lim­də bir qum dənəsidir». İnsanın hikmət dənizinə, haqq dün­ya­sına qədəm qoyması onu böyüdür, yüksəldir və fani dünya onun müqabilində bir qum dənəsi kim olur. Burada «Mənəm haqq, haqq məndədir», yaxud «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» deyən Nəsiminin fəlsəfi pafosu bir qədər fərqli formada ifadə olunsa da, ideya və ruh eynidir.

Hətta Şərq poeziyası üçün Ömər Xəyyamdan, Məhsətidən üzü bəri ən çox dəbdə olan mövzulardan biri olan «şərab» mövzusunda da yeni tapıntıları adamı heyrətləndirir: «Sən şərab içirsən ki, sərxoş olasan, mən isə içirəm ki, başqa bir şərabın sərxoşluğundan azad olum».

Prof. Aida İmanquliyevanın tədqiqatlarında daha çox dərəcədə Cübranın ideya qaynaqları və onun Qərb romantizmi ilə əlaqələri müqayisəli şəkildə şərh edilmişdir. Oxuculara təqdim olunan bu kitabda Cübran yaradıcılığının o dövrkü Azərbaycan ədəbiyyatı ilə də ideya yaxınlığı araşdırılmış və bir sıra ümumi cəhətlər aşkar edilmişdir. Xüsusən, Mirzə Cəlil və Hüseyn Cavid kimi böyük Azərbaycan yazıçılarının əsərlərində tərənnüm edilmiş bir sıra motivlərin Cübran yaradıcılığına da xas olması onu bizim üçün daha da doğmalaşdırır.

Belə güman edirik ki, C.X.Cübranın Azərbaycan dilində oxu­culara təqdim olunan «Peyğəmbər», «İblis», «Kafir Xə­lil» və s. bu kimi əsərləri bir tərəfdən ənənəvi mövzulara yeni, orijinal baxış mövqeyindən, digər tərəfdən də fəlsəfi ide­yaları ənənəvi poetik üslubda təqdim etməyin gözəl nümunələri kimi böyük maraq doğuracaqdır.

Tarixin eyni bir zaman kəsiyində uzaq Amerikada və Azərbaycanda yaşayıb-yaradan iki böyük Şərq mütəfəkkiri­nin eyni mövzuda yazıb-yaratması yeni obraz və bədii təfək­kür kontekstində bir daha ənənəvi Xeyir və Şər timsallarına müraciət etməsi təsadüfi deyil.

Bütün bəşəriyyət miqyasında düşüncə, qlobal təfəkkür in­­di­ki dövrdə – qloballaşma şəraitində təbii görünə bilər. Am­ma bir əsr bundan əvvəl ədəbi prosesin diqqətinin planetar miq­yas­­lı problemlərə, sivilizasiyalararası münasibətlərə yö­nəldil­­məsi yalnız zamanı qabaqlamaq hesabına mümkün ola bilər. Qa­baqlayıcı təfəkkür isə ancaq dahilərə xas olan bir cəhətdir.

Yubiley ərəfəsində Azərbaycan mətbuatında C.Cübran yaradıcılığına həsr olunmuş məqalələr və onun ayrı-ayrı əsərlərinin tərcümələri ölkəmizdə gedən ədəbi-bədii prosesin beynəlxalq miqyasdakı proseslərlə sıx surətdə bağlı olduğunu göstərir. Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən bir ölkə kimi təkcə Böyük İpək Yolunun bərpasında, iri miqyaslı iqtisadi layihələrin həyata keçirilməsində deyil, həm də mədəni-mənəvi irslərin bərpası və əlaqələndirilməsi sahəsində öncül mövqe tutması tamamilə qanunauyğundur.

Böyük mütəfəkkir-şair C.X.Cübranın anadan olmasının 125 və onun Azərbaycanda ilk tədqiqatçısı, görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illiyinə bir töhfə olan bu kitab, eyni zamanda sivilizasiyaların dialoquna, ümumbəşəri idealların və humanist təfəkkürün təbliğinə xidmət edəcəkdir.
A.İmanquliyeva
CÜBRAN XƏLİL CÜBRAN

HƏYAT VƏ YARADICILIĞI

Xəlil Cübran «Suriya-Amerika məktəbi»nin gör­kəm­­li nü­ma­yəndələrindən biri, «Qələmlər birliyi»nin təş­ki­lat­çısı, rəh­bə­ri və fəal üzvü olmuşdur. Mənşəcə livanlı, dini eti­qadına görə xris­tian olan C.X.Cübran iki­ – Qərb və ərəb mə­dəniyyətinin va­risi və daşıyıcısı olmuşdur.

Cübran 1883-cü ildə şimali Livanın Bşarrə kəndində anadan olmuş və orada da ibtidai təhsil almışdır. Bir çox digər livanlı ailə kimi, cübranlar ailəsi də öz güzaranını yaxşı­laş­dırmaq ümidi ilə 1895-ci ildə Amerika Birləşmiş Ştatlarına – Boston şəhərinə köçür. 1898-ci ildə Cübran təhsilini davam etdirmək məqsədilə Livana qayıdır və «əl-Hikmət» adlı katolik məktəbini bitir. Ailə üzvlərinin Birləşmiş Ştatlarda vəfat etmələri onun yenidən Bostona qayıtmasına səbəb olur.

Qürbətdə cübranlar ailəsinin taleyi çox faciəli keç­miş­dir: ərəb mühacirlərini üzüb tələf edən amansız vərəm xəs­təliyi bir ilin ərzində gələcək yazıçının anasını- bacısını və ailə­ni dolandıran böyük qardaşı Butrusu həyatından aparır. Əziz adamlarının ölümü Cübrana çox ağır təsir edir. Bu illər onun həyatında ən ağır və miskin bir dövr idi.

Buna görə də həmin dövrdə Cübranın çəkdiyi rəsm əsərlərində qəm-kədər əhvali-ruhiyyəsi aydın duyulmaq­da­dır. Bu əsərlər Cübranın rəsmlərinin ilk sərgisində gös­tə­ril­miş və müəllifi sənət aləmində müəyyən qədər tanıt­mış­dır.

Cübran 1908-ci ildə Parisə gedir və incəsənət insti­tu­tunda təh­sil almağa başlayır. Burada o, rəngkarlıq sənətinin in­cə­lik­lə­ri­nə yiyələnməklə yanaşı, fransız dilini öyrənməyə böyük diq­qət verir, Parisin mədəni həyatını izləyir, ədəbi fəa­liy­yətlə məş­ğul olur. Cübranın ədəbi yaradıcılığının ilk məhsulları olan li­rik şeirləri əziz adamlarının vaxtsız itir­mə­sin­dən doğan dərin kə­dər duyğuları ilə doludur.

Parisdə təhsilini başa vurduqdan sonra Cübran onun rəs­sam­­­lıq istedadını qiymətləndirən və Amerikada ona hakimlik edən messenat qadın Mari Haskelin maddi yardımı ilə Avropa öl­­kələrinə səyahətə çıxmış. Roma, Brussel, London kimi məş­hur şəhərlərin tarixi abidələrinə, zəngin muzeylərinə tamaşa etmişdir.

1912-ci ildə Cübran Bostona qayıtmış, tezliklə oradan Nyu-Yorka köçmüşdür. Bu nəhəng şəhərdə o, coşqun ədəbi və rəssamlıq fəaliyyətinə başlamışdır. Burda Cübran özünün rəsm əsərlərinin yeni sərgisini təşkil etmişdir. Sərgi rəngkarlıq hə­vəs­karları arasında böyük müvəffəqiyyət qazanmış, həmin əsərlər tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir.

Nyu-Yorkda Cübran mühacir ədiblərlə görüşür, həm­və­tən­­lərinin Amerikada təşkil etdikləri mətbuat orqanlarında əmək­daşlıq edirdi.

O zaman Nyu-York ərəb ölkələrindən, xüsusilə Livandan və Suriyadan mühacirətə getmiş yazıçıları və şairləri özünə cəlb edən bir mərkəzə çevrilmişdi.

XIX əsrin axırları və XX əsrlərin əvvəllərində Livan ziyalılarının böyük bir hissəsi – xırda və orta burjuaziyaya mənsub şəxslər, habelə missioner məktəblərinin məzunları bir-birinin ardınca Livandan və Suriyadan köçüb gedirdilər, çünki burda senzura onların əl-qolunu bağlamışdı, fəaliyyət üçün geniş meydan yox idi. Mühacirlər arasında istedadlı və məhsuldar yazıçılar, jurnalistlər çox idi. Əsasən romantikaya meyl edən bu yazıçıların ədəbi yaradıcılığı XVIII əsr Avropa ədəbiyyatına çox yaxın idi.

Cübran Nyu-Yorkda yaşayarkən müəyyən qədər tanınmış mühacir yazıçılarla – Mixail Nüaymə, İlya Əbu Madı, Nadra Həddad və başqaları ilə görüşürdü.

Cübranın ilk mətbu əsəri «Mühacir» qəzetinin səhi­fə­lə­rində dərc olunmuş «Yenilikçi yazıçı» sərlövhəli məqaləsi­dir. Bun­dan bir müddət sonra bir-birinin ardınca onun iki he­kayələr məc­muəsi – «Çəmənlər gəlinləri» (1906), və «Üsyan­kar ruh­lar» (1908) kitabları çapdan çıxır. Görkəmli ərəb yazı­çısı və tənqidçisi Əhməd Ədhəm ərəb ədəbiyyatı tarixi üçün bu iki məcmuənin əhəmiyyətini yüksək qiymətləndirmiş və onları «ərəb bədii nəsrinin ilk nümunələri» adlandırmışdır.

Həmin məcmuələrə daxil olan hekayələr o dövrdə ya­şa­yan ərəb novellaçılarının yaradıcılığı üçün çox səciyyəvidir. XX əsrin əvvəllərində fəaliyyət göstərən ərəb tənqidçiləri və ədə­biyyatşünasları bədii ədəbiyyatda artıq gözəl forma deyil, dolğun məzmun axtarırdılar. Əsərin ideyası mütləq ilk plana çə­kilirdi. Yuxarıda adları çəkilən məcmuələrdə Cübran tən­qid­çi­lərin bu tələblərinə cavab vermiş və o dövr üçün çox vacib olan sosial-ictimai mövzuları təbliğ etmişdi. Həmin heka­yə­lər­də ədib cəsarətlə cəmiyyətin yaraları və ədalətsizlikləri əley­hi­nə çıxır, ilahi gözəlliyə və paklığa vurğunluğunu ifadə edirdi. Cəmiyyətin həyatına nüfuz etməyə səy göstərən Cübran xalqın ümidsiz və ağır vəziyyətinə təsir edərkən bu mənzərələri, real epizodları canlandırmağa çalışırdı. Yazıçı belə bir fikir təlqin edirdi ki, o, həqiqət və gözəllik, səadət və sevinc arzusu ilə ya­şa­yır, lakin hakimlərin zülmü, ruhanilərin ikiüzlüyü nəticə­sin­də həyat öz mənasını itirmiş, həqiqət və gözəllik isə əlçatmaz kateqoriyalara çevrilmişdir.

C.X.Cübran hərtərəfli istedada malik, nəcib və həssas şəx­siyyət, rəssam və musiqiçi kimi tanınsa da, o, hər şeydən əv­vəl, mütəfəkkir və görkəmli ədəbiyyatçı kimi şöhrət tap­mış­dır. Onun qələminə povest və hekayələr, mənsur şeirlər, esse­lər, təmsillər, hikmətli sözlər, tənqidi məqalələr məxsusdur. 1905­-ci ildən başlayaraq o, «Musiqi» («əl-Musıqa», 1905) kita­bı­nı, iki hekayələr məcmuəsini («Çəmənlər gəlinləri» ­–1907; «Üs­­yankar ruhlar» – 1908) çap etdirmişdir. Daha sonra yeganə iri həcmli əsəri olan «Qırılmış qanadlar» («əl-Əcnihətül-mü­tə­kə­ssirə», 1912) povestini, «Yürüşlər» (1919) poetik diva­nı­nı, «Göz yaşı və təbəssüm» (1914), «Tufanlar» (1920), «Qə­rib­lər və ecazkarlar» (1923) məqalələr və mənsur şeirlər məc­muəsini nəşr etdirmişdir. Cübranın qalan əsərləri ingilis dilində çıx­mış­dır: «Divanə» (1918), «Sələf» (1920), «Peyğəmbər» (1923), «Qum və Köpük» (1926), «İsa insan oğludur» (1928), «Yer al­lah­lar» (1931), «Səyyah» (1932), «Peyğəmbər bağı» (1933) və s. Bütün bu əsərlər ərəb dilinə tərcümə edilmiş və Ərəb Şər­qi­nin bir çox ölkələrində dəfələrlə nəşr olunmuşdur.

Parlaq ifadə olunmuş fərdiyyətinə baxmayaraq, Cüb­ranın ta­leyi və dünyagörüşü əcnəbi ölkələrdə yaşayan ya­radıcı ərəb zi­­yalılarının tipik xüsusiyyətlərini özündə daşı­yır. O, demo­kra­tik ideya və məramlarla yaşayır, onu sadə insanın, zəhmətkeşin, ərəb qadınlarının vəziyyəti («Banlı Marta», «Məzarların hara­yı», «Gəlin yatağı», «Qırılmış qanadlar» və s.), Livan gerçək­li­yin­­­dəki sosial ədalətsizlik («Məzarların harayı», «Göz yaşı və tə­­bəssüm», «Daxma ilə saray arasında» və s.) narahat edir. Ya­zı­çı cəmiyyətin varlılara və kasıblara bölünməsini, kasıbların qan-tər içində çalışmasına baxmayaraq, yenə də yoxsulluq içə­ri­sində yaşamasını, yalnız varlılar tərəfindən deyil, özlərini din xa­dimləri adlandıranlar tərəfindən də istismar olunduqlarını də­rindən anlayır («Dəli Yühənna», «Kafir Xəlil» və s.).

Cübranın əsərlərində yeni münasibətlərin tam formalaş­ma­­­dığı Livan gerçəkliyi təsvir olunur. Cübran əmindir ki, işıqlı gə­­­ləcək üçün mübarizə aparmaq lazımdır, azadlıq arzu ilə de­yil, mübarizə ilə qazanılır: «Mənə deyirlər: «Əgər yatmış qul gör­­­­sən, onu oyatma, çünki o yuxusunda azadlıq görür». Mən isə cavab verirəm: «Əgər mən yatmış qul görsəm, onu oya­da­cam və ona azadlıq haqqında danışacam» («Bir ovuc sahil qu­mu»). İnsan yalnız bugünlə kifayətlənməməlidir, o, ən yaxşı gələcəyə can atmalıdır, belə ki, yazıçının dərin inamına görə («yu­banmaq – qorxaqlıq, keçmişə boylanmaq isə – cəhalətdir») («Keçmişin şəhəri»).

Cübranın yaradıcılığının inkişafını izləməklə biz, bə­dii yet­kinlik mərhələsinə qədəm qoyduqca onun yaradıcı me­­to­du­nun əhəmiyyətli dəyişikliklərə məruz qaldığını gös­tər­­mək is­tə­yi­rik. Bunun üçün onun ingilis «göl məktəbi» və Ame­ri­ka trans­s­endentalistləri ilə əlaqələrini aydınlaşdır­maq, onun dün­ya­görüşünü və bədii dilinin təkamülünü, əsərlərin­də romantik qəh­rəman surətinin uğradığı dəyişiklikləri iz­ləmək zəruridir.

Cübran bədii irsinin araşdırılması zamanı məhz yazıçının ya­ra­dıcılıq metodunun inkişafını göstərmək üçün daha sə­ciy­yə­vi olan əsərlərin təhlilinə xüsusi diqqət verilməsini məq­sə­də­uy­ğun hesab edirik.

Sentimentalizm və romantizm cizgiləri Cübranın yara­dı­cı­­­lığında kifayət qədər uzun müddət sanki yanaşı mövcud ol­muş­dur. Onun «Göz yaşı və təbəssüm» məcmuəsinə daxil ol­muş əsərləri, 1903-1908-ci illərdə yazılmış «Çəmənlər gəlin­lə­ri» və «Üsyankar ruhlar» məcmuələri, xüsusilə də, «Qırılmış qa­­nadlar» povesti erkən romantizmin hissiyyatlılıq və öyüd-nə­si­hətçiliyə meyl kimi ərəb ədəbiyyatında xas olan cizgilərin öz ək­sini tapdığı ayrıca bir milli variantının mövcudluğunu təsdiq edir.

Bir sıra hekayələrdə (məsələn, «Banlı Marta», «Hanili Var­­da») və «Qırılmış qanadlar» povestində sentimentalizm ciz­gi­ləri üstünlük təşkil edir.

Səciyyəvi haldır ki, bütün bu əsərlərdə yazıçı Şərq qa­dı­nı­nın azadlığı mövzusuna müraciət edir və onu sosial-ictimai səpkidə deyil, yalnız ailə münasibətləri planında qadınların his­s­lərinin və hüquqlarının müdafiəsi baxımından şərh edir.

Qadın mövzusu Cübranı xüsusilə maraqlandırırdı. Suriya yazıçısı Məryəm Ziyadəyə (Meyy) (1895-1941) məktublarının bi­rində Cübran yazır: «Əgər mənim bu gün nə isə bir əhə­miy­yə­tim varsa, buna görə mən qadına borcluyam. Qadın mənim göz­lərimin və qəlbimin qapılarını açmışdır. Əgər qadın-ana, qa­dın-bacı, qadın-dost olmasaydı, mən elə bundan sonra da şi­rin­-şirin yatıb xoruldayan və yalnız bununla ətrafdakıların sa­kitliyini pozanların arasında qalardım».

Hekayənin üslubu onun sentimentalizmlə bilavasitə bağlı ol­duğunu bildirir. Martanın həyatı doğma kəndində çox ağır idi: «Anası ona yalnız acı göz yaşları və yetim taleyi miras qoy­­muşdu… Hər səhər o, ayaqyalın, cındır paltarda, inəkləri də­­­rənin kənarındakı çəmənliyə otarmağa aparırdı. Burda o, ağac­ların kölgəsində oturaraq torağaylarla birgə oxuyur, çayla bir­­gə ağlayır, doyunca yeməyi olan inəyə paxıllıq edir, gülləri və uçuşan kəpənəkləri seyr edir». Bu yerdə sentimentalizmin san­ki bütün xüsusiyyətləri cəmlənmişdir. «Hissi» kolliziyalar küt­ləsinə bütün hekayə boyu rast gəlinir: tərk edilmiş insanın dö­­zülməz iztirabları, ağır xəstəlik, ehtiraslı ölüm intizarı və s. ölən qadının son yalvarışları belədir: «Ey, bu cinəyətkar dünya ar­xasında gizlənən gözəgörünməz ədalət! Sən… sən mənim qəl­bimin fəryadını, ürəyimin harayını eşidirsən». Bu, əlbəttə ki, əx­laqsızlıq etməyə məcbur olmuş savadsız kəndli qadının nitqi ki­­mi qəbul edilmir, bu sözlərdə alçaldılmış qadına qarşı sen­ti­men­tal mərhəmət hissi ilə dolu olan müəllifin özünün səsi eşidilir.

Sentimental notlar «Hanili Varda» hekayəsində də mü­şa­hidə olunur. Hekayənin süjeti diqqətəlayiqdir: öz adlı-sanlı və var­­lı ərini sevmədiyini başa düşən gənc qadın onu tərk edərək yox­sul, lakin sevdiyi gəncin yanına gedir. Cəmiyyətin itti­ham­la­rından qorxmayaraq, o, ərəb qadını üçün görünməmiş bir addım atır.

Cübranın hekayəsində Şərqdə tamamilə adi bir hal olan qız­ların sevmədən ərə verilməsindən söhbət açılır. Varda he­ka­yə­çiyə valideyinlərin iradəsi ilə ailə quran qadınlar haqqında bir neçə kədərli əhvalat danışır. Bu konkret misallarla əsərin qəh­rəmanı sanki ətrafdakılara ədəbsiz və biabırçı görünən öz cəsarətli əməllərinin təbiiliyini göstərir.

Sentimentalizm cizgiləri yalnız Varda və ya onun əri Rəşid bəyin öz hiss və məhrəmanə yaşantılar aləmini aşkara çıxaran uzun monoloqlarının məzmununda deyil, həm də təhkiyəçinin özünün müəllif nitqində də görünür. Tərk edilmiş ərin kədərli şikayətini eşidən təhkiyəçi öz əhvalını belə ifadə edir: «Mən ayağa qalxdım, göz yaşları yanaqlarımdan axıb gedir, kədər qəlbimi parçalayırdı. Mən dostumun yaralı qəlbinə təsəlli ola biləcək söz tapmadan dinməz-söyləməz onunla vidalaşdım, məndə alovu onun tutqun qəlbini işıqlandıra bilən müdriklik yox idi».

Hekayədə təmtəraqlı obrazlar, ifadə və deyimlər çoxdur. Bütövlükdə bu hekayələr hələ bədii baxımdan zəifdirlər, onlarda müəllifin lirik ricətləri azlıq təşkil edir, Marta və Varda obrazları ümumi şəkildə verilmişdir, bu obrazların ifadə etməli olduqları ideyanın təsdiqini tələb etdiyi qədər açılmışlar.

Cübran sentimentalizmi ən dolğun şəkildə «Qırılmış qanadlar» povestində – sevmədiyi adama ərə verilən qadının faciəli həyat hekayəsində ifadə olunmuşdur.

«Qırılmış qanadlar» povesti müəyyən dərəcədə müəllifin şəxsi həyatı ilə bağlıdır. Bəzi bioqrafların şahidliyinə görə, Cüb­ranın özü də gəncliyində başqasına ərə verilmiş sevgili­si­nin ölümü ilə nəticələnən faciəvi məhəbbət yaşamışdır. «Qı­rıl­mış qanadlar» – müəllifin dilindən nəql edilən tipik me­lodra­mik əhvalatdır. Povestin ideya məqsədi qəhrəmanların daxili aləm­lərinin, onların ülvi hiss və yaşantılarının açılması ilə məhdudlaşmışdır.

Povestin məzmunu belədir: təhkiyəçi, o həm də əsərdə iş­ti­rakçı surətdir, öz mərhum atasının dostuna baş çəkir. Orada o, ev sahibinin qızı Səlma ilə qarşılaşır. Gənclər bir-birlərini ilk ba­xışdan sevirlər, lakin bu məhəbbət çox qısaömürlü olur və fə­lakətlə bitir – Səlma, yüksək mövqe tuduğuna görə, atasının rədd cavabı verə bilmədiyi arxiyepiskopun qohumuna nişan­lan­mış­dır. Povest faciə ilə sona çatır. Öz qızını bədbəxt etdiyini ba­şa düşən ata bu dərdə dözməyərək vəfat edir. Doğum zamanı Səl­ma və onun yeni doğulmuş körpəsi ölür.

Povest lirik proloq və hər biri fabulanın inkişaf mərhələsinə uyğun sərlövhəyə malik on kiçik fəsildən ibarətdir. Bu, müəllifin povestdə hadisələrin inkişaf xəttini ayırması cəhdini göstərir. Hadisələrin özü – tanışlıq, görüş, toy, ayrılıq və s. süjetin gedişini təmin edir. Sanki bir çox hadisələr baş verir, lakin əslində onlar yalnız müəllifə onun hiss və yaşantılar aləmini aşkara çıxaran fasiləsiz lirik monoloq başlamağa və davam etdirməyə imkan verən çıxış nöqtələri, müəyyən şərti işarələrdir. Özlüyündə müfəssəl inkişafa malik olan hadisə isə əsərdə yoxdur. Fəsillərin adları təhkiyədəki hadisələrin inkişafı üçün deyil, yalnız müəllifin və qəhrəmanların əhatəli mühaki­mə­lər üçün səbəb rolunu oynayır. Əvvəlcə, müəllifin Səlma ilə ilk görüşü yalnız xatırlanır, amma dərhal bunun ardınca gö­zəl­lik və onun mahiyyəti, məhəbbət, Səlmanın daxili aləmi, onun ülvi və zərif obrazı, qüssə dolu qəlbi, dilsiz kədərinin gözəlliyi barədə bütöv bir mühakimə və etiraf axını gəlir: «…Səlma pən­cə­rənin qabağında oturub kədərli gözləri ilə bizə baxırdı… san­ki o bilirdi ki, gözəllik səslərə və gözlərə ehtiyacı olmayan ilahi natiqlik istedadına, kiçik çayların zümzüməsi, sakit gölün əbədi su­san dərinliyinə bənzər bütün insan səslərinin qovuşduğu öl­məz nitq qabiliyyətinə malikdir. Gözəllik qəlbimizlə duy­du­ğu­muz sirdir, qəlblərimiz ona tabe olaraq şadlanır və genişlənir, ağ­lımız isə heyrət və təəccüb içində onu sözlə ifadə edə bil­mə­yə­rək donub qalır. Bu, görənin hissləri ilə görünənin həqiqəti ara­sında gizli zərrəciklər axınıdır; bu insanın zahirini nur­lan­dı­ran müqəddəs ruhların ziyasıdır: həyat toxumun dərinliyindən gü­lün rayihə və rənglərinə belə çevrilir; bu kişi və qadın ara­sın­da tam anlaşmadır: bir anda yaranaraq, o ən ali istəyi – mə­həb­bət adlanan o mənəvi yaxınlığı doğurur». Povestin başqa fəsil­lə­ri də, həmçinin, hadisələrin gedişinin təsviri baxımdan məh­dud­dur. Müxtəlif surətlərin söz almalarına baxmayaraq, bütün po­vest əslində bir müəllif monoloqudur. Bu zaman hekayəçi öz iz­harında, demək olar ki, ictimai, sosial problemlərə toxunmur. Onu başlıca olaraq, mənəviyyatın, fəlsəfənin problemləri, qəl­bin və ruhun həyatı maraqlandırır. Onun dini-klerikal mövzuda və qadının ailədə rolu mövzusunda düşüncələri istisna təşkil edir.

Əgər təhkiyəçi nəsrdə sentimentalist ənənələrin üs­tün­lü­yü nəzərə çarpırsa, «Göz yaşı və təbəssüm» məc­mu­ə­si­nin janr tər­kibinə – esse və mənsur şeir – romantik üslub daha yaxşı uy­ğun gəlir. «Göz yaşı və təbəssüm» kitabı Cübranın romantizmi ne­cə mənimsəməyə başladığını göstərir. Bu kitaba bir neçə il ər­zində (1903-1908) mühacir nəşrlərində, xüsusilə də, «əl-Mü­ha­cir» jurnalının səhifələrində çap olunan əsərlər daxil edil­miş­dir. Cübran mənsur şeir janrına müraciət etmişdir. Bu, müəl­li­fin pərakəndə təəssürat və mülahizələrini, onun fəlsəfi düşün­cə­lərini əks etdirən kiçik essedir. Bu şeirlər zərifdir, ahənglidir, onların cilalanmış və aforizmlərlə zəngin dili var.

Bu kitabda Cübranın toxunduğu mövzuların dairəsi çox genişdir; insanın cəmiyyətdə mövqeyi, onun təbiətlə qarşılıqlı əlaqəsi, insan varlığının mənası, şair və poeziya, gözəllik və mə­həb­bət və s. Məcmuənin bir çox əsərləri sentimental motiv­lər­lə zəngindir, hədsiz həssaslıq, gərgin lirizm, öyüd və nəsi­hət­­çiliyə meyl kimi cəhətlər diqqəti cəlb edir. Əsərlərin üslubu çox təsirlidir, xüsusilə, ritorik sual və nidalar Cübran yara­dıcı­lı­ğın­da böyük rol oynayır («Müdrikliyin gəlişi», «Ey külək», «Giz­­li söhbət» və s.): «Mən kiməm, ey müdriklik və bu dəh­şətli yerə necə gəlmişəm? Bu böyük arzular, çoxlu kitablar və heyrətamiz rəsm əsərləri nə deməkdir? Göyərçin dəstəsi kimi uçuşan bu fikirlər nədir? Şüurun muncuq kimi düzdüyü, həzzin dağıdıb səpələdiyi bu nitq nədir? Ruhumuzu saran, ürəyimizi bürüyən, gah kədərli, gah sevincli bu sözlər nədir? Mənə baxan mənim qəlbimin dərinliklərini seyr edən, iztirablarıma biganə qalan bu gözlər nədir? Məni bilmirəm haralara sürükləyən, məni alçaqların yerinə qoyan bu dünya nədir? Bütün bunlar nədir, ey müdriklik?» Şeir şairin daxili aləminin mürəkkəb və əzablı yaşantılarının əks olduğu bu cür heyrəti ifadə edən, faciəli nidalarla doludur.

İ.Y.Kraçkovski «Göz yaşı və təbəssüm» toplusu barədə ya­zırdı ki, «Cübranın sentimentalizmi təbəssüm doğurmur, çün­­ki o, həm Nyu-Yorkda yaşayan, həm də sidr meşələri ilə ör­tülü dağların ətrafındakı Livan kəndlərini tərk etməyən hər bir ərəbin qəlbində əks-səda tapır. Bizə qeyri-təbii və süni görünən həmin nitqlər onları doğuran səbəbin qəribə şəkildə sözlərin həd­dən artıq yüksək və ehtiraslı tonuna uyğun gəlməməsinə bax­mayaraq, ərəbin özünü doğma mühitində özününkülərin ara­sın­da hiss etdiyi hər bir yığıncaqda səslənəcəkdir».

Varlıların rəhmsizliyinin və yaramaz həyat tərzlərinin pis­­lənməsi müqabilində yoxsul insanların insani ləyaqətlərinin tanınması və onlara hüsn-rəğbət – sentimentalizmin bu kitabda özünü parlaq şəkildə təzahür etdirən mövzularından biridir. La­kin Cübran varlıq və yoxsulluq probleminin ictimai sər­həd­lə­ri­nin müəyyənləşməsi üzərində diqqəti kəskinləşdirmir. Onun eti­­­razı «ümumiyyətlə» insan humanizminin «ümumiyyətlə» əda­­­­lətsizliyə qarşı etirazdır. «Daxma ilə saray arasında», «Ca­ni», «Lal heyvan» və «Göz yaşı və təbəssüm» şeirləri buna mi­sal ola bilər. «Daxma ilə saray arasında» mənsur şeirində var­lı­la­rın və zəhmətkeş insanların həyatından kəskin təzadlı mənzə­rə­­lər verilmişdir: «Axşam oldu, dövlətlinin imarətində elektrik lam­paları bərq vurdu; nökərlər parlaq düyməli məxmər pal­tar­lar­­da darvazanın yanında düzülərək qonaqların gəlişini göz­lə­yir­dilər...

Səhər açıldı.... Axşamkı şənlikdən əldən düşmüş, şərab­dan sonra kefli-nəşəli, rəqs etməkdən üzülmüş, ziyafətdə yor­ğun düşmüş cənab varlılar ayrılıb öz yumşaq yataqlarına üz tutdular».

Bu isə yoxsul həyatını təsvir edən səhnədir: «Günəş bat­dıq­dan sonra köhnə daxmanın qarşısında fəhlə geyimində bir ki­şi dayandı. Qapını döydü və ona qapını açdılar. O, içəri girdi, ha­mını salamladı və ocağın dövrəsində oturan uşaqların ara­sın­da əyləşdi... Səhər oldu və yoxsul oyandı, öz balaları və arvadı ilə bir tikə çörək yedi, süd içdi, ağır toxanı çiyninə atıb evdən çıxdı. O tarlaya yola düşdü ki, buranı becərsin, öz alın təri ilə su­varsın və gecələri kef və əxlaqsızlıqla keçirən həmin döv­lət­li­lər üçün məhsul toplasın». Əsər sentimentalistlər üçün sə­ciy­yə­vi olan belə bir hikmətli ifadə ilə bitir: «İnsanın faciəsi be­lədir. Bu faciə əsrlər boyudur həyat səhnəsində oynanılır. Bu, çox­larına xoş gəlir, onun üzərində düşünənlər və onu an­layanlar isə çox azdır».

Əsərin sonluğu epik şəkildə sakitdir, sanki sadəcə faktın təs­diqidir. Şeirdə əks etdirilən mənzərə son dərəcə mücərrəd, qey­ri-konkret təsir bağışlayır. Bu, nə Livan, nə Misir, nə də hans­ısa başqa bir ölkədir. Bu, yazıçıda bir kədər hissi doğuran və sanki artıq onun barışdığı adi, əbədi və qanunauyğun bir haldır.

«Daxma ilə saray arasında» hekayəsində nəzərə çarpan kon­trast üsulu «Göz yaşı və təbəssüm» mənsur şeirində də da­ha aydın şəkildə görünür, burada o, sosial qarşıdurmaların üzə çı­­xarılmasından daha çox yaşantı və hisslərin təzadlılığına yö­nə­­lib; xoşbəxtlik və rahatlıq, faciəvilik və çıxılmazlığa qarşı qoyulub.

Yuxarıda göstərilən misallar gerçəkliyin təsvirinə senti­men­talist yanaşma tərzini səciyyələndirir: cəmiyyət əzəldən var­lılara və kasıblara bölünüb. Birincilərə müəllif iltifatlı bir mə­zəmmətlə, ikincilərə şəfqət və mərhəmətlə, rəğbətlə yanaşır. Ma­hiyyət etibarilə isə insanlar arasındakı münasibətin ictimai xarakteri Cübranı maraqlandırmır. İnsanlar onun təsəvvüründə yalnız yaxşı və pis, zalım və xeyirxah və s. olur. Onun bu əsər­lə­rində çox hissiyyatlılıq, bəzən də dramatizm var, belə ki, mü­əl­lif gerçəkliyi təhlil edərkən alternativlər görmür, yalnız şəri təsbit edir.

Elə bu əsərlərdə sentimentalizmin daha bir əlaməti – tə­bi­ət mənzərəsinin xüsusi səciyyəsi üzə çıxır. Cübranın mən­zə­rə­lə­rinə, adətən, sakitlik, gözqamaşdırıcı gözəllik, ya günəşin qız­mar şüaları, ya da ayın mülayim işığı, ətir saçan çiçəklər, açıq mavi səma, quşların valehedici nəğməsi, sakit meh və s. xas­dır. Bir qayda olaraq, belə mənzərəni elə o qədər də sakit his­slər – həyatla barışmağın və ona məhz necə varsa elə də ol­du­ğuna görə minnətdarlığın ifadəsi olan hisslər mü­şa­yi­ət edir: «Günəş çiçəkli bağları və çəmənləri işıqlandıran şüalarını yı­ğa­raq gizləndi; üfüqlərdən yüksələn ay öz zərif şəfəqini onların üzə­rinə səpdi, mən isə hələ də ağacların altında oturub təbiətin bir haldan o biri hala düşməsini seyr edirəm, budaqlar ara­sın­dan sanki mavi xalça üzərinə dirhəmlər kimi səpələnmiş ul­duz­ları seyr edir və vadidən axan suların şırıltısına qulaq asırdım» («Göz yaşı və təbəssüm»).

Cübran yaradıcılığının ən mühüm mövzularından biri şa­ir mövzusudur («Şairin ölümü – onun həyatıdır», «Şair», «Ey ge­cə», «Şairin səsi» və s.). Bu mövzu Cübrana qərb ro­man­tik­lə­rinin təsirini aydın göstərir. Bir çox ingilis və amerikan ro­man­tikləri bu mövzunun bədii təcəssümünü şəxsiyyət və onun hə­qiqəti intuitiv dərki problemləri ilə əlaqələndirir. Kainat və Dün­ya ruhunun mahiyyəti rasional id­rak üçün əlçatmazdır və gün­dəlik təcrübəyə tabe deyildir, buna görə də əsas vasitəsi yal­nız şairin iqtidarının çatdığı təxəyyül və bəsirətdir, – Emer­son belə hesab edir. Beləliklə, şair missiyası – görücü, həqiqət car­çısı və peyğəmbər missiyasıdır.

Şairin vəzifəsinin analoji anlamı, onun dünyaya, insan hə­yatına məhəbbət, həqiqət və gözəllik gətirmək üçün gəl­di­yi­nə inam – Cübran yaradıcılığı üçün xasdır. Onun tərifinə görə, şair «ilahənin (yəni məhəbbət ilahəsi – A.İ) şəfqətindən yerə göndərilmiş ali ruhdur» («Şairin ölümü onun həyatıdır»). O, «bu dünyanı gələcək dünya ilə bağlayan teldir. Təşnə qəlblərin su içdiyi sərinləşdirici bulaqdır... İnsanlara ilahi olanı görməyi öyrətmək üçün Allahın yerə göndərdiyi hökmdardır. Qaranlığa qalib gələn məhəbbət ilahəsi Astartanın yağla doldurduğu, musiqi allahı Apollonun alovlandırdığı çıraqda doğulan nurdur.

Tənha, sadəlik qiyafəsinə bürünmüş, zərifliklə qidalanan, ona yaşamaq öyrədən təbiətin qoynunda gizlənən; gecənin səs­siz­liyində oyaq qalaraq ruhun gəlişini gözləyən, bol məhsulunu in­sanlığın biçdiyi hisslər zəmisində öz ürəyinin toxumlarını sə­pən.... Sizin dünyanız hüdudsuz və əbədidir, ey şairlər» («Şa­ir»). Şairin vəzifəsinin anlaşılmasında Cübranla qərb roman­tik­lə­rinin əsas fikirlərinin üst-üstə düşdüyünü inkar etmək çə­tin­dir.

Şair mövzusu xüsusi dəyişikliklərə məruz qalmadan Cüb­ra­nın bütün yaradıcılığı boyu keçir. Şair obrazı bəzi vaxtlar kos­mik miqyas əldə edir, şəxsiyyətin mikrokosmosu kosmosla ey­ni ölçüdə olur, ona müvafiq gəlir. «Ey gecə» şeirində şair özü haqqında yazır: «Mən gecə kimi sükutla doluyam, ucsuz-bu­caqsız və hüdudsuzam, mənim qaranlığımın əvvəli, dərin­li­yi­min sonu yoxdur». Şair orta əsr ölçülərinə uyğun poeziyanın adi texniki vasitələrlə (ləfz və məna – söz və poetik motiv) iş­lə­yən sənət ustası kimi çıxış etmir. Onun yaradıcılığını onun özün­dən fərqləndirmək, poeziyada forma və məzmunu ayırmaq zə­rurəti qalmır: «Poeziya sözdə ifadə olunan əqidə deyil, qanı axan yaradan və ya gülümsəyən dodaqlardan çıxan himndir...» .«Şa­ir – taxtından salınmış hökmdardır...». Lakin bu zaman şa­i­rin əzəməti – qovulmuş mələyin, hakimiyyətdən məh­rum ol­muş hökmdarın əzəmətidir. Bu obrazların mənbəyi klassik ərəb ədə­biyyatında yaradıcılığın ənənəvi konsep­si­ya­sı­la­­rına o qədər də xas olmayan romantik poeziyanın sata­nizmin­də­dir. «Poe­zi­ya – ürəkləri məftun edən müdriklikdir. Müdriklik isə fikir him­­nini ifa edən poeziyadır»... «Böyük şair – bizim sü­ku­tu­mu­zu ifadə edə bilən şairdir». Bu və ya başqa deyimlər po­e­ziyanın iki dünya – gizli və aşkar, sözlə ifadə edilə bilməyən qeyri-adi və adi dünyalar arasında vasitəçi olmaq kimi əlahiddə xüsu­siy­yət­lərini nəzərə çarpdırır.

Cübran üçün şair ilk növbədə gözəllik və həqiqət kahini ola­­raq qalır (bu barədə biz sonra bəhs edəcəyik), amma məhz şa­­ir, onun fikrinə görə, adamlara gündəlik həyatlarında bələd­çi­lik etmək, harmonik varlıq idealını təsdiq etmək üçün seçil­miş­dir.

«Şairin səsi» mənsur şeirində o yazır: «Güc mənim ürəyi­min dərinliklərinə toxum atır, mən isə məhsulu yığıram, sün­bül­­lərini toplayıb qucaq-qucaq aclıq çəkənlərə paylayıram. Mə­nim kiçik üzümlüyüm canlanır, mən isə salxımlardan şirə çəkib təş­nələrə içirdirəm. Səma çırağı yağla doldurur, mən isə onu yan­dırır və pəncərəmin önünə qoyuram – gecə yolçularının yo­lunu işıqlandırıram».

Şair mövzusu Cübranda ayrılmaz şəkildə tənhalıq hissi ilə bağlıdır. O dəfələrlə şair və onu əhatə edən gerçəklik ara­sın­da təzadlar olduğunu qeyd etmişdir. «Sənətkar, – mən öz fikir və hissilərinin ifadəsi üçün yeni formalar yaradan yaradıcı şəx­siy­yəti nəzərdə tuturam – həmişə öz ailəsi və dostları üçün yad­dır, öz vətənində yaddır, ümumiyyətlə bütün bu dünyada yad­dır», – deyə o, «Sulban» pyesində yazır. Elə bu fikir dəqiq şə­kil­­də «Şairin ölümü – onun həyatıdır» adlı mənsur şeirində ay­dın görünür. Gənc, istedadlı şair kasıb komada tənhalıqda acın­dan ölür, çünki «insanlar ondan üz dönərmiş və unut­muş­lar». «Əsr­lər keçir, şəhərin sakinləri isə inamsızlıq və laqeydlik yu­xu­suna dalmışdılar, biliyin şəfəqi onların üstünə şəfəq salıb oyat­­dıqda, şairə möhtəşəm heykəl ucaltdılar və onun şərəfinə hər il təntənələr keçirməyə başladılar. Ah, insan necə də cahil­dir!» – deyə Cübran haray çəkir.

Şair mövzusunu Cübranda həmişə müəllifin etik və mə­nə­­­vi prinsiplərinin, onun dünyaya, insana və cəmiyyətə ba­xış­la­­rı­­­nın açılışı müşayiət edir. Bu baxışlar da romantiklərin baxış və inam­­ları ilə yüksək dərəcədə səsləşir. «Göz yaşı və təbəs­süm» top­lusunda əhəmiyyətli yer tutan gözəllik və məhəbbət möv­­zu­su («Məhəbbətin həyatı», «Gözəllik», «Məhəbbətin taxtı önün­­də», «Xəyallar ilahəsi», «Ürəyin sirləri», «Gözəllik nəğ­mə­si» və s.) və şair mövzusu sıx qarşılıqlı əlaqədədir, bir-bir­lə­ri­ni ta­mam­layır.

Maarifçilərin əksinə olaraq romantik şair ağılı intuisiya ilə, hisslə birləşdirir, başqa sözlə, o, dünyanı ilhamla, «bədii şə­kil­də» mənimsəyir, varlıq hadisələri üzərindən adilik örtüsünü qoparır, onun arxasında saxlanan gözəlliyi üzə çıxarır.

Cübran, gözəlliyi nə isə ümumi və ideal bir şey kimi mü­əy­yənləşdirir, təbiət kimi insan da gözəlliklə dolub daşır. Gö­zəl­lik adlı-sanlı və zəngin insanların imtiyazı deyil, o, «bü­tün in­sanlığın müqəddəs mülkiyyətidir». «Gözəllik nəğ­məsi»n­də de­yilir: «Mən – səadət eviyəm, mən – sevinc mənbəyiyəm, mən əmin-amanlığın başlanğıcıyam... Mən şairlərin ilhamçısı, sənətkarların rəhbəri, musiqiçilərin müəllimiyəm.... mən körpə gözlərinin baxışıyam.... Mən – həqiqətəm, ey insanlar! Mən – həqiqətəm.... və bu sizə məlum ola bilənlərin ən yaxşısıdır! »

«Gözəllik» mənsur şeiri də bu fikrə həsr olunmuşdur: «Ey, siz ixtilaf zülmətində məhv olanlar, güman girdablarında bo­ğulanlar! Axı, gümanları inkar edən, şübhələri qovan həqiqət və sizi yalanın zülmətindən qoruyan parlaq işıq gözəllikdədir». Cüb­ran üçün gözəllik həyatın özəyidir, mahiyyətidir, ali və əbə­­di həqiqətidir. O, təbiəti gözəlliyin təcəssümü və rəmzi he­sab edir. Cübran deyir: «Gözəllik – bu bütün təbiətdir». Gö­zəl­lik­dən həzz almaq təbiətin cazibəsi qədər təbiidir. «Baharın oya­­­nışına və səhərin açılmasına diqqətlə baxın, – axı gözəllik ba­­­xanların nəsibidir. Quşların nəğməsinə, bulaqların xışıltısına, çayların şırıltısına qulaq asın, – axı gözəllik dinləyənlərin nə­si­bi­dir». Gözəllik məhəbbət və xeyir kimi mənəvi anlayışlardan ay­­rılmazdır: «Cisminizi məbəd kimi gözəlliyə həsr edin, ürə­yi­ni­zi qurbangah kimi məhəbbətə həsr edin, – axı gözəllik ona si­ta­­yiş edənlərin əvəzini verir». Gözəlliyin qavramı insanı yük­səl­­dir və nəcibləşdirir, onu xeyirxahlığa və təmənnasızlığa qovuşdurur.

Romantiklərdə gözəllik və məhəbbət şairin ürəyini və tə­xəy­yülünü işıqlandıran mənəviyyat nurudur. Emersona görə, şa­ir – «kainatın nəfəsindən titrəyən «Eol arfasıdır», o, əşyalara ad verir və gözəlliyin vasitəçisi olur», – deyə Emerson yazır.

Gündəlik qayğılarla yaşayan insanlar çox zaman gö­zəl­li­yin yanından ötüb keçirlər, şairin borcu onların diqqətini gö­zəl­li­yə yönəltməkdir, çünki gözəllik – həqiqətin timsalıdır («Xə­yal ilahəsi»). Buna görə, mənəvi dəyərlər sistemində gözəlliyə ən yüksək yer ayrılır.

Cübran yaradıcılığında şair mövzusunun başqa bir as­pek­ti – romantik şəxsiyyəti, onun rolunu, ona olan inamı yer üzün­də yüksəklərə qaldırmaqdır. İ.F.Volkov yazır: «Məhz ro­man­tizm ədəbiyyat üçün yalnız özünün fərdi xüsusiyyətlərinin tək­rarsızlığı mənasında deyil, həm də öz xarakterinin dərin məz­mununa görə dəyərlərə malik olan şəxsiyyəti açdı və bu­nun­la sənəti əhəmiyyətli dərəcədə real insan həyatı ilə yaxınlaşdırdı».

Dünyanı romantik şəkildə qavrayan şəxsiyyət mövzusu bü­­töv bir silsilə mənsur şeirlərdə açılmışdır: «Keçmişin şəhə­ri», «Kor qüvvə», «Günəşin altında», «Səadət nəğməsi», «İn­san nəğməsi» və s.

«Kor qüvvə» şeirində azadlığa çıxan kortəbii qüvvə zəif in­­­sanın üzərinə atılır və onun əlləri ilə yaradılan hər şeyi da­ğı­dır: «...Kədərli qəlb uzaqdan bütün baş verənlərə baxır, dü­şü­nür və iztirab çəkirdi: o, insanın təbiət qüvvələri qarşısında güc­­­­­süzlüyü barədə düşünürdü və fəlakətə məruz qalanlarla bir­gə iztirab çəkirdi... Lakin bütün bu dəhşətli fəlakətlər və bəd­bəxt­­­liklər içində mən nəhənglər kimi dayanıb torpağın sə­feh­li­yinə və təbiətin qəzəbinə istehza edən insanın ilahiliyini gör­düm.... o, əbədiyyət himni oxuyurdu: «Qoy torpaq ona aid olan hər şeyi götürsün,


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin