2.Fəlsəfənin əsas məsələsi F.Engels təfəkkürün varlığa, ruhun təbiətə münasibətini fəlsəfənin əsas məsələsi kimi müəyyən etmişdir. Fəlsəfənin əsas məsələsinin iki tərəfi vardır: Birincisi, maddi olanla ideal olanın qarşılıqlı münasibəti. Yəni, materiya, yoxsa ruh (şüur) ilkindir”. Başqa sözlə, təfəkkürün varlığa münasibəti fəlsəfənin əsas məsələsinin bir tərəfidir. Bu, fəlsəfənin əsas məsələsinin ontoloji tərəfidir.
Əsas məsələnin ikinci tərəfi belə ifadə olunur: “Biz öz təsəvvürlərimizdə və anlayışlarımızda gerçəkliyin doğru əksini yarada bilərikmi?”. Başqa sözlə, bu dünya, aləm dərk olunandırmi? İnsan bu dünyanı dərk edə bilərmi? Bu, fəlsəfənin əsas məsələsinin qnoseoloji tərəfidir.
Bütün bu suallara verilən cavablara əsasən fəlsəfədə iki cərəyan – materializm və idealizm cərəyanları ayrılır. Materializmə görə, dünya ilk başlanğıcdan maddidir, şüur isə ondan törəmədir.
Materializmin müxtəlif formaları vardır. İlk forması antik dövrün “sadəlövh materializmidir”. Nümayəndələri: Fales, Anaksimandr, Anaksimen, Heraklit, Empedokl, Demokrit, Epikür və b.
Yeni dövrdə mexanikanın inkişafı nəticəsində fəlsəfədə mexaniki materializm cərəyanı yarandı. Nümayəndələri: P.Holbax, P.Hassendi, J.Lametri və b.
Materializmin digər forması “antropoloji materializm”dir. Yaradıcısı klassik alman filosofu Feyerbax (1804-1872) hesab olunur.
Materialzmin daha bir forması “vulqar materializm” hesab olunur. Nümayəndələri: Foqq, Büxner, Moleşott və b.
Nəhayət materializmin materializmin sonuncu forması K.Marks (1818-1883) və F.Engelsin yaratdığı “dialektik materializm”dir.
İdealizmə görə, dünyanın əsasında maddidən əvvəl gələn ideal, mənəvi durur.
İdealizm obyektiv və subyektiv idealizm növlərinə bölünür.
Bütün varlığın əsasında, başlanğıcında insanların şüurundan asılı olmayaraq, obyektiv halda mövcud olan qeyri maddi, maddi olmayan nə isə qəbul edilirsə, bu – fəlsəfədə obyektiv idealizm adlanır. Bu maddi olmayan çox müxtəlif şəkildə adlandırıla bilər – Allah, Dünya Zəkası, İdeya, Dünya Ruhu və s. Obyektiv idealizmin nümayəndələrindən: Platon, A.Foma, G.Hegel və s.
Subyektiv idealistlərə görə dünyanın əsasında fərdi şüur dayanır. Yəni, dünyaya baxış ancaq fərdi şüur prizmasından həyata keçirilir. Nümayəndələrindən: C.Berkli, D.Yum, Fixte və s.
Fəlsəfədə materializm və idealizmlə yanaşı dualizm cərəyanı da mövcuddur. Dualizm həm maddi, həm də ruhi substansiyaları eyni dərəcədə qəbul edir. Ən məşhur nümayəndəsi R.Dekartdır.