C. X. Cübran Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən seçilmiş tərcümələr. Bakı. 2008, 273 səh



Yüklə 2,16 Mb.
səhifə6/15
tarix01.12.2016
ölçüsü2,16 Mb.
#534
1   2   3   4   5   6   7   8   9   ...   15

Görüntülər
I
Orada, zəminin ortasında, dumduru çayın sahilində bir qəfəs gördüm ki, onun barmaqlıqları böyük ustalıqla hazırlanmışdı. Qəfəsin bir küncündə – ölü quş, digərində – iki boş qab vardı: su və dən üçün.

Gördüklərim mənə hakim kəsildi. Mən anladım ki, bu binəva quşcuğaz axar çayın sahilində və bərəkətli zəminin ortasında susuzluq və aclıqdan əziyyət çəkərək ölmüşdür; bir varlı öz xəzinəsində bağlanıb daş-qaş içində acından ölən təki.

Gözümün qarşısında qəfildən qəfəs insan skeletinə çevrilməyə başladı və ölü quş isə yaralı insan ürəyinə döndü. Onun qan daman dərin yarası kədərli qadının dodaqlarına bənzəyirdi. Yaradan gələn səs deyirdi: “Mən maddiyyat qəfəsinə salınmış və yer qanunlarının qurbanına çevrilmiş insan ürəyiyəm.

Allahın gözəllik zəmisində, həyat çayının sahilində məni insanların yaratdığı qanunlar qəfəsində əsir etmişdilər.

Əsrarəngiz yaranışın mərkəzində əslində mən yaşamadan öldüm. Çünki Allahın səxavəti olan azadlıqdan dadmağa mənə icazə vermədilər. Məndə eşq oyadan hər şey insanların təsəvvürlərinə görə rüsvayçılıq imiş; mənim həsrətlə arzuladığım hər şey onların mühakiməsində heç şeyə çevrilirdi.

Mən – bəşər ürəyiyəm; cəmiyyət qanunlarının qaranlıq zindanına salınmış, xurafat zəncirləri ilə qandallanmış, təhqir olunmuş, unudulmuş, öldürülmüş bəşər ürəyi. O bəşərin ki, indi dili bağlı, gözləri isə qurudur.”

Eşitdiyim bütün bu sözlər qan ağlayan ürəkdən gəlirdi.

Çox şey deyildi, qəhər gözümü dumanlandırdığından daha heç bir şey nə görə, nə də eşidə bildim.


II
Gənclik məndən qabaqda idi, mən onun arxasınca gedirdim. Uzaq çəmənə çatanda o dayandı, üfüqün üzəri ilə ağ qoyun sürüsü təki qaçan buludlara tamaşa elədi; ağaclar öz yalın qollarını göyə uzatmışdılar, sanki göydən yaşıl yarpaqlarını geri istəyirdilər. Mən soruşdum: ”Gənclik, biz hardayıq?” O : “Şübhə düzlərində. Ayıq ol,” - deyə cavab verdi. «Qayıdaq, - dedim mən, - bu vəhşi yerlər məni qorxudur, buludların və çılpaq ağacların mənzərəsi ruhumu sıxır.” Lakin o: “Səbirli ol, axı, şübhə – idrakın başlanğıcıdır,” – dedi.

Qəfildən bizə sarı xəyal kimi yaxınlaşan bir qadın gör­düm. Heyrət məni bürüdü: “Bu kimdir?”- deyə soruşdum. Gənclik cavab verdi: “Bu, Melpomenadır, Yupiterin qızı, kə­dərli faciə ilahəsi.” “Mənim yanımda sən, sevincli Gənc­lik, var ikən kədərlər nə istəyirlər məndən?”– deyə söylən­dim. Lakin Gənclik: “O sənə yer həyatının acılarını gös­tər­mək üçün gəlmişdir, çünki kədərin nə olduğunu bilməyən, sevincin dadını da bilməyəcək”– deyə cavab verdi.

İlahə əlini gözlərimin üstünə qoydu və əlini götürəndə Gənclik artıq yanımda yox idi, ruhum isə maddi qabığından azad olmuşdu. “Bəs Gənclik necə oldu, ey İlahə?”– deyə soruşdum. Amma o heç nə demədən məni qanadları ilə qucaqladı və biz yüksək dağın zirvəsinə uçduq.

Mən dünyanı qarşımda açıq kitab kimi görürdüm; onun sakinlərinin sirlərini sətirlərdən oxumaq olurdu.

Qorxmuş halda İlahənin yanında durmuşdum, insan hə­yatının gizli mənalarına varır, həyatın sirrinə boy­lanır­dım. Hər şeyi görürdüm... amma bunları görmək çox ağır idi. Mən mələklərlə iblislərin döyüşünü, insanın isə tə­rəd­düd­də olduğunu görürdüm. İnsan məhəbbət və nifrət ara­sın­da qalmışdı: biri günahları silir, qəlbi itaət şərabı ilə məst edir, insana şükranlıq təlqin edirdi, digəri isə düşmənçilik oyadır, insanı kor və kar edir, həqiqəti görməyə, haqq sözü eşitməyə mane olurdu.

Mən şəhəri, küçə qızının Adəm oğlunun ətəyindən ya­pışıb oturduğunu gördüm. Sonra isə gözəl təbiətin bu hala uzaqdan baxaraq ağladığını gördüm.

Tülkü kimi hiyləgər kahinləri, ruhları yoldan çıxaran yalançı xilaskarları gördüm. İnsan üzünü həqiqətə tutanda, həqiqətin hiddətlə üzünü ondan çevirdiyini gördüm. Çünki bir vaxtlar o, küçədə hamıya elan ediləndə, insanlar onu dinləmək istəməmişdilər.

Qəhrəmanlar görürdüm ki, gözlərini tez-tez göyə qal­dır­salar da ürəkləri hərislik məzarında gömülmüşdü. Ca­van­lar görürdüm ki, nitqləri ilə sadəlövhcəsinə özlərinə qarşı məhəbbət oyat­maq istəyirdilər; ilahi ruh isə onlardan çox uzaqlarda, hissləri də div yuxusunda idi. Mən yalan və riya bazarında çərənçiliklə alver edən qanun ke­şik­çilərini və avam qəlblərin inamından sui-istifadə edən hə­kimləri görürdüm. Mən əkib-becərən yazıq yoxsulları və on­ların əməyinin məhsullarını biçib yeyən güclü varlıları gö­rürdüm; zülm yerə-göyə sığmırdı, insanlarsa bunu qa­nun­çuluğun təntənəsi hesab edirdilər. Oğruları görürdüm ki, qaranlıqdan istifadə edib, ağıl gövhərlərini oğur­layır­dı­lar, işıq keşikçiləri isə bu zaman mürgü döyürdülər. Mən ki­fa­raya oxşar qadın gördüm, onu düzgün çala bilməyən ki­şi­nin əlində. Və qadın onun xoşuna gəlməyən səslər çıxarırdı.

Mən nəcib zadəganların qalasını mühasirəyə alan dəs­tə­lər gördüm, lakin mən onu da gördüm ki, onlar geriyə qaçmağa məcbur oldular, çünki, sayları az idi, sı­ra­larında birlik yox idi. Mən gördüm ki, əsl azadlıq tək-tənha küçələri dolaşır, qapılarda ayaq saxlayıb ge­cələ­mə­yə yer istəyirdi. Lakin insanlar onu evlərinə buraxmırlar.

Mən kitablarda dəfn olunmuş din gördüm ki, onun yerini xurafat tutmuşdu.

İnsanın səbrə qorxaqlıq libası geyindirməsinin, inadkarlığa lənglik adı verməsinin və yumşaqlığı xəstəlik adlandırmasının şahidi oldum. Mən savad ziyafətində qazan dibi yalayanın ucadan və uzun-uzadı nitq söylədiyini, ziyafət dəvətlisinin isə susduğunu gördüm. Mən gördüm ki, var-dövlət bədxərcin əlində onun özü üçün necə tələyə çevrilir, xəsisin əlinə keçəndə isə insanların acığını və kin-küdurətini oyadır. Müdrikin isə əllərini boş gördüm.

Bütün bunlar qəlbimi ağrıtdı və mən: “Ey Yupiterin qızı, məgər belə də yer olar? Məgər insan budur?” – deyə söyləndim. Və Melpomena heyrətamiz sakitliklə cavab verdi: “Bu, ruhun keşməkeşli yoludur. Bu, insanın kölgəsidir. Bu, gecədir, amma səhər hökmən açılacaq!” Sonra o, əlini mənim gözlərimin üstünə qoydu və əlini götürəndə mən Gəncliklə yanaşı addımladığımı gördüm; və Ümid bizə çathaçatda idi.


Gözəllik
Gözəllik – müdriklərin dinidir.

Hind şairi
Ey parçalanmış dinlərin qaranlıq və ziddiyyətli təriqətləri ilə yeriyən və inkarçılıq azadlıgını itaət boyunduruğundan, şübhə zəmilərini isə səcdəgahlardan üstün tutan kəslər, gözəllik dininə pənah gətirin və ona sitayiş edin. O, yaradılışın kamilliyində təzahür edir, idrakın parlamasında görünür. Dini əyləncə kimi təqdim edən, öz hərisliyini cənnət həvəsi ilə birləşdirənlərin arxasınca getməyin, gözəlliyin ilahiliyinə iman gətirin; heyrətinizin başlanğıcı həyat olacaq, səadətiniz sonsuz eşq mənbəyinə çevriləcək. Sonra isə ona müraciət edin: o, ürəklərinizi qadının taxtına, hisslərinizin güzgüsünə yaxınlaşdırar və ruhlarınıza həqiqət yolunu nişan verər.

Ey yolsuzluq gecəsində azan və güman dəryasında boğulan kəslər! Gözəllikdə tərəddüdü rədd edən, şübhəni aradan qaldıran həqiqət və sizi yalan zülmətindən çıxaracaq nur vardır. Yazın gəlişinə və səhərin açılmasına tamaşa edin, axı, gözəllik – görənlərin nəsibidir!

Quşların oxumasına, yarpaqların xışıltısına, bulaqların zümzüməsinə qulaq asın, axı, gözəllik – eşidənlərin nəsibidir!

Körpənin məsumluğuna, gəncin zərifliyinə, yetkinin gücünə, qüdrətinə, qocanın müdrikliyinə fikir verin, axı, gözəllik – diqqət kəsilənlərin heyrətidir!

Qönçə dodaqları, gül yanaqları, nərgiz gözləri vəsf edin, axı, gözəlliyin şöhrətini onu vəsf edənlər yayırlar!

Qamətin sərvliyinə, saçların zülmətinə, boynun sədəfinə nəğmə qoşun, axı, gözəllik – onu öyənlərə sevinir!

Bədəni gözəllik məbədinə, ürəyi eşq qurbangahına çevi­rin – axı, gözəllik ona səcdə edənlərə qarşı səxavətsiz deyil!

Ey o kəslər ki, onlara gözəllik ayələri göndərilmişdir, sevinin, çünki üstünüzdə qorxu yoxdur və qüssələnən kəslərdən də olma­yacaqsınız.



Müdrikliyin ziyarəti
Gecənin səssizliyində müdriklik yanıma gələrək, yatağımın baş ucunda dayandı. Gözlərim dolmuşdu. Qayğıkeş ana tək nəzərlərini mənə dikərək dedi:

– Hönkürtünü eşidər-eşitməz yanına gəldim ki, səni sakitləşdirim. Mənə qəlbini aç, onu işıqla doldur! İzn ver, haqq yolunu sənə göstərim.

Göz yaşları içində hıçqıraraq ondan soruşdum:

– Mən kiməm, ey müdriklik? Bu qorxunc, insanı vahiməyə salan yerə necə gəlib çıxmışam? Məni bürüyən bu böyük arzular, çoxlu kitablar və qəribə rəsmlər nədir belə? Bir kabus tək yas əhli kimi gəlib keçən bu fikirlər nəyi bildirir? Həvəs qələmi ilə nəzmə çəkilmiş, həzz saplağına düzülmüş bu mənsur incilər, bu sözlər nəyə işarədir? Gah kədərli, gah da nəşəli, bəzən ruhumu sıxan, bəzənsə qəlbimə bütünlüklə hakim kəsilən bu hadisələr nə anlama gəlir? Üzümə dikilmiş bəzən içimin dərinliklərinə varan, bəzənsə dərdimə yanmadan məndən uzaqlaşan bu gözlər, bu baxışlar nə demək istəyir? Bəzən keçirdiyim günlərə yas tutub, ağlayan, bəzənsə acizliyimə qəhqəhə çəkərək, şərqi deyən bu səslər nə pıçıldar? Mənim hisslərimlə əylənən o gənclər, duyğularıma istehza edərək gülən kəslər, dünənin işlərini unudanlar, boş bir şeydən sevinənlər, sabahın astagəlliyinə xor baxanlar kimlərdir? Mənim bilmədiyim başqa bir dünya hansıdır? Mənimlə birgə zəlalət girdabında batan kimdir? Ağzı olmasa da cəsədləri asanlıqla udan, sinəsini istəklər üçün açan bu torpaq, bu yer nə istəyir? Yarına qovuşmasa da ona səadət bəxş edən məhəbbətin cəfalarından razı qalan insan kimdir? Həyatın öpüşünü arzulayarkən, ölümün şilləsinə tuş gələn; həzz dəqiqələrini peşmanlıqla satın alan; onu məst edib yuxuya verən; cəhalətə səsləyənin ardınca kor-koranə gedərək zülmət bataqlığında batan kəslər kimlərdir, axı? Ey müdriklik, bütün bunlar nə deməkdir?

Müdriklik dediklərimi səbirlə dinlədikdən sonra sakit halı ilə cavab verdi:

– Ey, bəşər övladı, sən istəyirsən ki, dünyanı İlahinin gözü ilə görəsən, gələcəyin gizli sirlərini insana xas düşüncə ilə izah edəsən? Bu, ən böyük axmaqlıqdır. Səhraya getsən güllər üzərində uçuşan arılara və qurbanı üzərinə şığıyan şahinə rast gələrsən. Qonşunun evinə getsən, ocağın qığılcımlarından heyrətlənən körpəni və ev işlərinə başı qarışmış ananı görərsən. Sən də arı kimi ol, qartalın qurbanını qovmasını seyr etməklə, bahar tək gözəl günlərini boş-boşuna sərf etmə! Sən də o uşaq kimi ol, alovun dillərinə baxıb sevin və anana öz işləri ilə məşğul olmağa imkan ver! Gördüklərin və ya baş verənlər sənin nöqteyi-nəzərindən belə olub və ya olur (sənin görmək istədiyin və ya qavradığın kimi. Əslində isə onlar göründüyü kimi deyillər). Çox sayda kitablar, qəribə rəsmlər və gözəl fikirlər, əslində, bunları sənə təqdim edən kəslərin duyğularının, könüllərinin ifadəsidir. Sapa düzdüyün sözlər səninlə qardaşın olan bəşər övladı arasında bir vəsilədir. Gah hüznlü, gah da sevincli hadisələr keçmişin könül əkininə səpdiyi toxumlardır ki, onun bəhrəsini gələcək yığacaq. Sənin hisslərinlə oynayan gənclər qəlbinin işıqlanması üçün onun bağlı qapısını açan kəslərdir. Ağzı olmayan bu torpaq ruhunu cismin ağalığından qurtaran xilaskardır. Sənin bilmədiyin dünya sənin qəlbindir. Qəlbin sənin dünya zənn etdiyin hər şeydir. Sənin cahil və aciz kimi gördüyün bu insan Allah-Təala tərəfindən yaradılıb ki, kədər içində ikən sevinci dadsın, zülmətin nə olduğunu anlasın.

Müdriklik əlini hərarət içərisində alışıb-yanan alnıma qoydu. Mübarizəyə səsləyirmiş kimi dedi: “Daim irəli get, heç vaxt dayanma! Get və yolunun qarşısına çıxan tikanlardan və maneələrdən qorxma! Onlar yalnız murdar və çirkli qanı olan zəlil və rəzil insanlar üçün qorxuludur”.

Ruhların gizli söhbəti
Ey sevgilim, oyan! Oyan, ruhum göz baxdıqca uzanan ucsuz-bucaqsız dənizlərin o tayından səni səsləyir. Könlüm qeyzlə coşan dalğaların üzərindən sənə doğru qanadlanır. Oyan, bax, hərəkət dayanıb, atların, gəlib-gedənlərin ayaq səslərinin tappıltısı kəsilib. Hər yerə səssizlik çöküb. Yuxu insan ruhlarını bihuş edib, tək mən oyaq qalmışam. Çünki hər dəfə yuxuya dalanda eşq odu məni bu yuxudan oyadır. Narahat fikirlər məni qovduqca məhəbbət məni sənə doğru qanadlandırır. Sevgilim, pərdə altında gizlənən unutqanlıq kabusundan qorxaraq, yatağımdan qalxdım. Mən ona kitab atdım, çünki ahım səhifələrdəki sətirləri yaxıb kül etmişdir. Kabus mənim qarşıma bəmbəyaz görkəmdə çıxdı. Oyan, sevgilim, oyan və məni dinlə!

(Qadın ruh):Mən burdayam, sevgilim! Sənin dənizlərin o tayından gələn səsini eşitcək, qanadlarının zərif toxunuşunu hiss edincə yuxudan oyandım. Yatağımdan qalxıb çəmənliyə gəldim. Ayaqlarım və paltarımın ucu gecənin soyuq şehində islanıb. Badam ağacının altında duraraq, səni dinləyirəm, sevgilim!

(Kişi ruh): – Mənimlə danış, əzizim! İzn ver məhəbbət alovu ilə tutuşub-yanan könlün mənə doğru pərvazlansın. Məni dinlə, sevgilim, burada özümdən başqa bir kəs yoxdur. Zülmət bütün canlıları öz yuvalarına dustaq edib. Yuxu şəhər əhlinin üzərinə örtü çəkərək, onları bihuş edib. Yalnız mən oyaq qalmışam.

– Səma ay işığının solğun şüalarından zərif örtü toxuyaraq, Livanın üzərinə çəkib.

– Burda isə səma gecənin zülmətindən toxuduğu zavod tüstüsü və ölüm nəfəsi ilə qorxan qalın və kobud tikişli mantonu şəhərin ayaqları üzərinə atıb, sevgilim!

– Kənd sakinləri söyüd və qoz ağacları arasında qurulan çadırlarda gecələyiblər. Onların ruhları şirin yuxu meydançasında bir-biri ilə yarışa çıxıb, əzizim!

– Qızıl külçələri bəşər övladlarını öz qarşısında diz çökdürüb. Onu əldə etmək uğrunda qarşıya çıxan çətinliklər onların dizlərini büküb. Yorğunluqdan göz qapaqları ağırlaşıb, yataqlarına ölü kimi düşüb qalıblar. Ümidsizlik və qorxu kabusu hər gecə qəlblərini didib-parçalayır, sevgilim!

– Mən keçmiş nəsillərin xəyallarının dolaşdığı vadidə gəzişdim. Bu təpəliklərdə şahların və peyğəmbərlərin ruhları dolaşır. Fikrim məni xatirələr meydançasına doğru apararaq, qüdrətli Xaldeyləri, əzəmətli aşurluları və əsil-nəcabətli ərəbləri göstərdi.

– Mənsə oğruların ruhlarının dolaşdığı qaranlıq küçələrdə gəzişdim. Qırıq pəncərələrdən şəhvət ilanlarının başları boylanırdı. Küçələrin döngələrində ölüm kabusu görüb, təngnəfəs olmuş xəstə ruhlar qaçışırdı. Xatirə unutqanlığın üzərindən bir anlıq örtünü götürərək, mənə Sodomun pisliklərini və Qomorranın günahlarını göstərdi.

– Budaqlar başlarını əyərək, kölgə salır. Yarpaqların şırıltısı vadidə axan kiçik arxın pıçıltısına qarışaraq xoş avaz kimi qulaqlarda səslənir. Qulağıma Süleymanın gur səsi, çar Davudun nəğməsi, Muslinin şərqiləri gəlib çatır.

– Sağ qalmış uşaqlar soyuqdan tir-tir əsirlər, aclıq onları lap üzüb. Kədər və üzüntü içində qıvrılan anaların çarəsizlikdən nəfəsləri gərilir. Yuxular şikəst olmuş insanların qəlblərindəki arzunu daha da gücləndirir. Mənsə elə hey hıçqırtı və göz yaşları içində oxunan ağıları eşidirəm.

– Nərgiz və zanbağın xoş rayihəsi hər tərəfə yayılıb, yasəmən və kəndalaşın ətri insanı məst edir. Sidr ağacının baş gicəlləndirici qoxusu çiçəklərin gözəl ətrinə qarışaraq, nəsim küləyinin qanadlarında yayılaraq, bütün dolanbac yolları və tərk edilmiş obaları belə bürüyüb. İçini isidən bu məstedici rayihələr bir quş kimi insanı pərvazlandırır.

– Çirkli və natəmiz küçələrin üfunətli pis qoxuları yavaş-yavaş ətrafa yayılır. Xəstəlik yayan mikroblarla qaynaşan bu qoxular iti ucluqlu oxlar kimi insanın hisslərini zədələyir, havanı korlayır.

– Budur, artıq səhər açıldı, sevgilim! Yatmışların göz qapaqları açılır, barmaqları oynaşır. Günəşin bənövşəyi şüaları zülmət gecə arxasından boylanır. Həyatın tükənməz gücü və əzəməti qarşısında gecənin qaranlıq örtüyü yırtılır.

Vadinin döşündə səliqə ilə düzülən kəndlər oyanıb. Budur, artıq kilsələrin zəngləri çalınır. Hər tərəfi səhərin salamını insanlara çatdıran xoş səslər bürüyüb. Onlar mağaralardan gələn əks-səda kimi səslənir. Sanki, təbiət bütünlüklə iqaməyə qalxıb. Dəvə, keçi və qoyun sürüləri tövlələrdən çıxarılaraq, şeh damcıları ilə islanmış yamyaşıl otlaqlara sürülür. Çobanlar, gənc qızlar və ərli qadınlar sürünün qabağında deyib, gülə-gülə gedirlər. Onları səhərin gəlişi ilə ətrafa səs salan sərçələrin cikkiltisi müşayiət edir.

– Burada da səhər açılıb, sevgilim! Topa-topa evlərin üzərinə artıq indidən günortanın ağırlığı çöküb. Pəncərələrdəki pərdələr çəkilib, qapılar taybatay açılıb. Onlardan qaşqabaqlı və tutqun simalar, qəzəbli gözlər boylanır. Rəzil və bədbəxt insanlar fabrik və zavodlara tələsirlər. Onların içində həyatla yanaşı ölüm də yaşayır. Bu insanların üz cizgilərində qorxu və çarəsizlik dərin iz salıb. Sanki onlar istəmədən böyük savaşda ölməyə məhkum olublar. Budur, artıq küçələr harasa tələsən rəzil və miskin insanlarla qaynaşır. Hər tərəfi çəng səsləri, maşınların gurultusu, buxarın boğucu havası bürüyüb. Sanki şəhər qətl meydançasına çevrilib. Güclülər zəifləri əzir, varlılar fəqir və miskinlərin üzərinə ağır mükəlləfiyyət qoyaraq, onları istismar edirlər.

– Burada həyat necə də gözəldir, sevgilim! Sanki nurlu nəcib şair qəlbi kimi.

– Burada həyat necə də amansızdır, əzizim! Sanki günah və qorxu ilə dolu cani qəlbi kimi.



İ B L İ S
Camaat huri1 Samaana ruhani və dini məsələlər üzrə böyük nüfuz sahibinə baxan kimi baxırdılar. Zira, günahların səbəbləri, cənnət, cəhənnəm və qır qazanı haqqında heç kim ondan çox bilmirdi.

Onun işi Şimali Livanın kəndlərini gəzmək və moizələr oxumaqla camaatın nəfsini günahlardan çəkindirmək və iblisin qurduğu tələlərdən onları xəbərdar etməkdən ibarət idi. İblis hurinin ən qatı düşməni idi və Samaan gecə-gündüz onunla müharibə aparırdı.

Fəllahlar2 huri Samaana hörmət edir, onun moizə və dua­la­rının müqabilini böyük həvəslə qızıl və gümüşlə ödəyirdilər; yığılan məhsulda da Samaanın öz payı vardı.

Payız günlərinin birində huri Samaan səhralıqdan keçərək ucqar bir kən­də doğru yollanarkən qəfildən həzin bir inilti eşitdi. Ətrafına boylanaraq bax­anda yolun kənarında, otun üzərində uza­nılı halda çılpaq bir kişi gör­dü. O, ağır yaralanmışdı, yara­sın­dan hələ də qanın sızdığını görmək olur­du. “Mənə yazığın gəl­sin, – deyə yaralı yalvardı, – məni xilas elə, ölü­rəm!”

Huri Samaan qətiyyətsiz şəkildə yaralıya baxdı və öz-özü­­nə fikirləşdi: “Yəqin quldurdur, yoldan keçəni soymaq is­tə­yib, əvəzində özü zərər çəkib... Onun artıq son nəfəsidir, məni onun yanında görsələr elə biləcəklər ki, mən öldürmüşəm onu”.

O öz yoluna davam etmək istəyəndə yaralı bir də dilləndi:

“Tək qoyma məni burda, sən getsən, mən yəqin öləsiyəm”.

Huri Samaan yenə düşündü, yaralıya kömək etmək istə­mə­diyini anlayınca sarsıldı və rəngi ağarmış halda dodaqları əsə-əsə öz-özünə: “Bu, yəqin kimsəsiz dağlarda sərgərdan gəzən dəlilərdən birisi olacaq,” – deyə pıçıldadı. “Onun yarası dəhşətlidi. Mən nə edə bilərəm axı? Qəlblərin həkimi bədən xəstəliklərini sağalda bilməz”.

Yoluna düzəlmək istəyəndə yaralı dağı-daşı əridə biləcək səslə çağırdı: “Ya­xın gəl, biz səninlə uzun zamandan bəri dost olmuşuq. Sən huri Sa­maan, müqəddəs atasan, mən isə nə quldur, nə də ki, dəliyəm. Qoyma məni bu kimsəsiz yerdə ölüm, yaxın gəl, mən sənə kim olduğumu deyəcəm”.

Huri Samaan can verənə yaxınlaşıb ona sarı əyildi. O, qar­şısında ta­­nış olmayan, ziddiyyətli bir sifət gördü. Bu üzün ciz­gilərində sanki ağıl­la biclik, eybəcərliklə gözəllik, məkrlə yum­şaqlıq birləşmişdi. O di­kə­lə­rək səndirlədi: “Sən kimsən?”– de­yə soruşdu. Can verən zəif səslə cavab verdi: “Qorxma, mə­nim atam, biz səninlə çoxdan dostuq. Kömək elə mənə qalxım, ya­xındakı bulağa çatdır məni. Yaralarımı yu və öz yaylığınla bağla”.

Huri çığırdı: “De görüm, axı sən kimsən? Mən səni tanı­mıram, yadıma da gəlmir ki, səninlə hardasa görüşmüş olam”.

Yaralı xırıldadı: “Yaxşı bilirsən, mən kiməm. Min dəfə görmüsən məni. Canından əzizəm sənə mən”.

Huri qeyzlənərək söylədi: “Ax səni yalançı! Ölüm aya­ğın­da adam yalan danışmamalıdı. Mən sənin idbar sifətini heç za­man görməmişəm. Deməsən sən kimsən, səni elə beləcə qanı axa-axa qoyub gedəcəm. Öl, cəhənnəm ol”. Yaralı dikələrək hu­rinin gözlərinə diqqətlə baxdı və onun dodaqlarında bic tə­bəs­süm oynadı; yumşaq, sakit və dərin səslə: “Mən – İblisəm”, – dedi.

Bu sözləri eşidəndə huri Samaan dəhşətə gələrək elə çığırdı ki, səsi bütün vadiyə düşdü. Yalnız indi can verənin kənd kilsəsinin divarından asılmış, qiyamət gününü əks etdirən şəkildəki demonları xatırlatdığını sezməyə başladı.

“Allah qəsdən mənə sənin cəhənnəmlik sifətini göstərdi ki, mən daha çox nifrət edim sənə! Səni görüm lənətə gələsən!” – deyə qışqırdı.

İblis söylədi: “Tələsmə, müqəddəs ata, vaxtı da boş-boş söhbətlərlə alma. Yaxşısı budur, yaxın gəl və mənim yaralarımı sarı, nə qədər ki, həyat tamamilə tərk etməmişdir bu bədəni” .

Huri cavabında: “Hər gün Allahın prosvirasına1 toxunan əl sənin cəhənnəm tullantılarından yaradılmış bədəninə toxun­ma­­yacaq! Öl, əbədiyyətin dili və bəşəriyyətin ağzı ilə lənət­lən­miş məxluq. Öl, zira, sən əbədiyyətin düşməni və bəşəriyyətin qənimisən”.

İblis ağrı içində hərəkətə gəlib, dirsəkləndi və cavab verdi: “Sən nə da­nış­dığını bilmirsən və ruhunu nə boyda günahla yüklədiyinin fərqində də de­yilsən. Bir qulaq as mənim hekayətimə. Mən bu kimsəsiz vadilərdə gə­ziş­diyim zaman bir dəstə mələyə rast gəldim. Məni amansızcasına əzişdirdilər. Əgər onlardan birinin iti qılıncı olmasaydı, mən onların hamısının axırına çıxa bilərdim. Amma bir silahsız silahlıya qarşı nə edə bilər ki?”

İblis bir anlığa susdu, sinəsində qaralan yarasını əli ilə örtüb sözünə da­vam etdi: “Silahlı mələk – deyəsən o, Mikayıl idi – mahir döyüşçü idi və əgər mən yerə yatıb özümü ölülüyə vurmasaydım, məni öldürməyənə qədər əl çəkməyəcəkdi”.

Huri gözlərini göyə tutub təntənəli bir şəkildə söylədi: “Eşq olsun Mikayıla ki, bəşəriyyəti mənfur düşməndən xilas elədi”!

İblis etiraz etdi: “Mənim bəşəriyyətə qarşı düşmənçiliyim sənin özünə qarşı düşmənçiliyindən böyük deyil. Sən Mikayılı tərifləyirsən. Hansı ki, onun sənə heç bir xeyiri dəyməyib. Məni bu ağır dəqiqələrimdə lənətləsən də, bil ki, sənin firavanlığının və səadətinin səbəbi mən olmuşam və indi də mənəm. Sən mənim xeyirxahlığımı dansan da, mənə minnətdar olmaq istəməsən də, həmişə mənim sayəmdə dolanmısan. Məgər sən indi o qədər varlısan ki, daha heç nəyə ehtiyacın yoxdur? Məgər bilmirsən ki, sənin arvadının və çoxsaylı uşaqlarının çörəyi kəsilə bilər mən ölsəm? De görüm onda nə edəcəksən? Nə işlə məşğul olacaqsan, mənim adım belə qalmasa? İyirmi beş ildir ki, sən bu dağlarda gəzir, insanları mənim tələlərimdən agah edirsən; camaat isə sənin bu moizələrinin müqabilini qızılla, tarlalarının məhsulu ilə ödəyir. Nə verəcəklər sabah sənə, əgər bu gün bilsələr ki, onların düşməni İblis artıq ölüb və onun hiylələri daha onlarçün qorxulu deyil? Nə işə yarayacaqsan, İblisin ölümündən sonra? Məgər sənə, müdrik din xadiminə, məlum deyilmi ki, məhz iblisin varlığı keşişlərin peyda olmasına səbəb olmuşdur və bu köhnəlmiş ədavətə səbəb qızıl və gümüşlər dindarların cibindən siz vaizlərin və ruhani ustadların cibinə axmaqda davam edir? Məgər sənin kimi bir üləma bilmirmi ki, səbəbin aradan qalxması ilə nəticə də yoxa çıxacaq? Mənim ölümümü sən necə arzulaya bilərsən, bilə-bilə ki, bununla həm mövqeyini itirəcək, həm maaşından məhrum olacaq, həm də arvad-uşağını ac qoyacaqsan? ”

İblis bir anlığa susdu və üzündən yalvarış dolu ifadəni silərək sözünə əminliklə davam etdi: “Özündən razı görünsən də, vallah səfehsən. Qulaq as, mən sənə bizi bir-birimizə bağlayan həqiqəti söyləyim. İnsan ilk dəfə günəşi görəndə əllərini uzadaraq söylədi: “Bu göy qübbəsinin arxasında böyük Allah vardır, xeyirin yaradıcısı!” Sonra isə kürəyini işığa çevirdi və yerdəki kölgəsini görüb dedi: “Torpağın dərinliyində qorxulu iblis yaşayır, şər törədicisi”. Və o özlüyündə: “Mən iki qüdrətli qüvvə arasındayam. Birinə sığınmalı, digəri ilə döyüşməliyəm”, – deyə düşündü.

Beləcə əsrlər bir-birini əvəz edir, insansa əvvəlki tək iki qüvvə arasında yaşayırdı: onlardan birinə şükr eləyirdi, çünki bu qüvvə onun ruhunu göylərə qaldırırdı; digərini isə lənətləyirdi, çünki o onun ruhunu zülmətə qərq edirdi. Lakin o nə şükranlığın mənasını anlayır, nə lənətin əhəmiyyətini dərk edirdi və beləcə onu çiçəklərlə bəzəyən yay və onu əsim-əsim əsdirən qış arasında bir ağac təki yaşayırdı. Məhz sivilizasiyanın səhərində insan cəmiyyətində ailə, sonra isə tayfa yarananda, bacarıq və meyllər əsasında əmək bölgüsü yaranıb tayfanın bir qismi əkinçilik, digəri ev tikintisi, bir başqaları toxuculuq və ovçuluqla məşğul olmağa başlayanda, yer üzündə ilk din xadimləri yarandı. Və birinci dəfə insan həyati əhəmiyyət daşımayan və heç bir təbii ehtiyacı ödəməyən bir fəaliyyətlə məşğul olmağa başladı”.

İblis bir anlığa fasilə verdi. Sonra elə güldü ki, qəhqəhəsi bütün vadiyə yayıldı. Lakin gülüşü ona həm də onun yarasını xatırlatdı və o, ağrıdan üzü əyilmiş halda böyründən yapışdı. Özünü düzəldib sözünə davam etdi: “Hə, elə o zamandan din xadimləri yarandı. Bu hadisə belə olmuşdu. Tayfada La Vis adlı birisi vardı. Adının mənasının nə olduğunu bilmirəm. O, ağıllı, lakin çox tənbəl idi. Əkinçilikdən, maldarlıqdan və ovçuluqdan, bir sözlə, əzələ gərginliyi tələb edən bütün işlərdən zəhləsi gedirdi. O zamanlar qidanı yalnız zəhmətlə əldə etmək mümkün olduğundan, La Vis gecələrin çoxunu ac qarına yuxulamalı olurdu. Bir yay axşamı tayfa üzvləri başçının alaçığının qabağına yığışaraq öz qayğılarını müzakirə edən zaman kimsə ayı göstərərək çığırdı: “Gecənin allahına baxın! Onun üzü qaralmış, gözəlliyi yoxa çıxmışdır, o, göydən asılan bir qara daş parçasına dönmüşdür”. Başlarını qaldırıb göyə baxan insanlar dəhşətə gəlib əsməyə başladılar. Sanki zülmət özü əlləri ilə onların ürəklərini sıxırdı, zira, onlar görünməmiş bir mənzərənin şahidi olurdular: gecənin allahı getdikcə qara dairə formasını alır, sanki qara pərdə ilə hər yeri örtərək torpağın rəngini dəyişir, dağları, daşları görünməz edirdi. Bu zaman əvvəllər ayın batmasını müşahidə etmiş La Vis vəziyyətdən faydalanmaq məqamının yetişdiyini anlayıb irəli yeridi, əllərini göyə uzadaraq var səsi ilə danışmağa başladı: “Diz çökün və başınıza kül ələyin. Qara şər allahı işıqlı gecə allahına hücum etmişdir: əgər o qalib gəlsə, bizim hamımız öləcəyik, yox əgər məğlub olsa – yaşayacağıq. Diz çökün, dua edin və başınıza kül tökün. Gözlərinizi yumun və göyə baxmayın, kim xeyir allahının şər allahı ilə döyüşünü görsə, gözünün işığını və ağlını itirəcək, ömrünün axırınadək kor və dəli qalacaqdır. Başınızı aşağı əyin və ürəklərinizdə xeyir allahına qələbə arzulayın”.

Beləcə La Vis heç kimin eşitmədiyi qorxulu ifadələr uy­dur­maqda davam edərək xeyli danışdı. Bir qədər sonra ay ye­ni­dən öz gözəlliyi ilə işıqlanmağa başlayanda, o, səsini bir qədər də ucaldaraq sevinclə elan etdi: “İndi isə qalxın, ay camaat, gö­yə baxın; gecənin allahı düşmənə qalib gəlmiş və budur o ye­ni­dən ulduzlar arasında öz səyahətini davam etdirir. Bilin ki, öz dua­larınızla siz ona qaranlığın şərini üstələməyə kömək etmiş ol­dunuz. Budur o indi daha əzəmətli və daha gözəl olmuşdur”.

Adamlar qalxaraq aya baxdılar. Ay əvvəlki tək parlaq işıq­la işıqlanırdı. Adamların qorxusu əminliklə, həyəcanı isə se­vinclə əvəz olundu. Onlar yallı getdilər, dəf və şeypurlarını çal­dılar, vadinin ən ucqar guşəsi belə onların sevinc sədaları ilə doldu.

Elə həmin gecə tayfanın başçısı La Visi yanına çağırıb de­di: “Sən bu gün görünməmiş bir iş gördün. Heç birimizin an­la­ya bilmədiyi gizli sirrə vaqif olduğunu nümayiş etdirdin. Odur ki, səni təbrik edirəm, bu gündən tayfada məndən sonra ən ali şəxs olacaqsan. Mən tayfanın ən güclüsü və cəsarətlisi, sən – ən çox biləni və müdriki; bizimlə allahlar arasında va­si­təçi ol, onların iradəsi, arzuları və istəklərindən bizi xəbərdar elə, allahların xeyir-duasını qazanmaqda bizə yardımçı ol”.

La Vis hiyləsində bir addım da irəli gedərək onu əmin etdi: “Mən yuxuda allahların mənə açdığı bütün sirrləri sənə söyləyəcəm, zira, mən səninlə onlar arasında vasitəçiyəm”. Tayfa başçısı sevincindən La Visə iki ayğır, yeddi inək, yetmiş qoyun və yetmiş quzu bağışladı və söylədi: “Əmr edəcəm, sənə yaxşı bir ev tiksinlər və hər payızda məhsulun müəyyən hissəsi sənə çatacaq, ağa kimi yaşayacaqsan”.

La Vis getmək üçün qalxdı, lakin tayfa başçısı onu saxlayıb soruşdu: “Bu şər allahı dediyin kimdir ki, gecənin işıqlı allahı ilə döyüşə girməyə cə­sa­rət edir? Biz əvvəllər heç onun barəsində eşitməmişdik”. La Vis alnını ovuş­duraraq ona belə cavab verdi: “Mənim ağam, bil ki, qədim zamanlarda, on­da ki, hələ insan da yaranmamışdı, bütün allahlar Süd Yolunun arxasında can bir qəlbdə yaşayırdılar. Onlara allahlar allahı şahlıq edirdi. O, ba­ca­rıq­da hamıdan üstün idi və əbədiyyətin qanunlarında gizlədilmiş bir çox sirrlə­rin açarı yalnız onda idi. Lakin on ikinci əbədiyyətin yeddinci əsrində al­lahların allahına nifrətlə dolu olan Baatar öz atasına belə söylədi: “Nə üçün sən bütün yaradılmışlar üzərində mütləq hakimiyyətindən əl çək­mir­sən, varlığın və əbədiyyətin sirlərini bizdən gizlədirsən? Məgər biz sənin ölümsüzlüyündə və gücündə sənə bərabər olan oğul və qızların deyilikmi?”

Allahların allahı qəzəblənərək cavab verdi: “Mütləq haki­miy­yəti, sirri və qüdrəti mən əbədi olaraq özümçün sax­laya­cam, zira, mənəm hər şeyin əvvəli və hər şeyin sonu”. Baatar söylədi: “Əgər sən öz güc və qüdrətini mənimlə bölüşməsən, mən və mənim övladlarım və övladlarımın da övladları sənə asi olacağıq!” Onda allahların allahı göylərin ənginliyindəki taxtından qalxaraq Süd Yolunu qılınc edib belinə bağladı, günəşi isə qalxan kimi sinəsinə tutaraq elə bağırdı ki, sonsuzluq lərzəyə gəldi: “Şər üsyankar! Rədd ol, qaranlıq və rəzalətin hökm sürdüyü aşağı dünyaya və orada qal, nə qədər ki, günəş külə dönməyəcək və ulduzlar toz olub səpələnməyəcək”. O saatdan etibarən Baatar ali dünyadan şər ruhların yaşadığı aşağı dünyaya sürgün edildi. O, and içdi həyatın sirrinə ki, dünyanın sonunadək atası və qardaşları ilə mübarizə aparacaq, onlara iman gətirən hər bir ruha qarşı duracaqdır”.

La Visə diqqətlə qulaq asan tayfa başçısının rəngi saralmış, alnı isə qırışmışdı. O soruşdu: “Deməli, şər allahının adı Baatardır?” La Vis cavab verdi: “Allahların yanında onun adı Baatar idi. Aşağı dünyada isə o özünə başqa adlar götürdü: Baalzebul, Balial, Şeytan, Əhrimən, Mara, Abdon, Devil və nəhayət İblis. Ən məşhuru İblisdir”.

Başçı “İblis” kəlməsini küləyin əsdirdiyi quru yar­paq­la­rın xışıltısını xatırladan titrəyən səsi ilə bir neçə dəfə tək­rar­la­yan­dan sonra soruşdu: “Bəs nə üçün İblis allahlara olan nifrətini insanlara da yönəltmişdir?”

La Vis cəld cavab verdi: “İblis ona görə insanlara nifrət edir ki, onlar onun qardaş və bacılarının törəmələridirlər”. “De­mə­li, İblis insanlara qohum düşür?”— deyə başçı səsləndi. La Vis qəsdən dumanlı şəkildə cavab verdi: “Bəli, mənim ağam. Bu­na baxmayaraq onların ən qatı düşmənidir: gündüzlər o, in­sanlara fəlakət, gecələr isə qorxulu yuxular gətirir. O bir qüv­və­dir ki, fırtınanı onların evlərinə doğru istiqamətləndirir, əkin­lə­rini yandırıb külə döndərir, özlərini və heyvanlarını cürbəcür xəstəliklərə düçar edərək tələf edir. O, qüdrətli, kinli və məkrli allahdır. O, insanların dərdinə sevinir, sevincinə qüs­sə­lənir və biz onun davranışını və xasiyyətini yaxşıca öyrən­mə­liyik ki, onun şərindən uzaq ola bilək, tələlərinə düşməyək”.

Başçı başını tutub pıçıldadı: “Mən indi bildim fırtınanı bi­zim evlərimizə yönəldən və heyvanlarımızı tələf edən hansı qüv­vədir. Bir azdan bu hamıya ayan olacaq və insanlar sən La Visə alqış deyəcəklər. Zira, sən onların qatı düşmənlərinin sir­ri­nin üstünü açmış və onun tələlərindən qurtulmağın yollarını öyrənmisən”.

Başçının yanından evinə yollanan La Vis bugünkü uğu­ru­na özü də inanmır, sevincindən nəşələnirdi. Bu gün ilk dəfə idi ki, başçı və tayfanın digər üzvləri rahat yata bilmədilər; yu­xu­da onları qorxulu ruhlar incidir, şər qüvvələr qarabaqara iz­ləyirdi”.

İblis danışmaqdan yorulmuş kimi bir anlığa susdu. Huri Sa­maan isə ona diqqətlə baxırdı. Onun üzündə çaşqınlıq ifadəsi do­nub qalmışdı və budur onun dodaqlarında xəstə bir təbəssüm dar­tılmağa başladı. İblis yenidən sözünə davam etdi: “Beləcə yer üzündə din xadimləri yarandı. Mənim səbəbimə. La Vis mə­nimlə düşmənçiliyi özünə peşə seçən ilk şəxs oldu. Onun ölü­mündən sonra bu yeri onun oğlanları və nəvələri tutdular və bu peşə inkişaf etdi. O həddə qədər ki, o yalnız yetkin ağıl, həs­sas şüur, təmiz ürək və zəngin təxəyyülə malik insanların mə­nim­­­səyə biləcəyi müqəddəs bir sənət səviyyəsinə yüksəldi. Ba­bil­də insanlar mənimlə cadular vasitəsi ilə döyüşən kahin qar­şı­sın­da gündə yeddi dəfə səcdə edirdilər; Nineviyada mənim giz­li sirlərimi bilməyə iddialı şəxsi insanlarla allahları birləşdirən qı­zıl bənd sayırdılar; Fiva şəhərində mənim düşmənimi günəşin və ayın oğlu adlandırırdılar; Biblosda, Efesdə və Antioxiyada in­sanlar mənə öz uşaqlarını qurban verirdilər; Yerusalim və Ro­­mada isə camaat canını mənə nifrətdə ustalaşmış şəxslərə tapşırırdı.

Günəşin altında yaradılan hər bir şəhərdə mənim adım di­nin, elmin, incəsənətin və fəlsəfənin məhək daşı idi. Mənə görə mə­bədlər tikilir, universitetlər və məktəblər yaradılır, saray və qalalar ucaldılırdı.

Mən insanlarda qətiyyət oyadan qətiyyətəm. Mən insan­la­­rın əllərini hərəkətə gətirən ələm. Mən onların id­ra­kı­na kəsər gətirən fikirəm. Mən – əbədi və ölümsüz İblisəm ki, öz­lə­ri­ni diri saxlamaq üçün insanlar mənimlə döyüşməyə məh­kum­durlar. Əgər onlar mənə qarşı durmasalar idrakları yuxulayar, tənbəllik canlarını alar, süstlük isə bədənlərini məhv edər.

Mən – ölümsüz və əbədi İblis, – kişilərin ağlında və qadınların ürəklərində əsən, onları həyəcanlandıran səssiz fırtınayam. Mənim qorxumdan onlar monastırlara üz tutur və orada məni öz qorxuları ilə təsdiq edirlər. Mənim iradəmlə onlar qumarxanalara, şənlik evlərinə yönəlir və orada mənim arzularıma itaət nümayiş etdirirlər; gecənin sükutunda dua oxuyaraq məni öz çarpayısından uzaqlaşdırmağa çalışan monarx məni öz yatağına çağıran fahişədən çox fərqlənmir.

Mən ölümsüz və əbədi İblisəm, qorxu təməli üzərində ucal­dılmış mo­nas­tır və səcdəgahların əsl memarı mənəm; mə­nəm şəhvət və həzz təməli üzə­rində qurulmuş əxlaqsızlıq yu­va­la­rının daimi sakini. Mənim ölümümlə dün­yadan qorxu və həzz yo­xa çıxacaq və onların dalınca da insan ürəyinin ümid və ar­zu­ları. Həyat da simləri qırılmış ud kimi soyuq məzarlığı xatırladacaq.

Mən ölümsüz və əbədi İblisəm. Mən yalanın, riyanın, məkrin və alçaqlığın ilhamvericisiyəm və əgər bu xüsusiyyətlər dünyanı tərk edəsi olsa, bəşəriyyət baxımsız bağa bənzəyəcək ki, orda yalnız xeyir kollarının tikanları bitəcək.

Mən ölümsüz və əbədi İblisəm. Günahın anası da mə­nəm, atası da. Əgər günah yox olsa, bütün günah döyüşçüləri və onların ailələri də yox olacaq.

Mənəm şərin ürəyi. Mənim ürəyimin dayanması ilə bə­şərdə hər hansı hərəkət də dayanacaq. Sən bunumu istəyirsən? İstəyirsən ki, səbəb ölərək özü ilə birlikdə nəticəni də aparsın? Mənəm hər şeyin səbəbi! Sən imkan verəcəksən ki, mənim canım çıxsın bu səhralıqda? Sən doğrudan istəyirsən ki, səni mənimlə bağlayan əzəli əlaqə qırılsın? Cavab ver, din xadimi!”

İblis əllərini qabağa uzatdı, boynunu yuxarı qaldırıb dərindən nəfəs aldı; ağrı və əzabdan rəngi bozarmış halda o, əsrlərin Nil çayı sahilində qoruyub saxladığı heykəllərdən birinə çox bənzəyirdi. Huri Samaana parıldayan gözləri ilə baxıb yorğun səsi ilə davam etdi: “Danışmaq əldən saldı məni. Ölüm ayağında gücə qənaət etmək əvəzinə mən sənə adi həqiqətləri izah etməli oldum. İndi sən hər şeyi bilirsən. Seçim sənindir. İstəyirsən məni evinə apar və yaralarıma qulluq elə, istəyirsən at, get məni burda, ölümün əlində”.

Ona qulaq asa-asa huri Samaan məzlumcasına əllərini bir-birinə sür­türdü. Sonra isə üzr istəyirmiş kimi dilləndi: “Hə, sən çox şeyə açdın mənim gözümü. Cahilliyimə görə məni bağışla. Mən indi bildim ki, sən insanları azdırmaq üçün yaranmısan. Azmaq isə insan nəfsini dərk etmək üçün bir ölçüdür. Məhz bu ölçü ilə Uca Allah ruhları tərəziyə çəkir. Mən anladım ki, sənin ölümünlə azma, şirniklənmə də yoxa çıxacaq. Onunla bərabər insanı ayıq və ehtiyatlı olmağa sövq edən ruhani məqam da yox olacaqdır.

Sən yaşamalısan, çünki sən ölsən və insanlar bundan xəbər tutsalar, cəhənnəm qorxusu da yoxa çıxacaq, camaat ibadətdən uzaqlaşacaq və günaha batacaqdır.

Sən yaşamalısan, zira, insan nəslinin əxlaqsızlıqdan və gü­nahdan xilas olması sənin həyatından asılıdır. O ki, qaldı mənə, mən sənə olan nifrətimi insanlara olan sevgimə qurban verəcəm”.

İblisi elə gülmək tutdu ki, yer əsdi. Dedi: “Sən necə də ağıllısan, müqəddəs ata! İlahiyyat sahəsində tayın-bərabərin yoxdu. Ağlının gücüylə sən mənim varlığımın mənasını mənim özümdən də yaxşı dərk etdin.

Hə, indi ki, bizi bir-birimizə bağlayan ilahi ehtiyacı yaxşıca anladıq, getmək lazımdır burdan. Yaxın gəl mənim qardaşım və məni evinizə apar. Mən o qədər də ağır deyiləm. Vadiyə gecə düşür, bəsdir bu torpağı qanımla suvardığım”.

Və huri Samaan qollarını çırmayıb əbasının ətəklərini belinə keçirtdi, İblisi dalına alıb evinə tərəf yollandı.

* * *

Sükuta qərq olmuş və gecənin qara pərdəsinə bələnmiş va­dilərin arası ilə öz kəndinə doğru irəliləyən huri Samaanın be­li arxasındakı çılpaq bədənin ağırlığından ikiqat əyilmiş, qara əba­sı və uzun saqqalı yaralının qanına batmışdı, dodaqları isə öl­məkdə olan İblisin sağalması üçün oxuduğu duaları təkrarlayırdı.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin