Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə76/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   72   73   74   75   76   77   78   79   ...   232
Mehmet Rıhtım

(Qafqaz Universiteti)
SEYİD YƏHYA BAKUVİ VƏ XƏLVƏTİLİKLƏ

BAĞLI YENİ AÇIQLAMALAR

XV əsrdə Bakıda inkişafını tamamlayaraq yayılmağa baş­la­yan Xəlvətiyyə sufi məktəbinin XII əsrdə yaşamış məşhur sufi-mütəfəkkir Əbdülqahir Sührəverdiyə qədər gedən üç əsrlik bir keçmişi vardır. XIII-XIV əsrlərdə Cəmaləddin Təb­rizi, Zahid Gilani və Lahıclı Ömər Xəlvəti tərəfindən Şirvana gə­tirilən və burada formalaşmağa davam edən Xəlvətilik, adı­nı qurucusu Pir Ömərin dağlarda və meşələrdə xəlvətə çəki­lə­rək yalnızlıq halında təfəkkür və ibadət etməsindən almışdır. Ərbəin və çilə də adlandırılan “Xəlvət” prinsipi sufinin yetiş­diril­məsində tətbiq edilən psixoloji və pedaqoji bir metod idi. Qırx günlük yalnızlıq daha çox xanəgahda, xüsusi dar bir hüc­rədə və sufi mürşidin nəzarəti altında gerçəkləşdirilirdi. Bura­da yemə, içmə, yatma, söhbət kimi nəfsin istəklərinə qoyulan məh­dudiyyətlər ilə sufinin öz iradəsini nəzarət altına alması, zikr, təfəkkür və ibadətlə qəlb gözünün açılması, qəlbin mə­nəvi ilhamları qəbul etməyə uyğun hala gəlməsi məqsədi gü­dülürdü. Xəlvətilər bu prinsipin yerinə yetirilməsində bö­yük diqqət göstərər və bunu ildə bir dəfə tətbiq edərdilər. Seyid Yəh­ya qırx dəfə çilə çıxarmışdı.

Xəlvətilik XV əsrin ilk rübünə qədər mərkəzi Şamaxı ol­maqla Şir­vanda fəaliyyət göstərən məhəlli bir təriqət idi. An­caq təriqət, bu dövr­də Şamaxıdan Bakıya gələn gənc bir sufi şeyx tərəfindən yeni bir mər­hələyə qədəm qoydu. İmam Musa Kazım nəslindən, Şirvanşahlar döv­lətində Nəqibül-əşraf va­zi­fə­sin­də olan Seyid Bəhaəddinin oğlu Seyid Cəmaləddin Yəh­ya, Xəlvətilərin yeni mürşidi oldu. Şamaxıda soylu və zəngin bir ailədən gələn Seyid Yəhya, daha cavan vaxtında atasının sa­hib olduğu var-dövlətdən üz çevirərək sufilik yolunu seç­mişdi. Şamaxı mədrəsələrində elm təhsil edən Yəhya, eyni za­manda güclü təsirə sahib xəlvəti mürşidi şeyx Sədrəddinin tək­kəsinə davam edərək burada mə­nəvi elmlərdə də tərbiyə və tədrisini tamamladı. Şeyxi Sədrəddin ölmə­dən az əvvəl onu yerinə şeyx təyin etdiyi zaman hələ otuz yaşı yox idi. Yaşlı müridlər onun gənc olmasını bəhanə edərək etiraz etdilər və o Şamaxını tərk edərək (təxminən 1420-ci illərdə) Bakıya gəldi. Seyid Yəhya Bakıya gəldiyi əsnada Şirvanşah Xəlilullah xan hakimiyyətdə idi və paytaxt da müvəqqəti olaraq Bakı olmuş­du. Seyid Yəhya Xəli­lul­lah xanın himayəsində xəlvətiliyin xa­nə­gahını burada, Şirvanşahın sarayı yanında təsis etdi. Qay­naq­lar adil bir idarəçi olan Xəlilullah xa­nın ona böyük hörmət və yardım göstərdiyini qeyd edirlər. Onların ara­larındakı sə­mi­mi münasibətin dərəcəsini göstərən əlamətlərdən biri də yazdığı “Kəşful-Qulub” əsərini Xəlilullah xana ithaf etməsi­dir. Seyidin dərgahı ətrafında onun tərəfindən tikilən məscid, türbə və digər abidə­lər də bu əlaqəni aydın şəkildə göstərmək­dədir.

S.Yəhya Bakıda sufi dünyagörüşünü təbliğ etməyə başladı. Onun təlimi qısa bir müddət içərisində ətraf mühitin diqqətini çəkdi. Onun elmi və mənəvi şəxsiyyəti, Bakıdakı xanəgahı bir cazibə mərkəzi halı­na gətirdi. Minlərcə insan çox uzaqlardan Bakıya gəlib ondan irfan tə­li­mini, mənəvi elmlərin sirlərini öyrəndi.

Seyid Yəhya Bakuvi öz dünyasında adi bir sufi deyildi. O öz sis­te­mini qurmuş məktəb sahibi bir sufi mürşidi, mütəfək­kir bir müəəlif və şairdir. Xəlvətilik onun adı ilə bağlı olmasa da bu məktəbin həqiqi qu­rucusu oldu.

Seyid Yəhya bir təriqət başçısı və təsisçisi olmaqla yanaşı, mey­dana gətirdiyi əsərləri ilə islam mədəniyətində və sufilik­də özünəməx­sus ədəbi-fəlsəfi bir yol açmışdır. İslam dünya­sın­da xəlvətilik sufi ədəbiyyatı deyə biləcəyimiz çox zəngin bir ədəbi irsin formalaşmasına da zəmin hazırlamışdır. Təsəv­vüfdə daha sonra gələn mürşidlərin əv­vəlkilərin yolunu təqlid etmə üsulu vardır. Xəlvətilik mənsubu sufi mür­şidləri Seyid Yəhyanın əsərlərinə bir çox nəzirələr və şərhlər yaza­raq bu yolu davam etdirmişlər. Şihabəddin Sührəverdidən sonra xəl­və­tilik sahəsində bu qədər çox dildə və növdə əsər verən baş­qa bir sufi ol­ma­mışdır. Bakuvi yazdığı əsərlərlə ədəbi müvəf­fə­qiy­yətini göstər­mək­dən əlavə Xəlvətiliyin prinsiplərini və fəlsəfəsini də ortaya qoy­muşdur. Beləliklə, bu təriqətin düşün­cə sistemi və üsulları dəyişmədən günümüzə qədər gələ bil­miş­dir. Seyid Yəhya yaşadığı çağın gərəklə­rin­dən uzaq, xüra­fə­lərə boğulmuş, işsizliyi özünə peşə etmiş, boynuna kəşkül asıb dilənçilik edən, cadugərliklə məşğul olan, batini inanc­lar­la ağıl və məntiqdən çıxan, elmi və ağlı təhqir edən mistik an­layışı qəbul etmir. O coşğun və dinamik bir ruh halına, eşq və cəz­bəyə sahib olub, qu­ru, ruhsuz bir zahid deyildir. İslam töv­hid anlayışının ən inkişaf et­miş şəkli olan və Allahdan başqa bütün varlıqları həqiqətdə var olma­yan kölgələr qəbul edən vəh­dəti-vücud anlayışına sahib olsa da insanı tanrılaşdırmaq kimi ifratkarlıqlar onda görülməz. “Şəfaül-Əsrar” adlı əsə­rin­də müridlərini bunlardan çəkindirmiş, elmi əsaslara bağlı, qəl­bi həyatı ilə yanaşı islam inancına görə düzgün yaşayan, iba­dətlərini sə­mi­miyyətlə yerinə yetirən və davamlı özünü inki­şaf etdirən intellektual bir təsəvvüf anlayışı gətirmişdir. Şir­van­şah ilə yaxın münasibətini də­yər­ləndirərək ona daima əda­lət və doğru yol göstərmişdir.1 Elmini mad­di mənafeyi uğ­run­da sui-istifadə edənləri tənqid etmiş, “alimin zil­ləti aləmin zillətidir”2, deyərək izzət və qənaətlə yaşamışdır.

Əsərləri onun yüksək bir elmi və ədəbi səviyyəyə sahib olduğunu göstərir. O, “Bu fəqir, bir çox kimsədən soruşub, bir çox təfsirlər oxu­dum” deyə ifadə etdiyi kimi, çox oxuyub araş­dıran, dərin təfəkkür sa­hibi, dövrünün böyük bir alimidir. Buna görə də onun Bakıdakı xanə­gahı eyni zamanda bir elm, sənət və ədəbiyyat akademiyasıdır. Yusuf Müsküri, Ömər Röv­şəni, H.Qaramani, B.Ərzincani kimi əsər sahibi önəm­li alim və ədib şəxsiyyətlər Bakıda onun xanəgahında yetişmiş­lərdir.

Bakuvinin məktəbi, XV əsrin ikinci yarısından etibarən ye­tişdirdiyi sufi mürşidlər tərəfindən Şirvan xaricində Osmanlı, Ağqoyunlu və Məm­lük cəmiyyətləri və idari çevrələrində bö­yük hüsnü-rəğbət gör­müş­dür. XVI əsrdən etibarən Seyid Yəh­ya ədəbi-fəlsəfi məktəbinin tə­sirləri bütün islam dünyasına ya­yılmış, yeni məktəblərin yaranmasına səbəb olmuşdur. Yəh­ya Bakuvi türk, ərəb, fars dillərində nəzm və nəsr ola­raq iyir­miyə yaxın əsər yazmışdır. Bunların hamısının məzmunu dini-ədəbi və təsəvvüfi mahiyyətdədir. Fars dilində yazdığı şeir­lə­rin­də, “Seyid” təxəllüsünü işlətmişdir.

Seyid Yəhyanın həyatı bütünlüklə təsəvvüfi zöhd və mü­cahidə için­də keçmişdir. O, çox isti aylarda, azuqəsiz və susuz ola­raq səhralara çıxar, oralarda günlərlə qalar, ibadətlə məşğul olardı. Xəlvətə girmək, tənha bir yerdə qalmaq və ibadət et­mək onun dəyişməz adətlərindən idi. Belə ki, o qidalanmasını on beş gündə bir iftar edəcək səviyyəyə en­dir­mişdir. Ömürü­nün sonlarında dünya işlərindən tamamilə uzaqlaş­mış, hətta vəfatından əvvəlki son altı ayda heç bir şey yemədiyi rəva­yət edilmişdir.

Seyid Yəhya, 869/1466-cı ildə Bakıda vəfat etmişdir. Və­fatı Xəli­lul­lah xanın vəfatından doqquz ay sonradır. Ona uzun ömür üçün dua edənlərə “Siz Xəlilullah xana dua edin çünki mənim ömrüm onunkinə bağlıdır” deyərək vəfatını xəbər ver­mişdir. Qəbri Bakıdakı dərgahının bitişiyində olub, günümüzə qədər sağlam gələ bilmişdir.

Seyid Yəhyanın Bakıda qırx ildən çox sürən irşad xidməti nəticə­sində iyirmi minə yaxın müridi olmuşdur. Bunlardan üç yüz altmışına təriqət xilafəti vermişdir. Yetişdirdiyi məşhur sufi mürşidlər: Əlaəddin Rumi, Məhəmməd Bahaəddin Ərzin­cani, Dədə Ömər Rövşəni, Həbib Qaramani, Şeyx Şükrullah, Yusif Ziyaəddin Müsküri, Seyid Əhməd Sünnəti və Çankırılı Şeyx Hamzadır.

Xəlvətiyyə təriqəti Seyid Yəhyanın xəlifələri vasitəsi ilə Azərbay­can, Anadolu, İran, Orta Şərq, Şimali Afrika və Bal­kan­larda geniş şə­kildə yayılmışdır. Xəlvətiyyədə ən çox xəlifə yetişdirən və bunları ətra­fa göndərən mürşid Seyid Yəhya qəbul edilir. Xəlifələrinin əksəriy­yəti Osmanlı və Bəyliklər Anadolusundan gələn şəxsiyyətlərdir. Onla­rın bir çoxu təhsil­lərini tamamladıqdan sonra icazətnamə alaraq yeni­dən Ana­do­luya qayıtmış və buralarda Xəlvətilik məktəbini yaymışlar. Bu şeyxlər ilə onların davamçıları xəlvətiliyi türk və islam dün­yasının ən böyük təriqətlərindən biri halına gətirmişlər. Xəlvətiyyə, Seyid Yəh­yanın vəfatından bir əsr sonra, qırxdan çox şöbə və qola sahib ən çox müntəsibi və təkkəsi olan tə­səvvüf məktəbi olaraq, islam dünyası­nın ən böyük təriqətinə çevrilmişdir. Bu vəziyyət daha sonrakı əsrlər boyunca da ar­taraq davam etmişdir. Buna görə müntəsiblərinin sayının yüz minlərə çatdığı təxmin edilə bilər. Bu xəlvətiyyənin necə bö­yük bir təsir gücünə və yayılma qabiliyyətinə malik olduğunu bizə göstərmək­dədir.

Xəlvətiyyə təriqəti, Seyid Yəhya tərəfindən yenidən təsis edilib ya­yıl­dığı üçün, bütün xəlvətiyyə şöbələrinin başında onun adı mövcud­dur. Hətta silsilənamələrdə bir çox şöbənin və qolun silsiləsi, Seyid Yəhya Şirvani ilə başlamaqdadır. Şö­bələrin təşəkkülündə bəzən yeni­lik­çi (mücəddid) şeyxlərin tə­riqət içində ortaya çıxmasının rolu olmuş­dur. Belə ki, heç bir tə­riqət içərisində bu qədər çox qüvvətli xarakteri və xüsu­siyyəti olan şeyx mövcud olmamışdır. Zaman içərisində orta­ya çıxan bu mürşidlər, mənsubu olduğu xəlvətiyyə təriqəti içərisində, bəzi məsələlərdə yenilik gətirmə ehtiyacı duymuş­lar. Hər yenilik bir dəyiş­mə olduğu üçün, o yeniliyi gətirən mür­şidin adı ilə xatırlanar olmuş və bir şöbə adı alaraq ortaya çıxmışdır. Daha sonra şöbələrdən də qollar çıxmışdır.

Başda Anadolu olmaq üzrə Osmanlı coğrafiyasındakı bu yayılma, Seyid Yəhyanın Anadolunun müxtəlif yerlərindən gələn müridləri vasitəsi ilə olmuşdur. O dövrdə İzmir, Aydın, Afyon, Qaraman, Ərzin­can, Amasiya, Kastamonu, Niğdə, Çan­kırı kimi, Bakıya çox uzaq yer­lər­dən gələn yüzlərlə mü­ridin varlığı, S.Yəhyanın şöhrətinin Anado­luda çox geniş bir sahəyə yayıldığını göstərməkdədir.

Seyid Yəhyanın xəlifələrindən Həbib Qaramani, Çankırılı Hamza, Əhməd Sünnəti və Ələddin Rumi Xəlvətiyyənin təm­silçiləri olaraq Anadolunun müxtəlif şəhərlərində təriqəti yay­mışlar. M.Bahaəddin Ər­zincaninin Ərzincanda başladığı fəa­liy­yəti Amasiya və İstanbula inti­qal etmiş, tədricən onun yo­lundan iki ana şöbə, bir çox ikinci dərəcəli şöbə və qol ortaya çıxmışdır. Xəlvətiyyə təriqətinin inkişafı və yayıl­ma­sında ən çox M.Bəhaəddinin xəlifələri və davamçıları tərəfindən qu­ru­lan şöbələr və qollar təsirli olmuşdur. Bunlardan ilki, Çələbi Xəlifə tərəfindən qurulan Cəmaliyyə, digəri isə Əhməd Şəm­səddin Mar­ma­ra­vi tərəfindən qurulan Əhmədiyyə şöbəsidir. Bunlar Xəlvətiyyənin dörd ana şöbəsindən ən çox yayılan iki­sidir. Çələbi Xəlifədən sonra bu şöbə Sümbüliyyə, Şabaniyyə, Assaliyyə, Bəxşiyyə və Şərnubiyyə kimi bir çox qollara ayrıl­mışdır. Əhmədiyyə şöbəsi də, Marmaravidən sonra Sinaniyyə, Uşşaqiyyə, Ramazaniyyə və Misriyyə olmaq üzrə dörd qola ayrılmışdır. Bu qollardan daha başqa qollar da meydana gəl­miş­dir.

Seyid Yəhyanın xəlifələri daha çox Azərbaycanın Şamaxı, Quba-Xaçmaz, Gəncə, Bərdə-Qarabağ və Təbriz tərəflərində təriqəti yaymış­lardır. Dədə Ömər Rövşəni Qarabağda olduğu əsnada, Uzun Həsənin dəvəti üzərinə, Təbrizə gedərək Səlcuq xatunun, inşa etdirdiyi dərgaha yerləşmişdir. Xəlvətiyyənin Röv­şəniyyə qolunu quraraq daha sonralar bu şöbəni Qahirədə davam etdirəcək olan sufi şair İbrahim Gülşəni, Şeyx Dəmir­daş, Şahin Xəlvəti, Həsən Bayatı Mahmudoğlu kimi azər­bay­canlı böyük şəxsiyyətləri burada yetişdirmişdir. Rövşəniyyə qo­lun­dan Gülşəniyyə və Dəmirdaşiyyə qolları çıxmışdır.

Seyid Yəhya Bakuvinin Şirvandakı xəlifəsi Yusif Müsküri öncə Şa­ma­xıda, sonra Quba-Xaçmaz tərəflərində təkkəsini qu­raraq aktiv bir şəkildə fəaliyyət göstərmişdir. Bu şöbə XVI əsrin sonlarında Anado­luya yayılaraq Şəmsiyyə və Siva­siy­yə ad­ları ilə Osmanlı fikir dünya­sına təsir etmişdir. Müs­kü­ri­nin təkkəsi Azərbaycanın şimalındakı tə­səv­vüfi fəaliyyət­lə­ri­nə XIX əsrin ortalarına qədər fasilələrlə davam etmişdir. Son şeyx Qasım Qubavinin rus işğalı üzərinə İstanbula köç et­məsilə sona çatmışdır.

Seyid Yəhyanın vəfatı üzərinə Bakıdakı xanəgahda irşad səccadə­sinə Seyid Yəhyanın ortancıl oğulu Fəthullah keç­miş­dir. Fəthullah bir ilə yaxın (1466-67) burada şeyxlik etdikdən sonra vəfat etmişdir. Bun­dan sonra Afyonlu Şeyx Şükrullah səccadəyə oturmuş və 1476-cı ildə və­fatına qədər Bakıda şeyx­lik etmişdir.

Şükrullahdan sonra Xəlvətilik Bakıda bir müddət də fəaliy­yətini davam etdirmişdir. Şah İsmayıl 1501-ci ildə Bakını zəbt etdiyi zaman bu əsnada dərgahda şeyxlik edən Şamaxılı Şeyx Qiyasəddin ibni Kə­ma­ləddin Qahirəyə köç etmişdir. 1583-cü il­də Bakı Osmanlı hakimiy­yətinə keçincə xanəgah yenidən can­lanmışdır. Bu tarixdə Seyid Yəhya dərgahının girişinə Os­manlı padşahı III Murad (səltənət illəri 1574-95) adına bir qa­pı düzəldilmişdir. Sultan Murad qapısı olaraq tanınan bu tac qapı hələ də mövcuddur.

XVI əsrdən etibarən təriqət nümayəndələrinə qarşı edilən təzyiq­lər­dən Xəlvətiyyə də nəsibini alaraq doğulduğu torpaq­lardan uzaqlaşaraq, ona qucaq açan diyarlara getdi. XVI əsr­dən sonra Azərbaycan Xəlvə­tiy­yənin mərkəzi olma mövqe­yi­ni davam etdirə bilmədi. Zaman keç­dik­cə əhəmiyyətini itirə­rək, -Natali Klayerin dediyi kimi- Ömər Xəlvə­ti­nin və Yəhya Şirvaninin qəbirlərinin olduğu xanəgahlar, təəssüf ki, Mövla­nə­nin, Hacı Bəktaş Vəlinin, Şeyx Səfinin, Əbdülqadir Gilani­nin xanəgahlarında olduğu kimi davamçılarının ziyarət yerinə çevrilmədi.

Seyid Yəhyanın Bakıdakı xanəgah və məscidi Şirvanşahlar sarayı ilə birlikdə bir çox dəfə təxribata uğradı. XIX əsr əv­vəl­lərində rus işğalı zamanı şəhər ilə birlikdə yağmalanaraq rus ordusunun qarnizo­nuna çevrildi. Bu müqəddəs məkanda, əsrlər boyu əks-səda vərən Allah, Hay, Hu səsləri yerinə, bu tarixdən sonra rus əsgərlərinin sərxoş nərələri yüksəlməyə baş­ladı. 1918-ci ildə erməni təcavüzkarları tərə­fin­dən təxriba­ta uğrayıb yandırıldı. Sovet dövründə məscid əsas divar­larına qədər tamamilə söküldü. Buradakı şeyx qəbirləri də sökülüb yox edildi. Yalnız Seyid Yəhyanın türbəsi salamat qaldı.

Ümumiyyətlə, bütün qol və şöbələrilə təsəvvüf türk insa­nı­nın ədə­biy­yatında, musiqisində, memarlığında, xülasə, incəsə­nət və bədii zövq­lərində, sosial həyatı və bəşəri münasibət­lə­rində silinməz izlər bu­ra­xan, sosial və kültürəl miqyasa sahib bir qurumdur. Digər təriqətlər arasında, türk insanının təbiə­ti­nə uyğunluğu, cəmiyyətin hər təbəqəsin­dən olan müntəsib­lə­rinin çoxluğu və Şərqdən Qərbə doğru islam ölkə­sinin demək olar ki hər yerində geniş xalq kütlələri arasında yayılması ilə Xəlvətilik geniş bir şöhrətə sahibdir.



Şair, ədib, dövlət adamı, hətta hökmdarlar kimi müxtəlif mərifət və peşə ərbabını sinəsində toplayan 40-dan artıq şö­bəsi, minlərlə xəlifə, on minlərə çatan davamçı və sevənlərilə geniş Osmanlı coğrafiyasına yayılan; Ticaniyyə qolu ilə Su­dan Xartum, Tunis, Əlcəzair və Fasa; Gül­şəniyyə və Dəmir­ta­şiyyə qolları ilə Misir, Həbəşistan və Yəmənə; Rövşəniyyə qo­lu ilə Azərbaycan, İran, Türkmənistan, Əfqanıstan və Hin­­dis­tana digər sayısız qol və şöbələrilə bütün Anadolu və Bal­kanlara yayılan Xəlvətilik təriqətinin türk cəmiyyəti və türk insanı üzərində dərin izləri mövcuddur.

Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin