(Şamil, 2012:160)
Deyişmə hər iki aşığın ustadlıq məharətindən xəbər verir.
Aşıq İslam Erdener İrfaniyə buta verildiyini, onun sevgilisinə qovuşmaq üçün səfərə çıxdığını və bu yolda qarşılaşdığı çətinlikləri şirin bir dillə danışırdı. Bu dastan-rəvayətdəki bəzi epizodlar “Əsli-Kərəm” dastanını xatırladırdı. Sujet oxşarlığına baxmayaraq dastan rəvayətinin önəmli cəhəti İrfaninin şeirlərini qoruyub saxlaması idi.
6. İrfani haqqındakı xalq hekayəsinin qısa özəti
Aşıq İslama görə İrfaninin adı Süleyman olmuş, atasını erkən itirdiyindən paşa olan əmisinin himayəsində böyüyüb. Əmisi onun dərin dini təhsil almasını istəyib. Yeniyetmə çağlarında ərənlər ona yuxuda buta verdiyindən təhsilini yarımçıq qoyaraq sevgilisi, Türkmən bəyinin qızı Sənəmi axtarmağa başlayıb. Çox maniələri aşdıqdan, çətinliklərə qalib gəldikdən sonra sevgilisini tapıb. Lakin qızı ona verməyiblər. Dəliqanlı Süleyman qızı qaçıraraq Ardahanla Axısqa arasındakı Ulqar dağdakı xaraba kilsədə gizlənib. Türkmən bəyi hökümətə şikayət edib. Axtarıb İrfani və sevgilisini tapıblar. İrfanini həbs edərək Çıldır gölündəki Ağcaqalaya göndəriblər, sevgilisini isə valideyinlərinə veriblər. Ərənlərin köməyi ilə Süleyman gölün ortasındakı Ağcaqaladan qaçıb. Gəlib yenidən sevdiyi qızı - Sənəmi qaçırdıb. Bu hadisə bölgədə yaşayan insanların heyrətinə və söz-söhbətlərinə səbəb olub.
Başına gələn macəralar və İrfani təxəllüsü ilə söylədiyi şeirlər xalq arasında dastana dönüb, haqqında hər yerdə məhəbbət və ehtiramla danışılıb. Bu söz-söhbətdən xəbər tutan Çıldır paşası onu yanına gətirdib. Haqq aşığı olub-olmadığını yoxlamaq üçün məclis qurub və çalıb-oxumasını istəyib. İrfaninin oxuması, onun bədahətən söylədiyi şeirlər və çaldığı saz havaları məclisdəkilərin hamısının xoşuna gəlib. Paşa İrfanini Arpaçay qəzasındakı Dəmirçilik kəndinə göndərib və oradakı məscidə imam təyin edib.
Dostları ilə paylaş: |