1.3. Dövlət idarəçiliyində, yerli şərait və milli xüsusiyyətlərin nəzərə
alınmaması
Azərbaycanda aprel çevrilişindən sonra aparılan siyasət, Mərkəzin milli
mənafe və yerli şəraitin xüsusiyyətlərini nəzərə almaması təbii ki, xalqın, o
cümlədən rəhbərlikdə milli ruhlu kommunistlərin böyük narazılığına səbəb
olmuşdu. Bir çox məsələlərdə, ərazi bütövlüyünün itirilməsinə Mərkəzin bitərəf
yanaşması, xüsusən də Azərbaycanın milli mənafeyinin, tamamilə mübahisəsiz
ərazilərinin Ermənistana qurban verilməsi ilə bağlı gizli sövdələşmə ciddi
narazılıqlara gətirib çıxarmışdı.
RSFSR xalq xarici işlər komissarı 1920-ci il iyunun 22-də RK(b)P MK-
nın Siyasi Bürosuna göndərdiyi məlumat vərəqəsində «bakılı yoldaşların
intizamsızlığından və MK-nın yeritdiyi siyasi xətlə onların hərəkətləri arasındakı
biabırçı ziddiyyətlərdən şikayətlənir və tələb edirdi ki, «onların cilovlanması üçün
tədbirlər görülsün»... «Gürcüstan və Ermənistanın burjua dövlətləri ilə kompromis
xətti yeritmək qərarına gələrkən «bakılı yoldaşlar öz hərəkətləri ilə kompromisi
pozur..., mübahisəli ərazilərin Azərbaycana birləşdirilməsini tələb edirlər. Eyni
zamanda G. Çiçerin təcili olaraq «Azərbaycanlı işçiləri ələ almaq üçün «Qafqaz
xadimləri qrupu ilə əlaqəsi olmayan nüfuzlu bir adamın Moskvadan təyin
edilməsini təklif edir, ümid edirdi ki, mərkəzin bu nüfuzlu nümayəndəsi daima
yerli yoldaşların qarşısını alacaq» (94, s.12).
N. Nərimanovun Azərbaycan İnqilab komitəsinin sədri təyin edilməsindən
bir ay sonra V. İ. Lenin Serqo Orconikidzeyə teleqram göndərərək, «Azərbaycanın
bütün xarici və daxili siyasətinə rəhbərliyi ona həvalə etmişdi» (13, f.268, s.26,
s.51, s.263). Orconikidzeyə göstərilmiş bu «etimad» əslində Nərimanovu
respublikaya rəhbərlikdən uzaqlaşdırmaq, yalnız Azərbaycanda deyil, bütün
Qafqazda
Mərkəzin
nümayəndəsi
kimi
Orconikidzenin
mövqeyini
möhkəmləndirmək demək idi. N. Nərimanov ona göstərilən münasibəti yetərincə
anlayırdı: «Mərkəz ancaq Serqo Orconikidzeyə etibar edib... Ona özünün heç bir
xüsusi fikri olmayan, yalnız icraçı adamlar lazım idi».
O, oğlu Nəcəfə bitməmiş məktubunda yazırdı ki, «...hər dəfə dərk edəndə
ki, səni hakimiyyətə qabiliyyətin üçün deyil, məcburən təyin etmişlər, onda sən
daim vicdan əzabı çəkəcəksən, öz mənliyini təkcə kütlə qarşısında deyil, habelə öz
qarşında da itirəcəksən. Sənin dünyagörüşündəki sonrakı pozulma məhz buradan
başlayacaqdır» (90, s.66).
Digər tərəfdən rəhbər kadrların seçilməsi sahəsində Azərbaycanın suveren
hüquqları kobud şəkildə pozulurdu. Mərkəz Azərbaycana ondan soruşmadan
razılaşdırmadan, nəinki təkcə partiya işinə, habelə dövlət və təsərrüfat işlərinə
adamlar göndərirdi, Onlar isə əslində Azərbaycan hökumətini saymır, ona tabe
olmur, Azərbaycanın mənafeyini qorumurdular. Halbuki respublikada mühüm
sosial və siyasi vəzifələr, milli şərait, Azərbaycanın öz spesifik xüsusiyyətləri
nəzərə alınmaqla yerinə yetirilə bilərdi. Bu vəzifələri ancaq yerli şəraitə yaxşı
bələd olan, əhalinin əsas kütləsi ilə (ilk növbədə kəndlilərlə) eyni dildə danışan,
kütlələrin ənənələrini, ehtiyaclarını, tələblərini, məişət xüsusiyyətlərini başa düşən
kadrlara arxalanmaqla yerinə yetirmək olardı. 20-ci illərin əvvəllərində yerli
millətdən olmayan və Azərbaycan kəndi ilə zəif əlaqə saxlayan fəhlələr əksəriyyət
təşkil edirdilər. Məsələn, Azneftin 46 min nəfər fəhləsindən yalnız 7 min nəfəri
azərbaycanlı idi (102, s.168).
N. Nərimanov bu siyasətin əleyhinə çıxaraq «Ucqarlarda inqilabımızın
tarixinə dair» (İ. V. Stalinə məktubunda) yazırdı: aşağıda mən bəzi statistik
məlumatlar göstərirəm ki, bunlar mərkəzin etimadını qazanmış məsul yoldaşların
müstəmləkəçilik siyasətini daha yaxşı əks etdirir.
Azərbaycanın paytaxtında türklər Bakı Sovetinin qulluqçularına istər-
istəməz yazılı və şifahi şəkildə müraciət etdikdə bu müraciət rus dilində olmalıdır.
Belə ki, ruslar, yəhudilər və ermənilər türk dilində danışmırlar.
Mən bildirirəm ki, Dövlət Dumasında olanda türk əhalisi belə sıxıntıya
məruz qalmırdı.
Bəs Bakı qəzasında yerləşən 76 türk kəndinin əhalisi öz işləri üçün şəhərə
gəlib və Bakı Sovetinə müraciət etdikdə necə təəssürat yaranır?
Bəs türklər üçün məktəblərin, uşaq evlərinin sayı?
Lakin hər şeydən dəhşətlisi təqaüdçü tələbələrin sayıdır: 30 rus və 5 türk.
Daha dəhşətlisi isə bu məsul fəhlə yoldaşların fəhlə uşaqlarına
münasibətidir.
Fabrik-zavod-şagirdlik məktəbləri adlanan təhsil ocaqlarının sayı 17,
burada rus uşaqlarının sayı 1192, müsəlman fəhlələr üçün isə 26. Məgər bütün
bunlar yoldaş Kirov və Mirzoyana bəlli deyil? Məgər Mirzoyan və başqalarının bu
cür cinayətkar siyasətini müdafiə edən R. Axundov və ona bənzər türklər bunu hiss
etmirlər? (90, s.49-50).
N. Nərimanovun il boyu təkid etdiyi, partiyadaxili ixtilafa səbəb olacaq
mövqeyi-idarəetmə metodlarının yumuşaldılması, psixoloji durumun, yerli şəraitin
nəzərə alınması kimi şərtlərindən daha irəli gedən başlıcası keyfiyyət dönüşünü
nəzərdə tutan partiya xətti irəli sürüldü. Qonşu respublikalarda yeni hakimiyyətin
qurulması sovet məkanında islahata dönüş dövrünə təsadüf etdiyi halda, artıq
Azərbaycan «hərbi kommunizm» siyasətinin bəhrəsini görmüşdü.
RSFSR-in siyasətində qarşıda duran ən ümdə vəzifələrdən biri Bakı
neftinin konsessiyası məsələsi idi. Azərbaycan rəhbərliyinin iştirakı və rəyi
mərkəzi maraqlandırmadığından, Bakı neftinin taleyini Moskva tək həll edirdi. Bu
da təbii ki, Bakıda birmənalı qarşılanmayan narazılığa səbəb olmuşdu.
Mübahisələrin davam etməsi ilə əlaqədar nəzərdə tutulan sahələr icarəyə
verilməmiş qalırdı. 1920-1922-ci illərdə A. Serebrovskiyə RSFSR Ali Xalq
Təsərrüfat Şurası tərəfindən verilmiş çoxsaylı mandat və vəkalətnamələrdə ona
Azərbaycanın bütün neft sənayesini şəriksiz idarə etmək tapşırılırdı.
«Neft və neft məhsullarını xarici bazara çıxaran Serebrovski çevik və
geniş ticarət əməliyyatları həyata keçirmişdi» (143, s.12-15).
Beləliklə, Azərbaycan neftini öz istədiyi kimi «sağa-sola dağıdaraq»
Nərimanovun qeyd etdiyi kimi «sovet Azərbaycanını tanımaq istəməyən»
Serebrovski həqiqətən də ilk gündən özünü Azərbaycan neft sənayesinin «tacsız
kralı» kimi aparır, respublikanın hakimiyyət orqanları ilə əsla hesablaşmırdı. Hətta,
öz neftindən ehtiyaclarını ödəmək üçün Azərbaycana icazə verilmirdi. Belə ki,
1923-cü il fevralın 27-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Q.
Musabəyova göndərdiyi məktubunda A. Serebrovski yazırdı ki, «Sizinlə şəxsən
danışmağımıza əlavə olaraq onu da bildirirəm ki, Azərbaycan hökumətindən pul
ala bilmədiyimiz üçün fəhlələrin əmək haqqını ödəyə bilmirik. Ona görə də
Azərbaycan neft komitəsi Azərbaycan SSR Xalq Komissarları sovetinin göstərişi
ilə Azərbaycan üçün neft məhsulları buraxmayacaq». Necə deyərlər, bağ yiyəsi
bağına qıydı, bağban bir salxım üzümə qıymadı» (93,21.07.2001).
Neft sənayesində milli kadrlara olan ögey münasibət, onlara etimadsızlıq,
inamsızlıq Serebrovskinin işində özünü bariz göstərirdi. Azərbaycanlı fəhlələr,
ixtisaslı, təcrübəli neftçilər işdən çıxarılaraq, əvəzinə «mədənlərdə işçi qüvvəsi
ehtiyacını təmin etmək üçün Konstantinopoldakı 5 mindən çox vrangelçi əsgərləri
Bakıya gətirməyə nail olmuşdu». Odur ki, 1921-ci ildə müxtəlif bəhanələrlə bir
neçə dəfə İstanbula uzun müddətli ezamiyyətə gedir, «fəhlələr üçün ləvazimat»
gətirmək pərdəsi altında olan bu ezamiyyət nəticəsində «1921-ci ilin iyul-oktyabr
aylarında 1500-dən yuxarı vrangelçi və onların ailə üzvləri gətirilərək Azneftkom
hesabına Bakıdan Rusiyanın müxtəlif yerlərinə yola salınmışdı... 1923-cü il aprelin
15-nə olan məlumata görə hazırlanmış və mayın 8-də A. Serebrovski tərəfindən
imza edilmiş siyahıda həmin sistemdə Vrangel ordusunda, habelə Denikin, Kolçak
və erməni daşnak ordularında xidmət etmiş 65 zabitin adı daxil olmuşdu» (93,
22.07.2001).
Azneftkomda gəlib işləyən vrangelçilər artıq 1921-ci ilin axırlarında neft
sənayesi sahəsində gizli təxribatlara başlayırlar. Onlar neft sənayesinin bərpasına
hər vasitə ilə mane olmaq istəyirlər. Mədənlərdə avadanlıqları xarab edir, yanğınlar
törədir, fəhlələr arasında Sovet hökumətinə qarşı təbliğatlar aparır və b. təxribat
əməlləri törədirdilər. Buna görə də 1922-1923-cü illərdə vrangelçilər ciddi nəzarətə
götürülür (93, 22.07.2001).
Çevrilişdən sonra Azərbaycan öz neftindən demək olar ki, məhrum edildi.
Xüsusən Bakıda Neft sənayesinə qeyri millətlərin nümayəndələri - ermənilər,
ruslar, yəhudilər daha çox cəlb edildilər. O zaman Azneftin sədri kimi respublikaya
göndərilən Serebrovski ilə N. Nərimanov arasında, neft məhsullarının müəyyən
faizini Azərbaycanın hesabına verilməsi üstündə narazılıqlar olmuş, hətta
Nərimanov Siyasi Büroda respublikanın xeyrinə qərar qəbul etdirməsinə
baxmayaraq, Kirov və Mirzoyan, eləcə də Serebrovski bu qərara əhəmiyyət vermir,
əksinə sərvətimizi öz bildikləri kimi talan edirdilər.
N. Nərimanov «Ucqarlarda inqilabımızın tarixinə dair» məktubunda
yazırdı: «Sovet Azərbaycanı özü könüllü olaraq neftin Sovet Rusiyası
zəhmətkeşlərinə mənsub olduğunu elan etmişdir, lakin sovet respublikasında başda
«kral» Serebrovski olmaqla «Monarxiya yaratmaq nəyə lazım idi, o indiyənə qədər
elə bilir ki, azərbaycanlıları aypara və ulduzlarla aldadır...
Azərbaycan birinci il nəinki neft verir, hətta öz dövlət kassasından
fəhlələrin məvacibini də ödəyirdi. Bundan artıq beynəlmiləl nə ola bilər?...
Əgər indi Neftkomun və Baksovetin qulluqçularının tərkibinə nəzər
salınarsa, onda qərəzsiz müşahidəçi dəhşətə gələr. Yerli müsəlman mühəndislər və
ümumiyyətlə, ziyalılar alver edir, bu müəssisələr isə rus, erməni və yəhudilərlə
doldurulmuşdur.
Azərbaycan kəndlisi ağ neft olmadığı üçün talaşa yandıranda,
azərbaycanlı vətəndaş Tiflisdə ağ neftin Gəncədəkindən ucuz satıldığını görəndə,
istər-istəməz bütün bunları törədənlərin ünvanına tənə, müstəmləkəçilikdə ittiham
və s. eşitməyə məcbur olursan.» (90, s. 35-36).
1922-ci il yanvarın 18-21-də keçirilən IX Ümumbakı Partiya Konfransı
bir çox məsələləri müzakirə etdi. «Azərbaycan işçilərinə Mərkəzin
«Direktivlərindən» irəli gələn vəzifələr IX Ümumbakı Partiya Konfransında da
prinsipial müzakirə mövzusu olmadı. Bakı Komitəsi adından hesabat verən L.
Mirzoyan işi elə qələmə verməyə çalışırdı ki, guya təşkilatda hər şey yerli-
yerindədir. O, Direktivlərin əhəmiyyətini hər vəcdlə kiçiltməyə cəhd göstərirdi, bu
sənədin qəbul olunmasını MK-nın pis məlumatlandırılması ilə izah edərək dedi:
«RK(b)P MK-nın Direktivləri burada müsəlmanlar arasında aparılan iş haqqında
partiyanın Mərkəzi Komitəsində düzgün təsəvvür olmamasının nəticəsi idi. MK-ya
çatdırılmışdı ki, burada Bakı təşkilatı türk fəhlələri arasında iş aparılmasına az, çox
az fikir verir. Məhz belə birtərəfli məlumatın nəticəsi idi ki, biz RK(b)P MK-dan
müvafiq göstərişlər və direktivlər aldıq» (144, s.7).
N. Nərimanov çıxışında qeyd etdi ki, ən əsas ixtilaf işin dərinliyini başa
düşməməkdən doğmuşdur. O, mərkəzin yaxşı məlumatlandırılmaması haqqında L.
Mirzoyanın iddiasını rədd etdi. «Yox, yoldaş Mirzoyan, Mərkəz pis
məlumatlandırılmamışdır. Əgər siz mərkəzdən direktivlər almısınızsa, nə üçün
onların haqqında danışmırsınız?» (90, s.22).
Direktivlər elə kağız üzərində də qaldı. Hətta Mərkəzdə həmin sənədin
hazırlanmasında iştirak edən Q. Orconikidze də ondan yan keçdi. Bu da ixtilaf və
çəkişmələrin aradan qalxmasına heç bir təsir etmədi.
IX Ümumbakı partiya konfransı neft məsələsinə də baxdı. Konfransda A.
Serobrovskinin məruzəsi ətrafında geniş müzakirələr başlandı.
Çıxış edənlər - D. Bünyadov, N. Nərimanov, M. Quliyev A.
Serebrovskinin məruzəsindən narazı qaldıqlarını bildirdilər. D. Bünyadov qeyd etdi
ki, Serebrovski istehsalat haqqında çıxış etdi, ancaq fəhlələr haqqında danışmadı.
Burada oturan nümayəndələr yaxşı bilirlər ki, fəhlələrin vəziyyəti necədir, onlar bir
neçə aydır ki, maaş almırlar. Fəhlələr və ixtisasçılar arasında olan fərq fəhlələri çox
narahat edir. Buna diqqət etmək lazımdır.
Əgər biz fəhlələrin güzəranını yaxşılaşdırmasaq, keçən ilki hadisə baş
verəcək, fəhlələr qaçacaqlar (144, s.47).
Konfransda fəhlələrin istismar olunmasına öz narazılığını bildirən N.
Nərimanov onların maddi vəziyyətinə xüsusi diqqət yetirmək lazım olduğunu
xüsusilə qeyd edərək göstərirdi ki, «Biz uşaq deyilik, hər şeydən əvvəl fəhlənin
orqanizmasını saxlamaq lazımdır ki, o lazım olan işi görsün. Orqanizmi
saxlamasaq, iş irəli getməz. Aydındır ki, əgər fəhlənin qan azlığı varsa, qan azlığı
da ondan irəli gəlir ki, o, lazımınca qidalanmır, təbiidir ki, işə başlayandan 2-3 saat
sonra onun baş hərlənməsi olacaq, beləliklə də o, istehsal edə bilməyəcək. Bunun
əsasında demək olmaz ki, fəhlə özbaşınalıq edir, fəhlə işləmir. Bundan başqa
fəhlənin yeri dinc olmalıdır, isti yaşayış yeri ilə təmin olunmalı, əgər rütubət varsa
onun qarşısı alınmalıdır. Hazırkı şəraitdə fəhlədən çox şeyi tələb etmək olmaz...
Nərimanov deyirdi ki, fəhlənin ailəsi haqqında da düşünmək lazımdır. Əgər biz
fəhləni lazımi cəhətdən təmin etməsək, o, evə gedəndə onun körpə uşaqları ona iti
gözlə baxacaqlar... «Ata mən acam, mənə yemək ver». Belə halda fəhlə işləyə
bilərmi? O bütün diqqətini işə verə bilərmi? Yox, bu, fəhləni əsəbiləşdirər, onda
narahatlıq yaradar (144, s.49).
Azərbaycan sovetləşəndən az sonra milli mənafelərin nəzərə alınmaması
özünü ruslaşdırma siyasətində daha qabarıq göstərdi. M. Ə. Rəsulzadə «Çağdaş
Azərbaycan tarixi» əsərində məsələni işıqlandırırdı: «Azərbaycanda rus-bolşevik
hakimiyyətinin ruslaşdırma siyasəti iki şəkildə təzahür edir: iqtisadiyyatda
mərkəzləşdirmə; mədəniyyət sahəsində ruslaşdırma».
İqtisadi mərkəzçilik, məmləkəti Moskvanın nəzərdə tutduğu iqtisadi
planlara tabe etməkdən ibarətdir. Bu məqsədlə Azərbaycanın neft sənayesi
bilavasitə Moskvadan idarə olunurdu. Azərbaycan, Sovet İttifaqı sənayesinin
ümumi mənafeyi üçün Türküstandan sonra, ikinci, pambıqçılıq regionuna çevrilir.
Azərbaycan ərazisində Rusiyadan köçənlər məskunlaşır. Siyasi və iqtisadi
müəssisələrdə Rusiyadan gələn yabançı ünsürlər hökm sürür, şəhərlər getdikcə
milli özünəməxsusluqlarını itirir, sənaye işçilərinin sayı azərbaycanlıların zərərinə
dəyişir. Bir sözlə, «ən demokratik Stalin konstitusiyası» baxımından sözdə
müstəqil Azərbaycan respublikası metropoliya tərəfindən qeyri-məhdud bir
miqyasda soyulmaqda və istismar edilməkdə idi (99, s.98).
M. Ə. Rəsulzadə «Azərbaycan Cümhuriyyəti» əsərində mədəniyyətin
ruslaşdırılmasını Azərbaycanın faciəsi adlandıraraq, göstərirdi ki, sovetləşmənin
ilk dövrlərində bu siyasət mədəniyyətin «formaca milli, məzmunca kommunist»
olmasından bəhs edən bolşevik formulu ilə maskalanırdı.
Bütün bunlarla yanaşı qısa da olsa, Azərbaycan xalqının sovet rejimi
altında nə şəkildə olur olsun, əldə etmiş olduğu bəzi mədəni nailiyyətləri
göstərərək yazırdı: «Hər şeydən əvvəl indi Azərbaycanda oxumağı, yazmağı
bilməyənlərin sayı aşağı səviyyəyə enmişdir. Türkcə çap edilən qəzet və
kitabçaların tirajı artırılmışdır. Almaniyada rast gəldiyimiz azərbaycanlı hərbi
əsirlər arasında oxuyub yazmağı bilməyənlərə rast gəlmədik. Azərbaycanlılar
arasında müxtəlif ixtisaslar sahəsində yetişmiş adamların sayı diqqətə layiq bir
vəziyyətdədir. Alimlik qadınlara da aiddir. Bir çox orijinal pyeslərdən başqa
Azərbaycan teatrının repertuarı Avropa dramaturgiyasının tərcümə edilmiş pyesləri
ilə zənginləşdirilmişdir. Əlbəttə ki, rus yazıçılarına üstünlük verilmişdir. Yeni
istedad sahibi artist və aktrisalar meydana çıxmışdır. Səhnə sənəti inkişaf etmişdi.
Bundan başqa məşhur bəstəkar Üzeyir Hacıbəyli ilə başlanan Azərbaycan musiqili
səhnəsi böyük addımlarla irəliləmişdi. Sovet İttifaqına daxil olan millətlər arasında
Azərbaycan musiqisi qabaqcıl bir yer tutmuşdur. Musiqi təhsili ümumiləşmişdi. ...
Lakin mədəniyyət sahəsində sayılan nailiyyətlər nə kəmiyyət, nə də keyfiyyət
baxımından azərbaycanlıları təmin edəcək bir şəkildə deyildir» (99, s.97).
Heydər Əliyev yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə
Azərbaycan xalqına müraciətində XX əsr tarixinin III mərhələsi kimi
qiymətləndirdiyi sovet dövrünü, xüsusilə sovetləşmənin əvvəllərini çox düzgün
xarakterizə edərək göstərir: «Bolşeviklər Şərq ölkələrinin yeni inqilabı
dəyişikliklərə can atmaq arzusunda olmadıqlarını gördükdən sonra öz siyasi
məqsədləri naminə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması ideyasından
əl çəkdilər. 1921-ci ildə Zaqafqaziya Federasiyasının yaradılması artıq
müstəqilliyin itirilməsi yolunda atılan ilk addım oldu. 1922-ci il dekabrın 30-da
SSRİ-nin yaranması isə Azərbaycanın müstəqilliyinə son qoydu. O, bir sıra
dövlətçilik atributlarını, o cümlədən bayraq, gerb, himn və konstitusiyasını
qoruyub saxlamasına baxmayaraq, bir çox sahələrdə özünün beynəlxalq hüququn
subyekti olmaq statusunu itirmişdi» (2, s.14)
Azərbaycan dilinin dövlət dili olması, sovetləşmədən sonra rəhbərlikdə
mübahisələrin yaranmasına gətirib çıxartdı. Əvvəlki qurultaylarda da türk dili
ətrafında mübahisələr olmuşdur. N. Nərimanovun Genuya konfransında
iştirakından istifadə edərək sol qrup türk dili üzərinə hücuma keçmişdi.
Məktəblərdə rus dili dərslərinin sayını türk dili dərslərinin azaldılması hesabına
artırmaq haqqında mətbuatda açıq çıxışlar edilirdi.
1922-ci il fevralın 2-7-də keçirilən Bakı Kommunistlərinin IV
qurultayında geniş mübahisə oldu. Nərimanov çıxışında demişdi: «Yoldaşlar
soruşurlar idarənin milliləşdirilməsinə MK necə baxır? Türk dilinin dövlət dili
olması qanundur. Bu haqda dekret var. Ona görə idarələrdə yazı və danışıqlar türk
dilində olmalıdır. İndi məsul vəzifədə başqa millətlərdən olan kommunistlər durur.
Onlar azərbaycanca oxuyub yaza bilmirlər. Gizlətmək lazım deyil, elə yoldaşlar
var ki, rusların arasında da yox deyillər. Lənətə gəlsin teoretik türk dili. Onlar
Azərbaycanda işləmək istəmirlər. Əgər onlar burada daimi işləməyi qərara
alıblarsa, türk dilini mütləq öyrənməlidirlər» (13, f.1, s.74, iş 5, s. 78).
Qurultayda qeyd edildi ki, Mərkəzi Komitə daxilində əsas məsələlərdə
bəzən fraksiyaçılıq dərəcəsinə çatan və birliyin tamamilə aradan qalxmasına gətirib
çıxaran ixtilaflar olmuşdur. Fraksiya mübarizəsi MK-ya respublika həyatına
istiqamət verən və rəhbərlik edən ali orqana çevrilməsinə mane olurdu.
Qurultay, plenum qərarlarında milli məsələ barəsində faydalı, mütərəqqi,
inkişaf yönlü mülahizələr, tövsiyyələr təsbit olunsa da, əksəriyyəti kağız üzərində
qalaraq həyata keçirilmədi. Üstəlik sol qrup Nərimanova hücumlarını davam
etdirirdi. Bu hücumlar, o hətta Azərbaycandan uzaqlaşdırılandan sonra da ara
vermirdi.
Aprel çevrilişindən sonra bolşeviklərin kadr siyasətində yol verdikləri
nöqsanlar, xüsusən də azərbaycanlılara qarşı ögey münasibət nəinki tək xalqda,
eləcə də rəhbərlikdə ciddi narazılıqlara gətirib çıxardığından partiyanın Bakı
Komitəsi bir sıra tədbirlər görməli oldu.
1921-ci ilin sonlarında Bakıda Mərkəzi Türk Sovet partiya məktəbi açıldı.
Qəzalarda partiya siyasi maarif şəbəkəsi genişləndirildi (13, f.l, s.74, iş 5, s.84).
Azərbaycanda sovet hakimiyyəti qurulanda R. Axundovun, S. Qutinin, Ə.
H. Qarayevin, M. Quliyevin, M. D. Hüseynovun, H. Cəbiyevin və AK(b)P Bakı
Komitəsinin digər üzvlərinin cəmi bir ilə yaxın partiya stajı vardı. N. Nərimanov
R. Axundovun və Ə. H. Qarayevin solçu çıxışlarının səbəblərini birincinin sol
eserlər partiyasından, ikincinin isə menşevik «Hümmət» qrupundan olmasında
görürdü. Onların «ifrat inqilabçılığı», «ifrat beynəlmiləlçiliyi» də bu baxımdan irəli
gəlirdi. R. Axundov və M. D. Hüseynovun geri çağırılması məsələsi AK(b)P-nin
IV qurultayında qalxmışdı. Kirov milli xətti nəzərə almadan həmfikirlərini müdafiə
edərək belə deyirdi: «Nə üçün cərrahiyyə əməliyyatı özlərini beynəlmiləlçi
adlandıran yoldaşlar üzərində aparılmalı idi? Nə üçün bir tərəfə zərbə vurulmuş
(sol fraksiyanın üzvlərini nəzərdə tuturdu - red.), o biri tərəfə dəyməmişlər?
...Ehtimal ki, onlar öz mövqelərini yazılı şəkildə şərh etmişdilər. MK-nın siyasi
bürosu yoldaşları Moskvada saxlamağı və Azərbaycana qaytarmamağı qərara
almışdır. Görünür, Mərkəzi Komitə belə hesab etmişdir ki, bu yoldaşlar
Zaqafqaziyada partiya xəttinin daşıyıcıları ola bilməzlər» (13, f. 1, s.74, iş 5, s.66-
67).
Sovet hakimiyyətinin ilk illərində milli xüsusiyyət, yerli şərait və milli
mənafelərin nəzərə alınmaması dinə və digər adət ənənələrə qarşı mübarizənin
güclənməsində özünü daha bariz şəkildə göstərirdi.
Keçmiş SSRİ-yə daxil olan respublikalarda dinə qarşı mübarizə
özünəməxsus xüsusiyyətlər daşımışdır. Belə ki, Azərbaycan respublikasında
yaranmış hakimiyyətdə qeyri-azərbaycanlı qüvvələrin aparıcı mövqe tutması və
milli kommunistlərin «tam beynəlmiləlçiliyi» başqa məsələlərdə olduğu kimi dinə
münasibətdə də «öz sözünü» demişdir (49, s. 110).
Respublikada dinə qarşı mübarizədə ilk təşəbbüs 1920-ci ildə «Şaxsey-
vaxsey», «Şaxsey-vaxseydə kim iştirak edir» adlı plakatların buraxılması oldu (13,
f.1, s.l, iş 32, s.18).
1920-ci il mayın 15-də Az. SSR Xalq Maarif Komissarlığının verdiyi
dekretdə vicdan azadlığı elan edildi. Azərbaycan Xalq Cümhuriyyətinin Dini
Ayinlər Nazirliyi ləğv olundu. Xalq Maarif Komissarlığının öhdəsində olan bütün
dövlət məktəblərində və pullu məktəblərdə şəriət dərslərinin, habelə məktəb
daxilində hər cür dini ayinlərin icrası qadağan olundu.
Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra, hələ 1917-ci il
noyabrın 22-də «Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkeşlərinə» adlı
müraciət qəbul edildi. Bu müraciətdə göstərilirdi ki, «İndi sizin dininiz, milli və
mədəni müəssisələriniz azad və toxunulmaz elan edilir...» (141, 24.11.1917)1
1920-ci il mayın 5-də Azərbaycan İnqilab Komitəsi bəy, xan və vəqf (din
başçılarının) torpaqlarının müsadirə edilib heç bir ödənc alınmadan kəndlilərin
istifadəsinə verilməsi haqqında dekret imzaladı (123, s.16). Bu da həqiqi mənada
hücum xarakterli bir siyasət idi. Bolşeviklər yaxşı bilirdilər ki, müsəlmanlar məscid
torpağına sahib olmağa razılıq verməz. Ona görə də Sovetlər dekretin yerinə
yetirilməsi üçün şərt qoyurdular ki, dekretin həyata keçirilməsinə kim mane olsa, o
adamlar zəhmətkeş xalqın açıq düşməni sayılacaq və qanundan kənar ediləcəklər.
Müsəlman dünyasının müqəddəs ayı sayılan məhərrəmliyə qarşı təbliğat
İslam dininin başqa ayinlərinə və hətta dinin özünə qarşı aparılan təbliğatdan daha
artıq səy tələb edirdi.
Bolşeviklər məhərrəmliyə qarşı 15 maddədən ibarət olan tezislərlə
Kərbəla hadisələrinə siyasi və iqtisadi nöqteyi-nəzərdən yanaşır və bu hadisəyə
feodal münaqişəsi kimi qiymət verirdilər. Məhərrəmlik əleyhinə yazılmış tezislərdə
İslamın əsaslarına da ciddi toxunulurdu (117, s.51-54).
Az K(b)P MK-nın 1920-ci ildə respublikadakı partiya təşkilatlarına,
ideoloji və din əleyhinə məsələ ilə əlaqədar təlimat məktubunda yazılmışdı: «Bütün
qəza təşkilatlarına, AK(b)P-nin yerli orqanlarına. «Aşura» günü yaxınlaşdıqca
qabağımıza çətin, məsuliyyətli iş çıxır. «Aşura» günü, onunla bağlı zəncirlərlə
özünüdöymə, küçələrdə səs-küylü yürüşlər və s. bizim üçün silinməz bir ləkədir.
Azad Azərbaycanda belə hallara yol vermək olmaz. Sizlərə tapşırılır ki, Şaxseyə-
vaxseyə qarşı ağıllı təbliğat aparasınız.» (13, f.l, s.l, iş 32, s.34).
Bolşeviklər düşünülmüş təbliğat seçmişdilər. Onlar bu cür qabaqgörən
siyasətlə çox nüfuzlu din xadimlərini öz ətraflarına çəkir və öz istədikləri kimi din
əleyhinə iş görə bilirdilər. Təəssüf ki, çox hallarda ifrata vararaq hədlərini aşırdılar
da. Bunu Orconikidze, Mirzoyan da sonralar öz çıxışlarında etiraf edirdilər.
Azərbaycan sovetləşəndən sonra şəriətin başqa adətləri kimi, orucluğa
qarşı da barışmaz mübarizə aparılmağa başlandı. Bolşevik təbliğatında orucluq da
məhərrəmlik, novruz və qurban bayramı kimi mövhumatçıların uydurması
sayılırdı.
Sovet mətbuatı məsələyə tamam əks mövqedən yanaşaraq yazırdı:
Orucluq orqanizmi əldən salır və sağlamlığı məhv edir.
Məhərrəmliyə və orucluğa qarşı geniş mübarizə kampaniyası partiyanın
Bakı Komitəsinin protokollarında öz əksini tapmışdı. Dini mərasimlərə qarşı
mübarizə aparmaq məqsədilə tənqid-təbliğ teatrlarından istifadə edərək yeni
pyeslərin baxımını və təsdiq edilməsini təmin etmək üçün Komissiya yaradılması,
xüsusi plakatlar, şüarlar hazırlamaq, qəzetlərdə məhərrəmliklə əlaqədar
kompaniyaya başlamaq nəzərdə tutulurdu (13, f.l, s.l, iş 130, s.42).
Əsrlər boyu xalqın öz arzusunun, istəyinin baş tutması üçün Allaha rəğbət
və minnətdarlıq rəmzi kimi qurban kəsməsi bolşevik təbliğat və mətbuatında
hədəfə çevrilmişdi. Qəzet və jurnalların səhifələrini mollalara qarşı karikaturalar,
anonim müəlliflərin məqalələri və klassik poeziyaya bələd olan, dini məsələlərdən
başı çıxan şəxslərin məktubları verilirdi.
Din xadimləri və dindarlara qarşı aparılan bolşevik kompaniyası dinə
qarşı aparılan təbliğatla demək olar ki, eyni vaxtda başlanmışdı. Bolşeviklərin
fikrincə, din xadimləri kütlələrin mədəni inkişafı və tərəqqisində əngəl törədirdilər,
deməli, onlara qarşı cəmiyyət barışmaz olmalıdır. Din xadimlərinin torpaqları,
varidatları əllərindən alındı, dövlət mədrəsələri bağlandı. Həmçinin mollaların ailə-
nigah məsələlərinə qarışması qadağan edildi. Bütün bunlara baxmayaraq,
müsəlman dindarları xristian dindarlarına nisbətən daha təmkinli davrandılar.
Xristian dindarları sovet hakimiyyətinə qarşı açıq çıxışlar etmiş, antisovet
bəyanatlar qəbul etmişlər. Uzun illər
Rusiyada və b. yerlərdə dindarlar müxtəlif
üsullarla müqavimət göstərirdilər ki, bu da hakimiyyət tərəfindən kütləvi
repressiyalarla qarşılandı.
Müsəlman dindarları isə əksinə, məcburiyyət üzündən heç bir şeylə öz
narazılıqlarını bildirmədilər. Hətta bəzi din xadimləri Məhəmməd peyğəmbərin
təlimi ilə marksizm nəzəriyyəsi arasında bəzi paralellər aparmağa başladılar.
Müsəlman din xadimlərinin bu təşəbbüsü əvvəlcə bolşeviklər tərəfindən bəyənildi,
sonra isə bu hərəkətə ayrı məna verildi (71, s.38-39)
Dinə qarşı təbliğat 1923-1924-cü illərdə daha da fəallaşmışdı. 1924-cü il
yanvarın 8-də AK(b)P Siyasi Bürosunun iclasında «Din əleyhinə təbliğatın
aparılmasına dair» məsələ müzakirə edildi və din əleyhinə mübarizəni təşkil etmək
məqsədilə komissiya yaradıldı (13, f.l, s.2, iş 18, s.144).
1924-cü ildə Bakıda «Allahsızlar cəmiyyəti»nin yaradılması ilə dinə qarşı
mübarizə daha da gücləndirilirdi. Bolşevik mətbuatı «Allahsızlar cəmiyyəti»nin
qarşısında duran vəzifə ilə bağlı yazırdı ki, cəmiyyətin qarşısında duran əsas vəzifə
bütün şüurlu fəhlə və kəndliləri mübariz ateizm bayrağı altında birləşdirmək,
zəhmətkeşləri dini xurafatdan uzaqlaşdırmaq və onlarda materialist dünyagörüşü
formalaşdırmaqdan ibarətdir (112, 14.04.1925).
Azərbaycanda sovetləşmə prosesi başlayan kimi «şaxsey-vaxsey»
qadağan olunmuşdur. Lakin fəhlə və kəndlilərin inamına qarşı yönəlmiş bu
tədbirlərdən tez imtina edildi. Hökumət manevr edərək 1923-cü il avqustun 1-də
xüsusi dekretlə «Şaxsey-vaxsey» mərasimini qadağan edən qərarı ləğv etdi.
Dekretdə deyilirdi ki, Azərbaycan şiələrinin «Şaxsey-vaxsey» mərasiminə qarşı
heç bir inzibati tədbir görülməsin (117, s. 50).
Azərbaycanda bolşeviklərin yeritdiyi antiislam siyasəti N. Nərimanovu
çox düşündürürdü. O, buna dəfələrlə öz kəskin etirazını bildirirdi. Dinə münasibət
başqa məsələlərdə olduğu kimi Azərbaycandakı rəhbər dairələrdə də ciddi fikir
ayrılığına, ixtilaflara gətirib çıxarırdı. Bu fikir ayrılığı hələ aprel çevrilişindən çox
keçməmiş 1920-ci ilin oktyabrında keçirilən AK(b)P-nin II qurultayında özünü
bürüzə verdi. Qurultayda Lominadze qeyd edirdi ki, «Azərbaycanda dini fanatizm
mühüm qüvvədir, onunla biz mübarizə aparmalıyıq. Kəndlərdə vəziyyət daha
ağırdı. Burada zəhmətkeş qüvvələr bütünlüklə dini adətlərlə xəstələnib və bundan
burjuaziya istifadə edir. İcazə verin kəndlərdə inqilab edək. Feodal qalıqlara qarşı
biz ciddi mübarizəyə qalxmalıyıq, amma çox ehtiyatla.» (13, f.l, s.l, iş 8, s. 92).
Sarkisin dinə münasibəti də mənfi idi. «Mollalar və dindarlar keçmişin qalıqları
kimi indiki zamanda kasıblara siyasi iqtisadi təsir edirlər, çünki onların əlində hələ
çoxlu mülk var. Dindarlara qarşı mübarizə bizim qurultayın qarşısında duran əsas
vəzifədir» (13, f.l, s.l,iş 8, s. 92).
Qurultayda N. Nərimanov bildirdi ki, «Şərqdə din məsələsi olduqca çox
vacib məsələdir. Bu məsələ ilə son dərəcə ehtiyatlı olmaq lazımdır, çünki burada
bütün həyat bu məsələdən asılıdır».
Nərimanov İslam dininə hörmətlə yanaşaraq göstərirdi ki, İslam dini ilə
xristianlığı eyniləşdirmək olmaz. Xristianlıq ehkamdırsa, müsəlmanlıq həyatdır
(13, f.l, s.l, iş 8, s. 194).
Xalqın milli adət-ənənələrinə, xüsusilə dinə qarşı mübarizə o qədər kəskin
şəkil almışdı ki, artıq rəhbərlikdə oturan qeyri-azərbaycanlı kommunistlər də bunu
deyirdilər. Orconikidze etiraf edirdi ki, «din ilə mübarizədə biz çox səhvlərə yol
veririk. Götürək Qubadakı qiyamı. Bu qiyamı kasıblar başlamışdılar. Ona görə ki,
orada bizim gənclər Quranı ayaq altına atıb tapdalayırdılar. Bu isə insanların
qəzəbinə səbəb olub. Quranı cırıb atmaq heç də sosial inqilab deyil. Mən hesab
edirəm ki, biz kəndlilərin başından Quranın təsirini çıxarmalıyıq» (13, f.l, s.l, iş 8,
s. 144).
Xalq Xarici İşlər Komissarlığına göndərdiyi məktublarında N. Nərimanov
İslamın müxtəlif cərəyanlarını ətraflı səciyyələndirir, müasir dil ilə desək, «İslam
amilindən» yaxın və orta Şərqdə azadlıq hərakatının, dünyanın sosial tərəqqisinin
xeyrinə istifadə etmək imkanını nəzərə çatdırırdı. O, möhkəm inanırdı ki, İslamdan
sosializm məqsədləri üçün ancaq bacarıqla istifadə etmək olar. Misal gətirərək izah
edirdi ki, hələ 1918-ci ildə Həştərxanda ruhanilərin yığıncağında o, mollaların
özünün razılığı ilə əmək məktəbinin tədris prosesinden şəriətin çıxarılmasına nail
olmuşdur (59, 4. XI. 1990).
N. Nərimanov Çiçerinə məktubunda yazırdı: «1920-ci ildə mən
Azərbaycanda izdihamlı yığıncaqda çox arvadlılığa qarşı nitq söylədikdən sonra
yüksək nüfuzlu bir molla söz alıb Quranın surələrinə əsasən çox arvadlılığın
əleyhinə çıxdı. Məsələ burasındadır ki, Quranda çox arvadlılığa icazə verən qanun
da var, onu qadağan edən qanun da. Sosializm ideyasını da məhz İslamın qanunları
əsasında eyni ilə bu cür bərqərar etmək olar. Hər şey ondan asılıdır ki, bu qanun
kimlərin əlindədir, onu kim və necə yozur». (13, f.609, s.1, iş 71, s.47-48). O
inanırdı ki, İslama – mədəniyyətə, tərəqqiyə mane olmaq məqsədi güdən nəzəriyyə
kimi baxmaq böyük səhv olardı.
N. Nərimanov İslamda dünya sivilizasiyası tarixində xüsusi yer tutan
qüdrətli, misilsiz dərəcədə zəngin, dünya mədəniyyətinə həqiqətən böyük təsir
göstərmiş mədəniyyət görür və təbliğ edirdi.
Çevrilişdən sonra Azərbaycanda dinə və dindarlara qarşı aparılan
mübarizə, xüsusən vicdan azadlığının demokratik prinsipinə məhəl qoyulmaması
xalqda, eləcə də böyük nüfuza malik olan ruhanilər arasında qəti etiraza səbəb
olmuşdu. N. Nərimanov bütün haqsızlıqların əleyhinə çıxır, matəm günlərində
məscidə gedərək xalqla bir yerdə olurdu. Ona böyük hörmət və inam bəsləyirdilər.
1922-ci ilin avqustunda (N. Nərimanov Tiflisə getdikdən sonra)
respublika orqanları «şaxsey-vaxsey» mərasimi zamanı camaatın şəhərin
küçələrindən keçib getməsini qadağan edən qərar çıxardı. Mərasim başlanan kimi
hakimiyyət orqanlarının göstərişi ilə hərbi qüvvələr hərəkətə gəldilər. Baş vermiş
toqquşmalar zamanı fəhlələr arasında ölənlər oldu (59, 4. XI. 1990).
N. Nərimanov 1923-cü ilin yayında RK(b)P MK-ya göndərdiyi
məktubunda bu kədərli hadisələrdən ətraflı bəhs edib, matəm mərasimi zamanı
hərbi güc işlədən hakimiyyət orqanlarının əməllərini qəti pislədi, mərasimin
qadağan olunması haqqında qərarı inzibatçılığın, əhalinin dini xüsusiyyətlərinin,
yerli adət-ənənələrin qulaqardına vurulmasının əyani təzahürlərindən biri kimi
səciyyələndirdi. O, yazırdı: «Bir materialist kimi dinə qarşı çıxmaq bir şeydir, bu
mərasimlərin yerinə yetirilməsini qadağan etmək məqsədilə silahlı qüvvə çıxarmaq
başqa şey» (59, 4. XI. 1920).
Mirzoyan AK(b)P-nin XII konfransında (6-12 iyun 1923) din əleyhinə
təbliğatın aparılmasında yol verilmiş səhvləri etiraf edirdi: «Dinə qarşı mübarizə
əsas məsələ kimi qalmaqdadır. Amma işi apararkən biz bir çox səhvlərə yol
vermişik. Biz çalışmışıq ki, mövcud olan faktı 3 gün ərzində aradan götürək.
Düzdür, biz marksistlər Allaha inanmırıq, ancaq öz işimizi elə qurmalıyıq ki,
dindarların heysiyyatına toxunmayaq. Təzyiqlərə yol vermək olmaz. Görün, biz bu
işi hara gətirib çıxarmışıq.» (145, s.22). Ancaq bu, öz cinayətkar əməllərini
sığortalamaq üçün qeyri-səmimi etiraf idi...
1923-cü ilin iyulunda XII Ümumbakı partiya konfransında din əleyhinə iş
aparılmasında ciddi əyintilərdən təşvişlə danışıldı. Konfrans məscidə və kilsəyə
qarşı «süvari qoşunların hücum» etməsi faktını pislədi, «basqınlardan və
kustarçılıqdan» düşünülmüş işə keçirilməsinin labüd olduğunu göstərdi.
1923-cü il avqustun 22-də AK(b)P Bakı Komitəsinin Rəyasət Heyəti
qərara aldı: «Rayonlarda «şaxsey-vaxsey» mərasiminin iştirakçılarına nümayiş
düzəltməkdə maneçilik törədilməsin. Rayon komitələrinə və «şaxsey-vaxsey»
mərasiminə qarşı kompaniya keçirilməsi üçün təhkim edilmiş məsul işçilərin
hamısına tapşırılsın ki, onlar istər məscidlərdə, istərsə də küçələrdə heç bir məcburi
tədbirlər görməsinlər.» (59, 4. XI. 90).
N. Nərimanov məscidlərin və digər ziyarət yerlərinin təhqir olunmasına
qarşı bütün qüvvəsi ilə mübarizə aparırdı və eyni zamanda digər dinlərə də çox
hörmətlə yanaşırdı. 1924-cü ilin fevralında Bakıda Rojdestvenski provoslav
kilsəsini uçurmaq məsələsi qaldırıldıqda, dini icmanın nümayəndələri bu qərara
gəldilər ki, SSRİ MİK sədri N. Nərimanova teleqram vurub, ondan məbədin
saxlanmasını xahiş etsinlər. O, dindarların teleqramına dərhal münasibətini
bildirmişdi: «Smidoviç yoldaşa, xahiş edirəm bu məsələ barəsində mənimlə
danışasınız.» Bütün Rusiyanın patriarxı Tixinovun əfv edilməsi haqqında SSRİ
MİK-nin dekretini də məhz N. Nərimanov imzalamışdı (59, 04.XI.1990). Bu keşiş
əksinqilabi fəaliyyətdə təqsirləndirilərək mühakimə olunmuşdur.
Artıq 20-ci illərin sonunda «Allahsızlar cəmiyyəti»nin adı Moskvada
olduğu kimi «mübariz allahsızlar ittifaqına» çevrildi.
Beləliklə, Azərbaycanda sovet hakimiyyətinin bərqərar olunmasından
sonra cəmiyyət həyatının müxtəlif sahələrində istər kadr siyasətində, istər neft
sənayesində, dinə münasibətdə, ərazi, dil məsələlərində, ümumiyyətlə, cəmiyyət
həyatının bütün sahələrində yerli şərait və milli xüsusiyyətlər nəzərə alınmırdı.
Faktlar, arxiv materialları göstərir ki, sovet hakimiyyəti möhkəmləndikcə, onların
xalqlara vəd etdikləri azadlıqlar unudulur, əsrlər boyu saxlanılan, nəsildən-nəslə
ötürülən mənəvi etnik dəyərlər üstündən xətt çəkilir, amirlik, totalitar tədbirlər
həyata keçirilirdi.
20-ci illərdə İslam dininə qarşı başlanmış hücum xalq kütlələrində sovet
hakimiyyətinə qarşı nifrət əhval ruhiyyəsini formalaşdırdı və sübut olundu ki,
Azərbaycan xalqını öz əqidəsindən döndərmək, «Allahsızlaşdırmaq» mümkün
deyil və xalqda inam, dinə etiqad əbədi yaşayacaqdır.
Dostları ilə paylaş: |