Azərbaycan miLLİ elmlər akademiyasi


II BÖLMƏ YAZILI SÖZ SƏNƏTİ



Yüklə 0,88 Mb.
səhifə9/20
tarix28.12.2021
ölçüsü0,88 Mb.
#17085
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
II BÖLMƏ

YAZILI SÖZ SƏNƏTİ
QƏTL GÜNLƏRİ, ÖLÜLƏR VƏ DİRİLƏR
Yusif Səmədoğlunun “Qətl günü” romanı müxtəlif za­manlarda baş verən hadisələrin paralel təsviri üzərində quru­lub. Zaman etibarilə bir-birindən fərqlənən hadisələrin qarşı­lıqlı əlaqəsini aydın təsəvvür etmək üçün romandan bir neçə epizodu xatırladaq:

Kəndə mötəbər qonaqlar gəlib – Muxtar Kərimli, Adil Salahov. Camaat toy-bayram edir. Amma Dəli Qulam: “Bu gün Baba Kahanı partladacaqlar, bu gün qətl günüdür”, – de­yib qan ağlayır.

Bu hadisədən təxminən qırx-qırx beş il əvvəl baş vermiş bir əhvalat: Sədi Əfəndi Yazıçılar İttifaqında traxoma xəs­təliyi ilə əlaqədar çağırılmış yığıncaqda çıxış edir və bir neçə gündən sonra o, məsul dövlət adamı olan Adil Salahovun qəbuluna getməli, bəzi-bəzi suallara cavab verməli olur.

Bundan on-on beş il əvvəl baş vermiş bir hadisə: Zülfü­qar Bakıdan gələn “palnomoçnu” Adil Salahovun təhriki ilə Peykanlının uryadniki Sarıca oğlu Məhəmmədi vurub öldü­rür.

Bütün bu hadisələrdən neçə yüz il əvvəl baş vermiş bir hadisə: hökmdar qanlar töküb bir ölkəni tutur və camaatın gö­zü qarşısında məmləkətin ən əziz şairini edam etdirir. Camaat qorxudan cınqırını da çıxara bilmir. Edamdan sonra hökmdar deyir: “Bilin və agah olun. Nə qədər ki, bəşər övladının qar­nında qorxu ağrısı var, ürəyində şöhrət azarı, bir gündə yüz şair başı kəsilsə də, heç kəs və heç bir zaman hökmdarın üzü­nə ağ ola bilməz”. Hökmdarın bu sözlərinin müqabilində yerbəyerdən alqış sədaları qopur: “Eşq olsun! Eşq olsun! Eşq olsun!”

Deməli, romanda hər hansı bir hadisəni düzgün qavra­maq üçün digər əhvalatların təsviri xüsusi əhəmiyyət daşıyır. Tutaq ki, Baba Kahanın partladılmasına “alqış” deyib çal-çağır eləyən kənd camaatının, “traxoma xəstəliyi sinfi düş­mən­lərin işidir” kimi mənasız bir şüara qol qoyan qələm sa­hiblərinin faciəsi, eləcə də özünü oda atan Sədi Əfəndilərin, Peykanlının uryadnikini öldürmək məcburiyyətində qalan Zülfüqarların acınacaqlı taleyi uzaq keçmişə aid əhvalatların fonunda işıqlandırılır. Sədi Əfəndi – edam olunan şair, Mux­tar Kərimli – şairin edamına fitva verən qələm sahibləri, Adil Salahov – şairi edam edən cəllad, yaxud hökmdar obrazlarını tamamlayır.

“Qətl günü”ndəki zaman keçidləri, Bu gün – Dünən, İn­di – Keçmiş növbələşməsi heç də bir sıra nəsr əsərlərində rast gəldiyimiz mürəkkəb daxili monoloq, “şüur axarı” üzə­rində qurulmur. “Qətl günü”ndəki zaman keçidləri daha çox bir hekayədən digərinə keçmək, bu günə aid əhvalatı kəsib dü­nənlə bağlı bir əhvalatı təsvir etmək, eləcə də əksinə, dü­nən­lə bağlı bir əhvalatı yarımçıq saxlayıb bu günə aid əhvalatı qələmə almaq şəklindədir. Diqqət yetirdikdə əsərin bir neçə hekayət ətrafında birləşdiyini müşahidə etmək olar: Sədi Əfəndinin “Qətl günü” əsəri; Sədi Əfəndinin gündəliyi; Zül­füqar kişi, Mahmud və tatar Temirlə, xəstənin həyatı ilə bağlı əhvalatlar və s. Ayrı-ayrı hekayətlər ayrı-ayrı zaman hüdud­larını əhatə edir, təhkiyədən hadisələrin baş verdiyi konkret zamanı və hətta məkanı müəyyənləşdirmək olur. Hekayət­lər­də obrazların danışıq tərzi də xüsusiləşdirilir, dildə konkret zaman və məkanın koloriti qorunub saxlanır. Amma hansı dövrdə yaşamalarından asılı olmayaraq, bütün obrazları vahid “insan” adı birləşdirir. Onlar “Yer” adlanan ananın övlad­larıdır, onların başı üzərində dünən də göy qübbəsi var idi, bu gün də var. Dünən də ölülərin açıq qalmış gözlərində alma boyda ulduz yanırdı, bu gün də yanır... Uzaqdan gözə dəyən çıraq, sozalan lampa, “çözəyən” işıq ürəklərə dünən də həzin­lik gətirmişdi, bu gün də gətirir. Sevgi və nifrət, inam və inamsızlıq, mərdlik və namərdlik, qadının kişiyə, kişinin qa­dına vəfasızlığı dünən də olmuşdu, bu gün də var. Dəmir li­baslı, nizəli-qalxanlı, aylarca su üzü görməyən, kirdən-pasdan sifətləri qaralıb mis rənginə çalan, əti çiy-çiy yeyən, sonra qana bulanmış dodaqlarının seliyini sifətlərinə yayan, üst-üstə qalanmış cəsədlərin üfunətini hiss etməyən adamlar keçmişdə qandan doymurdularsa, Mahmud və tatar Temirin sözləri ilə desək, bu gün də “dünya yaman dəyişib, hər yanda dava ge­dir”, “qaralar qaraları qırır, ağlar ağları, adamlar adamlıqdan çıxıblar, qulyabanı olublar”.

Mətləbcə biri digərini tamamlayan əhvalatlar arasında təbii keçidlər yaratmaq məqsədilə müəllif bir neçə obrazı diqqət mərkəzinə çəkir, eyni obrazlar bilavasitə, yaxud dola­yısı ilə müxtəlif hekayətlərin iştirakçısı olur. Bunlardan biri də xəstə obrazıdır. Müəllif onun yaşantılarını, keçirdiyi hiss-həyəcanları başlıca çıxış nöqtəsi kimi götürür. Romanda təs­vir olunan əhvalatların bir çoxu (əlbəttə, hamısı yox!) ya xəs­tənin bilavasitə iştirak etdiyi, ya da xəstənin kimdənsə eşit­diyi, haradansa oxuyub unuda bilmədiyi əhvalatlardır. Onun daxili monoloqları oxucuda belə təsəvvür yaradır ki, neçə əsr bundan qabağın qanlı səhnələri, Mahmud və tatar Temirin sərgüzəştləri, Sədi Əfəndinin başına gələnlər həm də sanki xəstənin xəyalında canlanan əhvalatlardır. Biz xəstənin səsi ilə paralel olaraq, Sədi Əfəndinin də səsini eşidə bilirik. Xəstə ilə paralel olaraq Zülfüqar kişi, Mahmud, Temir, Berqman və başqalarının da hiss-həyəcanlarını duya bilirik, hadisələrə onların gözü ilə də baxmaq imkanı əldə edirik.

Romanda qələmə alınan hər hansı həyat həqiqəti, hər hansı detal, hər hansı ifadə qəhrəmanın ovqatı, fikir-xəyalı, xarakteri ilə o qədər möhkəm əlaqələndirilir ki, mətn daxilin­də birbaşa müəllif sözü, müəllif fikri axtarmaq çətin olur. Bədii mətndə qəhrəmanların hiss-həyəcanına istinad etmək real lövhələrlə bir sırada irreal epizodların da qələmə alınma­sına imkan yaradır. Zülfüqar kişinin, Mahmudun və hökm­darın qeyri-adi ölüm anları, xəstənin siçovulla – Kirlikirlə qeyri-adi dialoqu qəhrəmanların düşdüyü gərgin psixoloji situasiyaların təbii nəticəsi kimi təsvir edilir. Şərtiliyi, irreal­lığı müəllifə ilk növbədə qəhrəmanların keçirdiyi hiss-həyə­can, əhvali-ruhiyyə diqtə edir.

Romandakı mifologizm ünsürlərinin də mənbəyi daha çox qəhrəmanların dünyaduyumunda axtarılmalıdır. Canava­ra, Baba Kahaya, Baba Kahadan əsən küləyə, ulduzlara, işığa, yuxuya, ölümə mifoloji baxış ilk növbədə personajların baxış­larıdır. Həm dünənin, həm də bu günün adamlarında “mifolo­ji” duyğuların təcəssümü romanda Keçmiş – İndi sərhədlərini yaxşı mənada dağıdır və bədii mətni mif örtüyünə bürüyür. Əlbəttə, heç də bütün surətlər “mifoloji” duyğularla yaşamır. Başlıca cəhət budur ki, canavara, Baba Kahaya, ulduzlara, işı­ğa, yuxuya, ölümə “mifoloji” inam romanda təbii insani bir keyfiyyət kimi, insanlıq nişanəsi kimi təqdim olunur.

Baba Kahanın magik gücünə inam hardasa “dünyanı nizama salır”: adamlarda bir Baba Kaha xofu yaranır və bu xof onları öz əməlləri barədə düşünməyə, əzab çəkməyə, pis əməllərdən, qismən də olsa, çəkinməyə vadar edir. Baba Kahadan əsən soyuq külək fəlakətdən, ölümdən xəbər verir. Adamlar hər addımda bu küləyin hənirini duyurlar, hər addımda bu küləyin qorxusu altda yaşayırlar. Dirilər tez-tez yuxularını qarışdırırlar, onların yuxularına tez-tez ölülər girir. Zülfüqar kişi yuxuda vaxtilə öldürdüyü uryadniki, hökmdar öz anasını, tatar Temir arvadını görür. Başı üstünü alan tufanın hənirini duyan Sədi Əfəndi yuxuda görür ki, bir vaqonun dar dəhlizində dayanıb. Xəstə də tez-tez yuxu görür, gördüyü yuxulara inanır, onlara ömrünün bir parçası kimi baxır. Sədi Əfəndi və xəstə öldükdən sonra öz yaxın adamlarının yuxularına girirlər. Əlbəttə, romanda yuxuların hamısını ölümdən, əcəl qorxusundan doğan yuxular saymaq düzgün olmazdı. Amma orası var ki, ölülər romana xüsusi obrazlar kimi daxil olurlar və yuxu, eləcə də xəyal həmin obrazları daha bariz əks etdirmək vasitəsinə çevrilir.

Yusif Səmədoğlunun ayrı-ayrı əsərlərində biz ölümün müxtəlif şəkillərdə təsvirinə rast gəlmişdik: “Yeddi oğul istərəm” kinossenarisində komsomolçuların, Gəray bəyin, “Astana” hekayəsində istədiyi kimi yaşamağın mümkün olmayacağını görən qəhrəmanın ölümü. Kinossenaridə və hekayədə müəllifi düşündürən ölüm – həyat məsələsi “Qətl günü” romanında yeni ifadə formalarını tapır. Kinossenaridə, xüsusən də hekayədə psixoloji dərinliklə qələmə alınan ölüm səhnələri romanda orijinal rənglərlə canlandırılır. Ölüm də bir yuxudur, bu yuxuda adamlar özlərindən qabaq ölənlərlə görüşürlər, onlarla əl-ələ verib ölümə doğru gedirlər.

Ölüm astanasında olanlarla ölülər bir-birlərini eyni sözlərlə qarşılayırlar:

“ – Ölümün xeyir.

– Ölümə qənşər”.

Dirilərin: “Gecən xeyrə qalsın. – Xeyrə qənşər,” – sözlərinə bənzəyən bu qəribə xeyir-duanı yalnız ölülər, ölüm ayağında olanlar bilirlər, bu xeyir-dua yalnız ölülərlə ölüm ayağında olanlar arasındadır. Hökmdar və Xacə Ənvər öləndə də bu xeyir-duanı eşidirik, Zülfüqar kişi və Mahmud öləndə də. Ölüm astanasındakı adam təkcə bir az əvvəlin, yaxın dünənin ölüləri ilə yox, neçə yüz il bundan qabağın ölüləri ilə də görüşə bilir. Ölüm anlarında Dünən – Bu gün sərhədləri tamamilə silinir: Zülfüqar kişi iyirmi birinci ildə öldürdüyü Sarıca oğlu Məhəmmədlə, onun uşaqları ilə məhz ölüm ayağında görüşür.

Roman boyu qüssəli olduğu qədər də nikbin olan bir ölüm – həyat nəğməsi səslənir. Bu nəğmə əsərdəki bütün qəhrəmanların – həm ölənlərin, öldürülənlərin, həm də sağ qalanların taleyindən keçib gedir. Yüzlərlə adamın ölümünə bais olan, dünyaya meydan oxuyan hökmdar yalnız ölüm qarşısında acizdir. Ölümqabağı artıq hökmdarın sifətindən zəhrimar yağmır, gözlərində əqrəb kini yoxdur, bu gözlər beş yaşlı oğlan uşağının gözləri kimi dupdurudur; o uşaq ki, bir zirzəmidə onu bağırda-bağırda axtalamışdılar, qanını üzünə yaxmışdılar. Hökmdar obrazındakı çoxcəhətlilik romanın digər surətlərində də özünü göstərir. Müəllif insana yaxşı – pis, mənfi – müsbət ölçüləri ilə yanaşmır. Müəllif pisliyin konkret şəraitdən yaranması meyarını əsas götürür və pis əməl sahibinə nifrət oyatmaqdan daha çox pis əməl sahibinin düşdüyü vəziyyətə acımaq, bu vəziyyəti meydana çıxaran sosial-mənəvi amillər üzərində düşünüb-daşınmaq xəttinə üs­tünlük verir. Paradoksal bir hal əmələ gəlir: oxucu nə öləni günahkar görür, nə öldürəni; ölənə rəhmi gəldiyi kimi, öldü­rənə də nifrət edə bilmir; qətlə yetirilənin halına yandığından daha artıq qətlə yetirənin halına yanmalı olur. Sarıca oğlu Məhəmməd diz çöküb yalvarır, başını daşın üstünə qoyub ağlayır, Zülfüqardan aman diləyir. Amma Zülfüqar onu öldür­məyə məcburdur: Bakıdan gələn palnomoçnu Salahov Adil Qəmbəroviçin tapşırığı var. Tapşırıq yerinə yetirilməsə, Sibi­rin qarında, şaxtasında çürüyüb ölmək qorxusu var. Sibir qor­xusu qarşısında Məhəmmədi öldürən, sonrasa ömrü boyu əzab çəkən, o dəhşətli ölüm səhnəsini fikrindən, xəyalından çıxara bilməyən Zülfüqar öldürməli olduğu Məhəmməddən də acınacaqlı adamdır.

Amma acınacaqlı və kədərli səhnələrin təsviri romanda nikbin ovqatı üstələyə bilmir. Üfləmə Qasımın qan-qada içində belə, öz şuxluğunu itirməməsi, “adamları bir-birinə bağlayan dərddir... Dərd uzun bir kəndirdi ki, dünyanın belinə toqqa kimi dolanıb, hamı bu kəndirdən yapışıb bir-birinə sarı gəlir”, – deyən Mahmudun ürək açıqlığı, meyi-məzəsi, “pya­nısqalıq eşşəklikdən yaxşıdır”, – deyən Zülfüqar kişinin ölüm qabağına sərxoş çıxması həyat eşqindən xəbər verir; göz yaşının gülüşlə, kədərin yumorla qaynayıb-qarışması əsərdə bir məziyyət kimi meydana çıxır.

Şairin və Sədi Əfəndinin müsibətindən xəbərdar olan xəstə yataqda uzanıb əcəlin çatacağını hər saat gözləsə də, millətin dərd-səri barədə düşünüb-daşınmaya bilmir. Həkim Berqman ona deyir: “Sən, əzizim, indi gərək ancaq müalicən­lə məşğul olasan. Başqa nə varsa, tulla getsin, heç nəyə fikir vermə. Hamı özü üçündü. Bunu mən deyirəm ha. Can adama bir dəfə verilir. İki ömrümüz olsaydı, deyərdik ki, birini sərf eləyək ədalət uğrunda mübarizəyə, camaat da yığılıb bizə əl çalsın”. Həkim Berqman da taleyi bəd gətirən ziyalılardandır. Amma o, vəziyyətdən çıxmağı bacarır və başını aşağı salıb “heç nəyə fikir vermədən özü üçün” yaşayır və bu cür yaşayış tərzini xəstəyə də tövsiyə edir. Berqmanın məsləhətinə ehtiramla yanaşsa da, xəstə dünənin, bu günün ağrı-acısından və həqiqəti üzə çıxarmaq azarından son nəfəsinəcən yaxa qurtara bilmir.

Müəllif romanı şablon nikbinliklə yox, özünəməxsus nikbinliklə bitirir. Ölülərdən biri dirilərə, o cümlədən oxucuya müraciət edir: “Ey mənim səbirli oxucum, işdir, şayəd, gecə röyada sifəti xəzan yarpağı kimi sapsarı saralmış, gözləri çu­xura düşmüş, beli azca donqar bir xəstə görsən, ya da ki, ba­şında buxara papaq, əynində kürk, gülümsər və qüssəli gözlər sahibi olan sinli kişi görsən, o zaman bizi qınama, vallah, ölü­lər savab iş tutmaq istəyirlər”. Bədii şərtiliyə əsaslanan bu son­luğun özünəməxsusluğu ondadır ki, xəstənin və Sədi Əfən­dilərin həyatı öləndən sonra da davam edir, ürəklərdə, yaddaşlarda yaşamaqla, yuxulara girməklə onlar sağ qalan­la­rın gözlərini açırlar, onları dünyanın sirlərindən agah edirlər.

Bizi dünyanın sirlərindən yüksək bədiiliklə agah edən “Qətl günü” romanı, şübhə yoxdur ki, nəsrimizin uğurlu bir nümunəsidir.
1986


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin