Page
1 of
8
BDU / Psixologiya / 2014
Bakı Dövlət Universiteti
Sosial və Pedaqoji Psixologiya Kafedrası
___________________________________________________
Fakültə:
Mexanika – riyaziyyat // RM38 / RM 40 //
Fənn:
Psixologiya
Mühazirə tarixi:
Pedaqoq:
Nisə Abdullayeva
Tələbə:
______________________________
AZƏRBAYCANDA ELMİ PSİXOLOGİYANIN
YARANMASI VƏ İNKİŞAFI
1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil oldu. Azərbaycan Demokratik
Respublikasının
hakimiyyətinə son qoyuldu, hakimiyyət bolşeviklərin əlinə keçdi.
«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb tiplərini politexnik məktəblərlə
əvəz etmək haqqında» hökümət dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet
Sosialist Respublikası vahid əmək məktəblilərinin Əsasnaməsi» qəbul olundu. Bu əsasnamə və
dekretdə məktəblərdə təlimin ana dilində və pulsuz aparılması, zəhmətkeş balalarının üzünə
açıq olması elan edildi» (F.A.Rüstəmov, Ən yeni dövrün pedaqogika tarixi, B., «Nurlan», 2005,
s.62).
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra təhsil müəssisələrinin şəbəkəsi
genişləndirildi. Ali məktəblər açıldı. Kadr hazırlığı vacib tələb kimi qarşıya qoyuldu. Lakin ali
məktəblərdə çalışan yüksək ixtisaslı kadrlar çatışmırdı.
1921-ci ildə orta məktəblərdə müxtəlif fənlər üzrə dərs deyəcək müəllim kadrları
hazırlamaq üçün yeni bir ali təhsil müəssisəsi – APİ yaradıldı. 1931-ci ildə Azərbaycan Dövlət
Elmi Tədqiqat Pedaqogika İnstitutu, 1936-cı ildə Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutu
təsis edildi.
Azərbaycan Dövlət Universiteti isə hələ Azərbaycan Demokratik Respublikasının
vaxtında – 1919-cu ildə yaradılmışdı. Universitetdə yaradılan kafedralardan biri də psixologiya
kafedrası idi. Kafedraya görkəmli alim A.O.Makovelski rəhbərlik edirdi. Ali məktəblərdə ən
böyük çətinliklərdən biri də ana dilində dərs aparan ixtisaslı kadrların çatışmaması ilə bağlı idi.
Vəziyyətdən çıxış üçün dilləri Azərbaycan dilinə yaxın olan Krımdan, Kazandan, Türkiyədən
yüksək ixtisaslı müəllimlər dəvət olunur. Onların sırasında A.O.Makovelski, X.Fikrət, M.Tofiq
və başqaları var idi. Onlar həm psixologiyadan dərs deyir, həm də milli kadrların
hazırlanmasına kömək edirdilər. A.O.Makovelskinin bu sahədə xidmətləri isə əvəzsizdir.