Mövzu 12 Qizil Orda Ag Orda Krim ve Kazan xanliqlari
Krım Xanlığı
Vaxtilə Qıpçaq və Xəzər xaqanlıqlarının tərkibinə daxil olan Krım yarımadasında yaşayan türklər XIII əsrdə monqol işğalından sonra Böyük Monqol dövlətinin tərkibinə daxil edilmişdilər. Monqol dövlətinin zəifləməsi və parçalanmasından sonra Çingiz xan ailəsindən Cuci xanın oğlu Toqa Teymurun sonundan gələn Hacı Gəray Krım türklərini idarə etməyə başlamışdı. 1441-ci ildə Hacı Gəray öz adına pul kəsdirmişdi. Buna görə də Krım xanlığının quruluş tarixi 1441-ci il olaraq qəbul edilir. Hacı Gəray xanın 1466-cı ildə vəfatından sonra Krımda oğulları Mengli Gəray ilə Nurdövlət arasında taxt uğrunda mübarizə başlamışdı. Krım yarımadasının Qaradəniz sahillərindəki liman şəhərləri böyük ticari əhəmiyyətə sahib olduqları üçün Genuyalılar tərəfindən ələ keçirilmişdi. Buna görə də Krım genuyalılarla tatarlar arasında mübarizə meydanına çevrilmişdi. Daha doğrusu genuyalılar tatarların Krımda qurduqları dövlətin daxili işlərinə qarışaraq öz siyasi-iqtisadi mənafelərini güdməkdə idilər. Buna görə də Genuyalılar Krım xanlığını öz təsirləri altında saxlamaq üçün hiylə ilə Nurdövlət bəyi qaçıraraq Krım xanı elan etmişdilər. Mengli Gəray bu vəziyyət qarşısında öz iddialarından əl çəkməmişdi, lakin qardaşının Genuyalıların əlində olması səbəbiylə son dərəcə ehtiyatlı davranmaq məcburiyyətində qalmışdı. Mengli Gəray həm Krım taxtına yiyələnmək, həm də Genuyalılara qarşı güclü bir ittifaq əldə etmək üçün Osmanlı dövlətinə müraciət etmək qərarına gəlmişdi. O, Osmanlı sultanı Fateh II Mehmed xana məktub yazaraq Krım sahillərindəki bəzi liman şəhərlərini ələ keçirmək istəyəcəyi təqdirdə bütün gücü ilə Osmanlı ordusuna kömək etməyi və’d etmişdi. Onun bu müraciətinə Osmanlı dövləti müsbət cavab verərək Mengli Gəraya hökmdarlıq əlaməti daşıyan qiymətli hədiyyələr göndərmişdi. Lakin bu vaxt 1475-ci ildə gözlənilmədən Mengli Gərayın kiçik qardaşı Heydər bəy hərbi çevriliş edərək Krım taxtını ələ keçirmişdi. Mengli Gəray bəy rəqibi olan Genuyalılara sığınaraq canını qurtara bilmişdi. Genuyalılar bunu fürsət bilərək Mengli Gərayı həbs etmişdilər. Qısa müddət sonra Gədik Əhməd paşanın əmri altındakı 300 gəmidən ibarət Osmanlı donanması Krım sahillərinə yaxınlaşmışdı. Türklər qısa müddətdə Genuyalıların müqavimətini qıraraq onların əlində olan bəzi liman şəhərlərini və qalaları fəth etmişdilər. Nurdövlət xanın hakimiyyətinə son qoyulmuş, Mengli Gəray taxta oturdularaq Krım xanı elan olunmuşdu. Kəfə, Azov, Taman kimi qalaların Genuyalıların əlindən alınmasında göstərdiyi köməyə görə Mengli Gəray xana Osmanlı sultanı tərəfindən təltifnamə verilmişdi. Beləcə 1475-ci ildə faktiki olaraq Krım xanlığı Osmanlı himayəsinə keçmişdi. 1478-ci ildə Krım xanı Mengli Gərayla Osmanlı dövləti arasında bağlanan müqavilə ilə bu rəsmiləşmişdi. Osmanlı himayəsinə keçməsi Krım xanlığının regiondakı nüfuzunu gücləndirmişdi. Moskva knyazlığı daim Krım xanlığının təzyiqini öz üzərində hiss etməyə başlamış və əvvəllər Qızıl Ordaya ödədiyi illik xəracı Krım xanlığına ödəməyə başlamışdı. Digər tərəfdən Çingiz xanın nəslindən olan Gəraylar sülaləsinin Osmanlı himayəsini qəbul etməsi Osmanlı dövlətinin digər türk və müsəlman dövlətlər arasındakı nüfuzunu artırmışdı. Bundan başqa Qaradəniz bütünlüklə Osmanlı hakimiyyətinə daxil edilmişdi. XVI əsrin birinci yarısında Krım xanları Osmanlı dövlətinin yardımına arxalanaraq Moskva knyazlığı, Kazan və Həştərxan xanlıqları üzərindəki nüfuzunu artırmışdı. Krım Kiçik Qaynarca müqaviləsinə qədər Osmanlı himayəsində qalmış, 1775-ci ildə Rusiya imperiyası tərəfindən işğal olunmuşdu.