Lalə Bayramova
(Şərqşünaslıq İnstitutu)
SİRƏ JANRININ İLK TƏDQİQATÇILARI
Çox təəssüf hissi ilə demək olar ki, qədim ərəb ədəbiyyatının ədəbi janrları sırasında adı çəkilən sirə janrının tədqiqi, məs, ərəb şərqşünaslarının deyil, Avropa şərqşünaslarının adı ilə bağlıdır. Qədim şərq tarixinin ağır yükünü öz çiyinlərində daşıyan ərəb xalq romanlarının hər birinin tədqiq tarixinə müraciət etsək, mütləq Avropa müəlliflərinin adı ilə qarşılaşacağıq. Bu da çox güman ki, ərəb filoloqlarının zaman-zaman xalq ədəbiyyatı nümunələrinə biganə yanaşmaları, romanlarda ön plana çəkilmiş islam dininə zidd saydıqları açıq məhəbbət səhnələri, xəyanət xarakterli motivlər, harama sürükləyən şərab məclisləri səbəbi ilə mənfi rəyləri formalaşırdı. Qatı dindarlar hətta “Min bir gecə” nağılları kimi xalq ədəbiyyatı nümunələrini aşağı səviyyəli ədəbiyyat nümunələri hesab etdiklərindən, onları tədqiq etməyə ehtiyac duymurdular. Lakin, Avropalıların ərəb xalq mədəniyyətinin salnaməsi sayılan əsrarəngiz xalq romanlarını tədqiq etmələri ərəb filoloqlarını qeyri-ciddi fikirlərindən əl çəkməyə sövq etdi. Həqiqətən də, ərəb xalq sirələrinin hər biri şərq ədəbiyyatının, tarixinin, coğrafiyasının bədii salnaməsidir. Romanlarda verilmiş islam əxlaqına zidd obrazlar, cəmiyyətin mənfi simasını öz obrazında canlandıraraq müsəlman xalqını doğru yola, yüksək islami dəyərlərə səsləyirdi (L. B).
Sirələrin tədqiqi XIII əsrdən etibarən Avropa müəlliflərinin birlikdə səyi nəticəsində reallaşmağa başlamışdır. Xüsusən, XVIII əsrin ilk minilliklərində xalq ədəbiyyatı sahəsində ciddi araşdırmalar aparılmağa başlanmiş, XIX əsrin əvvəllərində Avropa səyahətçiləri sadə xalqın həyat və yaşayış tərzləri ilə tanışlıq baxımından, ərəb sirələri haqqında çoxlu məlumatlar əldə etmişdilər (11, 5 ).
1798-1799-cu illər Napaleon Bonapartın Misirə yürüşü zamanı onu yaxından təqib edən Fransanın paytaxtı Paris şəhərində mərkəzi muzeyin müdiri vəzifəsində çalışan məşhur ərəb səyyahı Denon ərəb xalq ədəbiyyatı ilə tanış olmuş, xüsusilə sirə janrı ilə yaxından maraqlanmışdır. Denon “General Bonapartın yürüşü zamanı Misir” adlı məşhur əsərində ərəb ravilərinin repertuarı haqqında ətraflı məlumatlar vermişdir. Ravilərin ərəb xalq sirələrindəki rolundan danışan Denon qeyd edir ki:
«Eyni məzmunda olan sirələri müxtəlif ravilərin dilindən bir neçə dəfə eşitməyə hazıram. Çünki, hər bir ravi nəql etdiyi sirələri istədiyi yöndə dəyişə bilir: biri daha maraqnan, hiss və sevincilə çıxış edir, digəri qorxu-dəhşət hissi ilə emosional çıxış edərək, dinləyicilərini hər hansı qəbilələrarası döyüşün ağrılı-acılı səhnələrinin ağuşuna alır, üçüncüsü yumor hissi, satirik elementləri ilə dinləyicilərini güldürür» (7, 29).
Fikrimizcə akademik Denonun xalq nümunələri haqqında olan dəyərli fikirləri sirələrin məşhur olmasında ravilərin rolunun əvəzsiz olmasının təsdiqi kimi qiymətləndirmək olar.
Denonun Misirə səyahətindən dərhal sonra Avropanın kübar təbəqəsi (intiligentləri) Misirə səyahət etməyə başladılar. Çoxsaylı səyahətlər sayəsində sadə xalqın qədim ədəbi irsinin öyrənilməsi sahəsində mühüm addımlar atılmağa başladı.
Denonun səyahətindən sonra - 1922-ci ildə Misirə səyahət edərək, ərəb ədəbiyyatı ilə maraqlanan şəxs, misir hökmdarı Məhəmməd Əlinin hakimiyyəti dövründə Misirdə tibb məntəqəsinin müdiri vəzifəsində çalışan avropalı A.B.Klotbəy olmuşdur. Misiri ikinci vətəni hesab edən bu şəxs 1840-cı ildə iki cilddən ibarət «Klot bəy Misirdə» adlı Misirin təsvirinə dair maraqlı bir əsər nəşr etdirir. Və əsərin əsas fəslini ərəb xalq sirələrinə həsr etmişdir (7, 30).
Avropa mütəxəssisləri sirə janrının tədqiqindən savayı, sirə janrında yazılmış məşhur əsərlərin hər birini ayrıca tədqiq etməyə müvəffəq olmuşlar.
Sirələrdən ən çox şöhrət qazanan, dünya mədəniyyəti xəzinəsinə daxil olaraq, monumental abidələr zirvəsinə qalxmış “Min bir gecə nağılları” 1703-1713-cü illər arasında Antuan Qalland tərəfindən fransız dilinə tərcümə edilərək Parisdə nəşr olunmuşdur. Avropa oxucularının sirə nümunələrindən biri sayılan bu məşhur abidə ilə ilk tanışlığına şərait yaradan və uzun müddət bu əsər haqqında təsəvvür formalaşdıran bu tərcümə əslində bu günki anlamda “Min bir gecə”ni deyil, abidənin dörddə birini əhatə edir. Qallandın tərcüməsi sonrakı Avropa mütərcimlərinin tənqidi ilə üzləşmişdir. Buna səbəb Qallandin tərcümə prosesində sərbəst davranişlari olmuş, şəxsi fikir və meyarlarını mətnə əlavə etmişdir. Qalland əvvəlcə «Sindbad»ı müstəqil əlyazma əsasında tərcümə etmiş, sonra Suriyadan əldə etdiyi XV əsrə aid əlyazmadan faydalanmışdır. 1709-cu ildə Parisdə Hələbdən olan Hənna adli bir ərəblə taniş olan Qalland qalan nağılları onun danışdığı və ya ərəbcə yazdığı hekayətlərdən tərcümə etmişdir. Beləliklə, Qallandın tərcümə etdiyi iyirmi bir nağıldan yalnız doqquzu «Min bir gecə» əlyazmasından götürülmüş, qalanları isə başqa mənbələrdən əxz olunmuşdur. Abidə ilə bu cür sərbəst davranış sonralar da, hətta az-çox mötəbər sayıla biləcək nəşrlər işıq üzü görəndən sonra da davam etmişdir.
Ərəb alimi Suhir Qaləməvi qeyd etmişdir ki, “Min bir gecə nağılları”nın ilk elmi tərcüməsi 1921-1928-ci illərdə alman alimi Enno Littmann tərəfindən tərcümə olunaraq 6 cilddən ibarət tərcümə kitabı nəşr olunmuşdur (17, 17) .
“Min bir gecə nağılları”nın əsasında həm yazılı mənbələr, həm də folklor dayanmışdır. Buna uyğun olaraq, abidə müəllif ədəbiyyatının xalq içərisinə endirilməsi və xalq epik yaradıcılığının əyan qəsrlərinə qaldırılması (8, 4) kimi ikili funksiya daşımışdır. Belə funksional vüsət və ədəbi klassika ilə müqayisədə dövrün bədii normalarından nisbi sərbəstlik ilk növbədə abidənin janr çeşidinin rəngarəngliyinə, onun özünəməxsus janr polifoniyasına gətirib çıxartmışdır.
Ümumiyyətlə, “Min bir gecə nağılların”da roman elementləri yetərincədir.
1835-ci ildə Almanaxda O. Cenkovskinin “Əntərə” adlı etnoqrafik uğursuz şərq fantaziyası hesab olunan bir əsər nəşr olunmuşdur (8 ).
“Əntərə” romanının bir xalq ədəbiyyatı nümunəsi kimi təzahür etməsi, XIX əsrin birinci onilliyində Qahirədə oxucular sırasında əyləşib, onu maraqla dinləyən orientalist-etnoqraf Leynin şahidliyi nəticəsində baş vermişdir.
İngilis tədqiqatçısı, səyahətçi E.Y.Leyn (1801-1876) Qahirədə ərəb xalq sirələrini dinləyərkən əsas diqqətini sadə şəhərli əhalisinin təyin olunduğu təqdimatın demokratik xarakterinə yönəldərək qeyd edir ki: “Müsəlmanlar müqəddəs Ramazan ayında öz evlərində adətən, yığıncaqlar təşkil edir, yaxın döst-tanışın evlərində maraqlı zaman keçirirdilər. Çoxları axşamlar qəhvəxanalara xalq romanlarını ifa edən ravilərin bir-birindən maraqlı ifalarına qulaq asmaq üçün gedirdilər. Əlbəttə ki, dinləyicilər sadə xalq nümayəndələri idilər. Demək olar ki, bir ay Ramazan boyu insanların kütlə şəklində iştirak etdikləri məclislərdə, qəhvəxnaların səhnəsində, yığıncaqlarda ərəb xalq sirə nümunələri dinlənməkdə idi” (10, 70).
XIX əsrin əvvəllərində xalq ədəbiyyati nümunələrinin oxunması ənənəsi yalniz Misirdə deyil, digər ərəb əyalətlərində də davam etdirilirdi.
Avropada isə bu əsər XIX əsrin əvvəllərində ilk dəfə olaraq, İngiltərədə T.Xamiltonun (1819-1820) “Əntərə ” sirəsini ixtisarla tərcümə etdiyi dörd cildlik tərcüməsi ilə tanınmağa başlamışdır (19 ). Bu tərcümə O.Cenkovskinin uğursuz tərcüməsindən fərqli olaraq, orijinala uyğun gəlir. Yalnız əsərin epizodik məqamlarının orijinalla uyğunlaşmadığı nəzərə çarpır.
“Əntərə” sirəsi 1832-1833-cü ildə Fransa akademiyasının üzvü olan şair Lamartinin əlyazmaya əsasən, tərcüməsi ilə məşhurlaşdı və oxucular arasında xalq romanlarının mühüm ədəbi rolunu bir daha sübut etdi. Tanınmış fransız şairi Yaxın Şərqə səyahətinin hər bir incəliyinə toxunan Lamartin dörd cildlik «Şərqə səyahət» əsərində “Əntərə” sirəsi haqqında təəsüratlarını bölüşmüşdür (7 , 64-65). Məşhur əsərində “Əntərə” romanının spesifik xüsusiyyətlərindən söz açan Lamartin yazır: “Əntərə Homer kimi epik, İov kimi mərhəmətli, Teokrit kimi idillik məhəbbətlə dolu, Solomon kimi xeyirxahdır”. Gündəliyinin ikinci hissəsi “Əntərə” romanının tədqiqinə yönəldilmiş və romana verilən ümumi rəylər dəyərləndirilmişdir (lamartine, 264-269s). Hətta qeyd etmişdir ki, “Əntərə” dastanı, “Min bir gecə nağılları”ndan daha maraqlıdır. Çox güman ki, Lamartin “Əntərə” dastanını real şəxsiyyət şair Əntərənin epik obrazını canlandırması baxımından, “Əntərə” sirəsini “Min bir gecə” nağıllarından daha maraqlı olduğunu vurğulamışdır.
1838-ci ildən etibarən beş il davamlı şəkildə “Min bir gecə nağılları”nın tərcüməsi ilə məşğul olan Hammer də “Əntərə” sirəsinin ərəb xalq sirələri arasında ən maraqlı və səviyyəli xalq ədəbiyyatı nümunəsi olduğunu söyləmişdir.
Lakin qeyd etmək istərdik ki, “Əntərə” dünyada məşur ərəb xalq romanlarından olmasına baxmayaraq, “Min bir gecə” abidəsinin misilsiz şöhrətinə ünü yetməz. Mətninin sanballığı ilə seçilən “Əntərə” romanı ərab xalq romanlari arasında ən səviyyəli roman oduğu fikri ilə razılaşırıq. Hər halda məşhur muallaqçı-şair Əntərənin epik obrazının sadə xalq tərəfindən əbədiləşdirilərək roman qəhrəmanı Əntərənin simasında canlandıran “Əntərə” romanı sıradan olan xalq ədəbiyyatı nümunəsi təbii ki, ola bilməzdi. “Əntərə” romanı həcm etibarı ilə də “Min bir gecə” nağıllarından böyükdür, lakin insanların maraq dairəsi “Min bir gecə” nağılları ilə tam üst-üstə düşməkdədir (L.B).
Orta əsr mənbələrindən – Əbü-l-Fərəc əl-İsfahaninin “Nəgmələr kitabında” Əntərə sirəsi haqqında verilmiş dəyərli fikirlər Ənərə romanının səlib yürşlərində göstərilən qəhrəmanlıq şücaətlərindən bəhs edən, tam mətni olmayan kiçik mətndən ibarət toplu oldugunu təsdiq etməkdədir (12 ) .
1853-cü ildə alman alimi Duqat Əntərə sirəsinin tədqiqatına həsr etdiyi uzun illərin araşdırmalarına söykənərək geyd edir ki: “Əntərə insan ruhuna xitab edən əsas əsərlər (Qrekərin “İlliada və Odisseyası”, italyanların “Dəhşətli komediyası”, ingilislərin “İtirilmiş cənnət”, almanların “Nibelunqi və Messiada”sı, hindlilərin “Maxabxarata”sı, farsların “Şahnamə”si) sırasında olmalıdır ” (9, 9 s.). Bugün “Əntərə” romanı adları dünya ədəbiyyatı irsinə həkk olunmuş qiymətli əsərlər sırasında çəkilməkdədir.
“Əntərə” sirəsini Avropa tərüməçiləri tədqiq eməklə yanaşı, ingilis, alman, fransız və bir çox Avropa dillərinə tərcümə etmişlər. Romanın tərcümələri üzərində bir çox alimlər - Kossen de Perseval (1833-1834), Karden de Kardon (1834-18370, Perron (1840), Şerbonyu (1840), Dyuqa (188-1849, 1853), Devik (Pars-1864), Pujula Hammer (Paris-1868) işləmişlər (Şoven, Biblioqrafi, t.III, 120-126s).
“Əli Zibək” sirəsi ərəb xalq romanı nümunələrindən biri olaraq, məişətdə baş verən kələkbazlıqdan, dövrün fırıldaq işlərindən bəhs edir. Bu tip süjetlər təkcə sirə yaradıcılarının bədii təxəyyülünün məhsulu deyildi, həm də konkret tarixi-ictimai şəraitin inikası kimi meydana çıxırdı.
Tədqiqat əsərlərindən - XVIII əsrdə orta əsr ərəblərinin istər tarix və istər ədəbiyyatına xüsusi maraq oyandıran, orta əsr ərəb ədəbiyyatının bir çox münaqişəli suallarına, xalq ədəbiyyatının mübahisəli məsələlərinə işıq salan alman şərqşünasları arasında U.Y.Reyskinin (1716-1774) dəyərli araşdırması diqqətəlayiqdir.
1975-ci ildə “Asiya və Afrika xalqı” (N-゚2 ) jurnalında B.Y.Şidfarın “Hekayətdən romana” adlı məqaləsi nəşr olunmuşdur və burada ərəb xalq romanının özəllikləri işıqlandırılmışdır. Bu məqalədə sirə komponentlərindən söz açılmış, bir sıra süjetlərin və folklora xas personajların sirələrdə rolu işıqlandırılmışdır (8).
Sirə janrını ümumi xarakterizə edən Şidfar sirələri böyük ölçüdə yazılmış xalq ədəbiyatı adlandıraraq, onun məlum süjet xəttinə malik olduğunu söyləyir. O, qeyd edir ki, əsəri qüvvətli edən döyüş zamanı müsəlmanların xristianlara qarşı apardıqları amansız döyüşləri təşkil edir (8, 3 ).
1974-cü ildən başlayaraq öz yaradıcılığını “xalq romanına” həsr edən N.Ibrahimov bir şox dəyərli əsərlər yazmışdır. O, ərəb xalq romanına həsr etdiyi əsərlərində ərəb xalq sirələrinin əsas mərhələlərini izləmiş, janrın yaranma tarixi haqqında (4), sirələrin qurluşu (5), ərəb xalq romanının nümunələri (6), əsərin kompozisiyasına (4) dair maraqlı tədqiqat əsərləri meydana çıxartmışdır.
1981-ci ildə V.V. Lebedev orta əsrlər ərəb folklor nümunələri və xalq romanına öz doktorluq işini həsr etmişdir (11, 46).
Ərəb xalq sirələri haqqında yazılmış maraqlı əsərlər içərisində bu janrın mühüm suallarına cavab verən, gərgin mübahisə yaradacaq problemlər baxımından İ.M.Filştiniskinin əsərləri təqdirəlayiqdir ( 9 ).
1974-cü ildə rus ərəbşünası D.İ. Onoyeva öz tədqiqat əsərini “Əbu Zeyd”, “Bəni Hilal” sirələrinə həsr etmişdir. Tədqiqat əsərində D.İ.Onoyeva sirə janrının XII-ci əsrdən əvvəl yaranmadığını qeyd edir. Lakin, onun bu sözünün dəqiq sübutu olmadığından ərəbşünaslar bu fikrini müəyyən mənada düzgün hesab etmirdilər.
A.E.Krımskinin “Yeni ərəb ədəbiyyatı tarixi” adlı əsərində ərəb sirələrinə həsr etdiyi bölümdə sirələrin XVI-XVIII əsrlərdə “sadə xalq ərəb ədəbiyyatı” adlandığını qeyd etilmişdir və bir sıra məşhur sirələrin - “Əntərə”, “Taqribat Bəni Hilal”, “Zət əl –Himmə”, “Seyf ibn zu Yazan”, “1001 gecə nağılları”, “ Əli – Zibək ” və sairələrinin adları çəkilmiş, onlar haqqında müfəssəl, maraqlı məlumatlar verilmişdir (7). A.E.Krımskinin ərəb sirələrinə ayırdığı bu bölüm bütün şərq dünyasının sirələr haqqında məlumatlandırılması baxımından dəyərli işlərdən biri kimi dəyərləndirilməkdədir.
1860-cı ildən başlayaraq, ərəb xalq sirə janrının öyrənilməsində çox böyük işlər görülmüş və əsərlərdən bir çoxunun tərcüməsinə bir sıra V.H.Kirpiçenko, İ.M.Filştinski, B.Y.Şidfar kimi tanınmış ərəbşünaslar təşəbbüs göstərmişlər.
“Əntərə” sirəsinin 8 cilddən ibarət qısaldılmış tərcüməsi, “Min bir gecə nağılları”nin dörd cilddən, “Seyf ibn Zu Yazan” dörd cilddən ibarət, “Əz-Zahir Beybars”, "Əli-z-Zibək” və sairə məşhur sirələrin tərcümələri nəşr olunmuşdur. Bu tərcümələrin ən mükəmməli hədsiz ağır zəhmət hesabına başa gələn, epizodları düzgün seçilərək eyni tip obraza malik tərcümə əsərlərinin ən uğurlusu sayılan “Seyf ”əsəridir. B.Y.Turayev “Seyf” sirəsindəki baş qəhrəman Seyfin Efiopiyada 1344-1372-ci illərdə hakimiyyətdə olmuş tarixi şəxsiyyət şah Seyf Areda olduğunu sübut etmişdir. Ərəb alimlərindən Abbas İhsan “sirə” janrında yazılmış əsərlərdə real və fantastik obrazlardan bəhs edərkən qeyd etmişdir ki, “Seyf” sirəsinin bir çox epizodları dəqiq tarixi hadisələrlə bağlıdır.
Mütəxəssislər sirələri əlyazmadan istifadə edərək tərcümə etdikdə, tədqiqat əsəri yaratdıqda çalışmışlar ki, sirənin adında, mətnində ciddi dəyişikliklər baş verməsin. Orada iştirak edən tarixi şəxsiyyətlərin simasında, hadisələrin cərəyan etdiyi məkanlar, xüsusən toponomiya heç bir dəyişikliyə uğramasın.
Artıq deyildiyi kimi, Avropa şərqşünaslığında ərəb xalq romanına olan qeyri-adi maraq ərəb alimlərinə də təsir göstərmiş və onlar da istər bütövlükdə ərəb xalq ədəbiyyatının, istərsə də sirələrin tədqiqi sahəsində müəyyən təşəbbüslər göstərmiş, yeni-yeni tədqiqat əsərləri meydana çıxartmişlar. Ən əsası, Avropalıların ilk olaraq sirə nümunələrini tədqiq etməsi, ərəblərin qədim milli adət-ənənələrini, yaşayış tərzlərini, ictimai-siyasi həyatını günümüzə çatdıran ərəb şifahi xalq ədəbiyyatı incilərinə sahib çıxmalarına vəsilə oldu.
Dostları ilə paylaş: |