AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120



Yüklə 275,14 Kb.
səhifə1/3
tarix25.11.2016
ölçüsü275,14 Kb.
#42
  1   2   3
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________
VƏLİ XULUFLU – 120

Vəli Xuluflunun 120 illik yubileyi ilə bağlı

elmi sessiyanın materialları


BAKI – 2015


LAYİHƏ RƏHBƏRİ: Muxtar KAZIMOĞLU (İMANOV)

AMEA-nın müxbir üzvü



TƏRTİB EDƏNİ: Sönməz ABBASLI

filologiya üzrə fəlsəfə doktoru



ELMİ REDAKTORU: Rza XƏLİLOV

filologiya üzrə fəlsəfə doktoru, dosent


Vəli Xuluflu – 120. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2015, 66 səh.
Kitaba 15 dekabr 2014-cü ildə Vəli Xuluflunun 120 illik yubileyi ilə bağlı AMEA Folklor İnstitutunda keçirilmiş elmi sessiyanın materialları daxil edilmişdir.

folklorinstitutu.com


M 4603000000 Qrifli nəşr

N-098-2015



© Folklor İnstitutu, 2015

VƏLİ XULUFLUNUN 120 İLLİK YUBİLEYİ İLƏ BAĞLI ELMİ SESSİYANIN MATERİALLARI
Muxtar Kazımoğlu: Siz bilirsiniz ki, bu il görkəmli ədəbiyyatşünas Vəli Xuluflunun anadan olmasının 120 illiyi tamam olur. Əslində 120 illik may ayının 26-da tamam olub. Amma siz bilirsiniz ki, yubileyin hazırlıq mərhələləri olur. Və biz də hazırlıq mərhələsindən keçib bu gün bura toplaşmışıq. Hazırlıq mərhələsinin birinci mahiyyəti ondan ibarətdir ki, “Klassik folklor” şöbəsi Rza Xəlilovun başçılığı altında Vəli Xuluflu irsinin yenidən öyrənilməsi, nəşr olunması ilə çox ciddi şəkildə məşğul olub. Onu deyim ki, bizim İnstitutumuzda “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası əvvəldən mövcud idi və biz o seriyaya V.Xuluflunun yubileyini nəzərə alaraq onun iki əsərini daxil etdik. Onlardan birincisi “El aşıqları”, ikincisi “Tapmacalar”dır. Şöbə kitabı necə var, o şəkildə hazırladı və kitaba “Ön söz” yazdı, izahlar, şərhlər yazdı və o kitabları nəşr etdik. Və o sıradan mən başqa işləri də qeyd edə bilərəm. Biz nəzərdə tutmuşuq ki, bugünkü elmi sessiyanın materiallarını da daxil etmək şərti ilə V. Xuluflu haqqında ayrıca bir kitab nəşr eləyək. O kitabda V. Xuluflunun həyatı, yaradıcılığı ilə bağlı ayrı-ayrı mühüm məqamlara toxunulsun və V.Xuluflunun fəaliyyətinin ayrı-ayrı cəhətləri işıqlandırılsın. Həm ədəbiyyatşünas, folklorşünas kimi, həm ictimai xadim kimi, həm də repressiya dövrünün digər faciəli şəxsiyyətlərindən biri kimi onun həyatının bizə qaranlıq qalan hələ bəzi məqamları var ki, onlar da o kitabda öz əksini tapsın. Tək V.Xuluflu yox, Y.V.Çəmənzəminli, B.Çobanzadə, H.Zeynallı, Ə.Abid, S.Mümtaz və digər ədəbiyyatşünaslarımız həm də folklorşünaslıq elmimizin təməlini qoyublar. Azərbaycan folklorşünaslığının tarixi o qədər də qədim deyil. Professional folklorşünaslığın tarixi Azərbaycanda XIX əsrin axırları, XX əsrin əvvəllərindən başlayıb. Və müqayisə etdikdə XIX əsrin axırlarında folklorşünaslıq XX əsrin əvvəllərindəki folklorşünaslıqdan fərqlidir. XX əsrin əvvəllərində V.Xuluflunun mənsub olduğu nəsil Azərbaycan folklorşünaslığını professional şəkildə ortaya qoyub. Ondan əvvəl SMOMPK ətrafında bizim ziyalıların çox böyük işləri var. Toplama, tədqiqat işləri var, ayrı-ayrı janrlara münasibət var. Firudin bəy Köçərlinin yaradıcılığında folklorşünaslıq baxımından qiymətli yazılar, məqalələr, aşıq - sənətkarların yaradıcılığına münasibət var və s. Amma siz baxın, bizim XX əsrin əvvəllərindəki alimlərimiz, xüsusən H.Zeynallı, V.Xuluflu, Y.V.Çəmənzəminli, B.Çobanzadə, Ə.Abid kimi görkəmli ədəbiyyatşünaslar folklorşünaslıqla dünya standartları səviyyəsində məşğul olublar. Toplama işi ilə folklorşünaslığın elmi prinsiplərinə əməl edərək məşğul olublar, toplama işinin həm də nəzəriyyəsini ortaya qoyublar. Baxın həmin “İlkin nəşrlər” seriyasından buraxdığımız kitablarda V.Xuluflunun yazdığı “Ön söz”lərə. Həmin “Ön söz”lərdə çox mühüm suallara cavab verilib. Məsələn, belə suallara: material necə toplanmalıdır, hansı şəkildə yazıya alınmalıdır, variantlar necə nəzərə alınmalıdır, regionlar necə nəzərə alınmalıdır? “Tapmacalar” kitabına baxın. Həmin kitabda bizim bugünkü toplama-tərtib kitablarında o qədər də fikir vermədiyimiz xüsusi bir prinsip var. Tapmaca verilir, aşağısında tapmacanın hardan, hansı kənd və şəhərdən toplandığı göstərilir. Bu o de-məkdir ki, bu insanlar söyləyicinin özündən daha çox onun yaşadığı folklor mühitinə fikir veriblər. Bu çox önəmli və vacib məsələlərdən biridir. Bizim bir çox tərtib kitablarımızda bir mətnin hansı kənddən, hansı rayondan qeydə alındığını bilmək çətin olur. Yəni biz o prinsipi xüsusi şəkildə nəzərə almırıq. Vəli Xuluflu və onun həmkarları Azərbaycan folklorşünaslığının bir elm kimi ilk terminlərini yaradıblar: ağız ədəbiyyatı, el ədəbiyyatı, şifahi ədəbiyyat, xalq ədəbiyyatı, şifahi xalq ədəbiyyatı. Bu terminlər ki, biz bu gün onları işlədirik, ən çox da şifahi xalq ədəbiyyatının üzərində dayanırıq, həmin terminlər o adamların mübahisələri, müzakirələri, dönə-dönə yazı yazmaqları əsasında ortaya gəlib. H.Zeynallı, V.Xuluflunun ayrı-ayrı janrlarla bağlı fikirləri var ki, bugünkü fikirlərlə gah üst-üstə düşür, gah düşmür. Yəni keçən bu müddətdə onların fikirlərinə biz dönə-dönə qayıtmışıq. Və beləliklə, biz ayrı-ayrı terminləri, ayrı-ayrı janrları, onların çərçivələrini müəyyənləşdirmişik. Bu alimlərin dastanlarımızla bağlı ciddi araşdırmaları var. Məsələn, Ə.Abidin “Dədə Qorqud”la bağlı tədqiqatları var. Azərbaycan qorqudşünaslığının da əsasını qoyan odur. Azərbaycan koroğluşünaslığının isə əsasını qoyanlardan biri V.Xulufludur. İndi mən istəyirəm ki, bəzi məqamlara ötəri toxunum, məruzələrə keçək. Bizim çox gözəl məruzələrimiz var. Mən dediyim məsələlərin hamısı orada öz əksini tapır. Məsələn, tutaq ki, birinci məruzənin ətrafında bir-iki detala toxunmaq istəyirəm. V.Xuluflunun ittihamnaməsində çox maddələr var. Trotskiçilik ilə əlaqələndirməkdən, Kirova, Bağırova qarşı sui-qəsddən tutmuş əks - inqilabi hərəkata və türkçülüyə qədər ─ nə desən, var. Amma ittihamlarda konkret detallardan biri Koroğlu ilə bağlıdırsa, biri də tapmacalarla bağlıdır. V.Xuluflunu ittiham ediblər ki, sən erməni Koroğlusunu götürüb Azərbaycan Koroğlusu kimi nəşr eləmək fikrinə düşmüsən. Guya ermənilərdə “Koroğlu” varmış və onu sən götürüb nəşr eləmək fikrinə düşmüsən. Tapmacalardan belə bir tapmacaya diqqət yetiriblər ki, “Hamını bəzər, özü lüt gəzər”. V.Xulufluya irad tutublar ki, sən burada Sovet hökumətini nəzərdə tutmusan. Biz çox tez-tez deyirik ki, repressiya qurbanlarının heç bir günahı olmayıb, bunları nahaq yerə tutublar. Əslində isə Vəli Xulufluların “günahları” çox olub. Ən başlıca “günahları” odur ki, onlar o dövrün bütün sərt qayda-qanunlarının içərisində Azərbaycan xalqına xidmət etmək istəyiblər. V.Xuluflu çox erkən yaşlarında mədrəsədə təhsilini başa vurub, orada qalıb işləyəndən sonra Gəncədə bolşeviklərin təsiri ilə müəyyən inqilabi fəaliyyətə başlayır. Amma qohumlarından biri qaçaq olduğuna görə V.Xulufluya şübhəli adam kimi yanaşıb tezliklə Firqə üzvlüyündən kənar edirlər. Deyirlər ki, sən necə firqəçisən ki, o qohumun yerini-yurdunu bizə demirsən. Yeni əlifba məsələsində V.Xuluflu çox fəal şəkildə iştirak edib. Hətta yeni əlifba barədə kitabı da var. Qadın azadlığı ilə, dillə əlaqədar kitabları var. V.Xuluflunun Türkoloji qurultayda çıxışı var. Türkoloji qurultayda çıxış edən, təşkilati baxımdan qurultayda müəyyən fəaliyyəti olan adamların hamısını güllələyiblər. V.Xuluflunun ən böyük “günahlarından” biri də budur. V.Xuluflu o dövrdə əlifba ilə əlaqədar Türk ölkələrini, Krıma qədər qarış-qarış gəzib, təbliğat aparıb ki, bu fürsətdir, biz yeni əlifbaya keçsək, bir-birimizi daha yaxşı başa düşərik. V. Xuluflu əlifba ilə bağlı yazılarında səs məsələsinə xüsusi fikir verir. Belə hesab edir ki, yeni əlifbada ərəb əlifbasından fərqli olaraq saitləri bildirən hərfləri yazmaqla türk xalqları bir-birini daha tez başa düşə bilər. Yəni V.Xuluflu və onun həmkarlarının belə amalları olub: Sovet hökumətinin verdiyi imkanlar daxilində Azərbaycan mədəniyyətinə xidmət eləmək, ümumtürk mədəniyyəti kontekstində bu mədəniyyəti öyrənmək, əlaqələr qurmaq və s. V.Xuluflunun çoxlu vəzifələri olub: firqə katibi, Dil, Ədəbiyyat, İncəsənət İnstitutunun direktoru, Tarix İnstitutunun direktor müavini, arxivdə müdir, Xalq Maarif Komissarlığında tədqiqatla, elmi müəssisələrlə məşğul olan xüsusi bir idarənin rəisi və s. Hər yerdə də özünün savadı ilə həmişə seçilib. Şərq dillərini, rus dilini, alman dilini çox gözəl bilib. Yəni gözəl bir ziyalımız olub. Biz bu gün V.Xuluflunu və o dövrdə repressiya qurbanı olan həmkarlarını ehtiramla xatırlayırıq və həm də təkcə elə-belə xatırlamaq istəmirik. İstəyirik ki, onun elmi fəaliyyətinin ayrı-ayrı məqamlarına, nöqtələrinə toxunaq. Təkrar edirəm ki, bizim burada çox gözəl məruzələrimiz var. Ona görə vaxt itirmədən mən qonaqlara xüsusi “xoş gəlmisiniz” deyib sözü Cəlal müəllimə vermək istəyirəm. Birinci məruzəmizə Cəlal müəllim başlasın. “Vəli Xuluflu şəxsiyyətinin formalaşmasının bolşevizmə qədərki dövrü”.
Cəlal Qasımov: Çox sağ olun, Muxtar müəllim. Əslində siz bütün çıxışların tezislərini əhatə etdiniz. Azərbaycanın tanınmış ziyalılarından olan Xuluflu Vəli Məmmədhüseyn oğlu 1894-cü il may ayının 26-da Şəmkir rayonunun Xuluflu kəndində doğulmuşdur. Onun atası Məmmədhüseyn vaxtında savad almasa da bacarıqlı və qayğıkeş ailə başçısı idi. Daha çox heyvandarlıq və maldarlıqla məşğul olan Məmmədhüseyn kişi kiçik Vəlinin, eləcə də digər övladlarının təhsil almasında olduqca maraqlı idi. Ona görə də Xuluflu kəndinə yaxın olan Keçili kəndinin mollası ilə razılaşır və Vəlini onun yanında oxumağa göndərir. Bir qədər sonra isə onu Gəncədəki molla məktəblərindən birinə qoyur. İbtidai təhsilini 1905-1907-ci illərdə mollaxanada alan Vəli burada ərəb-fars dillərinə bələd olmaqla yanaşı, islam dininin əsas dəyərləri, şəriətin əsasları və s. ilə yaxından tanış olur. Hələ mollaxanada ikən Qurani-Kərimə, islam mədəniyyətinə, eləcə də klassik Şərq şairlərinin əsərlərinə bələd olmaq imkanı əldə edir.

1907-ci ildən etibarən V.Xuluflu Gəncə şəhərində, Şahabbas məscidinin yanında fəaliyyət göstərən yeni üsullu “Mədrəseyi-ruhaniyyə”də (rəsmi adı belədir: “Elizavetpolskoy Musulmanskoy Duxovnoy Seminarii”, Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyası C.Q.) təhsilini davam etdirir. “Mədrəseyi-ruhaniyyə” öz dovrünün qabaqcıl seminariyalarından hesab olunurdu və özündən əvvəlki məktəblərdən, xüsusilə də molla məktəblərindən təhsilin keyfiyyəti və hətta xüsusi geyimləri ilə köklü surətdə fərqlənirdi. Azərbaycan Sovet Ensiklopediyasında “Mədrəseyi-ruhaniyyə” barədə oxuyuruq: “Mədrəseyi-ruhaniyyə” ─ panislamistlər tərəfindən 1908-ci ildə Gəncədə şah Abbas məscidi yanında yaradılmış dini məktəb. Burada Azərbaycan dili əvəzinə türk dili tədris edilir, islamın və Osmanlı imperiyasının tarixi öyrədilirdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra “Mədrəseyi-ruhaniyyə” məktəbi bağlanmışdır”. Faktlar göstərir ki, əvvəla, «Mədrəseyi-ruhaniyyə» 1908-ci ildə deyil, 1905-ci ildən fəaliyyət göstərir. Həmin məktəbin ilk buraxılışı 1912-ci ildə olmuşdur. “Mədrəseyi-ruhaniyyə”nin müəllim və tələbələrinin kollektiv şəkildə çəkdirdiyi şəkil (vinetka) də dediklərimizi təsdiq edir. İkincisi, bu təhsil ocağını yaradanlar və gənc nəsli yetişdirənlər panislamistlər deyil, dövrünün ən görkəmli yenilikçi maarifpərvər milli ziyalıları idi. Digər tərəfdən bu seminariya dini təhsil verməklə kifayətlənmirdi. Molla məktəbindən fərqli olaraq bu seminariyada dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu. Başqa sözlə desək, bu seminariyada tədris olunan fənlər dünyəvi elmlərə də keçidin əsasını qoydu. Məsələn, həmin seminariyada ilahiyyət və Quranın oxunması ilə bərabər, tatar (Azərbaycan) dili, ərəb dili, fars dili, tarix, coğrafiya, təbiət tarixi, gigiyena, həndəsə, cəbr, riyaziyyat fənləri də tədris olunurdu. “Mədrəseyi-ruhaniyyə”də verilən yüksək səviyyəli orta təhsil gələcəkdə hərtərəfli və mükəmməl ali təhsil almaq üçün bünövrə, bazis rolunu oynayırdı. Burada Osmanlı dili və tarixi deyil, Azərbaycan dili və tarixi öyrədilirdi.

Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasında (“Mədrəseyi-ruhaniyyə”də) məktəbin müdiri, dövrünün böyük din xadimi Axund Hüseyn Pişnamazzadə, İstanbul Universitetində təhsil almış görkəmli tənqidçi Abdulla Sur Məhəmmədzadə, riyaziyyat elmini dərindən bilən Rza bəy Qaraşarov, Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin əmisi, tanınmış pedaqoq İdris Axundzadə, Təbriz, Bağdad, İstanbul, Tehran kimi mədəniyyət mərkəzlərini gəzən, Xorasanda və Səmərqənddə dövrünün tanınmış din xadimlərindən dərs alan, seminariyanı dərsliklər və metodik vəsaitlərlə təmin edən folklorşünas-pedaqoq Mirzə Abbas Abbaszadə və görkəmli şair-dramaturq Hüseyn Cavid kimi simalar dərs deyirdi. Bu kiçik təqdimatdan da aydın olur ki, seminariyanın müəllimləri gənc nəslin yüksək səviyyədə yetişməsi üçün əlindən gələni əsirgəmirdilər. Daha doğrusu, məktəb rəhbərliyi tanınmış pedaqoqları pedaqoji işə cəlb etməklə tədrisin keyfiyyətini daha da yüksəltməyə və seminariyanın şagirdlərini milli ruhda tərbiyə etməyə çalışırdılar. Qabaqcıl pedaqoji ideyalardan faydalanan belə bir nümunəvi təhsil müəssisəsində yaradıcı pedaqoji mühitin olması Vəli Xulufluya və onun tələbə yoldaşlarına təsirsiz qalmamışdır.

Tədqiqatlardan aydın görünür ki, Abdulla Məhəmmədzadə Tofiq Sur 1908-ci ildə Mirzə Abbas Abbaszadəni, əsrin əvvəllərində ─ 1912-ci ildə isə İstanbul Universitetində birlikdə təhsil aldığı Hüseyn Cavidi Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasına dəvət etmişdir. A.Surun bu cür mütəfəkkir şəxsiyyətləri seminariyaya cəlb etməsi, yeni maarifçi pedaqoji mühitin yaradılması və seminariyanın nüfuzunun qaldırılması ilə bağlı idi. Seminariyada Azərbaycan dilinin tədrisi ─ milli irsimizə, ərəb və fars dillərinin tədrisi ─ ümumşərq dəyərlərinə, tarix, coğrafiya və təbiət tarixinin öyrədilməsi isə Qərb mədəniyyətinə yiyələnməyə əsas verirdi. Akademik M.Cəfər Hüseyn Cavidin həmin məktəbdə nə zaman dərs deməsi ilə bağlı yazırdı: «1912-ci ilin axırlarında Cavid yenə bir daimi iş yeri axtarmaq məqsədilə Gəncəyə gedir. Burada bir neçə aylıq müəllimlik yeri tapırsa da, az sonra işdən çıxarılır. Şair əlacsız qalıb, Gəncə dəmir yolunda mühasiblik edir». Arxiv materialları, xüsusilə də «Mədrəseyi-ruhaniyyə» ilə bağlı araşdırmalar H.Cavidin Gəncəyə 1912-ci ilin axırlarında deyil, əvvəllərində getdiyini təsdiqləyir. Görünür, o, «Mədrəseyi-ruhaniyyə»də Əhməd Cavada və Vəli Xulufluya dərs demişdir. Həmin məktəbin ilk buraxılışı 1912-ci ilin may ayında olmuşdur. Buraxılış münasibəti ilə çəkilmiş kollektiv şəkildəki (vinetka) müəllim və tələbələr arasında Cavid əfəndi də vardır. Başqa bir mühüm fakt: Hüseyn Cavid 1912-ci ilin may ayının 8-də dünyasını dəyişən ruhaniyyə məktəbinin müəllimi Abdulla Surun 11 mayda keçirilən vida (dəfn) mərasimində iştirak etmiş və nitq söyləmişdir. Dəfnin təşkili və keçirilməsi, orada iştirak edənlər barədə daha geniş məlumatı da Cavid əfəndinin “İqbal” qəzetində nəşr etdirdiyi “Nakamlıq” (“İqbal” 12 may) və “Mirzə Abdulla Məhəmmədzadə A.Sur – Abdulla Tofiq” (“İqbal” 16-18 may) məqalələrindən öyrənirik. Bunlar əsas verir deyək ki, Cavid əfəndi Gəncə şəhərinə 1912-ci ilin axırlarında deyil, əvvəllərində getmişdir.

“Mədrəseyi-ruhaniyyə”də yüksək təhsil vermək, eyni zamanda tələbələri milli ruhda tərbiyə etmək müəllimlərin qarşısında qoyulmuş əsas vəzifələrdən biri idi. Həmin seminariyanın müəllim və tələbələrinin günümüzə qədər gəlib çıxmış arxiv materiallarından və şəkillərindən də aydın görünür ki, “Mədrəseyi-ruhaniyyə”nin müəllim və tələbələr üçün hazırlanmış xüsusi geyim formaları olmuşdur. Bu da həmin seminariyanın lazımi səviyyədə təşkil olunmuş təminatından və ciddi nizam-intizamından xəbər verir.

Seminariyanın tədris-metodik vəsaitlərinin bir çoxu məktəbin yüksək pedaqoji hazırlığa malik təcrübəli müəllimlərinin özü tərəfindən hazırlanırdı. Belə müəllimlər arasında Mirzə Abbas Kərbəlayi Ələkbər oğlu Abbaszadənin (1870-1920) xüsusi yeri vardır. O, tərtib etdiyi dərsliklərdə çətin başa düşülən ərəb və fars sözlərindən, mürəkkəb izafət birləşmələrindən imkan daxilində uzaq durmağa, uşaqların anlaya biləcəyi dildə yazmağa çalışırdı. Ona görə də onun dərslikləri sadəliyi və dilinin aydınlığı ilə seçilirdi.

Mənbələrin verdiyi məlumatdan da aydın olur ki, fars dilini tədris edərkən M.A.Abbaszadə qiraət kitabı tapılmadığından şagirdlər üçün dərslik hazırlamalı olmuşdur. Rus dilində olan “Qiraəti-farsi” (“Farsca qiraət”) kitabının I cildindən tərcümə yolu ilə belə bir dərslik meydana gətirmişdir. Əvvəlcə həmin kitab mədrəsənin müəllim heyəti tərəfindən müzakirə olunmuş və mövcud proqrama uyğunluğu, dilinin sadəliyi, mətnlərin bədii yığcamlığı, uşaqların yaş xüsusiyyətlərinin nəzərə alınması müzakirələrdən keçdikdən sonra bəyənilərək qəbul edilmişdir.

“Farsca qiraət” 1909-cu ildə Gəncədə nəşr olunmuşdur. Dərsliyin sadə və anlaşıqlı olması ondan istifadəni xeyli asanlaşdırmaqla yanaşı şagirdlərin bu dili tez mənimsəmələrinə və öyrənmələrinə səbəb olmuşdur. Görkəmli tənqidçi və yenilikçi pedaqoq Abdulla Məhəmmədzadə Sur Mirzə Abbas Abbaszadəyə məsləhət görmüşdür ki, 1908-ci ildə çap etdirdiyi “Birinci il. Əlifba” dərsliyinin “İkinci kitab. Qiraət” hissəsini mövzu, dil və imla cəhətdən daha da təkmilləşdirsin və yenidən nəşr etdirsin. “İkinci kitab” üzərində onlar birgə işləmiş və oraya təlim-tərbiyə baxımından daha faydalı mətnlər daxil edərək pedaqoji-metodiki cəhətdən kamil bir dərslik hazırlamışlar. Dərslik elə “İkinci kitab” adı altında A.Məhəmmədzadə və A.Mollazadə imzaları ilə 1910-cu ildə “Nəşri-maarif” cəmiyyəti tərəfindən çap olunmuşdur».

Abdulla Surun 1912-ci il mayın 8-də gənc yaşında kor bağırsaq xəstəliyindən Tiflisdə vəfat etməsi yalnız qohum-əqrabalarını, Gəncə əhalisini deyil, elmi ictimaiyyəti, xüsusilə də “Mədrəseyi-ruhaniyyə”nin müəllim və tələbələrini xeyli sarsıtmışdır.

1912-ci ildə “Mədrəseyi-ruhaniyyə”nin sevimli müəllimlərindən olan Abdulla Sur Məhəmmədzadənin dəfn mərasimində iştirak edən və onu “Cavan öldün, dünyadan kam almadın…” sözlərini oxuya-oxuya Səbzikar məzarıstanına qədər gətirən şagirdlər arasında Vəli Xuluflu da olmuşdur. Şübhəsiz ki, mükəmməl təhsil almış belə görkəmli maarifpərvər şəxsiyyətlərin, eləcə də sağlam maarifçi mühitin V.Xuluflunun yalnız baxışlar sisteminin formalaşmasında deyil, eləcə də onun bir şəxsiyyət kimi yetişməsində mühüm rolu olmuşdur.

1912-ci ildə “Mədrəseyi-ruhaniyyə”nin ilk buraxılışının məzunu olan V.Xuluflu, bir müddət həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Mənəvi mühitin yeni mərhələsinə – məzunluqdan müəllimliyə qədəm qoyan V.Xuluflunun gənc maarifpərvər nəsil yetişdirmək arzuları yarımçıq qalır. Belə ki, müəyyən mürtəce qüvvələrin təzyiqləri nəticəsində “Mədrəseyi-ruhaniyyə” 1913-cü ildə çar çinovniklərinin göstərişi ilə müvəqqəti də olsa qapanır. Məktəb bağlandıqdan sonra o, doğulduğu kəndə, valideynlərinin yanına qayıdır və təsərrüfat işlərində atasına yardımçı olur.

1917-ci ilin əvvəllərində yenidən Gəncəyə qayıdan Vəli Xuluflu iki aylıq pedaqoji kursa daxil olur. “Kursu bitirdikdən sonra “Mədrəseyi-ruhaniyyə”də aşağı sinif müəllimi təyin edilir. Şəhər həyatı, milli oyanışın və ictimai-siyasi hadisələrin qaynarlığı 22-23 yaşlı gəncin dünyagörüşünə, fəaliyyətinə böyük təsir göstərir. Bəziləri kimi, həmin dövrdə ona da elə gəlirdi ki, millətin tərəqqisinə, inkişafına yol bolşevik inqilabından keçir. Atasının, əmisinin, özünün arzusunda olduğu mollalığa istəyin, mədrəsə müəllimliyinin qanadları altında üzv olduğu “Hümmət” təşkilatından uzaqlaşır. Dövrün ictimai-siyasi-ideoloji mühitinin təsiri ilə 1917-ci ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının sıralarına daxil olur. Fəhlələrin və məzlum kəndlilərin mənafeyini qorumaq adı altında üsyanlar və inqilablar etmiş bolşeviklərlə əməkdaşlığa üstünlük verir. Təbiətən çox enerjili və çevik olan bu gənc tanış olduğu inqilabçı-bolşeviklərin tövsiyələri ilə mühüm tapşırıqlar yerinə yetirir. Hətta 1919-cu ildə partiya bolşeviklərə və menşeviklərə ayrılanda Vəli bolşeviklərin sırasında qalmağa üstünlük verir. O, bolşeviklər arasında təhsilli və savadlı olması, ərəb, fars və rus dillərini yaxşı bilməsi ilə bərabər, siyasi fəallığı ilə də böyük nüfuz sahibi hesab olunurdu”.

Yeri gəlmişkən onu da qeyd etməliyik ki, V.Xuluflu burjua-mülkədar hökuməti adlandırdığı Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə çıxışlar edir və xalqı bolşevikləri dəstəkləməyə çağırırdı. Nəriman Nərimanov kimi o da xalqın azad və firavan yaşamasını bolşeviklərin hakimiyyətə gəlməsində görürdü. Bolşevikləşmə illərində Vəli Xuluflu aldanıldığını dərk etdi və bütün bunların ağrısını şəxsi həyatında da yaşadı.
Muxtar Kazımoğlu: Çox sağ olun, Cəlal müəllim. Çox gözəl məlumatlar verdiniz və təhlillər apardınız. İkinci məruzəmiz də elə bilirəm ki, birincinin davamıdır. “Azərbaycan folklorşünaslığının təşəkkülündə V.Xuluflunun rolu”. Bizim hörmətli Aybəniz xanım Kəngərlinin məruzəsidir.
Aybəniz Əliyeva-Kəngərli: Çox sağ olun. Mən də bir neçə kəlmə V.Xuluflunun kitabşünaslığı barədə söz demək istəyirəm. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (1923-1929) xətti ilə həyata keçirilən folklor və etnoqrafiya çalışmalarında görkəmli ziyalı, iyirmi-otuzuncu illərin ən fəal elm-mədəniyyət fədailərindən biri olan Vəli Xuluflunun da dəyərli xidmətləri olmuşdur. O, Cəmiyyət tərəfindən bir neçə dəfə elmi ezamiyyətə göndərilmiş və ezam olunduğu Şəmkir, Tovuz, Qazax rayonlarından topladığı şifahi xalq ədəbiyyatı nümunələri əsasında bir sıra folklor topluları hazırlayaraq onları ayrı-ayrı kitablar halında nəşr etdirmişdir. Bu sıradan görkəmli folklorçunun hazırlayıb nəşr etdirdiyi ilk folklor toplusu “El aşıqları” adlanır.

“El aşıqları” kitabı 1926-cı ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin “Xəlqiyyat” bölməsi tərəfindən “Azərbaycan xalq ədəbiyyatından materiallar” seriyası başlığı altında çap olunmuşdur. Ərəb qrafikasındakı bu nəşrin həcmi 234 səhifədir. Buraya Vəli Xuluflunun müxtəlif aşıqların repertuarından yazıya aldığı yüzdən yuxarı şeir nümunələri və Şəmkirli Aşıq Hüseynə məxsus “Reyhan” dastanı daxildir. Kitabda qoşma, gəraylı və təcnisləri verilmiş Qurbani, Dədə Yadigar, Xəstə Qasım, Aşıq Ələsgər, Hüseyn Şəmkirli və başqa ustad sənətkarlar haqqında yığcam bioqrafik bilgi də verilmişdir.

Toplunun ön sözündə Vəli Xuluflu əldə etdiyi materialların kimlərdən, harada və nə vaxt yazıya alındığını qeyd etdikdən sonra el aşıqlarının əsrlər boyu xalqın canlı kitabı olduğunu, elin-obanın mənəvi həyatının, könül duyğularının, istəklərinin güzgüsünə çevrildiyini göstərmişdir.

“El aşıqları” toplusu aşıq ədəbiyyatı materiallarının toplanması və nəşri işinin uğurlu bir təməli idi və az sonra ortaya çıxacaq Hümmət Əlizadə və Salman Mümtaz nəşrlərinə yol açan dəyərli bir folklor nəşri təcrübəsi kimi böyük əhəmiyyət daşıyırdı. Qeyd etmək lazımdır ki, görkəmli folklorçu sözü gedən toplunun materiallarından seçilmiş nümunələr əsasında 1927-ci ildə eyni ad altında (“El aşıqları” – Azərbaycanı Öyrənən Cəmiyyətin nəşri, 101 səh., 1000 nüsxə, 75 qəpik) yığcam həcmə malik ikinci bir kitab da nəşr etdirmişdir.

V.Xuluflunun 1925-1926-cı illərdə Tovuzda elmi ezamiyyət zamanı o dövrün məşhur el sənətkarı Aşıq Hüseyn Bozalqanlıdan topladığı “Koroğlu” qolları 1927 və 1929-cu illərdə iki müxtəlif nəşr halında işıq üzü görmüşdür. İlk nəşr 1927-ci ildə “Azərbaycanı Öyrənən Cəmiyyət” qrifi altında çıxan “Koroğlu” mətnidir. Buraya “Toqat səfəri” və “Bağdad səfəri” adlı iki qol daxildir.

Poliqrafik ölçüləri 25x15 sm olan bu nəşrin həcmi 115 səhifədir. Min nüsxə tirajla çap olunmuş və bir manata satılması nəzərdə tutulmuşdur. Kağızı sadə, boz, cildi nazikdir. Kitabın əvvəlində Vəli Xuluflu “Koroğlu” dastanı barədə yığcam məlumat verdikdən sonra təqdim olunan qolların söyləyicisi Aşıq Hüseyn Bozalqanlının bioqrafiyasından bəhs edərək onu zəmanənin görkəmli saz-söz ustadı kimi səciyyələndirmişdir. Kitabda təqdim olunan “Koroğlu” qollarının dil, üslub və təhkiyə söyləniş tərzi aşıq nitqinə məxsus kolorit və dinamik danışıq tərzinin saxlanıldığını göstərir. Əlbəttə, bütün bu deyilən məziyyətlərdən daha öncə, V. Xuluflunun 1927-ci il nəşri “Koroğlu”nun “Azərbaycan folklor kitabı” kontekstinə daxil olan ilk çap kitabı olması baxımından səciyyəvidir. Elə bu səbəbdən də həmin nəşr böyük elmi və mədəni-tarixi əhəmiyyətə malikdir.

1929-cu ildə “Koroğlu”nun yeni bir nəşr təqdimatını həyata keçirən Vəli Xuluflu bu dəfə dastanın dörd qolunu ─ “Toqat səfəri”, “Bağdad səfəri”, “Dərbənd səfəri” və “Dəli Koroğlu və Bolu bəy” qollarını oxuculara çatdırır. “Azərnəşr”də folklorçu Hənəfi Zeynallının redaktorluğu altında çap olunmuş bu kitabın poliqrafik göstəricisi 23x15sm., tirajı üç min nüsxə, həcmi 160 səhifə, qiyməti bir manat iyirmi qəpikdir.

Vəli Xuluflunun hər iki nəşrini müqayisə etdikdə, aydın olur ki, 1927-ci il nəşri demək olar ki, əl vurulmadan 1929-cu il nəşrinə də daxil edilmişdir. Kitabdakı yeni qollar (“Dəli Koroğlu və Bolu bəy”, “Dərbənd səfəri”) isə Aşıq Əsəddən yazıya alınmışdır. Vəli Xuluflu 1928-ci ildə Bakıda keçirilən Azərbaycan Aşıqlarının Birinci Qurultayına dəvət olunmuş bir sıra görkəmli sənətkarlarla, o cümlədən də Tovuz rayonundan gəlmiş Aşıq Əsəd Rzayevlə söhbətlər apararaq bir çox dəyərli folklor materialını yazıya almışdır. “Koroğlu”nun 1929-cu il nəşrini zərurətə çevirən də onun Aşıq Əsəddən yazıya aldığı yeni qollar (“Dəli Koroğlu və Bolu bəy”, “Dərbənd səfəri”) olmuşdur.

Bu nəşrə Axıska türklərindən toplanılmış Koroğlu rəvayətləri və Koroğlu şeirləri də əlavə olunmuşdur. V.Xuluflunun “Koroğlu” qollarının nəşri sahəsindəki bu dəyərli xidmətinin əhəmiyyətini nəzərə alan AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev geniş müqəddimə və şərhlərlə birlikdə 1999-cu ildə onu “Elm” nəşriyyatında yenidən nəşr etdirərək bir daha elmi ictimaiyyətin diqqətinə çatdırmışdır.

Vəli Xuluflunun məhsuldar toplayıcılıq və naşirlik fəaliyyətinin uğurlu bir nəticəsi də 1928-ci ildə çap etdirirdiyi “Tapmacalar” kitabıdır. Diqqət edilsə, görə bilərik ki, eyni ildə həm Hənəfi Zeynallı, həm də Vəli Xuluflu tapmaca mətnlərindən ibarət folklor toplusu hazırlayaraq nəşr etdirmişdir. Maraqlıdır ki, hər iki iş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə (“Xəlqiyyət bölməsi”ndə) yerinə yetirilmişdir. Sadəcə olaraq H.Zeynallının “Azərbaycan tapmacaları” adlanan kitabı “Azərnəşr”də, V.Xuluflunun “Tapmacalar” sərlövhəsi daşıyan kitabı isə “Azərbaycanı Öyrənən Cəmiyyətin nəşriyyatı”nda çap olunmuşdur. Həmin il bu iki kitabdan hansının daha öncə nəşr olunduğunu nə onların annotasiya və nəşr-mətbəə qeydindən, nə də dövri mətbuatdan öyrənmək mümkün olmadığından birinci addımın kimə məxsus olduğunu söyləmək indiki halda xeyli dərəcədə çətindir. H.Zeynallının “Azərbaycan tapmacaları” kitabında buradan bir sıra nümunələrin Vəli Xulufludan götürüldüyü qeyd olunsa da, onun qovluq halında şöbədə saxlanılan folklor materialındanmı, yoxsa haqqında danışılan kitabdanmı bəhs etdiyini anlamaq olmur.

“Azərbaycan tapmacaları” iki min, “Tapmacalar” isə min nüsxə tirajla çap olunmuşdur. H.Zeynallı nəşri 104, V.Xuluflu nəşri 130 səhifədədir. Kitablarda cəmləşmiş tapmacaların say göstəricisi müvafiq olaraq 760 (H.Zeynallı) və 726 (V.Xuluflu) şəklindədir. Hər iki nəşrə toplayıcılar tərəfindən müqəddimə-açıqlamalar yazılaraq tapmacaların şifahi xalq ədəbiyyatındakı yeri məsələsi üzərində dayanılmış, onların digər türk xalqlarındakı ad və mətn oxşarlıqlarının səbəbləri göstərilmişdir. H.Zeynallı nəşrində tapmacalar mövzular üzrə təsnif olunaraq qruplaşdırıldıqdan sonra nömrə ilə sıralanmış, cavablar isə bu nömrələrə uyğun şəkildə kitabın sonunda verilmişdir. V.Xuluflu tapmacaları əlifba sırası ilə düzərək həmin örnəyin haradan toplandığını nümunənin elə altındaca göstərmişdir. Məsələn, cavabı “tısbağa” olan:
Altı taxta, üstü taxta,

Oturub bir ağ otaxta.

Qoyun deyil, otlayır,

Toyux deyil, yumurtlayır –

tapmacanın Bakının Buzovna kəndindən, eyni məzmun daşıyan başqa birinin:
Altı daşdır, daş deyil,

Üstü daşdır, daş deyil.

Yumurtlar toyuq kimi,

Toyuğa yoldaş deyil.


isə Naxçıvandan toplanıldığı nümunənin altında verilmişdir. Kitabın ümumi pasport qeydiyyatından aydın olur ki, Vəli Xuluflunun nəşr etdirdiyi tapmacalar Azərbaycanın Gəncə, Naxçıvan, Zəngəzur, Qazax, Salyan, Bakı, Nuxa (Şəki), Göyçay, Şamaxı, Ağdam, Ağdaş, Lənkəran, Şəmkir və s. kimi ən müxtəlif mahallarını əhatə edir.

“Tapmacalar” kitabında V.Xuluflunun təqdim etdiyi ən diqqətçəkici yenilik folklor nümunələrinin yuxarıdakı kimi çoxvariantlı şəkildə nəşri məsələsidir. Bir tapmacanın Azərbaycanın müxtəlif ərazilərindəki çeşidli variantlarını “Tapmacalar” kitabına daxil etməklə görkəmli folklorçu elmi əsaslara söykənən folklor nəşri üçün bu məsələnin nə qədər böyük əhəmiyyət kəsb etdiyini yaxşı başa düşürdü. Məsələn cavabı “dəyirman” olan tapmacanın Ağdaşdan toplanmış variantı:


O tayda bir kişi durmuş,

Dişini dişinə vurmuş.

Dünyanın malın yemiş,

Hələ də yerində durmuş.


Həmin tapmacanın Cəbrayıl variantı:
O tayda dəvə durub,

Dişini dişinə vurub.

Cümlə cahanı yeyib,

Yenə yerində durub.


Yaxud, cavabı “gün işığı” olan tapmacanın Naxçıvandan toplanılmış variantı:
Atdım atana dəydi,

Çöldə kotana dəydi.

Dəryada balığa,

Düzdə ceyrana dəydi.


Zəngəzurun Oxdar kəndindən əldə olunmuş variant:

Atdım atana,

Düzdə kotana,

Çayda balığa,

Çöldə ceyrana.
Çoxvariantlılıq təkcə mətnlərə deyil, həm də tapmacaların cavablarına aid olduğundan Vəli Xuluflu öz nəşrində bu məsləyə də diqqət yetirmişdir. Belə ki:
Burda vurdum baltanı,

Ağzı gümüş baltanı.

Ordan biz oğlan çıxdı –

Cümlə-cahan soltanı. –


tapmacasının Şamaxının Basqal kəndindən (bu kənd hazırda İsmayıllı rayonu ərazisinə daxildir) yazıya alınmış variantında cavabın “su”, Qazağın Dağkəsəmən kəndindən toplanılmış:
Burda vurdun baltanı,

Ordan çıxdı qaltanı.

Yerin-göyün soltanı –
variantında isə “gün” olduğu göstərilmişdir.

“Tapmacalar” kitabının “Əlavələr” bölməsində Naxçıvandan Əhəd Qədimovun topladığı “Hakuşkalar” və “Horamal”lar da müəyyən yer tutur. “Hakuşka”ların toy-düyündə qız-gəlinlər tərəfindən dəstə ilə oxunduğunu qeyd edən müəllif:


Armud ağacı haça – hakuşka,

Əlim dolaşdı saça – hakuşka,

İyit ona deyərəm – hakuşka,

Sevdiyin ala qaça – hakuşka. –


sırasından olan xeyli sayda nümunə təqdim edir.

“Horamal” – “Holala” adı altında bir neçə holavar mətni də “Əlavələr” bölməsində yer alır:


Qara kəllər naz eylər,

Quyruq vurar toz eylər.

Qaranlıq gecələrdə,

Kotanı pərvaz eylər.


Misal gətirdiyimiz tapmaca və digər örnəklərin timsalında Vəli Xuluflunun təkcə sözü gedən mətnlərin deyil, bütövlükdə folklor nümunələrinin toplanılması, tərtibi və nəşrində iki mühüm prinsipə xüsusi əhəmiyyət verdiyi görünür:

1) folklor nümunələrinin mümkün variantları ilə birlikdə yazıya alınaraq nəşr edilməsi;

2) yazıya alınan materialın pasportlaşdırılması – mətnin harada, kim tərəfindən söylənildiyinin göstərilməsi.

Qeyd etmək lazımdır ki, məhz bu səbəbə görə də Vəli Xuluflunun sözü gedən folklor nəşri elmi tərtib prinsipinin kamilliyi və dolğunluğu baxımından özündən əvvəlki nəşrlərlə müqayisədə daha mükəmməl təsir bağışlayır. Bu nəşrin folklor kitabı kimi ən diqqətçəkici cəhəti təqdim olunan şifahi xalq ədəbiyyatı örnəklərinin pasportlaşdırılması işində nümunəvi bir örnəyin ortaya qoyulması və mətnlərin çoxvariantlı əsaslarla hazırlanmasıdır. Təəssüf ki, Azərbaycan tapmacalarının sonrakı dövrə aid hər hansı bir nəşrində bu elmi sistem gözlənilməmişdir.

Yuxarıda təhlil olunan folklor nəşrlərinin mənzərəsindən də göründüyü kimi, ötən əsrin iyirmi-otuzuncu illərdə Azərbaycan folklor kitabının hazırlanması sahəsində Vəli Xuluflunun həqiqətən də dəyərli fəaliyyəti olmuşdur. Təəssüf ki, otuz yeddinci ilin məlum repressiya dalğası onun bu istiqamətdəki elmi fəaliyyətinə son qoymuşdur.


Yüklə 275,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin