Mövzu 12 Qizil Orda Ag Orda Krim ve Kazan xanliqlari
Rusiyanın Krıma qarşı işğalçılıq siyasəti. Ruslar 1681-ci ilə qədər Krım xanlığına xərac ödəmişdilər. Rusiya getdikcə güclənməkdə olan bir dövlət idi. Moskva knayzları bütün rus knyazlıqlarını öz ətraflarında birləşdirməyi bacarmış, knyazlıq çarlığa çevrilmişdi. Rus çarı I Aleksey (1645-1676) cənuba doğru torpaqlarını genişləndirmək siyasəti güdməyə başlamışdı. Ukrayna uğrunda Rusiya ilə Osmanlı dövləti arasında gedən mübarizə türklərin və müttəfiqləri olan Krım tatarlarının lehinə bitmişdi. 1676-1681-ci illərdəki Osmanlı-Rusiya müharibəsində qalib gələn türklər Rusiya ilə sülh danışıqları aparma səlahiyyətini Krım xanı Murad Gəraya vermişdilər. Murad Gəray xan Rusiya çarlığı ilə 20 il müddətinə sülh müqaviləsi imzalamışdı. Osmanlı dövlətinin ikinci dəfə Vyana şəhərini mühasirəyə alması vaxtı öhdəsinə düşən hərbi tapşırığı yerinə yetirməyən Murad Gəray xan taxtan endirilmiş və yerinə II Hacı Gəray xan gətirilmişdi. 1684-1704-cü illərdə dörd dəfə xanlıq taxtanı oturmuş I Səlim Gəray xan Rusiya və Reç-Pospolitanın Krıma təşkil etdiyi səfərlərin qarşısını uğurla almışdı. Buna baxmayaraq Osmanlı dövləti “Müqəddəs İttifaq”da birləşmiş dövlətlər qarşısında məğlubiyyətə uğradığı üçün 26 yanvar 1699-cu ildə Karlovitsa Müqaviləsini bağlamağa məcbur olmuşdu. “Müqəddəs” ittifaq Roma papası XI İnnokentiy tərəfindən Osmanlı dövlətinə qarşı 1684-cü ildə Avstriya, Polşa və Venesiyadan təşkil olunmuşdu. 1686-cı ildə bu ittifaqa Rusiya da daxil olmuşdu. Rusiyanın qalib olan ittifaq tərəfdə yer alması Krım xanlığının bu dövlət qarşısındakı mövqeyini zəiflətmişdi. 1735-1739-cu illərdə baş vermiş Osmanlı-Rusiya müharibəsində rus qoşunları Krım yarımadasına daxil olaraq Baxçasaray şəhərini talan etmişdilər. 1768-1774-cü illərdə baş vermiş Osmanlı-Rusiya müharibəsində isə ruslar 1770-ci ildə Moldovanı, 1771-ci ildə isə Krımı işğal etmişdi. 21 iyul 1774-cü ildə bağlanmış Kiçik Qaynarca sülh müqaviləsi nəticəsində Krım xanlığı Osmanlı vassallığından çıxarılaraq güya müstəqil xanlıq elan edilmişdi. 1777-ci ildə ruspərəst Şahin Gəray xan taxta oturtuldu. Rusiya dövləti Krıma kütləvi şəkildə rusları köçürərək məskunlaşdırmağa başlamışdı. Rusiya dövləti 1779-cu ildə imzaladığı Aynalıqovaq sazişinin şərtlərini pozaraq Krımdakı hərbi birləşmələrini oradan çıxarmaqdan imtina etmişdi. 1783-cü ildə çariça II Yekatrinanın əmri ilə Krım işğal edilərək Rusiyaya birləşdirildi. Bu Krım tatarlarının qiyam qaldırmasına səbəb olmuşdu. Şahin Gəray xan Rusiyaya qaçmaq məcburiyətində qaldı. Krım taxtına Bahadır Gəray xan oturdu. 1785-ci ildə Şahin Gəray rus ordusu ilə birlikdə Krıma qayıtdı. Krım Rusiya tərəfindən beləcə işğal edildi. Daha sonrakı illərdə Ruslardan umduğunu görməyən Şahin Gəray xan İstanbula pənah apardı. Lakin etdiyi xəyanətlər bağışlanmayaraq Rodos adasına sürgün edildi. Daha sonra adada edam edildi. Osmanlı dövləti Rusiyanın Kırımı işğal etməsi ilə razılaşmayaraq bu dövlətlə yeni bir müharibəyə girişdi, lakin uğur qazana bilməyərək 1792-ci ildə Yaş Müqaviləsini imzalamaq məcburiyətində qaldı. Beləcə Osmanlı dövləti Krımın Rusiya tərəfindən ilhaqını qəbul etməli oldu.