Könül Hacıyeva
(Ədəbiyyat İnstitutu)
“Cİnas”, “təlmİh” və “İstİfhəm”İn Bədr Şİrvanİ və Həqİqİnİn dİvanlarında İşlənməsi
XV əsr Azərbaycan şairi Bədr Şirvaninin dövrümüzədək gəlib çatan divanı 12473 beytdən ibarət olub, özündə qəzəl, qəsidə, rübai, mərasi, müqəttiat, mütəyyibat, məsnəvi, həzliyyat, təvarix, müsəmmət, mütəfərriqat, müəmma kimi janrları əhatə edir. Divan hal-hazırda Özbəkistan Elmlər Akademiyasının Əbu Reyhan Birunu adına Şərqşünaslıq institutunda 132-ci nömrə altında qorunmaqdadır. (9) Məhəmmədəli Tərbiyətim verdiyi məlumata görə, şairin ayrı-ayrı şeirlərinə müxtəlif təzkirə və məcmuələrdə də rast gəlinir.(11) Onun yazdığına görə, bunlardan biri Tehranda, mərhum Hacı Məlik Xorasaninin şəxsi kitabxanasında saxlanılır ki, burada da Bədr Şirvaninin həyatı, yaradıcılığı barədə məlumat verilərək 500 beyt şeiri misal gətirilmişdir. Şairin hələlik yeganə divanı hesab edilən Daşkənd nüsxəsinin mətni nəstəliq, şeirlərə verilən başlıqlar isə süls xətti ilə yazılmışdır. Divanın mətnini Moskvada nəşr etdirərək ona ön söz yazan görkəmli Azərbaycan alimi Ə.Rəhimovun fikrincə, Bədr Şirvaninin divanının üzü XVI əsrin əvvəllərində Şamaxıda köçürülmüşdür (13). Bir neçə mühüm faktın mövcudluğu alimə bu qənaətə gəlməyə əsas verir. Belə ki, əlyazmada adı çəkilən üç xəlifə-Əbu Bəkr, Ömər və Osman şair tərəfindən rəğbətlə anılır. Deməli, Divanın üzünün köçürülməsi Şirvanın Səfəvilər dövlətinə tabe olduğu vaxtdan əvvələ təsadüf etmişdir. Əks təqdirdə, sünnülərə müsbət münasibət bəsləməyən Səfəvilər dövlətinin hökmranlıq etdiyi ərazidə hazırlanan əlyazmada onların adı götürülər, ya da İmam Əlinin adı ilə əvəz olunardı.
Araşdırmalarımız bir daha təsdiq edir ki, Bədr Şirvani özü şeirlərini toplayaraq Divan halına salmağı qərara almışdır. Aşağıdakı beytlər bunu sübut edir.
گاه درخلوت بفكرجمع اشعارخودم تا بنام شه گذارم نام و ديوان يادگار
(Bəzən xəlvətdə öz şeirlərimi toplamaq fikrinə düşürəm ki, şahın şərəfinə ad-san və Divan yadigar qoyub gedim).(13,129)
Bədr Şirvani "Divan"ının Daşkənddəki əlyazmasının məhz elə orijinaldan köçürülərək hazırlandığını güman etmək olar. Şairin sağlığında dünyasını dəyişən hökmdarlara-Şeyx Ibrahimə, Əmir Qəzənfərə və Şahruxa həsr olunmuş şeirlərin başlıqlarında onlardan vəfat etmiş şəxslər kimi bəhs edilməsi buna sübutdur. Bədr Şirvaninin vəfatından sonra dünyadan köçən Xəlilullaha, Cahanşah Qaraqoyunluya yazılmış şeirlərin başlıqlarında isə ərəbcədən tərcüməsi "allah onun şahlığını davamlı etsin" kimi ifadələr vardır. Deməli, "Divan"ın əldə olan əlyazma nüsxəsi birbaşa şairin öz qələmindən çıxan "Divan"dan köçürülmüşdür. "Divanın sonunda başqa şair tərəfindən yazıldığı ehtimal olunan iki maddeyi-tarix verilmişdir. Bunların biri səkkiz, digəri isə iki beytdən ibarət olub Bədr Şirvaninin vəfat tarixini bildirir. Maddeyi-tarixlərdən alınan nəticəyə görə, şair hicri 854-cü ilin şəvval ayının iyirmisində, yəni, 1450-ci ilin noyabr ayının iyirmi altısında dünyasını dəyişmişdir. Həmin beytlərin müəllifi Bədr Şirvaninin sənətini yüksək qiymətləndirərək onu Xaqani, Ənvəri, Əttar, Salman Savəci kimi söz ustadları ilə müqayisə edir.
والی ملك سخن بدر كه در دور قمر بود خاقانی ثانی بكمال سخن او
انوری وار رسا نيده سخن را بفلك خسروملك سخن گشته بشعرحسن او
درتراكيب سخن بود چو سلمان بكمال وزلطافت شده مشهورچو درعدن او
گرچه عطارسخن بود زشيرين سخنی بود آريش هر محفل و هرانجمن او
(Söz səltənətinin sahibi, ay ətrafında dövr edən Bədr özünün bütün şeiriyyəti ilə ikinci Xaqani idi. Ənvəri tək sözü göylərə qaldıraraq gözəl şeiri ilə söz mülkünün padşahı olmuşdu. Söz yaratmaqda Salman kimi kamil idi. Lətafətdə "Ədən incisi" tək məşhur olmuşdu. Şirinsözlülükdə sözün "Əttar"ı sayılsa da hər cəmiyyətin və məclisin yaraşığı idi.) (13,679)
Haqqında V.Minorskinin, L.Hüseynzadənin tədqiqat apardıqları Cahanşah Həqiqinin yaradıcılığı da zəngin bədii xüsusiyyətlərilə seçilir (4). Şeirləri böyük fars-tacik şairi Əbdürrəhman Cami tərəfindən təqdir olunan və yüksək qiymətləndirilən Həqiqinin farsca yaradıcılığının Ruminin təsirilə ərsəyə gəldiyi söylənirsə, türkcə, yəni, azərbaycanca yaratdığı bədii irsinin isə Nəsimidən bəhrələndiyi qeyd olunur. Bu cür böyük şairlərin yaradıcılıqlarına yaxından bələd olması və onların şeirlərindən təsirlənməsinin nəticəsidir ki, Həqiqi çoxlu sayda qəzəl, rübai, müstəzad və məsnəvinin müəllifidir. (5) Bu nəzm əsərlərində yeri gəldikcə müxtəlif poetik fiqurlardan istifadə olunması həmin əsərləri məna və məzmun etibarilə maraqlı və oxunaqlı etmiş, forma və sənətkarlıq baxımından isə yüksək səviyyəyə çatdırmışdır. Təsadüfi deyil ki, “Həqiqinin bir çox şeirlәri Nәsiminin divanlarında kiçik fәrqlәrlә (Nәsimi tәxәllusu ilә) köçürülübdür.Hüseynzadə yazir Hәqiqinin “Ey xәttü xalun kәlamüllah, hәm ümmül-kitab, hәsrәtindәn dideyi-üşşaq olubdur ğәrqi-ab” mәtlәli qәzәli yanlış olaraq Nәsiminin şerlәri içәrisindә daxil edilmışdir.”(15 )O cümlədən, Hәqiqinin onbir qәzәli və üc rubaisinin Nәsiminin müxtәlif әlyazma divanlarında “Nәsimi” tәxәllüsü ilә ona aid edildiyi iddia edilir. Cahanşah Həqiqi ilə bağlı böyük məqalələrlə çıxış edən iranlı araşdırmaçı Mehran Bahari onun farsca qəzəllərində Moləvi, Hafiz və Camidən təsirləndiyini yazır. Həqiqinin fəlsəfə ilə də yaxından maraqlandığını vurğulayan tədqiqatçı onun öz şeirlərini Şəms Təbrizi, Şeyx Mahmud Şəbüstəri və Mövlana Gülbari kimi filosof şairlərə bağışladığından bəhs edir. Mehran Bahari yazır: “Bu onun şair və filosoflara ehtiramının göstəricisidir” (15). Həqiqinin şeir sənətinə və şairlərə böyük qiymət verdiyini göstərən daha bir məqam onun hələ padşahlıqdan (12) öncə, Şirazın əmiri olarkən ədəbiyyata qarşı nümayiş etdirdiyi münasibətdir. Belə ki, o, Şahruxdan aldığı əlli min qızıl təngəni şəhərin şairləri arasında bölüşdürmüşdü. M.Baharinin qeyd etdiyi kimi, Cahanşah öz sarayında qabiliyyətli və xoş zövqlü şairləri yığaraq özü də onlarla fars və türk (Azərbaycan) dillərində Həqiqi təxəllüsü ilə şeirlər söyləyirdi.
Şərq poetikasının rəngarəng ifadə və təsvir vasitələrindən faydalanaraq gözəl poeziya nümunələri yaradan Həqiqi şeirlərinin həm məna, həm də forma cəhətdən maraqlı və cəlbedici olmasına diqqət yetirmişdir.
Bədr Şirvani öz əsərlərində bir çox poetik fiqurlardan istifadə etmişdir. Bunlardan təşbih, cinas, məcaz, istiarə, mübaliğə və onun ayrı-ayrı növləri, təzad, qəlb, bədii mükalimə, bədii sual, müəmma, maddeyi-tarix və s.-yə onun şeirlərində daha çox təsadüf olunur. Bədr Şirvanini digər şairlərdən fərqləndirən mühüm cəhət onun bir məfhum üçün çoxlu müxtəlif təşbihlər işlətməsidir. Digər tərəfdən isə o, başqa şairlərin az istifadə etdiyi poetik fiqurlara şeirlərində tez-tez yer verməsi ilə seçilirdi. O, yüksək sənətkarlıq qabiliyyətinə malik, söz sənəti və şeir texnikasının incəliklərinə dərindən bələd olan, klassik poetikanın qayda-qanunlarını bilən, bunlara əməl edən şair idi. Bədr poetik irsin özünəqədərki nailiyyətlərini mənimsəmiş, coşqun təbi, tükənməz ilhamı ilə seçilməyə müvəffəq ola bilmişdi. Bunu biz onun klassik şeirin ənənəvi vasitələrini orijinal zəmində bədii məqsədə uyğun işlətmək bacarığında aydın görürük. Qeyd etdiyimiz kimi, hər iki sənətkarın divanına daxil olan şeirlərdə cinas, təlmih və istifhəmin geniş işləndiyini görmək mümkündür. Bu şairlər cinas və təcnislərə əsərlərində çox yer vermişlər. Həqiqiyə aid rübailərin birində oxuyuruq:
Eşq odu ilə düşmənəm bir yanə mən,
Mən haçan bu eşq odundan yanəmən,
Yanmazam eşq odundan ta əbəd,
Gər bu həsrət atəşindən yanə mən.(1,258)
Buradakı “yanə mən” və “yanəmən” ifadələri cinasdır və bu cinası Azərbaycan dilinin o dövrkü inkişaf səviyyəsini, sözlərin işlənmə vəziyyətini nəzərə almaqla uğurlu hesab etmək olar.
Məsnədi-iqbalü dövlət bulmuşam,
Ta səri-kuyində qoydum yüz yerə,
Şərhi-ovsafi-cəmalı söyləsəm,
Görsədər bir dəmdə məna yüz yerə.(1,258)
Nəzərdən keçirdiyimiz bu rübaidə də cinasdan yerli – yerində istifadə olunmuşdur. Şeirdəki “yüz yerə”, yəni “üz yerə” və “yüz yerə” ifadələri cinas təşkil edir. Şairin cinasdan istifadə edərkən şifahi xalq yaradıcılığından, daha dəqiq desək, bayatılardan bəhrələndiyini də görməmək mümkün deyil. Azərbaycan dilində yaranan yazılı ədəbiyyatda xalq şeirimizin əlamətləri daim özünü biruzə verməkdədir. Bədrin şeirlərində də cinasa, hətta onun bəzi növlərinə rast gəlirik. Bu növ, yazılışı eyni olub müxtəlif cür oxunan sözlərdən yaranır. Məsələn:
ای شهنشاهیكه ذاتت هست دردولت بعيش هست بدخواه تودراندوه ودرمحنت برنج
بدرچون ساكن درين ملكست وميگويد دعا حاليا ازكشتزاردولتت خواهم برنج
(Ey ölkədə varlığını şadlıqla sürdürən hökmdar ! Sənin bədxahların qüssə və möhnət içində əzab çəkirlər. Bədr bu diyarda məskunlaşdığı üçün dua edir. İndi sənin səltənətinin zəmisindən düyü təvəqqe edirəm) (13,483).
Şeirdəki "berənc" və "berenc" sözləri naqis cinasdır. Bunlardan birincisi "əzabla", ikincisi isə "düyü" mənasında işlənmişdir. Naqis cinasa aid daha bir maraqlı misala baxaq:
تابود فلك فلك ملك تنت آباد باد كشتی عمرت زگرداب خطرآزاد باد
(Nə qədər ki, ruzıgarın gəmisi var, can mülkün abad olsun! Qoy sənin ömür gəmin təhlükə burulğanından azad olsun!) (13,232)
Beytdəki eyni şəkildə yazılıb müxtəlif cür oxunan "folk" və "fələk" sözləri naqis cinasa misaldır və o da Bədrin yaratdığı orijinal təcnislərdəndir.
Təlmih də şairlər tərəfindən çox müraciət olunan poetik fiqurlardandır. Həqiqinin şeirlərində də ona sıx rast gəlinir.
Şirin qəmində canımı təslim qılmışam,
Xosrov hekayətin demən əfsanələrdəmən.(1,251)
Şair “Xosrov və Şirin” rəvayətinə işarə edərək təlmihdən yararlanmışdır.
Mənsurivar əgərçi məni dara çəksələr,
Darüş-şəfa derəm mən ani,dar bilmənəm.(1,249)
Bu beytdə isə Həllac Mənsurun edam edilməsinə işarə olunur. Şeirdə təşbih (Mənsurivar) işlənsə də əslində təlmih əlamətinin də olduğu görünür.
Həqiqi ilə eyni dövrdə yazıb-yaradan Bədr Şirvaninin şeirlərində də təlmihə çox rast gəlinir. Şairin bir çox şeirlərində dastan və rəvayətlərə işarə etdiyini görmək mümkündür. Məsələn:
گردمی برآتش اندازد نسيم خلق تو
آتش سوزان درآن دم گلستان خواهد شدن
(Sənin təbinin mehi öz nəfəsini alov üzərinə salsa, yandırıcı atəş elə o an gülüstana çevriləcəkdir.)(13,81)
Fikrimizcə, şair Nəmrudun İbrahim peyğəmbəri oda atdırması və odun gülüstana çevrilməsinə işarə etmişdir. Buna görə də gətirilən misalda təlmihdən istifadə edildiyini söyləmək olar. Şairin şeir yazmağa başladığı tarixi bildirmək üçün söylədiyi maddeyi - tarixdə "söz nəfəsimdən Məsih kimi cana gəldi" deməsi İsa peyğəmbərin nəfəsi ilə ölü diriltməsinə işarədir. Biz bu şeirlərdə həzrəti - Musanın əsasının ilana çevrilməsi, Xızrın dirilik suyunu əldə etməsi kimi dini - mifoloji görüşlərlə bağlı təlmihlərin verildiyinin, "Qurani-kərim" dən ayələr gətirildiyinin də şahidi oluruq. Şairin hiss və həyəcanını tam ifadə etməsinə imkan yaradan daha bir poetik fiqur “bədii sual”dır (2). Şeir müəllifləri sualdan istifadə edərkən cavab almağı qarşılarına məqsəd qoymurlar. Burada əsas qayə ifadə olunan fikrin daha qabarıq şəkildə vurğulanmasından ibarətdir (3). Bədr Şirvaninin qəzəl və qəsidələrində “bədii sual”a çox rast gəlinir. O bu ifadə vasitəsi ilə olduqca maraqlı və orijinal bədii lövhələr yaratmağa nail olmuşdur.
تحفه ای نی كه بريارفرستم چكنم بفرستم مگرازحال پريشان خبری
گوهراشكم راگربپذيرد آن شوخ درنظردارم ازآن نقد روان ماحضری
(Yara göndərməyə bir töhfəm yoxdur, nə edim?! Pərişan halımdan soraqmı göndərim?! O dilbər göz yaşımın incilərini qəbul etsə... İndi məndə nəqd halda hazır olan odur.) (13,652)
Yad diyarda özünə həmdəm, sirdaş görməyən şair doğma yerlərdə qoyub getdiyi yarı üçün də darıxır, ona göndərməyə başqa heç bir şeyi olmadığından inci, gövhər hesab etdiyi göz yaşlarını yarına töhfə olaraq yollayır. Şair nəinki “bədii sual”, həm də “sual-cavab” kimi maraqlı ifadə vasitəsindən də yeri gəldikcə istifadə edərək əsərlərinə xüsusi oxunaqlılıq və bədiilik qazandırmışdır. Buna ədəbiyyatda "bədii mükalimə" də deyilir. Bu zaman şeir dialoq şəklində qurulur və şair bu yolla, ifadə olunan fikrin daha qüvvətli alınmasına təmin edir.
گفتم ای جان ازتودل دانی چه خواهد،گفت وصل
گفتم اندركوی توبيدل چه جويد،گفت راه
(Dedim: – Ey can, ürək səndən nə istəyir, bilirsən?
Dedi: – Vüsal.
Dedim: – Ürəyini əldən vermiş sənin kuyində nə arayır?
Dedi: – Yol. )(13,638)
Həqiqi yaradıcılığına gəldikdə, onun qəzəllərində də bu poetik fiqura geniş yer verilir. İfadəni qüvvətləndirmək üçün istifadə olunan bu bədii vasitədə fikir sual şəklində verilir və onun cavabını almaq məqsədi güdülmür. Nəzəriyyədə buna "istifhəm" də deyilir. Həqiqinin qəzəllərinin ayrı-ayrı beytlərində rast gəlinən “bədii sual”a, eyni zamanda bütöv bir qəzəl boyu da təsadüf edilir. Şairin bəzi şeirlərində əvvəldən sona qədər “bədii sual”dan faydalanması qəzəlin daha canlı və obrazlı alınmasına səbəb olmuşdur.
Cəmalın rovzeyi–rizvan deyilmi?
Dodağın çeşmeyi-heyvan deyilmi?
Səqahüm rəbbihüm xəmri ləbindən,
Bəyani-ayətü bürhan deyilmi?
Ruxü zülfünbəyazilə səvadı,
Biri küfrü biri iman deyilmi?
Sənin məstanə eynin sağərindən,
Cahan sərgəştəvü giryan deyilmi?
Şəha, eşqin yolunda canı qurban
Buyursan qılmağı asan deyilmi?(1,248)
Qəzəl axıra qədər bu cür davam edir və sualın sənətkar qələmi ilə şeirdə nə dərəcədə bədii rol oynaya bildiyini nümayiş etdirir.
Biz XV əsrin iki böyük şairinin öz əsərlərində cinas,təlmih və istifhəm kimi bədii kateqoriyalara və poetik fiqurlara necə yer verdiyini, şairlik təbi və ilhamının söz sənətinin hansı incə məqamlarında parladığını bir məqalə çərçivəsində nəzərdən keçirməyə çalışdıq. Göründüyü kimi, şairlərin yaradıcılığını yanaşı gözdən keçirmək, poetik xüsusiyyətlərini araşdırarkən paralellər və müqayisələr aparmaq bizləri bir çox maraqlı nəticələrə gətirir. Nəhayətdə bu və ya digər şairin poetik özəlliklərinə məxsus cəhətlər özünü daha qabarıq biruzə verərək tədqiqatın maraqlı gedişatla irəliləməsinə şərait yaradır.
Dostları ilə paylaş: |