Bioekoloji xüsusiyyətlərinə və aqrobioloji göstəricilərinə, o cümlədən yüksək
məhsuldarlığına, meyvələrin uzun müddətdə istifadəyə yararlığına, kimyəvi tərkibinin
zənginliyinə, xəstəlik və zərərvericilərə qarşı münasibətinə görə fərqlənən, qida və
müalicəvi əhəmiyyətə malik olan meyvə bitkilərindən biri də adi moruqdur (Rubus idaeus L.). Dünyada bu bitki növünün remontant sortlarının müxtəlif regionlara
introduksiyası və geniş sahələrdə becərilməsi istiqamətində mühüm elmi-tədqiqat
işlərinin aparılmasına baxmayaraq, respublikamızda bu iş hələ də öz lazımi həllini
tapmamışdır. Ona görə də ölkəmizin müxtəlif ərazilərinə, o cümlədən Gəncə-Qazax
bölgəsinə adi moruğun remontant sortlarının introduksiya edilməsi, burada geniş
sahələrdə becərilməsi və bazar iqtisadiyyatı şəraitində yaşayan əhalinin uzun müddət bu
qiymətli, iqtisadi səmərəli və ekoloji cəhətdən təmiz meyvə məhsulu ilə təmin edilməsi
günün ən aktual məsələlərindəndir.
Adi moruq sortlarından fərqli olaraq remontant moruq sortları həm birillik, həm də
ikillik zoğlar üzərində bar elementləri və məhsul formalaşdırırlar.