Z. Mehdizadə daha çox məktəbəqədər yaşlı uşaqların psixoloji xüsusiyyətlərinin
öyrənilməsinə, tədqiqinə diqqət yetirmişdir. Onun 1982 və 1984-cü illərdə nəşr etdirdiyi «Uşaq
psixologiyası» (I və II hissə) dərslikləri bu sahədə yazılmış ən dəyərli əsərlərdəndir. Digər
görkəmli Azərbaycan psixoloqu İ.Ə. Seyidov 1954-cü ildə namizədlik dissertasiyası müdafiə
etmiş, bundan sonra psixologiya elminin inkişafında məhsuldar və səmərəli fəaliyyət
göstərmişdir.
İ.Ə. Seyidov 1959-cu ildən başlayaraq Zaqafqaziya psixoloqlarının elmi-nəzəri
konfranslarında, Ümumittifaq konfrans və simpoziumlarında Azərbaycan elmini uğurla təmsil
etmişdir.
İ.Ə. Seyidov professorlar Ə.Ə. Əlizadə və M.Ə. Həmzəyevlə birlikdə «Ümumi
psixologiya» dərsliyini (Bakı, 1982) Azərbaycan dilinə tərcümə etmişdir. 1976-cı ildə nəşr
olunmuş «Sosial psixologiya»nın müəlliflərindən biri də İ.Ə. Seyidovdur.
Azərbaycan psixologiya elminin inkişafında Q.E. Əzimovun da özünəməxsus,
əhəmiyyətli rolu olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin məntiq-psixo-
logiya şöbəsini bitirən Q.E. Əzimov 1970-ci ildə namizədlik dissertasiyası müdafiə edir. O,
1987-1991-ci illərdə ADPU-da yaş və pedaqoji psixologiya kafedrasına rəhbərlik etmişdir. Q.E.
Əzimovun «Psixi inkişaf və tərbiyənin müasir problemləri» (Bakı, 2004) adlı tədris vəsaiti həm
onun öz yaradıcılığında, həm də Azərbaycan psixologiya elmində əlamətdar hadisə kimi qeyd
olunur.
Azərbaycan psixologiya elmi özünün yeni, mühüm bir dövrünə qədəm qoymuşdur. Yaşlı
nəslin nümayəndələri olan professor Ə.S. Bayramov, professor M.Ə. Həmzəyev, professor
Ə.Ə. Əlizadə, gənc nəslin nümayəndələri – professor S.İ. Seyidov, B.H. Əliyev Azərbaycan
psixologiya elminin yeni istiqamətlərini müəyyənləşdirməklə yanaşı, özləri də səmərəli şəkildə
elmi axtarışlarını davam etdirir, gənc kadrların hazırlanmasında iştirak edirlər.
Bu istiqamətlər içərisində etnopsixologiya məsələləri xüsusilə diqqəti cəlb edir. Uzun illər
yasaq olunmuş bu istiqamətdə aparılan tədqiqatlar içərisində professor Ə.S. Bayramovun
«Etnik psixologiya məsələləri» (Bakı, 1996), ««Kitabi-Dədə Qorqud» dastanında etnik-
psixoloji xüsusiyyətlərin inikası» (Bakı, 2000), professor Ə.Ə. Əlizadənin «Azərbaycan
etnopsixologiyasına giriş» (Bakı, 2003), ««Xəmsə»də yaş və pedaqoji psixologiya məsələləri»
əsərləri xüsusi yer tutur.
Müasir dövrdə təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi xüsusi aktuallıq
kəsb edir. Bu sahədə professor M.Ə. Həmzəyevin «Yaş və pedaqoji psixologiyanın əsasları»
(Bakı, 2000; 2003), «Pedaqoji psixologiya» (Bakı, 1991) dərslikləri, professor Ə.Ə. Əlizadənin
«Yeni pedaqoji təfəkkür: ideyalar, problemlər. Psixopedaqoji araşdırmalar» (Bakı, 2001),
«Müasir Azərbaycan məktəbinin psixoloji problemləri» (Bakı, 1998) əsərləri diqqəti cəlb edir.
Page Dostları ilə paylaş: |