Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə81/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   77   78   79   80   81   82   83   84   ...   232
Tural Sadıqlı

(Şərqşünaslıq İnstitutu)
İbn Qeyyİm əl-Cövzİyyə və onun

əd-Də va əd-Dəva” əsərİ


Əbu Abdullah Məhəmməd ibn Əbi Bəkr ibn Eyyub ibn Qey­yim əl-Cövziyyə orta əsr ərəb və İslam din və ictimai-fik­ri­ni böyük ustalıqla qələmə alan ən böyük alimlərdən biridir. Onun dini və mənəvi dəyər­lə­rin qorunması istiqamətində apar­dığı fəaliyyəti və yazdığı əsərləri həm yaşadığı dövrün cəmiy­yə­tinə, həm də ondan sonrakı əsrlərdə yaşayan nəslə böyük töh­fə vermişdir. Əsərlərinin əlyazmalara köçürülərək bu günü­mü­zə qədər saxlanılması onların faydalılığından xəbər verir.

Alim hicti təqvimlə 691-ci, miladi təqvimlə 1292-ci ildə Də­məşqdə anadan olmuşdur. İbn Qeyyimin ilk müəllimi atası Əbu Bəkr ibn Eyyub ibn Səd olmuşdur. O, 723-cü ildə vəfat etmişdir. Onun dəfnində bir çox görkəmli alimlər iştirak etmiş və onu xeyirlə yad etmişdilər. Atası vəfat edərkən İbn Qeyyi­min otuz iki yaşı var idi. İbn Qeyyimin elm öyrən­mə­sində, alim kimi yetişməsində və cəmiyyətə xeyirli bir insan olma­sın­da onun böyük təsiri olmuşdur.

İbn Qeyyim bütün ömrünü elmə sərf edərək batilə və haq­sız­lığa qar­şı elmlə mübarizə aparmış, əsərlərində yalnız Alla­hın dininə, islaha və xeyrə dəvət etmişdir. O, elmi ilə yanaşı çox əxlaqlı, səbirli, təmkinli, meh­ri­ban, təqvalı və səxavətli ol­muşdur. Onun müasiri İbn Kəsir qeyd edir ki, İbn Qeyyim ona ən əziz insanlardan biri idi. O, gülərüz, səxa­vətli, xeyir işlərdə irəlidə olan və cəmiyyətin xeyrinə yarayan bir alim idi. Elmə çox həvəsli və bağlı idi. Gecə və gündüz oxuyurdu. Səbirli idi. Bir müsibətə uğradığı zaman səbir edər, yalnız Allahdan kömək di­lə­yər, yenə də elmdən və mütaliədən uzaqlaşmazdı. Mə­sələn, həbsə mə­ruz qaldığı zaman vaxtını Quran oxumaq, Allahın ayələri və dini barə­sində düşünməklə keçirərdi. Bu da ona yazmaq üçün yeni fikir qapıları açırdı. İbn Qeyyim abid və zahid biri olmuşdur. Onun əsərlərini, xüsu­silə də “Mədəric əs-salikin”i oxuyan görər ki, onun qəlbi Allaha iman və yəqin­lik­lə dolu, əzaları isə Allaha ibadətlə məşğul olmuşdu. İbn Kəsir onun haqda belə qeyd edir: “Dövrümüzdə bu dünyada ondan daha çox ibadət edən tanımıram”. İbn Qeyyim dünya malına ta­mah etmə­miş və həyatını zahidliklə yaşamışdır. O, zəruri eh­tiyaclarından baş­qa mal-dövlətə sahib olmamışdı. Hətta oğlu İb­rahimə vermək üçün bir şeyi olmadıqda, “Tuhfətul mövdud” əsərini ona ithaf edərək yazmış və ona belə demişdi: “Mənim sə­nə verəcək dünya malım olmadığı üçün sənə bu kitabı ithaf edirəm”.

İbn Qeyyim əl-Cövzi dövrünün Sünnəyə möhkəm bağlı və bidətə qarşı kəskin müvqe nümayiş etdirən alimlərindən ol­muş­dur. Əsərlərini oxuduqca, sonradan əlavə edilmiş və İs­la­ma nisbətləndirilmiş əməlləri nə qədət sərt tənqid etdiyinin şa­hidi oluruq. Öz əsərlərindən başqa, məş­hur alim Şövkani onun bu fəaliyyətini bu sözlərlə işıqlandırır: “Bir sözlə, o, Sünnəni ya­yan ən görkəmli simalardan biri olmuşdur. Sünnə ilə bidət­lər arasında möhkəm bir sədd çəkmişdir. Allah ona rəhmət elə­sin!”

İbn Qeyyim həyatında bir çox əziyyətlərə məruz qalmışdır. Onlar­dan biri də hicri 726-cı ildə həbs edilməsidir. Yaşadığı dövr­də insanlar İbrahim peyğəmbərin qəbrini ziyarətgaha çe­vi­rib ondan kömək diləyir və s. bu kimi İslama zidd əməllər edir­dilər. İbn Qeyyimin müəllimi İbn Teymiyyə bu hala qarşı sərt sıxış etmiş və əleyhinə fətva vermişdi. Ona görə də onu həbs edib Dəməşq qalasının zindanına atmışdılar. Sonra ölkə­nin qazilər qazisi İbn Teymiyyənin ətrafındakı yaxın adam­la­rın da həbs edilməsi barədə fətva vermiş və İbn Qeyyim də öz müəllimi ilə ya­naşı həbs həyatı sürməyə məhkum edilmişdi. O döv­rün qaziləri İbn Teymiyyəni qəbirləri ziyarət etməyi müt­ləq inkar edən kimi qələmə vermişdilər. Lakin bu, belə deyil. Mümkün deyil ki, o, Peyğəmbərin “Qəbirləri ziyarət edin! Çün­ki onlar sizə Axirəti xatırladır” hədisindən bixə­bər olsun. Əksinə o, əsərlərində bu barədə danışmışdır. Lakin onun qarşı çıxdığı peyğəmbərlərin qəbirlərini ziyarət edib orada şirk, küfr və bidət kimi əməllərin edilməsi idi. İbn Qeyyimin həbs edil­mə­sinə səbəb isə onun peyğəmbərləri vasitəçi tutmağın əleyhi­nə danışması idi. Hicri 728-ci ildə İbn Teymiyyə həbsdə dün­ya­sına dəyişdi. İbn Qeyyim isə onun vəfatından bir qədər son­ra azadlığa buraxıldı. Lakin alim bundan son­ra da müxtəlif tə­qiblərə və əziyyətlərə məruz qalmışdı.

Orta əsr alimləri üçün xarakterizə edilən səyahətlər İbn Qey­yimə də aid edilməlidir. Belə ki, o da biliyini artırmaq və zəmanəsinin görkəmli alimləri ilə görüşmək üçün bir neçə sə­ya­hət etmişdir. Məsələn, bir neçə dəfə Qahirədə və dəfələrlə həcc mövsümündə Məkkədə olmuşdur. Bunlarla yanaşı alim Qüds, Bələbəkkə və digər Şam ətrafı bölgələrə də səyahətlər et­mişdir.

Alimin 98 əsəri mövcuddur. Onların ən məşhurları aşağıda­kı­lardır:


  1. Zədul miad fi hədyi xeyril ibad

  2. İlamul muvaqqiin an rabbil aləmin

  3. Hidayətul həyarə fi əcvibətil yahud van nasara

  4. İğasətul ləhəfən min masayidiş şeytan

  5. Əl-Cavabul kəfi limən səalə anid dəvaş şafi (əd-Də va əd-Dəva)

  6. Bədəiul fəvaid

  7. Əl-Fəvaid

  8. Ər-Ruh

  9. Hadil ərvah ilə bilədil əfrah

  10. Kitəbus salət va əhkəmu tarikihə

  11. Ət-Tibbun nəbəvi

  12. Məaricul qubul

  13. Miftəhu dəris səadə

  14. Mədəricus salikin

  15. Əs-Səvaiqul mursələ aləl cəhmiyyəti val-muattələ

  16. Əl-Kəfiyətuş şafiyə fin nəhv

  17. Əl-Kəfiyətuş şafiyə filintisari lilfiqatin naciyə

  18. Əl-Kəlimut tayyib val-amalus salih

  19. Əl-Kələmu alə məsələtis sima

  20. Əl-Mənarul munif fis-sahih vad-daif

  21. Əl-Furusiyyə

  22. Tariqul hicrateyn va bəbus səadəteyn

  23. Ət-Turuqul hukmiyyə

  24. Zəmmul həva

Müəllifin ən məşhur əsərlərindən biri “Əd-Də va əd-Də­va”dır. Tərcüməsi “Sağaldıcı dəva barəsində sual verənə kifa­yətedici cavab” olan bu kitab “Əd-Də və əd-Dəva”, yəni “Dərd və Dəva” adı ilə dəfə­lər­lə ərəb dilində çap edilmişdir. Bu kitab nəfslərin tərbiyəsi, günah­lar­dan təmizlənməsi yolları və səmimi tövbə etməsi üsulunda yazılmış ən mükəmməl ki­tab­lardan biri hesab olunur. Kitabın müəllifi qəlb xəstə­lik­ləri üzrə bir mütəxəssis, qəlblərin müalicəsi məsələsini araşdıran mə­ha­rətli bir təbib olmuşdur. Onun müalicə üsulu bir çox­la­rının təbliğ etdiyi yunan midriklərinin üsulu deyil, Allahın ki­ta­bına və Onun peyğəm­bə­ri­nin (ona Allahın salavatı və salamı olsun) Sünnəsinə söykənən ən mü­kəm­məl üsuldur.

Kitabın əvvəli müəllifə verilən bir sualla başlanır. Sual be­lə­dir: “Bir bəlaya düçar olmuş və bunun davam etməsilə dünya və Axirət işlərində ziyana uğrayacağını bilib var gücü ilə onu aradan qaldırmağa çalışan, ancaq bacarmayan, əksinə bu bə­lanı daha da artıran və şiddətləndirən kəs barəsində fikir nədir? Bunu dəf etməyin və çarəsini tapmağın yolu nədədir?”

Müəllif bu suala qısa bir cavab verməyi məqsədəuyğun he­sab etmir və həmin bəlaya düşməyin səbəblərini araşdırır, ona aparan yolları izah edir. Qəlb xəstəliklərini törədən amillərə toxunur, onların acı aqibətlə­ri­ni sadalayır. Əvvəla o xəstəlik­lərə düşməməyin çarəsini, sonra isə düş­dükdən sonra onların müalicəsini bəyan edir. Müəllif duaya, onun qəbul olma şərtlə­rinə, günahların acı aqibətlərinə, zərərlərinə, Allah barəsində hüs­nü-zənlə Onun rəhməti ilə özünü aldatmaq arasındakı fərq­lərə, Alla­ha həqiqi ibadət etməyə, şirkə, həqiqi tövhidə, eşqin formalarına, dünya eşqlərinin və görkəmlərə aşiq olmağın dün­­ya və Axirət zərərlərinə və s. mövzulara aid mükəmməl fə­sil­lər ayırır.

Kitab ilk dəfə hicri təqvimlə 1307-ci ildə Hindistanda nəşr edilmiş­dir. Daha sonra Misirdə nəşr edildi. İlk nəşlər içərisin­də məşhur alim Məhəmməd Muhyiddinin hicri on üçüncü əsr əlyazması əsasında nəşr etdidiyi kitab diqqəti daha çox cəlb edir. Azərbaycan dilinə tərcümə edi­lərək Azərbaycan oxucula­rına təqdim edilən bu kitabın ərəbcəsi hicri səkkizinci əsrə aid dörd nüsxənin tekstoloji təhlilindən sonra ərsəyə gə­lən əsərdir. Nüsxələrdən biri müəllifin ölümündən on doqquz il sonra kö­­çü­rülmüşdür.

Bir çox orta əsr alimləri bu kitabı müəllifinin adı ilə öz ki­tablarında qeyd etmişlər. Ən birincisi müəllifin öz tələbəsi Ha­fiz İbn Rəcəb, sonra Şəmsəddin əd-Davudi, Hacı Xəlifə, İbn Abbad, Şövkani və s. alimlər bu kitabın adını çəkmişlər.

Qeyd etdiyimiz kimi, bu kitab ilk dəfə Hindistanda “Sa­ğal­dıcı dəva barəsində sual verənə kifayətedici cavab” adı altında nəşr edilmişdi. Da­ha sonra Qahirədə də eyni adla iki dəfə nəşr edildi. Lakin hicri 1377-ci ildə Məhəmməd Muhyiddin Əbdül­həmid “Dərd və dəva” adı ilə kita­bı nəşr ettirdi.

Müəllif kitabının adını müqəddimədə qeyd etməyib. Əslin­də kitabın müqəddiməsi də yoxdur. Kitab verilən suala cavab ver­məklə başlayır. Lakin müəllifin tələbəsi İbn Rəcəb kitabı “Əd-Də və əd-dəva”, yəni “Dərd və dəva” adlandırmışdır. Davudi, İbn Abbad və Şövkani də kitabı bu cür adlandırmışdır.

Kitabın üç nüsxəsi İbn Rəcəbin (h. 736-795) sağlığında kö­çürül­müşdür. Birinci nüsxə hicrətin 770-ci, ikincisi 785-ci, üçün­cüsü isə 791-ci ildən əvvəl yazıya köçürülmüşdür. Hər üçü “əd-Də və əd-Dəva” adını daşımışdır. “Sağaldıcı dəva ba­rəsində sual verənə kifayətedici cavab” adını isə ilk dəfə hicri 1068-ci ildə vəfat etmiş Hacı Xəlifə isti­fa­də etmişdir. Biz də kitabın “əd-Də və əd-dəva” adını əsas götürüb Azərbaycan oxu­cusuna “Dərd və dəva” adında təqdim etdik. Çünki kitabın bir çox yerində dərd və dəva sözləri yanaşı işlənir.

Qeyd edək ki, kitabın hicri 1100-cü ilə aid olan Bağdad nüsxəsində kitabın adı yerində “Bu, dərdin dəvası kitabıdır” yazılmışdır.

Kitabın bütün əlyazma nüsxələrində müəllifin adı İbn Qey­yim əl-Cövziyyə kimi yazılmışdır. Lakin Fuad Səlimə aid olan və üzərində “hi­caz xəzinəsi” möhrü vurulmuş nüsxədə əsərin baş­lıq səhifəsində bu cür yazmışdır: İbn Qeyyim əl-Cövzinin “Dərd və dəva” kitabı. Lakin heç şübhəsiz ki, müəllifi İbn Qey­yim əl-Cövziyyə və İbn əl-Cövzi arasında bir qarışıqlıq edilib. Bu qarışıqlıq bəzən İbn Cövzinin bəzi əsər­lərinin nüs­xə­lərində onun adının İbn Qeyyim əl-Cövzi kimi keçmiş­dir. Bu ya bilməməzlikdən, ya da diqqətsizlikdən baş vermişdir. Çünki mü­əllifin adı, vəsfləri və ləqəbləri ilə birgə başqa nüs­xə­lərdə olduğu kimi bu nüsxənin əvvəlində də qeyd olunmuş­dur. Kitabda yazılış üslubu, metodu və mövzusu onun İbn Qeyyimə aid olmasını təsdiqləyir. Məsələn, müəllif kitabın “Eymənul Quran” adlı kitabından sitat gətir­mişdir. Orada de­yilir: “Əgər qul layiqincə fikirləşsə, onda görə bildiyi və ya bil­mədiyi hər şey onu Allahın tövhidinə gətirib çıxarar, pey­ğəm­bər­liyə və Axirətə iman gətirməsini və Quranın Allah kəlamı olduğuna inanmasını təmin edər. “Eymanul Quran” ki­ta­bında imana gətirən bu cür vəsilələrdən geniş söhbət açmı­şıq. Allah təala buyurur ki, “And içi­rəm gördüklərinizə, Və gör­mədiklərinizə ki, O, çox möhtərəm bir elçinin sözü­dür!” (əl-Haqqə, 38-40) Habelə Allah təala buyurur ki, “Sizin özü­nüzdə əlamətlər vardır. Məgər görmürsünüz?” (əz-Za­ri­yat, 21).

O kitab isə “Ət-Tibyən fi əqsamil Quran” adı ilə nəşr olun­muşdur. Nəşr olunan həmin kitabın iki yerində – 109 və 190-cı səhifələrində bu mətn olduğu kimi vardır. Başqa bir yerdə isə müəllif Allahın əmrlərini yerinə yetirən mələk tayfasına and içməsini qeyd edir və bildirir ki, bunun mənasını və onlarla and içməyin sirrini “Eymanul Quran” kita­bında qeyd etmişik”.

Həmçinin, müəllif bir neçə dəfə müəllimi İbn Teymiyyənin sözlərini sitat gətirir. Habelə, müəllifin bu əsərdə qeyd etdiyi mətnlərin və şeir­lərin bir qisminə onun başqa əsərlərində də rast gəlmək olur. Məsələn, müəllif bildirir ki, “Allah müqəd­dəs kitabında dünya və Axirətdə xeyrə və ya şərə nail olmağın yollarını əməllərə əsasən gerçəkləşdiyini bəyat etmişdir. Səbəb və nəticə prizmasından yanaşılaraq deyilir ki, savab ibadət və xeyirxahlıqla, əzab isə küfr və günahlarla qazanılır”. Sonra isə deyir ki, “Quranda buna aid misallar mindən artıqdır”. Müəllif bu ifadəni “Miftəhu dəris səadə” (Səadət evinin açarı) (1/363) əsərində bu sözlərlə bildirir: “Bu, Quranda yüz, yaxud da iki yüz yerdə keçsəydi, bəlkə də bir-bir qeyd etmək olardı. Lakin bu haqda müxtəlif şəkildə mindən artıq yerdə söhbət açılır”. Həmçinin, müəllif Yusif əleyhis­salam barəsində ibrət və hik­mətlərlə dolu faydalardan söhbət açır və onların sayının min­dən artıq olduğunu deyir. Məsələn müəllif həmin fikri özünün digər bir əsəri olan “Şifaul əlil”də (səh 224) bildirir. Həm­çinin, müəllifin “Kim aşiq olar və onu gizlədər, iffətini qoruyar və səbir edərək ölərsə, şəhid olar” hədisi barəsində bildirdiyi fik­rinə eyni şəkildə onun “Zədul miad” (Qayıdış azuqəsi) (4/275) və “Rovdatul muhibbin” (Sevgililər baxçası) (səh. 287) əsərlə­rində də rast gəlinir.

Həmçinin müəllif əsərdə bildirir ki, o, bir dəfə Məkkədə qal­mış, hə­min vaxt xəstəliyə tutulmuş, amma bir həkim tapa bil­məmişdir. Ona görə də Fatihə surəsi ilə özünü müalicə et­mişdir. Müəllif bu sözləri özü­­nün “Zədul Miad” (4/178) və “Mə­daricus salikin” (1/57-58) əsər­lə­rin­də də qeyd edir.

Göründüyü kimi, kitabın əvvəlində sual verən bəlanın nö­vü­nü və formasını açıqlamır. Həmçinin, müəllif cavab verər­kən bəlanın hər han­sısa bir növünə toxunmur, ümumi cavab ve­rir.

Müəllif qəlb xəstəliklərini sadalayarkən onların birinin eşq olduğuna toxunur. Müəllifin fikrincə eşq formasına, səbəb­lə­rinə və müalicəsinə görə digər xəstəliklərindən fərqlənir. Əgər bu xəstəlik insanda güclənər və dərin kök salarsa, onun müa­licəsi təbiblərin fəaliyyət sahəsindən çı­xar. Müəllif bu barədə özünün digər əsəri olan “Zədul Miad”da da söh­bət açır. Əsərin bir çox mövzularının əvvəlində sual qoyulduğu kimi müəllif bu mövzunu verilən suala cavab əsasında başlayır.

Müəllif məsələlərə toxunarkən öz sələfi və müəllimi İbn Teymiy­yənin metodundan istifadə etmişdir. Yəni, nisbətən və ya tam ixtilaflı olan hər hansı bir mövzuya toxunarkən ilk öncə bacardığı qədər dörd məzhəb imamlarının rəylərini qeyd edər, sonra üstün rəyi vurğulayır. Müəllifin bu metod barəsində xü­susi qeydləri də vardır.

Qeyd edildiyi kimi, müəllif əsərini verilən suala cavabla baş­layır: “Həmd Allaha məxsusdur. Buxarinin “Səhih” əsərin­də Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona Allahın sa­la­vatı və salamı olsun) belə buyurur: “Allah elə bir dərd endirməyib ki, onun dəvasını da endirməsin...” Müəllif əsərdəki mövzuları bir-biri ilə əla­qələndirmiş və bir mövzudan digərinə əlaqəli şəkildə keçmiş­di. Əsərin mövzularını beş qismə bölmək olar:


  1. Dua və özünü aldatmağa yol vermədən Allah barəsində hüsnü zəndə olmaqla bağlı fəsillər. Müəllif burada Quranın fəzilətindən və onun bir şəfa olmasından söhbət açır. Onun sözlərinə görə Quran ayə­ləri, zikrlər və dualar şəfalıdır. Daha sonra müəllif duanın qəbul olma şərtlərini və dua etmək üçün əlverişli məqamları xatırladır. Bu mövzuda ayələr, hədislər və görkəmli şəxsiyyətlərin və alimlərin fikirlərini qeyd edir.

  2. Günahların qədəri əzabları ilə bağlı fəsillər. Müəllif qeyd edir ki, dünya və Axirətdə bütün bəlaların səbəbi günahlar və Allaha qarşı asi­liklərdir. Bildirir ki, ata-anamızı Cənnət diya­rından, habelə İblisi səma mələrinin içərisindən çıxardan gü­nah olmuşdur. Həmçinin, qədim üm­mət­lərə gələn bəlalar və əzab­ların hamısı onların qazandıqları günah­lara görə olmuş­dur. Müəllif bu mövzu barəsində yüz səhifədən artıq yaz­mış­dır.

  3. Günahların şərii cəzas və əzabları. Müəllif günahların insanların həyatında səbəb olduğu bəla və əzablara toxunduq­dan sonra onların şərii cəzaları barəsində də məlumat vermiş­dir. Müəllif burada günahları böyük və kiçik olmaq üzrə iki yerə bölmüş, lakin günahlara Allaha qarşı bir üsyankarlıq ol­du­ğu prizmasından yanaşaraq onların hamısının böyük oldu­ğunu vurğulamışdır.

  4. Eşq bəlasının əlacı ilə bağlı fəsillər. Müəllif eşqin və sev­ginin tə­ri­fini bildirir, onların formalarını və şəkillərini sada­la­yır, daha sonra eşqə mübtəla olmamağın yollarının, mübtəla ol­duq­dan sonra isə onun əlacı yollarını göstərir.

  5. Eşqin faydalı yönləri ilə bağlı fəsillər. Bu hissə əvvəlki hissənin davamıdır. Müəllif burada eşqə düşənlərin dilindən eşq barəsində fikir­ləri bildirir, onların hekayələrini xatırladır və eşqin faydalı cəhətlərini qeyd edir.

Müəllif bu əsəri yazarkən olduqca qiymətli mənbələrə isti­nad etmiş­dir. Müəllif onların bəzilərinin adlarını müəllifləri ilə birgə qeyd et­miş­dir. Bunlar aşağıdakılardır:

Əl-Xəraiti “İtilalul qulub”, Əl-Xatib əl-Bağdadi “Tarixu Bağ­dad”, İbn Tahir “Təzkiratul mövduat”, İbn Nueym “Hulyə­tul övliya”, İbn Ta­hir “Zəxiratul huffaz”, İmam Əhməd “Ki­tabuz zuhd”, Abdullah ibn Əhməd “əs-Sünnə”, İbn əl-Cövzi “əd-Duafə”, Əbdülhəqq əl-İşbili “əl-Aqibə”, İbn Adiy “Əl-Ka­mil”, İbn Əbi Dünya “Mənaqib Ömər” və s.

Eyni zamanda İbn Qeyyim bəzi müəlliflərin adlarını çəkə­rək fikir­lərini qeyd etmiş, lakin həmin fikirlərin hansı əsərlərdə olduğunu bildir­məmişdir. Məsələn, İmam Əhmədin, İbn əl-Cövzinin, İbn Həzmin, Əl-Xəraitinin, əl-Xətib Bağdadinin, Şi­ha­bəddin Mahmud ibn Süleymanın, İbn Əbi Dünyanın, Əbu Abdullah əl-Hakimin, Əbu Talib əl-Məkkinin, ət-Tahavinin, Əbu Ubeydin, Əbul Vəfa ibn Əqilin, Əli ibn Cədin, Mə­həm­məd ibn Xələf əl-Mərzbanın adlarını çəkərək onlarını fikir­lərini qeyd etmişdir.

Bəzən də müəllif “bəzi alimlər”, “alimlərdən biri” və s. bu kimi ifadələrdən istifadə edərək bəzi mənbələrə işarə etmişdir. Lakin müəllif belə ifadələrlə gətirdiyi sitatların çoxunu özünün digər əsərlərində mü­əl­liflərinin adlarını çəkərək bildirmişdir.



Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin