Mövzu 12.
Qızıl Orda dövləti. Ağ orda, Krım və Kazan xanlıqları
Monqol imperiyasının parçalanması nəticəsində XIII əsrin 40-cı illərində Şərqi Avropada bir türk dövləti yarandı. Bu dövlət rus mənbələrində «Qızıl Orda», şərq mənbələrində «Cuci ulusu» adlanır. Onun ərazisinə qərbdə Dnestr sahillərindən şərqdə Tobol çayının İrtış çayına töküldüyü yerə və Sırdərya çayının aşağılarınadək olan torpaqlar daxil idi. Rus knyazlıqları Qızıl Ordaya daxil deyildi, onun vassalı idi. Monqol qoşununun əsas hissəsini türklər təşkil edirdi. Bu dövrdə Qara dənizdən Altaya qədər ərazidə monqollar yaşayırdılar. Azlıq təşkil edən monqollar türklərlə qaynayıb-qarışır, onların dilini, mədəniyyətini qəbul edirdilər. Qızıl Orda xanlarının rəsmi fərmanları XIV əsrdən başlayaraq türk dilində yazılırdı. Paytaxtı əvvəl Həştərxan yaxınlığında Saray-Batı şəhəri, XIII əsrin 2-ci yarısından Batı xanın qardaşı Bərkə xan tərəfindən Volqanın qolu Axtuba sahilində salınmış Saray-Bərkə şəhəri oldu. Bu şəhər ticarət yolu üzərində yerləşirdi. Monqollar taxıla olan ehtiyaclarını bulqar və Rus torpaqları hesabına ödəyirdilər. Qızıl Orda XIII əsrin 50-ci illərindən Böyük xana tabe olmadı.
Qızıl Ordada ən böyük feodal xan və xan ailəsinin üzvləri idi. Bunların ardınca noyonlar (türkcə bəylər) gəlirdi. Feodallara köçəri əhali at, qaramal, kumız, oturaq əhali isə taxılla vergi ödəyirdi. Əhali bu vergilərdən əlavə, dövlətin əsas vergi ödəyənləri idi. Feodallar xandan təəbələrini vergidən azad edən fərmanlar alırdılar. Belə imtiyazlı şəxslər tarxan adlanırdı. Torpağa sahib olmaq və müxtəlif məcburi işlərdən azad olmaq üçün xanın verdiyi fərman yarlıq adlanırdı.
Qızıl Ordada Batı xanın qardaşı Bərkə xan İslam dinini qəbul etdi, XIV əsrin I yarısında Özbək xanın dövründə (1313-1342) İslam dini Qızıl Ordanın rəsmi dini oldu. Qızıl Ordada dövlətin başçısı xan adlanırdı. Xanın yanında məşvərətçi orqan məclis var idi. Xanın arvadları, oğulları, dövlətin ayrı-ayrı hissələrini idarə edən rəislər həmin məclisin üzvləri idilər. Həm də xanın yanında divan təşkil olunmuşdu. Dövlətin işlərini bəylər və əmirlər, ayrı-ayrı sahələri vəzirlər və naiblər idarə edirdilər. Baskaklar xanın işğal olunmuş ərazilərdəki nümayəndəsi idi. O, yerli hakimlərin fəaliyyətinə nəzarət edir, vergiləri toplayır, mükəlləfıyyətləri icra etdirirdi.
Qərbə hərbi yürüşdən qayıdanda sonra Batu xanın qardaşı Bərkə xan Volqa çayı hövzəsində Saray-Bərkə adlanan yeni bir paytaxt şəhəri qurmuşdu. Bu paytaxt Qərbi Sibirdən Şərqi Avropaya qədər əraziləri əhatə edən yeni dövlətin, Qızıl Orda dövlətinin paytaxtı idi. Qızıl Orda dövləti Özbək xanın İslamı qəbul etməsindən sonra rəsmən müsəlman dövlətinə çevrilmişdi. 1243-cü ildə knyaz Yaroslavlı hüzuruna çağıran Batu xan onu Şimal və Cənub Rus knyazı təyin etmişdi. Beləcə daha əvvəl monqol-tatarların dağıdıcı hücumuna məruz qalmış Rus knyazlıqları onların hakimiyyəti altına girmiş, vassal dövlətə çevrilmişdilər. Rus knyazları öz torpaqlarında sadəcə Qızıl Orda xanlarının verdikləri “yarlıq” adlanan fərmanın izni ilə hökmranlıq edə bilirdilər. Knyaz Yaroslavlın Ali Monqol xanlığının paytaxtı Qaraqoruma çağırılaraq orada edam edilməsindən sonra onun yerinə oğlu Aleksandr Nevskiy keçmişdi. Rus knyazlıqları daim Qızıl Ordaya illik vergi ödəməkdə idilər. Əvvəllər monqolların təyin etdikləri miqdar bəlli idi. Bu miqdar toplanaraq monqol xəzinəsinə ödənirdi. Sonra isə artıq miqdardan aslı olmayaraq vergi məmurları öz istəklərinə uyğun olaraq vergi toplayır. Mərkəzdən tələb olunan məbləği ödəyir, geri qalanını isə mənimsəyirdilər. Bu cür özbaşnalıqların qarşısını almaq üçün Qızıl Orda xanlığı Rusiyada əhalini siyahıya almışdı. Müxtəlif adda vergilərdən başqa Qızıl Orda xanlığı rus knyazlarını hərbi səfərlər üçün canlı qüvvə də göndərməyə məcbur edirdilər. Monqol ağalığı Rusiyada feodal pərakəndəliyinə də səbəb olmuşdu. Belə ki, artıq böyük knyazın əvvəlki nüfuzu və gücü qalmamışdı. Bu səbəbdən də kiçik knyazlar daha sərbəst hərəkət edir və yarı-müstəqil hökmranlıq edirdilər. Qalitsiya knyazı Danyil Romanoviç Roma papasının krallıq tacı vədlərinə aldanaraq Qızıl Orda xanlığının ağalığından qurtulmaq istəmiş, lakin onun bu cəhdi uğursuzluqla nəticələnmiş, o, Batu xanın hüzurunda vassallıq andını yeniləməli olmuşu. Rusiyada monqol-tatar ağalığının davam etməsində rus pravoslav kilsəsinin də mühüm rolu olmuşdu. Belə ki, Qızıl Orda xan Canıbek kilsənin xalq üzərindəki nüfuzunu nəzərə alaraq rus pravoslav kilsəsini və din xadimlərini bütün vergilərdən azad etmişdi. Buna görə də Canıbek xan rus salnamələrində ”xeyirxah” ləqəbi ilə anılmışdı. XIII əsrdə ruslar bir neçə dəfə monqol-tatar ağalığına qarşı qiyam qaldırsalar da bu qiyamlar yatırılmışdı.
Qızıl Orda mərkəzləşmiş dövlət deyildi və milli (etnik) mənşəyi müxtəlif olan xalqları birləşdirirdi. Yerli əyanlar xanlar arasındakı çəkişmələrdən istifadə edirdilər. Xarəzmdə, Krımda, Volqa Bulqar dövlətində Qızıl Ordadan ayrılmaq meylləri gücləndi. 1282-ci ilədək Qızıl Orda xanları dövlətin parçalanmasının qarşısını ala bilsələr də, bundan sonra çoxalan çəkişmələr və ziddiyyətlər Qızıl Ordanı xeyli zəiflətdi. Lakin Özbək xan ara müharibələrinə son qoydu. Onun dövründə Qızıl Ordada türkləşmə başa çatdı. Canı bəy dövründə (1342-1357) dövlət daha da möhkəmləndi. 1357-1380-cı illərdə Qızıl Ordada ara müharibələri başlandı. Bu müddətdə 25-dən artıq xan dəyişdi. Xarəzm, Həştərxan müstəqil oldu. Polşa və Litva Qızıl Ordaya məxsus Dnepr boyu torpaqları ələ keçirdi. Qızıl Ordanın zəifləməsindən istifadə edən rus knyazı Dmitri Donskoy 1380-cı ildə Kulikovo çölündə Qızıl Orda xanı Mamayı məğlub etdi. Bundan sonra Toxtamış xan (1380-1395) hakimiyyətə gəldi. Onunla əmir Teymur arasında anlaşmazlıq müharibəyə çevrilmişdi. 1382-ci ildə əmir Teymur Moskvanı ələ keçirib yandırdı. Toxtamış əmir Teymurdan asılı olan ərazilərə hücum etdi. 1395-ci ildə Terek çayı sahilində Əmir Teymur Toxtamış xanı üçüncü dəfə məğlub etdi, Saray-Bərkə şəhərini qarət etdi. Bundan sonra Qızıl Orda qüvvətlənib dirçələ bilmədi. XV əsrin I yarısında Orta Volqaboyunda Qazan xanlığı, Volqanın aşağı axarında Həştərxan xanlığı, Volqanın aşağı axarından, İrtış çayına qədər ərazidə Noqay ordası, XV əsrin II yarısında Krım xanlığı, Qərbi Sibirdə Sibir xanlığı yarandı.
XIV əsrin sonlarından etibarən Qızıl Ordanın tənəzzülü fonunda rus knyazlıqlarının da monqol-tatar ağalığından xilas olması prosesi davam etmişdi. XV əsrdə rus knyazlıqları Qızıl Ortaya ödədikləri illik vergi (xərac) miqdarını tədricən azaltmış, knyaz III İvan isə qəti olaraq xərac verməkdən imtina etmişdi. 1472-ci ildə Əhməd xan Polşa kralının təhriki ilə Moskva üzərinə hücum etdi və müvəffəqiyyətsizliyə uğradı. Çünki Polşa kralı vəd etdiyi hərbi köməyi göndərməmişdi. Əhməd xan yenidən 1480-ci ildə Moskva knyazlığına hücum etdi. Oka çayının qolu olan Uqra çayı sahilində Əhməd xanla III İvan arasında danışıqlar nəticə vermədi. Soyuqlar düşəndə Qızıl Ordaya qayıdan Əhməd xan noqaylar tərəfindən öldürüldü. Əhməd xanın «Uqra görüşü»ndə uğursuzluğu Rusiyanın Qızıl Ordadan vassal asılılığına son qoydu. Qızıl Orda 1502-ci ildə süqut etdi. Qızıl Ordanın parçalanması nəticəsində 1445-ci ildə Kazan xanlığı, 1460-cı ildə isə Həştərxan xanlıqları yaranmışdı.
Dostları ilə paylaş: |