İbrahim Qulİyev
(Bakı İslam Universiteti)
ƏLLAMƏ MƏHƏMMƏD BAĞIR MƏCLİSİNİN
“BİHARÜL-ƏNVAR” ƏSƏRİNDƏ DİN VƏ TƏBİƏTŞÜNASLIQ PROBLEMLƏRİ
Əllamə Məhəmməd Bağır Məclisi XVII əsrin ən görkəmli ilahiyyatçı alimlərindən və filosoflarından biridir. Onun qələmə aldığı coxcildlik “Biharül-ənvar” əsəri islam elmləri ilə yanaşı bir çox dünyəvi elmləri də əhatə etməkdədir. “Biharül-ənvar” əsərində din və təbiətşünaslıq problemlərinin öyrənilməsi, müasir ictimai həyatın aktual məsələlərinin, xüsusilə islam maarifinin inkişaf edib yayılması qanunauyğunluqlarının və o dövr üçün təbiətşünaslığın əldə etdiyi nailiyyətlərin ilahi qüdrətə aid olub, aləmlərin boş yerə yaradılmadığına inam bəsləmək üçün mühüm əhəmiyyətə malikdir.
Müəllif adı çəkilən əsərində dinin mənşəyi və mahiyyəti, onun idrak kökü, dinin yer üzərində insanın əmələ gəlməsinə münasibəti və bir sözlə din və təbiətşünaslıq problemlərinə aid məqamlara toxunmuş və bunları islam fəlsəfəsi çərçivəsində izah etməyə çalışmışdır. O, dinin necə və nə zaman əmələ gəlməsini doğru-düzgün başa düşmək və onun ictimai həyatdakı rolunu təyin etmək üçün hər şeydən əvvəl elmə müraciət etməyin zəruri olduğunu vurğulamışdır. Buna görə də müəllif əsərə ilk öncə elmə aid xüsusi fəsil açmış, orada Qurani-Kərimin ayələrini, daha sonra isə hədisi-şərifləri yazmaqla başlamış, islamın elmə verdiyi dəyəri ön plana çəkmişdir (1, c.I, s.162, I fəsil). Əllamə Məclisi adı çəkilən əsərində din və təbiətşünaslıq arasında olan münasibəti islam təfəkkürü çərçivəsində işıqlandıraraq elmlə dinin arasında heç bir ziddiyyətin olmadığını, əksinə elmlə dinin vəhdət təşkil etdiyini xalq kütlələrinə göstərmişdir.
Əllamə Məclisi əsərdə yerin və göyün yaradılması haqqında böyük fəsillər açaraq əsərin 54-cü cildindən 63-cü cildinə qədər olan məlumatları tam olaraq təbiətşünaslıq problemlərinə həsr etmişdir. O, yerin və göyün yaradılmasını mütləq ilahi qüdrətə bağlayaraq (1, c.54, s.2, c.60, s.95, 130) Onun izni olmadan heç bir varlığın yarana bilməyəcəyini qeyd etmişdir. Həmçinin o, elmin insanlara Allah tərəfindən verildiyini və onun ilahi xarakterə malik olduğunu bildirmişdir. O, hər bir səmavi dinin elm üzərində qurulduğunu, elmsiz heç bir ibadətin fayda verməyəcəyini qeyd etmişdir. Müəllif elmin təbiət və cəmiyyətin inkişaf qanunlarını üzə çıxardığını, insanı maarifləndirdiyini və onun mənəvi görüş dairəsini genişlətdiyini yazır. Elmlə yanaşı dini ideologiyanın da insanlara müsbət biliklər verdiyini, din vasitəsilə cəhalət və nadanlığın aradan götürüləcəyini və nəhayət, elmsiz insanın əşyadan da dəyərsiz bir varlıq olduğunu vurğulayan müəllif insanlara elm öyrənməyin zərurətini anlatmışdır (1, c.I, s.150).
Dostları ilə paylaş: |