3. Orta əsrlərdə ərəbdilli İslam fəlsəfəsi Mədəniyyət əvvəlcə qədim Şərqdə, sonra Qərbdə vücuda gəlmiş, ayrı-ayrı tarixi dövrlərdə gah burada, gah da orada daha yüksək inkişaf inkişaf mərhələsinə çatmışdır. Feodalizm dövründə Qərb ölkələrində xristian aləmində din ictimai şüurun digər formaları üzərində hakim kəsilmişdi. Bundan fərqli olaraq, Şərqdə peripatetizm, habelə Azərbaycan filosoflarının yaratdıqları panteizm və işraqilik kimi elmi-fəlsəfi təlimlər mövcud olmuşdur.
Orta əsrlərdə Şərq fəlsəfəsi ərazi bölgü xüsusiyyətlərinə görə iki qola ayrılır: biri İslam dininin yayıldığı ölkələrə, digəri Çin, Hindistan, sonralar isə Yaponiya və b. ölkələrə məxsusdur. Müsəlman Şərqi – Misir, Suriya, İraq, Azərbaycan, İran, Kiçik Asiya, Türküstan və b. ölkələrin orta əsrlər fəlsəfəsi (həmçinin Əndəlüs fəlsəfəsi) öz məzmunu və ideya baxımından ümumi olub, vəhdət təşkil edir.
Dini fəlsəfə əsas etibarı ilə sünnilik (onun hüquq məktəbləri), şiəlik (qalilik, ismaillilik və b. firqələr), kəlam (onun müxalifətçi və ortodoksal qolları) və təsəvvüfdə bu və ya digər səviyyədə öz ifadəsini tapmışdır. Burada başlıca məqsəd kreatsionizmi (Allahın dünyanı heçdən yaratma aktı) qəbul edib əsaslandırmaq idi.
Qədim Yunanıstan və Roma ilə orta əsr Şərqi arasında varislik əlaqələri möhkəm idi. Belə ki, VII əsrin sonlarından etibarən qədim elmi və fəlsəfi fikrin ən parlaq nümunələri ərəb dilinə çevrilmişdi. Xəlifə Məmun ibn Harun ər-Rəşid (813-833) əvvəllər canişin olduğu Xorasan vilayətindən görkəmli alimləri öz ətrafına toplamış, tərcüməçilər üçün ayrıca məktəb təsis etmişdi. “Elm evi”, yaxud “Hikmət evi” adlanan bu məktəb müsəlman Şərqinin mədəni inkişafı üçün misilsiz rol oynamışdır. Xəlifə elmi və fəlsəfi əsərləri toplamaq üçün Konstantinopola, İrana, Hindistana və b. yerlərə adamlar göndərir, əldə olunmuş kitabların tərcüməsini və şərhini təşkil edirdi. Tərcümə ədəbiyyatı içərisində Pifaqorun, Evklidin, Platonun, Aristotelin əsərləri ilə yanaşı Qalenin, Aleksandr Afrodisinin, Plotinin, Porforinin, Ptolomeyin əsərləri xüsusi yer tuturdu. Müxtəlif millətlərin nümayəndələri olan tərcüməçilər həm də müxtəlif əqidə yolçuları – zərdüçti, sabii və xristian idilər.
Ərəb-müsəlman fəlsəfəsi dedikdə, ərəb xilafətinə daxil olan xalqların ərəb və fars dilində yazılan fəlsəfəsi nəzərdə tutulur. İslam mədəniyyətində dini-fəlsəfi fikir 3 əsas istiqamətdə özünü göstərmişdir:
Kəlam – İslamın sxolastik teologiyası;
Sufizm – dini-mistik və panteist fikir;
Fəlsəfə - antik dövr mütəfəkkirlərinin güclü təsiri ilə formalaşan fəlsəfə (peripatetik fəlsəfə).
Kəlam.
Geniş mənada kəlam termini ilkin orta əsrlərin müsəlman ədəbiyyatında dini-fəlsəfi mövzuya həsr olunmuş hər cür mülahizələrdə tətbiq edilirdi. Dar mənada, kəlam – İslam ehkamlarını zəkaya istinad edərək izah etmək əməliyyatını ifadə edirdi. Zəkaya müraciət etmək kəlamı fəlsəfə ilə əlaqələndirən bir vasitə edirdi. Kəlam təlimi ilə fəlsəfəni fərqləndirən cəhət ondan ibarət idi ki, mütəkəllimlərin (kəlam nümayəndələri) fikir mənbəyini İslamın normativ prinsipləri, yəni bu dinin problematikası təşkil eidrsə, filosoflar zəkanın normativ prinsiplərini əsas götürürdülər, yəni, fəlsəfi fikir söyləməyin antik modellərinə istinad edirdilər.
Kəlamın nəzəri əsasını VII-VIII əsrlərin qovşağında Suriya, İraq, Misir və İranda meydana gəlmiş cəbərilər və qədərilər arasında gedən ehkamçılıq mübahisələri təşkil edirdi. Quranda üstü örtülü şəkildə verilmiş məsələlərin şərhi, açılması, yəni, İslamın fəlsəfi təfsirini yaratmaq zərurəti ilahiyyatçıları həmin mübahisələrə cəlb edirdi. Cəbərilər və qədərilər arasında gedən ehkamçı mübahisələrin əsas mövzusunu aqibətin irəlicədən müəyyən edilməsi, tale problemi və iradə azadlığı məsələsi təşkil edirdi. Cəbərilər (ərəbcə - əl cəbbariyyə - məcbur etmək) hesab edirdilər ki, Allah insanları yaradarkən onların bütün xeyir və şər əməllərini də müəyyənləşdirmişdir, insanın iradəsinə tabe olan heç nə yoxdur. Əl-cəbəriyyə sırf fatalizm məktəbidir. Onların fikrincə, insan öz hərəkətlərinin sahibi deyildir, onun davranışı Allahın məcburiyyətinə tabedir. Bu cəhətdən cəbərilər insanla cansız təbiət arasında fərq görmürdülər. İlk nümayəndəsi Əl-Cəad ibn Dirhəm. Cəbərilərin ən görkəmli nümayəndəsi isə Cəhm ibn Səfvan olmuşdur. Bu məktəbin əsas prinsipləri Cəhm ibn Səfvan tərəfindən yaradıldığına görə onlara bəzən cəhmilər də deyirlər.
Qədərilər (ərəbcə - qədəriyyə sözündəndir) insanın iradə azadlığının tərəfdarlarıdır. Qədərilərin fikrincə, əgər insanın bütün hərəkətlərini Allah yönəldirsə, deməli, bəndələrin günahları da İlahinin özü tərəfindən müəyyənləşdirilir. Belə olduqda, ədalətli Allah bəndələri bəd əməllərinə görə cəzalandırmamalıdır. Buna görə qədərilər Allahın özünün müəyyənləşdirdiyi günahlar üçün bəndələrin cavabdeh olmasını ədalətsizlik sayırdılar. Nümayəndələri: Məbəd əl-Cuhanini, Qaylan əl-Dəməşqi, Həsən əl-Bəsri.
VII-IX əsrlərdə geniş yayılan dini-fəlsəfi məktəblərdən biri də mötəzililik idi. Mötəzlilik öz adını əl-Həsən-əl-Bəsrinin dərnəyindən onun şagirdləri Vasif-ibn Əta və Əmr ibn Ubaydın ayrılmasından almışdır (ərəbcə - əl-mötəzilə - “ayrılanlar” mənasındadır). Mötəzililər Allahın antromorf surəti əvəzinə onu biliyi, iradəsi, bədəni və nitqi olmayan mücərrəd bir varlıq kimi təqdim edirdilər. Fatalizmi də inkar edirdilər. İnsan simalı Allahın adamları pis əməllərə sövq edib, sonra da onların cəzalandırılmasını qəbul etmirdilər. Mötəzililik ciddi monoteizmdir, bu təlimə görə Allah transendentdir, yaratdığı şeylərə bənzəmir, lakin onların hər birində təzahür edir (panteizm), Allah dünyanı heç nədən yaradıb. Mötəzililər idrakda rasionalistidilər. Siyasətdə onlar xilafəti vətəndaş dövləti kimi görmək istəyirdilər.
Mötəzililiyin 5 əsas prinsipi görkəmli ilahiyyatçı-filosof Əbül Xüzeyl əl-Əllafın (IX əsr) dövründə formalaşmışdır. Bu prinsiplər aşağıdakılardır:
1. Əl-ədl (ədalət) - İlahi ədalət insan iradəsinin azadlığını nəzərdə tutur. Dünyadakı cisim və hadisələrin ardıcıllığını hifz etmək onun xasiyyətidir;
2. Ət-Touhid – təkallahlılıq, ciddi monoteizm, Allahın atributlarının inkar edilməsi;
3. “Vəd və hədə-qorxu”. Bu müddəanı xaricilər də qəbul edirdilər. Mənası odur ki, Allah öz vədlərini və hədə-qorxularını mütləq yerinə yetirməlidir. Peyğəmbər və ya başqa bir müqəddəsin xahişi ilə Allah öz hökmünü dəyişdirə bilməz. Günahkar cəhənnəmə, mömin isə cənnətə düşməlidir;
4. “Orta vəziyyət”. Yəni ağır günah işlətmiş müsəlman möminlər sırasından kənar edilsə də, amma kafir hesab olunmur, yəni, orta vəziyyətdə qalır. Bu hal, xaricilərin və mürcilərin xoşuna gəlmir, buna görə də həmin müddəa ilk çağlarda Əl-Bəsrinin dərnəyindən bir sıra adamların çıxıb getməsinə səbəb olmuşdu;
5. Xeyirli, yaxşı əməlin hökm edilməsi, pis əməlin qadağan edilməsi.
Mötəzililərin insan iradəsinin azadlığı haqqındakı təlimi onları qədərilərlə eyniləşdirməyə əsas verirdi.
Tarixdə Bəsrə və Bağdad mötəzili məktəbləri arasında ziddiyyətlər olsa da, bu təlimin 5 prinsipi bütün mötəzililər tərəfindən qəbul edilmişdir.