2. Fəlsəfənin əsas məsələsi
3.Fəlsəfənin funksiyaları
1.Fəlsəfə nəyi öyrənir Əvvəllər “elmlər elmi” adlandırılmış fəlsəfə dünyanın mahiyyətini, həyatın mənasını, “görünənlərdə görünməyənləri” məntiqi cəhətdən anlamaq təlabatından doğmuşdur. Fəlsəfə təxminən 2500 il bundan əvvəl Qədim Şərqdə - Misirdə, Babilistanda, Çində. Hindistanda təşəkkül tapmış, e.ə. VII-VI əsrlərdə isə Antik Yunanıstanda özünün klassik formasına çatmışdır.
Yunanca “phileo” – sevmək, “sophia” – hikmət sözlərindən olan fəlsəfə, “hikməti sevmək”, “müdrikliyi sevmək” deməkdir. Ta qədimdən fəlsəfə müdriklik təlimi, filosof isə müdrik insan kimi mənalandırılmışdır.
İlk dəfə “fəlsəfə” sözünü yunan mütəfəkkiri Pifaqor (e.ə. VI əsr) işlətmişdir. Fəlsəfə istilahının şərhi və onun Avropa mədəniyyətində möhkəmlənməsi Platonun (e.ə.V-IV əsrlər) adı ilə bağlıdır. Sokrat (e.ə. V əsr) fəlsəfəni həqiqətə məhəbbət elmi kimi qiymətləndirmişdir. Aristotel (e.ə. IV əsr) isə fəlsəfəni “başlanğıclar haqqında elm”, biliklərin universal sistemi kimi səciyyələndirmişdir.
Fəlsəfə nə vaxt və hansı regionda yaranıb? Bu suala alman filosofu K.Yaspers (1883-1969) “Tarixin mənası haqqında” əsərində cavab verməyə çalışıb. Onun fikrincə, e.ə. 500 ilə yaxın (e.ə. 800-200-cü illər arası) bir müddət ümumdünya tarixində nadir bir dövr olub. Bu dövrü o, “zaman oxu” adlandırır. Bu zaman daxilində Şərqdə Çin fəlsəfəsi, Hind fəlsəfəsi, Zərdüştlük yaranır. Yunanıstanda görkəmli filosoflar yaşayır. Fələstində peyğəmbərlər bir-birini əvəz edir. Məhz həmin dövrdə fəlsəfənin bu gün işlətdiyimiz kateqoriyaları yaranır, dünya dinlərinin əsası qoyulur. Müasir insan tipi də məhz həmin dövrdə yaranır.
Fəlsəfə nəyi öyrənir sualı qoyularkən ilk növbədə onun predmetinin əsas sahələri müəyyənləşdirilməlidir. Bunlar ontologiya (varlıq haqqında təlim), qnoseologiya (idrak haqqında təlim), insan (antropologiya) və cəmiyyətdən (sosial fəlsəfə) ibarətdir.
Fəlsəfənin predmetinin müəyyənləşdirilməsinə dair müxtəlif təriflər vardır. Onlardan ən geniş yayılanı F.Engelsin (1820-1895) tərifidir: Fəlsəfə təbiət, cəmiyyət və insan təfəkkürünün ən ümumi inkişaf qanunauyğunluqları haqqında elmdir. Bu müddəa fəlsəfənin predmetinin mühüm tərəfini əks etdirir. Lakin, bu tərifdə fəlsəfənin öyrəndiyi ən ümumi olmayan hadisələr və proseslər kənarda qalır.
Rus müəllifi T.İ.Oyzermana görə fəlsəfənin predmeti gündəlik və tarixi, fərdi və ümumbəşəri təcrübə, elm və praktika əsasında formalaşan problemlərin cəmidir. Bu tərif fəlsəfi biliyin və onun problematikasının iki deyil, dördlük koordinantlamüəyyənləşdirilməsinə əsaslanır. İkili koordinant sistemində fəlsəfi bilik ontologiya və qnoseologiyadan ibarət olur. Dördlük koordinant sistemində isə ontologiya və qnoseologiyadan əlavə aksiologiya və praksiologiya da fəlsəfi biliyə daxil olur.
Fəlsəfə izah etməli olduğu məsələlərin birdəfəlik həllini təklif etmir. Onun əsl mahiyyəti həqiqəti dərk etməyin əbədi axtarışında olmasındadır. Təbiət elmləri məsələnin son, həm də bitmiş həllini axtarırlar. Lakin, varlığa, təfəkkürə, həyata, mənəvi dəyərlərə və s. aid məsələlərin birdəfəlik və həmişəlik həllini vermək qeyri mümkündür. Fəlsəfə həm də “əbədi məsələlər”in dərk olunmasının prinsip və metodlarını işləyib hazırlayır.
Dünya, kainat necə qurulub? Dünyanın mahiyyəti nədən ibarətdir? Onun ilk mənbələri haradandır? Nə üçün insan mövcuddur? İnsanın dünyadakı yeri nədən ibarətdir? O, dünyanı dərk etməyə və dəyişdirməyə qadirdirmi? Nəhayət, insan həyatının mənası nədən ibarətdir? İnsan zəkasını düşündürən bu kimi əbədi suallar istisnasız olaraq fəlsəfənin tədqiqat predmetinə daxildir.
Fəlsəfənin mərkəzi problemi olan insan və dünyanın qarşılıqlı münasibəti fəlsəfənin müxtəlif bilik sahələrində - ontologiyada, qnoseologiyada, sosial fəlsəfədə, fəlsəfi antropologiya və fəlsəfə tarixində öyrənilir.
Ontologiya - varlıq haqqında təlimdir. Ontologiya dünyanın necə olması, nə üçün mövcud olması, necə təşkil olunması, insan varlığının mahiyyətinin nədən ibarət olması məsələlərini tədqiq edir.
Qnoseologiya– dünyanın dərk edilməsi, idrak prosesinin strukturu və əsas qanunauyğunluqları, insanın idraki fəallığının dinamikası və s. problemləri öyrənir.
Sosial fəlsəfə - cəmiyyəti bütöv sosial sistem kimi tədqiq edir, onun mövcud olub fəaliyyət göstərməsi mexanizminin xüsusiyyətlərini aşkarlayır. Müasir sosial fəlsəfənin müham problemləri siyasət və hakimiyyət, cəmiyyət və dövlət, vətəndaş cəmiyyətinin formalaşmasının yolları və mexanizmi problemləridir.
Fəlsəfi antropologiya - insanın mahiyyətini, onun təbiətə, cəmiyyətə, bir-birinə, özünə münasibətinin əsas formalarını, onun mənşəyini, insanın mövcudluğunun sosial və fəlsəfi əsaslarını öyrənir.
Fəlsəfə tarixi - fəlsəfi ideyaların, fəlsəfi məktəblərin, cərəyanların və istiqamətlərin meydana gəlməsini, inkişaf sistemini və mübarizəsi tarixini öyrənən təlimdir.