7. Aşıq İrfani haqqında Azərbaycandakı araşdırmalar
Sovetlər Birliyi dağılandan sonra Axısqa türklərinin folklorunun nəşrinə və təbliğinə imkan yarandı. Qaynaqlarda Çıldır, Axısqa, Mesxetiya, Cavaxetiya kimi qeyd olunan bölgənin folklorunun toplanmasında və çap etdirilməsində Azərbaycanlı araşdırıcılardan Asif Hacılının, Valeh Hacıların, Şurəddin Məmmədli Qarapapağın, Tacir Səmiminin, Afdandil Ağbabalının və b. əməyi böyükdür. Bu sətirlərin müəllifi də Xəstə Hasanla bağlı araşdırmalarında İrfanidən söz açmaqla kifayətlənməyib, 2006-cı ilin noyabrın 1-3-də Bakıda keçirilən “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” 4-cü Uluslararası Folklor Konfransında “Aşıq Ürfaninin ömür yolu və şeirləri” mövzusunda məruzə edib. (Şamil Əli, 2006:85-91).
Valeh Hacılar (Hacılar, 2005), Şurəddin Məmmədli Qarapapaq (Qarapapaq, 2000, 2004) əsərlərində Axısqa mühitindən bəhs edərkən İrfanidən də söz açıblar. Asif Hacılı hazırladığı “Qəribəm bu vətəndə” (Hacılı, 1992:195) kitabında İrfanidən (o aşığın adını Ülfani kimi yazıb) söz açmaqla yanaşı “Bu dərd məni öldürür» qoşmasını və Aydın Poladoğlu ilə birgə hazırladığı “Axısqa türk folkloru” (Hacılı,1992:195) antologiyasında isə “Bu dərd məni öldürür”, “Qocalır” qoşmalarını çap etdirib. Asif Hacılının çap etdirdiyi “Bu dərd məni öldürür” şeiri İslam Erdener və İsgəndər Ağbabalının söylədiyi “Qədər” rədifli qoşmayla eynidir.
Dostları ilə paylaş: |