Gözəllik
Şair söylədi: “Bizimlə Gözəllikdən danış”.
O, cavab verdi:
«Harada axtaracaq və necə tapacaqsınız Gözəlliyi, əgər o özü sizin həm yolunuz və həm də bələdçiniz olmasa?
Siz onun haqqında necə danışa bilərsiniz, əgər o özü sizin nitqinizin toxucusu olmasa?
Kədərlilər və incimişlər deyəcəklər: “Gözəllik - xeyirxah və mehribandır.
Sanki bir gənc ana kimi, o, öz hüsnündən bir qədər utanmış halda aramızda gəzişir”.
Çılğınlar deyəcəklər: “Yox, gözəllik - qorxulu və qüdrətlidir.
Sanki bir fırtınadır o; ayaqlarımızın altındakı yeri və başımızın üstündəki göyü silkələyir”.
Yorulmuş və əldən düşmüşlər deyəcəklər: “Gözəllik bir şirin pıçıltıya bənzəyir. Bizim ruhumuzda danışır o. Onun səsi bizim sükutumuz qarşısında geri çəkilir, zəif işıq kölgə qarşısında qorxudan əsən kimi”.
Dəcəllərsə deyəcək: “Biz onu dağlarda qışqıran gördük.
Onun qışqırığıyla birlikdə ayaq səsləri, qanadların çırpılması və şirlərin nəriltisi də gəlirdi”.
Gecə şəhərin nəzarətçiləri deyəcək: “Gözəllik sübh şəfəqləri ilə birlikdə Şərqdən yüksələcək”.
Günorta zəhmətkeşlər və yolçular deyəcək: “Biz onun qürub pəncərəsindən yerə necə əyildiyinin şahidi olmuşuq”.
Qışda qara düşmüşlər deyəcək: “O, yazda, təpədən-təpəyə qonaraq gələcəkdir”.
Yayın istisində məhsul dərənlər deyəcəklər: “Biz onu payız yarpaqları ilə oynayan görmüşük, saçlarında da qar vardı”.
Bütün bunları siz gözəllik haqqında söylədiniz.
Əslində isə siz ödənməmiş ehtiyaclarınızdan danışırdınız.
Zira, gözəllik ehtiyac deyil, vəcddir.
O, nə susuzluqdan yanan dodaq, nə də irəliyə uzadılmış boş əldir.
Alovlanmış ürək və sehrlənmiş qəlbdir gözəllik.
Bu, sizin görmək istədiyiniz surət və ya eşitmək istədiyiniz nəğmə deyil.
Elə surətdir ki, gözlərinizi yumanda belə onu görməyə bilmirsiniz və elə nəğmədir ki, qulaqlarınızı bağlasanız da, onu eşitməkdə davam edəcəksiniz.
Bu, qartımış ağac qabığının arxasındakı şirə və caynaqlara birləşmiş qanad da deyil.
Əbədi çiçəklənən bağdır, əbədi uçuşan mələklər topasıdır gözəllik.
Orfalesin camaatı, gözəllik – müqəddəs üzündən niqabını götürmüş həyatdır.
Lakin həyat da sizsiniz, niqab da siz.
Gözəllik – özünə güzgüdə baxan əbədiyyətdir.
Əbədiyyət də sizsiniz, güzgü də siz.
Din
Qoca bir kahin dedi: “Dindən danış bizə”.
O söylədi:
«Məgər gün ərzində mənim başqa bir şeydən danışdığım oldumu?
Məgər bütün əməllər və düşüncələr, eləcə də əməl və düşüncə olmayanlar, əlinizlə daş yonanda, yaxud toxucu dəzgahını işlədəndə belə qəlbinizdə çağlayan heyrət və təəccübün özü din deyilmi?
Kim öz inamını əməllərindən, əqidəsini məşğuliyyətindən ayıra bilər?
Kim öz saatlarını qarşısına düzüb söyləyə bilər:
“Bu, Allah üçün, bu isə mənim üçün; bu, ruhum, bax, bu isə bədənim üçün?”
Sizin bütün saatlarınız – qanadlarınızdır, fəzanı yaran, sizi özünüzdən özünüzə aparan.
Əxlaqını dəbdəbəli libas kimi geyinən kəs çılpaq qalsaydı, daha yaxşı olardı.
Külək və günəş onun dərisinə zərər verməzdi.
Davranışını etikayla müəyyənləşdirən kəs öz bülbülünü qəfəsə salmış olur sanki.
Ən azad nəğmə belə dəmir barmaqlıqlardan və məftillərdən keçə bilməz.
O kəs üçün ki, səcdə – açıldığı kimi də bağlana bilən bir pəncərədir, o kəs hələ ruhunun mənzilinə yetişməmişdir; zira, o mənzilin pəncərələri sübhdən sübhə qədər açıq olur.
Sizin gündəlik həyatınız – sizin məbədiniz və sizin dininizdir.
Ona nə vaxt daxil olsanız, özünüzlə hər şeyinizi götürün.
Götürün özünüzlə kotanınızı və şeypurunuzu, çəkicinizi və udunuzu götürün.
Bütün o şeyləri ki, zərurət, yaxud heyrət üçün yaratmısınız.
Zira, dualarınızda nə uğurlarınızdan yüksəyə qalxa bilər, nə də uğursuzluğunuzdan aşağı enə bilərsiniz.
Özünüzlə bütün insanları da götürün.
Zira, səcdənizdə nə onların ümidlərindən yüksəyə uça biləcək, nə də özünüzü onların ümidsizliyindən aşağı endirə biləcəksiniz.
Əgər siz Allahı dərk etmiş olsaydınız, tapmaca tapmağa ehtiyac qalmayacaqdı.
Yetər ki, ətrafınıza boylanasınız və Onun uşaqlarınızla necə oynadığının şahidi olacaqsınız.
Baxın fəzaya: Onun buludlar üzərində yeridiyini, əllərini şimşəklərdə uzadaraq yağışlarla yağdığını görərsiniz.
Onun çiçəklərdə gülümsəməyini, sonra isə boy ataraq ağaclarda sizə əl etməsini görərsiniz».
Ölüm
Sonra əl-Mitra dilləndi: “İndi isə Ölüm barədə danışmağını istəyirik”.
Əl-Mustafa dedi:
«Ölümün sirrini bilmək istəyirsiniz.
Onu həyatın ürəyində axtarmırsınızsa harda tapa bilərsiniz?
Gündüzləri kor olan, gecə gözlü bayquş işığın sirri üzərindəki pərdəni qaldıra bilməz.
Əgər həqiqətən ölümün ruhunu görmək istəyirsinizsə, ürəyinizi həyatın bədəninə geniş açın.
Zira, həyatla ölüm birdir, çayla dəniz bir olan kimi.
Ümid və arzularınızın dərinliyində qeybin lal biliyi yatmaqdadır;
Qar altında uyuyan toxumlar təki, ürəyiniz yuxusunda baharı görür.
Yuxularınıza inanın, əbədiyyətin qapıları gizlənib onlarda.
Sizin ölüm qorxunuz bir çobanın sultan qarşısında əsməsinə bənzəyir; o zaman ki, sultan əlini onu şərəfləndirmək üçün uzatmışdır artıq.
Məgər çobanın əsməsində üzərində sultan təmasını gəzdirəcəyindən dolayı bir sevinc hiss olunmurmu?
Məgər o, daha çox öz əsməsi barədə düşünmürmü?
Zira, ölmək – küləyin qarşısında çılpaq dayanmaq və günəşdə ərimək deyil, bəs nədir?
Nəfəsin kəsilməsi – nəfəsin öz narahat qabarma və çəkilmələrindən azad olması, qalxması, genişlənməsi və Allahı qayğısız şəkildə axtara bilməsi demək deyilmi?
Yalnız sükut çayından su içdikdə həqiqətən nəğmə oxuyacaqsınız.
Yalnız dağın zirvəsinə çatanda həqiqi yüksəlişiniz başlayacaqdır.
Cisminizi torpaq özünə istəyəndə həqiqi rəqsinizi oynayacaqsız».
Vidalaşma
Budur, axşam düşdü.
Görücü əl-Mitra söylədi: “Eşq olsun bu günə, bu yerə və sənin danışan ruhuna!”
O cavab verdi: «Məgər danışan mən idim? Məgər mən həm də dinləyən deyildimmi?»
Sonra o, məbədin pilləkanları ilə endi və bütün xalq da onun arxasınca yollandı. O öz gəmisinə yetişib göyərtəyə qalxdı.
Üzünü xalqa tutub səsini ucaltdı:
«Orfalesin camaatı, külək sizi tərk etməyimi tələb edir.
Külək qədər tələsməsəm də, getməliyəm.
Biz, daima tənha yollar axtaran yolçular, heç zaman yeni günü dünənin qurtardığı yerdən başlamırıq; səhər şəfəqləri bizi heç zaman qürubun bizi tərk etdiyi yerdə tapmayacaqdır.
Hətta yer yuxuda olanda belə, biz yol gedirik.
İnadkar bitkinin toxumlarıyıq biz. Və elə ki, yetkinliyə çatırıq, ürəklərimiz dolub daşır, külək alıb aparır bizi və səpələyir hər yana.
Günlərim qısa oldu mənim, aranızda keçirdiyim, sizə söylədiyim sözlər isə daha qısa idi.
Lakin səsim daha qulaqlarınızda səslənməyəcək və eşqim xatirənizdən silinən bir zamanda mən yenidən qayıdacağam.
Daha zəngin bir ürəklə və ruha yaxın bir nəfəslə danışacam onda.
Hə, dənizin qabarması ilə qayıdacam mən.
Baxmayaraq ki, ölüm məni gizləyə və böyük sükut məni öz ağuşuna ala bilər, anlamağınız üçün yollar axtaracam.
Boşuna axtarmayacam mən.
Əgər danışdıqlarımdan nəsə həqiqətdirsə, bu həqiqət daha aydın səs və sözlərlə, fikirlərinizə daha yaxın bir şəkildə aşkarlanacaqdır.
Mən küləklə gedəcəm, Orfalesin camaatı, amma boşluğa düşməyəcəm.
Əgər bu gün sizin ehtiyaclarınız ödənməyəcək və mənim eşqim nakam qalacaqsa, qoy, onda o, bir vəd olaraq qalsın gələn günə qədər.
İnsanın ehtiyacları dəyişir, amma eşqi dəyişmir. Və o, eşqindən gözləyir ehtiyaclarının ödənməsini.
Odur ki, bilin, böyük sükutun içindən qayıdacam mən».
«Səhər şəfəqləri ilə əriyən və çəməndə şeh qoyub gedən duman buludlarda yığılaraq yağış olub yerə yağır.
Dumana oxşarım vardı mənim.
Gecənin sakitliyində sizin küçələrinizi dolaşırdım və ruhum evlərinizə daxil olurdu.
Ürəyinizin döyüntüsü ürəyimdə, nəfəsiniz üzümdə idi. Və mən sizin hamınızı tanıyırdım.
Hə, mən həm sizin sevincinizə, həm də ağrınıza şərik idim. Və siz yuxulayanda sizin yuxularınız mənim yuxularım olurdu.
Çox zaman aranızda dağlar qoynunda göl kimi idim mən.
Zirvələrinizi, əyri-üyrü yamaclarınızı və hətta gəlib keçən fikir və arzu sürülərinizi əks etdirirdim özümdə.
Uşaqlarınızın gülüşü bir arx, gənclərinizin həsrəti bir çay olub sükutuma dolurdular.
Mənim dərinliyimə yetişəndə belə bu arx və çaylar oxumaqlarını kəsmirdilər.
Lakin nə isə gülüşdən şirin və həsrətdən böyük bir şey gəldi mənə.
Bu, sizdəki sonsuzluq idi;
Bir azman insan ki, siz onun yalnız hüceyrə və əzələlərini təşkil edirsiniz;
O kəs ki, onun nəğməsində sizin oxumağınız yalnız səssiz bir həyəcanı xatırladır.
Məhz bu azmanın daxilində siz azmansınız.
Beləcə, onu seyr edərək, mən sizi gördüm və sevdim.
Zira, məhəbbətin yetişə biləcəyi hansı məsafələr yoxdur ki, bu azman fəzada?
Hansı görüntülər, hansı inhizarlar və hansı xəyallar bu uçuşdan uzağa apara bilər?
Sizdəki bu azman sanki alma boyda çiçəklərlə bəzənmiş nəhəng palıdı xatırladır.
Onun qüdrəti sizi torpağa bağlayır, onun ətri sizi fəzaya yüksəldir və onun sarsılmazlığı ilə ölümsüzsünüz siz.
Sizə deyiblər ki, siz bir zəncir kimisiniz və bu zəncirin ən zəif halqası kimi zəifsiniz.
Lakin bu, həqiqətin yalnız yarısıdır. Siz həm də ən möhkəm halqa təki möhkəmsiniz.
Sizi əməllərinizin ən xırdası ilə qiymətləndirmək – okeanın gücünü onun köpüyünün zərifliyi ilə ölçmək kimi bir şeydir.
Sizi sizin uğursuzluqlarınıza görə mühakimə etmək – fəsilləri dəyişkənlikdə ittiham etmək deməkdir.
Bəli, siz okean kimisiniz.
Sahillərinizdə dayaza oturmuş ağır gəmilər qabarmanı gözləyərkən siz okean olsanız belə, öz qabarmanızı tələsdirə bilməzsiniz.
Fəsillərə də bənzəriniz var sizin.
Hərçənd ki, qışda öz baharınızı inkar etmiş olursunuz.
İçinizdə uyuyan yazınız yuxuda gülümsünür və qətiyyən incimir bundan.
Düşünməyin ki, bunları söylədim ki, bir-birinizə deyəsiniz: “O, bizi yüksək qiymətləndirirdi. O, bizdə ancaq yaxşını görürdü”.
Mən sizin fikirdə düşüncələrdə bildiyinizi sözlərlə ifadə edirəm yalnız.
Sözdə ifadə olunan bilik sözsüz yaşayan biliyin kölgəsi deyilmi?
Sizin fikirlərlə mənim sözlərim möhürlənmiş yaddaşın dalğalarıdır.
O yaddaşda sizin ötən günlərinizin və yerin hələ nə bizi, nə özünü tanımadığı qədim günlərin və yerin çaşqınlığa qərq olduğu gecələrin xatirələri saxlanılır.
Müdrik insanlar sizə öz müdrikliklərindən verməyə gəlirdilər. Mənsə sizin müdrikliyinizi almağa gəlmişəm:
Mən müdriklikdən daha böyük olanı tapdım.
Bu, sizdə get-gedə coşan alovlu ruhdur.
Onun daim artmasından xəbərsiz olan sizlər günlərinizin solmasına heyfslənirsiniz yalnız.
Bu, məzardan qorxan bədəndə həyat arayan həyatdır.
Burda məzar nə gəzir?
Bu dağlar və düzlər – beşik və pillədir.
Əcdadlarınızın uyuduğu çöllərin yanından hər dəfə keçəndə diqqətlə baxın. Və siz özünüzü və uşaqlarınızı orada yallı gedən görərsiniz.
Həqiqətən, çox zaman özünüzdən xəbərsiz şənlənirsiniz siz.
Başqaları gəlirdi sizə – qızıl vəd edir və bu, sizin imanınıza çevrilirdi. Əvəzində siz onlara yalnız var-dövlət, hakimiyyət və şöhrət verdiniz.
Mən sizə vəd olunandan az verdim, lakin böyük səxavət gördüm sizdən.
Siz mənə daha böyük bir həyat həsrəti verdiniz.
Həqiqətən, insan üçün onun bütün amallarını qurumuş dodaqlara, bütün həyatını isə – tükənməyən bulağa çevirən hədiyyədən böyük hədiyyə ola bilməz.
Mənim şərəfim və mükafatım ondadır ki, nə zaman bu bulağa su içmək üçün yaxınlaşsam, onun dirilik suyunun özünün susuzluqdan yandığını görürəm.
Mən onu içdikcə, o da məni içmiş olur.
Bəziləriniz məni sizin hədiyyələrinizi götürmək üçün çox qürurlu və çəkinən sayır.
Bəli, maaşa işləmək üçün mən çox qürurluyam, amma hədiyyələrçün yox.
Hərçənd ki, siz məni öz süfrənizin başına əyləşdirə bildiyiniz halda mən moruqla dolanırdım təpələr arasında;
Siz məni öz evinizdə saxlamağa şad olduğunuz halda mən məbədin dəhlizində yatırdım.
Məgər mənim gecə və gündüzlərimə göstərdiyiniz qayğıdan mənim yeməyim şirinləşməmişdimi? Və o səbəbdən də sirli görüntülərə bələnməmişdimi yuxularım?
Siz özünüz də bilmədən çox şey verirsiniz.
Buna görə xeyir-duam üstünüzdədir.
Həqiqətən, özünə güzgüdə baxmağı sevən xeyir daşa çevrilir.
Özünü öyən yaxşılıq – lənət doğmuş olur.
Bəziləriniz məni yalquzaq adlandırır və öz tənhalığından sərməst olmuş hesab edirdi.
Siz deyirdiniz: “O, meşədəki ağaclarla məsləhətləşir, insanlarla yox.
Təpələrin başında tənha oturaraq şəhərimizə baxır”.
Bu doğrudur ki, mən təpələrə dırmaşır və gözdən uzaq yerlərdə gəzirdim.
Mən yüksəyə qalxmasam və uzağa getməsəydim sizi necə görə bilərdim?
Uzaq olmadan, həqiqətən yaxın olmaq mümkündürmü?
Bəziləriniz isə fikirlərini sözsüz bildirirdilər mənə:
“Ey Qərib, Qərib, ey əlçatmaz yüksəkliklərin vurğunu, nə üçün qartalların yuva qurduğu zirvələrdə yaşayırsan axı?
Niyə mümkünsüzü arzulayırsan?
Hansı fırtınanı öz toruna keçirmək istəyirsən?
Hansı əcaib quşu tutmaqdır məqsədin?
Gəl, bizə qoşul.
Aşağı en və bizim çörəyimizlə aclığını doyur bizim şərabımızla yatırt susuzluğunu”.
Qəlblərinin tənhalığında deyirdilər onlar bu şeyləri;
Lakin onların tənhalığı daha dərin olsaydı, onlar bilərdilər ki, mən yalnız sizin sevincinizin və ağrınızın sirrini axtarır, yalnız sizin göylərdə gəzən böyük məninizi ovlamaq istəyirdim.
Lakin ovçunun özü də ov idi;
Zira, oxlarımın çoxu öz sinəmi tapmaq üçün yayımı tərk edirdi.
Uçan, həm də sürünürdü;
Ona görə ki, qanadlarımı günəşdə gərəndə, onların kölgəsi yerə tısbağa kimi düşürdü.
Mən, həm imanlı, həm də şübhəli idim.
Zira, tez-tez barmağımı yaramın üstünə qoyurdum ki, sizə daha çox inanım və daha yaxşı tanıyım sizi.
Bu inam və bu biliklə də deyirəm:
Siz öz bədəninizin əsiri deyilsiniz və evlərə, yaxud tarlalarınıza bağlanmamısınız.
Sizin məniniz dağlardan yüksəkdə yaşayır, küləklərlə səyahət edir.
O, günəşdə qızınmaq üçün bayıra çıxan və özünü gizləmək üçün qaranlıqda yer eşən bir məxluq deyil.
O, nəsə azad bir şeydir, ruhdur, yeri saran və efirdə hərəkət edən.
Əgər bu sözlər anlaşılmazdırsa, onları aydınlaşdırmağa çalışmayın.
Bütün şeylərin əvvəli qarışıq və dumanlıdır, amma sonu yox.
Mən çox şad olaram, məni bir başlanğıc kimi xatırlasanız.
Həyat və bütün canlılar dumanlıqda yaranırlar, kristalda yox.
Kim bilir, bəlkə kristal – durulmuş dumandır elə?
İstərdim ki, məni xatırlayanda yadınıza salasınız:
Sizdə sizə ən zəif və qarışıq görünən – ən güclü və aydın olandır.
Məgər sümüklərinizi qaldıran və onları bərkidən nəfəsiniz olmadımı?
Məgər indi xatırlaya bilmədiyiniz yuxu qurmayıbmı şəhərinizi? Gördüyünüz bu cah-cəlalı o yaratmayıbmı?
Əgər siz o nəfəsin qabarmalarını görə bilsəydiniz, gözünüzə başqa heç nə görünməyəcəkdi.
Əgər siz o yuxunun pıçıltısını eşidə bilsəydiniz, başqa səslər qulağınıza yetişə bilməyəcəkdi.
Lakin siz nə eşidir, nə də görürsünüz. Və bu da yaxşıdır.
Gözlərinizi örtən pərdəni elə onu toxumuş əllər də qaldıracaqdır.
Qulaqlarınıza girmiş o palçığı da onu qarışdıran barmaqlar çıxaracaqdır.
Bax, onda siz görəcəksiniz.
Bax, onda eşidəcəksiniz.
Lakin əsla korluğu tanımış olduğunuza görə heyfslənməyəcəksiniz və bir vaxtlar kar olduğunuza görə də peşmançılıq çəkməyəcəksiniz.
Zira, həmin gün bütün şeylərin gizli mətləbləri açılacaqdır sizə.
Siz işığa şükür etdiyiniz kimi qaranlığa da şükürlər söyləyəcəksiniz.»
Bunları söyləyərək o, ətrafına baxdı və gəminin kapitanının sükanın yanında duraraq gah küləklə dolu yelkənlərə, gah da uzaqlara nəzər saldığını gördü.
O dedi:
«Gəminin kapitanı səbirli, çox səbirlidir.
Külək əsir və yelkənlər də çırpınır.
Hətta sükan belə istiqamət istəyir.
Bunlara baxmayaraq, kapitanım sakitcə susmağımı gözləyir.
Böyük dənizlərin xorunu dinləmiş bu dənizçilər də səbirlə dinlədilər məni.
Az qalıb gözləmələrinə.
Mən hazıram.
Çay dənizə yetişdi artıq və ulu ana oğlunu öz bağrına basır indi.
Əlvida, Orfalesin camaatı.
Bugün öz sonuna yaxınlaşdı artıq.
O, su zanbağı sabahkı gün qarşısında yumulan təki sağollaşır bizimlə.
Bizə burda verilənləri qorumalıyıq.
Əgər bütün bunlar az olmuş olsa, yenə bir yerə yığışar və birlikdə uzadarıq əllərimizi Verənə doğru.
Unutmayın ki, mən qayıdacağam sizin yanınıza.
Bir az keçsin və mənim həsrətim yeni bədən üçün bir qədər toz və bir qədər köpük yığacaqdır.
Bir az da keçsin, küləkdə bir an dincəlim və başqa bir qadın doğacaqdır məni.
Əlvida, Orfales camaatı və sizinlə keçirdiyim gəncliyim.
Yuxuda görüşdüyümüz sanki dünən idi.
Siz nəğmə oxuyurdunuz mənə mənim tənhalığımda, mənsə qala ucaldırdım göydə həsrətinizdən.
Lakin budur, yuxu gözümüzdən qaçmış, yuxular bitmiş və gün çıxmışdır artıq.
Gün günorta olmuş, yarıoyaqlığımız aydın sabaha çevrilmişdir və biz ayrılmalıyıq.
Əgər yaddaşın alatoranlığında bir daha görüşəsi olsaq, yenə söhbətləşərik və siz mənə daha dərin bir nəğmə oxuyarsınız.
Əgər əllərimiz başqa bir yuxuda yenidən görüşərsə, yeni bir imarət ucaldarıq göylərdə.»
Bunları söyləyərək o, dənizçilərə işarə verdi.
Onlar ləngimədən lövbəri qaldırdılar, gəmini sahilə bağlayan ipləri açaraq Şərqə doğru istiqamət aldılar.
Camaatdan vahid bir ürəkdən ayrılan təki bir qışqırıq qopdu. Nəhəng şeypurun səsi kimi bu səs alatoranlığa yüksələrək dənizin üzərinə yayıldı.
Yalnız əl-Mitra susurdu. Gəmi dumanda gözdən itənədək ötürdü onu gözləri ilə.
Camaat dağılandan sonra da o, sahildə tək tənha dayanıb ürəyində onun sözlərini təkrarlayırdı:
“Bir az da keçsin, küləkdə bir an dincəlim və başqa bir qadın doğacaqdır məni”.
“GÖZ YAŞI VƏ TƏBƏSSÜM”
kitabından
Giriş
Mən ürəyimin kədərini insanların sevincinə dəyişmərəm. İstəmirəm ki, qəlbimin dərinliklərindən doğan göz yaşları gülüşə çevrilsin. Mən istəyirəm ki, mənim həyatım həm göz yaşı, həm də təbəssüm olaraq qalsın: göz yaşı ürəyi yuyub təmizləyir və insana həyatın sirlərini və dərinliyini anladır, təbəssümsə məni torpağımın oğullarına yaxınlaşdırır və mənim Allaha şükranlığımı ifadə edir; göz yaşı mənə yaralı qəlbimlə insanlar arasında qalmağa kömək edir, təbəssümsə mənim mövcudluğa sevincimi bildirir. Mən darıxa-darıxa yaşamaqdansa sevə-sevə ölməyi üstün tuturam. Mən istəyirəm ki, qəlbimin dərinliklərində eşq və gözəllik aclığı heç zaman azalmasın. Mən müşahidə edib həyatından razı adamları hamıdan bədbəxt və maddiyyata hamıdan yaxın olduqlarını gördüm; mən qulaq kəsildim və eşitdim ki, aşiqin ahları ən şirin bir musiqidir.
Axşam düşür və gül öz ləçəklərini bağlayaraq öz eşqi ilə qol-boyun uyuyur, səhər açıldıqda isə o, günəşin öpüşünü qəbul etmək üçün dodaqlarını aralayır. Güllərin də həyatı eşq və görüş, göz yaşı və təbəssümdür.
Dənizin suları buxarlanır və yuxarı qalxaraq dərələr, təpələr üzərində süzən buluda çevrilirlər. Zərif bir küləyə rast gələndə bulud göz yaşlarına dönərək düzlərə yağır, çaylara yığılaraq vətəninə – dənizə qayıdır. Buludların həyatı – ayrılıq və vüsal, göz yaşı və təbəssümdür. Beləcə ruh da vahid Ruhdan ayrılaraq maddi dünyaya düşür, bulud kimi kədər dağlarının və sevinc vadilərinin üzərindən keçir; ölüm küləyi ilə rastlaşanda isə, əvvəlki yerinə, eşq və gözəllik dənizinə – Allaha qayıdır...
Eşq həyatı
Yaz
Gəl, mənim sevgilim, gedək təpələrin arasında gəzişək; qarlar ərimiş, həyat yuxudan ayılaraq vadilərdə və yüksəkliklərdə canlanma yaratmaqdadır. Gedək mənimlə, yazın uzaq çəməndəki ayaq izlərinə baxaq.
Gedək, təpənin başına qalxaq və onun ətrafındakı dərələrin titrəşən yaşıllığına tamaşa edək.
Budur, yazın səhəri qışın gecəsi ilə yığışdırılmış paltarlarını boxçasından çıxarmış və onları şaftalı və sitrus ağaclarına geyindirmişdir; və budur onlar Qədr gecəsindəki gəlin kimi bəzənmişlər. Üzümlər oyanmış, tənəklər aşiqlər təki bir-birinə sarmaşmışlar. Qayaların arasından çaylar qaçışır, rəqs edərək sevinc nəğməsini təkrarlayırlar; və budur dənizdə köpük görünən təki təbiətin qəlbindən güllər də görünməyə başladı.
Gedək, əzizim, qışın sonuncu göz yaşlarını zanbaqların piyalələrindən içək, qəlbimizi cəh-cəh vuran quşların nəğməsi ilə dolduraq, yaz mehlərinin ətrini ciyərlərimizə çəkməyə tələsək.
Gəl, bənövşələrin gizləndiyi o qayanın dibində oturaq və məhəbbət öpüşlərinin şirinliyinə dalaq.
Yay
Gəl, əzizim, gedək zəmiyə, artıq biçin vaxtıdır. Taxıl günəşin şəfqətli baxışları altında artıq böyüyüb yetişmişdir. Gedək torpağın meyvələrini yığaq, Ruh sevinc dənlərini Eşqin ürəklərimizin dərinliklərində əkdiyi toxumlardan yığdığı təki yığaq. Həyat qəlbimizi tükənməz hisslərlə doldurduğu təki ambarlarımızı təbiətin nemətləri ilə dolduraq,.
Gəl, sevgilim, güllərdən yataq, göydən yorğan düzəldək, başımızın altına yumşaq küləşdən yığıb dincələk, arxın şirin şırıltısının sədaları altında günün yorğunluğu canımızdan çıxsın.
Payız
Sevgilim mənim, gedək üzümlüyə, üzümlərdən şərab sıxaq və onu köhnə küplərdə saxlayaq, Ruh əsrlərin müdrikliyini gizləyib saxladığı kimi.
Qayıdaq evimizə! Ağacların yarpaqları saralmışdır; külək onları qopararaq hələ də yaya ayrılıq nəğməsini oxuyan qurumuş çiçəklərin üstünə səpir.
Gedək evə, mənim əzizim, artıq quşlar isti yerlərə uçub getmiş və soyumuş düzləri tənhalığa qərq etmişlər; casmin və mərsinlərin də göz yaşları qurumuşdur.
Qayıdaq! Yorğun arxlar öz qaçışlarını dayandırmış, bulaqlar daha sevincdən ağlamırlar. Təpələr də öz parlaq örtüklərini yığışdırmışlar artıq. Gedək, sevgilim. Təbiəti yuxunun şirinliyi yoldan çıxardır və o, həzin nəhavənd1 musiqisinin sədaları altında öz şuxluğu ilə ayrılır.
Qış
Yaxın gəl, həyatımın yoldaşı, mənə elə sıxıl ki, qışın soyuq nəfəsi aramıza girə bilməsin. Mənim yanımda, bu ocağın qarşısında otur. Ocaq qışın xoş meyvəsidir.
Mənə ürəyinin hüsnündən danış. Çöldəki soyuq uğultu və iniltini daha eşitmək istəmirəm. Qapı və pəncərələri kip bağla. Göylərin acıqlı ifadəsi ruhumu sarsıdır, çöllərin qarlı mənzərəsi isə qəlbimi kövrəldir.
Çırağa yağ tök ki, sönməsin. Və öz yanına qoy onu – mənimlə yaşadığın ömrün sənin üzündə yazdığı yazıları oxumaq istəyirəm. Mənim əziz həyat yoldaşım.
Payız şərabından gətir. Gəl, içək və yazın sevincli səpininin, yayın zəhmətinin və payızın mükafatının xatirəsinə nəğmə oxuyaq.
Mənə yaxın gəl, ruhumun sevgilisi. Ocaq sönmüşdür və sonuncu közlər də indi külə dönəcək. Qucaqla məni, tənhalıq qorxusu qəlbimə yaxın düşməsin; çıraq artıq sönmüş, çəkdiyimiz şərabın təsirindən isə gözlərimiz yumulmaqdadır. Onlar hələ tamam qapanmamış gəl, bir-birimizə bir daha baxaq. Yuxu ruhlarımızı sarmamış, gəl, bir-birimizə sarılaq. Öp məni, canım mənim, qışın güc gələ bilmədiyi bir şey qalıbsa, o da yalnız sənin öpüşündür.
Sən mənim yanımdasan, mənim əbədi yoldaşım.
Ah, yuxu okeanı necə dərin və nəhayətsizdir...səhər isə çox uzaqlardadır.
Ruh
İlahilərin ilahisi öz varlığından bir ruhu ayırdı, onun mayasını gözəlliklə yoğurdu. Ona səhər mehinin könül oxşayan zərifliyini, çöl çiçəklərinin xoş ətrini, ay işığının cazibəsini bəxş etdi. Sevinc qədəhini ona uzadaraq dedi:
– Keçmişini unudub, gələcəyinə qarşı laqeydləşənədək bu qədəhdən içmə!
Sonra kədər qədəhini uzadaraq sözünə davam etdi:
– Qədəhdəkini boşalt və həyat sevincinin mahiyyətini dərk et!
İlk şükran ahı ilə ruhun könül bağçasını şirin məhəbbətə sardı, ilk təkəbbür ahı ilə bu məhəbbəti yox etdi. Haqq yolunu tanıması üçün İlahi ruha elmilik verdi, gözlə görünməyən şeyləri görüb duyması üçün onun bəsirət gözünü açdı. Ona xəyallarda yaşayan, kölgələrlə birgə yox olan hisslər bəxş etdi. Məlaikələrin göy qurşağının rəngbərəng saplarından toxuduğu şövq libası ilə onu süslədi. Onun üzərinə çaşqınlıqdan doğan zülmət örtüyü çəkdi, halbuki bu, işığın xəyalı idi.
Sonra İlahi qəzəb və hiddət çəlləyindən odu, bədəvi səhralarından əsib-coşan küləyi, təkəbbür dənizi sahilindən qızıl qumu, əsrlərin ayaqları altından torpaq götürərək insanı yaratdı. Ona dəlilik anlarında coşub daşan, şəhvət qarşısında sönərək azalan kor bir qüvvət bəxş etdi. Sonra ona həyat verdi, lakin bu, ölümün kölgəsi idi. İlahilərin ilahisi ağladı və gülümsədi, yaratdığı insanla ruhu arasında sonsuz və tükənməz bir məhəbbətin olduğunu hiss etdi.
Dostları ilə paylaş: |