Səlahət Əsədova N. Nərimanov r-nu mlk-nin ingilis dili müəllimi, Amerika Təhsil Şurası “Təhsildə əməkdaşlıq” programı məzunu



Yüklə 56,61 Kb.
tarix02.12.2016
ölçüsü56,61 Kb.
#604
Səlahət Əsədova

N.Nərimanov r-nu MLK-nin ingilis dili müəllimi,

Amerika Təhsil Şurası “Təhsildə əməkdaşlıq” programı məzunu,

Ən Yaxşı Müəllim müsabiqəsinin qalibi

Gabiliyyətin inkişafına fərdi yanaşma

(Hər kəs dahidir...)

Hər il on minlərlə gənc tam orta məktəbi bitirib bilik və qabiliyyətindən asılı olmayaraq, əsasən, ali təhsil müəssisələrinə üz tutur. Eyni ilə də, hər il on minlərlə gənc universitetləri bitirib maraqlarına uyğun iş tapmaqda çətinlik çəkirlər. On minlərlə gənc isə, ali və orta-ixtisas məktəblərinə daxil ola bilmir və bir çox halda, heç bir peşəyə yiyələnmədən cəmiyyət üçün faydasız elementə çevrilir. Ona görə də, hər bir gəncin qabiliyyət və bacarığının aşkarlanması və uyğun fəaliyyət istiqamətində yönləndirilməsi xüsusi aktuallıq kəsb edir.

Bu problemin həllinə yönəlmiş tədbirlər sırasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə 2014 ci il üçün Dövlət Strategiyası” əhəmiyyətli yer tutur. Strategiyada:

-Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması;

-İnnovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması;

-İlk peşə-ixtisas təhsil müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət –biznes partnyorluğuna əsaslanan sosial xarakterli Müasir Azərbaycan Peşəkarları Layihəsinin həyata keçirilməsi kimi, çox mühüm fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

Şəxsiyyətyönümlü təhsil və innovativ təlim metod və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin (müəllimin) yetişdirilməsi kurrikulum islahatı ilə birgə reallaşır.

Müasir Azərbaycan Peşəkarları Layihəsinin həyata keçirilməsi isə, təhsil sahəsində yaranmış problemlərin həllinə yönəlmiş mühüm bir addımdır. Bu layihənin reallaşması ilə bağlı biz müəllimlərin də üzərinə çox böyük məsuliyyət düşür. Belə ki, şagirdlərimizi qabiliyyət və maraqlarına uyğun olaraq müxtəlif peşələrə yönəltmək məhz orta məktəbdən başlayır. Doğrudan da, hər bir şagirdin fərqli qabiliyyətini üzə çıxarıb ona uyğun peşə seçimi etmək çox böyük bir uğurdur. “Qabiliyyət” dediyimiz bu məfhuma isə fərqli baxışlar mövcuddur. XIX-cu əsrin 80-ci illərinə qədər hər kəsin yalnız bir qabiliyyətindən danışılırdısa, 1983 ildə Harvard Universitetinin professoru Dr.Howard Gardner fərqli bir nəzəriyyə- çoxşaxəli qabiliyyt nəzəriyyəsini işləyib hazırladı. Dr. Gardnerə görə qabiliyyət oxu, yazı və riyazi bacarıqlara uyğun olaraq ölçülür və insanın gələcəyi buna görə müəyyən edilir. O, ilk kitabı “Beynin çərçivələri” (Frames of Mind) adlı əsərində yazır ki hər bir fərd özündə 8 fərqli qabiliyyətin birini deyil,bir neçəsini birləşdirir. Hətta zehni qusuru olan bir uşağın dili ilə bağlı hökmən çatışmamazlıqları olacaq, ancaq, o, çox yaxşı bir rəsm çəkər və ya hər hansı bir musiqi alətində çox gözəl çala bilər.Dr. Gardnerin nəzəriyyəsinə uyğun olaraq öyrətmə üsullarının geniş diapazonu imkan verir ki müəllimlər və valideynlər uşaqların zəif və güclü tərəflərini (qabiliyyətlərini) onların maraqlarına görə istiqamətləndirə bilsinlər. Dr. Gardnerin müəyyən etdiyi 8 fərqli qabiliyyət aşağıdakılardan ibarətdir:

1)İncəsənət qabiliyyəti (Spatial Intelligence) 2) Fiziki qabiliyyət (Kinesthetic Intelligence) 3)Fərddaxili qabiliyyət (Intrapersonal Intelligence) (4) Fərdlərarası qabiliyyət (Interpersonal Intelligence) 5)Məntiqi qabiliyyət (Logical Intelligence) 6)Linqvistik qabiliyyət (Linguistic Intelligence) 7)Naturalist qabiliyyət (Naturalistic Intelligence) 8)Musiqi qabiliyyəti (Musical Intelligence).

İncəsənət qabiliyyətə malik olan uşaqlar hər hansı bir obyekti daha sürətlə qavrayırlar.Bura şəkillər, diaqramlar, filmlər, flaş kartlar, flip-çatlar daxildir. Onlar informasiyanı şəkil və təsvirlərdən daha tez qəbul etdikləri üçün onların əla motorik qabiliyyətləri olur. Bu cür uşaqlar müxtəlif növ krossvord, pazl, şəkil və formalardan həzz alırlar.Belə uşaqlar kitabı oxumazdan əvvəl onun şəkillərinə baxırlar. Bu cür qabiliyyəti inkişaf etmiş uşaqlar üçün yararlı peşələr aşağıdakılardır: tikişçi,dulusçu,oyma ustası,zərgər, qrafik dizayner,rəssam, heykəltəraş, kartoqraf, fotoqraf, turist səfərlərində gid,film direktoru, interier dizayner,rəngsaz,moda dizayneri,vizajist,bənna dəmirçi,dənizçi,cərrrah,pilot, mühəndis.

Fiziki qabiliyyətli öyrəncilər toxunma, əllə hiss etmə kimi fiziki təcrübələrindən faydalanırlar.Onların beyinləri ilə bədənləri arasında xüsusi harmoniya olduğu üçün onlar dünyanı daha çox toxunma və hərəkətlə dərk edirlər. Bu cür uşaqlar daha çox bədən üzvlərini hərəkət etdirərək öyrənir,əllə bağlı hərəkətləri yaxşı yerinə yetirir,oynaqların, əzələlərin,sinir və digər bədən hissələrinin diqqətli və sürətli kordinasiyasını təmin edirlər. Bəzən onları hiperaktiv və diqqəti toplaya bilməyən kimi qiymətləndirirlər. Bu cür uşaqları məktəbdə nəyisə öyrənməyə cəlb etmək müəllimlər üçün çox çətin olur. Çünki onların enerjisini sərf etməyə tənəffüz bəs eləmir və enerjisini sərf edə bilməyən şagird dərsdə əsəbi və cansıxıcı olur. Bu cür uşaqlara uyğun gələn peşələr aşağıdakılardır: mexanik, trener,atlet, akrobat, gimnast, rəqqas(rəqqasə), bərbər, candüdən, aktyor(aktrisa), masajist, hərbçi, yanğınsöndürən, sürücü, bağban.

Fərddaxili qabliyyətli öyrəncilər öz vaxtlarını şəxsi məqsədlərinə sərf etməyi xoşlayırlar. Bəzən başqalarından utancaq görünə bilər və sakit şəraitdə işləyirlər.Onlar müstəqildirlər və vaxtlarını yalnız düşünmşk və işləməklə keçirməkdən məmundurlar.Bu cür uşaqlar özlərinin zəif və güclü cəhətlərini bilirlər və böyüyəndə kim olacaqlarını müəyyən edirlər.Bu öyrəncilər dinlə maraqlana bilərlər və ya incəsənətlə musiqi və yaradıcılıqla ,və ya gündəlik yazmaqla öz daxili hisslərini ifadə edə bilərlər.Onlar gələcəkdə yaxşı filosof, nəzəriyyəçi,ixtiraçı, humanitar sahədə işçi,tədqiqatçı, bioqrafiyaçı, psixoloq və ya yazıçı olurlar.

Fərdlərarası qabiliyyətli öyrəncilər işləməkdən, öyrənməkdən, kömək etməkdən, insanların arasında olmaqdan həzz alırlar. Onların həmçinin dostluq əlaqələri geniş olur, müxtəlif komandalara üzv olur, komandalarda oynayır, bölüşməyi sevirlər. Bu cür uşaqlar digərlərinin qeydinə qalır, məsləhət verir və onları müdafiə edə bilirlər. Onlar ehtiyacı olan qonşuya kömək edir, məktəbə gələn təzə uşaqla dostluq edir ki, o özünü tənha hiss etməsin. Bu qabiliyyətdə olan uşaqlar yaxşı aktyor (aktrisa), müəllim, terapevt, psixiatr, satıcı, menecer, siyasətçi, polis, həkim, tibb bacısı, psixoloq, sosioloq, konsultant, səyahət agenti, ofisiant trener ola bilirlər.

Məntiqi qabiliyyətli öyrəncilər çoxlu sual verir və yaxşı krossvord həll edirlər.Onlar təcrübə aparmağı, işlərində məntiqi nəticə çıxarmağı bacarır, dizayn problemlərini, hər hansı mexanizmin iş prinsiplərini öyrənməyə can atırlar. Bu cür öyrəncilər riyaziyyat,compüter-texnologiyalarını daha çox sevirlər.Onlar öz əşyalarını təmiz saxlayır, işlərini planlı şəkildə həyata keçirir,bir iş görməzdən əvvəl nəticəsini düşünrlər.Onlara uyğun gələn peşələr aşağıdakılardır:buxalter, statist, analitik, astronavt, tədqiqarçı, proqramist, kompüter dizayneri, mühəndis, ixtiraçı, polis əməliyyatçısı, atıcı, bankir, alim, bioloq, kimyaçı, botanik, geoloq.

Linqvistik qabiliyyətli öyrəncilər sözə daha çox üstünlük verirlər.Onlar yaxşı təsvir edir, izah edir, oxumaqdan həzz alır, yazmağı, hekayə uydurmağı və danışmağı xoşlayır, diskussiya və debatlarda iştirak edirlər. Bu cür uşaqlar sakit, ağıllı və yaxşı dinləyici olurlar.Çox sayda eşitmə və nitq qusuru olan uşaqlar da beyinlərinin bu hissəsini daha çox işlədirlər. Onlara uyğun ən yaxşı karyera jurnalist, kitabxanaçı, şərhçi, tərcüməçi, müəllim, hüquqşünas, şair, yazıçı,dramaturq, ictimai xadim, redaktor, media məsləhətçisi, televizor- radio diktoru, satıcıdir.

Naturalist qabiliyyətli öyrəncilər fiziki qabiliyyətli öyrəncilər kimi toxunmağı,hiss etməyi, tutmağı xoşlayırlar,ancaq bunları təbiətdə və heyvanlar arasında etməyi üstün tuturlar. Naturalistlər ətraf mühitlə bağlı hər şeylə maraqlanırlar.Onlar daha çox açıq havada vaxt keçirmək, xırda daşlar, balıqqulaqları toplamaq, heyvanlara qulluq etmək, heyvanlar və ətraf mühiti qorumaq və öyrənməkdən həzz alırlar. Bu cür uşaqlar evdə kiçik ev heyvanı saxlayır,ətraf mühiti çirkləndirənləri xoşlamır, bəzən də vegeterian olurlar. Bu cür uşaqlara uyğun gələn peşələr aşağıdakılardır: arxeoloq, bağban, fermer, bioloq, heyvan təlimçisi, ətraf mühit mühafizəçisi, balıqçı, fotoqraf, veterenar, zooloq.

Musiqi qabiliyyətli öyrəncilər informasiyanı səslər, mahnılar, musiqi,cingilti və ritmlər vasitəsilə almağı xoşlayırlar. Onlar musiqiyə qulaq asmaq, bəstələmək və zümzümə etməkdən zövq alırlar. Bu cür uşaqlar hər növ musiqini sevirlər və hara gedirlərsə başlarında bir musiqi parçası olur. Onlar üçün ən yaxşı peşələr bunlardır: musiqişünas, müğənni, bəstəkar, ifaçı, musiqi müəllimi, alət ustası, orkestrdə ifaçı, drijor, musiqi tənqidçisi, DJ, film prodüsser, məzhəkəçi, məclis aparan.

Göründüyü kimi şagirdlərimiz gərqli qabliyyətə malikdirlər. Fərqli qabiliyyətlərinə görə də onlar fərqli öyrənirlər. Əgər biz onlardan bacarmadığı, sevmədiyi bir işi görməyi tələb etsək nələr baş verər? Dahi A.Eynşteynin bu statusu sualımıza çox gözəl cavabdır.”Hər kəs dahidir, ancaq, əgər sən balığı ağaca çıxmaq qabiliyyətinə görə mühakimə etsən, o, ömrü boyu özünün küt olduğuna inanaraq yaşayacaq”. Ona görə də şagirdlərimizin fərqli qabiliyyətlərini üzə çıxararaq onların, maraqlarını nəzərə alıb düzgün istiqamətləndirmək çox vacibdir. Həm də şagirlərimizin fərqli qabiliyyətlərini nəzərə alaraq fərqli öyrətmə üsullarından istifadə etməliyik.Bu da bir faktdır ki,onları eyni üsulla öyrətmək münkün deyil,çünki hər birinin fərqli öyrənmə bucağı var. Biz müəllimlər isə onların uğurlarını təmin etmək üçün fərqli öyrətmə üsullarını bacarmalıyıq. Ona görə də Gardnerin təklif etdiyi fərqli öyrətmə stillərindən sinifdə istifadə etməklə çox faydalana bilərik.Həm də fərqli öyrətmə üsullarının təcrübədə öz təsdiqini tapmış faydalı nəticələri mövcuddur ki,onun da bir neçə cəhətlərini diqqətinizə çatdırmaq istəyirəm:

1) Çoxşaxəli qabiliyyəti inkişaf etdirən fərqli öyrətmə üsullarından istifadə şagirdlərin uğurlarına kömək edir, məs. Mən özüm linqvistik qabiliyyətə malikəm,bu o demək deyildir ki mənim şagirdlərim də mənimlə eynidir.Yəni onlar müəllimin danışığına qulaq asmaqla, suallara yazılı və şifahi cavab verməklə, müzakirələrdə iştirak etməklə öyrənməlidirlərlər. Ola bilsin ki, onlar ətraf mühitlə bağlı şəraitdə , və ya sxemlər, şəkillər musiqi və s. ilə daha yaxşı öyrənə bilərlər.

2) Çoxşaxəli qabiliyyəti inkişaf etdirən fərqli öyrətmə üsullarından istifadə bir çox hallarda sinfin idarə olunması ilı bağlı problemləri aradan qaldırır. Belə ki sinifdə şagird tapşırığı yerinə yetirməkdə çətinlik çəkəndə ümidsizləşir və tapşırıq ona darıxdırıcı ğörünür,bu zaman da davranış probleməri başlayır. Əgər müəllim tapşırıqlara qabiliyyətin bir nəçə növünü daxil etsə şagirdlərdə çalışmaya maraq oyanar və onu yerinə yetirməyə həvəsləri artar ki,bu da davranış problemlərini aradan qaldırar.

3) Çoxşaxəli qabiliyyəti inkişaf etdirən fərqli öyrətmə üsullarından istifadə şagirdlərin gələcəkdə bütün qabiliyyətlərinin inkişafına kömək edir. Belə ki araşdırma göstərir ki şagirdlərimizin hamısında bu qabiliyyətlər müəyyən dərəcədə mövcuddur.Məs. mən ingilis dili dərslərimdə fərqli fənləri inteqrasiya etməyi sevirəm.Mövzu ilə bağlı müxtəlif klip-çatlar,video, musiqi, riyazi çalışmalar və s. Istifadə edirəm. Bu o deməkdir ki, fiziki qabiliyyətli öyrəncilərin həm də musiqi, məntiqi-riyazi qabiliyyətlərini də inkişaf etdirirəm.

Həm də düşünurəm ki fərqli öyrətmə stilləri şagirdlərə hər hansı bir materialı bütövlükdə dərk etmək imkanı verir.Bunun üçun də şagirdlərə necə öyrənmək istədikləri barədə düşünmə imkanı verilməlidir.Onlar fərqli öyrənmə üsullarından xəbərdar olmalı və necə öryənmək istədiklərini özləri seçməlidirlər. Bunun üçün də ilk növbədə onlara test keçirilir ki onlar görsünlər xüsusi qabiliyyətləri hansılardır.Sonra isə maraqları ilə qabiliyyətlərinin üst-üstə düşənini özləri seçsinlər.

Fərqli qabiliyyətləri aşkara çıxaran aşağıdakı test nümunələrindən faydalana bilərik.

Test nümunələri

1)Məktəbdə sevdiyin fənn:

A)Rəsm B)Bədən tərbiyəsi C) Ədəbiyyat Ç)Riyaziyyat D)Nitq və Debat

E)Musiqi Ə)Zoologiya F) Psixologiya.

2)Boş vaxtlarımda xoşlayıram:

A) oxumağı B) idmanla məşğul olmağı C)rəsm çəkməyi Ç)riyazi məsələ həll etməyi D) düşərgəyə, dağlara, bağçaya getməyi E)musiqi dinləməyi Ə)vaxtımı tək keçirməyi F)gonaqlıqlara getməyi

3) Televizor proqramlarından adətən hansına baxırsan?

A) Musiqi proqramları B) klassik kitabların səhnələşdirilməsi C) elmi proqramlar Ç) dizayn və stil proqramları D) idman xəbərləri E) tok-şoular

Ə) təbiətə aid proqramlar F) sənədli proqramlar

4 ) İstirahət günün gözəl bir yay gününə təsadüf edir, daha çox nə edərdin?

A)özün özünə sakit bir gün keçirərdin B) incəsənət muzeyinə gedərdin

C) maraqlı bir kitab oxuyardın Ç) konsertə gedərdin D) dostlarınla futbol (voleybol) oynayardın E) ev təsərrüfat büdcəni nəzərdən keçirərdin Ə)dostlarınla ticarət mərkəzində dolaşardın F)təbiət qoynuna bir günlük səfər edərdin

5)Yeni bir layihə üzərində işləmək istərkən sən daha çox nədən ilhamlanardın?

A)öz ideyalarımı başqaları ilə müzakirə edərdin B)evinə yaxın ətrafda qaçardın

C) seçimlərini beynində tədqiq edərdin Ç)mövzu ilə bağlı məqalələr oxuyardın D)layihənin üzərində sakitcə düşünərdin E)bağında işləyərdin

Ə) alternativləri sıralayıb müxtəlif faktarlara əsaslanaraq bal verərdin

F) sevdiyin musiqilərə qulaq asardin

6) Qonaqlıqda sən daha çox nə edərdin?

A) sevdiyin müəllif haqqında müzakirələr aparardın B)kimisə oxatma oynuna dəvət edərdin C)mümkün qədər çox insanlarla söhbət edərdin Ç) bütün axşamı qonaqlığın neçəyə başa gəldiyini hesablamaqla keçirərdin D)ev sahibinin evinin arxitekturası ilə maraqlanardın E) sakitcə başqalarını müşahidə edərdin Ə) ev sahibinin bağında gəzişərdin F)ev sahibinin CD kolleksiyasını nəzərdən keçirərdin

7) Diş həkiminin qəbulunda növbə gözləyirsən. Vaxtının tez keçməsi üçün nə ilə məşğul olardın?

A) kitab oxumaqla B) Milli Coğrafiya jurnalının hər hansı bir nömrəsini nəzərdən keçirməklə C)kağız üzərində cızma – qara şəkillər çəkməklə Ç) həyətdə gəzişməklə D) MP3 pleyerinə qulaq asmaqla E) sudoku (riyazi oyun )oynamaqla Ə)dostlarınla mesajlaşmaqla F) psixologiyaya aid məqalə oxumaqla

8) Səni tamaşada iştirak etməyə dəvət ediblər. Hansı rolu seçərdin?

A) hər hansı bir alətdə çalardın B) ssenari yazardın C) rejissorluq edərdin

Ç) səhnə avadanlıqları, geyimləri və digər resurslarla məşğul olardın D) tamaşaçı kimi tamaşanı seyr edərdin E) büdcəni planlaşdırardın Ə) rəqs edərdin

F) Səhnəni quraşdırardın

9) Dostlarınla oyun oynamağa hazırlaşırsan. Hansı işi öz üzərinə götürərdin?

A) Mahnının sözlərini xatırlamaq B) bitki və heyvanları müəyyən etmək

C) Komanda yoldaşlarına ipucu vermək üçün şəkil çəkmək Ç) məşhur statın kimə məxsus olduğunu tapmaq D) grupa liderlik etmək E) fiziki hərəkətlər etmək (məs. səbətə top atmaq) Ə) tapmacaları tapmaq F) riyazi məsələ həll etmək

10) Sabahkı testə hazırlaşmaq üçün materialları təkrar etməlisən.Hansı öyrənmə üsulundan istifadə edərdin?

A) Sinif yoldaşlarınla birgə məşğul olardın B) materialı məntiqi cəhətdən anlamağa çalışardın C) oxuyub qeydlər edərdin Ç) biliyi təcrübədən əldə etməyə çalışardın D) otağına qapılıb sakitcə məşğul olardın E) materialı ümumiləşdirən diaqram və cədvəl hazırlayardın Ə) nəzəriyyələri asan yadda saxlamaq üçün müxtəlif kateqoriyalara bölərdin F) müxtəlif nəzəriyyələri yadda saxlamaq üçün onlara mahnı yazardın.

Bü cür test nümunələri ilə şagirdlərin bir deyil, bir neçə qabiliyyətini aşkara çıxarmaq mümkündür (belə ki bir neçə düzgün cavab qəbul edilməlidir).Hər kəsin maraq və qabiliyyətini müəyyənləşdirdikdən sonra isə fərqli qabiliyyətlərə uyğun çalışmalardan istifadə edə bilərik.Məs.

Linqvistik öyrəncilər sözləri daha çox sevdikləri üçün, onlara düşünmə,problemi həll etmə imkanları verməli və onları aşağıdakı kimi tapşırıq və layihələrdə çalışdırmaq lazımdır:

 Lüğətdən istifadə etməklə krossvordları tamamlamaq,

 Sinif qəzeti üçün kiçik hekayə,esse yazmaq,

 Məktəb divar qəzeti üçün kiçik məqalə yazmaq

 Şer yarışmaları keçirmək,

 Yaxşı natiqlik müsabiqəsi keçirmək,

 İnşa müsabiqəsi keçirmək,

 Debat və müzakirələrdə iştirak

Məntiqi-riyazi qabiliyyətli öyrəncilər rəqəmlər və kompüter texnikası ilə daha çox maraqlandıqları üçün aşağıdakı fəaliyyət növlərindən istifadə edilməsi məsləhətə uyğundur:

 Riyazi oyunlar (şahmat, şaşki və s.) keçirmək

 Elmi nəzəriyyələr əsasında təcrübələr aparmaq (riyazi hesablamaqla)

 Məntiqi oyunlar keçirmək,

 Məntiqi məsələlər həll etmək,

 Elmi proqramlar üçün “özün düzəlt”dəstlərindən istifadə etmək,

 Əlifba və rəqəmlərdən ibarət qaydalar müəyyən etmək

 Analogiyalar tərtib etmək

İncəsənət qabiliyyətli öyrəncilər informasiyanı şəkil və təsvirlərdən daha tez qəbul etdiklərindən onlar üçün aşağıdaki fəaliyyət növləri daha önəmlidir;

 Məktəb və sinif qəzetinə xəbər bülletenləri üçün fotolar çəkmək,

 Yeni mövzu ilə bağlı şəkillərlə modellər (məs. Venn Diaqramı, xəritə ) çəkmək,

 Coğrafi xəritələr tərtib etmək,

 Şerlərə, hekayələrə illustrasiyalar, şəkillər çəkmək,

 Mövzu ilə əlaqəli sxemlər, diaqramlar hazırlamaq,

Musiqi qabiliyyətli öyrəncilərə uyğun fəaliyyət növləri aşağıdakılardır;

 Mövzu ilə bağlı öz şerlərini yazmaq,

 Orijinal şerlərə musiqi bəstələmək,

 Müxtəlif tarixi dövrlərin musiqisinə qulaq asmaq,

 Sevdikləri şerə musiqi bəstələmək,

 Mövzu ilə bağlı prezentasiyalarda arxa fona musiqi vermək.

Fiziki qabiliyyətli öyrəncilər daha çox hərəkətli olduqları üçün onlara uyğun öyrənmə çalışmaları aşağıdakılardır;

 Rollu oyunlar üçün maska, kostyum və s. hazırlamaq,

 Səhnəciklərdə iştirak etmək,

 Tamaşalarda səhnələr qurmaq, dekorasiya etmək,

 Mövzu ilə bağlı kublardan, leqolardan obyektlər hazırlamaq,

 Əllə düzəldilən konstruktor dəstləri ilə tapşırıqlar vermək.

Fərdlərarası öyrəncilər çox ünsiyyətə can atdıqları üçün onlara uyğun fəaliyyət növləri aşağıdakılardır;

 Layihələrdə qrup daxilində iştirak etmək,

 Faktları cütlərlə öyrənmək,

 Mövzu ilə bağlı fərqli insanlardan intervyu götürmək

 Rollu oyunlarda iştiraka cəlb etmək,

 Zəif sinif yoldaşlarını və ya aşağı sinif şagirdlərini öyrətmək.

Fərddaxili öyrəncilər daha çox öz hisslərinə, ideyalarına, məqsədlərinə aludə olduqları üçün onlara uyğun gələn fəaliyyət növləri aşağıdakılardır:

 Mövzu ilə bağlı öz təəssüratlarını yazmaq,

 Tarixi şəxsiyyətlər barədə esselər yazmaq,

 Öz həyatlarına dair ədəbi avtobioqrafiyalar yazmaq,

 Öz məqsədlərini yazmaq və ona çatmaq üçün gələcək planlar hazırlamaq,

 Kompüter proqramlarından istifadə etməklə müstəqil tapşırıqlar vermək,

 İllik jurnal tərtib etmək

Naturalist öyrəncilərin marağı daha çox ətraf mühitə olduqları üçün onlara uygun gələn fəaliyyət növləri aşağıdakılardır:

 Sinifdəki gül-çiçəklərə qulluq etmək,

 Ətraf mühitlə bağlı müşahidələr aparmaq,

 Məktəbdən kənar tədbirlərə (məktəbyanı sahədə ağaclara ,güllərə qulluq etmək) cəlb etmək,

 Məktəbyanı sahədə iməclik işlərinə cəlb etmək,

Bu cür çalışmalardan istifadə etməklə şagirdlərimizin fərqli gabiliyyətlərini onların maraqlarına uyğun daha da inkişaf etdirər, bununla da, cəmiyyətimiz üçün faydalı şəxsiyyətlər yetişdirməkdə öz müəllimlik missiyamızı daha səmərəli bir şəkildə yerinə yetirmiş olarıq. Çünki təhsilimizin əsas məqsədi də, elə, həyati bacarıqlara yiyələnən qabiliyyətli şəxsiyyətlər yetişdirməkdir.

Ədəbiyyat:

1) “Frames of Mind”: The Theory of Multiple Intelligences -1983 -Howard Gardner,

2) “Intelligences Reframed”- 2000. Howard Gardner,

3)”Multiple Intelligences: Eight Ways to Approach Curriculum.” 1994 -Thomas Armstrong,

4)”Multiple Intelligences in the Classroom”.2009 -Thomas Armstrong

5)”Brain -Based strategies to Reach Every Learner” 2010. J.Dianne Connell

Published by Scholastic Teacher Store

6) Azərbaycan Respublikasında təhsiln inkişafı üzrə Dövlət Strategiyası- 2014-2015

Salahat Asadova

Individual Approach to Intelligences

Индивидуальный подход к Разумами

Açar sözlər: çoxşaxəli qabiliyyət, incəsənət qabiliyyəti,fiziki qabiliyyət,musiqi qabiliyyəti, məntiqi qabiliyyət,fərdlərarası qabiliyyət, fərddaxili qabiliyyət,naturalistqabiliyyət,linqvistik qabiliyyət, dahi, bütövlüklə dərketmə

Key words: Multiple Intelligence, Spatial Intelligence, Kinesthetic Intelligence, Musical Intelligence, Logical Intelligence, Interpersonal Intelligence, Intrapersonal Intelligence, Naturalistic Intelligence, Linguistic Intelligence, genius, Meta cognition

Ключевые слова: множественность интеллектов, пространственный интеллект, кинестетический интеллект, музыкальный интеллект, логический интеллект, межличностный интеллект, внутриличностный интеллект, натуралистический интеллект, лингвистический интеллект, гений, мета познание

Xülasə


Məqalədə Harvard Universitetinin professoru Dr.Howard Gardnerin çoxşaxəli qabiliyyət nəzəriyyəsindən bəhs edilir. Şagirdlərin 8 fərqli qabiliyyətlərini inkişaf etdirmək üçün fərqli yanaşma üsullarından sinifdə istifadənin əhəmiyyətindən danışılır, çoxşaxəli qabiliyyəti inkişaf etdirmək üçün çalışma nümunələri verilir.

Summary


In the article it is spoken about the Multiple Intelligence Theory which was developed by Dr. Howard Gardner, professor of education at Harvard University.The importance of implementing multiple intelligence in the classroom is noted and teaching activities that connect with 8Intelligences are given as an example.

Резюме


В статье говорится о теории множественности интеллекта, которая была разработана профессором Гарвардского университета, доктором Ховардом Гарднером. Отмечается важность использования данной методики в классе и даны примеры техник преподавания, связанные с 8-ми интеллектами.
Yüklə 56,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin